Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Məktəbəqədər yaş dövründə hisslərin



Yüklə 277,04 Kb.
səhifə135/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   131   132   133   134   135   136   137   138   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

18. Məktəbəqədər yaş dövründə hisslərin

inkişaf xüsusiyyətləri.

Plan:

1. Uşaqlarda qorxu hissi

2. Uşaqlarda zehni hisslər

3. Uşaqlarda əxlaqi hisslər

4. Uşaqlarda estetik hisslər

5. Uşaqlarda utancaqlıq hissləri

Uşaqlarda hisslərin inkişaf xüsusiyyətlərini, onların təbiətini elmi cəhərdən öyrənmək təşəbbüsləri XIX əsrdən başlayır. Bu sahədə tədqiqatlar aparmış Qərb alimlərindən K.Büler, E.Boduin, V.Ştern, C.Syolli və b. təbii hadisələrə faciəvi məzmun verməyə cəhd göstərərək, elə hesab edirdilər ki, uşağın ilk çığırtısı onun dünyaya gəlişi faktına qarşı ilk mənfi münasibətinin təzahürüdür. Onlar belə hesab edirdilər ki, isti və sakit ana bətni mühitihdən səs-küylü, gurultulu, dəhşətli dünyaya gəlməsinə qarşı öz etirazını və narazılığını çığırtı reaksiyası ilə bildirir. Həyatın birinci ilində uşağın əsas hissləri qəzəb, qorxu, müdafiəsizlik və s. kimi emosional reaksiyaların təzahüründən ibarətdir.

Uşaqlarda qorxu hissi şəxsi təcrübə nəticəsində meydana çıxır. Psixoloqların fikrincə, məktəbəqədər yaşlı uşaqlar qaranlıqdan, həkimdən, iynədən, qışqırıqdan, təklikdən, şimşək çaxmasından, tanış adamın sifətinin kəskin dəyişməsindən daha çox qorxurlar. Düzgün olmayan tərbiyə, böyüklərin uşaqları tez-tez qorxutması onlarda qorxu hissi doğurur. Böyüklərin qorxulu söhbətləri, qorxulu hekayə və nağıllar, dəhşətli filmlər də uşaqlarda qorxu hissinin əsas mənbəyidir. Bəzən nadinc, sözə baxmayan uşaqları böyüklər intizama dəvət etmək üçün onları qorxutmaq üsulundan istifadə edirlər. Uşaq psixologiyasını bilməyən bir çox yaşlılar uşağın qorxmasından həzz alaraq tez-tez onları qorxudurlar.

Uşağın hisslərinin xarici təzahürləri yaşlı adamlara nəzərən daha coşğun, ardıcıl və qeyri-ixtiyari olur. Bu dövrdə uşaqlarda hisslər tez yaranır və tez də sönür. Məsələn, ağlayan 4 yaşlı uşağa maraqlı bir oyuncaq hədiyə verdikdə, o, gülməyə, sevinməyə başlayır və ağlamasını kəsir. Böyüklərin xoş rəftarı və tərifi uşaqlarda emosional məmnunluq, inam və himayə hissləri doğurur və onlar özlərini arxalı hiss edirlər. Bu isə uşağa gümrah və həyatsevər əhval-ruhiyyə bəxş edir. Qeyd olunan amillər uşağın normal psixi inkişafının, onlarda müsbət xarakter əlamətlərinin, əxlaqi keyfiyyətlərin, başqa adamlara qarşı xeyirxah münasibətlərin formalaşmasının əsasını təşkil edir.

Məktəbəqədər yaş dövründə uşaqlar öz hərəkətlərinə görə yaşlılar tərəfindən verilən qiymətdən asılı olurlar. Ona görə də, uşaqlar daim böyüklərin tərif və rəğbətini qazanmağa çalışırlarş. Bu dövr hisslərin və təəssüratların zənginliyi ilə fərqlənir. Bu yaş dövründə uşaqlarda meydana gələn rəğbət hissi get-gedə möhkəmlənir, yoldaşlıq və dostluq hisslərinin ilkin formalarına çevrilir. Bağça yaşlı uşaqlarda dosta və yoldaşa tələbat hissləri yüksək insanı hisslərin formalaşmasının əsasını təşkil edir.

Məktəbəqədər yaşda uşaqlarda ali hisslərin formalarından biri olan zeni hisslər inkişaf etməyə başlayır. Onlar nağıl və hekayələri dinləməyi xoşlayır, nağıl qəhrəmanlarının düşdüyü çətin vəziyyətə görə onların halına acıyır, baş verən hadisələrə maraq göstərirlər. Məsələn, 5 yaşlı uşaqlar “Şəngül, Şüngül və Məngül” nağılını həyəcanla dinləyir, keçinin balalarını yediyinə görə canavara nifrət bəsləyir, çəpişlərin halına acıyırlar. Bu hisslərin təzahürlərini oyun zamanı uşaqların müxtəlif heyvan və quş oyuncaqlarına münasibətindən də görmək mümkündür.

Məktəbəqədər yaşlı uşaqlarda qarşılıqlı münasibətlər fonunda ali hisslərin formalarından biri kimi əxlaqi hisslər sırasında borc, həya, özünə qarşı tələbkarlıq, düzlük və doğruculuq kimi hisslərin adını qeyd etmək olar. Məktəbəqədər yaş dövründə uşağı gördüyü işə görə tərifləmək, mükafatlandırmaq, rəğbətləndirmək, onda razılıq və şəxsi ləyaqət hisslərinin meydana gəlməsinə səbəb olur. Əlbəttə, məktəbəqədər yaş dövründə uşaqların əxlaqi hisslərinin mükəmməl və davamlı xarakterdə olmasından danışmaq doğru olmazdı. Belə sosial məzmunlu hisslər uşaqların bilik səviyyəsi ilə bağlı olduğundan onlar yalnız məktəb yaşı dövründə tam formalaşır və davamlı olur.

Məktəbəqədər yaşlı uşaqların həyatında ali hisslərin formalarından biri olan estetik hisslərin təzahürlərini müşahidə etmək mümkündür. Bu hisslərin ilkin bazasında estetik materiallar, musiqi, rəqs, kölgə teatrı faydalı vasitələrdir. Bu uşaqlarda gözəllik, estetik həyəcan, heyrət və s. kimi estetik hisslər doğurur. Uşaq gözəl musiqiyə, mahnıya maraqla qulaq asır, musiqinin təsirilə əlini, ayağını oynadır, ondan zövq alır. Uşaqların bəziləri musiqinin incəliklərini dərk edir, yaxşı və pis musiqiyə öz münasibətlərini bildirirlər.

Məktəbəqədər yaşlı uşaqlarda xudbinlik, şıltaqlıq, xəbərçilik, küsəyənlik və inciklik kimi neqativ hallar da tez-tez müşahidə olunur. Ərköyün tərbiyə olunmuş uşaqlarda tərslik və höcətlik kimi mənfi davranış halları da tez-tez müşahidə olunur. Sanki onlar yaşlıları incitməkdən, qadağan edilmiş hərəkəti etməkdən həzz alırlar. Bu yaş dövründə uşaqlarda müşahidə olunan mənfi hisslərdən biri də paxıllıq hissidir. Kiçik və ya xəstə bacı və qardaşa qarşı valideynlərin nəvazişi adətən məktəbəqədər yaşlı uşaqlarda inciklik və paxıllıq yaradır. Uşaqlarda müşahidə olunan hisslərdən biri də utancaqlıq hissidir. Uşaqlarda utancaqlıq hissinin əsas səbəblərindən biri uşağın qapalı mühitdə və ya oğlanın əsasən qız mühitində, qızın isə oğlan mühitində böyüməsidir. Ailədə uşağın fəallığı artırıldıqda, onda öz qüvvəsinə inam yaradıldıqda, utancaqlıq hissi aradan qalxır.

Yaşlıların tərbiyəsi uşaqların əxlaqi düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Psixoloqların fikrincə, “olmazlar” mühitində böyüyən, hər addımda davranışı məhdudlaşdırılan uşaqlarda böyüklərə hörmət qorxu hissinin təsiri altında yaranır. Ailədə hədsiz əzizlənən, qayğı və təhlükəsizlik hiss edən uşaqlar çöldə, küçədə yeni sərgüzəştlərlə rastlaşdıqda onları “həzm” edə bilmir, çaşıb qalırlar. Sağlam rəqabət mühiti uşaqlarda mübarizlik, dözümlülük, çətinliklər isə səbrlilik kimi əxlaqi-iradi keyfiyyətlərin formalaşmasına təminat yaradır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin