Vİlayət bağçası beşİncİ cİld


Ölkə inkişafının maneələri31



Yüklə 356,08 Kb.
səhifə22/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
1   ...   14   15   16   17   18   19   20   21   22

Ölkə inkişafının maneələri31

Bismillahir-Rəhmanir-Rəhim.


Çox şadam ki, bu gün namazı siz əziz və mömin gənclərlə birgə qıldım. İnşallah, siz mömin gənclərin, qız və oğlanların təmiz qəlbləriniz və lətafətli ruhlarınız, həmçinin duyğularınızla bəzənmiş mühit sayəsində biz də Allah-Taala yanında yaxşı bəhrələr götürək.

Bir gənc toplumu üçün əsas məsələ budur ki, uca məqsədlər yolunda çalışıb fəaliyyət göstərsin, ayıq olsun. Mənim sizin təşkilatınızı sevməyim bundan ötrüdür ki, o, Allahın lütfü ilə təsis olunduğu 10-15 ildə get-getə möhkəmlənmiş və dərinləşmişdir. İnsanların və müxtəlif təmayüllərin get-gəli ilə dəyişilməyən bu düzgün istiqamətin qədrini bilin.


Gənclik aləmi

Gənc tələbədə gənc olduğuna görə bəzi xüsusiyyətlər var, tələbə olduğuna görə də bəzi xüsusiyyətlər. Bunlara dini, inqilabçı və mömin bir təşkilatın öz dindarlığı, inqilabçılığı və möminliyi baxımından irəli gələn xüsusiyyətlərini də əlavə edək. Bunların məcmusu gözəl bir təsvir yaradır. Gəncliyin çox üstünlüyü var: hövsələ, həvəs, bacarıq, yenilik qüvvəsi, yeniliyə meyl, qavrayış qabiliyyəti və bunların hamısından üstünü, ürəyin təmiz və ruhun aydın olması. Bəziləri bu imtiyazlardan öz ehtirasları üçün istifadə edirlər. Ehtiras da hamıda mövcuddur; gənclərdə var, qocalarda da. Bəzi qocalar nəfs və ehtiras baxımından gənclərdən də irəlidədirlər. Ehtiras və həvəsin də müxtəlif növləri var: mal həvəsi, vəzifə həvəsi, hakimiyyət həvəsi, hörmət həvəsi, bir də cinsi həvəs. Qocalar bütün bu sahələrdə bəzən gənclərdən də öndədirlər, lakin onların fiziki, sinir və düşüncə bacarıqları zəif olduğundan geri qalırlar. Bu baxımdan, təkcə gəncləri ittiham etmək olmaz.

Gənc fiziki və ruhi baxımdan üstündür. Elə bir kitabdır ki, onun ilk fəsilləri yazılmış, sonrası isə yazılmamışdır. O, yazılanda kamilləşəcək. Sizin hələ bir neçə fəsliniz yazılmışdır, digər fəsilləriniz sonradan yazılacaq. Biz son səhifələrə çatmışıq. Əlbəttə, qocalar üçün bu bir üstünlükdür, lakin əsas məsələ necə və nə yazmaqdır. Əgər siz gənclər indidən çalışsanız, növbəti fəsilləri daha yaxşı, daha təmiz, məndən və mənim kimilərdən daha dərin yaza bilərsiniz. Bu da gənclər üçün bir üstünlük sayılır.

Mən cavan olanda yaşlı bir ruhani vardı. Atamla dost idi, bizə çox get-gəl edirdi. Biz yeniyetməlik çağından bu kişini tanıyır, ona hörmət edirdik. O adətən, bizi görəndə deyirdi ki, gəncliyinizin qədrini bilin. Əlbəttə, özü ibadət, mənəviyyat, mərifət və irfan adamı idi. Nəcəfin böyük ariflərindən olmuş məşhur Şeyx Məhəmməd Bahari ilə əlaqədə olan şəxslərdən idi. O bizə deyirdi ki, gənclikdə ibadət daha yaxşı, daha asan, daha şirin və Allah yanında daha məqbuldur. Yəni siz gənclərin ibadəti Allah-Taala yanında daha artıq qəbul olunma şansına malikdir. Siz bu xüsusiyyətlərin tərənnümünü gəncliyin həvəs və hərəkətində görürsünüz: elmə, öyrənməyə, fəaliyyətə, işə və çalışmağa həvəs.


Tələbə mövqeyi

Gənc tələbə olanda bunlara tələbəlik xüsusiyyətləri də əlavə olunur. Tələbə mühiti aydın fikirli, yeni düşüncəli və gələcəyə baxan amalçı bir mühitdir. Tələbə mühitində başıaşağı olub gələcəkdən xəbərsiz qalmaq çox mənasızdır. Tələbə dünyanın, gələcəyin, ölkənin, siyasətin, iqtisadiyyatın, iş, fəaliyyət və quruculuğun nə olduğunu bilir. Tələbə bunları digərlərindən daha yaxşı dərk edib elm və bilik sahəsinə girir. Buna görə də, tələbə mühiti ölkənin və dünyanın hər yerində bu cəhətdən üstün bir mühitdir. Universitetdə qocalar da var, onlar da alimdirlər, amma bu imtiyaza malik deyillər. Siz bu imtiyazların hamısına maliksiniz.


Əxlaqi sağlamlıq və mənəvi paklıq

Sonra çatırıq əxlaqi və əməli paklıq məsələsinə. Bu, dindarlıq sayəsində əldə edilir. Bunun özü də bir aləmdir. İnsanın həyatında elə vəsfedilməz ləzzətlər var ki, heç bir maddi vasitə ilə əldə oluna bilməz; Allahla ünsiyyətin, zikrin ləzzəti, sizin namaz halında, yaxud Ərəfə və ya Kumeyl duasında gözəlliklərin və yaxşılıqların mərkəzi və yaradıcısı ilə xəlvətdə danışarkən hiss etdiyiniz anın ləzzəti. Cəmiyyət arasındasınız, amma onunla xəlvət duyursunuz. Bu, çox yüksək bir ləzzətdir. Gec və az əldə ediləndir, amma çox qəribə ləzzəti var. Yəqin ki, bunu təcrübə etmisiniz. Ara-sıra bütün insanlar bunu təcrübə edirlər. Onlar üçün bəzi vaxtlar qarşıya çıxır və bir anlıq, bir dəqiqəlik, yaxud bir saatlıq bu ləzzəti hiss edirlər. Bizim problemimiz budur ki, ətrafımızın problemlərinə və çirkinliyinə görə onu davam etdirə bilmirik, amma o anda sizə ən gözəl bir şey də versələr, ona rəğbətiniz olmaz, ürəyiniz istəyər ki, öz vaxtınızı Allahla ünsiyyətlə, Rəbbinizlə sevgili zümzümə ilə keçirəsiniz.

O zaman insan Allahla danışanda qəlbi Allahın cavabını da eşidir. Bunlar salehliyin nəticəsidir. İnsan nə qədər artıq saleh olsa, günahdan nə qədər artıq çəkinsə, öz rəftarına, əməlinə və düşüncəsinə daha artıq nəzarət edə bilsə və ehtiyatlı olsa, - bu ehtiyatlılığın adı təqvadır - mənəvi halı daha aydın və daha işıqlı olacaq. O zaman insan saleh olacaq və dünyanın hər bir yerində "əssəlamu ələyna və əla ibadillahis-salihin" deyəndə sizə salam göndərəcəklər. Bu salamlar kompliment deyil. Siz "salam sənə, ey Əbu Abdullah!", yaxud "salam sənə, ey Allahın rəsulu!" deyəndə bu, əslində, müraciət etdiyiniz şəxsə Allahdan mənəvi sağlamlıq və təhlükəsizlik istəməkdir. Biz Peyğəmbərə və İmam Hüseynə (ə) hörmət və sevgi ilə bu duanı edirik. Biz mühüm bir şəxs deyilik, o uca, şərafətli və böyük insanlarla müqayisəedilməz dərəcədə dəyərsiz bir zərrəyik, amma eyni zamanda yenə də hörmət bildiririk, öz qədərimizcə bir hədiyyə edirik. Siz saleh olanda Allahın bütün bəndələri "salam olsun bizə və Allahın saleh bəndələrinə!" deyəndə sizin üçün həmin salamı və hədiyyəni göndərirlər. Salehlik budur.
Saleh tələbə

Əgər bir təşkilatın üzvləri həm gənc, həm tələbə, həm də saleh insanlar olsa, bu, çox qiymətli və dəyərlidir. Bunu qoruyun. Neməti qorumaq adətən, onu əldə etməkdən çətin olur. Mənəvi nemətlər də belədir, onları saxlamaq çətindir. “Çətindir” nə deməkdir? Yəni saxlamaq olmur?! Demək lazımdır ki, boşla getsin?! Xeyr, məqsəd bu deyil. Yəni bunu saxlamaq üçün çalışmaq və diqqətli olmaq lazımdır. Elm də belədir; onu da təkrarlamasanız, yadınızdan çıxar. Müəllim çox əziyyətlə bir söz tapıb deyir, siz də qeyd edirsiniz. Əgər qeydi bir kənara atsanız, yada salmasınız, təkrarlamasanız, getdikcə əldən verəcəksiniz.


Təqva və mənəviyyat

Bütün mənəvi məsələlər belədir. Onları qorumaq lazımdır. Bu qorumağın təqvaya ehtiyacı var. Təqva - ehtiyatlı olmaqdır. Bu salehliyin qorunması üçün ehtiyatlı olmalısınız. Müxtəlif təsirlərin təlatümlü çəkişməsində insan çoxlu mənəvi təhdidlərlə üzləşir. Buna görə salehliyi saxlamaq lazımdır. Nə üçün saxlamalısınız? Çünki ona ehtiyacınız var. Həm özünüzün ehtiyacınız var, həm də tarixinizin qurulmasında rol oynayan bir şəxs olaraq. Sizin qiyamətdəki həqiqi simanız topladığınız ehtiyatlardan asılıdır. Yaxşı işlər görmüş insan orada sağ tərəfdə olanlardandır və üzü cənnət sahiblərinin üzü kimidir. Amma burada pis bir iş görəndə oradakı sifəti yırtıcı heyvan sifətinə çevrilir.

Həyat bir növ yuxudur. Siz yuxu görəndə yuxuda olduğunuzu hiss etmirsiniz, elə bilirsiniz ki, həqiqəti görürsünüz. Sonra isə yuxudan ayılır və həqiqəti dərk edirsiniz. Bu dünyada həqiqət saydıqlarımız da öz növbəsində, ölümdən sonrakı həyata nisbətən bir yuxudur: "Və həqiqətən, axirət əsl həyatdır". Həqiqi həyat və yaşayış oradadır. O həqiqi yaşayışda insan bu dünya yuxusundan ayıldıqda özünün dünyadakı canavar sifətlərini görür. Amerikalı əsgər İraqda günahsız bir gəncə - heç o amerikalını tanımayan, ona bir pislik etməmiş, yalnız şübhələnən bir gəncə işgəncə verir. Şəkillərdə, filmlərdə və yazılarda görmüsünüz ki, onların başına nə bəla gətirirlər. Belə bir şəxs canavardır, lakin insan paltarında olan canavar. O, əyninə adam paltarı geyinib Florida və Texas küçələrində yeriyəndə, odekolonunun ətri ətrafı bürüyəndə, təmiz və ütülü pencək-şalvar geyinəndə, qalstuk da vuranda canavar olduğu bilinmir, amma əslində, canavardır. O bu ağır yuxudan oyananda bir canavardır; istəyir adı Buş olsun, ya başqa bir şey. Bu məsələ eynilə yaxşı iş barədə də belədir. Saleh əməliniz olanda mələkdən də yaxşı şəkildə yuxudan oyanırsınız. Qiyamətdə saleh insanın özü işıqlı olduğundan ətraf mühiti də işıqlandırır.
Saleh olmağa ehtiyac

Siz nəinki təkcə özünüz bu salehliyə ehtiyaclısınız, dediyimiz dəlilərə əsasən, tarix yazmaq üçün də bu salehliyə ehtiyacınız var. Sizin tarixiniz məzlum bir tarixdir, ölkəniz indi də məzlum bir ölkədir. Biz bir xalqıq, bizim bir sözümüz var. Bu söz bu gün dünyaya hakim olan qüvvələrə acı görünür. Bu söz zülm əleyhinə mübarizədir. Biz zülmə qarşıyıq. Bizim Fələstin xalqı ilə heç bir qohumluğumuz yoxdur, amma Fələstini müdafiə edirik. Nə üçün? Çünki orada böyük bir zülm baş vermişdir.


Məzlumları müdafiə

10-20 il bundan əvvəl ingilislər Şimali İrlandiyada bəzi şəxsləri həbs edəndə mən cümə namazında 80-90 gün həbsxanada aclıq elan edən və orada da ölən ingilis Bobbi Sendzin adını çəkdim. O zaman İranda bir küçənin adını Bobbi Sendz qoydular. Təkcə o ölmədi, bir neçə gündən sonra eyni aksiyanı keçirən başqa birisi də öldü. Bir neçə gündən sonra üçüncü şəxs də öldü. Amma ingilislər veclərinə də almadılar. Həmin ingilislər indi həbsxana və insan hüquqları barədə bu qədər səs-küy salırlar. O şəxslər nə müsəlman idilər, nə şiə idilər, nə də bizim üçün nə zamansa hörmət məktubu yazmışdılar, amma məzlum olduqlarına görə onları müdafiə etdik. Bu, İslam quruluşuna hakim təfəkkürdür. Harada məzlum varsa, özümüzü onun yanında bilirik. Düzdür, bu o demək deyil ki, biz qoşun yeridirik, yaxud maddi kömək edirik. Xeyr, bizim prioritetlərimiz var. Çox zaman insanlar məzlumdurlar və mübarizə aparırlar, amma biz onlara bir rial da maddi kömək edə bilmirik və etmirik. Bu dəstək maddi, yaxud hərbi kömək deyil, mövqe bildirməkdir. Əgər bizim özümüzə zülm etmək istəsələr, biz daha möhkəm dayanacağıq.


Böyük zülm

Bir xalq üçün bundan böyük zülm yoxdur ki, üstün bir güc onun ölkəsinin işlərini əlinə keçirsin, başçı təyin etsin, siyasət təyin etsin, maddi sərvətləri xərcləsin. Bu müddətdə İraq neftini səssiz-səmirsiz şəkildə bacardıqları qədər apardılar, satdılar, heç kimə də heç bir hesabat vermədilər. Çoxlu başqa işlər də görmüşlər. Onları yazsaq, bir neçə kilometrlik bir şey alınar.


Qəmli müstəmləkə dastanı

Son 2-3 əsrdə hegemon siyasi güclərin zəif ölkələrə qarşı müstəmləkə tarixinin qəmli dastanı var. Əvvəllər də müstəmləkə olub, lakin bu formada və bu üslubda olmayıb. Müstəmləkəçiliyin meydana çıxdığı illərdə çox qəmli hadisələr baş vermişdir. Avropalılar başladılar, amerikalılar da davam etdirdilər; illərlə Hindistanı, Afrika ölkələrini... Siz görün bu gün Asiya və Afrika ölkələri hansı vəziyyətdədirlər. Bu gerilikdə heç bir təbii xüsusiyyətin rolu yoxdur. Sanki müştərək bir irs iki qardaşa çatır. Bir qardaş o biri qardaşın yatmasından və xəbərsizliyindən istifadə edib malları toplayır, sonra onun əl-ayağını bağlayır və tüfənglə başının üstündə durur. Sonra da bu sərvətlə istədiyi işi görür. Demək olmaz ki, o biri qardaşın istedadı çoxdur. Xeyr, əslində, bu qardaş mövqedən namərdcəsinə istifadə etmişdir. Avropalılar bu işi gördülər. Sonra həmin pulla öz elm və texnologiyalarını artırdılar. Əldə etdikləri elm və texnologiya ilə yenidən təzyiqi artırdılar və bu günə qədər də müxtəlif formalarda davam etdirirlər. Harada xalqların təzyiqi ilə üzləşiblərsə, geri çəkilmiş və yeni bir hiylə işlətmişlər.


Müstəmləkənin dərəcələri

Bir gün müstəmləkə birbaşa idi; öz sözləri ilə desək, kolonializm. Bir gün də müstəmləkə dolayısı ilə baş verdi. Özləri bunun adını neo-kolonializm qoydular. Bu gün daha yeni bir müstəmləkə mövcuddur və artıq qabaqkı neo-kolonializm formasında deyil, ondan da dərindir: xalqlara qarşı informasiya vasitələrindən, psixoloji təsirlərdən istifadə etmək, xalqların arasından fəal, görkəmli və aparıcı qüvvələri satın almaq, onların vasitəsilə müstəmləkəyə şərait yaratmaq. Bizimlə, siz xaqla və mömin gənclə düşməndirlərsə, bundan ötrüdür. Çünki qapı onların üzünə bağlıdır. Düzdür, yol tapırlar, pis işlər görməkdədirlər. Biz də mübarizə aparırıq.


Müxtəlif sahələrdə müharibə

Bu gün müharibə başqa bir sahədədir, hərbi sahədə deyil; internet, peyk antenləri, müxtəlif təbliğat yolları, muzdur junalistlər, dövlət qurumlarına yol tapmış və həmin məqsədlə işlər görən ünsürlərlə. Əlbəttə, onların qarşısında çalışıb fəaliyyət göstərən güclü bir cəbhə də mövcuddur. Bu mübarizənin təsiri ölkənin gələcəyinin qurulmasında özünü göstərməlidir. Onlar istəyirlər ki, bir ölkəni yox etsinlər, elm və yaradıcılıq qüvvəsini alsınlar, bir xalqın öz istedadını çiçəkləndirib, müxtəlif sahələrdə zirvəyə çatmasının qarşısını tamamilə alsınlar. Onların qarşısındakı mübariz bir xalqın məqsədi budur ki, öz istedadını üzə çıxarsın, meydana atılsın, öz işlərinə hakim olsun, ölkəsini özü idarə etsin, sərvətlərini özü çıxarsın, düzgün yerdə xərcləsin, öz etiqadları, mədəniyyəti və imanı üzərində dayansın və öz yolunu seçsin. İslam Respublikası bu yolu seçmişdir.


İslam dünyasının təsirlənməsi

İslam dünyası ötən onillər boyunca heç zaman inanmazdı ki, zahiri baxımdan belə böyük hərbi, maddi və media gücü qarşısında müqavimət göstərmək olar. Buna görə təslim olmuşdu. Bəziləri özlərini tamamilə satmışdılar. Sanki bir şəxs narkotik maddələrə alışıb, zərər olduğunu bilir, amma həmin ötəri ləzzəti ilə deyir ki, qənimət anıdır. Bəzilərinin də ürəyi yanırdı, belə vəziyyəti istəmirdilər, amma heç bir iş görə bilmirdilər.


Hegemonizm

Bu gün İslam dünyasında bu hiss yaranıb ki, qlobal hegemonizm qarşısında dayanmaq olar. Hegemonizm də təkcə ABŞ deyil, ABŞ onun bir şaxəsidir. Hegemonizm yeddibaşlı bir əjdahadır, yekə bir başı Amerikadır. Hegemon dünyanın düşünən beyni və döyünən ürəyi isə ABŞ dövləti deyil, ABŞ hökumətlərini iş başına gətirənlər; necə olursa-olsun, indiki dəli prezidenti iş başına gətirməyi lazım bilənlərdir; sionist və qeyri-sionist mərkəzləri, kapital mərkəzləri, böyük istehsal və ticarət kartelləri, yüzlərlə informasiya vasitəsi, televiziya kanalı, qəzeti və digər imkanları olan böyük bir güc mərkəzidir. Heç kim inanmırdı ki, belə bir güc qarşısında müqavimət göstərmək və hər bir məsələdə “yox” demək olar. Təəssüf ki, indi də İslam dövlətləri bunu dərk etmirlər. Onlar da “daha faydası yoxdur” - deyib təslim olurlar, xalqlar isə ayılmışlar.


İslam Respublikasının başçılarının dünyada sevilməsinin sirri

Görürsünüz ki, bizim prezidentimiz bir neçə Afrika ölkəsinə gedir və xalq onu gül-çiçəklə qarşılayır. Bu ümumiyyətlə, misilsizdir. Dünyada misli görünməyib ki, bir ölkənin prezidentini başqa bir ölkənin xalqı belə qarşılasın. Bəli, bir qrup adam nümayiş məqsədi ilə küçələrə çıxır, əl çalır və əl tərpədirlər. Amma belə böyük izdiham görünməmişdir. Mən də prezident olanda Pakistana getdiyimdə, doğrudan da qiyamət oldu. Təəssüf ki, bu mühüm tarixi hadisələr bəzilərinin yadından çıxır. Bir qədəri də bunları işıqlandırmayan media qurumlarımızın təqsiridir. Mən Pakistana gedəndə siz uşaq idiniz, bəlkə də yadınızda deyil. Orada qiyamət qopdu - İslamabadda, Ravalpindidə və hər yerdən çox Lahurda. Pakistan xalqının izdihamı İran xalqı kimi idi. Maşınımı əlləri üstündə qaldırmaq istəyirdilər. Pakistanın ozamankı prezidenti Ziyaülhəqq mənim yanımda oturmuşdu. O, xalqı görüb dəhşətə düşmüşdü. Biz İranda belə izdihamın oxşarlarını gördüyümüzdən bu rəğbətin mənasının nə olduğunu anlayırdıq. Cənab Haşimi Rəfsəncani prezident olanda Sudana getdi, onda da belə qiyamət qopdu. Cənab Xatəmi Livana və ondan bir qədər sonra Afrikaya getdi, yenə də həmin mərəkə yarandı. Onlar bir şəxs üçün bu işləri görmürlər, məsələ müsəlman İranın və İran xalqının heysiyyəti, həmçinin İslam Respublikasını, milləti və dövləti təşkil edən heysiyyət, eləcə də inqilabın və imamın şəxsiyyəti məsələsi idi.

Xalq ümidvar olmuşdur. Cənab Xatəmi deyirdi mən Afrika ölkələrinin birinin prezidentindən soruşdum ki, digər ölkə başçıları da sizin ölkəyə gələndə belə qarşılanırlarmı? Dedi bir prezident gələndə bir neçə nəfər tamaşa üçün çıxır, əl edir və bəzən də tapşırırıq ki, bəzi idarələrdən bir qədər adam gətirsinlər. O həmçinin demişdi ki, ən izdihamlı qarşılama mərasimi Jak Şirak gələndə oldu. Çünki bizim ölkəmiz keçmişdə Fransanın müstəmləkəsi olub, dilimiz fransız dilidir. Lakin Jak Şirakın qarşılanma mərasimi ilə sizin qarşılanma mərasiminiz arasında yerlə göy qədər fərq var, ümumiyyətlə, müqayisəyə gəlmir. Bu, İslam Respublikasına və onun İslam təfəkkürlərini, İslam məqsədlərini ucaltdığına, bayraq etdiyinə görədir.
Zülmə, istismarçılığa və müstəmləkəyə qarşı çıxmaq

Biz zülmə, hegemonizmə, istismarçılığa müxalifik. Biz qərara gəlmişik ki, bu yolla hərəkət edək və edirik; qərara gəlmişik ki, qorxmadan yola davam edək və edirik. Düzdür, bizim az işləməyimiz, düşmənlərin təxribatı və bəzi məsul şəxslərin bacarıqsızlıqları təsir buraxmışdır, dediklərimiz və istədiklərimiz ideal deyil, yarımçıq həyata keçmişdir. Amma bu yarımçıq da bu gün dünyanın diqqətini çəkir. Yarımçığı budur ki, biz bir zaman RPG-7 və mərmi düzəldə bilmirdik, xaricdən gətirməli idik. Amma bu gün düşmən elə bilir ki, biz atom bombası düzəldirik. Yəni inkişaf ümumiyyətlə, təsəvvürediləsi deyildi. İslam Respublikasının əvvəli ilə bugünkü elmi və praktik fərqlər demək olar ki, yerlə-göy qədərdir.


Ölkəni qurmaq

Allaha şükür olsun ki, biz inkişaf etmişik. Lakin bir ölkə bir neçə nəsil ərzində qurulur. Bu, bir bəndi, bir stansiyanı, yaxud bir zavodu tikmək kimi deyil. Bir ölkə təkcə maddi işlərlə qurulmur, onun mədəni, elmi, iqtisadi və ictimai cəhətləri də var. Bu isə bir ilin, iki ilin işi deyil, bir nəslin işi də deyil. Ardıcıl nəsillər gəlməlidirlər. Bir ölkədə əgər bütün nəsillər uğurla çalışsalar, iş çox tez və yaxşı surətdə, əgər tənbəllik və səhlənkarlıq etsələr, gec və yarımçıq şəkildə, amma hər halda, bir neçə nəsil ərzində başa çatar. Nəsil halqalarından biri sizsiniz. Bu ölkəni siz qurmalısınız.

Ölkəni bu gün universitetlərdə təhsil alanlar idarə edəcəklər. Əgər zəif olsalar, imanları zəif olsa, nəfsə meyllləri işə, çalışmağa və fəaliyyətə olan meyllərinə üstün gəlsə, şəxsi maraqlar ümumi və uzunmüddətli maraqlara üstün gəlsə, olmayacaq. Əgər savadsız yetişsələr, dərs oxumasalar, tədqiqat aparmasalar, elmi sözün həqiqi mənasında məhsuldar etməsələr, elmin mövcud sərhədlərini keçib irəliləməsələr, həmişə digərlərinin sözlərinin istehlakçısı olsalar, olmayacaq. Sizin vəzifəniz bunlardır. Mənim bu məsələləri mömin və saleh gənclərə təkidlə tövsiyə etməyim buna görədir.
Siyasi baxış

Siz bir təşkilat olaraq təkcə özünüzü yox, tələbə və universitet mühitini islah etməkdə də rol oynamalısınız. Bir təşkilat bütün bu sahələrdə təsirli olmağı bacarmalıdır. Elm, fəaliyyət, hərəkət və düzgün siyasi baxış lazımdır. Əgər düzgün siyasi baxış olmasa, insan səhvə yol verər. Əgər düzgün siyasi baxış olmasa, insan bəzi vaxtlar özünün bütün duyğularını tamamilə düşmənin xeyrinə olan yerə sərf edər; necə ki, bəzilərinin bu işi gördüyünü bilirsiniz. Eyni gənclik duyğuları, eyni tələbə mənliyidir, lakin istiqamət yanlış və səhvdir, ölkənin gələcək təməllərinin möhkəmləndirilməsinə yönəlməyib, onun əksi ilə tamamlanır, düşmənin xeyrinə və düşmən üçündür. Deməli, salehliyin, mənəviyyatın, Allaha diqqətin və Ona arxalanmağın yanında elm, tədqiqat, gənclik fəallığı, düzgün siyasi baxış və gələcəyə ümid də lazımdır.


Ümid

Ümid çox mühümdür. Düşmənin işlərindən biri budur ki, daim desinlər: “Cənab, olmur, bacarmırsınız”; “Gələcək qaranlıqdır”; “Məgər mümkündür?!”; “Tezliklə düşmən belə edəcək, elə edəcək”. Xeyr, düşmən heç bir qələt edə bilməz. ABŞ-ın indiki prezidenti İslam Respublikasını məhv etmək qərarına gələn beşinci prezidentdir. Ondan qabaq dördü gəlib-gedib: Karter, Reyqan, ata Buş və Klinton. Onların hər biri bir yolla İran xalqının və İslam Respublikasının kökünü kəsmək qərarına gəliblər. Şair deyir ki, biri öldü, biri murdar oldu, biri də Allahın lənətinə giriftar oldu.


Daxili birlik

Biz möhkəm dayanmalı və nə iş gördüyümüz bilməliyik. Mənim sizə tövsiyələrimdən biri budur ki, öz daxili və qardaşcasına birliyinizi ehtiyatla qoruyun. Üsul fərqlərinin aranızda ixtilaf yaratmasına qoymayın; misal üçün, gələcək prezident seçkilərinə namizəd kim olsun, kim olmasın. Belə məsələlərdə çox tələsmək lazım deyil, diqqətlə və hövsələ ilə işləmək lazımdır.

Allah-Taaladan kömək istəyin, O sizə kömək edəcək. İnşallah, həzrət İmam Mehdinin xeyir-duaları sizə şamil olsun. Biz sizin kimi yaxşı və mömin gənclərlə fəxr edirik və Allahdan istəyirik ki, salehliyinizi, möhkəmliyinizi, lütf və nurunuzu günbəgün artırsın!

Allahın salamı və rəhməti olsun sizə!




1 “Vilayət layihəsi” çərçivəsində tələbə və şagirdlərlə görüşdə çıxışı: 8 avqust 2002.

2 Şərqi Avropa İslam təşkilatları ittifaqının bir qrup tələbəsilə görüşdə çıxışı: 10 avqust 2002.

3 Tövbə/33.

4 Tələbələrin İslam cəmiyyətinin üzvləri ilə görüşdə çıxışı: 7 sentyabr 2002.

5 Nisa/141.

6 Hud/113.

7 Ölkə universitetlərinin müəllimləri ilə görüşdə çıxışı: 13 noyabr 2002.

8 Universitetlərin elmi nümunələri ilə görüşdə çıxışı: 28 noyabr 2002.

9 Şəhid Behişti Unversitetinin müəllimlərilə görüşdə çıxışı: 12 may 2003.

10 Şəhid Behişti universitetinin tələbələri ilə görüşdə çıxışı: 12 may 2003.

11 Şəhid Behişti Universitetinin tələbələri ilə sual-cavablar: 12 may 2003.

12 Bəsic üzvü olan müəllim və tələbələrlə görüşdə çıxışı: 8 iyun 2003.

13 “Vilayət layihəsi”nin tələbələri ilə görüşdə çıxışı: 4 sentyabr 2003.

14 Zəncan vilayəti universitetlərinin müəllim və tələbələri ilə görüşdə çıxışı: 14 oktyabr 2003.

15 Nümunəvi tələbələrlə görüşdə çıxışı: 22 oktyabr 2003.

16 Tələbə təşkilatları, mərkəzləri, jurnalları, dini heyətləri və nümunəvi tələbələrlə görüşdə çıxışı: 6 noyabr 2003.

17 Qəzvinli müəllim və tələbələrlə görüşdə çıxışı: 17 dekabr 2003.

18 Yəqubi tarixi, c. 2, səh: 210.

19 "Əl-Kafi", c. 1, səh: 12.

20 Nəhcül-bəlağə, xütbə 1.

21 Universitet cihadı təşkilatının ekspertləri və Elmi şura üzvləri ilə görüşdə çıxışı: 21 iyun 2004.

22 "Bəqərə"/205.

23 Həmədan universitetlərinin müəllim və tələbələri və həmədanlı gənclərlə görüşdə çıxışı: 7 iyul 2004.

24 Vilayət layihəsində iştirak edən tələbələrlə və Tələbə Bəsicinin rəhbərləri ilə görüşdə çıxışı: 31 avqust 2004.

25 Nümunəvi gənc və tələbələrlə görüşdə çıxışı: 27 sentyabr 2004.

26 "Əl-İrşad", c. 1, səh: 227.

27 Mübarək ramazan ayında tələbələrlə görüşdə çıxışı: 31 oktyabr 2004.

28 Müstəqil İslam birliklərinin baş katibi cənab Pərviz Əmini.

29 Universitet müəllimləri ilə görüşdə çıxışı: 16 dekabr 2004.

30 Təhsil naziri və universitet rektorları ilə görüşdə çıxışı: 6 yanvar 2005.

31 Tələbələrin İslam birliyinin üzvləri ilə görüşdə çıxışı: 4 fevral 2005.

Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin