Kaynozoy erasında müasir fauna,flora və landşaftların yaranmasından asılı olaraq zonallıq qanununun differensasiyasında böyük dəyişiklik baş verir. Təbii komplekslərin qarşılıqlı əlaqəsi və vəhdəti artdıqca zonal differensasiya daha da mürəkkəbləşir. Belə ki, landşaft vahidlərinin daxilində morfoloji differensasiya yaradan ünsürlər artır, xüsusilə, ekzogen proseslər intensivləşdikcə landşaftların parçalanması, daha xırda fərdlərə ayrılması baş verir, bu da zonallıq qanununda özünü göstərir.
Müasir landşaftların geoloji yaşı zonallıqla sıx bağlıdır. Tropik enliklərdə yerləşən landşaftlarda zonallıq, mezozoy erasında formalaşdığı halda, orta enliklərdə yaranan landşaftlarda zonallığın əlamətləri neogen və qismən də paleogen dövründə yaranmışdır. IV dövrün son rüblərində ( pleystosen, holosen) qütbyanı enliklərdə və cavan qırışıq zonaların yüksək dağ massivlərində müasir zonallıq əmələ gəlmişdir.
ZONALLIĞI YARADAN ƏSAS AMİLLƏR. Yer kürəsində zonallığın yaranmasında yerin günəş ətrafında meylli hərəkətinin 66.50 bucaq altında və yerin kürəviliyinin rolu böyükdür. Bu iki amilin təsiri nəticəsində yer üzərində komponentlərin zonal paylanması yaranır. İlk növbədə yerin günəş ətrafnda meylli hərəkətindən asılı olaraq ilin müəyyən fəsillərində şimal (22 iyul) və cənub (22 dekabr) yarımkürəsi günəşə doğru çevrilir və bu zaman qeyd edilən yarımkürələrin səthi daha çox istilik və enerji alır. Nəticədə yer səthində istiliyin və enerjinin həm fəsillərdən, həm də coğrafi enlikdən asılı olaraq zonal paylanma qanunauyğunluğu əmələ gəlir.
Coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə bucağının dəyişməsi və buna müvafiq yer səthində istiliyin, şüa enerjisinin qeyri-bərabər paylanması zonallığı yaradan ən böyük amildir.
Yer səthinin qeyri-bərabər qızması nəticəsində tropik və qütbyanı enliklərdə yüksək, ekvatorial və mülayim enliklərdə alçaq təzyiq zonaları və qeyd edilən zonada hava axınlarının qalxan ( alçaq təzyiq zonaları) və enən ( yüksək təzyiq zonaları) hərəkətləri yaranır. Günəşin tropiklərarası “yerdəyişməsindən” asılı olaraq hava axınları da və onlarla bərabər təzyiq qurşaqları da tropiklərarası enliklərdə yerini dəyişir. Beləliklə, yer səthinin qeyri-bərabər qızmasından asılı olaraq hava axınlarının şaquli və üfüqi hərəkəti, yəni sirkulyasiyası baş verir. Bu zaman yer üzərində rütubətinenliklər üzrə həm su, həm də quru üzərində paylanması ,daimi axınların, daimi və mövsümi küləklərin yaranması prosesi baş verir.
Beləliklə, yer kürəsində günəş radiasiyasının və buna müvafiq olaraq istiliyin enlik üzrə paylanması, atmosfer sirkulyasiyasını, istilik, təzyiq və iqlim qurşaqlarının yaranmasını yer səthində yağıntının enlik istiqamətində qeyri bərabər paylanmasını və s. yaradır. Göstərilən qanunauyğunluqlar coğrafi təbəqənin daha dinamik komponentləri olan torpaq, bitki örtüyünə və digər üzvi komponenlərinə də xasdır.
Yer kürəsində zonallıq həm materiklər, həm okeanlar üzərində müşahidə edilir. Okeanlar üzərində zonallıq səth su kütlələrinə müvafiq enlik üzrə ekvatordan qütbyanı enliklərə doğru qanunauyğun şəkildə dəyişir. Lakin okean cərəyanlarının təsirindən asılı olaraq materik sahillərində qurşaqların və zonaların (su kütlələrinin) meyledici qüvvənin təsiri nəticəsində dəyişməsi müşahidə edilir.
Quruda təbii zonaların paylanması relyef formaları ilə sıx bağlıdır. Zonallıq düzən ərazidə, səthi hamar iri platformalarda , müxtəlif mənşəli akkumilyativ və denudasion düzənliklərdə, bir sözlə, qurunun iri düzənlik morfostrukturlarda təzahür edir. Hündür yaylalarda da zonallıq özünü biruzə verir. Zonallığın enlik differnsasiyasında relyefin hipsometrik pillələrinin rolu böyükdür.
ZONAL KOMPONENTLƏR. Zonallıq qanunu coğrafi təbəqənin bütün komponent və ünsürlərinə xas olsa da, tektonik proseslərin xüsusilə, litosfer tavalarının toqquşması nəticəsində yaranan iri qırışıq massivlərdə zonallıq qanununu pozur. Eyni zamanda dağ süxurlarının paylanmasında da zonallıq çox hallarda mövcud qanunauyğunluğa müvafiq gəlmir.
Yer kürəsində zonal şəkildə paylanan və zonallığın bütün əlamətlərini özündə daşıyan komponentlərə iqlim ünsürləri (günəş radiasiyası, radiasiya balansı, istilik balansı, temperatur, təzyiq, rütubət, buxarlanma, buxarlanma qabiliyyəti, bunlarla bağlı olan rütubətlənmə əmsalı, fotosintez, transperasiya və s), torpaq, bitki örtüyü, heyvanlar aləmi, mikroorqanizmlər və sular daxildir.
Dostları ilə paylaş: |