ÇİRKAB BARƏDƏ FƏSİL
235
Solmuş yarpaq kimisən sən indi və Yamanın elçiləri dalınca gəlmişlər. Və sən ölümün astanasında dayanmısan. Və sənin yola heç bir ehtiyatın yoxdur.
236
Özünə ada yarat, səylə mübarizə apar, müdrik ol. Çirkabdan təmizlənərək, qüsursuz halda, sən nəciblərin göy səltənətinə yetişəcəksən.
237
Budur həyatın sona çatmışdır. Yamaya yaxınlaşmısan, lakin sənin hətta evin belə yoxdur. Və yola ehtiyatın belə yoxdur.
238
Özünə ada yarat, səylə mübarizə apar, müdrik ol! Çirkabdan təmizlənərək, qüsursuz halda, sən bir daha doğulma və qocalıqla üzləşməyəcəksən.
239
Tədricən, az-az, vaxtaşırı müdrik öz üzərindən çirki çırpmalıdır, zərgər üstündəki zərləri çırpan kimi.
240
Dəmirdə yaranan pas onu yediyi kimi (hərçənd, onun özündən yaranmışdır), beləcə şəxsi əməllər də dhonanı1 aşan insanı bədbəxtliyə gətirib çıxarır.
241
Yazı çirklənir, onu təkrarlamayanda: evlər çirklənirlər, onlara baxmayanda, gözəllik tənbəlliklə çirklənir; yüngüllük ayıq insanın çirkidir.
242
Qadının pis hərəkəti – çirkdir; verənin cimicliyi – çirkdir; həm bu dünyada, həm də o dünyada şər dhammalar – çirklidirlər.
243
Lakin hər şeydən çirkli olan isə cəhalət çirkidir, çirklərin ən pisi; bu çirkdən azad olduqda, siz, ey bhikşular, çirkdən qurtulmuş olacaqsınız!
244
Həyasız olana yaşamaq asandır, qarğa kimi, həddini bilməyən, sırtıq, düşüncəsiz, pozğun olana.
245
Lakin təvazökar olana yaşamaq çətindir, daima təmiz olanı axtarana, tərəfkeşsizə, soyuqqanlıya, bəsirətliyə, həyatı təmiz olana.
246-247
Həyatı məhv edən və yalan danışan, bu dünyada ona verilməyəndən yapışan və başqasının arvadının yanına gedən, əyyaşlıq edən, – bu dünyada öz kökünü qazıyandır.
248
Bunu bil, ey insan! Şər dhammalar sərhəd tanımır. Və qoy simiclik və dhammanın yoxluğu səni uzun müddətə şərə bağlamasın.
249
Insanlar imanlarına müvafiq verirlər, nə qədər lazım bilirlərsə, o qədər. Başqalarına nəsib olan yeməyə və içməyə həsəd aparan kəs isə nə gündüz, nə də gecə zikrə nail ola bilmir.
250
Həsədi məhv olmuş, kökündən qoparılmış, ləğv edilmiş kimsə isə gündüz də, gecə də zikrə nail ola bilər.
251
Ehtirasa bərabər atəş yoxdur, qəzəbə bərabər tutma1 yoxdur, aldanışa bərabər tor yoxdur, arzuya bərabər çay yoxdur.
252
Başqalarının günahlarını görmək asandır, özününkülərini isə, əksinə, çətindir. Zira özgə günahlarını kəpək kimi aləmə səpərlər; özünküləri isə, əksinə, gizlədərlər, mahir fırıldaqçı bəd düşmüş zəri gizlədən kimi.
253
Özgə günahlarını güdən və daima qıcıqlanmış olanın arzuları artır; arzuların məhvindən uzaqdır o.
254
Göydə yol yoxdur; bizdən kənarda zahid yoxdur. Insanlar illüziyalarda sevinc axtarırlar, Tathaqatlar2 illüziyalardan azaddırlar.
255
Göydə yol yoxdur; bizdən kənarda zahid yoxdur. Əbədi sankhara yoxdur; nurlanmışlarda daimilik yoxdur.
-
Dostları ilə paylaş: |