Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi. Idxalın vaxtı. Qarışıq əməliyyatlar. Agentin həyata keçirdiyi əməliyyatlar.
Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi VM maddə 169
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır.
Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Misal. A MMC 15.01.2020 ci il tarixində təhvil təslim aktina əsasən Qeyri rezidentdən 10000 manat dəyəri olan xidmətləri təhvil almışdır. Göstərilmiş xidmətlərin dəyəri isə qeyri rezidəntə mart ayında ödənilmişdir. Bu halda ergi ttulan əməliyyatin vaxtı qeyri rezidentə ödənişinin aparıldığı vaxt yəni mart ayı sayılır . Bödcəyə ödəniləsi ƏDV məbləği 10000*18% = 1800 manat təşkil edir
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.
Misal: Azərbaycan vətəndaşı respublika hüdudlarından kənarda qeyri-rezidentin elektron qaydada təşkil etdiyi lotereyada iştirak etmək məqsədi ilə 250 manat ekvivalen-tində köçürülən vəsaitə görə iştirakçıdan bank tərəfindən 45 manat (250*18) ƏDV tutularaq büdcəyə ödənilməlidir.
Misal: Azərbaycan vətəndaşı “William Hill” bukmeyker kontorunun internet-səhifəsində “elklassiko” oyununa mərc qoşmaq məqsədi ilə həmin oyunun ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluş etmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank tərəfindən 100 manat alınarkən 15,25 (100 – 100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir.
Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-fakturadır.
Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada ƏDV bəyənnaməsi verməyə borcludur. Vergi Məcəlləsiyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.
Misal. Sadələşdirilmiş vergi ödəyicisi qeyri-rezidentdən aldığı xidmətə görə 2.000 manat məbləğində ödəmə vermişdir. Sadələşdirilmiş vergi ödəyicisinin ödəməli olduğu ƏDV məbləğini müəyyənləşdirin.
Ödəmə qeyri-rezidentə verildiyindən sadələşdirilmiş vergi ödəyici olmasından asılı olmayaraq ƏDV hesablanır.
2000 x 18 % = 360 manat
Qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə, əmlakın sahibi olan qeyri-rezidentin icazəsi ilə vergi agenti idxaldan ödənilmiş vergidən ƏDV-nin məbləğinin əvəzləşdirilməsini tələb edə bilər. Bu halda vergi agenti vergi ödəyicisi sayılır və sonradan əmlakı təqdim edərkən (onun ixracı istisna edilməklə) ƏDV-nin ödənilməsi üçün cavabdehdir.
İdxalın vaxtı VM maddə 170
Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.
Qarışıq əməliyyatlar VM maddə 171
Mallar göndərilməsinə, işlər görülməsinə və ya xidmətlər göstərilməsinə yardımçı xarakter daşıyan mallar göndərilməsi, işlər görülməsi, xidmətlər göstərilməsi onların bir hissəsi sayılır.
İxracatçının malların idxalına yardımçı xarakter daşıyan işlər görməsi və ya xidmətlər göstərməsi malların idxalının bir hissəsi sayılır.
Müstəqil elementlərdən ibarət əməliyyat bölünərkən vergiyə cəlb edilən və ƏDV-dən azad olan əməliyyatlara ayrılırsa, onlara ayrı-ayrı əməliyyatlar kimi baxılır.
Agentin həyata keçirdiyi əməliyyatlar VM maddə 172
Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır.
Yuxarıda qeyd edilənlər agentin vəkalət verənə göstərdiyi xidmətlərə tətbiq edilmir.
Yuxarıda qeyd edilənlər rezident olmayan və AR-da ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməmiş şəxsin rezident agentinin AR-na mallar göndərməsinə tətbiq edilmir. Belə hallarda, ƏDV-nin məqsədləri üçün malların göndərilməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır.
Lotereyalar, turist agentlərinin xidmətləri, komisyon qaydada satış, işlənmiş malların satışı və ümumi qaydalara əsasən vergitutma bazasının müəyyənləşdirilməsi çətin olan digər sahələr üzrə ödənilməli olan ƏDV-nin məbləği bu maddə ilə müəyyənləşdirilir.
Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin vergitutma bazası aşağıdakı kimi müəyyənləşdirilir:
- Digər şəxs agent vasitəsi ilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.
Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.
Agentin digər şəxsdən aldığı elektron qaimə-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.
- Digər şəxs (vəkalət verən) üçün vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxtdır. Digər şəxs (vəkalət verən) tərəfindən malların agentə təhvil verilməsi bu məqsəd üçün nəzərdə tutulan elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
- Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.
Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduğu halda digər şəxsdən (vəkalət verəndən) qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına bu Məcəllənin 71-1.5.5-ci maddəsində nəzərdə tutulan elektron qaimə-faktura verir. Həmin elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda, alıcı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda agent tərəfindən həmin malların (işlərin, xidmətlərin) alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Bu zaman malların (işlərin, xidmətlərin) alıcısı agentdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalət verənə) malların (işlərin, xidmətlərin) dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəməklə ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.
- Agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).
Misal. ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş vergi agenti digər şəxsin 30.000 manat [ƏDV-siz] dəyərində olan malını təqdim etmiş və bunun müqabilində 700 manat məbləğində ƏDV ilə birlikdə ödəniş almışdır. Vergi agentinin ƏDV öhdəliyini müəyyənləşdirin.
Agentinin vergi tutulan əməliyyatının dəyəri digər şəxsdən aldığı (almalı olduğu) haqq (mükafat) olduğundan onun vergi öhdəliyi haqq ƏDV ilə birlikdə ödənildiyi üçün
700 x 15,25% = 106,75 manat təşkil edəcəkdir.
Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlarda ƏDV hesablanmasının sahəvi xüsusiyyətləri aşağıdakı qaydada müəyyənləşdirilir:
- Lotereya keçirən şəxs üçün vergi tutulan əməliyyatların dəyəri lotereyaların satışından əldə olunan məbləğdən uduş fondunun məbləği çıxıldıqdan sonra qalan məbləğ hesab edilir.
- Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
- AR ərazisindən digər ölkələrə keçən marşrutlar üzrə turist xidmətləri göstərən şəxslər üçün turist xidmətlərinin (AR ərazisindən kənarda göstərilən xidmətlər istisna olmaqla) dəyəri, turist vərəqələrini təqdim edən şəxslər (agentlər) üçün isə bu təqdimetmə üzrə göstərilən xidmətlərin dəyəri vergitutma bazası hesab edilir.
- Malların komisyon qaydada satışı zamanı komitent üçün vergitutma bazası komisyonçuya verilmiş malların dəyəridir (komisyon haqları çıxılmadan).
- Komisyonçunun komitentdən aldığı elektron vergi hesab-fakturası komisyonçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.
- Komisyonçu komissiyaya götürdüyü malların dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, malların alıcısına elektron vergi hesab-fakturasını verə bilməz.
- Komitent qeyri-rezident olduqda, bu Məcəllənin 172.3-cü maddəsinə əsasən malların komissiya qaydasında satışı üzrə əməliyyatlar agentin, yəni komisyonçunun apardığı əməliyyatlar hesab edilir.
Bu halda komisyonçu üçün vergitutma bazası komisyon qaydasında satdığı malların dəyəri, habelə komitentə göstərdiyi xidmətlərin dəyəri hesab edilir. Komisyonçunun vergi tutulan əməliyyatının dəyəri komisyon qaydasında satılan mallar üzrə komitentin müəyyən etdiyi satış qiyməti (ƏDV-siz) və komitentə göstərdiyi xidmətlər üzrə komitentdən almalı olduğu (aldığı) xidmət haqqıdır (mükafatdır).
Komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt sayılır.
Komisyonçu idxal olunmuş mallara görə gömrük orqanlarına ƏDV ödəmişdirsə, bu ödəmənin yerinə yetirildiyini təsdiq edən sənədlər ƏDV ödəyicisi olan komisyonçuya həmin ƏDV məbləğinin əvəzləşdirmək hüququ verir. Komisyonçu vergi ödəyicisi olduqda, komissiya qaydasında təqdim etdiyi mallara ümumi qaydada ƏDV tətbiq etməlidir.
Komisyon qaydasında idxal olunmuş mallar ƏDV ödəyicisi olan komisyonçu tərəfindən satılmadan tam və ya qismən komitentin tapşırığı ilə Azərbaycan Respublikası ərazisində başqa şəxsə verildikdə, gömrük orqanlarına ödənilmiş ƏDV-nin əvəzləşdirilən məbləğinin malların satılmayan hissəsinə düşən məbləği komisyonçu tərəfindən büdcəyə hesablanmalıdır.
- Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxt, büdcəyə ƏDV-nin hesablanması, büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi və vergi hesab-fakturalarının tətbiqi, bu maddənin müddəaları nəzərə alınmaqla, Vergi Məcəlləsiyə uyğun olaraq ümumi qaydada müəyyənləşdirilir.
ƏDV ödəyicisi olan şəxslər tərəfindən bu maddədə göstərilən əməliyyatlardan başqa digər əməliyyatlar da həyata keçirildikdə, həmin əməliyyatların uçotu ayrıca aparılır.
Dostları ilə paylaş: |