Vİlayət bağçası altıncı cİld


Tərəqqi və inkişaf modeli19



Yüklə 271,22 Kb.
səhifə10/19
tarix03.02.2017
ölçüsü271,22 Kb.
#7377
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Tərəqqi və inkişaf modeli19

Bismillahir-Rəhmanir-Rəhim.


Şirin xatirələr

Mənim üçün bu şəhərin və Firdovsi universitetinin tələbələri arasında olmaq çox şirin və gözəldir. Bu şəhərdə bu universitetin bəzi tələbələri ilə uzun illər öncə keçirdiyimiz səmimi, həyəcanlı və eyni zamanda təhlükəli toplantıların xatirəsi təsəvvürümdə canlandı. Düzdür, bu universitetin bugünkü tələbələrinin mənim danışdığım dövrün, yəni yetmişinci illərin tələbələri ilə otuz beş illik məsafələri var. Lakin tələbəlik cərəyanı duru bir çay kimidir. Bir çayda axan sular hər an fərqlənir, amma axın bir axındır. Siz Karun, yaxud Zayəndərud çayının qarşısında dayandıqda onu ötən il gördüyünüz bir çay kimi görürsünüz. Əziz tələbə gənclər! Mən sizə baxdıqda Kəramət məscidini, İmam Həsən Müctəba (ə) məscidini xatırlayıram. Orada da sizlər, yəni otuz beş il qabaqkı sizlər otururdunuz. Quran təfsiri dərsi, Nəhcül-bəlağə dərsi və İslam hərəkatının əsasları müzakirə olunurdu, yazılırdı, deyilirdi, qamçısı da vurulurdu; həm sizə vurulurdu, həm də bizə. Zalım tağut rejimi o gün bir hövzə tələbəsinin bir qrup universitet tələbəsi ilə oturub dindən danışmasına dözmürdü. Xüsusən də bizim ogünkü tələbə məclisimiz səmimi və izdihamlı bir məclis idi. Əlbəttə, sizin bu gün inqilabdan sonra gördüyünüz bu izdihamlar inqilabdan qabaq heç yerdə və heç bir tədbirdə olmurdu. Amma ölkədə o zamanın məclis və toplantılarına nisbətən, bəlkə də heç bir tələbə toplantısı, mənim universitet tələbələrinə təfsir dərsi dediyim İmam Həsən (ə), yaxud Kəramət məscidlərindəki izdiham qədər deyildi. Siz indi həmin xatirələri canlandırırsınız.

Əvvəldə əziz tələbələrin söylədiyi məsələlər barədə bir cümlə deyim. Mən bu əzizlərin dediklərinin təxminən hamısını qəbul edirəm. Bu təkliflər, yeni fikirlər, tələbə gəncimizin beynində çaxan bu şimşəklər bizim üçün çox dəyərlidir. Sözlər yazıldı, inşallah, bunlarla maraqlanacaqlar. Bizim proqramlarımıza lazım olan işlə əlaqədar olan birbaşa bizim tərəfimizdən görüləcək. Digər qurumlara aid olanlar da tövsiyə olunacaq. Əlbəttə, tələbə əzizlər təkcə burada yox, hər bir yerdə danışanda, ideya irəli sürəndə, özlərinin yeni və şirin düşüncələrini bizimlə bölüşəndə ona giley-güzar, şükayət, ah-nalə pistonu da əlavə edirlər. Eybi yoxdur, gənclərimizin zərif qəlbləri neqativ hallar qarşısında bizim ürəyimiz kimi möhkəmlənməmişdir və tez təsirlənirlər.
İnkişaf və tərəqqi modelini öyrənməyin lazımlığı

Mənim bugünkü söhbətimin mövzusu inkişaf və tərəqqi modeli barədədir. Biz inkişaf etmək istəyirik. Bu inkişafın modeli nədir? Bu modeli öyrənməliyik. Mən tələbələrlə bir neçə ay bundan qabaq Simnandakı son görüşümdə yenilik mövzusu haqda danışdım. Dedim ki, yenilik Allahın bəşər həyatında qanunudur. Ona qarşı çıxmaq olmaz, onu qarşılamaq, idarə etmək lazımdır ki, inkişafla nəticələnsin, cəmiyyəti irəliyə aparsın. Bunu orada dedim. Əlbəttə, elə orada da dedim və indi də təkrar edirəm ki, universitet və ya hövzədən olan tələbə və müəllimlərin hamısı bu düşüncə xəttini izləməlidirlər. İndi daha artıq izah edəcəyəm ki, nəticə əldə edə bilək.


İnkişaf modeli

Böyük işlər ideyalardan başlanır. Bu ideyalar bağlı otaqlarda və boşluqda görülən bir iş deyil. Müxtəlif fikirlər, düşüncələr onunla əlaqədə və təmasda olur, nəticədə praktik və məntiqi bir şey alınır. Deməli, mənim bu gün danışmaq istədiyim mövzunun canı budur ki, biz inkişaf və tərəqqini öyrənməliyik, görək bizim ölkəmiz, cəmiyyətimiz üçün inkişaf modeli nədir.


İnkişaf adı ilə xəyanət

İnkişaf və inkişafla sonuclanan yenilik barədə həmişə iki səhv fikir mövcud olmuşdur. Bir fikir inkişaf və yenilik adı ilə edilən xəyanətlərdən ibarətdir; xidmət adı ilə və islahatçılıq bayrağı altında xalqımıza vurulan zərbələr. Qacarlar dövründə saray adamlarının çoxu və Qacar şahzadələri - onlar həm savadsız idilər, həm dünyapərəst, həm də Qərblə əlaqələri vardı - ölkəmizin və mədəniyyətimizin Qərbdən asılılığına səbəb oldular. İddiaları da bu idi ki, bu, inkişaf və yenilikdir.


Məşrutə və inkişaf adı ilə xənayət

Məşrutənin ingilis qanadının sözü və şüarı inkişaf və tərəqqi idi; Məşrutənin rəhbərlərini məhv edən, Şeyx Fəzlullahı edam, mərhum Ayətullah Bəhbəhanini terror edənlərin, Səttar xan və Bağır xanı dolayısı ilə qətlə yetirənlərin və tərk-silah edənlərin. Məşrutənin sadiq rəhbərlərini təcrid edib Qərbə və müstəmləkə siyasətlərinə bağlı olan bir qrupu məşrutəçi adı ilə xalqa hakim edənlərin şüarı da tərəqqi idi. Onlar da deyirdilər ki, inkişaf, yenilik. Bu ad altında belə böyük xənayət baş verdi.


Çevriliş edən Rza xan və inkişaf şüarı

Rza xan tərəqqi və islahat şüarı ilə iş başına gəldi, çevriliş etdi, sonra da repressiya və diktatura başladı. Bu işlərin hamısı inkişaf və tərəqqi adı altında görüldü. Onun oğlu Məhəmmədrza da islahatçılıq iddiası ilə bütün bu faciələri törətdi.


İnkişaf adı ilə xalqların müstəmləkəsi

Beynəlxalq miqyasda da belədir. Bəşər tarixinin son bir-iki əsrdə rüsvayçı ləkəsi olan müstəmləkə xalqların inkişafı adı ilə baş tutdu. Müstəmləkə - yəni yenidənqurma. İngilislər, hollandlar, portuqaliyalılar, fransızlar Asiya, Afrika və Latın Amerikasının müxtəlif nöqətələrinə gedib yenidənqurma, inkişaf və abadlıq adı altında yerli sakinləri kütləvi surətdə qırdılar, torpaqlarını işğal etdilər, oğurluq, xəyanət etdilər, faciə törətdilər.


Yeni müstəmləkəçilik, müharibə və inkişaf

Sonrakı dövrdə də yeni müstəmləkəçilik yarandı. Yenə də elə idi. Qərb ölkələrinin - ABŞ-ın, İngiltərənin və digər ölkələrin kəşfiyyat xidmətlərinin törətdiyi bütün bu təcavüz, müharibə və çevrilişlərin hamısı modernizm, inkişaf, yenilik və tərəqqi bayrağı altında edildi.


Əfqanıstan və İraq

İndi Əfqanıstan və İraq gözünüzün qarşısındadır. Amerikalıalr İraq xalqı üçün yeni dünya yaratmaq, azadlıq, demokratiya və inkişaf gətirmək üçün İraqa girdilər. Siz görün indi İraqda nə baş verir. Bəlkə də İraq xalqı sonuncusu Səddam olan bütün xuntalar dövrü boyunca bu gün amerikalıların əlindən çəkdiyi müsibəti çəkməmişdir. İraqlı qadın və kişi təhqir olunur. Amerikalı gənc çəkməsini bir iraqlı gəncin boynunun arxasına qoyur. Nə üçün? Çünki küçədən keçirmiş və ondan şübhələnib. Onu yerə uzadır, arvad-uşağının gözü qarşısında üzünü yerə sıxır, yaxud kişini arvadın gözü qarşısında döyürlər. Kişilər tərəqqi, inkişaf və qurtuluş adı altında evlərdə qadınların bədənini axtarırlar. Əfqanıstanda da belədir.


Yeniliyin düşmənləri

Deməli, “inkişaf” sözü tarix boyu və bizim öz dövrümüzdə bütün dünyada belə sui-istifadələrə məruz qalır. Digər tərəfdən də bəzi şəxslər hər bir yenilik və dəyişikliklə düşməndirlər. Deyirlər ki, bu, keçmişdə olmayıb, bunu tanımırıq, nə olduğunu bilmirik, bundan şübhələnirik. "İşlərin ən pisi yeniləridir" hədisini səhv izah etmişlər. Yenilik tarixin və təbiətin qanunu olsa da və yenilik olmadan bəşər həyatı mümkün olmasa da, bunlar düşməndirlər. Bu iki ziddiyyətli münasibət mövcuddur.


İnkişaf nədir?

Deməli, biz inkişaf və yenilikdə nəzərdə tutduğumuzu və istədiyimizi tam izah etməliyik. Nəticədə nə sui-istifadə olsun, nə də düşmənçilik və müxalifət. Əlbəttə, bunun mənası o deyil ki, biz inkişafa indi başlamaq istəyirik və buna görə inkişaf modeli axtarırıq. Yox, bizim ölkəmizdə inkişaf inqilabla başlandı. Təzyiq altında olan, istedadları yatırılmş, durğun, bizim milli istedadlarımızın dərin dəryasında heç bir hərəkətə icazəsi olmayan bir cəmiyyət inqilab hərəkəti ilə dəyişdi.


Böyük yenilik

İslam Repsublikası quruluşunun özü böyük bir yenilik, gözəl və böyük bir inkişaf idi. Bir xalq mənfur, asılı və çevrilişdən yaranmış sülalə hakimiyyətini bir xalq hakimiyyətinə çevirə bildi. Heç bir yenilik bundan üstün deyil, bunun özü ən böyük yenilik və inkişaf idi. Bunu da deyim ki, dünyanın heç bir nöqtəsində, dünya ölkələrinin heç birində bu gün gördüyünüz mənzərəni görə bilməzsiniz. Yəni dövlət məmurları tələbələrlə səmimi və üz-üzə saatlarla otursun, yaxud prezident ölkənin bütün uzaq və yaxın şəhərlərinə getsin və hər yerdə xalqın izdihamı ilə qaşılaşsın, xalqla üz-üzə danışsın. Seçki zamanı səfər edir və öz tərəfdarları ilə görüşürlər, amma həm onlar, həm də dinləyiciləri bilirlər ki, bu, seçki təbliğatıdır, seçkilərdən sonra bitəcək; istər məğlub olsunlar, istər qalib. Amma bizim ölkəmizdə xalq hakimiyyətinin mənası budur ki, təkcə xalqın seçimi yoxdur, həm də xalqla sıx və duyğusal əlaqə var, fikir mübadiləsi aparırlar. Məmurlarla xalq arasında sevgi var, sözün həqiqi mənasında sədaqətli məmurlar xalqa eşq bəsləyirlər, xalq da qarşılıqlı olaraq onlara.


Heyrətamiz inkişaf

İnqilabdan sonra bizim həm elmi, həm ictimai, həm siyasi, həm beynəlxalq sahədə, həm də iqtisadi və abadlıq işlərində inkişaflarımız heyrətamiz olmuşdur. Keçmiş bizim bugünkü gənclərimizin, tələbələrimizin gözləri önündə deyil ki, müqayisə edib bugünkü və ozamankı vəziyyətə baxsınlar. Siz bu gün ölkənizi, misal üçün, iki yüz il elmi fəaliyyəti, elm və tədqiqat keçmişi olan mütərəqqi bir ölkə ilə müqayisə edib görürsünüz ki, çatışmazlıq var. Düzdür, var, lakin bu, elmi müqayisə deyil. Ölkəni əvvəlki vəziyyəti ilə, oxşar və qonşu ölkələrlə müqayisə etmək lazımdır. Bu gün dünya statistikasında İranın elmi inkişafı birinci yerdə, yaxud yerlərdədir. Əlbəttə, bu sürətlə yanaşı hələ çox geridəyik, lakin görülən işlər bütün sahələrdə inkişafa səbəb olmuşdur. İndi bunun nümunələrinə siz öz tələbə mühitinizdə baxın. İnqilabdan sonra İranın əhalisi iki dəfə artıb, tələbələrin sayı isə on dəfə. Açılan universitetlərin, fakültələrin sayı isə bəlkə on dəfədən də çoxalıb. Bir zaman biz ən sadə bir şeyi də digərlərindən dilənirdik. Lakin bu gün ölkəmiz ən mürəkkəb texnologiyaları özü düzəldə bilir. Bu inkişaflar heyrətamizdir, möhtəşəmdir. Bunu digərləri də təsdiq edirlər.


İnkişaf modeli

Hər halda, inkişaf modeli haqda danışmağımız bundan ötrü deyil ki, biz inkişafa başlamaq istəyirik. İnkişaf inqilabdan başlanıb. Bunun mənası odur ki, inkişafı nəzəri baxımdan şəffaf və elmi tərif edək, birinci növbədə elmi nümunələr arasında, sonra da bütün xalqda buna ümumi inam yaransın. Bilsinlər ki, nə istəyirik, haraya çatmaq istəyirik. Quruluşun müxtəlif sahələri nə etməli olduqlarını bilsinlər. Əlbəttə, mən bu gün burada inkişaf modelini göstərməyəcəyəm. Xeyr, mən bu işin zəruri olduğunu çatdırmaq istəyirəm.


Örnək verən elmi nümunələr

Model hazırlamaq və örnək vermək sizin öz işinizdir; yəni bizim elmi nümunələrin işidir. Universitet tədqiqatlarında bunu araşdırmalı, müzakirə etməli və nəhayət, İslam İranı, bu coğrafiya, tarix, xalq, bu potensial və amallar üçün inkişaf modeli təsvir və təyin etməlidirlər. Onun əsasında ölkənin ümumi hərəkəti müxtəlif sahələrdə inkişafa doğru getməlidir.


İnkişaf xəyalı

Bu işin lazım olduğunu nə üçün deməliyik? Çox sadədir. Ona görə ki, bu gün bizim çoxlu elmi nümunələrimizin, çoxlu məsul işçilərimizin gözündə inkişaf modelləri məhz Qərb modelləridir. İnkişaf və tərəqqini qərblilərin hazırladığı modellər üzündən izləməliyik. Bu gün çoxları belə düşünür və bu, təhlükəli və səhv fikirdir. Həm səhvdir, yanlışdır, həm də təhlükəlidir. Qərblilər təbliğatda çox mahirdirlər. Daim təbliğat apardıqları son 200-300 il ərzində öz uğurlu təbliğatları ilə bir çox beyinlərdə bu inamı yarada bildilər ki, tərəqqi qərbləşmə ilə bərabərdir. Hər hansı bir ölkə mütərəqqi sayılmaq istəsə, gərək qərbləşsin. Bu onların təbliğatıdır. Hansı ölkə Qərbin mövcud örnəklərindən uzaqlaşsa, mütərəqqi deyil. Məsafəsi nə qədər çoxdursa, tərəqqidən bir o qədər uzaqdır. Bunun oturuşmasını istəyirlər və təəssüf ki, beyinlərdə oturuşmuşdur.


Qərblilərin elmi xəsisliyi

Mən sizə deyim ki, qərblilər heç zaman istəməyiblər və istəmirlər ki, qərbli olmayan birisi onların elm klubuna daxil olsun. Bu gün inkişaf etmiş Asiya ölkələrinin heç birinə - Yaponiyaya, Çinə və müəyyən həddə Hindistana Qərb kömək etməyib. Çin Şərq və Qərbin, kommunizm və kapitalizmin kəskin çəkişmələrində o zamanın Sovetləri tərəfindən səxavətlə himayə olundu, hətta nüvə enerjilərini ruslar verdilər; Çinin heç nəyi yox idi. Sovetlər ABŞ və Avropa qarşısında böyük bir Asiya cəbhəsi yaratmaq üçün kommunist ölkəsi olan Çini gücləndirdilər. Hindistan da sonrakı dərəcədə elə idi. Yəni Şərq və Qərb cəbhələrində Hindistan sola meyl göstərirdi. Sovetlər, yəni solçular ona kömək etdilər. Amerikalılar qarşılığında Pakistana kömək etdilər. Əlbəttə, Pakistan da nüvə enerjisini özü əldə etməyib, Çindən alıb. Lakin ABŞ göz yumdu və regional siyasi balansa görə üstünü vurmadı. Yaponiya öz elmi inkişafını ABŞ və Qərbin köməyi ilə əldə etmədi. Yaponlar elmi yol tapa bildilər. Bəlkə də oğurluq yaxşı ifadə deyil, amma onlar qarşı tərəfin razı olmadığı formada elmi ondan götürdülər. Onlar zəhmətkeş xalq olduqlarından özlərini inkişaf etdirdilər, Qərb onlara kömək etmədi.


Qərbin uğursuz inkişaf modeli

Biz indi bu tilsimi sındırmağa çalışmalıyıq. Hansı tilsimi? Ölkənin inkişafının mütləq Qərb modelllərindən asılı olduğunu düşünmək tilsimini. Bu vəziyyət ölkə üçün çox təhlükəlidir. Qərb modelləri öz şəraitlərində, öz zehni əsaslarına və prinsiplərinə uyğun şəkildə hazırlanmış, bundan əlavə, uğursuz da olmuşdur. Mən bunu qətiyyətlə deyirəm ki, Qərbin inkişaf modeli uğursuz modeldir. Düzdür, güc əldə ediblər, sərvət qazanıblar, amma bəşəriyyətə faciə yaşadıblar. Qərbin inkişafları elə inkişaflardır ki, bu gün bütün dünya və bütün bəşəriyyət ondan əziyyət çəkir; geriqalmış ölkələr bir formada, inkişaf etmiş ölkələr bir formada. Bu həmin inkişaf və tərəqqidir ki, sərvətli ailələrin çox az və barmaqsayı qruplarını sərvətə qovuşdura bilmiş, digər xalqları isə əsarətə, təhqirə və müstəmləkəyə məruz qoymuşdur. Müharibə törətmiş, zorla hökumət qurmuş və ölkələr daxilində pozğunluğu, mənəviyyatsızlığı, fahişəliyi, fəsadı, seksi, ailənin dağılmasını və bu kimi məsələləri yaymışdır. Buna görə uğurlu deyil. Siz indi Qərb ölkələrinin, misal üçün, Fransanın iki-üç əsr öncəyə aid bədii əsərlərinin oxusanız, oranın bugünkü vəziyyətini də mütaliə etsəniz, görəcəksiniz ki, oranın xalqı əxlaqi baxımdan çox böyük həddə geriləmişdir. Bu gün oraya hakim vəziyyət o zaman hakim deyildi. Əsrlər boyu Qərb sivilizasiyasının inkişafı bu ölkələri əxlaqi baxımdan problemə salmışdır, tənəzzülə uğratmışdır. Həyat vəziyyəti baxımından da xidmət etməmişlər. Yəni oralarda yoxsulluğun qarşısı alınmamışdır. İş çoxdur, amma gəlir və məhsul azdır. Buna əsasən, Qərbin inkişafı uğursuz inkişafdır. Biz inkişafı İslam-İran modeli ilə əldə etməliyik. Bu bizim üçün həyati əhəmiyyətə malikdir.


İslam inkişafının məqsədi

Qərb modelini öz cəmiyyətimizin inkişafı üçün yararsız bilməyimizə səbəb olan amil ilk növbədə Qərb fəlsəfələrinin insana baxışıdır. Düzdür, Qərb fəlsəfələri müxtəlifdir, lakin onların hamısının nəticəsi birdir. O baxışlar İslamın insana baxışı ilə tamamilə fərqlidir, fundamental və köklü bir fərqə malikdir. Buna görə, inkişaf Qərb fəlsəfəsi məntiqində başqa bir məna kəsb edir, İslam məntiqində isə başqa. Qərbin baxışında inkişaf maddi inkişafdır, əsas maddi qazancdır. Maddi qazanc nə qədər çox olsa, inkişaf daha çox olmuşdur; sərvətin və gücün çoxluğu. Qərbin istədyi inkişaf budur. Qərb məntiqi və Qərb modeli bunu istəyir, hamıya da tövsiyə edir. İnkişaf maddi olanda mənası budur ki, əxlaq və mənəviyyatı belə bir inkişafa qurban vermək olar: bir xalq inkişaf etsin, amma onda əxlaq və mənəviyyat olmasın. Lakin İslama görə, inkişaf bu deyil. Düzdür, maddi inkişaf istənilir, amma vasitə kimi. Məqsəd insanın tərəqqisi və ucalmasıdır. Ölkənin inkişafı və inkişafla sonuclanan yenilik elə proqramlaşdırılmalı və tənzim olunmalıdır ki, insan orada inkişaf edib yüksələ bilsin, təhqir olunmasın. Məqsəd insaniyyətin faydalanmasıdır, bir təbəqənin, hətta iranlı insanın da yox. Bizim İslam əsasında və İslam təfəkkürünə uyğun şəkildə izah etmək istədiyimiz inkişaf təkcə iranlı üçün faydalı deyil, nəinki xüsusi bir təbəqə üçün. Bu inkişaf bütün bəşəriyyət üçündür. Əsas fərq insana baxışdadır. Burada bir qədər dayanaq və mən İslamın bir elmi məsələsini açıqlayım.


İslamın insana baxışı

İslamda insana baxış iki aspektdən ola bilər. Bu iki aspektin hər biri bir-birini təkmilləşdirir. Bu, ölkənin bütün ümumi məsələləri və bizim gələcəyimiz üçün yazacağımız proqramların əsası ola bilər. İslamın insana baxdığı bu iki aspektin biri fərdə baxışdır, biri isə ümumi olaraq insaniyyətə. Bu iki baxış bir-birinə bağlıdır, bir-birini təkmil edir.


İnsan bir fərd kimi

Birinci baxışda İslamın müraciət obyekti bir fərddir. Burada insan bir yolla gedən yolçudur. Əgər düzgün hərəkət etsə, bu yol onu ilahi gözəlliklərə daxil edər, Allaha çatdırar: "Ey insan! Sən Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan!"20. Əgər bu yolu tərif etmək istəsək, qısa bir cümlədə demək olar ki, bu yol özünə pərəstişdən Allaha pərəstişə yoldan ibarətdir. İnsan özünə pərəstişdən Allaha pərəstişə sarı hərəkət edir. Düzgün yol budur. Bu baxışda fərdin məsuliyyəti budur ki, bu yolu keçsin. Bu müraciət bizim hər birimizə aiddir, digərləri getsinlər-getməsinlər, hərəkət etsinlər-etməsinlər, dünyanı küfr zülmətləri tutsun, yaxud iman nuru - bu baxımdan fərq etmir. Bir fərd olaraq hamının vəzifəsi bu yolla hərəkət etməkdir: "Ey iman gətirənlər! Özünüzü (nəfslərinizi) qoruyun! Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər"21. Bu yol vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdir. Qəlbin imanı bu yolla hərəkətin motorudur. Əxlaqi vərdişlər, əxlaqi keyfiyyətlər bu yolun azuqəsidir; yolu və hərəkəti asanlaşdırır, sürətləndirir. Təqva da özünü qorumaqdan ibarətdir; özündən ehtiyatlı olsun ki, bu yoldan yayınmasın. İslamın fərdə baxışında fərdin vəzifəsi budur.


Zahidlik

Bütün zamanlarda, bütün hakimiyyətlərdə bir fərdin vəzifəsi bu işləri görmək və bunun üçün çalışmaqdır. İslam bu baxışda insana bir fərd olaraq tövsiyə edir ki, zahid olsun. Zahidlik gözütoxluq, dünyaya vurulmamaqdır. İslam zahidliyə tövsiyə etməklə yanaşı, dünya ilə əlaqəni kəsməyi və dünyanı kənara qoymağı da qadağan edir. Dünya nədir? Dünya - bu təbiət, bizim bədənimiz, həyatımız, cəmiyyətimiz, siyasət, iqtisadiyyat, ictimai münasibətlərimiz, övladımız, sərvətimiz, evimizdir. Bu dünyaya könül vermək, bu nümunələrə aşiq olmaq bəyənilməz iş sayılır. Məftun olmamağın, könül verməməyin adı zahidlikdir. Amma bunları buraxmaq da olmaz. İnsanın dünya nemətlərindən, dünya malından üz çevirməsi də qadağandır: "(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar iman gətirənlər üçündür"22. Yəni heç kimin dünyadan üç çevirməyə haqqı yoxdur. Bunlar dinin aydın və qəti təlimləridir. Mən geniş izah etmək istəmirəm. Bu, fərdi baxışdır. İnsana bir fərd olaraq bu baxışda İslam həyatın ləzzətlərindən istifadəyə icazə verir, amma bunun kənarında ona Allahla ünsiyyətin, Allah zikrinin ləzzətindən ibarət daha üstün ləzzəti də öyrədir. İnsan düşüncəli və ixtiyarlı bir varlıq kimi bu yolu seçməli və onda hərəkətə başlamalıdır. Bu baxışda müraciət tərəfi, əlbəttə, ki, fərddir. Bu hərəkətin və bu fəaliyyətin məqsədi də insanın qurtuluşudur. Əgər insan ona verilən bu proqrama əməl etsə, xoşbəxt olar. Bu, bir baxışdır.


İnsan Allahın xəlifəsi kimi

Ümumi aspektdən isə bu insan yer üzündə Allahın xəlifəsi təqdim olunur. Ona dünyanın idarəsindən ibarət başqa bir vəzifə tapşırılmışdır. O, dünyanı abadlaşdırmalıdır. Bu insan dünyanı abadlaşdırmağa məmur edilmişdir. Dünyanı abadlaşdırmaq nə deməkdir? Allah-Taalanın təbiətdə yaratdığı saysız-hesabsız istedadları tapmalı və bəşər həyatının inkişafı üçün onlardan istifadə etməlidir. Yerdə və Yerin ətrafnda Allah-Taalanın yaratdığı nemətlər vardır. İnsan bunları tapmalıdır. Bir gün insan odu tanımırdı, amma od var idi. Elektrik enerjisini tanımırdı, amma təbiətdə var idi. Cazibə qüvvəsini, buxar qüvvəsini tanımırdı, amma bunlar təbiətdə vardı. Bu gün də bu təbiətdə saysız-hesabsız istedad və qüvvələr mövcuddur. Bəşər səy göstərib bunları öyrənməlidir. Bu, bəşərin vəzifəsidir. O, Allahın xəlifəsi, canişinidir və bunun nəticələrindən biri budur.


İnsanın dünyada vəzifəsi

İnsanlar barədə də belədir. Yəni insan bu ikinci baxışda öz daxili istedadlarını tapmağa borcludur. İnsan ağlı, insan hikməti, insan elmi və insanın ruhunda yaradılmış digər möhtəşəm bacarıqlar onu qüdrətli bir varlığa çevirir. Bu da ümumi baxışdır. Bu ümumi baxışda müraciət obyekti kimdir? Müraciət obyekti bütün insanlardır. Ədalətin və düzgün münasibətlərin bərqərar edilməsi istənmişdir. Kimlərdən? Bütün insanlardan. Bu ümumi baxışda müraciət hamıyadır. Ədalətli cəmiyyət, düzgün insani münasibətlər, abad və azad dünya qurmaq bütün insanların borcudur. Bu baxışda insan dünyanın ixtiyar sahibidir. Həm özünə, öz tərbiyəsinə, inkişafına, həm də dünyanın qurulmasına məsuliyyət daşıyır. Bu, İslamın insana baxışıdır.


İnsan İslamın və Qərbin baxışında

Qərb humanizmi də insan mərkəzlidir. 19-cu əsrin, ondan sonrakı və əvvəlki fəlsəfələrin əsası olan humanizm insanı mərkəz bilir. Amma necə insan? Qərb məntiqində, Qərb humanizmində olan insan İslam məntiqində olan insanla tam fərqlənir. İslam modelində insan həm təbii və həm ilahi bir varlıqdır, ikicəhətlidir. Amma Qərb baxışında insan məhz maddi varlıqdır, məqsədi həzz almaq, bəhrələnmək və dünya ləzzətlərindən istifadə etməkdir. Qərbdə inkişaf və tərəqqinin mərkəzi də budur: maraq güdən insan. İslam dünyagörüşündə sərvət, güc və elm insanın ucalması üçün vasitələr, Qərb dünyagörüşündə isə məqsədlərdir; insanlar təhqir olunsunlar, xalqlar təhqir olunsunlar, milyonlarla insan müharibələrdə tapdansınlar, öldürülsünlər, təki bir ölkə güc, sərvət əldə etsin və ya bəzi şirkətlər silahlarını satsınlar. Məntiqi fərq budur.


İnkişafın İslam xəritəsi

Buna əsasən, biz ehtiyaclı olduğumuz inkişaf xəritəsini İslamın insana baxışı əsasında hazırlamalıyıq. Bu inkişaf və tərəqqi xəritəsində inkişafın daha pozğunluqla, fəsadla birgəliyi mənasızdır. Mənəviyyat bu inkişafın əsas təməlidir. Mərkəzi insan, özü də güclü mənəvi cəhətə malik, elmi, dünyanı, sərvəti və həyat fəaliyyətini mənəvi inkişaf və Allah-Taalaya sarı getmək üçün vasitə seçmiş insan olan inkişaf o inkişafla çox fərqlənir.

Mən azan səsi eşidirəm. Adətən, azan olanda tədbiri dayandırıram. Buna görə də, indi yekunlaşdırıram.
Elmi nümunələrin ən böyük vəzifəsi

Mən demək istəyirəm ki, ölkəmizin hövzə və universitetlərinin ən böyük işlərindən biri ölkə inkişafının İslamın təməllərinə əsaslanan ümumi xəritəsini hazırlamaq olmalıdır. Qərb modelinə vurulmasınlar. O, ölkəni xilas edə, bizim ölkəmizin inkişafını tənzimləyə bilməz. Proqramlaşdırma, elm və tədqiqat mərkəzlərində çalışan şəxslər iqtisadiyyata, siyasətə, beynəlxalq siyasətə və ölkənin digər həyati məsələlərinə dair işləməli, düşünməlidirlər. Qərb formullarını, Qərbin iqtisadi formullarını, Dünya Bankının, yaxud Beynəlxalq Valyuta Fondunun formullarını ölkəyə tətbiq etmək fikrində olmasınlar. Xeyr, o nəzəriyyələr bizim üçün faydalı deyil. Əlbəttə, elmlərindən istifadə edərik, bizim təəssübkeşliyimiz yoxdur. Harada elmi inkişaf, elmi təcrübə olsa, istifadə edərik, materiallardan istifadə edərik. Amma xəritəni öz düşüncə və ehtiyacımıza uyğun tərzdə hazırlamalıyıq.


Müstəqillk

Bu gün bizim xalqımızın müstəqilliyi bütün dünyaya örnək olacaq bir nümunədir. Biz bu müstəqilliyi hər bir şeydə göstərməliyik. Müstəqillik qlobal güclərin hərəkəti qarşısında təsirlənməməkdir. Bizim xeyrimizə, məqsəd və amallarımıza uyğun olanın ardınca gedək, düşmənin media və siyasi təzyiqi altında əzilməyək. Bizim xalqımız göstərmişdir ki, bu qüvvəsi var, təzyiqlər qarşısında müqavimət göstərə bilir. Bir zaman dünyanın şərqi və qərbi əl-ələ verib bu xalqı səkkizillik ağır və çətin müharibənin təzyiqi altında qoydular, amma xalq tam qüdrətlə dözdu. O zamandan bu günə qədər media təzyiqləri, iqtisadi sanksiyalar altında olmuşuq. Bizi indi də iqtisadi sanksiya ilə təhdid edirlər. Biz nə zaman sanksiyada olmamışıq ki?! Biz nüvə sahəsində və digər elmi nailiyyətlərimizi iqtisadi sanksiya şəraitində əldə etmişik. Bunu qərblilər də bilirlər, anlayırlar. Lakin təəssüf ki, daxildə bəzi şəxslər Qərbin sözünə, təfəkkürünə və əsaslarına o qədər vurulub aldanmışlar ki, bunu qəbul etmək istəmirlər. Hətta ölkədə elmi inkişafı da digərləri təsdiqləməyincə qəbul etmirlər.


Heyrətləndirici inkişaflar

Mənim yadımdadır, təxminən iki il yarım öncə bizim sentrifuqlarımız işə başlayanda, bizim gənclərimiz və alimlərimiz bunu bacaranda, ozamankı məmurlar, prezident və digərləri bu barədə xəbər verəndə çox yaxşı, sağlam və sadiq fiziklərimizin bir qrupu mənə məktub yazdılar ki, ağa, bunlara inanma, belə bir şey baş verməyib və mümkün deyil. İnanmaq və qəbul etmək istəmirdilər. Bu, sözügedən təlqinin nəticəsidir. Qərblilər - MAQATE və digərləri gəlib baxmayınca, təsdiq və etiraf etməyincə İranda belə bir şeyin yaranmasına inanmırdılar. Ondan sonra ölkə daxilindəki gec inananlar da inandılar. Bu hadisə eynilə kök hüceyrələr məsələsində də qarşıya çıxdı. Mən bir neçə çıxışda kök hüceyrələrin inkişafından danışdım. Bəzi universitetlərdən mənə məktub yazdılar ki, ağa, siz bunu çox deməyin, həqiqət deyil, belə bir şey yoxdur. Yazdılar ki, kök hüceyrələrdə və klonlaşdırmada nailiyyətlərin əldə edildiyini deyirsiniz; inanmayın, belə bir şey baş verməyib və verməyəcək. Sonra klonlaşdırılmış qoyunu hamının gözü qarşısında göstərəndə, seminarda dünyanın məşhur alimləri, birinci dərəcəli bioloqları danışıb bu inkişafların heyrətləndirici olduğunu təsdiq edəndə gec inananlar da inandılar. Bu da bir problemdir.


İradə, çalışma, birlik

İnqilabın bizdə yaratdığı özünəinamı, milli özünəinamı günbəgün gücləndirək. Xalqın özünə inam və etimadı olsun, bilsin ki, möhkəm iradə ilə çalışsa, bütün ölkə əl-ələ versə, öz məqsədlərinə nail ola bilər. Bunu bilməliyik. Bizim universitetimiz öz sahəsində, öz elmi tədqiqatlarında buna ürəkdən inanmalıdır. Bizim tələbəmiz, müəllimimiz, tədqiqatçımız, rektorumuz bilməlidir ki, iradəli fəaliyyət sayəsində istədikləri hər bir işi görə bilərlər. Bu bizə vacib məsələdir. Əlbəttə, mənim söhbətim daha uzun idi, mövzunu kəsdim.


İnsaflı tənqid və tənqidi qəbul etmək təvazökarlığı

Sonda, əziz tələbələr, yalnız bir neçə tövsiyə edirəm. Universitetdə, tələbələr arasında insaflı tənqidin və qarşılığında tənqidi qəbul etmək təvazökarlığının hər ikisi lazımdır. Tələbə gəncin elmi mühitdə beyni və dili açıq olmalıdır, tənqid etməlidir, təbii ki, həm də insaflı olmalıdır. Tənqidi eyib axtarmaqla, əsəbiliklə və bəhanə tapmaqla qarışdırmaq olmaz. Amma tənqid etmək, eyni zamanda tənqidi qəbul etmək də lazımdır. Digərləri bir tələbə və ya tələbə təşkilatı kimi bizi tənqid etsələr, qəbul edək, yəni təmkinlə qarşılayaq.


Siyasi dözümlülük

Başqa bir tövsiyə budur ki, universitetdə siyasi dözümlülük lazımdır. Tələbə təşkilatlarının bir-birinə qarşı siyasi dözümlülüyü, siyasi nəzakəti olmalıdır. Tələbə təşkilatlarını qarşı-qarşıya qoymaq təhlükəli bir plandır. Bu planı cızmışlar, gərək ehtiyatlı olasınız. Tələbə təşkilatlarını bir-birinin canına salmaq istəyirlər. Son zamanlarda bir neçə universitetdə bu işi görürdülər. Düzdür, ağıllı, şüurlu və siyasi baxımdan yetkin tələbələr buna imkan vermədilər, amma plan bu idi. Mübarizə yolu da budur ki, tələbələr və tələbə təşkilatları nəzakətli və dözümlü olsunlar.


Zirvələrə doğru irəli!

Başqa bir tövsiyə də prinsipləri və amalçılıq ruhiyyəsini qorumaq barədədir. Siz mühafizəkar olmayın. Ola bilsin, yaşın ötməsi bəzilərini mühafizəkar etsin. Lakin hərəkətin motoru gənclərdir. Bizim gəncimiz mühafizəkar olmamalıdır. Gənc idealçı olmalıdır, amallardan əl çəkməməlidir. Amalları istəyin, zirvələri tələb edin ki, ən azı yolun yarısına çatacağımıza əmin olaq. Əlbəttə, əgər zirvəni istəsəniz, mən əminəm ki, zirvənin özünə də çatacaqsınız. Amalçılıq ruhiyyəsinin nümunələrindən biri düşüncə əsaslarına bağlanmaqdır. Amalçılıq ruhiyyəsini əldən verməyin.


Nur yolu

Növbəti tövsiyəm etiqadi və elmi, həmçinin etiqadi və əməli özünüislah məsələsidir. Bəzi əziz tələbələr də burada xatırlatdılar. Fərdi müraciətdə İslamın insana baxışını həmişə nəzərdə saxlayın, özünüzü qoruyun, insanı Allaha və nurluluğa çatdıran yol haramlardan çəkinmək və vacibləri yerinə yetirmək yoludur. Vaciblərə əhəmiyyət verin, günahlardan çəkinin. Mənəvi paklıq budur. Allaha şükür olsun ki, sizin ürəklərinizdə, ruhlarınızda çirkab yoxdur. Allah-Taala kömək edəcək, lütf göstərəcək.


Tələbə

Növbəti tövsiyə dərs oxumağa və elmi fəaliyyətlərə aiddir. Həqiqətən, dərs oxuyun, tələbə mühitlərində elm axtarışında olun. İnsan görür ki, bəzi elm mərkəzlərində tələbə həqiqi mənada tələbə deyil, yəni elm axtarışında deyil, başdansovdu və əzbərçi bir iş görür. Belə olmayın. Elmi həqiqətən, axtarın, onu təkcə mətni oxumaq və öyrənmək hesab etməyin. Bundan öncə müəllimlərlə iclasda deyirdim ki, tələbə gərək soruşsun, dərinliyinə getsin, müəllimə irad bildirsin, elmi məsələnin müxtəlif tərəflərini araşdırsın.


İdman, gümrahlıq

Nəhayət, əziz qızımız idmandan danışdı. Mən idmanı vacib sayıram. Düzdür, bu bir qədər idarəçiliyə aid məsələdir, tələbələrə imkan yaratmalıdırlar. Bir qədəri də tələbələrin özlərinə aiddir, hamısını müdiriyyətin boynuna yıxmaq olmaz. Hər halda, Məşhədin ətrafındakı belə yaxşı yüksəkliklər xalqın gözü qarşısındadır. Nə giriş üçün bilet lazımdır, nə də bir problem - amma getmirlər. Səhərlər yatmağa üstünlük verirlər, tənbəllik edirlər. İdman əhəmiyyətlidir, siz gənclərin gümrahlığı, sağlamlığı və ruhiyyəsi üçün çox mühümdür.

Ümidvarıq inşallah, Allah sizə uğur bəxş etsin və gələcəyi siz əziz gənclərin iradəsilə öz xalqımız və region xalqları üçün gözəl və aydın etsin!

Allahın salamı və rəhməti olsun sizə!




Yüklə 271,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin