Qeyri-sabit rəhbərlik üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da laqeyd üslubda olan cəhətləri özündə əks etdirir. Lakin fərqli cəhət odur ki, burda nəinki müəllimlər, eyni zamanda şagirdlər də ünsiyyətə cəhd etmirlər. Bu cür müəllimlərlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər ki, onun necə, hansı üslubda hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Qeyri-sabit rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərlə həmişə eyni cür münasibətdə olmurlar. Əhvalından aslı olaraq bir müddət xoş ünsiyyət və xoş münasibətdə olur, birdən də dəyişərək sərt bir müəllimə çevrilir. Aparılmış müşahidələr əsasında qeyd edmək olar ki, belə müəllimlər pedaqoji fəaliyyət prosesində hər zaman uğur qazana bilmir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, qeyri-sabit rəhbərlik üslubu təlim-tərbiyə prosesinin məqsədəuyğun planda həyata keçirilməsi üçün səmərəli nəticə vermir.
Göründüyü kimi pedaqoji ünsiyyət üçün ən səmərəli üslub demokratik rəhbərlik üslubudur. Bununla belə müəllim bütün rəhbərlik üslublarına malik olmalıdır. Belə olduqda konkret şəraitdən asılı olaraq müvafiq rəhbərlik üslubuna müraciət etmək mümkün olur. Lakin bütün hallarda demokratik üslub üstünlük təşkil etməlidir.
Pedaqoji ünsiyyət zamanı müəllimin pedaqoji mərifəti onun ən dəyərli keyfiyyəti hesab olunur. Müəllimin pedaqoji mərifəti onun şagirdlərlə, onların valideynləri ilə, müəllim yoldaşları ilə düzgün münasibət saxlaya bilmək bacarığı və həddini aşmamasında təzahür edir. K.D.Uşinski müəllimin pedaqoji mərifətini yüksək qiymətləndirərək yazırdı: “Pedaqoji mərifət mahiyyət etibarilə psixoloji mərifət deməkdir. Tərbiyəçi pedaqogikanın nəzəriyyəsini nə qədər yaxşı öyrənmiş olsa da pedaqoji mərifəti olmayınca heç vaxt yaxşı tərbiyəçi olmayacaqdır.” Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tutur. Pedaqoji mərifətin psixoloji əsasını müəllim şəxsiyyətinin mənəvi-əxlaqi xassələri təşkil edir. Pedaqoji mərifətə malik olmayan müəllim öz şagirdlərinin gözündən asanlıqla düşür, onların hörmətini qazana bilmir. Pedaqoji mərifət müəllimin gündəlik fəaliyyətində, işində özünü göstərir. Pedaqoji mərifətə malik olan müəllim pedaqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, düzgün qərar qəbul etməyi bacarır. Məktəb təcrübəsi göstərir ki, müəllim pedaqoji mərifəti gözlədikdə onun şagirdə qarşı qəzəbi də, sevinci də, qayğısı da faydalı olur.
Dostları ilə paylaş: |