Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik.
Anlayışlar olmadan heç bir fikir söyləmək mümkün olmazdı. Anlayışın əsas xüsusiyyətini onun
ümumiləşdirmə qabiliyyəti təşkil edir. Anlayış hər bir əşyanı, hadisəni deyil, uyğun,
eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək əks etdirir:
məsələn, "çay", "torpaq", "vətən" və s. anlayışları kimi. Danışığımızda işlənən bu
ümumi anlayışlardan başqa, bir də ayrı-ayrı elm sahələrində işlədilən anlayışlar vardır:
"elektrik", "komediya", "siyasət", "bazis" və s. Lakin elə anlayışlar da vardır ki, onların
ümumiləşdirmə imkanı, əhatə dairəsi çox
genişdir; onlar nə elmin bir sahəsi, nə də
varlığın bu və ya başqa sahəsi ilə məhdudlaşmır, bütöv gerçəkliyə aid olurlar. Belə
anlayışlar ən ümumilik və qanunauyğunluq bildirirlər. Bu cür ən ümumi, fundamental
anlayışları kateqoriyalar adlandırmaq olar. Məsələn, "varlıq", "təfəkkür", "idrak",
"qanun", "hərəkət", "inkişaf", "əlaqə", "səbəb" və s. fəlsəfi anlayışlar - kateqoriyalardır.
Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar:
idrakın xüsusi növ pilləsi və forması olmaqla kateqoriyalar real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkürdə predmet, hadisə və proseslərin dəyişmə və inkişafını şərtləndirən obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən an ümumi və fundamental fəlsəfi anlayışlardır. Kateqoriyalar haqqında ilk təsəvvürlər çox qədim dövrlərdə - varlığın əsas
prinsiplərini müəyyənləşdirmək məqsədilə meydana çıxmışdır. Kateqoriyalar haqqında
ilk mükəmməl fəlsəfi baxış Aristotelin
"Kateqoriyalar" adlı traktatında verilmişdir.
Aristotel dünya və onun dərk edilməsi vasitələrindən bəhs edərkən kateqoriyalara
gerçəklikdə obyektiv mövcud olan əşyaların, hadisə və proseslərin başlıca, mühüm
xassələrini əks etdirən
ümumi anlayışlar kimi baxmışdır. Aristotel hətta kateqoriyaların
təsnifatı sisteminə dair xüsusi bölgü cədvəli də vermişdir. Aristotelə görə kateqoriyalar
bunlardır: