Bismillahir-Rəhmanir-Rəhim.
Çox faydalandıq və həzz aldıq. Bu sözləri mənə əziz övladlar sayılan siz əziz gənclərin dilindən eşitmək həqiqətən, gözəldir. Özünüdərkin gənclər arasında belə geniş yayıldığına görə Allaha şükür edirəm. Burada bəyan etdiyiniz fikirlərin hər biri - istər humanitar elmlərə, istər əxlaqi tərbiyəyə, istər elm və sənayeyə, istər istedadlara və elmi nümunələrə imkan yaratmağa aid sözlərin hər biri mənim köhnə arzularımdır. Uzun illər bunları demişik, istəmişik və bu gün görürəm ki, ümumi bir istəyə çevrilmişdir.
Sizə təşəkkür edirəm. Bu milli toplantını təşkil və idarə edənlərə təşəkkür edirəm. Burada deyilən sözlərin əksəriyyətini qəbul edirəm, təsdiqləyirəm və cənab Doktor Vaizzadənin dediyi kimi, onların hamısı yazılıb. Onlara bir-bir baxılacaq və icra olunacaq.
Ola bilsin, müxtəlif amillər bizi bu arzulara çatmaqda bir qədər yubatsın, lakin bilin ki, bu elmi hərəkət, bu həvəs və çiçəklənmə, bu fəxr və səmərəlilik dayanan deyil, Allahın köməyi ilə artacaq. Bir şəxsdən asılı da deyil. Ölkədə bu hərəkət başlanmış, özünüdərk yaranmışdır və inşallah, mənzil başına çatacaq.
Bizim bugünkü məclisimiz, mənim fikrimcə, iki məqsəd üçündür: Biri milli və ümumi səviyyədə simvolik məqsəddir. Biz istəyirik ictimaiyyətdə ölkədə elmi hərəkatın ciddiliyinə, dövlət məmurlarının bunu istədiklərinə, bununla ciddi məşğul olduqlarına, elm, elm öyrənən və elmi nümunə üçün dəyər tanıdıqlarına dair inam yaransın. Bu gün bizim buradakı toplantımızın simvolik mənası budur.
İkinci məqsəd məmurlara, dövlətin və müxtəlif qurumların məsul şəxslərinə yenidən xatırlatmaqdır. Bilsinlər ki, bu istəyi icra etməlidirlər. Ümumi və icra siyasətlərində ölkənin elmi inkişaf və tərəqqisi qəti proqram sayılsın. Bu iki məqsəd inşallah, hasil olmuşdur.
Ölkənin elmi geriliyinin əsas amili
Mən yalnız bir neçə məqama toxunacağam. Yaxşı sözlərin çoxunu özünüz dediniz. Yeni olmayan bir məqam budur ki, elmi hərəkət bizim ölkəmiz üçün çox zəruridir. Çünki elm bir xalqın başucalığının, qüdrətinin və təhlükəsizliyinin amilidir. Elm bizə həddən artıq zəruridir. Çünki yüz ildən ibarət ən gözəl zamanında bu iş görülməyib. Qacarlar dövrünün ortalarında, yəni dünyada elm və sənaye hərəkatının zirvəyə çatdığı və çiçəkləndiyi 19-cu əsrin ikinci yarısının ortalarından elm özünü müstəmləkə formasında göstərdi. Qərb elmə yiyələnməklə dünyanı istismar etməyə başladı. O gündən etibarən təxminən yüz il, yaxud daha artıq müddətdə bizim oyanış və sayıqlıq vaxtımız idi. Bu böyük vəzifə - ölkənin elmi inkişaf vəzifəsi müxtəlif səbəblərdən tərk edildi və yerinə yetirilmədi. Əsas səbəb də avtoritar rejim, tağutların, qeyri-müstəqil, zəif və zəbun şahların hakimiyyəti idi. Biz bu geriliyin varisiyik. Bu baxımdan, bizim səyimiz daha artıq olmalıdır. Deməli, bu, həddən artıq zəruridir.
Elm sarıdan boş əl
Siz bunu bilirsiniz. Ancaq yenə də deməyim yaxşıdır ki, əli elm sarıdan boş olan bir ölkə ucalıq, istiqlaliyyət, kimlik, şəxsiyyət, təhlükəsizlik və rifah gözləyə bilməz. Bəşər həyatının xisləti və həyatın qanunu belədir. Elm ucalıq bəxş edir. Nəhcül-bəlağədə çox dərin məzmunlu bir cümlə var. Buyurur ki, elm qüdrətdir, şahlıqdır; kim onu əldə etsə, hökm edə, qələbə çala bilər; kim əldə etməsə, digərləri ona qalib olar və hökm edərlər.
Hegemon söz
Bu məsələni İran xalqı uzun bir dövrdə öz əti və qanı ilə hiss etdi. Bizə hökmranlıq və hegemonluq etdilər, sərvətlərimizi ələ keçirdilər, xalqımızı məhrum etdilər. Bizim ölkəmizin yüz il davam edən belə acı və kədərli tarixi var. Biz onun nəticələrini indi dadırıq. Biz hərəkətə başladıq, inqilab vəziyyəti dəyişdirdi, vərəqi çevirdi. Bu gün ölkəmiz dünyada siyasi və beynəlxalq iqtidar baxımından bənzəri az olan bir ölkədir. Bunu bizim düşmənlərimiz də qəbul edirlər. Xalq oyanmışdır, qorxmazdır, ölkə heysiyyətli və şəxsiyyətlidir, amma eyni zamanda nəticələrini görməkdəyik. Yəni elmi bizdən yüz il, iki yüz il qabaq əldə edib irəlidə hərəkət edənlər, inkişaf edənlər, elmin faydalarına qovuşanlar hegemonluq etməkdədirlər. Bu nüvə enerjisi, nüvə elmi və texnologiyası bir nümunədir: "Sizdə olmasın, biz sizə inanmırıq!" Hegemon söz! Bunu kimlər deyirlər? İyirmi il ərzində iki dünya müharibəsi etmiş və bütün dünyanı müharibə alovunda yandırmış avropalılar.
Hegemonizmin nümunələri
Bizə inanmadıqlarını deyən şəxslərin əli haraya çatmışsa, hərbi qüvvə yeritmişlər. Bunun canlı nümunəsi İraqdır. Bir qədər qədim və daha dərdli nümunəsi Fələstin, başqa bir nümunəsi Əfqanıstan, başqa bir nümunəsi Kosova, başqa bir nümunəsi Hiroşimadır.
Bir güllə belə atmamaq
Sənaye dövründə dünyanın ən əsas fəlakətlərinin müəllifləri olan bu şəxslər indiyə qədər heç bir qonşuya, yaxud başqa bir ölkəyə zərər yetirməyən İran xalqına - biz İslam Respublikasından danışırıq, qabaqkılarla işimiz yoxdur. İslam Respublikası dövründə bizim ölkəmiz tərəfindən heç bir qonşuya birinci olaraq, bir güllə də atılmayıb. Bunu hamı qəbul edir - deyirlər ki, sizə inanmırıq. Bu, hegemonluqdur.
Gənc üçün ibrət
İran xalqı duruş gətirib və gətirəcək. Təkcə bu hadisədə yox, biz onlarla belə hadisədə duruş gətirmişik. İndi bu məsələ ümumi səviyyəyə gətirilib. İnqilabın əvvəlindən bu günə qədər onlarla məsələdə biz qlobal hegemonluğun, quldurluğun, müftəxorluğun, səs qalınlaşdırmaların və üz turşutmalarının qarşısında möhkəm dayanmışıq. Dərk ediblər ki, biz güzəştə getməyəcəyik, amma bu hegemonluqlar var. Bunlar nədəndir? Bunlar elm silahına görədir. Baxın, bu siz gənclər üçün çox ibrətamizdir.
Hegemonun hökmranlığı
ABŞ kimi əxlaqdan, mənəviyyatdan uzaq və beynəlxalq hüquqa etinasız bir dövlət elmə malik olduğundan, elmi texnologiyaya çevirib həyatda işlətməyi bacardığından özünü beynəlxalq miqyasda belə hegemonluğa haqlı bilir. Kimin elmi olsa, digərlərinə hökm edər, elminiz olmasa, sizə hökm edərlər. Baxın, zərurət bundadır.
İnsan vicdanı
Özünü, öz kimliyini, ailəsini, övladlarını, gələcəyini, nəslini, millətini, ölkəsini, milli və dini kimliyini sevən heç bir insan bu məsələyə etinasız yanaşa bilməz. Məhz buna görə mən illərdir elm hərəkatı üzərində təkid göstərir, israr edirəm.
Təsirli elmi nümunə
Elm və təhsilin inkişafı ölkəmizin birinci ehtiyacıdır. İndi deyəcəyəm ki, təkcə təcrübi elmlər yox, bütün elmlər. Bütün elmlərlə məşğul olmaq lazımdır və bizim ölkəmiz bunu bacarar. Buna əsasən, birinci məqamın nəticəsi budur ki, ölkənin elmi nümunələrdən ibarət böyük gülüstanının bir dəstəsi olan sizlər milli iqtidarda, ölkənin quruculuğunda və gələcəyində təsirli ola bilərsiniz.
İranın ilahi sərvətləri
İkinci məqam budur ki, ölkəmiz elmi istedad baxımından orta səviyyədən yüksəkdə durur. Bu, nəzərə alınmalıdır. Mən bu hüseyniyyədə bundan bir neçə il öncə ölkə məmurlarının toplantısında dedim ki, ölkəmizin coğrafi sahəsi dünya coğrafiyasının yararlı hissəsinin təxminən yüzdə biri qədər və ölkəmizin əhalisi də yetmiş milyondur; bu da dünya əhalisinin təxminən yüzdə biri edir. Buna əsasən, dünyanın yeraltı sərvətləri sarıdan orta hesabla bizim haqqımız yüzdə bir olur. Amma biz ən mühüm yeraltı sərvətlərdə yüzdə birdən artığına malikik: ölkəmizdə əsas filizlər, polad, mis, qurğuşun və bir çox mədənlərdə dünya ehtiyatlarının üç faizi, iki faizi, dörd faizi mövcuddur. Neftin vəziyyəti də bəllidir: biz Fars körfəzində və Orta Şərqin neft regionunda ikinci neft ölkəsiyik. Biz qaz ehtiyatı sarıdan dünyanın ikinci ölkəsiyik. Görün bizim xalqımız bəşərin adambaşına düşən həddindən nə qədər artıq təbii sərvətlərə malikdir.
Zəngin insan kapitalı
Mən indi demək istəyirəm ki, bu nisbi üstünlük insan kapitalına da aiddir. Yəni ölkəmiz dünyanın elmi kadrlarının yüzdə birinə deyil, yüzdə birindən artığına malikdir; rəqəm deyə bilmərəm, çünki hesablanmamışdır. Təbii sərvətlər haqda dediyim rəqəmlər hesablanmışdır, bunu isə hesablamamışıq. İnşallah, ümidvarıq gələcəkdə bunlara da çataq, amma faktlar bunu göstərir. Bizim dünya universitetlərinin tədqiqatçılarının dünyagörmüş şəxslərindən eşitdiklərimiz bunu təsdiqləyir.
Gənc və elmin tarixi
Bizim keçmişimiz də bunu göstərir. Təəssüf ki, biz keşmişlə əlaqəni kəsmişik. Bizim gənclərimiz bizim elm tariximizi bilmirlər. Bu bizim mənfi cəhətlərimizdən biridir. Əlbəttə, deyilib və tövsiyə olunub ki, bu sahədə işlənilsin. İndi işləməkdədirlər və yaxşı işlər görülmüşdür. İnşallah, bundan sonra daha da artacaq.
Ötən əsrlərdə elmi şəxsiyyətlər
Bütün bu əsrlərdə ölkəmizdə elmi şəxsiyyətlərimiz olmuşdur. Düzdür, son əsrlərə çatanda zəifləmişdir, ləyaqətsiz padşahlar, müxtəlif daxili müharibələr qoymayıb. Lakin müxtəlif dövrlərdə dünyanın ozamankı elmləri sahəsində biz alimlər yetişdirmişik.
Farabi, İbn Sina və Xarəzmi
Hicri tarixi ilə 4 və 5-ci əsrlərdə, yəni Avropanın Orta əsrləri – miladi tarixi ilə mütləq cəhalət dövrü olan 10 və 11-ci əsrlərdə bizdə İbn Sina, Məhəmməd ibn Zəkəriyya Razi olmuşdur. Avropalılar keçmişə baxdıqda elə bilirlər ki, bütün dünya Orta əsrlərdə olmuşdur. Tarixi onlar yazmışlar. Təəssüf ki, ölkəmizdə də onların tarixləri tərcümə olunub yayılmışdır. Avropanın Orta əsrlər dövründə, yəni zülmətin, qaranlığın və məlumatsızlığın son həddində bizdə Farabi, İbn Sina, Xarəzmi kimi alimlər olmuşdur. Görün nə qədər fərq var.
Mən bir dəfə tələbələrin toplantısında Corc Sartenin elm tarixindən o dövrdə müsəlmanların inkişafı barədə bəzi sözləri demişəm. Buna əsasən, biz istedadlı insan kapitalı baxımından zəif deyilik; nə bu gün, nə də inşallah, gələcəkdə.
Fəzilətlərin xidmətində duran elm
Baxın, mənim əzizlərim! Biz ölkəni elmləndirmək istəyirik, qərbləşdirmək yox. Qərblilərin elmi var, amma elmin yanında və bu elmlə qarışmış surətdə bizim qaçdığımız məsələlər də var. Biz qərbləşmək istəmirik, alim olmaq istəyirik. Alim hesab olunan dünyanın bugünkü elmi bəşər üçün təhlükəli elmdir. Elmi müharibənin, kobudluğun, pozğunluğun, seksin, narkotik maddələrin, xalqlara təcavüzun, müstəmləkəçiliyin və qan tökməyin xidmətçisi etmişlər. Biz belə bir elmi, bu şəkildə alim olmağı istəmirik. Biz istəyirik elm insaniyyətin, ədalətin, sülhün və təhlükəsizliyin xidmətində dursun. Biz belə elm istəyirik. İslam bizə bu elmi tövsiyə edir.
Müstəmləkəsiz qüvvə
İslam ölkələri elmi baxımdan lider olduğu zaman biz heç bir ölkəni istismar etmədik, heç bir xalqın başına vurmadıq, heç bir xalqa hegemonluq etmədik. İslam elmi imanla, kitab və sünnə ilə, mənəvi paklıqla, əxlaq və mənəviyyatla birgə istəyir. Xanım qız öz çıxışında dəyərli Şəbaniyyə münacatından bir cümlə oxudu, mən o cümlədən çox həzz aldım: “İlahi! mənə elə bir ürək ver ki, şövq və eşq onu Sənə yaxınlaşdırsın!” Müsəlman alim bunu istəyir: Allaha yaxınlıq, mənəviyyat, səmimiyyət, paklıq. O zaman bu elm, bu böyük ehtiyat, bu böyük silah insaniyyəti müdafiə yolunda, insanların təhlükəsizliyi, insanlar arasında ədalət və sülhün xidmətində işlədilər. Biz bunu istəyirik. Bunu özünüzə məqsəd seçin.
Süqüt etməkdə olan sivilizasiya
Təməlləri azğın elm və kapitalizm üzərində qurulmuş siyasi kürsülərdə oturanların danışıq tonuna baxın. Qərb dövlətləri indi belədirlər. Qərb güclərinin zirvəsində ABŞ durur. Güc kürsüsünün ayaqları oliqarxların kartel və trestləri üzərində yerləşir, aləti də elmdir. Elmin vasitəsilə silahdan istifadə edirlər. Elmin vasitəsilə casusluqdan və informasiya oğurluğundan istifadə edirlər. Elmin vasitəsilə dünyanın müxtəlif yerlərində çaxnaşma törədirlər. Görün belə azğın elmə malik olan bu dövlət başçılarının danışıq tonu necədir. ABŞ prezidentinin bir neçə gün qabaqkı çıxışının nə qədər kobud, təkəbbürlü və nə qədər nifrətamiz olduğunu gördünüz. Həmin qürur və təkəbbür bunları günbəgün bataqlığa batırır. Bu gün bunu bilin: mən deyirəm ki, siz o günü görəcəksiniz, amma bizlər olmayacağıq. Siz gənclər yanlış təməl üzərində qurulmuş bu sivilizasiyanın bataqlıqda boğulacağı günü görəcəksiniz. O bu bataqlıqda anbaan aşağıya doğru gedir və şübhəsiz, süqut edəcək. Bu qürur və axmaqcasına təkəbbür də onları gözləyən süqutun amillərindən biridir. Bunlar süqut edirlər. Bu gün bir qədər çığırıb-bağırırlar, amma özləri də bilmədən üzüaşağı hərəkətdədirlər. Əlbəttə, ağıllı adamları bilirlər. Ağıllı insanlar illərdir fəryad çəkir, xəbərdarlıq edir, həyəcan təbli çalırlar. Lakin eşidən kimdir?! Hamısı məstdirlər, məst.
Hansı elmə sarı?
Diqqətli olun, biz belə elmi istəmirik. Biz elə bir elm istəyirik ki, bizi mənəviyyata, insaniyyətə, Allaha və cənnətə yaxınlaşdırsın. Siz gənclərin qəlbləriniz pakdır. Mən bu sözləri danışıram, amma bu sözlərlə formalaşmağa daha artıq hazır olan ürək sizin ürəyinizdir. Siz öz gənc qəlblərinizlə, sağlam və təravətli ruhiyyələrinizlə bu yolu keçə bilərsiniz.
Elmi nümunələrə tövsiyə
Elmi nümunələrə birinci sözüm budur ki, ehtiyatlı olun, məğrur olmayasınız. Təsadüfən, burada çıxış edən əziz gənclərin sözlərində də bu, hiss olunurdu. Qürur, özünü üstün görmək, digərlərini borclu bilmək - bunlar düzgün deyil. Bu sizə zərərlidir. Siz bu evin, bu torpağın övladlarısınız. Sizin bu ölkədəki ata-analarınız öz gəncliklərini sərf edib sizin rahat yaşaya bilməniz üçün bu binanı ucaldan şəxslərdir. Onların haqqı var. Ehtiyatlı olun ki, böyüklərə hökm, hörmətsizlik, etinasızlıq olunmasın, ölkə və xalq borclu sayılmasın. Təbii ki, dövlətin və qeyri-dövlət qurumlarında çalışanların vəzifələri bəllidir, lakin siz də qarşılığında bu məqama diqqət yetirin.
Tarixi və milli rol
Mənim siz əzizlərə ikinci nəsihətim: Özünüzə tarixi və milli rol tərif edin, şəxsi rol yox. İstedadlı bir insan özünə şəxsi rol tərif edəndə məqsədi varlanmaq, şöhrətlənmək, hamının ona hörmət etməsi olur. Bu istəklərinə çatandan sonra daha bir işi yoxdur, onun üçün başqa bir məqsəd qalmır. Amma insan özünə milli və tarixi rol tərif edəndə vəziyyət fərqlənir. Siz ölkənin gələcəyini və tarixini nəzərə alın, görün bu xalq haraya çatmalıdır və siz bu gün bu böyük relsin harasındasınız. Bu gün siz hansı rolu ifa etməlisiniz ki, o gün bu xalq orada ola bilsin. Özünüz üçün belə bir rol tərif və təsvir edin.
Beynəlxalq elm mərkəzi
Üçüncü nəsihətim də budur ki, uca məqsədlər seçin. Mən indiyə qədər bir neçə dəfə bunu gənclərin toplantısında demişəm. Məqsəd bu olmamalıdır ki, digərlərinin düzəltdiyi və bizim həmişə satın aldığımız filan texnologiyanı biz özümüz burada düzəldə bilək. Bu, bir şey deyil. Düzdür, əhəmiyyəti də az deyil, amma bizim istədiyimiz bu deyil. Siz bunu hədəf seçin ki, xalqınız və ölkəniz bir zaman bütün dünyada elm və texnologiyanın mərkəzi ola bilsin. Mən bir dəfə istedadlı gənclərin toplantısında dedim: Siz elə bir iş görün ki, bir zaman - bu zaman əlli ildən, qırx ildən sonra da ola bilər - hər hansı bir alim son elmi nailiyyətləri öyrənmək istəsə, sizin əsərinizi oxumağa və dilinizi öyrənməyə məcbur olsun. Necə ki, bu gün siz hansısa dili öyrənib xarici mənbələri tapıb oxumağa məcbursunuz. Siz elə bir iş görün ki, gələcəkdə sizin ölkəniz belə bir vəziyyətdə olsun və bunu bacararsınız. Bir gün belə olmuşdur. İranlı alimlərin kitablarını öz dillərinə tərcümə edirdilər, ya da o dili öyrənirdilər ki, başa düşə bilsinlər. Bunu bilməyiniz pis deyil ki, İbn Sinanın tibdə yazdığı Qanun kitabı 10-15 il bundan əvvəl mənim prezidentlik dövrümdə fars dilinə tərcümə olundu. Mən maraqlandım, bəzi şəxslərə tapşırdım, sonra eşitdim ki, gözəl qələmi olan bir kürd mütərcim onu fars dilinə çevirib. İbn Sina kitabı ərəbcə yazmışdı və fars dilinə çevrilməmişdi. Halbuki bu kitab bir neçə əsr əvvəl fransız dilinə tərcümə olunub. Yəni bu kitab onlara lazım olduğundan aparıb tərcümə etmişdilər. Baxın, elmi mərkəzlik budur. Sizin kitabı tərcümə etməyə, yaxud dilinizi öyrənməyə məcburdurlar. Məqsədiniz, iradəniz bu olsun, məqsədiniz elm sahəsində inkişaf etmək və elmin sərhədlərini keçmək olsun. Əlbəttə, bu sahədə mənim başqa sözlərim də var. Vaxt isə bitib və mən axrıncı məqamı deməyə məcburam.
Müxtəlif elmlərin yeri
Biz ölkənin ümumi elmi xəritəsini hazırlamalıyıq. Mən bunu ötən il də dedim. İndi Mədəni İnqilab Ali Şurasında bu iş görülür, amma daha ciddi şəkildə görülməlidir. Biz ölkənin ümumi elmi xəritəsinin nə olduğunu bilməliyik; hansı elm bu xəritənin harasında və hansı həddə yerləşir? Təsəvvür edin ki, bir idmançı yalnız öz qolları üçün idman edir, qolları şişir, amma ayağı, sinəsi və çiyinləri arıq qalır. Biz gərək belə olmayaq. Bu, faydasızdır. Bir idmançı təkcə sinə işi görüb, bədəninin digər yerlərinə heç bir qüvvə toplamasa, faydası yoxdur, gərək uyğun olsun. Bu əziz gənclərin bəzisi humanitar elmlərdən danışdılar. Biz humanitar elmlərin bəzi fənlərində dünyadan əsrlərlə irəlidəyik, bu gün bu sahədə dünyada qabaqcıl hesab olunanlardan çox irəlidəyik. Nə üçün bunları davam etdirməyək?! Humanitar elmlərin müxtəlif sahələrində - ədəbiyyatda, fəlsəfədə, tarixdə, incəsənətdə bizim dərin keçmişimiz var. Bəzi humanitar elmlər Qərbdən gəlsə də, əqli məsələlərdən ibarət mayası İran-İslam təfəkkürü və ruhundandır. Xurafatçı Avropa biologiyanı, iqtisadiyyatı, idarəetməni, psixologiyanı və sosiologiyanı bu formada tənzim edə bilməzdi. Bu, şərqin və əsasən də İslam İranının elmçilik və tərcüməçilik təfəkkürünün sovqatıdır, oraya gedib bu yeniliklə sonuclandı. Hər halda, geridə olduğumuz bu sahələrdə özümüzü irəliyə aparmalı və özümüz yaratmalıyıq, tərcümə etməməliyik. Tərcüməçiliyin bizim üçün çox böyük ziyanları var.
Ümumi elmi xəritə vacib bir şeydir. Müxtəlif elmlərin hər birinin yeri, tələbənin sayı, növü, cinsiyyəti, müxtəlif bölgələr - bunların hamısı aydın olmalıdır. Biz bilməliyik ki, nə iş görmək istəyirik. Əlbəttə, bu işlər başlanıb, lakin onu ciddi surətdə davam etdirməlisiniz.
Tədqiqat və tətbiq
Bəzi gənclərin də dediyi məsələ, yəni tədqiqat və ixtiraların tətbiqi edilməsi mənim təkid göstərdiyim məsələlərdəndir. Ola bilsin, biz bir tədqiqat aparaq, bir təbliğat layihəsində tədqiqatçımız yaxşı yerlərə çatsın, amma bu, ölkənin vəziyyətində, inkişaf və tərəqqisində rol oynamasın, milli sərvətə çevrilə bilməsin. Biz elmimizi milli sərvətə çevirməliyik. Bunun üçün çalışmaq, proqram hazırlamaq lazımdır. Bunun kənarında yenə həmin ümumi elmi xəritədə yer alan bir məqam da var. Biz elm və texnologiya məcmusunu təkmilləşdirməliyik. Bəzən onun bəzi yerləri boş görünür.
Həvəs, iradə və çalışmaq
Bütün bunların şərti sizin həvəsiniz, iradəniz, sevginiz və əlaqədar şəxslərin çalışmasıdır. Ümidvarıq Allah kömək etsin. İnşallah, bu sahədə çalışın və görürük ki, Allahın lütfü ilə işə başlanıb. Bu elmi axın başlanmışdır və inşallah, nəticələrə çatacaq.
Bugünkü görüşə çox şad oldum. Ümidvaram bu görüş bizim ölkəmizin və xalqımızın ali məqsədlərinə çatmasına kömək etsin.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |