Sual: Nə üçün gənclərə aid işlərin siyasətlərini təyin etmək üçün müəyyən bir mərkəz yoxdur? Nə üçün gənclərin işlərində, misal üçün, nikah məsələsində müxtəlif sahələrin işi bir-biri ilə uyğun deyil?
Cavab: Bu, müəyyən həddə baş tutmuşdur. Gənclər Ali Şurası bu yolda ilk addım idi. Ümidvaram ki, bu ilk addım bizi növbəti addımlara da nail etsin. Düzdür, Təlim və tərbiyə nazirliyi, Ali təhsil, yaxud Səhiyyə nazirlikləri kimi bəzi orqanlar gənclərlə əlaqədardır. Lakin Gənclər Ali Şurası gənc məsələlərinə hərtərəfli və kompleks şəkildə baxa bilər. Mənim fikrimcə, qardaşlar indiyədək səlahiyyətləri həddində yaxşı işləmişlər. Onlar qərargah işi görməli, icra işlərini isə qurumlar yerinə yetirməlidirlər. Bu cənablar ötən il Gənclər xartiyası hazırlayıb mənə gətirdilər. Bu, çox yaxşı, əhatəli və faydalıdır, İslam Respublikası qurumlarının işləməsi üçün yaxşı və məntiqi əsas ola bilər.
Sizin dediyiniz nikah məsələsi barədə hökumət, yaxud Gənclər Ali Şurası düşünə bilər. Lakin nikah məsələsi tamamilə fərdi və şəxsi bir məsələdir. Ailələr onun barəsində fikirləşməli, dövlət qurumları və ümumi təşkilatlar ümumi tövsiyələr verməlidirlər. Mənim öz tövsiyəm budur ki, nikahı asanlaşdırsınlar, mehrlər çox, cehizlər ağır olmasın, qonaqlıqlarda israfçılığa yol verilməsin. Bu məsələlər üzərində işləmək lazımdır. Çox yaxşı olar ki, mədəniyyət və incəsənət işləri ilə təbliğat aparılsın və xalq bunları öyrənsin. Əgər bunları öyrənsə, düşünürəm ki, nikah asanlaşar.
Evlənmə nə bəzilərinin düşündüyü qədər ağını çıxarıb çox aşağı yaşlarda olmalıdır, - kimsə çox tez ailə qurmaq istəsə, heç bir eybi yoxdur, amma buna təkid etmək lazım deyil - nə də qərblilər kimi 30-40 yaşlarında. Onlar o qədər eqoistdirlər ki, kişi 30, 40 və 50 yaşında da gənc bir qızla evlənməkdə qüsur görmürlər. Yəni belə yuxarı yaşlarda da çox gənc bir qadın axtarırlar. Bu da nikah təməlinin zəif olmasına gətirib çıxarır. Odur ki, Qərb ölkələrində yalqız insanlar çoxdur. Bəzi insanlar bütün ömürlərini tənha keçirirlər. Xoşbəxtlikdən, bu hal İranda və digər İslam ölkələrində çox azdır.
Hər halda, nikah işini bir qədər asanlaşdırmaq və dəm-dəsgah ardınca qaçmamaq lazımdır. Belə olarsa, gəncləri asanlıqla izdivac mərhələsinə yaxınlaşdıra bilərlər. Gərək ailələrdə, gənclərin, qız və oğlanların özlərində iradə yaransın. Nikahdan boyun qaçırmaq düz deyil. Hökumət də hansısa imkanlar yarada bilsə, çox yaxşı olar. Mən həmişə bunu istəmişəm, məmurlara gənclərin ev, kredit və digər ehtiyacları barədə tövsiyələr vermişəm. Biz bunları nəzərə alırıq, amma demək istəyirəm ki, bu işin məsuliyyəti ilk növbədə ailəvi və şəxsidir.
Sual: Sizcə dəyərləri qorumaq və müharibə dövrünün mənəvi ab-havasını bugünkü gənclərə köçürmək üçün hansı yollar mövcuddur?
Cavab: Əsas fərdlər deyil, ruhiyyələr, niyyətlər, inqilabın və çətin sınaqların ölkəmizə verdiyi yeni həyatdır. İmam Xomeyni 81, yaxud 82-ci ildə Bostanın fəthi zamanı etdiyi müraciətində "ən böyük zəfər" ifadəsini işlətdi. Bəzi şəxslər elə bildilər ki, ən böyük zəfər Bostan uğrunda döyüşdür, amma imam bunu nəzərdə tutmurdu. İmam deyirdi ki, ən böyük zəfər belə ayıq canları fəth etmək, belə insanlar yetişdirməkdir. Doğrudan da İslam Respublikasının ən böyük qələbəsi gəncləri mənəvi əzəmət və yüksəlişin zirvəsinə çatdırmaq idi. Onlar özlərinə güvənib möhkəm dayandılar, dünyanın güclü və yekdil hücumu qarşısında öz ölkələrini, varlıqlarını və İslamı müdafiə edə bildilər. Məcburi müharibə bir nümunə idi. Biz indi də dünyanın hücumuna məruz qalırıq.
Mən işə yeni qoşulmuş və hər yerdən bixəbər olan - ən yaxşı halda bixəbər, pis halda isə qərəzlidirlər - bəzi mətbu orqanlarını, qəzetləri və insanları görürəm. Onlar elə bilirlər ki, ölkəni inqilabdan öncəki pozğunluğa qaytarmaq bir hünərdir. Onlar buna çalışırlar. Nə qədər nadanlıq, nə qədər təəssüflüdür! Bizim gənclərimiz gənclik dövründə özlərini ölkənin yoluxduğu keflilikdən xilas edə bildilər; hərəkət edib İranı qurtardılar. İran əldən çıxmışdı, biz itmiş, əl-ayaq altda əzilmişdik. Qərbin sözün həqiqi mənasında iqtisadi və siyasi istismarçılığa, müstəmləkəçiliyə giriş olan mədəni çirkab seli bizi həqiqətən, məhv etmişdi. İnqilabın və İslamın qüdrətli əli həmin gənclər vasitəsilə ölkəni xilas etdi. Bəzi qüvvələr bu şanlı dövrü unutdurmaq, xalqı qabaqkı keyliyə qaytarmaq istəyirlər. Bunu kim istəyir? Bunu ölkənin və xalqın düşmənləri istəyirlər.
Zənnimcə, bunu bəlkə də bir çıxışımda demişəm: Bu yaxınlarda, bayramdan öncə ABŞ jurnallarının birində məşhur bir amerikalı yazar tərəfindən baş məqalə yazılmışdı. Xülasəsi bu idi ki, İran kimi - əlbəttə, o, pis ifadə işlətmişdi, misal üçün, qanuna məhəl qoymayan - ölkələrlə mübarizə aparmaq üçün hərbi və iqtisadi yollardan istifadə edə bilmərik. Bunlar sınanmış və iflasa uğramış yollardır. Biz mədəni yollardan istifadə etməliyik. O, açıq-aşkar hansı işlərin görülməli olduğunu da yazır. Həmin səhifənin ortasında tam çılpaq bir qadın şəkli vurub deyir ki, onlara qalib gəlmək üçün bunları yaymalıyıq. Doğru da deyir. Yolu budur. Təəssüf ki, bəzi şəxslər ölkədə nə iş gördüklərini anlamırlar. Əlbəttə, Allahın gücü və qüvvəsi ilə qoymayacağıq və bacarmayacaqlar. Biz onların bu ölkəyə və bu inqilaba xəyanət edib onu bitirmələrinə imkan vermərik. Lakin başlarında bu həvəs var. Xalqı ölkənin ozamankı bədbəxt və fəlakətli vəziyyətinə qaytarmaq istəyirlər.
Mənim fikrimcə, bizim gənclərimiz bu gün də dindar, mömin və pakdırlar. Siz bizim universitetlərimizə, laboratoriyalarımıza, ölkənin vəziyyətinə baxın. Siz görün inqilabın qələbəsinin ildönümündə, yaxud Qüds günündə yürüşdə sel kimi küçələrə axışan bu əhalinin əksəriyyəti kimlərdir. Onların əksəriyyəti gənclərdən ibarətdir. Həmin ilahi ruh, duyğu və coşqu hələ də ölkədə var və təsirlidir. Bu hisslər ölkəni yenə də qurtuluş sahilinə çıxıracaq. İndinin özündə, şübhəsiz ki, bizim iqtisadi və digər problemlərimiz var. Bunlar bir gün bitəcək. Lakin bu problemləri bitirəcək amil mənəvi hisslərdən, İslama və inqilaba üz tutmaqdan başqa bir şey olmayacaq. Yenə də ölkəni həmin gənc qız və oğlanlar xilas edəcəklər. Mən dəfələrlə demişəm ki, gənc nəsil çətin və böyük problemlərin açarıdır. Meydana atıldıqda - Allaha şükür olsun ki, bu gün də meydandadır - xırda və çətin düyünlər açılacaq. Bizim gənclərimiz mömin və dindardırlar, ölkələrini və İslamı sevirlər, Amerikanın və əcnəbinin hökmranlığına qarşıdırlar. Bunun özü işini görəcək. Apardıqları təxribatlar və hazırladıqları hiylələr inşallah, heç bir təsir buraxmayacaq. Allah da kömək edəcək. Həzrət Bəqiyyətullah – İmam Mehdi (ə) də bu yolun, bu işin və bu gənclərin dayağı olacaq.
Sonda bir məqamı da xatırlatmaq istəyirəm. Gənclərin gördüyü işlər kiçik işlər deyil. Mənim dediyim bu işlər - dərs oxumaq, tədqiqat aparmaq, incəsənət və idmanla məşğul olmaq kiçik işlər deyil. Mən xahiş edirəm bu işləri görən şəxs onların kiçik olduğunu düşünməsin. Xeyr! Bu iş ölkə miqyasında həlledici amilə çevrilir. Fərz edin, bir sənətkar təklikdə dəyərli bir sənət əsəri yaratmaq qərarına gəlir. O deyə bilməz ki, mən fərdi bir iş görürəm, özüm tənhayam və bu iş kiçikdir. Xeyr! Siz işinizi yaxşı görsəniz, başqa yüz nəfər də sizin kimi fikirləşsə, həmin möhtəşəm inkişaf və böyük iş baş tutar. İdman məsələsində də eynilə belədir, dərs oxumaqda, tədqiqatda da. Gənclərin xüsusi işlərində də belədir. Bu eynilə yürüş günü kimidir. Əgər hamı "bir nəfər nəyi dəyişdirər ki?" – deyib yürüşə çıxmasa, o zaman İslam inqilabının qələbəsi günündə, yaxud cümə namazında belə milyonluq izdiham əmələ gəlməz. Lakin bizdə hər kəs öz vəzifəsini yerinə yetirməyə çalışır. Mən təkid və təkrar etmək istəyirəm ki, bu gənclərin - Quran, elm, maarifçilik sahəsində çalışanların, hövzədə, universitetdə işləyənlərin, kitab yazanların, hər hansı sahədə çalışanların hər birinin işi ölkəni ucaldacaq mühüm işdir.
İnşallah, müvəffəq olasınız.
Əlavə 5
İnqilabın Böyük Rəhbərinin İslam birliyinin üzvü olan şagirdlərlə və məktəblərin tərbiyəvi işlər üzrə məsul şəxsləri ilə görüşündə çıxışı
Keyan qəzeti, 28 fevral 2001
Bu gün bizim məclisimiz fəal, əziz və sevgili gənclərlə bəzənmişdir. Onların qəlbi işıqlı imanla doludur. Həm 9-11-ci siniflərin tərbiyəvi işlər üzrə məsul şəxsləri, həm də şagirdlərin İslam birliklərindəki gənclər; çox geniş və böyük məsuliyyəti olan iki çox mühüm qurum. Hər iki qurumun - həm İslam birliklərinin, həm tərbiyəvi işlər qurumunun fəaliyyət predmeti gənclərdir; özü də çox əhəmiyyətli dövr olan 9-11-ci siniflərin gəncləri.
Gənc çiçəklənməkdə olan yeni ağac və əksər yaxşılıqların, gözəlliklərin cəm olduğu şəxsdir. Siz əziz gənclərdə müşahidə olunan bu paklıq və məhəbbətin qaynağı pak və nurlu gənclik qəlbidir. Sizə deyim ki, mənim əzizlərim, bu məhəbbət qarşılıqlıdır. Bu qoca atanızın da ürəyi siz gənclərə məhəbbətlə doludur.
Gənc məsələsi hər bir cəmiyyətdə ən əhəmiyyətli məsələlərdəndir. Qərb ölkələrinin də bəzən dedikləri və bəzən gizlətdikləri problemlərdən biri onların gəncləridir. Siz elə düşünməyin ki, Qərb cəmiyyətlərində gənclərin problemləri həll olunmuşdur. Xeyr, oranın min cavanı arasında bəlkə də bu qədər səfalı, nurani və pak olan bir nəfər də tapmaq olmaz. Maddiyyata, pul və kapitalın dəyərinə və ehtiras azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola da bilməz. Xalqların süqutu həmişə qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Amerikada və Avropada müşahidə edirlər. O cəmiyyətlərdə cavanlar pozğunluğa meylliliklə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar, adətən, əxlaqi pozğunluqlara qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin hansı səviyyədə olmasından asılı olmayaraq, yaşadığı cəmiyyətin və quruluşun bünövrələrini qarışqatək çeynəyib məhv edəcək.
Bunun əksini siz bu gün öz ölkəmizdə müşahidə edirsiniz. Cavanların paklığı, saflığı, onlarda olan iman və dindarlıq inqilabın ilk günlərindən indiyədək həmişə artmaqdadır. Bizim ölkəmizin gənc və yeniyetmələri müharibə dövründə və ondan sonra öz saflıqlarını qoruya bildilər. Bunun əksini göstərən bəzi statistik rəqəmlər düzgün deyil. Mən cavanlar arasında olan azğın cərəyanlardan xəbərsiz deyiləm, nə baş verdiyini bilirəm. Lakin bu köpüklərin, bu bulanıq lilin altında nəciblik və dindarlığın, təmizlik və nuraniliyin böyük və qüdrətli axınını müşahidə edirəm. Bu gənc nəsil bu gün tərbiyəvi işlər üzrə məsuliyyət daşıyan və İslam birliklərində çalışan siz əzizlərin tərəf-müqabilidir.
Gənclər barədə ifratçı və təfritçi təmayüllər müşahidə olunur. Bəziləri gəncin şəxsiyyətini, iradəsini, tükənməz bacarıqlarını görməzdən gəlməyə adət etmişlər. Onu bilməməkdə, yaxud nəzərlərində bəyənilməz olan hər hansı bir məsələdə ittiham edirlər. Bu, səhv tərbiyədir. Gənc fəallığın təzahürü, istedadla dolu və dəyərli ehtiyata malikdir; yəni gənclik fəallığı, gənclik qüvvəsi, gənclik istedadı və gənclik səbri var. O, möcüzələr yarada bilər. Bu etinasızlıq səhv və azğın bir rəftar və təsəvvürdür.
Bəziləri də gənci öz siyasi maraq və məqsədlərinə oyuncaq etməyə və onu alət kimi işlətməyə çalışır, özlərindən razı salmaq üçün ona lazım olanı yox, həqiqətdən kənar olsa belə, özlərini sevdirən sözləri deyirlər. Məqsəd siyasi və partiya işlərində müxtəlif və bəzən də müqəddəs olmayan məqsədlər üçün qoşun hazırlamaqdır. Bu da səhv, yanlış, xəyanət və ilahi neməti tələf etməkdir.
Gənc istedadla dolu və çoxlu hüquqa malik bir insandır: ata-ana, məktəb, hökumət və müxtəlif sahələrin məsul şəxsləri üzərində hüquqlara malikdir. Ona inkişaf və təkamül şəraiti yaratmaq, düzgün yolu seçməsi üçün ona kömək etmək lazımdır. Bu köməyin böyük bir qismi rəftar və əməllə mümkündür. Söz həmişə təsirli olmur. Gənclərlə işləyənlər - o cümlədən İslam birliklərində çalışan siz əziz gənclər, tərbiyəvi işlərlə məşğul olan əzizlər çalışıb öz rəftarlarını ağıllı, müdrik, xeyirxah, səmimi və məhəbbətli etsinlər. Harada və necə olsalar, bu, gənclərin qəlblərini təhlükədən xilas edə bilər.
İndi mənim müraciətim siz əziz gənclərədir. Sizin qarşınızda dəyərli həyat ehtiyatı var. Gənc həyatın başlanğıcındadır. Fərz edin, əkinçi məhsulu yenicə yığıb, anbarı məhsulla doludur. Bu bol və sağlam məhsulu nə edəcək? İki iş görə bilər: Biri budur ki, ağıllı, sayıq və gələcəyi düşünən əkinçi onu sağlam saxlamağa, çürüməyə qoymamağa çalışır, lazım olan qədərini özü üçün saxlayır, əkin üçün yararlı olanı növbəti illərdə əkinə sərf etmək üçün ayırır. Biri də budur ki, bu dolu anbarın qədrini bilməsin, həmişə dolu qalacağını düşünsün, nə məqsədyönlü istifadə üçün, nə də dar günə saxlamaq üçün bir iş görsün. Bu, ağılsızlıqdır. Əlbəttə, qocalar da bu anbarın tükəndiyini hiss etmirlər. Bu, bəşərin böyük problemidir. Əzizlər, onlar da ağıllı şəkildə düşünmürlər. Düşünsələr, rəftarları, səhvləri düzələr və düzgün yol seçərlər. Lakin təəssüf ki, bəzən onlar da düzgün fikirləşmirlər. Tarixdə və öz təcrübəmizdə gördük ki, gənclər daha artıq bacarır, daha artıq istəyir və daha artıq əməl edir. Saleh insanların hakimiyyəti dövründə vəziyyət belədir. Bir çox yerlərdə gəncin bacarığından əlavə, iradəsi də yaşlı insanlardan daha yaxşı və daha güclüdür.
Siz gənclik çağındasınız, anbar hələ doludur. Anbarın bir hissəsindən əkin üçün istifadə olunmalıdır. O hissə sizin bu gənclik illərinizə aiddir. Bu, gələcəyin toxumudur. Düzgün həyat proqramınız olsun. Bəzi şeylər insanın ömrünün sonuna qədər faydalı olur, bəzi şeylər ömründən sonra, yəni sonrakı həyatda da, bəzi şeylər isə mühüm hadisələr zamanı. Siz on illərlə bu dünyada yaşayacaqsınız. Odur ki, özünüzü elm baxımından hazırlamalısınız. Elm insana ömrünün sonuna qədər faydalı amillərdəndir. Əgər elmin ardınca yaxşı və həmişəyaşar əməl də olsa, ölümdən sonra üçün də faydalı olar. Dərs oxumaq sizə ən vacib əməllərdəndir.
Gənclər üçün idman etmək ehtiyat toplamaqdır. Mən düşünürəm ki, idman hamıya vacibdir. Sözsüz ki, məqsədim peşəkar idman deyil. Peşəkar idmanı da qəbul edirik, lakin bütün gənclərin peşəkar idmanla məşğul olmasını tövsiyə etmirik. İdman sağlamlığı qorumaq üçündür. Bu da ömrün sonlarına qədər qalan bir sərvətdir. Tənbəllik və passivlik bu böyük sərvəti tələf edir. Başqa bir xüsusiyyət də var, əgər sizdə olsa, həm həyatınız dövründə sizə faydalı olar, həm digərlərinə faydalı olar, həm də ölümdən sonrakı əbədi həyatda faydalı olar. Bu, mənəvi paklıqdır. Özünüzü paklayın. Bizim əziz gənclərimiz ilahi təlimlərlə, bəşər bilgiləri ilə və düzgün dini əməllə bu işi görə bilərlər. Bu gün ictimai məsələlər də dini sahəyə aiddir. İslam Respublikasında çox olan möhtəşəm mərasimlərdə - cümə namazlarından tutmuş qələbə yürüşünə qədər bütün mərasimlərdə iştirak etmək həm də dini işdir. Bu işlərlə öz nəfsinizi, pak və nurlu qəlbinizi daha da möhkəmlədin.
Bu gün ən ağır məsuliyyətlərdən biri siz gənclərin üzərinə düşür. Bu gün inqilabdan ziyan görənlər, İslam Respublikası sayəsində bu ölkəni qarət süfrələri yığışdırılanlar gənclərin üzərində mərkəzləşmişlər. Dəfələrlə demiş və təkrar etmişlər ki, İranda gördükləri iş mədəni işdir, siyasi də deyil. Mədəni iş nədir? Yəni elə bir iş görmək istəyirlər ki, bu gün siz gənclərdə mövcud olan bu iman, həvəs, eşq və mənəvi paklıq məhv olsun. Onların planı budur və mən qətiyyətlə deyirəm ki, müvəffəq olmayacaqlar.
Bizim gəncimiz, oğlan və qızımız ayıqdır, şagirdlərimiz, universitet və hövzə tələbələrimiz ayıqdırlar. Bu oyanışı bu ölkəyə və bu gənclərə İslam və inqilab vermişdir. Məktəb və universitetlərin içinə girməyə çalışırlar. Onların ilk addımı budur ki, gənci cinsi özbaşınalığa və fəsada çəksinlər, onda olan həya hissini öldürsünlər. Siz onların məlumatsız və avam adamları vasitəsilə məktəblərdə nə işlər gördüyünü yəqin ki, məndən yaxşı bilirsiniz. Bugünkü mömin və dindar gənc bu təxribatlar qarşısında ayıqdır, harada düşmənin barmağını görsə, onu ayaqları altda əzəcək.
Tərbiyəvi işlərlə məşğul olan əziz qardaş və bacılara deyirəm: Sizin bütün səyiniz müsəlman, mömin və ayıq gənc yetişdirmək olmalıdır. Allah Şəhid Rəcai və Şəhid Bahünərə rəhmət eləsin! Məktəblərdə bu işi onlar başlatdılar. Xoşbəxtlikdən, bu gün Təlim və tərbiyə nazirliyinin yaxşı və imanlı rəhbərliyi var, bu məsələlərə əhəmiyyətli yanaşılır. Düzdür, bəziləri işləri pozurlar. Biz bunu görürük, xəbərsiz deyilik. Tərbiyəvi işlərlə məşğul olan siz əzizlərin məqsədi ilk növbədə gənci mömin, ayıq, dini məsələlərdə aydın, İslam maarifinə və İslam əməlinə sadiq yetişdirməkdir. Ölkənin gələcəyi belə təmin olunur. Gənclərin etiqadlarında şübhə yaratmaq istəyən düşmənlərin vəsvəsələrini ədavətli zümzümə sayın, işlərində uğur qazanmalarına qoymayan. Gəncləri dünya gənclərinin daha öncə məşğul olduğu və bu gün altını çəkdiyi məsələlərlə məşğul etmək bu ölkənin gənc nəslinə kömək deyil. Bəziləri müxtəlif bəhanələrlə iranlı gənci əyləncələrə, zərərli musiqilərə, cinsi həvəslərə və bu tip işlərə sövq etmək istəyirlər. Bu, qərbli, amerikalı, avropalı gənci qərq etməkdə olan bataqlıqdır. Bu, təqlidə layiq bir şey deyil. Buna qarşı çıxın.
İslam birliklərindən olan siz əziz gənclərə də deyirəm: Sizin hər biriniz bir İslam qüvvəsisiniz. Özünüzü qoruyun, islah edin və inkişaf etdirin. Özünüzü universitetə, hövzəyə və ondan sonra İslam cəmiyyətinə hazırlayın ki, işıq kimi parlaya biləsiniz. Bu ölkənin hər hansı bir yerində olan hər bir İslam birliyi bir səngərdir. 9-11-ci sinif şagirdləri düşmənin hiylə və hücumunu zərərsizləşdirmək üçün bu səngəri qorumağı bacarmalıdırlar. Bu, bir mədəni və fikir səngəridir. Elə bir səngərdir ki, onda silah din, ağıl, elm, düşüncə və mədəniyyət silahıdır. Əgər bu səngərlər möhkəm olsa, düşmən nə hərbi, nə iqtisadi, nə siyasi, nə də ən təhlükəli olan mədəni hücumda uğur qazanmayacaq. Bu günə qədər düşmənin uğursuzluqları və məğlubiyyətləri də bu mömin və yaxşı gənclərin müxtəlif sahələrdə iştirakına görə olmuşdur. Bundan sonra da belə olacaq, günbəgün genişlənəcək. Sizin və şagirdlərin hər biri qərar verib özlərini elə düzəltsinlər ki, universitetə, hövzəyə, yaxud hər hansı bir mərkəzə daxil olan gün orada bir çıraq kimi digərlərini işıqlandırsınlar. Allah-Taala möminlərin dilindən buyurur ki, bizi təqvalılar üçün imam et. Hər bir insan özündə bu qabiliyyəti yaratmalıdır. Hər hansı bir yerdə olsa, digərləri ona iqtida edə bilməlidirlər; təkcə camaat namazında yox, hətta əməldə, fikirdə, rəftarda iqtida. Bu gün Allaha şükür olsun ki, buna şərait yaranmışdır. Daxili və xarici düşmənlər tərəfindən ölkənin mədəni və siyasi sahəsində baş verən düşmənçiliklərə, xəbisliklərə rəğmən, Allahın lütfü ilə şərait dini, inqilabi və İslam şəraitidir və bu siz gənclərin paklığına görədir.
Allah-Taaladan istəyirəm ki, həzrət Bəqiyyətullahın (ə) diqqətini sizin hamınıza şamil etsin! Mənim şübhəm yoxdur ki, siz gənclərin çoxusu dövrün imamının müqəddəs nəzərindəsiniz. Bilirəm ki, sizin pak qəlbləriniz o həzrətin diqqət mərkəzindədir. İnşallah, Fatimə (ə) övladı və Allahın saleh bəndəsi sizin üçün dua etsin! O həzrətin hamı üçün duası qəbul olunacaq. Ümidvarıq Allah böyük imamımızın və şəhidlərin pak ruhlarını bizim hamımızdan razı etsin!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |