Uşaq, yenİyetmə və gənc Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında


Əlavə 3 Ümumdünya Uşaqlar Günü münasibəti ilə müraciət



Yüklə 1,49 Mb.
səhifə13/18
tarix23.02.2017
ölçüsü1,49 Mb.
#9438
1   ...   10   11   12   13   14   15   16   17   18

Əlavə 3

Ümumdünya Uşaqlar Günü münasibəti ilə müraciət

Ettelaat qəzeti, 31 iyun 1988

İslam inqilabının qələbəsindən on il ötür. Ölkə əhalisinin təxminən üçdə biri İslam hakimiyyəti dövründə doğulmuş uşaqlardan ibarətdir. İranda İslam inqilabının qələbəsi özünün hüdudsuz cəhətləri ilə əsl insani dəyərlərin və mənəviyyatın üfüqlərini bütün bəşəriyyətin üzünə açmışdır. İslam inqilabının nailiyyətlərini qorumaq gələcək nəslin hər cəhətdən ilahi ideallara uyğun şəkildə tərbiyə olunmasını tələb edir.

İndiki materialist dünyada tərbiyə məsələləri ən dərin məsələlərindəndir. Onu yalnız pulun, təşkilatın və idarəçiliyin köməyi ilə həll etmək olmaz; hərçənd bu amillərin əhəmiyyəti az deyil. Materialist dünya mənəviyyatın azlığından əziyyət çəkir. Tərbiyəvi işlərdə mənəvi amilə xüsusi diqqət yetirilməlidir. Uşaqların tərbiyəsində və dəyərlərin aşılanmasında bu, ən mühüm vəzifədir.

Bəşərin öz həyatını necə yaşaması və hansı tərzdə idarə etməsi elm və texnologiyaya ehtiyaclıdır. Lakin elm və texnologiyaya əxlaqi və mənəvi dəyərlər qarşısında ikinci dərəcəli əhəmiyyətə malikdir. Elm və incəsənət elə adamların əlində olmalıdır ki, inqilabın ilahi və mənəvi məqsədlərini həyata keçirmək üçün ondan düzgün istifadə yolunu bilsinlər. Tərbiyə yalnız o zaman faydalı və təsirli olar ki, hikmət və ağıldan daha çox bəhrələnməkdə bizə kömək etsin.

İnqilabın qələbəsinin onuncu ildönümü ərəfəsində aşağıdakı məsələlərə diqqət yetirmək yaxşı olar:

Uşağın gələcək nailiyyətlərin səbəbkarı, eləcə də müsbət və ya mənfi olan təbii və mənəvi hadisələrdən ən çox təsirlənən insan olduğuna, bu dəyərli və nəfis varlığın valideynlərin və nəhayət, təlatümlü cəmiyyətin əlində zəif və müdafiəsiz əmanət olduğuna görə, xüsusən həyatın ilk illərində uşaqların tərbiyəsi, psixoloji və fiziki sağlamlıqları ilə məşğul olmaq İslam Respublikası quruluşunda humanitar məsələlərin başında durmalıdır.

Uşaqların tərbiyə və sağlamlıq işinə məsuliyyətli şəxslər bu bir neçə il boyunca ölkədə görülmüş işlərə hərtərəfli baxış keçirməli, inqilabdan sonra uşaqların tərbiyəsində və inkişafında İslam məqsədləri istiqamətində nə qədər irəlilədiyimizi bəlli etməlidirlər.

Qlobal hegemonizm bizim yeni nəslimizi, əsasən də yeniyetmələri cəlb etmək üçün uzunmüddətli planlar cızır və xüsusi layihələr hazırlayır. İslam Respublikasında aidiyyətli qurumlar onların planlarına qarşı hansı işlər gördüklərini və hansı nəticələr əldə etdiklərini müəyyən etməlidirlər.

Uşağın inkişafında ailənin sağlam təməllərinin önəmli olmasından irəli gələrək, ailənin daha da möhkəmlənməsi və uşaqların başsız qalmasına səbəb olan talağın qarşısını almaq üçün ictimai və hüquqi sahələrdə hər növ anlaşmalar təmin edilməlidir. Xüsusən tərbiyəvi məsələlərlə məşğul olanlar uşağın tərbiyə üsulu, onun əhəmiyyəti və birinciliyi barədə ailələri daim təlimatlandırmalıdırlar.

Ölkədə ekologiyanın təmizliyi, təhlükəsizlik, körpələrin xəstəlik əleyhinə vaksinlənməsi, sağlam qidalanması, uşaq ölümünün azalması və doğuş zamanı həyata ümidin artması üçün görülən tədbirlər prioritet təşkil edir. Keçmiş işlərin məsuliyyətlə dəyərləndirilməsi çatışmazlıq və nöqsanların aradan qaldırılmasında sürətin artmasına səbəb ola bilər.

KİV-də uşaqlara məxsus proqramların, uşaq nəşriyyə və kitablarının böyük əhəmiyyətini nəzərə alaraq, onların tənqidinə çox diqqət ayrılmalıdır. Bununla səmərəli inqilabi proqram və əsərlərə həvəsləndirilməli, onların istehsalı artırılmalıdır.

Təkcə şüarçılıqla və danışmaqla uşaqların problemləri həll olunmur. Bundan ötrü çalışmaq lazımdır. Bu sahədə icraçıların iradəsi, səmimiyyəti və qayğıkeşliyi əsasında ümumi plan hazırlanmalı və dəyərləndirildikdən sonra gələcək işlərin gücləndirilməsi üçün ondan istifadə edilməlidir.

Ümidvarıq ki, Ümumdünya Uşaqlar Günü münasibəti ilə altı yaşdan aşağı uşaqların elm və təhsil seminarında iştirak edənlər qeyd olunan mühüm məqsədlərə nail olmaq üçün uca və mühüm addımlar atacaqlar.

Allah-Taaladan sizə, ölkənin gələcəyini quran bütün əziz uşaqlara, qayğıkeş və öhdəlikli tərbiyəçi və valideynlərə müvəffəqiyyət arzulayıram.

Allahın salamı və rəhməti olsun sizə!

İran İslam Respbublikasının Prezidenti Seyid Əli Xamenei

31 iyun 1988


Əlavə 4

İnqilab rəhbərinin ölkə gəncləri ilə səmimi görüşü

Ettelaat qəzeti, 11 may 1998

Sual: Gəncləri görərkən hansı hisslər keçirirsiniz? Onlara dediyiniz ilk söz nədir?

Cavab: Gənclərlə görüşəndə, gənc mühitinə düşəndə səhər havasında nəfəs alan bir şəxsin hisslərini yaşayır, yenilik və təravət duyuram. Gənclərlə görüşəndə adətən, yadıma düşən və dəfələrlə üzərində fikirləşdiyim budur ki, görəsən, onların özləri alınlarında hansı ulduzun parladığını bilirlərmi? Mən bu ulduzu görürəm, görəsən, özləri də görürlərmi? Gənclik ulduzu çox parlaq və uğurlu bir ulduzdur. Əgər gənclər öz vücudlarında bu qiymətli və misilsiz neməti hiss etsələr, düşünürəm ki, ondan yaxşı istifadə edərlər.
Sual: Siz öz gənclik dövrünüzü necə keçirmisiniz?

Cavab: O zamanlar indiki kimi deyildi, vəziyyət həqiqətən, çox pis idi. Gənclik dini hövzə tələbəsi olan mənim üçün yox, - mən uşaqlıqdan, ibtidai məktəbdən tələbə olmuşam – ümumiyyətlə, ürəkaçan deyildi. Gənclərə qayğı göstərilmirdi, istedadları məhv olurdu. Biz öz gözlərimizlə bunu görmüşük. Mən özüm hövzədə bunu görürdüm. Sonra başqa mühitlərlə, universitet və tələbələrlə əlaqəm oldu, onlarda da belə olduğunu gördüm. O qədər parlaq istedadlar vardı ki, heç kəs anlamır və bilmirdi.

Mənim gəncliyim əsasən, gənclərlə keçmişdir. İnqilab qələbə çalanda təxminən 39 yaşım vardı. 17-18 yaşdan həmin tarixə qədər bütün dövrüm gənclərlə keçmişdir; həm elm hövzəsinin tələbələri, həm də digər gənclərlə. Hiss etdiyim bu idi ki, Məhəmmədrza Pəhləvi rejimi gənclərin pozğunluğa can atması üçün işlər görmüşdür. Pozğunluq təkcə əxlaq pozğunluğu deyildi, həm də kimlik, şəxsiyyət pozğunluğu idi.

Mən iddia edə bilmərəm ki, məmləkətin gənclərini pozğunluğa sövq etmək üçün rejimin özü plan hazırlamışdı. Belə ola da bilər, olmaya da bilər. Lakin qətiyyətlə deyə bilərəm ki, onlar elə proqramlar hazırlamışdılar və məmləkəti elə idarə edirdilər ki, nəticəsi belə olurdu: siyasi məsələlərdən, ölkə hadisələrindən uzaq gənclik yetişirdi.

Siz inanırsınızmı, mən və mənim kimilər iyirmi yaşımızdan sonra da hökumətin kimlərdən ibarət olduğunu bilmirdik. İndi siz ölkənin Təlim və tərbiyə nazirinin kim olduğunu bilməyən bir şəxs tanıyırsınızmı?! Yaxud misal üçün, İqtisadiyyat və maliyyə nazirini və ya prezidenti tanımayan kimsə varmı?! Ölkənin ən ucqar yerlərində də hamının xəbəri var. O zaman bütün təbəqələr, o cümlədən gənclər siyasi məsələlərdən tam xəbərsiz idilər. Gənclər ən çox gündəlik məsələlərlə məşğul olurdular; bəzisi çörək dərdində idi, bir tikə çörək pulu qazanmaq üçün ağır işlər görürdü. Əlbəttə, onların gəlirlərinin bir hissəsi yeməyə sərf olunmurdu, digər faydasız işlərə xərclənirdi.

Siz bizim dövrümüzdə Latın Amerikası və Afrika barədə yazılmış kitabları oxumuş olsanız, - Frantz Fanonun və o zamanlar bu haqda kitab yazan digər alimlərin əsərləri indi də mötəbər sayılır - bilərsiniz ki, bizim vəziyyətimiz də elə idi. İran barədə yazmağa heç kim cürət etmirdi, lakin Afrika, Çili, yaxud Meksika barədə asanlıqla yazırdılar. Mən bu kitabları oxuyarkan görürdüm ki, bizim vəziyyətimiz də eynilə belədir. Bizdəki gənc fəhlə də ağır işlər görüb bir şahı qazandıqdan sonra pulunun yarısı əyyaşlığa, veyilliyə, avaralığa və bu kimi işlərə sərf olunurdu. Biz bunları kitablarda oxuyur və görürdük ki, cəmiyyətimizin reallığı da belədir. Doğrudan da çox pis idi. Gənclik mühiti yaxşı deyildi. Əlbəttə, gənclərin qəlbində və gənc mühitin daxilində ayrı cür idi. Çünki gənc mahiyyətcə aktiv, ümidli və həyəcanlıdır.

Şəxsən mənim özümün çox həyəcanlı gəncliyim olmuşdur. İnqilabın başlanmasından öncə ədəbi və digər fəaliyyətlərə görə həyatımda həyəcan vardı. Sonra 1962-ci ildə mübarizələr başlayanda - mənim o zaman 23 yaşım vardı - təbii ki, ölkənin əsas həyəcanlı işlərinin içində idik. Mən 1963-cü ildə iki dəfə həbs olundum; həbs, zindan, istintaq. Bilirsiniz ki, bunlar insana həyəcan verir. İnsan çıxdıqdan sonra belə məsələləri sevən xalqın böyük izdihamını, bunları hidayət edən, işləri, düşüncələri və yolları düzəldən imam kimi bir rəhbəri müşahidə etdikdə həyəcanı daha da artırdı. Odur ki, belə yaşayan və düşünən mənim kimilər üçün həyat çox həyəcanlı idi. Amma hamı belə deyildi.

Gənclər bir yerə toplaşdıqda, təbiətlərində bir növ gümrahlıq və şadlıq olduğundan, hər şeydən ləzzət alırlar. Gənc yeməkdən, söhbətdən, güzgüyə baxmaqdan, istirahətdən ləzzət alır. Siz inanmazsınız ki, insan gənclik illərini ötürdükdən sonra sizlərin, misal üçün, təbii bir xörəkdən aldığınız ləzzəti daha duymur. O zaman hərdən böyüklər - yəni mənim indiki yaşımda olanlar bəzi sözlər deyirdilər, biz təəccüb edirdik ki, bunlar necə belə fikirləşirlər. İndi görürəm ki, xeyr, o yazıqlar çox da yanlış düşünməyiblər. Əlbəttə, mən özümü gənclikdən tamam qırmamışam. Hələ də özümdə gənclikdən nəsə duyuram və o hala düşməyə qoymuram. Allaha şükür olsun ki, indiyədək qoymamışam, bundan sonra da qoymaram. Lakin özlərini qocalığın ixtiyarına buraxanlar gəncin öz həyatının bütün sahələrindən duyduğu ləzzəti duymurdu. O zaman belə idi. Demirəm ki, qəm-qüssə hakim idi, bunu iddia etmirəm. Lakin qəflət və məlumatsızlıq baş alıb gedirdi.

O zaman mübarizə barədə ciddi və dərindən düşünən bizlər gəncləri bacardığımız qədər rejimin mədəni nüfuz dairəsindən çıxarmağa çalışırdıq. Mən özüm məscidə gedirdim, təfsir dərsi deyirdim, namazdan sonra söhbət edirdim, bəzən rayonlara gedib söhbət edirdim. Mənim əsas səyim gəncləri rejimin mədəni kəməndindən çıxarmağa yönəlirdi. O zamanlar bunu gözəgörünməz tor adlandırırdım. Deyirdim ki, gözəgörünməz bir tor var; hamını bir tərəfə çəkir. Mən istəyirəm bu gözəgörünməz toru imkan daxilində parçalayım və bacardığım qədər gənci bu tordan çıxarım. Kim bu düşüncə kəməndindən xaric olurdusa, – onun xüsusiyyəti bu idi ki, əvvəla dindarlığa, ikinci növbədə isə imamın təfəkkürlərinə yönəlirdi – bir növ qorunurdu. O zaman belə idi. Həmin nəsil sonralar inqilabın əsas dayaqları oldular. Mən indi də öz cəmiyyətimizə baxdıqda o nəslin çoxlu nümayəndələrini – həm mənimlə əlaqədə olanları, həm də olmayanları seçə bilirəm.

Hər halda, indi sizin şəraitiniz yaxşıdır. Əlbəttə, demirəm ki, gənc üçün hər şey var və ideal formadadır, amma o zamanla müqayisədə bu gün vəziyyət çox yaxşıdır. Bir gənc yaxşı yaşamaq, özünün insani kimliyini və şəxsiyyətini tapmaq istəsə, mənim fikrimcə, bu gün bacarar.
Sual: Bir müsəlman gənc və onun xüsusiyyətlərinə dair sizin tərifiniz nədir? Bir cavan necə yaşayıb məqsədlərinə çata bilər?

Cavab: Sözsüz ki, asanlıqla keçmək olmaz. Sizin qoyduğunuz bu şərt mənim cavab işimi çox çətinləşdirir. Heç bir mühüm və ciddi işi asanlıqla görmək olmaz. Hər halda, insan dəyərli bir şey əldə etmək istəyirsə, bir qədər zəhmət çəkməli və çalışmalıdır. Bu, qaçılmazdır. Lakin baxın, mən əsasən, gənclərin malik olduğu bu mühüm xüsusiyyətlər arasında üçünün çox bariz olduğunu düşünürəm. Əgər onlar müəyyən olunsa və düzgün istiqamətə yönəldilsə, yəqin ki, sizin sualınıza cavab vermək olar. Həmin üç xüsusiyyət bundan ibarətdir: enerji, ümid, yaradıcılıq. Bunlar gəncdə olan üç mühüm xüsusiyyətdir. Əgər təbliğat vasitələri - istər dini, istər elmi-mədəni natiqlər, istər radio və televiziya və istər məktəblər bizə etdikləri mədəni köməklərdə bu üç mühüm xüsusiyyəti həqiqətən, düzgün idarə edə bilsələr, düşünürəm ki, bir gənc çox asanlıqla İslamın yolunu tapa bilər. Çünki İslamın bizdən istədiyi də öz potensiallarımızı aktuala çevirməkdir.

Quranda çox önəmli bir məqam var. Bunu siz əziz gənclərə demək istəyirəm. Bu məqam təqvaya diqqət yönəltməkdir. İnsanlar təqvanı təsəvvür edəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür.

Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva - özündən ehtiyatlı olmaqdır. Təqva odur ki, insan nə iş gördüyünü bilsin, özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram bir at üzərində oturub cilovu əlində tutub və haraya getdiyini bilir. Təqva budur. Təqvası olmayan şəxsin hərəkətləri, qərarları və gələcəyi isə öz əlində deyil. Nəhcül-bəlağənin bir xütbəsində işlədilən ifadə ilə desək, o, nadinc bir at üzərinə atılmış şəxs kimidir; özü ona minməyib, yaxud minibsə də, at sürməyi bacarmır; cilov əlindədir, amma ata necə minməyin lazım olduğunu, haraya getməli olduğunu bilmir. At onu haraya çəksə, o da getməyə məcburdur. At dəcəl olduğu üçün şübhəsiz ki, onu qurtuluş gözləmir.

Təqvanı belə izah etsək, fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı kimi yaşamaq yolunu tapması doğrudan da böyük işdir; yəni dindardırsa, görsün nə edir; bu addım, bu söz, bu dostluq, bu dərs, bu iş və fikir düzgündür, yoxsa düzgün deyil; düşündüyü düzgündür, yoxsa düzgün deyil. Təqva budur. Əgər dindar olmasa, bu vəziyyət onu dinə yönəldər. Allah-Taala buyurur ki, Quran təqvalılar üçün hidayətdir. Demir ki, möminlər üçün hidayətdir. Yəni bir şəxsin dini olmasa da, təqvası olsa, - kiminsə dini olmaya, lakin dediyim mənada təqvası ola bilər - Qurandan hidayət alıb mütləq mömin olar. Lakin möminin təqvası olmasa, güman ki, imanı da möhkəm olmaz. Bu onun bəxtindən asılıdır. Əgər yaxşı şəraitdə olsa, imanı qalar, əks təqdirdə, qalmaz.

Buna əsasən, təqvanın bu üç xüsusiyyətini işlədə və düzgün yönəldə bilsək, fikrimcə, çox yaxşı olar. Gənclər İslamın bəyəndiyi formada yaşasınlar. Xüsusən də xoşbəxtlikdən bu gün bizim ölkəmiz İslam ölkəsidir. Bu, çox əhəmiyyətli məsələdir. Hakimiyyət İslamın əlindədir. Ökəni idarə edənlər İslama möhkəm bağlıdırlar. İman xalqın ruhuna hopmuşdur. Odur ki, müsəlman olmaq və müsəlman yaşamaq üçün çox əlverişli şərait var.

Mən qısa bir misal vurub cavabı bitirmək istəyirəm. Sizlər təəssüf ki, müharibə dövründəki inkişafı görməmisiniz. Əlbəttə, müharibəni görməməyiniz təəssüflü deyil, lakin ovaxtkı misilsiz mənzərəni dərk etmədiyinizə görə insan təəssüflənir. Sizinlə həmyaşıd olan 18-20 yaşlı gənclər mənəviyyat və paklıq baxımından bəzən qırx il Allah yolunda çalışmış bir arif həddinə çatırdılar. İnsan bunu onların vücudunda hiss edirdi; az da deyildilər, çox idilər. Mən o zaman belə gənclərin qarşısında həqiqətən kiçik olduğumu hiss edirdim. Təvazökarlıq üçün belə etmirdim. Bilirsiniz ki, insan bir böyüyün qarşısında durduqda, onun üstünlüklərini gördükdə öz zəifliyini anlayır. Mən Bəsic üzvü olan bir gəncin, döyüşcü bir gəncin qarşısında həmin hissi keçirirdim. Şərait belə idi; adi bir gənci belə dəyişdirə bilirdi.

Siz dünya gənclərinin vəziyyətindən xəbərdarsınız; rep qrupları, min cür əxlaq və düşüncə bəlaları. Dünya gəncləri doğrudan da min cür bəlalara düçar olmuşlar. İndi mövcud olan rep qruplarından və bu kimi insanlardan bizim dövrümüzdə də vardı. Bizim dövrümüzdə “The Beatles” adlı bir qrup məşhur idi. İndi eşitmişəm ki, qocalıblar. Bir qədər öncə xarici jurnalların birində onların barəsində yazı gördüm; harada olduqlarını və nə iş gördüklərini yazmışdılar. Psixoloji sıxıntı və problemlər onları belə işlərə sövq edirdi. İndi geriqalmış və ucqar ölkələrdə onları yamsılayanlar o yazıqların hansı xəstəliyə tutulduqlarını anlamırlar. Elə bilirlər bu, inkişafdır, halbuki tənəzzül və süqutdur. Dünya belə bir vəziyyətə düşəndə bizim gənclərimiz elə idilər. İranda gənc zəngin, ehtiyacsız, başıuca, qəlbində güclü sevincə, vəzifəni yerinə yetirmək hissinə və aydın məqsədə malik idi - nə iş gördüyünü və kimin üçün çalışdığını bilirdi. O, Allahın lütfü ilə qalib və Allah-Taalanın ona verdiyi həqiqi və mənəvi yüksəlişə sahib idi.
Sual: Tələbə bir qız kimi həzrət Zəhranın (ə) həyatını necə örnək seçə bilərik? Gənclikdə sizin örnəyiniz kimlər olmuşlar?

Cavab: Yaxşı sualdır. Əvvəla deyim ki, kimsə bizə örnək göstərib "sizin örnəyiniz budur" deməməlidir. Təyinatlı və zorla sırınan örnək yaxşı ola bilməz. Örnəyi özümüz tapmalıyıq. Baxıb görək gözümüzün qarşısında olan simaların hansını daha çox bəyənirik. Hansını çox bəyənsək, təbii ki, örnəyimiz də o olacaq. Məncə, müsəlman gənc, xüsusən imamlarımızın, Peyğəmbər ailəsinin və erkən İslam çağı müsəlmanlarının həyatı ilə tanış olan müsəlman gənc üçün örnək və model tapmaq çətin olmaz. Belə örnəklər az deyil. İndi sizin özünüz xoşbəxtlikdən həzrət Zəhranın (ə) adını çəkdiniz. Mən Fatimeyi-Zəhranın (ə) müqəddəs şəxsiyyəti haqda bir neçə cümlə demək istəyirəm. Bu, başqa imamlar və böyük şəxsiyyətlər haqda düşünmək üçün də sizə ipucu verə bilər.

Elm, sənaye və texnologiya dövründə, böyük maddi sivilizasiyalar dünyasında və bütün bu yeniliklər əsrində yaşayan siz xanımlar, məsələn 1400 il bundan əvvəl yaşamış örnəyinizdən nə götürə bilərsiniz? Onun hansı cəhətdən sizin bugünkü vəziyyətinizə bənzədiyini düşünür və ondan öyrənmək istəyirsiniz. Məsələn, bilmək istəyirsiniz ki, o, universitetə necə gedib, yaxud dünyanın siyasi hadisələri haqda nə düşünüb?! Təbii ki, bunlar deyil.

Hər bir insanın şəxsiyyətində təməl xüsusiyyətlər vardır. Onları müəyyən etmək və nümunəni onlarda axtarmaq lazımdır. Məsələn, müxtəlif hadisələrlə rastlaşdıqda insan necə davranmalıdır? Bu məsələlər bəzən metro, qatar, təyyarə və kompüter olan dövrə aiddir, bəzən də qədim dövrə. Lakin müxtəlif hadisələr həmişə insanın qarşısına çıxır.

İnsan bu məsələlərdə iki növ mövqe seçə bilər: biri məsuliyyətli, biri isə laqeyd. Məsuliyyətli yanaşmanın da müxtəlif növləri var: hansı ruhiyyə ilə, gələcəyə hansı baxışla? İnsan ona örnək olacaq şəxsiyyətdə bu əsas xətləri tapmalı və həyatında icra etməlidir.

Mən bu mövzuya bir dəfə də toxunmuşam. Bizim söhbətlərimizdə bəzən yaxşı sözlər də olur, lakin çox zaman diqqət yetirilmir və eləcə itib-batır. Həzrət Zəhranın (ə) doğum tarixində fikir ayrılıqları vardır. O, altı, yaxud yeddi yaşında olarkən Əbu Talib dərəsi məsələsi qarşıya çıxdı. Əbu Talib dərəsindəki dövr İslamın erkən çağında çox çətin bir dövr olmuşdur. Peyğəmbərin dəvəti başlanmışdı, Məkkə xalqı, xüsusən cavanlar və qullar tədricən Peyğəmbərə iman gətirirdilər. Əbu Ləhəb, Əbu Cəhl və digər tağut böyükləri gördülər ki, Peyğəmbəri və onun ətrafındakı insanları Mədinədən qovmaqdan başqa yol qalmayıb. Onlar belə də etdilər: onlarla ailədən, Peyğəmbərdən, onun qohumlarından və Əbu Talibin özündən - Əbu Talib də böyük şəxsiyyətlərdən idi - ibarət çoxlarını uşaqlı-böyüklü Məkkədən çıxardılar. Bunlar Məkkədən çıxdılar, amma haraya getsinlər? Təsadüfən, cənab Əbu Talibin Məkkənin təxminən bir neçə kilometrliyində bir dərədə mülkü vardı. Oranın adı Əbu Talib dərəsi idi. Ora dağ yarığı və kiçik bir dərə idi. Məkkədə gündüzlər hava isti, gecələr isə olduqca soyuq idi. İndi siz fikirləşin ki, nə qədər dözülməz bir vəziyyət yaranmışdı. Onlar üç il bu dərədə yaşadılar. Nə qədər aclıq çəkdilər, çətinlik gördülər, Allah bilir. Peyğəmbərin çətin dövrlərindən biri bu dövr idi. O zaman əziz Peyğəmbərin vəzifəsi təkcə cəmiyyəti idarə etmək mənasında olan rəhbərlik deyildi. O, çətinliyə düşmüş insanların yanında öz hərəkatını müdafiə etməyi də bacarmalı idi.

Bildiyiniz kimi, vəziyyət yaxşı olanda rəhbərin ətrafına yığışan insanlar da razı olurlar. Deyirlər Allah atasına rəhmət eləsin ki, bizi belə yaxşı vəziyyətə çıxarıb. Amma çətinlik görəndə hamı deyinir ki, biz bunu istəmirdik, o, bais oldu.

Əlbəttə, güclü imanı olanlar dayanırlar. Hər halda, bütün çətinliklər Peyğəmbərin çiyninə düşürdü. Bu əsnada, çox çətin psixoloji durumunda onun dayağı və ümidi olan cənab Əbu Talib və həmçinin ona ən böyük psixoloji köməyi göstərmiş Xədiceyi-Kübra bir həftənin içində dünyadan köçdülər. Çox qəribə bir hadisə idi; yəni Peyğəmbər tək-tənha qaldı.

Mən bilmirəm siz indiyədək bir işçi qrupun başçısı olmusunuzmu və bir toplumun məsuliyyətinin nə demək olduğunu bilirsinizmi? Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimeyi-Zəhranın (ə) roluna baxın. İnsan tarixin künc-bucağında bu məqamları tapmalıdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar.

Fatimeyi-Zəhra (ə) Peyğəmbərə bir ana, müşavir və təbib kimi olub və buna görə ona “ummu əbiha”, yəni atasının anası demişlər. Bu, o zamana aiddir, yəni altı-yeddi yaşı olan zamana. Əlbəttə, ərəb cəmiyyətlərində və isti yerlərdə qızlar fiziki və psixoloji cəhətdən daha tez inkişaf edirlər - məsələn, bizim indiki 10-12 yaşlı qızlarımız qədər. Məsuliyyət hissi budur. Bu, bir gəncə örnək ola bilməzmi: böhran zamanı tez məsuliyyət hiss edib fəaliyyətə başlamaq, vücudunda olan böyük potensialı xərcləmək, yaşı misal üçün, əllini ötmüş və təqribən qocalmış atasının üzündən qəm-kədəri silmək?! Bu, bir cavan üçün nümunə ola bilməzmi?! Bu, çox əhəmiyyətli məsələdir.

Növbəti nümunə həyat yoldaşı kimi roludur. Bəzən insan elə bilir ki, xanım mətbəxdə xörək bişirməli, otağı təmizləməli, döşəkləri səliqəyə salmalı və qədimdə olduğu kimi, döşəkcəni hazırlayıb kişinin idarədən, yaxud dükandan gəlməsini gözləməlidir. Xanımın işi təkcə bunlar deyil. Siz baxın, görün Fatimeyi-Zəhra (ə) necə xanım olub. Peyğəmbərin Mədinədə olduğu on ilin təxminən doqquzunda həzrət Zəhra və həzrət Əli (ə) həyat yoldaşı olmuşlar. Bu doqquz ildə kiçikli-böyüklü təqribən altmış müharibə baş vermişdir. Həzrət Əli (ə) onların əksərində iştirak edib. İndi siz baxın, bu xanım evdə oturub, əri isə daim cəbhədədir. Cəbhəyə getməsə, işlər axsayar. Döyüş məsələləri ona bu qədər bağlıdır. Məişət vəziyyətləri yaxşı deyil. Eşitdiyimiz kimi, “onlar öz iştahları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”470 - yəni doğrudan da çox kasıb yaşayırdılar. Halbuki o, həm də rəhbərin, Peyğəmbərin qızıdır. Bu baxımdan da bir növ məsuliyyət hiss edir.

Görün belə bir ərə yardımçı olmaq üçün xanımda necə ruh yüksəkliyi olmalıdır. O, ailə nigaranlığı və həyat problemləri baxımından ərini arxayın etməli, ona ürək-dirək verməli, uşaqlarını belə gözəl tərbiyə etməlidir. Siz deyə bilərsiniz ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) imam idilər. Axı Zeynəb imam deyildi. Fatimeyi-Zəhra (ə) onu bu doqquz ildə tərbiyə edib. Çünki o həzrət Peyğəmbərdən sonra çox yaşamayıb.

Belə evdarlıq etdi, həyat yoldaşı oldu və bununla tarixin həmişəyaşar ailəsinin həyatında əsas mərkəzə çevrildi. Məgər bunlar bir cavan qız, bir evdar xanım üçün nümunə ola bilməzmi?! Bunlar çox mühumdur.

Peyğəmbərin vəfatından sonra məscidə gəlməsi və bəlli xütbəni oxuması da çox böyük məsələdir. Bizlər bədahətən nitq söyləyənlər olduğumuz üçün bu sözlərin nə qədər əzəmətli olduğunu anlayırıq. 18 yaşlı, 20 yaşlı, uzaqbaşı 24 yaşlı bir qız - o həzrətin yaşı dəqiq məlum deyil, doğulduğu il haqda fikir ayrılığı var - bütün dərd və problemlərinə rəğmən, məscidə gəlir və izdiham qarşısında hicabla çıxış edir. Bu çıxışın bütün sözləri tarix kitablarında qeyd olunmuşdur.

Ərəblər yaddaşın güclülüyü ilə məşhur idilər. Bir nəfər gəlib 80 beytlik bir qəsidə oxuyurdu, məclis bitdikdən sonra 10 nəfər onu yazırdılar. Dövrümüzədək gəlib çatan bu qəsidələr çox zaman belə qalmışdır. Şeirlər ictimai yerlərdə oxunur və qeyd olunurdu. Belə çıxış və hədislər də çox zaman belə olub. Oturub yazıb, əzbərləyib və günümüzədək saxlayıblar. Əbəs sözlər tarixdə qalmır, hər söz qalmır. O qədər sözlər deyilib, çıxışlar edilib, şeirlər söylənib, amma qalmayıb və heç kəs onlara əhəmiyyət verməyib. Lakin tarix bu çıxışı öz qəlbində saxlayır, üstündən 1400 il keçəndən sonra oxuyan hər bir insan onu uca tutur. Bu da bir üstünlüyü göstərir. Məncə, bu, gənc qız üçün örnəkdir.

Siz doğru deyirsiniz. Təqsir bu işləri idarə edən bizlərdədir. Məqsədim dövlət işləri deyil, mənəvi və dini işlərdir. Biz bu cəhətləri gənc nəslə lazımınca göstərməmişik. Lakin sizin özünüz də bu sahələrdə işləyə bilərsiniz. Bütün imamların həyatında belə məqamlar var.

İmam Cavadın (ə) həyatı da örnəkdir. Elə uca və əzəmətli İmam Cavad (ə) 25 yaşında dünyadan köçdü. Bunu biz demirik, qeyri-şiələrin yazdığı tarix kitabları deyir. O həzrət gənclik, uşaqlıq və yeniyetməlik çağında Məmunun və digərlərinin yanında hörmət qazandı. Bunlar çox mühüm məsələlərdir. Bunlar bizim üçün örnək ola bilər.

Öz dövrümüzdə da örnək var. İmam Xomeyni örnəkdir. Bizim Bəsic üzvü olan gənclərimiz örnəkdirlər: həm şəhid olanlar, həm də bu gün yaşayanlar. İnsanın təbiəti elədir ki, dünyadan köçmüş və şəhid olmuş insanlar haqda daha asan danışa bilir. Görün necə örnəklər tapmaq olar. Biz müharibə zamanı öz şəhər və kəndlərindən çıxmış və tamamilə adi bir adam kimi nəzərə çarpan adamlar görmüşük. Qeyd etdim ki, keçmiş rejim istedadları inkişaf etdirə, yaxud aşkara çıxara bilmirdi. Bunlar o rejimdə adi adam idilər. Bu quruluşda isə əməl meydanı olan müharibəyə gəldilər, birdən-birə istedadları aşkara çıxdı, böyük bir komandir, sonra da şəhid oldular. Belələri bizdə çox olmuşdur.

Bir neçə il öncə "Mənim komandirim" adlı broşürlərdə bunların bioqrafiyasını yazırdılar; gənc əsgərlərin komandirləri haqda xatirələri idi. Bilmirəm bu iş davam edir, ya yox. Bu şəxsiyyətlərin əzəmətini göstərən qısa bir əhvalat, kiçik bir xatirə danışırdılar. Bunlar örnək ola bilərlər. Öz elmi şəxsiyyətlərimiz, idmanda öncüllərimiz, ədəbi şəxsiyyətlərimiz, incəsənət xadimlərimiz arasında, həqiqətən, üstün cəhətləri olan şəxsiyyətlərdə də örnəklər tapmaq olar.

Söz yox ki, insan örnəyi öz meyarları ilə seçir. Mən xahiş edirəm seçmək istədiyiniz hər bir örnəkdə qeyd etdiyim təqva meyarını mütləq nəzərə alın. Təqva vaz keçiləsi bir şey deyil. Təqva həm dünya həyatı üçün lazımdır, həm də axirət həyatı üçün.

Məndə hansı şəxsiyyətlərin təsir buraxdığına gəlincə isə, deməliyəm ki, çoxlu şəxsiyyətlər olmuşdur. Gənclikdə mənə çox təsir göstərən şəxs ilk növbədə mərhum Nəvvab Səfəvi idi. O, Məşhədə gələndə mənim təxminən 15 yaşım vardı. Mən güclü şəkildə onun şəxsiyyətinin təsiri altına düşdüm. Sonra Məşhəddən getdi və bir neçə aydan sonra çox acınacaqlı vəziyyətdə şəhid edildi. Bu da onun təsirini daha da gücləndirdi. Sonra məndə imamın güclü təsiri olmuşdur. Mən Quma gəlməzdən və mübarizələrin başlanmasından öncə imamın adını eşitmiş, lakin onu görməmişdim. Onu sevir, ona hörmət bəsləyirdim. Səbəbi də bu idi ki, Qum hövzəsində bütün gənclər onun dərsinə rəğbət göstərirdilər. Gənclər onun dərslərini bəyənirdilər. Mən də Quma köçəndə onun dərsinə getməyə tərəddüd etmədim, əvvəldən getdim və Qumda olduğum müddətdə müntəzəm olaraq bir dərsinə gedirdim. O da məndə çox təsir buraxdı. Əlbəttə, atamın və anamın da çox təsiri olub. Mənim üzərimdə çox böyük rolu olmuş şəxslərdən biri də anamdır. O, çox təsirli bir xanım idi.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin