AZƏRBAYCAN TARİXİNİN III RESPUBLİKA DÖVRÜNƏ AİD MƏNBƏLƏR Qanunvericilik sənədləri. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkənin həyatındakı ictimai-siyasi dəyişikliklər və bunların qanunvericilik sənədlərinin xarakterinə, forma və məzmununa təsiri.
Qanunvericilik sənədlərinin təsnifatı və növləri. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı və həmçinin Azərbaaycan Respublikası Konstitusiyasının mənbə kimi öyrənilməsi problemlərinə diqqət yetirilir. Tələbə qanunvericilik sənədlərinin işlənməsi qaydası və mərhələləri, onların imzalanması, elan və nəşr olunması haqqında məlumat əldə etməklə bərabər, bu sənədlərin mənbəşünaslıq təhlilinin həyata keçirilməsi ilə də tanış olur. Daxili və xarici siyasət sahəsində qəbul edilmiş qanunvericilik aktları öyrənilir.
Kargüzarlıq sənədləri.Dövlət idarələrinin və müəssisələrinin, özəl müəssisələrin, ictimai təşkilatların sənədləri, onların xüsusiyyətləri və qrupları haqqında məlumat verilir.
Statistik mənbələr. 90-cı illərin statistik mənbələrinin xüsusiyyətləri və xarakteristikası ilə tanış olan tələbə, habelə bu mənbələrin elmi təhlil üsullarına yiyələnir. 1999-cu il əhali siyahıyaalınması, onun məlumatlarının Azərbaycan əhalisinin sayını, yerləşməsini, ümumi demoqrafik göstəricilərini, miqrasiyanı və s. öyrənmək üçün əhəmiyyətini müəyyənləşdirir.
İctimai təşkilatların və siyasi partiyaların sənədləri.1991-ci il sentyabrın 14-də AKP-nın buraxılmasından sonra Azərbaycanda çoxpartiyalı sistemin yaranması, müxtəlif müxalifət və iqtidar partiyalarının proqram və nizamnamələrinə, həmçinin digər sənədlərinə, onların mənbəşünaslıq təhlili məsələlərinə diqqət yetirilir.
Dövri mətbuat. 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası dövri mətbuatının məzmununu və istiqamətini müəyyən edən bir sıra amillər nəzərə alınmaqla bu dövrdə nəşr olunan mətbu orqanlarının materiallarının mənbəşünaslıq təhlili həyata keçirilir.
80-ci illərin sonu - 90-cı illərin əvvəllərində ölkənin həyatında baş vermiş ictimai-siyasi dəyişikliklər qanunvericilik sənədlərinin xarakterinə, forma və məzmununa təsir etdi. Qanunvericilik sənədləri şərti olaraq aşağıdakı kimi təsnif olunur: daxili siyasət aktları, xarici siyasət aktları.