Vİlayət bağçası altıncı cİld



Yüklə 271,22 Kb.
səhifə18/19
tarix03.02.2017
ölçüsü271,22 Kb.
#7377
1   ...   11   12   13   14   15   16   17   18   19

Özünəinam34

Bismillahir-Rəhmanir-Rəhim.


Siz əziz gənclərin səfalı, səmimi və izdihamlı toplantısında iştirak etməyə çox şadam. Siz gəncsiniz və gənc paklığın, səmimiyyətin, iradənin, amallara və ideallara şövqün aynasıdır. Əziz gənclərimizin burada bəyan etdiyi müxtəlif fikirlərin hamısı mənim üçün gözəl idi. Ona görə yox ki, bu dostların təklif etdiklərinin hamısı icra olunmalı, prioritet seçilməli, yaxud ümumiyyətlə, icra olunmalıdır, yoxsa yox. Bunlar araşdırmaya ehtiyaclıdır; deyəcəyik araşdırsınlar. Lakin istedadlı tələbənin, təşkilat üzvü olan gəncin bir universitet tədbirində qalxıb öz cari məsələləri haqda fikirlərinin xülasəsini cürətlə və özünəinamla bəyan etməsinin, tələb etməsinin özü mənim üçün mənalı və çox şirindir. Mənim bugünkü söhbətimin mövzusu da əsasən, bu barədədir.
Milli özünəinam - İslam inqilabının nailiyyəti

Mən dünən xalqın ümumi toplantısında özünəinam haqqında bir qədər danışdım. Lakin əsas müraciət sizədir. Bizim ciddi şəkildə özünəinam əldə etməsinə ehtiyaclı olduğumuz təbəqə bizim gənc təbəqəmizdir; xüsusən də ölkənin gələcəyinin potensial idarəçisi olan tələbə gənclər. Mən dünən ötəri şəkildə özünəinamdan danışdım, bu gün isə bu haqda bir qədər geniş danışmaq istəyirəm. Bu təbəqə özünəinam tövsiyəsinə yaxşı qulaq asmalı, ürəkdən qəbul etməli və bütün fəaliyyətlərində onu meyar seçməlidir.

Ümumiyyətlə, mən nə üçün özünəinam məsələsini irəli sürürəm? Məgər ölkədə hansı hadisə baş verib ki, xalqımızın və gənclərimizin özlərinə güvənmələri üzərində israr edirəm. Bunun izahı var. Bizim xalqımız inqilabın, müqəddəs müdafiənin və imamın xüsusi şəxsiyyətinin təsirindən və müxtəlif inkişaflar səbəbindən bu gün özünəinamın məqbul bir həddinə çatmışdır. Qorxuruq ki, psixoloji və informasiya müharibəsində, bizimlə bu müharibəni israrla davam etdirmək istəyən düşmənlərimiz arasındakı bu yumşaq müharibədə bu özünəinam ya zədələnsin, zəifləsin, sarsılsın, ya da ən azı, xalqımızın ehtiyaclı olduğu həddə inkişaf etməsin. Biz yolun ortasındayıq. Mən əyani şəkildə görürəm ki, bu özünəinam bizim ölkəmizin bir çox görkəmli şəxsiyyətlərinin zehnində, dilində və əməlində hələ lazımi həddə çatmamışdır.
Təhlükəli xəstəlik

Özünəinamın əksi özünə inamsızlıqdır; dünya xalqlarının bir cinahının - bu gün Qərbin fikri, fəlsəfəsi, elmi, hətta onların təklif etdiyi milli inkişaf modelləri qarşısında özünə inamsızlıq; halbuki milli inkişaf modeli müxtəlif xalqlara görə fərqlənir. Çox təhlükəli xəstəlik olan özünə inamsızlığı davamlı onillər boyu xalqımızın beyninə yeridiblər. Qərb sözləri, Qərb fikri, Qərb sözlərindən nümunə götürmək bizdə yayılmış işlərdəndir. Mən indi dinləyirəm, görürəm ki, keçmiş onillər boyunca xalqın dilinə düşmüş Qərb sözlərindən əlavə, təəssüf ki, bizim radio və televiziyamızda aradabir başqa bir Qərb sözü deyilir. Xalq gedib kiməsə müraciət edib onun mənasını öyrənməlidir. Axı buna nə lüzum var?! Siz ölkəyə yeni daxil olmuş bir anlayışa söz axtarırsınızsa, gedin söz düzəldin, bu qədər geniş diliniz var.

Bunlar keçmişin qalıqlarından olan özünə inamsızlıqdır. Bunu nə üçün dedim? Ona görə ki, bizim hələ özünəinam sahəsində çox işləməli olduğumuz bilinsin. Mən qorxuram ki, bu milli özünəinam ruhu lazımi inkişaf etməsin.
Yolu davam etdirmək üçün daimi səy

Biz son xəttə çatmaq üçün dayanmadan qaçmalıyıq. Siz burada plakat üzərinə yazmısınız ki, 2025-ci ildə İran inkişaf etmiş ölkə olacaq. Mənzərənin nəticəsi budur ki, texnologiya və digər baxımdan biz regionda digər ölkələrdən irəlidə olaq. Siz elə bilirsiniz digər ölkələr elə yerində qalmışlar, biz irəliləyəcəyik, onlar isə hərəkət etməyəcəklər?! Onlar da hərəkət etməkdədirlər. Qaçış yarışıdır, əgər yolun ortasında mənim və sizin iradəmiz zəifləsə, ümidimiz azalsa, faydasız olduğunu və çatmayacağımızı düşünsək, bəllidir ki, çatmayacağıq. Mən bundan qorxur və buna görə özünəinam haqqında danışmaq istəyirəm.


Qlobal istismarçı cinah

Bu gün biz özünəinamın lazımi həddində deyilik. Dedim ki, qeyd olunan bir neçə amilin səbəbindən. Bizim düşmənimiz qlobal istismarçı və hegemon cinahdan ibarətdir. “Düşmən” dedikdə bunu nəzərdə tuturuq. İndi siz deyin tərənnümü ABŞ dövlətidir - olsun. Bizim ölkə və dövlətlərlə problemimiz yerli, irqi, milli və ad problemi deyil. Problem budur ki, onlar dünyada yeri yaranmış “İslam dövləti”, “İslam Respublikası” adlı bir güclə, onlara qarşı bu ciddi maneə ilə möhkəm vuruşurlar. Mənim fikrimcə, bu gün onun tərənnümü Amerika Birləşmiş Ştatları dövlətidir və ən böyük şeytanın təcəssümü odur. Adı nə olur-olsun, kim olur-olsun, bu, düşməndir. Bizimlə düşmənliyi də ona görədir ki, burada bir maneə var. Dayanmadan və maneə görmədən kəsib irəliləyən bir kəsici alət qarşısında möhkəm bir polad parçası dayanmışdır – kəsməyə qoymur. Təzyiq bundan ötrüdür. Bizim Qərblə problemimiz buna görədir.


İran xalqının təslim olmamaq iradəsi

Bəziləri oturub filosofcasına, ağsaqqalcasına öyüd verirlər ki, nə üçün hamı ilə dalaşırsınız. Dalaşmaq məsələsi deyil, söhbət bundan getmir ki, biz kiminləsə dalaşmaq istəyirik. Bizim işimiz istismarçı qarşısında müqavimətdir. Biz elə bir xalqıq ki, uzun əsrlər, ən azı, onillər boyu bizi yuxuda, qəflətdə, məst və huşsuz halda saxlayıblar, istədiklərini ediblər. Biz indi oyanmışıq. Biz daha təslim olmaq istəmirik. Bizim günahımız budur, problem bundadır.


Hizbullahın özünəinam hissi

İran xalqının qarşısında olan bu düşmən sizin bu günə qədər çatdığınız özünəinam həddi ilə vuruşacaq. Xüsusən də Amerika bu gün özünün Orta Şərq siyasətlərində məğlubiyyətə uğramışdır. ABŞ-ın Orta Şərq siyasətləri əsasən, İslam Respublikasına yönəlmişdi; bir tərəfdən Əfqanıstan, bir tərəfdən İraq. Düşünürdülər ki, İslam Respublikası bir kəlbətinin ağzında, təzyiq altında qalıb əllərini yuxarı qaldıracaq. ABŞ-ın Orta Şərq siyasəti sionist rejimini gücləndirməyə əsaslanırdı, ən böyük işlərindən və qərarlarından biri bu idi ki, işğal olunmuş Fələstin torpaqlarına yaxın qonşu olan Livanın daxilində hərəkətverici, mömin və təsirli qüvvə olan Hizbullahı və müqavimət gücünü ortadan götürsünlər. Ötən ildəki rüsvayçı məğlubiyyətləri ilə bu, əllərindən alındı, indiyə qədər də dayanmadan əl-ayaq çalırlar. Livanda bir iş görmək, ABŞ tərəfdarı olan bir hökumət və ordu qurmaq üçün çabalayırlar. İndi Livan problemi bundan ötrüdür. Amerikalılar öz xəyallarında bişirdikləri bu əti dişlərindən çıxarmaq istəmirlər. Onlar ordu komandanı olan əlaltılarından birini hakimiyyətə gətirmək və onun ardınca orada istədikləri kabineti qurmaq istəyirlər ki, Hizbullahı təzyiq altında saxlasınlar. Amma indiyə qədər bacarmayıblar. ABŞ kimi bir güc üçün bunlar uğursuzluqdur. O qədər iddia, o qədər güc, o qədər pul, o qədər qüdrətli diplomatiya, o qədər texniki və insani amillərlə belə, Hizbullahla mübarizə apara bilmədilər. Onlar Hizbullahı İranla əlaqəli, Hizbullahın qələbəsini İslam Respublikasının qələbəsi bilirlər. Burada da məğlubiyyətə uğradılar.


Düşmənin xalqın özünəinam ruhiyyəsi qarşısında məğlubiyyəti

Amerikalılar bir neçə ay öncəyə qədər təkid edirdilər ki, İran bütün nüvə fəaliyyətlərini kənara qoymalıdır. Yəni Liviyada olduğu kimi yerini süpürüb onlara təqdim etsinlər, tam daşındıqlarını bildirsinlər. Son zamanlar, bir neçə həftə bundan öncə vəziyyət elə bir yerə çatmışdı ki, dedilər İran indiki həddə dayansın. Baxın, bunların arasında fərq çoxdur. Bir gün bunlar beş sentrifuqa da dözməyə hazır deyildilər. Avropa ilə müzakirə aparan məmurlar demişdilər ki, iyirmi sentrifuq saxlasınlar, onlar demişdilər ki, olmaz. Demişdilər ən azı beşini, demişdilər olmaz. Əgər birini desəydilər, yenə də deyəcəkdilər olmaz. Bu gün üç min sentrifuq var, çoxu da işləməyə hazır vəziyyətdədir. Deyirlər həmin həddə dayanın. Bu da ABŞ-ın uğursuzluqlarından biridir.

Amerikalılar 11 sentyabr hadisəsindən sonra çalışdılar ki, səhnəni bu regionda ikiqütblü təsvir etsinlər: demokratiya və terrorizm arasında müharibə. Nə qədər təbliğat apardılar, nə qədər işlədilər, nə qədər hərbi hücum etdilər, ordu yeritdilər, xərc çəkdilər və nə bacarırdılarsa etdilər ki, desinlər biz demokratiya daşıyıcısıyıq, bölgə isə terror mənbəyidir, biz bölgəni xilas etməyə gəlmişik. Bu gün siz baxın, bunların fəaliyyətlərinin mərkəzi olan İraqın özündə adi camaatdan soruşun, deyəcəklər ki, terrorizmin səbəbkarı və amili amerikalıların özləridir. Heç kəs ABŞ-ın İraqa demokratiya gətirdiyini düşünmür. Qurulan bu hökumət, iş başına gələn bu kabinet, seçilən bu parlament ABŞ-ın istəyinin əksinə oldu. Bunu istəmirdilər, məcbur qaldılar; bunu hamı bilir. Deməli, bunlar müxtəlif sahələrdə uğursuz oldular.
Sayıqlıq və düşmənin yeni yollarına diqqət

İstismarçı bir güc bir xalqı mənəvi və psixoloji cəhətdən geriyə salmaqda və onun özünəinamını sındırmaqda bu qədər uğursuz olduğu zaman sakit oturarmı? Cavab budur ki, xeyr, sakit oturmaz, yeni yollar axtarar. O yeni yollar axtardığından biz də yeni üslublar fikrində olmalıyıq. Biz gərək düşmənin yeni yollarını hesablayaq, bilək ki, onun imkanları kəmiyyət imkanları deyil. Mən dəfələrlə demişəm: Düşməni kiçik və gücsüz saymaq olmaz. Düşmənin təbliğat imkanları İslam Respublikasının təbliğat imkanları ilə müqayisəedilməzdir. Mədəni-ideoloji, təbliğat və informasiya sahələrində düşmənin imkanları olduqca genişdir. Həmişə məşğuldurlar, çoxlu pul da xərcləyirlər. Dedilər ki, biz İranda quruluşun müxaliflərinə səksən milyon, yüz milyon dollar veririk. Bunlar məsələnin zahiridir. Bu iş üçün xərclədikləri olduqca çoxdur. Pul xərcləməkdədirlər. Mən, siz, bu məmləkətin gənci, tələbəsi, məmuru, müəllimi bilməlidir ki, düşmən hansı yolla gələcək. Bunu proqnoz etməlidir. Əgər proqnoz etdinizsə, o zaman cəmiyyətdə baş verən hadisələri tanıyacaqsınız. Əgər bir tufan gözlənildiyini bilirsinizsə, sizin həyatınızda sel, yaxud tufan öncəsi hadisələr baş verirsə, seldən, yaxud tufandan öncəki anları tanıyır, amilini bilirsiniz. Bilmədikdə bu amillər sizin üçün məchul qalır. Bəzən insan bilmədən o amillərə kömək də edə bilər. Mövzunu bizim üçün ciddi edən də budur.


Özünəinamın əhəmiyyəti

Mən əvvəlcə özünəinamın əhəmiyyəti barədə bir neçə cümlə deyim. Bir ölkənin istedadlı şəxsiyyətlərinə lazım olan milli özünəinamın ən mühüm təsiri digərlərindən kömək və yardım ummanın qarşısını almasıdır. Özünə güvənməyən bir xalq həmişə gözləyir ki, onun üçün bir şey gətirib versinlər. Siz hazır xörək gözlədikdə daha xörək bişirmir və xörək bişirməyi də öyrənmirsiniz. Bu, əsas təhlükələrdən biridir. Çox da aydındır, çətin, mürəkkəb, fəlsəfi bir şey deyil, amma bu aydın məsələ bəzən diqqətimizdən kənarda qalır.

Mən yaddan çıxarmıram, inqilabdan illər öncə bir dostumuzun evinə getmişdik. Ölkənin şimal rayonlarından idi, Məşhədə gəlmişdi. Biz onu görməyə getdik. Həmin şəhərdən Milli Şura Məclisində deputat olan bir nəfər də təsadüfən, Məşhəddə idi və o da bu şəxsi görməyə gəlmişdi. Biz o zaman sizin kimi gənc idik. Siz ürəyiniz istəyəni dediyiniz kimi, biz də məsələnin nəticələrini nəzərə almırdıq. Mən başladım rejimi tənqid etməyə və o zaman düşündüklərimi dedim. O, şah parlamentinin deputatı idi. Ona toxundu, ona görə başladı bizimlə mübahisə etməyə. Mənim ona dediyim sözlərdən biri bu idi ki, bu məmləkəti hərəkətsiz saxlamısınız; hamısı idxal, idxal, hamısı digərlərinin məhsulları, bəs nə üçün özümüz işləmirik? Onun verdiyi cavab düşüncə tərzini bilməniz üçün maraqlıdır. Dedi ki, çox yaxşı, çox yaxşı, avropalılar nökər kimi işləsinlər, biz də onların məhsulundan istifadə edək. Görün bir zəhərli düşüncəni bəzən xalqın və aparıcı şəxslərin beyninə necə yeridirlər.
Özünəinam və istedadların aşkara çıxması

Özünəinam olmayanda insan digərlərinin kömək etməsini, əl tutmasını gözləyir. Bir tərəfdə oturmuş gücsüz, iflic adam kimi gözləyir ki, oradan bir nəfər keçsin və ona kömək etsin. Bunun əksi ehtiyacsızlıq halətidir. İnsan ona nəsə gətiriləcəyini gözləmədikdə öz ehtiyaclarını təmin etmək barədə fikirləşir, potensial istedadı aktuala çevrilir, uğur qazanır. Hər uğur da öz arxasınca bir salxım uğur gətirir. İşin təbiəti belədir.


Müqəddəs müdafiədə özünəinam

Müqəddəs müdafiə dövrünün əvvəllərində, xüsusən də Mühafizəçilər korpusunun və Bəsic uşaqlarının “Kalaşnikov” və tüfəngdən başqa bir şeyləri olmayanda onlar bu fikrə düşdülər və bunun özü onların üzünə bəzi qapılar açdı. Mənim əziz gənclərə tövsiyəm budur ki, şəhid komandirlərin tərcümeyi-halını oxuyun. Onların sözlərinin bəzi hissələri duyğusal və mənəvidir. Onlar da öz növbəsində faydalıdır, amma bəzi hissələri döyüş təcrübələridir. Mən dəfələrlə demişəm ki, biz müharibədə RPG-7 silahını qaçaq yolla, bir neçə qat bahasına digər ölkələrdən gətirirdik. Çoxlu çətinliklər çəkirdik. Bir neçə dəfə artıq pul verib bir qədər belə primitiv silahlar əldə edirdik. O təcrübə və özünəinam nəticəsində İran xalqı elə bir yerə çatdı ki, özünün istehsal etdiyi silahların bəzisi regionda birinci dərəcəli və misilsizdir, bəzilərinin də misli azdır. Bu, həmin ehtiyaca görə idi. Çünki bizə satmırdılar. Biz hiss etdik ki, özümüzə arxalanmalıyıq. Bizim gənclərimiz özlərinə arxalandılar. Bu isə istedadları çoşdurdu. Bu özünəinam həm kəşfiyyatda var, həm elmdə, həm istehsalatda, həm də inkişaf modelində.


Yerli inkişaf modeli

Mən ötən il Məşhəd və Simnan səfərlərində bir-iki tələbə görüşlərində yerli inkişaf modeli haqda danışmışam. Yerli inkişaf modeli odur ki, biz ölkənin inkişafı üçün Avropa alimlərinin nəzəriyyələrinə müraciət etməyək. Demirəm onların elmindən bəhrələnməyək, amma bilək ki, onların nüsxəsi özləri üçündür. Onların elmini öyrənərik, amma xəstəliyimizin nüsxəsini özümüz yazmalıyıq ki, etimadlı olsun, ona arxalanaq və arxayın olaq. Özünəinam olmasa, deyəcəyik ki, məgər biz bacararıq?! Digərləri bu qədər təcrübə etmişlər, biz indi onlardan yaxşısını tapmaq istəyirik?! Bu, özünə inamsızlıqdır. İndi də təəssüf ki, bizim bəzi ali təhsillilərimiz bunu deyirlər. Biz dedik ki, yerli inkişaf modeli hazırlayaq. Deyirlər ki, hansı yerli inkişaf modeli?! Məgər mümkündür?! Baxın, bu, keçmişdən qalmış tör-töküntülərdir, özünəinamın olmamasıdır. Əgər bir xalq inkişaf etmək istəyirsə, digərlərini gözləməməlidir.


Elm adamları vasitəsilə özünə inamsızlığın təlqini

Qərblilərin, avropalıların öz xeyirlərinə tamamlanan ən çirkin işlərindən biri bu idi ki, digər ölkələlərin istedadlılarını ələ aldılar, onlara öz fikirlərini təlqin etdilər, sonra öz ölkələrinə buraxıb, dedilər gedin.

Qərb ölkələri - yəni İngiltərə, Fransa və digər ölkələr pul xərcləyib həmin ölkələrdə öz siyasi təfəkkürlərini yaymaq əvəzinə, onların yetirmələri pulsuz və minnətsiz onların işlərini gördülər. Geriqalmış və inkişaf etməmiş ölkələrin bəlalarından biri bu idi. İndi də ardıcılları var və öz işlərini görməkdədirlər. Buna son qoymaq lazımdır. Özünəinamın əhəmiyyəti budur ki, biz milli özünəinam əldə etsək, bu istedadlar çağlayacaq. O zaman görəcəyik ki, bacarırıq. Bizim üçün sübut olunacaq ki, bacarırıq.
Özünəinamın əsas maneələri

Özünəinam prosesi və onun səmərəyə çatması yolunda üç əsas maneə mövcuddur. Biz bu maneələrə diqqət yetirməliyik. Bu üç maneə milli özünəinam prosesini, onun davamlı qələbələrlə sonuclanmasını və amallara çatmasını sarsıda bilər.


1. Məyusluq yaratmaq

Birincisi məyusluq yaratmaq, elmi fərqləri üzə vurmaqdır. Bu, bir həqiqətdir ki, bizim 200 ildir elmi işlə məşğul olan və elmi cəhətdən inkişaf etmiş dünya ilə fərqlərimiz var. Bu fərqləri üzə vurur və deyirlər ki, onları necə keçmək istəyirsiniz?! Məgər mümkündür?! Bizim tədqiqatçı və alim gəncimizi bu yolla məyus edirlər. Mən deyirəm ki, bəli, olar, nə üçün olmasın?! Biz digərlərinin elmindən istifadə edib ayağımızı bir addım yuxarıya qoyarıq. Necə ki, bu işi görmüşük. Biz digərlərinin elmindən istifadə edib bəzən dünyada olmayan şeylər düzəltmişik; misal üçün, bəzi tibbi və əczaçılıq məhsulları və sair. Bunlar Qərb elmindən istifadə etməklə əldə olunub, amma onlardan daha böyük işlər görülüb. Fərq bizi məyus etməməlidir. Biz elmi sürətimizi artıra, bu fərqi günbəgün azalda bilərik. Güclü iradə ilə inkişaf edək. Xüsusən bu gün Qərb dünyası ciddi problemlər içərisindədir. Əlli il, yüz il öncə bu problemlər yox idi. Bu gün Qərbdə əxlaqi, cinsi problemlər, ümidsizliyin artımı keçmişə nisbətən çox kəskin olmuşdur. Bu gün bu məsələlər orada problemdir. Əlbəttə, belə uzunmüddətli məsələlər özünü asanlıqla gösətərmir, lakin onların sözlərindən, mütəfəkkir adamlarının açıqlamalarından anlamaq olur ki, nigarandırlar. Gənc nəsillər tənəzzülə sarı gedir, cinayətlər çoxalır, ailələrin dağılması get-gedə artır. Cilov əllərindən çıxmışdır.

Bir xalq özünü müəyyən həddə bu bəlalardan qorumağa qərar vermişdir; qərarı, Allaha təvəkkülü, özünəinamı, müəyyən amalları da var. Onlar kimi o da bu yolu keçə bilər. Biz bir gün Qərbdən irəlidə idik, amma problem yarandı, onlar çalışdılar və önə keçdilər. İndi də biz önə keçə bilərik. Gənci iradə ilə hərəkət edən, məmur və müdirləri də iradə ilə proqram və layihə hazırlayan bir xalq üçün fərqləri azaltmaq əsla qeyri-mümkün deyil. Buna əsasən, düşmən üç maneə düşünə bilər: biri məyusluğa rəvac vermək, biri istedadları yayındırmaq, biri də radikal tədbirlər, yəni hərbi hücum və bu tip işlərdir.

Bu məsələ, yəni ümidsizliyi və məyusluğu yaymaq barədə təkidim budur ki, siz gənclər daha artıq düşünün, fikirləşin, əlamətlərini görün. İndinin özündə bu işi görürlər. Bəziləri də onlar üçün, onların dili, boğazı ilə və onların xeyrinə danışırlar.


Məyusluq yaymağın bir neçə nümunəsi

İndi bu bir neçə nümunəyə baxın. Biri nüvə enerjisidir. Ölkəmiz daxilində təbliğat apardılar ki, nüvə enerjisinin xərci gəlirindən çoxdur, nə üçün bu işi görürsünüz? Beynəlxalq media da bunu tam izləyirdi və indi də izləyir. Bu iş başlayandan, yəni beş-altı il öncədən indiyə qədər həmişə bunu deyib və təkrar ediblər. Hətta bəziləri məktub yazıb dedilər ki, biz fizikik, bunların sentrifuq aparatlarını işlətmə iddiaları həqiqətə uyğun deyil. Bu sözü o qədər əminliklə dedilər ki, biz məcbur olub bəzi nümayəndələr göndərdik. Dedik ki, gedib yoxlasınlar, yaxşı baxsınlar, bəlkə bunların dediyi kimidir. Bu, beş-altı il öncəyə aiddir. Araşdırıb dedilər ki, yox, iş çox yaxşı, düzgün, elmi və əsaslı şəkildə görülür. Əvvəl dedilər olmaz, bacarmarıq, sonra bacardığımızı gördükdə dedilər ki, bu, gəlirsiz bir xərcdir. Mən ötən il novruz bayramındakı ümumi çıxışda bu barədə geniş söhbət etdim, indi təkrarlamaq istəmirəm. Necə yəni faydası yoxdur?! Biz iyirmi ildən sonra atom stansiyalarından ən azı iyirmi min meqavat elektrik enerjisi əldə etməliyik. Ölkədə enerji istifadəsi və ehtiyaclı olduğumuz elektrik istehsalının təxmini miqdarının ən azı iyirmi min meqavatı gərək atom stansiyaları ilə təmin olunsun. Əks təqdirdə, digərlərindən elektrik dilənməliyik. Əgər dilənə bilməsək, utansaq, yaxud bizə verməsələr, elektriklə işləyən hər bir şeyin xeyrindən keçməliyik: zavodun, istehsalatın, bir çox inkişaf amillərinin. Yaxşı, iyirmi ildən sonra iyirmi min meqavatı əldə etmək üçün biz nə vaxt başlamalıyıq?! İndi gec olmasa da, şübhəsiz ki, tez deyil. Bəlkə də gecikmişik.

Görün necə qəribə əsaslandırmadır: deyirlər ki, ehtiyacımız yoxdur; yaxud deyirlər ki, siz atom stansiyası tikə bilməzsiniz. Üç-dörd faiz zənginləşdirilmiş uranla nə edəcəksiniz?! Yenə "bacarmazsınız" mövzusudur. Nə üçün bacarmarıq?! Köməksiz və müəllimsiz belə bir möhtəşəm zənginləşdirmə mərkəzləri yaradan xalq nə üçün stansiya tikə bilməz?! Bacarmalıyıq. Nə üçün bacarmayaq?! Bir gün deyirdilər ki, siz buxar stansiyası tikə bilməzsiniz. Mənim yadımdadır, keçmiş rejimdə başlanıb yarımçıq qalmış bir stansiya vardı. Gəlib-gedirdilər ki, hansısa ölkədən beynəlxalq dəllallar gəlib onu tiksinlər. Bəziləri də deyirdilər ki, biz daxildə tikə bilərik. Biz bu işlərlə məşğul olan məsul şəxslərin bir neçəsini prezident aparatına çağırdıq. Dövlət məmurlarından bir neçəsini, Baş naziri və digərlərini dəvət etdik ki, müzakirə edək. Onlar dedilər ki, Tehranın yaxınlığındakı bu stansiyanı axıra çatdırmamız mümkün deyil. Bu onların qənaəti idi. Dedilər ki, ümumiyyətlə, mümkün deyil, mütləq xaricdən gəlməlidirlər. Biz xaricdən kimisə gətirmədik, daxili mütəxəssis gedib onu təkmil etdi. İndi də illərdir elektrik enerjisi istehsal edir və ölkə ondan yararlanır.

İnqilabın əvvəlində Quruculuq cihadı təşkilatı elevator (taxıl anbarı) tikmək istəyirdi. Bilirsiniz ki, tağut dövründə bizim elevatorları Sovet mütəxəssisləri tikirdilər. Tağut rejimi buğdanı ABŞ-dan alırdı, elevatorunu Sovet tikirdi. Elevatorun zahiri sadədir, amma nisbətən mürəkkəb texnologiyası var. Quruculuq cihadı dedi ki, elevator tikmək istəyirik. Ətrafdan səslər ucaldı ki, bacarmazsınız, əbəs yerə özünüzü yormayın, ölkənin sərmayəsini hədər verməyin. Onlar Xuzistanda kiçik bir elevator nümunəsi tikdilər. Mən o zaman gedib ona baxdım. Bu gün sizin İslam ölkəniz dünyada elevator tikən birinci və qabaqcıl ölkələrdəndir.

Tehranın yaxınlığındakı bəndlərin biri su buraxırdı, onu düzəltmək lazım idi. Dedilər ki, bu bəndi tikən kompaniyanın özü gəlməlidir. Gedib gətirdilər. Bu da mənim prezidentliyimin əvvəllərinə aiddir. Deyirdilər məgər biz bənd tikə bilərik?! Keçmişin təlqinləri idi. Bizim gənclərimiz iradə göstərdilər, getdilər bənd tikməyə. Bu gün İslam Respublikası Allahın lütfü ilə bölgənin ən yaxşı bənd tikən ölkəsidir. Regionumuzda İslam Respublikası kimi heç bir ölkə istər betondan, istər torpaqdan böyük bəndlər tikməkdə peşəkar deyil. Bizim tikdiyimiz bəndlər tağut dövründə xarici şirkətlər vasitəsi ilə tikilən oxşar bəndlərdən daha yaxşı, daha böyük və əlbəttə, ki, çox az xərclidir. Öz işimizdir, nə üçün bacarmarıq?! Xeyr! Atom stansiyası da tikə bilərik və tikməliyik. Bu gün başlasaq, bir neçə ildən sonra nəticə hasil olacaq. Bir neçə ildən sonra başlasaq, sonrakı bir neçə ildə nəticəsi görünəcək. Əgər başlamasaq, geri qalacağıq. Əgər zənginləşdirməni bu gün başlamasaydıq, on ildən, iyirmi ildən sonra nəhayət, başlamalıydıq. Dedilər ki, ruslar sizə zənginləşdirilmiş uran verirlər, özünüz nə etmək istəyirsiniz? Bu yaxınlarda ABŞ-ın “möhtərəm” cahil prezidentinin buyurduğu sözlərdəndir bu: ruslar verirlər, İran nə iş görmək istəyir? Burada da nə onun kimi “möhtərəm”, nə də onun qədər cahil olan bəzi şəxslər həmin sözü təkrar etdilər ki, ruslar satırlar, gördünüz ki, birinci yük gəldi, ikinci yük gəldi, siz daha nə etmək istəyirsiniz, nə üçün özünüz zənginləşdirmə aparırsınız? Sanki yerinin altı neft ehtiyatları ilə dolu olan bir ölkəyə deyirlər ki, nə üçün quyu qazırsan, get nefti xaricdən al. Yəni neft ehtiyatlarına malik olan bir ölkə nefti idxal etsin. Nə qədər gülüncdür! Əgər bir gün bu yanacağı vermək istəməsələr, yaxud desələr ki, bu qiymətə, yaxud bu şərtlə satırıq, İran xalqı da qəbul etməyə məcbur olacaq.
Nüvə enerjisi - möhkəm dayaq

Fikir versəniz, görərsiniz ki, bunlar düşmənin məyusluq yaratmaq planıdır. İndi bu qədər əhəmiyyətli olan atom enerjisi işi başlayıb. Xalq onun üçün bu qədər sevinir. Bu isə deyir ki, siz nə üçün əhəmiyyətsiz atom enerjisindən ötrü məmləkəti problemlərə salırsınız? Baxın, bu, sözügedən ümidsizlik yaratmaqdır. Bundan ehtiyatlı olmanız lazımdır. Bu, milli özünəinama zərbə vuran amildir. Təəssüf ki, bir neçə il qabaq bu iş baş verdi. Yəni İran xalqının özünəinamının möhkəm dayağına çevrilməli olan atom enerjisi məsələsini bizdən özünəinam hissini almağa vasitə etmək istədilər.

Daim təzyiq göstərdilər ki, bunu dayandırmalısınız, tətil etməlisiniz. Çatdılar İsfahanın UCF zavoduna, dedilər bunu da tətil edin. Mən o zaman məsul şəxslərə dedim ki, əgər bununla razılaşsanız, sabah deyəcəklər ki, ölkədə mövcud olan uran mədənlərinin hamısını toplayıb bizə verin və biz sizin atom bombası düzəltməyəcəyinizə əmin olaq.

Əlbəttə, bu geriçəkilmə prosesinin bizim üçün bir faydası vardı. Faydası bu idi ki, həm özümüz avropalı və qərblilərin vəd və sözlərini sınadıq, həm dünyanın ictimai rəyi sınadı, təcrübə etdi. Bu gün kim bizdən müvəqqəti dayandırmamızı istəyirsə, deyirik ki, bir dəfə dayandırdıq. İki il! İki il müvəqqəti saxladıq, faydası nə oldu?! Əvvəl dedilər ki, könüllü surətdə müvəqqəti saxlayın. Biz də bu xəyalla saxladıq. Sonra nə zaman fəaliyyətə başlamaqdan söz düşdüsə, dünya səviyyəsində, mətbuatda, informasiya vasitələrində və siyasi məclislərdə həyasızlıqla şivən qopardılar ki, ay amandır, İran nüvə fəaliyyətinə başlamaq istəyir! Fəaliyyətin dondurulması elə müqəddəs bir iş oldu ki, İranın ümumiyyətlə, ona yaxınlaşmağa haqqı yox idi. Biz bunu sınaqdan keçirmişik, yeni təcrübə deyil. Axırda da dedilər ki, müvəqqəti dondurma kifayət etmir. Ümumiyyətlə, atom süfrəsini tamamilə yığışdırmalısınız. “Altı ay fəaliyyəti dondurun” deyən avropalılar ondan sonra dedilər ki, tam yığışdırmalısınız. Bu geriçəkilmə prosesinin bizim üçün bu faydası oldu. Həm bizim özümüz üçün təcrübə oldu, həm də dünya üçün. Lakin hər halda, geriçəkilmə idi.

Mən o zaman da məsul şəxslərlə keçirilən və televiziyadan yayımlanan iclasda dedim ki, əgər bu davamlı tələb prosesini davam etdirmək istəsələr, mən özüm işə qoşulacağam; həmin işi də gördüm. Mən dedim ki, bu geriçəkilmə irəliləməyə çevrilməlidir. Birinci addımı da geri çəkilən hökumətin özü atmalıdır. Elə də oldu. Qabaqkı hökumətin dövründə irəliyə doğru birinci addım atıldı, qərara alındı ki, İsfahanın UCF zavodu açılsın, açıldı da. Ardınca da Allahın lütfü ilə bu günə qədərki inkişaflar başlandı.

Milli özünəinam sərvətini etimadsızlığa çevirmək istəyirlər ki, məbada düşmən hücum etsin, zərbə vursun. Şübhə yaratmaqla öz işlərini aparmağa çalışırlar. Misal üçün, bizim əsas siyasətlərimizdən biri ABŞ-la əlaqəni kəsməkdir. Heç zaman deməmişik ki, əbədi olaraq əlaqəni kəsəcəyik. Xeyr, hər hansı bir ölkə ilə, dövlətlə əlaqələri əbədi kəsməyə heç bir səbəb yoxdur. Məsələ bundan ibarətdir ki, bu durumda bu dövlətlə əlaqə bizə ziyandır. İnsan hər hansı bir ölkə ilə münasibəti bir mənfəətdən ötrü qurur. Bizim üçün mənfəəti yoxdursa, münasibətə maraq göstərmirik. Üstəlik, zərəri də varsa, heç maraq göstərməyəcəyik.


ABŞ-la əlaqəni kəsməyin faydası

ABŞ-la siyasi əlaqə bizə ziyandır. Əvvəla, ABŞ-ın təhlükəsini azaltmır. ABŞ İraqa hücum etdi, halbuki bir-biri ilə siyasi əlaqələri vardı, bunun orada, onun burada səfiri vardı. Əlaqə heç bir qüvvənin dəlisov və istismarçı təhlükəsini dəf etmir. İkincisi budur ki, əlaqə amerikalılara muzdur təbəqələr arasında iş aparmağa imkan yaradır. Bu gün yox, həmişə belə olmuşdur. İngilislər də belə idilər. İngilislərin səfirlikləri də uzun illər xalqın əclafları, özlərini düşmənə satmaq istəyən şəxslərlə əlaqə mərkəzi idi. Səfirliklərin işlərindən biri budur.

Təxminən 17-18 il bundan əvvəl Çində bir hadisə baş verdi və böyük qalmaqal yaratdı. Bu hadisədə ABŞ səfirliyi gərginlik və iğtişaşların idarəetmə mərkəzi idi. Bunların İranda belə boşluqları var. Bazaya ehtiyacları var, bazaları yoxdur. Onların azad get-gələ, casus və kəşfiyyatçı məmurlarının sərbəst və qorxusuz get-gəlinə, əclaf və muzdur ünsürlərlə qanunsuz əlaqələrinə ehtiyacları var. İndi belə bir şey yoxlarıdır. Əlaqə bunu təmin edəcək. İndi cənablar oturub başlayırlar boş-boş danışmağa və dəlil göstərməyə ki, ABŞ-la əlaqənin olmaması bizim üçün zərərlidir. Xeyr, cənab, ABŞ-la əlaqənin olmaması faydalıdır. ABŞ-la əlaqənin faydalı olacağı gün mən özüm bu əlaqənin yaradılmasını deyən ilk şəxs olacağam.

Deyirlər nə üçün ABŞ-ın düşmənliyini cəlb edirsiniz? Misal üçün, burada prezident sərt bir ifadə işlədir, birdən-birə, “ağıllı” cənablar deyirlər bu ifadə sərt idi, amerikalıların düşmənliyini cəlb edir. Yox, cənab, amerikalıların düşmənliyi bu söz və ifadələrə tabe deyil. Düşmənçilik prinsipial düşmənçilikdir. Bu düşmənçilik müxtəlif zamanlarda olmuşdur. İnqilabın əvvəlindən indiyədək olub, ən azı son on səkkiz ildə, yəni səkkizillik məcburi müharibədən bu günə qədər həmişə bu təhlükə olmuşdur. Yəni İran xalqı həmişə hərbi hücumla təhdid olunub. Bu günə aid deyil. Düşmənin təhlükəsini zəiflədə biləcək amil sizin güc göstərməyinizdir, zəiflik göstərməyiniz yox. Sizin zəiflik göstərməyiniz düşməni cəsarətləndirir. Düşmənin özbaşınalığının və hegemonluğunun qarşısını ala biləcək amil budur ki, o sizin güclü olduğunuzu hiss etsin. Əgər zəif olduğunuzu duysa, istədiyi işi maneəsiz şəkildə görəcək.


2. Məntiqsiz maneə yaratmaq

Ümidsizlik yaratmağa dair bir nümunəni deməyi lazım bilirəm. Yəni insaf da bunu deməyi tələb edir. Bu, qeyri-məntiqi maneə yaratmaqdır. Siz bu gün baxın, təəssüf ki, ölkə idarəsinin əksər qərarlarına dair bir qrup müxalif tərəfindən məntiqsiz maneələr törədilir.

Bəlkə də bu işləri görən şəxslər bunun necə pis təsiri olduğunu bilmirlər. Bu, sözügedən ümidsizlik yaratmaqdır; yəni özünəinamın qarşı tərəfi. Bu sahələrdə çalışan, fəaliyyət göstərən insanların çoxu təəssüf ki, işlərinin təsirini anlamırlar və diqqət yetirmirlər. Onlar bədxah insanlar deyillər. Düzdür, bəziləri bədxahdırlar, amma əksəri belə deyil, bilmir, öz işlərini düzgün dəyərləndirmirlər. Hökumət iqtisadi bir qərar qəbul edir, etiraz etiraz dalınca gəlir, özü də təhqiramiz tonda; siyasi bir qərar qəbul edir, belə olur; beynəlxalq qərar qəbul edir, belə olur; filan səfərə gedir, belə olur; filan səfərə getmir, belə olur. Biz əgər bu avtobusa minib sürücüyə inanmışıqsa, daha hər dolanbacda demək lazım deyil ki, cənab, ehtiyatlı ol, əlim filan oldu, ürəyim titrədi. O, sürücülüyünü edir və gedir. Bu elə bir haldadır ki, insafla desək, bu hökumət işgüzar və bəzi xüsusiyyətlərində nümunəvi hökumətdir. Bütün şəhərlərə getməsi mənim üçün çox əhəmiyyətlidir, çox gözəldir. Prezident, nazir, ölkənin yüksək icraçı məmurları müxtəlif şəhərlərə gedirlər. Şəhərlərə getməyin çox təsiri var. Bəziləri deyirlər ki, biz məlumatları oxuyuruq. Xeyr, məlumatı oxumaq əyani görmək kimi deyil. Bəlkə də ən çox məlumat mənə gəlir. İnsan bir şəhərə, bir vilayətə gedib xalqla oturanda, gənclərlə oturanda görür ki, verilmiş məlumatların həqiqətlə fərqi var. Hökumət bu gün bir iş görür, ölkənin hər bir yerinə səfər edir. Bunun bir tərəfini götürüb çevirirlər mənfi cəhətə və başlayırlar səhv tutmağa. Nə üçün bu səfərdə yüz qərar qəbul etdiniz? Halbuki əllisindən artığı əməl olunası deyil. Çox gözəl, indi əllisinə əməl olunsun. Bu, heçdən yaxşı deyil?! Bu, ümidsizlik yaratmaq, əbəs yerə maneə törətməkdir. Nə üçün filan yerə getdiniz, filan yerə getmədiniz? Qeyd etdiyim kimi, bu işi görənlərin əksəriyyəti işin nəticəsinə diqqət yetirmirlər. Hər halda, hər bir hökumətin mənfi cəhəti var. Bu hökumət də nöqsansız deyil. Digər hökumətlər kimi onun da mənfi cəhəti və səhvi var. Mən səhv tutmaq istəyirəmsə, məgər özümdə səhv yoxdur?! Bizim səhvlərimiz nə qədər istəsən var, bir-iki də deyil. İnsanın səhv etməsi mümkündür. Gərək çalışıb səhv etməsin, yaxud səhvi az etsin. Qarşı tərəfin səhvini görənlər də gərək ürək yandırsınlar və səhvi onun qulağına desinlər, hay-küy salmaq, xalqı soyutmaq, xalqın özünəinamını qırmaq, onları gələcəyə ümidsiz etmək əsla rəva deyil. Bu mənim hamıya müraciətimdir; həm mətbuata, informasiya vasitələrinə, həm məmurlara, həm xalqla danışmaq üçün müxtəlif tribunaları olan şəxslərə. Bu, ölkənin mənafeyi mövzusudur. Ölkənin mənafeyini nəzərə almaq lazımdır.
3. Mətbuat qalmaqalı

Üçüncü yolu da qərblilər bu illərdə ciddi surətdə getdilər. Bu, hay-küy salmaq və ajiotaj yaratmaqdır: mətbuat şantajı. Adam elə bilir ki, hay-küy salmaq xüsusi təşkilatların xüsusi çevrələrin içindəki işidir, amma yox, beynəlxalq miqyasda çox yayılmış işlərdən biri media hay-küyüdür. Bu gün media imkanları da çoxdur.


ABŞ-ın insan haqları

Bu hay-küylərin biri insan hüquqlarına dairdir. Bu sözləri elə adamlar danışırlar ki, onların Quantanamosu hər bir şərəfli insanın alnından xəcalət təri axıdır. Prezidentləri tərəfindən verilən imzalı işgəncə sərəncamı insanı həqiqət qarşısında xəcalətə salır. Quantanamonun sənədlərini, istintaq sənədlərini yüksək rütbəli məmurlarının göstərişi ilə od vurub yandırırlar. Onlar insan hüquqlarına qarşı bu qədər etinasızdırlar, xalqları bu həddə təhqir edirlər. Siz bu gün gedib İraq xalqı ilə söhbət etsəniz, deyəcəkləri birinci söz budur ki, bizə hörmətsizlik edirlər, bizi təhqir edirlər. Birinci söz işsizlik və aclıq deyil. Ərəb gəncin bir qüruru var. Gəlib xanımının qarşısında qollarına qandal vururlar, üzüqoylu uzadırlar, çəkməni kürəyinə qoyub vururlar, təhqir edirlər. Bunlar insan hüquqlarına qarşı belədirlər. İraqın Əbu Qüreyb həbsxanasının içində müttəhimlərin başına elə oyunlar açırlar ki, insan yadına salmağa xəcalət çəkir. Bəzən mənim yadıma düşür, xəcalət çəkirəm. İndi bunlar insan hüquqlarından dəm vururlar. O cümlədən, İslam Respublikasını və onlara qarşı çıxan hər bir dövləti dünya səviyyəsində ittiham edirlər ki, siz insan hüquqlarını pozdunuz. Təəssüf ki, daxildə də bunu təkrar edir, eyni sözü danışırlar.


ABŞ demokratiyası

Demokratiya məsələsində çevriliş hökumətlərini, - mən adlarını çəkmək istəmirəm, amma indi də belə hökumətlər mövcuddur, özünüz bilirsiniz - sülalə diktaturasını ciddi müdafiə edirlər. Onlar demokratiya şüarı ilə ordu yeritdikləri yerlərdə demokratiya yaratmaq istəmədilər. Əvvəl İraqda hərbçi hakim qoydular, sonra gördülər işlər getmir, siyasi hakim təyin etdilər və seçkilərə qarşı çıxdılar. Amma bununla yanaşı seçki baş tutdu. İndi də İraqın parlamentini və xalqın seçdiyi hökuməti təhdid edirlər. Sonra deyirlər ki, sizdə demokratiya yoxdur. Təəssüf ki, daxildə də bəziləri həmin sözü təkrarlayırlar. Mən doğrudan da təəccüb edirəm. Bu, ümidsizlik və ajiotaj yaratmaq, xalqın özünəinamına qarşı çıxmaqdır.


Demokratiyanın bariz nümunəsi

Biz hər il bir seçki keçiririk. Məgər belə deyil?! Məgər xalq seçkilərdə iştirak etmir?! Məgər dünyanın demokratiya iddiasında olan digər yerlərində bundan artıq bir iş görülür?! Xalq belə izdihamla və həvəslə müxtəlif seçkilərdə iştirak edir. Müxtəlif cinahlar arasında bu qədər rəqabət mövcuddur. Bunu deyən düşməndir, amma daxildə nə üçün bəziləri gizlicə, yaxud açıq şəkildə deyirlər ki, demokratiya və xalq hakimiyyəti yoxdur. Yaxud açıq şəkildə demirlər, amma elə deyirlər ki, mənası “yoxdur” alınır. Deyirlər ki, biz ölkədə demokratiya yaratmağa çalışmalıyıq. Halbuki bu, artıq mövcuddur. Olan bir şeyi yaratmaq istəyirsiniz?! Bunlar bizim xalqımızın ehtiyaclı olduğu özünəinamın əksinədir.


Qərbdə qadın hüquqları

Mən dəfələrlə əziz bacılara, öz övladlarıma, qızlarıma, tələbə gənclərə, tələbə qızlara demişəm, indi də ciddi şəkildə deyirəm ki, qadın məsələsində cavab verməli olan Qərbdir, nə İslamdır, nə İslam Respublikası. İki cinsin sərhədlərini tam aradan qaldıran, cinsi azadlığı əməldə, dildə, təbliğatda, hətta fəlsəfədə yayanlar cavab verməlidirlər. Nəticə bu oldu ki, kişinin qadına qarşı təbii təcavüzkarlıq xislətinə və fiziki üstünlüyünə görə qadın məzlum oldu, qadına qarşı hüquq pozuntuları baş verdi. Qadını öz məhsullarını satmaq üçün vasitəyə çevirdilər. Siz Qərb jurnallarına baxın, bir məhsul satmaq üçün bir qadının çılpaq bədənini göstərirlər. Bir qadına bundan böyük təhqir mümkündürmü?! Onlar cavab verməlidirlər.


Hicab - qadına hörmət

Hicab qadına hörmətdir. Qədimdə çoxlu ölkələrdə, - mən “çoxlu” deyirəm, çünki hamısından xəbərim yoxdur – hətta iki yüz il öncəyə qədər Avropada aristokrat xanımları üzlərini belə örtürdülər. Hicab hörmətdir. Qədim İranda əyan və əşraf xanımlarının hamısı hicablı idilər. Aşağı təbəqələrin qadınları isə xeyr, hicabsız da gəzirdilər, maneə yox idi. İslam gəlib bu ayrıseçkiliyi kənara qoydu, dedi ki, qadın hicablı olmalıdır. Yəni bu hörmət bütün qadınlara məxsusdur. İslamın baxışı budur. İndi onlar olublar diliuzun, biz olmuşuq borclu. Onlar borcludurlar, gərək onlar desinlər ki, nə üçün qadını bir əşya kimi ehtiras aləti etmişlər. Dünən mənə bir rəqəm göstərdilər. Bir həftə bundan qabağın statistikasıdır. Dünya qadınlarının üçdə biri kişilər tərəfindən döyülür. Bu, dəhşətdir, fəlakətdir. Və bu daha çox sənaye ölkələrində, Qərb ölkələrindədir, sözügedən cinsi kobudluqdan, kişinin qadına qarşı kobud cinsi tələblərindən irəli gəlir. Və siz onların qadın barədə ajiotajlarına baxın. İndi mübahisə edirlər ki, siz hicabı icbari etmisiniz. Özləri hicabsızlığı icbari edirlər, tələbə qızı başörtüyünə görə universitetə buraxmırlar, sonra bizə deyirlər ki, nə üçün hicabı icbari edirsiniz. Bu, qadına hörmət istiqamətindədir, o isə qadına hörmətsizlik istiqamətində. Belə nümunələr çoxdur, bunlar Qərbin rüsvayçılıqlarıdır.


Özünəinamı sarsıtmaq

Mən nigaranam ki, bu ajiotajlar onların istədiyi təsiri buraxsın. Özünəinam haqqında danışmağımın səbəblərindən biri budur. Bu səs-küylər birinci bizim, üç-dörd istedadlı şəxsiyyətimizə təsir edir, Qərbin hərzə danışığı qarşısında İran xalqı tərəfindən xəcalət hissi keçirirlər və onlar da özünəinama zərbə vurmaq üçün hücum etməyə başlayırlar. Diqqət yetirin ki, bu səs-küylər bir xalqın özünəinamını sarsıtmaq üçün üç üslubdan biridir.


Radikal tədbir ehtimalı

Bir məsələ də radikal tədbir məsələsidir. Əlbəttə, bu gün bunun ehtimalı keçmişdəkindən azdır. Burada da mən deyim ki, bəzi insafsızlıqlar baş verir. Güya istismarçı, hegemon ABŞ dövlətinin sərt təhdidini özümüzə cəlb edən biz olmuşuq. Xeyr, qeyd etdim. Məcburi müharibədən bu günə qədər elə vaxt olmayıb ki, ABŞ-ın bizə hərbi hücum ehtimalı olmasın. Bu gün keçmişdəkindən azdır. Qabaqkı hökumət qurulanda sözlərindən biri bu idi ki, bizdən qabaq ABŞ raketləri İrana tuşlanmışdı. Biz gəldik və təhlükə dəf oldu. Bu, qabaqca da olmuşdur. Keçmiş hökumətin zamanında özü şər təcəssümü olan bir şəxs İran xalqını şərin mərkəzi kimi təqdim etdi. Vücudu başdan-ayağa şər və çirkinlik olan bədxah Buş İranı şərin mərkəzi olan üç ölkədən biri kimi göstərdi. Bu o zaman idi ki, bir qədər amerikalıları nəzərə alır, daxildə bəziləri arabir onların xoşuna gələn sözlər də deyirdilər. Əlbəttə, bunu bilin ki, quruluşun yüksək rütbəli məmurları, bizim prezidentimiz, yaxud quruluşun birinci dərəcəli məmurları həmişə ixlaslı, quruluşun təməllərinə və əsaslarına hörmət edən şəxslər olmuşlar. Bu söz onlara aid deyil, ətrafda bəzi işlər görənlərə aiddir. Əsas fiqurlar belə olmamışlar.

Yaxşı, xülasə edim: Milli özünəinam bizim xalqımızın hər zaman zəruri ehtiyaclarından biridir, xüsusən də bu dövrdə. Bunun səbəbi əsasən odur ki, düşmən müxtəlif sahələrdə İran xalqına məğlub olmuşdur. İndi yeni üslublar, yeni yollar, yeni hiylə və məkrlər düşünür. Siz də Allahın bəndəsisiniz; düşmənin məkri, hiyləsi qarşısında xüsusi sayıqlığınız olsun.
Özünəinam mövzusu üzərində düşünməyin zəruriliyi

Özünəinamı zəifləndirən amillərdən çəkinmək lazımdır. Onların bəzisini mən dedim. Özünüz fikirləşin, araşdırın, tələbə jurnallarında, müəllim sinifdə, tələbə təşkilatları tələbələr arasında, tələbələr öz çevrələrində özünəinamı gücləndirən amilləri qabartsınlar.


Təsirli tələbə

Qardaşların biri dedi ki, tələbələrin təsir imkanları çox olsa da, bütün işlərdə onlarla məsləhətləşmirlər. Axı bu qədər tələbə ilə necə məsləhətləşmək olar? İndi təkcə Yəzddə 50-60 min tələbə var. Məsləhətləşmənin də öz yolu var. İşlər məsləhətsiz görülmür. Mən demək istəyirəm ki, tələbənin təsir göstərməsi məmurlara məsləhət verməkdən daha çox ətraflarına istiqamət verməklə olmalıdır. Siz ailələləriniz, valideynləriniz, qardaş və bacılarınız, çevrələriniz, qohumlarınız, dostlarınız, idman yoldaşlarınız üzərində təsir buraxa bilərsiniz. Dillə, rəftarla, əxlaqla təsir tələbə üçün ən yaxşı uğur və qələbədir. Əlbəttə, bəzi çevrələr bundan da çoxdur, xüsusən siz gəncsiniz. Bu gəncliyin qədrini bilin. Gəncliyin hövsələ və həvəsinin qədrini bilin.

İlahi! Bu əziz gənclərimizi, pak, nurlu, aydın və istedadlı qəlbləri, Sənə yaxınlaşmaq istedadına malik olan bu qəlbləri daha nurlu et, Özünə daha artıq yaxınlaşdır, aqibətlərini xeyirli et!

İlahi! Ölkənin bu gənclərin əli ilə qurulacaq gələcəyini onun bu günündən və keçmişindən dəfələrlə yaxşı və gözəl et!

İlahi! Bu yolun böyük müəllimlərini və onların başında böyük imamımızı və əziz şəhidlərimizi övliyalarınla birgə et!

İlahi! Bu şəhərin, bu vilayətin dəyərli şəhidlərini, böyük şəhid mərhum Ayətullah Səduqini və vilayətin digər əziz şəhidlərini övliyalarınla birgə et!

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 271,22 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin