Gənclər və mənzərə sənədi23
Bismillahir-Rəhmanir-Rəhim.
Əziz gənclər
Bu məclis mənim üçün doğrudan da çox şirin və gözəl bir məclisdir. İranın ən qədim şəhərinin ən əziz gənclərinin - elm, siyasət, şərəf və şöhrətin tarixi silsiləsinin varislərinin toplantısı. Halbuki digər ümumi toplantılarda da gənclər iştirak edirlər. Mənim buraya gəldiyim birinci gün idman sarayına toplaşmış izdihamın əksəriyyəti gənclər idi. Bəlkə də sizin çoxunuz orada idiniz. Bəsic, şəhid ailələri və digərləri ilə olan görüşlərdə də çoxlu simalar, əksəriyyət gənc idi. Lakin istəyirdim ki, gənclərlə, xüsusən də tələbə gənclərlə, qız və oğlanlarla özəl görüşüm olsun. Allaha şükür olsun ki, bu gün bu görüş baş tutdu. Bu təkcə gənclərə deyiləsi sözlərdən ötrü deyil, həm də ona görədir ki, gənc nəslə diqqət göstərmək, gənclərlə söhbət etmək, bizim ölkəmizin ən üstün nəsli ilə - bu gün xoşbəxtlikdən, ölkəmizin əksəriyyəti gəncdir - üz-üzə dayanmaq hamı üçün bir ənənə, mədəniyyət və adi iş olsun.
Bizim məclisimizdə, xoşbəxtlikdən, möhtərəm müəllimlər, universitetlərin möhtərəm rektorları, təhsil işləri ilə məşğul olan məsul şəxslər və əziz müəllimlər də iştirak edirlər. Onların hamısına da sevgi və hörmətimi bildirirəm.
Sizin sözləriniz elə bizim sözlərimizdir.
Söhbətdən qabaq bir cümlə deyim. Bizim əzizlərimizin burada söylədiyi sözlərin əksəri həm də bizim ürək sözlərimiz, illərdir mənim zehnimi və fəaliyyətimi özünə aid edən fikirlərdir. İnkişaf etmiş və bəzi işlər də görmüşük, lakin çalışmaq lazımdır. Bunlar bizim sözlərimizdir və doğrudan da bu əzizlərin hamısına deməliyik ki, bizim dilimizdən danışırsınız. Tələbəyə əhəmiyyət, işsizlik, nikah, elmi tədqiqat, universitetlərin texnika və proqramları, istər tələbə, istər müəllim olan elm adamına qayğı kimi məsələlər bizim maraqlandığımız məsələlərdir. Mən çox sevinir və Allah şükür edirəm ki, bu sözlərin bu gün ümumi bir istəyə çevrildiyini görürəm. Bunları daha təkcə biz demirik, siz bizə deyirsiniz. Mən sevinirəm ki, bizim əziz gəncimiz burada qalxsın və ölkədəki istedadlara dair mənə tövsiyə versin. Əzizlərimin biri burada məndən üzr istədi ki, biz təkcə mənfi cəhətləri deyirik, müsbət cəhətlərə toxunmuruq. Mən bu əzizimizə, digər gənclərə və sizin əksəriyyətinizə demək istəyirəm ki, müsbət cəhət sizin özünüzsünüz, demək lazım deyil. Bizim gəncimiz bu qədər düşüncə ilə, belə təlim-tərbiyə əlamətləri ilə buraya gəlib bizimlə danışırsa, bu, ən müsbət cəhətdir. Allaha şükür edirəm ki, məni belə bir zamanda, bu qədər yaxşı insanla, nurlu qəlblə, bu qədər xeyir aqibətli və mübarək gənclə bir zamanda yaşadır. Çiynim ağır bir məsuliyyət yükü altındadır. Təbii ki, bu, nigaranlıq yaradır, lakin Allah-Taala yanında şükrü də vardır.
Həmədan səfərindən bir xatirə
Bu gün buraya gəlməyə hazırlaşarkən bir xatirə yadıma düşdü. Mənim Həmədana ilk səfərim altmışıncı illərə və təsadüfən, gənclərə aid bir məclisə aiddir. Mən o vaxta qədər Həmədana gəlməmişdim. İndi burada iştirak edən bu cənab Məhəmmədi o zaman bəlkə də 20 yaşlı bir gənc idi. O, Tehrana gəlib məni tapdı. Mən də o zaman təsadüfən, Tehranda idim. Dedi ki, Həmədanda bir qrup gənc toplaşırıq, siz gəlin bizim üçün söhbət edin. İndi bilmirəm ki, məni ona kim tanıtdırmışdı. Soruşdum ki, Həmədana gələndə haraya gedim? Mənə bir ünvan verdi və dedi ki, buraya gəlin. Mən danışdığımız gün getdim, heç yol pulumu da vermədilər. Gedib avtobus bileti aldım, günortadan sonra yola düşdüm. Beş-altı saatdan sonra Həmədana çatdım. Gecə idi. Ünvanı götürüb soruşmağa başladım. Bizə bir xiyabanı göstərdilər. Cənab Seyid Kazım Əkrəminin evi olan bir küçəyə girdik; nazir və millət vəkili olmuş, indi də Allaha şükür olsun ki, Tehranda universitet müəllimi olan cənab Əkrəminin. O, Həmədanda sadə bir müəllim idi, məni gözləyirdi. Bəlli oldu ki, gecə bizim qalacaq yerimiz cənab Əkrəminin evidir. Ertəsi gün məni kiçik bir məscidə apardılar, oraya təxminən 20-30 gənc toplaşmışdı. Hamısı şagird idi. Bu əziz şagird burada çıxış edəndə mən o məclisi xatırladım, gözlərim qarşısında həmin səhnə canlandı. Onlar da bu yaşda idilər. Bir stul qoymuşdular, mən oturub onlarla səmimi və şirin-şirin söhbət etdim. Bir saatdan bir qədər artıq çəkdi. Qalxmaq istəyəndə buraxmadılar, dedilər yenə də oturub danışmalıyıq. Şəbistanda camaat namazı qılındığından, imam gəlməli idi. Onlar stolu və skamyaları tələm-tələsik yığışdırdılar. Məni şəbistanın yuxarısındakı kiçik bir otağa apardılar. Mən daha zaman bilmirdim. Başladım bu gənclərlə söhbət etməyə. Bu mənim Həmədanla ilk tanışlığım idi. O gənclərdən bir neçəsi bu gün bizim əziz ölkəmizin və İslam Respublikası quruluşunun görkəmli və fəal şəxsiyyətlərindəndirlər. Əlbəttə, o zaman Həmədanda indiki qədər gənc yox idi. Mənim o zaman gördüklərim Həmədanın bugünkü gənc əhalisinin mində biri olmazdı. Minlərlə gənc xiyabanda məqsədsiz hərəkət edirdilər, məqsədsiz dərs oxuyurdular, məqsədsiz fəaliyyət göstərirdilər, yeknəsəq işlərə düçar olmuşdular. Hələ Həmədan Darülmöminin idi. Digər şəhərlədə gənclər bəzi istisnaları çıxmaqla, mütləq surətdə laqeyd və məqsədsiz idilər, gələcək mənzərəni dərk etmirdilər; xammal tökülən və o tərəfindən bir məhsul çıxan maşın sayağı.
Tağut dövründə gənclər
Bizim ölkəmiz, böyük xalqımız və xüsusən gənc təbəqəmiz, bəzi istisnaları çıxmaq şərtilə, o zaman ümumi olaraq qəflət içində idi. Bu qafillər arasında dindar və təqvalı insanlar da vardı, dinsiz və laqeyd adamlar da. Elələri də vardı ki, günah adamı deyildilər, pak gənclər idilər, lakin ümumi qəflətdə hamı eyni idi. İranda İslam hərəkatının gördüyü ən böyük iş bu idi ki, biz iranlıları tərpədib qəflət, laqeydlik və etinasızlıq yuxusundan çıxarıb gələcəyə sarı apardı. Sədi Gülüstanında birinci babın ikinci, yaxud üçüncü dastanında bir oğru qrupun hekayəsini danışır. Deyir ki, bunlar bəzi adamlara hücum etmək istəyirdilər, amma onlara qarşı hücuma keçən birinci düşmən yuxu idi. Xarici düşməndən qabaq onların daxilindən bir düşmən onlara qələbə çaldı. Həmin düşmən yuxudan ibarət idi. Biz yuxuda idik, inqilab bizi oyatdı. Mənim özüm Həmədanın 3100 illik tarixini yada salanda qürur duyuram. Həmədan həm də mənim evimdir. Bir şəhər 3100 il ayaqda qalmışdır! İnsan qürur hissi keçirir. Lakin bu, məsələnin bir tərəfidir. Məsələnin başqa bir tərəfi odur ki, simvolu Həmədan olan 3100 illik tarixdə biz İran xalqı ilahi peyğəmbərlərin, ilahi dinlərin insandan istədiyi formada taleyimizə hakim olmuşuqmu?! Özümüzü tanımışıqmı?! Öz gələcəyimiz üçün bir proqram cızmışıqmı?! Bu uzun və qədim tarixin ən yaxşı dövrləri bacarıqlı bir diktatorun hakimiyyətdə olduğu dövrlərdir. O bizim üçün qərar verib, gələcək müəyyənləşdirib, ölkəni böyüdüb. İran xalqı bir toplum olaraq İslam inqilabının qələbəsindən qabaq özünə bir mənzərə tərif etməyə, o mənzərəni seçməyə, onun üçün proqram hazırlamağa və ona doğru hərəkət etməyə macal və imkan tapmadı. Özümüz üçün bir mənzərə tərif etməyincə, heç bir düzgün iş baş tutmaz, hamısı gündəlik işlər olar. Tərif etdikdən sonra proqram hazırlamasaq, proqramsız iş nəticə verməz. Proqram hazırlayandan sonra iradə ilə çalışmasaq, beynimizi, əzələlərimizi və cismimizi əziyyətə salıb yola çıxmasaq, məqsədə çatmarıq. Bunlar vacibdir.
Bir zaman söhbət bir nəfərdən gedir. O, qərar verir və iradə edir ki, qalxsın, hərəkət etsin və qalxıb hərəkət edir. Lakin bir zaman söhbət bir xalqdan gedir. Bir xalq hərəkət etməli, yola çıxmalı, seçim etməlidir. Burada iş mürəkkəb və çətin olur. İnqilab bizə bu bacarığı verdi. Biz tarixin daş-divarını yarıb özümüzü bu çərçivədən və daş hasardan çıxara bildik. İnqilab bununla da kifayətlənməyib bizə bir örnək göstərdi. Bu örnək İslam Respublikasıdır: respublika və İslam.
Dini demokratiya
Bu gün bizim irəli sürdüyümüz dini demokratiya məsələsi “İslam Respublikası”nın tərcüməsindən başqa bir şey deyil. Bu gün bəziləri mübaliğəli şəkildə və bəzən də çox insafsızcasına demokratiyadan dəm vururlar. Demokratiya İranda tarixi keçmişə malik bir şey deyil, ümumiyyətlə, olmayıb. Bu həqiqət və bu anlayış İslam Respublikası ilə tərif olundu və həyata keçdi. Əlbəttə, demokratiyanın dairəsini genişləndirmək, keyfiyyətini artırmaq olar. Hər bir şeyi yaxşılaşdırmaq olar; buna şübhə yoxdur. Lakin İslam Respublikasına qarşı insafsızlıq etmək olmaz. İslam Respublikasını inqilab bizə təqdim etdi. Biz anladıq ki, iki məsələ şərtdir: Biri budur ki, xalq qərar verməli, seçməli və hərəkət etməlidir. Bu, respublikadır. Biri də budur ki, bu seçimin və bu hərəkətin məqsəd və amallarını bizim üçün İslam dini təsvir etməlidir. İslamın yerinə başqa bir şey də ola bilərdi. Məgər dünyada necədir? Siz elə bilirsiniz ki, dünyanın liberal-demokrat respublikalarının məqsəd və amalları yoxdur?! Bəs bu məqsədləri kimlər tərif edirlər? Bunları tərif edənlər bəşəriyyətə ürək yandıran mütəfəkkirlər, humanist insanlardır?! Yoxsa dünya dövlətlərinə və güclərinə hakim olanlar: kartellər, trestlər, oliqarxlar və bu gün ilk növbədə sionistlər?! Əlbəttə, məlum məsələdir ki, bunlar xalqa həqiqi amalları izah etmirlər. Mən dünən, yaxud srağagün görüşlərin birində bir söz dedim, indi də sizə deyirəm. Bu gün beynəlxalq təbliğat bəşəriyyəti aldatmaqdadır. İnsan hüquqlarından dəm vururlar, halbuki bu gün dünyanı idarə edənlər üçün əhəmiyyətli olmayan məsələ elə insan haqlarıdır. Demokratiyadan dəm vururlar, halbuki dünyanın bugünkü liberal-demokrat quruluşlarının tərəfdarları əsla demokrat deyillər. İndi bir ölkədə xalq bir ümidlə onların ardıcıllarından olan bəzi şəxsləri 70, yaxud 80 faiz səslə seçirlər. Bu, başqa məsələdir. Lakin bu gün liberal-demokratiyanın oturuşduğu ölkələrdə, misal üçün, Avropa və ABŞ demokratiyalarında həqiqi demokratiya mövcud deyil. Eyni zamanda, demokratiyadan dəm vurur, bundan ötrü İraqa və Əfqanıstana ordu yeridirlər. Bunlar bu qədər həyasızdırlar. Bunlar bəşəriyyəti aldatmaqdadırlar.
Bizim həssas mövqeyimiz
Bu şəraitdə biz elə bir xalqıq ki, əvvəla, çox həssas bir nöqtədə yerləşmişik. Əgər Afrikanın qərbində, yaxud dünyanın ucqar bir küncündə olsaydıq və ya İslam dünyasının mərkəzində olmasaydıq, bizə bu qədər həssaslıq olmazdı. İkincisi də budur ki, biz təbii imkanlar baxımından çox zəngin bir ölkəyik. Neft və qaz məsələsində İranın rolu həlledicidir. Mən bir neçə ay bundan əvvəl quruluşun məsul şəxslərinin toplantısında bunu statistik rəqəmlərlə göstərdim. Neft və qazdan əlavə, biz bu gün dünyanın ən əsas filizlərində, dünyanın əhalisi və sahəsi baxımından öz payımıza nisbətən bir neçə dəfə artıq sərvətə sahibik. Bizdə təxminən dünya əhalisinin yüzdə biri və dünyanın yaşamağa yararlı hissəsinin yüzdə biri mövcuddur. Lakin dörd əsas filizdə iranlıların payı təxminən 3, 4, 5 faizdir, yəni dünya əhalisi və sahəsi baxımından payımızdan bir neçə dəfə artıq. Bizdə əkinçilik potensialları, yaxşı suyumuz var. Düzdür, ölkə ümumi şəkildə sudan bol deyil, lakin bəzi bölgələrdə su ehtiyatımız olduqca çoxdur. Bizim böyük istehlak bazarımız var. Bu gün dünya məhsulları gözlərini istehlak bazarına dikmişlər. Bu sahədə bizim böyük bir bazarımız var, təxminən 70 milyon əhalimiz var. Bizim parlaq istedadlarımız var. Bu da dünyanın istismarçı və hegemon cəbhəsinin diqqətini cəlb edir. İngilislər ilk dəfə neft üçün İrana gəldilər, lakin onlar bilmirdilər ki, neftdən başqa İranda bu qədər sərvət də var. Sonra da amerikalılar gəlib burada yerləşdilər.
Mənzərə sənədi - xalqımızın istiqlaliyyət yolu
Bu gün onların əli İrandan kəsilmişdir. Bundan əlavə, biz müstəqillik, özünəinam və böyük güclərin qeyzindən qorxmamaq yolunu davam etdirməyə qərar vermişik. Biz qətiyyətlə inanırıq ki, bacaracağıq. Mən düşmənin ən birinci ədavətlərinin hədəfi olan bir məsul şəxs kimi, eləcə də ölkə haqqında geniş məlumatı olan, həm potensiallardan, həm təhdidlərdən, həm də düşmənlərin ədavətindən xəbərdar bir insan kimi baxanda deyirəm ki, bacaracağıq. Bu, emosiyalarardan irəli gəlmir, araşdırılmış və düşünülmüş sözdür. Biz bir neçə ay əvvəl qəbul olunub bütün qurumlara göndərilən iyirmiillik mənzərə sənədini bu müddət ərzində həyata keçirə bilərik. Bu da araşdırılıb və ekspert rəyilə təsdiqlənib.
Əziz gənclər, mənzərə sənədini mütaliə edin. Bilin ki, bu, inşa deyil. Mən təkidlə deyirəm ki, onun hər bir sözü düşünülmüş şəkildə yazılmışdır. Biz növbəti iyirmi ildə regionun bu xüsusiyyətlərdə və bu meyarlarda birinci ölkəsi olmaq istədiyimizi deyiriksə, bu dəqiq şəkildə araşdırılmışdır. Biz bacarırıq, lakin bu bacarmağın şərtləri var.
Gənclər və mənzərə sənədinin həyata keçməsi
Baxın, mənim əzizlərim! Sizin hamınız mənim övladlarım kimisiniz. Mən siz əziz gənclərin hər birini səmimi-qəlbdən sevirəm və düşünürəm ki, bu məmləkətdə görülməli olan və görülməsi mümkün olan hər bir iş sizin əlinizlə görülməlidir. Əlbəttə, hər bir işin yolu var. İstəyirəm ki, məsələ sizin üçün tam aydın olsun. Biz düşünürük ki, bu mənzərə həyata keçməlidir. Amma hərəkətin proqramını və yolunu tapmaq lazımdır. Bu işlə birbaşa məşğul olan da gənc nəsildir. Biz “bacarırıq” deyiriksə, bu, İslam və Qurana əsaslanan bir təhlildir. İslamda və dini təbirlərdə bir “təqdir” məsələs var və bir də “qəza”. Bunlara bir yerdə qəza və qədər deyirlər. Bizim qəza və qədərə etiqadımız var. Həm qədər haqdır və həm qəza. Bəzən düşünürlər ki, insan qəza və qədərə inansa, insan iradəsini və onun seçim ixtiyarını təsirli hesab edə bilməz. Bu, qəza və qədəri yanlış anlamaqdan doğur. Xeyr, biz həm qəza və qədərə, həm də insanın seçim haqqına etiqad bəsləyirik. Bunlar bir-birini tamamlayır. Mən bir neçə cümlədə bunu izah etmək istəyirəm.
Qədər və təqdir
Qədər, yaxud təqdir - ölçmək və təyin etmək deməkdir; yəni dünya qanunlarını müəyyən etmək, səbəb və nəticələri, qanunlar arasındakı əlaqəni anlamaq. Zəhər içən insanın təqdiri ölməkdir. Zəhərin mədədə, qan dövranında və insanın həyat amilləri üzərində təsiri budur ki, onu məhv edib öldürsün. Hündür bir yerdən özünü atan insanın təqdiri parçalanmaqdir. Buradan durub Əlvənd dağının zirvəsinə getməyi qərarlaşdıran bir insan hərəkət etdikdə, onun təqdiri Əlvəndin zirvəsinə çatmaqdır. Səbəb və amilləri Allah-Taala yaratmış, onlara nəticələr bəxş etmişdir.
Qəza anlayışı
Siz nəticəli bir amili seçərsiniz, yoxsa seçməzsiniz? Əgər seçsəniz, bu seçimin ardınca gələn təqdir qəza olacaq. Qəza hökm və mütləqlik deməkdir. Qəzanın mənasında qətiyyət və labüdlük var. Bəzən elə olur ki, siz seçim etmirsiniz. Fərz edin, bir neçə yolayrıcına çatmısınız, meydanın ətrafında bir neçə küçə var. Birinci küçə ilə hərəkət edən insanın təqdiri bir yerə çatmadır, ikinci küçə ilə hərəkət edənin təqdiri isə başqa bir yerə. Üçüncü, dördüncü, beşinci və altıncı küçələrdən hərəkət edənlərin təqdiri bu küçələrin sona çatdığı yerlərə çatmaqdır. Əgər siz meydandan heç bir küçəyə keçmək istəməsəniz, bu təqdirlər reallaşa bilərmi?! Xeyr! Siz bu məqsədlərə çatmamağı seçmisiniz, buna görə də çatmırsınız. Əgər birinci küçəni seçsəniz, qərar versəniz və öz qüvvələrinizi işə salıb getsəniz, o nəticəyə çatarsınız. Sizin qəzanız, yəni labüd hökmünüz budur ki, o məqsədə çatasınız. Hər bir təqdiri qəzaya çevirən amil sizin iradənizdir. Təqdir cızılmışdır, amma bu təqdir labüd deyil. Siz öz iradəniz, zəhmətiniz və addımınızla onu qaçılmaz edirsiniz.
O zaman bu təqdirin nəticələrini də qəbul etmək, onlara qatlanmaq lazımdır. Misal üçün, biz iki yolayrıcına çatmışıq, yolun biri bizi mənzilə çatdırır, biri isə bataqlığa və qorxulu yerə. Bu iki təqdir sizin qarşınızdadır. Siz bu iki təqdirdən birini seçməlisiniz. Əgər birinci yolu seçsəniz və yolun ortasında yorulub fikrinizdən dönməsəniz, iradəniz qırılmasa, gücünüz tükənməsə, qəzanız budur ki, oraya çatasınız. Amma əgər əksinə, ikinci yolu seçsəniz, yolun ortasında da özünüzə gəlməsəniz, ayılmasanız, tövbə etməsəniz, bu yoldan qayıtmasanız və onu davam etdirsəniz, əlbəttə ki, həmin bataqlığa və qorxulu yerə çatacaqsınız. Seçən sizin özünüzsünüz. Əlbəttə, burada bir mənəvi amil də var, sonra ona toxunacaq və üzərində dayanacağam.
Qarşımızda iki yol
Bu gün bizim qarşımızda iki yol var: Biri budur ki, yorulaq; necə ki, indi bəzi qələm sahibləri - böyük ehtimalla onların bəzisi muzdlu qələm sahibidirlər, müəyyən fikirləri yazmaq üçün pul alırlar - elə yazır və danışırlar ki, elə bil İran xalqı, siz gənc nəsil avara-sərgərdansınız. Çünki dünyanın hegemon gücləri ilə mübarizə aparırsınız, müqavimət göstərirsiniz. Axı siz bacarmazsınız. Əgər nüvə enerjisinə sahib olmaq, sentrifuq aparatlarını işlətmək, elmi imkanlara malik olmaq, dünyanın casus şəbəkələrinin qəzet və radiolarının sizin əleyhinizə təxribat aparmamasını istəyirsinizsə, gedin ABŞ-a, yaxud daha düzgün desək, qlobal hegemonizmə təslim olun, onların torpaqlarını öpün. Düzdür, bunlar çox azdırlar, amma təəssüf ki, mövcuddurlar. Bunlar inandırmaq istəyirlər ki, iranlı üçün başağrısı və nigaranlığı azaltmağın yolu təslim olmaqdır. Təslim olmaq nə deməkdir? Yəni siz bu coğrafi mövqeyi, bu iqlimi, bu mədəni imkanları, bu qədim keçmişi və bu ölkədə olan böyük insan kapitalını dünyagirlikdə, hegemonluqda və ekspansionizmdə heç bir hədlə qane olmayan şəxslərə ikiəlli təqdim edin. Başqa bir yol da budur ki, xeyr, İran xalqı heç bir günah etməmişdir. O öz düşüncəsi, iradəsi, seçimi və kimliyi ilə yaşamaq istəyir. Amallarını özü təyin etmək, o amallara çatmaq üçün öz ayağı üstə və öz qüvvəsi ilə çalışmaq istəyir.
Keçmiş padşahların günahı
Nə üçün İran, necə deyərlər, inkişaf etməkdə olan, yəni inkişaf etməmiş ölkələrin sırasında olmalıdır? "İnkişaf etməkdə olan" ifadəsi kompliment xarakterli bir ifadədir, əslində, geriqalmış və inkişaf etməmiş deməkdir. Məgər bizim zehnimiz, istedadımız və düşüncə qüvvəmiz bu gün 200 ildir elm dünyasında öncül olanlardan azdır?! Görürsünüz ki, az deyil. Onlar elm baxımından bizdən 200 il irəlidədirlər. Bu, padşahların, diktatorların, bu ölkədə hökmranlıq etmiş mənfur sülalələrin, Pəhləvi xanədanının günahıdır. Bu gün mənim və sizin malik olduğumuz və bu ölkədə hakim olmalı hissi bir gün boğdular. Nə üçün boğdular? Çünki ölkənin başçıları onun belə hərəkət və inkişaf etməsini istəməyən güclərin əlaltıları idilər. Onlar da sərvət qaynaqlarını əldən vermək istəmirdilər. Əgər ev yiyəsi oyaq olsa, oğru evin əşyalarını onun gözü qarşısında toplayıb apara bilməz; ya gərək ev sahibini yatızdırsınlar, ya da əl-ayağını bağlasınlar. Çünki oyaq və əl-ayağı açıq olsa, qüvvəsi də olsa, məgər oğruya imkan verər?! İranlının yuxuda olmasını, əl-ayağının bağlı olmasını, öz təbii sərvətlərini əldə etmək üçün hərəkət etməməsini istəyən şəxslər gəlib bəzi şəxsləri bu məmləkətin başına qoydular. Rza xanı ingilislər gətirdilər, Məhəmmədrzanı İngiltərə və ABŞ birliyi bu məmləkətin başına gətirdi. Dünyanın ən parlaq imkanları dövründə onlar bu məmləkəti əlli ildən artıq saxlayıb gecikdirdilər. Təkcə siyasi və təhlükəsizlik baxımından yox, hətta elmi-mədəni baxımdan da bizi geridə saxladılar.
Daha böyük mədəni hücum
Mən “mədəni hücum” deyəndə bəziləri elə bilirlər məqsədim budur ki, məsələn, oğlan saçını filan qədər uzadıb. Elə bilirlər mən uzun saça qarşıyam. Mədəni hücum bu deyil. Daha böyük mədəni hücum budur: onlar uzun illər beynimizə yeridiblər ki, sən bacarmırsan, Qərbin və Avropanın arxasınca getməlisən. Uzun illər bizi özümüzə inanmağa qoymayıblar.
Vahiməyə düşmüş qərbpərəstlər
Siz bu gün humanitar elmlərdə, təbiət elmlərində, fizikada, riyaziyyatda və ya başqa bir sahədə dünyanın məşhur nəzəriyyələrinin ziddinə bir nəzəriyyə irəli sürsəniz, bəziləri ona qarşı çıxıb deyəcəklər ki, sizin iqtisadiyyatda filan sözünüz filan nəzəriyyənin ziddinədir; psixologiyadakı sözünüz filankəsin nəzəriyyəsinə müxalifdir. Yəni bunlar bir avropalı alimin fikirlərinə möminlərin Qurana və ilahi vəhyə inandığı kimi, hətta ondan da çox inanırlar. Maraqlıdır ki, bəzən bu nəzəriyyələr köhnəlib sıradan çıxır, yerinə yeni nəzəriyyələr gəlir, amma bunlar 50 il qabaqkı nəzəriyyələri müqəddəs mətn kimi qoruyub saxlayırlar. On illərdir Popperin siyasi və ictimai nəzəriyyələri köhnəlib qüvvədən düşüb, Avropada onun əleyhinə onlarla kitab yazılıb. Amma son zamanlar bəziləri peyda olub fəlsəfi dərk iddiası ilə onun nəzəriyyələrini yaymağa başlayıblar. Uzun illərdir dünyanın iqtisadi mərkəzlərinə hakim olan nəzəriyyələr qüvvədən düşmüş və yeni fikirlər otraya çıxmışdır. Amma indi də bəziləri iqtisadi layihələr həyata keçirmək istəyəndə köhnəlmiş nəzəriyyələrə baxırlar. Bunların iki eybi var: biri budur ki, təqlid edirlər, ikincisi budur ki, yeniliklərdən xəbərsizdirlər. Vaxtilə onlar üçün tədris olunan bir mətni müqəddəs kitab kimi beyinlərində saxlayıblar və indi bizim cavanlarımıza öyrədirlər. Bizim ölkəmiz fəlsəfənin beşiyidir, amma onlar fəlsəfəni düşünmək üşün başqalarına müraciət edirlər.
Həmədan İslam dövründə
Mən Həmədan şəhərinin İslam dövründən xəbərdaram. İslamdan qabaqkı dövrdən çox da xəbərim yoxdur, yəni heç kimin xəbəri yoxdur. Bizim fəlsəfə və üsul kitablarımızda İbn Sinanın bu şəhərdə fəlsəfə, tibb, həndəsə, riyaziyyat və digər elm və incəsənət sahələrində ən üstün nəzəriyyələri yazıb-yaratdığı, öyrətdiyi dövrdə həmədanlı bir kişidən söhbət açılır. Bu həmədanlı kişinin məntiq, fəlsəfə və üsul elmlərində nəzəriyyələri var. İbn Sina Həmədana gəlib bu kişi ilə görüşəndə onun barəsində deyir: "O, çox yaxşı və çoxlu üstün cəhətlərə malik bir kişi idi". Barəsində deyilən sözlərdən bəlli olur ki, bu kişi min il əvvəl həndəsə, fəlsəfə və məntiqdə mütəxəssis imiş. Min il bundan əvvəl, hicri tarixi ilə dördüncü, miladi tarixi ilə onuncu əsrdə. Onuncu əsr hansı zamandır? Dünyanın məşhur Orta əsrlərinin ortası. Eşitdiyiniz Orta əsrlər Avropaya aiddir, İrana yox. Avropada Orta əsrlərin qaranlıq, zülmət və cəhalət tərənnümü olduğu gün Həmədanda İbn Sina və həmədanlı kişi vardı. Bir müddətdən sonra Rəşidüddin Fəzlullah vardı, Baba Tahir vardı, böyük alimlər vardı. Bunlar bizim elmi və mədəni keçmişimizə dair sənədlərdir. Biz nə üçün bacarmadığımızı düşünməliyik?! Bəli, bizi inkişaf etməyə qoymayıblar. Həqiqət budur ki, biz dünya elmindən 200 il geri qalmışıq. Amma elmin sərhədlərinə çatmaq o demək deyil ki, avropalıların iki yüz ilə getdikləri yolu biz də iki yüz ilə gedək, sonra onların bu gün çatdıqları yerə çataq. Yox, belə deyil, biz kəsə yollar tapmalıyıq. Biz elmi birinciliyi avropalılardan almalıyıq. Biz öyrənməyə utanmırıq. İslam deyir ki, dünyada bir neçə qrup var. Onların biri bilmədiklərini öyrənmək fikrində olanlar, öyrənməyə utanmayanlardır. Biz bu gün bəşər beyninin, ağlının və istedadının nəticəsi olan elmləri öyrənirik. Bilmədiklərimizi böyük məmnuniyyətlə öyrənirik, müəllimlərimizə hörmət də edirik; bizə elm öyrədənlərə hörmətsizlik etmirik. Amma ayrısından elm öyrənmək həmişə şagird qalmaq mənasında başa düşülməməlidir. Biz bu gün şagirdik, sabah onların müəllimi olacağıq. Necə ki, onlar bir gün bizim şagirdimiz idilər, amma indi müəllimimiz olmuşlar.
Qərblilər elmi bizdən öyrəndilər. Siz Pier Russonun Elmlər tarixi kitabına baxın: Dörd-beş əsr öncə bir tacir Avropa ölkələrindən birində bir müəllimə müraciət edir, deyir ki, istəyirəm övladım dərs oxusun, onu hansı məktəbə yollayım? Müəllim cavab verir ki, əgər dörd riyazi əməllə - toplama, vurma, çıxma və bölmə ilə kifayətlənirsənsə, onu bizim, yaxud digər bir Avropa ölkəsinin istənilən məktəbinə yolla, amma bundan artığını istəyirsənsə, onu Andalusa, yaxud müsəlmanlar yaşayan başqa bir bölgəyə göndərməlisən. Bunu Pier Russo yazır, mənim sözüm deyil.
Xaç yürüşləri bu sahədə onlara kömək etdi. Onlar bizdən öyrəndilər. Onların alimlərinin bu bölgələrə səfərləri bizdən öyrənmələrinə səbəb oldu. Həmçinin bizim alimlərimizin səfərləri və kitablarımızın aparılması onlara böyük kömək göstərdi. Bir gün onlar bizdən öyrəndilər, bizim şagirdimiz oldular, sonra isə bizə müəllimlik etdilər. İndi də biz onlardan öyrənirik, onların şagirdi oluruq və sonra onlara müəllimlik edəcəyik. Buna görə ölkəmizin tələbə, tədqiqatçı və alim nəsli bilsin ki, bu gün elmi üstünlük qərblilərdədir, amma sizin əmək və iradəniz sayəsində yaxın gələcəkdə onu sizdən öyrənə bilərlər.
Elm sərhədlərini yarmaq
Elmin sərhədlərini yarın. “Proqramlaşdırma hərəkatı” dedikdə mənim siz gənc və müəllimlərdən gözlədiyim budur. Elmi istehsal edin, elmin sərhədlərinə sarı gedin, fikirləşin, işləyin. İş və fəaliyyətlə elmin bugünkü sərhədlərindən keçmək olar; bəzi fənlərdə tez, bəzi fənlərdə isə gec. Texnologiya da belədir. Elm texnologiyanın inkişafına hesablanmalıdır. Texnologiya da çox əhəmiyyətli və yüksək mərhələdir. Biz texnologiyada da inkişaf edə bilərik; necə ki, inkişaf etmişik.
Kök hüceyrələr vasitəsilə texnologiya
Bilməniz yaxşıdır ki, ölkəmizdə elmin çox həssas sahələrinin bəzisində hələ dünyada analoqu olmayan işlər görülmüşdür. Mən bir müddət öncə dedim ki, Tehranda sizin kimi bir qrup gənc kök hüceyrələrin istehsalı texnologiyası üzərində işləyir. Bunlar iradə ilə çalışdılar, gedib başqalarından öyrəndilər, özləri də fikirləşdilər, düşüncə baxımından zəhmət çəkdilər və nəticədə kök hüceyrələrin istehsalının, dondurulmasının, qorunmasının və əkilməsinin sirrini əldə etdilər. Bu gün bunlar ilk dəfə olaraq İranda insulin düzəldən kök hüceyrələr istehsal etmişlər. Bu hələ dünyada istehsal olunmamışdır.
Elmdə şagirdiliyin mənası
Deməli, şagirdlik etmək əvvəla, şagird qalmaq demək deyil. Biz həmişə şagird qalmağı düşünməməliyik. Xeyr! Çalışın, görəcəksiniz ki, onlar sizdən öyrənməyə məcbur olacaqlar. İkinci tərəfdən, elmdə şagirdlik etmək mədəniyyətdə təqlidçilik etmək demək deyil. Bu, çox əhəmiyyətli məsələdir. Qacarlar dövründə Qərb mədəniyyətinin nümunələri ilk dəfə olaraq ölkəyə daxil oldu. Avropalılarla əlaqə quran birinci təbəqə olan ozamankı əyan-əşrafın və saray iranlılarının öyrəndikləri ilk məsələ elm deyildi, onların adət-ənənələrini, rəftarını və davranış tərzlərini öyrəndilər. Səhv və yanlış xətt oradan başladı. Bəziləri belə düşünürlər ki, qərblilər elmi cəhətdən bizdən üstün olduqlarına görə, biz mədəniyyəti, inancları, həyat tərzini, ictimai və siyasi münasibətləri də onlardan öyrənməliyik. Bu, düzgün deyil. Əgər çox gözəl və sevdiyiniz bir müəllim sizə dərs verirsə, bu o deməkdir ki, onun xoşu gəlsin deyə, mütləq onun paltarı rəngində paltar geyinməlisiniz?! Əgər bu müəllimin pis bir adəti varsa, siz də bu adəti ondan öyrənməlisiniz?! Məsələn, müəllim dərsin ortasında əlini burnuna salırsa, siz ondan elm öyrənirsiniz deyə, bu işini də yamsılamalısınız?!
Avropalıların səhv işləri və çirkin hərəkətləri olduqca çoxdur. Nəyə görə bunları öyrənməliyik?! Qərblilərin elminə ürəkdən məftun olan bir nəfər deyirdi ki, biz təpədən dırnağa qədər qərbləşməliyik. Niyə? Biz iranlıyıq, iranlı da qalmalıyıq; müsəlmanıq, müsəlman da qalmalıyıq. Onların elmi bizdən çoxdursa, eybi yox, biz gedib onlardan elm öyrənərik. Nəyə görə adət-ənənələri, mədəniyyət və rəftarları da onlardan öyrənək?! Bu, çox yanlış məntiqdir. Onlar hər hansı bir səbəbə görə qalstuk adlı bir şeyi boyunlarına dolayırlar. Biz onları bu işə görə qınamırıq, qalstuk onlarındır. Amma biz də onları yamsılamalıyıqmı?! Bu iş üçün bizim məntiqimiz nədir?! Biz nə üçün onların geyimlərini, rəftarlarını, davranış və danışıq tərzlərini və hətta ləhcələrini yamsılamalıyıq?! Mən bəzən televiziyada bizim müxbirimizin dünyanın hansısa nöqtəsindən farsca bir reportaj verdiyini izləyirəm. O, farsca elə danışır ki, elə bil bir ingilis fars dilində danışır. Bu, milli qürurun zəifliyindən və həqarət hissindən doğur. Mən nə üçün iranlı olduğumdan ötrü həqarət hissi keçirməliyəm?! Mən öz mədəniyyətimlə, vətənimlə, ölkəmlə, tariximlə fəxr edirəm. Nə üçün onları yamsılamalıyam?! Onları yamsılamağa səbəb yoxdur. Onların elmi çoxdur, çox yaxşı, biz elmi onlardan öyrənərik. Bunun üçün pul lazım olsa, onu da ödəyərik. Təsadüfən, onlar elmi pula dəyişməyi öyrəniblər. Bu gün qərblilər üçün ən çox əhəmiyyətli olan puldur, İslamda isə belə deyil. İslamda elmin özü şərəflidir. Onlara görə isə elm pula çevrilə bildiyi üçün dəyərlidir. Elə elm qiymətlidir ki, onunla dollar, yaxud funt qazanmaq mümkün olsun. Biz onların bu vəziyyətindən istifadə edərik və elmlərini onlardan satın alarıq, xərcini də ödəyərik, lakin heç kəsi yamsılamarıq; bunu etməməliyik. Bu mənim siz gənclərə sözümdür. Düzdür, bu sözləri demək asandır, lakin əməl etmək bu qədər asan deyil. Bizim işimiz buna görə çətindir.
Mədəni təqlid - böyük təhlükə
İki məqama toxunub söhbətimi bitirirəm. Mədəni təqlid məsələsinə işarə vurdum. Əlbəttə, mədəni təqlid çox böyük bir təhlükədir, amma bu, mənim yaşayış üslublarında moda ilə, rəngarəngliklə, dəyişikliklə müxalif olduğum kimi səhv anlaşılmasın. Xeyr, modaya və yeniliyə təmayül ifrat həddinə çatmasa, bir-biri ilə bəhs edən uşaqların rəqabəti kimi olmasa, eybi yoxdur. Geyim, rəftar və bəzənmə dəyişilir, bunun eybi yoxdur, lakin ehtiyatlı olun ki, bu təmayülün qiblənüması Avropa səmtinə olmasın. Bu, pisdir. Əgər jurnallarda moda göstərən Avropa və ABŞ manekenləri öz kişiləri, yaxud qadınları üçün hansısa geyim tərzini göstərsələr, biz burada - Həmədanda, Tehranda, yaxud Məşhəddə onlara təqlid etməliyik?! Bu, pisdir, özünüz hazırlayın və özünüz təqdim edin.
Milli geyim məsələsi
Mən prezidentlik dövrümdə Mədəni İnilab Ali Şurasında milli geyim məsələsini qaldırdım və dedim ki, gəlin bir milli geyim hazırlayaq. Hər halda, bizim milli geyimimiz pencək-şalvar deyil. Əlbəttə, mən pencək-şalvarlara qarşı deyiləm, özüm də bəzi vaxtlar, yüksəkliklərdə və digər yerlərdə kurtka geyinirəm. Bunun eybi yoxdur, amma hər halda, milli geyimimiz deyil. Ərəblərin öz milli geyimləri var, hindlilərin öz milli geyimləri var, indoneziyalıların öz milli geyimləri var, müxtəlif şərq ölkələrinin öz milli geyimləri var, afrikalıların milli geyimləri var və beynəlxalq toplantılarda hər kəs öz milli geyimini geyinir, bununla qürur duyur. Biz bir yerdə milli geyimi kimi yubka geyinmiş bir prezident gördük. Yekə kişi yubka geyinmişdi, ayaqları da açıq idi. Təxminən dizə qədər olan bir yubka geyinmişdi və əsla həqarət hissi keçirmirdi. Tam fəxrlə o məclisdə iştirak edirdi, gəlirdi, gedirdi və otururdu. Bu onun milli geyimidir. Eybi də yoxdur. Ərəblər fəxrlə öz milli geyimlərini geyinirlər – uzun ləbbadə, şal və qalın ip. Bunun mənim və sizin baxışımızda heç bir məntiqi olmaya da bilər, amma onların geyimidir və onu sevirlər. İranlı olan mənim və sizin geyimimiz nədir? Siz bilmirsiniz bizim geyimimiz nədir. Əlbəttə, mən demirəm ki, bu geyim tərzi 500 il bundan qabaqkı kimi olmalıdır. Əsla. Mən deyirəm ki, oturun özünüz üçün bir paltar hazırlayın. Əlbəttə, indi bunu sizdən istəmirəm. Bunu Mədəni İnqilab Ali Şurasında dedim. O zaman biz hökumətin bir hissəsinə bu işlə məşğul olmağı tapşırdıq. Bəzi işlər də gördülər, lakin bir yerə çatmadı. Bizim prezidentlik dövrümüz də bitdi. Mən demək istəyirəm ki, siz saç düzümünüzü əvəzləmək, yaxşı paltar geyinmək, öz yerişinizi dəyişmək istəyirsinizsə, edin, amma özünüz edin, başqalarından öyrənməyin.
Modanı yamsılamaq haqda bir xatirə
Təqribən 30-40 il bundan əvvəl Qərb ölkələrində və ən çox Amerikada bir qrup cavan ictimai şəraitdən bezib bəzi hərəkətlərə başladılar. Bu hərəkətlər günümüzədək davam edir. Bizim dövrümüzdə belələri çox qəribə görkəmdə və bu gün bütün dünyada məşhur olan Pop musiqisinə bənzər bir musiqidə özlərini göstərirdilər. Mən inqilabdan sonra Əlcəzairə getdim. Bizim maşınımız küçədən keçirdi. Bir dəfə gördüm cavan bir oğlan saçının yarısını qırxdırıb, yarısını isə saxlayıb. Mən çox baxdım, gördüm ki, bu formada heç bir gözəllik yoxdur. Aydın idi ki, o, başqalarını yamsılayıb. Ümumiyyətlə, Əlcəzairdə sənayenin və texniki istehsal alətlərinin ictimai həyata təzyiqi o həddə deyil ki, bir cavan ABŞ-da, İngiltərədə, yaxud başqa bir yerdəki kimi hərəkət etsin. O, bunu kimdənsə görüb götürmüşdü. Mən belə məsələlərə qarşıyam və bizim cavanımızın belə hərəkət etməsini, oğlan və qızlarımızın başqalarını yamsılamasını istəmirəm.
Təqdir və ilahi hidayətin rolu
Demək istədiyim ikinci məqam budur: Dedik ki, təqdir yolunu seçməkdə seçim sizinlədir. Buna şübhə yoxdur. Amma Allahın hidayət və yardımının rolunu da mütləq nəzərə almaq lazımdır. Bəzən siz bir işi yerinə yetirməyə yorulursunuz, Allah-Taaladan güc istəyirsiniz, Allah-Taala da güc bağışlayır və siz işinizi davam etdirirsiniz. Bəzən bir seçimdə problemlə rastlaşır, Allah-Taaladan hidayət və yardım diləyirsiniz, O da sizi hidayət edir. Biri də var ki, belə bir şəraitdə Allahdan güc istəmir, güc də əldə edə bilmir. Allahdan hidayət istəmir və hidayətdən kənarda qalır. Aləmlərin Rəbbi bizə buyurub ki, Məndən istəyin; hidayət istəyin, kömək istəyin, yardım diləyin. Mən xüsusən cavanlara deyirəm ki, Allahla rabitənizi möhkəmləndirin, duanın və Allaha yalvarmağın rolunu bilin. Duanın mənası bu deyil ki, siz Allahdan istəyə və sonra oturub düşünməyəsiniz. Xeyr, Allahdan istəyin ki, hərəkət etdiyiniz zaman hərəkətdə, seçim etdiyiniz zaman düzgün seçimdə sizə kömək etsin. Allahdan istəyin ki, məsələ qaranlıq və şübhəlidirsə, haqla batili ayırd etməkdə sizə yardım etsin.
İlahi! Öz rəhmətini, hidayətini, yardımını və lütfünü bu məclisin iştirakçılarının hər birinə nəsib et!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |