Qədim Çin
Plan:
1. Erkən sülalər
2. Sin sülaləsinin hakimiyyəti dövrü
3. Xan sülaləsinin hakimiyyəti dövrü
Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir.
1923-cü ildə Pekin yaxınlığında tapılan "pekin insanı"nın (Sinanthropus pekinensis)
qalıqlarının tarixi 400-300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın (Homo sapiens) ilkin
forması Çində təxminən 40 min əvvəl yaranıb.
E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan
əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti
meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz
saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar.
E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) Lunşan son neolit
mədəniyyəti meydana gəlir. Şan-İn sülaləsində olduğu kimi Lanşon mədəniyyətində də
gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.
Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənubunda
kifayət qədər oxşar mədəniyyətlər – Taosı (e.ə. XXV-XIX əsrlər) və Erlitou (e.ə. XXI-XVII
əsrlər) mövcud idi, bunlar da mis və gümüşün işlənməsinin meydana gəlməsi ilə xarakterizə
olunurlar.
Çinlilər qədim və çoxəsrlik tarixə malik olmaları ilə fəxr edirlər. Lakin başqa nöqteyi-nəzər
də mövcuddur. Çin tarixini öyrənən bir çox tədqiqatçılar onun böyük bir hissəsini mifik və
əfsanəvi hesab edirlər. Çinin ənənəvi tarixşünaslığında ölkənin tarixi sülalələr mərhələsinə –
eyni hökmran ailənin nümayəndələrinin hakimiyyət dövrlərinə bölünür. Hər bir sülalənin öz
xüsusi adı var. Hər şeydən əvvəl sülalənin banisinin mənsub olduğu xalq və ya xanədanlığın
adlarından istifadə olunurdu. Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud
idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu
dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü
ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir
neçə müxtəlif devizə malik ola bilərdi.
Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 - E.ə. 1766-cı illər).
Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə
imkan vermir. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı.
Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin
mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti
zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara
məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi.
O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin
tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı. Paytaxtın Anyanaköçürülməsi İn
mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının
və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə
əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.
Şan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun
inkişafı isə yüksək səviyyəyə çatdı. Bu dövr haqqında məlumatlar tısbağa qınından və
gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki
yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara
çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar
cəmiyyət idi. Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə
yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə
etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi
hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar
dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara
hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı.
Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.
Şan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə
edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar
ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.
E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan
əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını
qurdu.
Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100 - E.ə.
221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122 - E.ə. 771-ci illər) və Şərqi Çjou (Sonrakı)
(E.ə. 770 - E.ə. 256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların
yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan
dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər. Çjou hökmdarlarının
ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında).
Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri
yaxınlığında).
Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo
konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin,
Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı
adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz.
Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə –
barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı.
"Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş,
əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə
başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və
tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası
aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və
saxlayırdı.
Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da
kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin
paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin
hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə.
476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda
qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik
hökmdarlıqlar yarandı.
Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda
yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük
və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin
hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq
etmişdir.
Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının,
baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də
düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı.
Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.
E.ə. IV-III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə
şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi
məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228 - e.ə. 221-ci illərdə isə digər
hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.
Tsin Şixuan Vuruşan hökmdarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə
çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin imperiyasını yaradır.
Tsin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çin
tarixində Erkən İmperiya dövrü adlanır. Tsin imperiyası cəmi 14 il mövcud olmuşdur.
Lakin bu dövrdə çoxlu sayda islahatlar həyata keçirilmişdir: ölkənin inzibati-ərazi
dairələrinə bölünməsi; mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və
çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. Böyük Çin səddinin tikilişi
də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq səkkiz hökmdarın dövründən mövcud
idi, lakin əsasən şimal və qərbdən köçəri tayfaların hücumları təhlükəsi ilə əlaqədar onların
birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə imperator Tsin Şixun çox
böyük sayda insan – səkkiz hökmdarın süqutu nəticəsində ələ keçirilmiş əsirləri və
həmçinin torpaqsız kəndliləri cəlb etmişdi. Bununla əlaqədar konfutsiçilər imperatoru
despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o isə öz növbəsində
e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırmağı, 416 konfutsiçini isə boynuna
qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etdi.
O, öz şəxsi fəlsəfəsinə (leqizm) ehtiyac olduğundan fa-tszyanı yaratdı. Fa – Çin dilində
qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları
konfutsiçiliyi özlərinin qatı düşməni hesab edirdilər, belə ki, Konfutsi ön plana əxlaqi
keyfiyyətləri çəkirdi və qaydalara riayət etməyi təkcə sıravi vətəndaşlardan deyil,
imperatordan da tələb edirdi. Fa-tszyanın ardıcılları birbaşa bəyan edirdilər ki, əxlaqla
siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların
yaradıcısıdır.
Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın
ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu
Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və
paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə
ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı
üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün
əsas və sonuncu rəqibini – zadəgən ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-
tszu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma,
Xristianlıq və Məsihlə bir dövrə təsadüf edirdi. Lyu Ban Çanan şəhərini imperiyanın
paytaxtı elan etdi.
Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi)
və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və
8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.
Bu dövrlər arasındakı eramızın 9-25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi
hakimiyyətdə olmuşdur.
Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub
saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik
torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 - E.ə. 87) mərkəzi hakimiyyətin
gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Tsin
dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət
daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179-122-ci illər) özünün kifayət
qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə
maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179-104-cü illər) tərəfindən həyata keçirilir.
Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin
imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir.
Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların
sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Xan dövründə "Dəyişikliklər
kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və
rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e.
27-97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və
daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.
Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları
xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-
cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün
əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan
başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər.
Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı
ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr
kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər",
Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və
"Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy
sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən
imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü
imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim
sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər
möhkəmləndirilmiş və tətbiq edilmişdir.
İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç
minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı.
Bu sülalənin ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə qayıdan beşinci imperator
Udiy (e.ə. 140-87-ci illər) olmuşdur. Öz hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən
feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik
feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin ideya istinadgahıdır.
İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq üçün Konfutsinin müqəddəs
kitablarındakı mətnləri bilmək lazımdır. Onun hakimiyyəti dövründə Çin çox gücləndi.
İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan
Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə adlanmırdı, Vyetnamdan
Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünki
miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı
Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır. Bu sülalənin bir xarakterik
cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır.
İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs yaşayırdı, o, Çin
tarixşünaslığının əsasını qoymuş və ilk dəfə olaraq tarixi monoqrafiyanın kompleks
prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə
traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni
zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı
tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq
ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan
tarixini Çin mənbələrindən öyrənirlər.
Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq e. 9-25-ci illərində Sin –
"Yeni" imperiyası mövcud olmuşdur. Öz hakimiyyətinin lap əvvəllərindən imperator Man
Van islahatlara başladı ki, bunların da əsas məqsədi dövlət hakimiyyətinin
möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. Lakin Van Manın
şöhrətpərəst niyyətləri onu özlərinə əngəl törədəcək heç bir dəyişikliyi arzulamayan
mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından
məyus olmuşdular.
11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq
məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı.
Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı.
Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları
qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt
Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.
Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu
zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı
məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur
oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25-220-ci
illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.
Şərqi Xan sülaləsi hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə
davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə
qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət
vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.
Sonrakı Xan dövründə əvvəllər itirlmiş ərazilərin bərpası üçün çox cəhdlər edildi. Köçəri
hunlarla mübarizədə qələbə çalındı. 73-cü ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki
müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son
nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə o,
hunlara sarsıdıcı zərbə vurdu, 97-ci ildə isə Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan
general, Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük
ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək,
zərxara, bəzək məmulatları və çini qab idxal edirdi. Şərqi Xan sülaləsi zamanında incəsənət,
təhsil və elm çiçəkləndi. Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri
yığıldı. Imperator Çjan-linin hakimiyyəti dövründə (75-88-ci illər) Bayxuquan zalında
dövlət ideologiyası prinsiplərinin işlənib hazırlanması məqsədilə klassik kitabların
müzakirəsi keçirilmişdi.
Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. Buddist missioner An Şiqao 148-
ci ildə Loyana gəlib çıxır, bunun da nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata
keçirilməyə başlanır.
Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi ucbatından imperiyanın
siyasi həyatı çox əziyyət çəkirdi. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti
saymamağa başladılar. Əyanlar və sərkərdələr arasında mübarizə başladı.
Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 illik tsiklin başlanğıcı olaraq
184-cü ildə "sarı sarıqlılar" üsyanı baş qaldırdı, onun nümayəndələri fərqlənmək üçün
başlarında sarı sarıq gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçlıq edirdi, o,
"böyük səadət yoluna" (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda yaratmağa çağırırdı.
Qiyamçılar iki mindən çox əyanın qırğınını törədən və bir-birinin ardınca diktatora çevrilən
generalların tərəfinə keçdilər. 207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsao Tsao
hakimiyyətə gəldi. Tsao Tsaonun ölümündən sonra onun oğlu Tsao Pey gücsüz Xan
imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey hökmdarlığını yarada bildi. Bu Xan
sülaləsinə son qoydu.
III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal
münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi,
Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq
üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii
sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan
istifadəyə görə vergi verirdilər.
Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi
məmurlarına töycü və dövlət vergisi verirdi. Kəndlilər məhsul vergisi ilə yanaşı, ağır
mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi
çəkirdilər.
VI-VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi "güclü ailələr" var idi. "Güclü ailələr"
kəndlilərin torpağını ələ keçirir, onları özlərindən asılı olan icarədarlara çevirirdilər,
nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-
birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti
gücləndirmək üçün tədbirlər görür, "güclü ailələr"in torpaqlarını müsadirə edib kəndlilərə
paylayırdılar. Beləliklə, III-VII əsrlərdə Çində dövlətin "güclü ailələr"ə qarşı mübarizə
aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi.
Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət
müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri
paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda
əldə edilən məhsuldan bir hissə dövlətə verilir, digər hissə mülkiyyətçiyə qalırdı.
Feodalizmin inkişafı nəticəsində varlanan feodallar VII əsrdən başlayaraq dövlət
torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı
kəndliyə çevrildilər. Kəndlilər feodala vergi (töycü) verməli, onun üçün əvəzi ödənilməyən
işlər görməli, yəni biyara getməli idilər,
Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir.
Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib
çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.
Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində
mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən
fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər
bir çinli üçün ilk növbədə sosial etika və inzibati praktika müstəsnalıq kəsb edirdi.
Qədimdən başlayaraq çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə
xarakterikdir. Çinin erkən dinlərində yunan mifologiyasındakı allahların insan və canlı
surətlərinə rast gələ bilmərik. Zevsin yerini bu mifologiyada mücərrəd və soyuq
substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani hiss və
həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha
humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik
nəticələrə gətirib çıxartdı. Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa,
təzahür olunmağa başlayır. Mif yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və ədalətli
hakimlərin mifəbənzər, tarixiləşdirilmiş əfsanələrindən əldə edilir. Əfsanələrdəki
qəhrəmanlara yüksək etik xüsusiyyətlər (ədalətlilik, müdriklik, xeyirxahlıq, sosial
harmoniyaya cəhd və s.) xasdır. Bu qəhrəmanların həyatı dini ideyalar, fövqəltəbiilik,
mistik dərketmədən uzaqdır. Görkəmli tarixçi L.S.Vasilyevin sözlərinə görə, qədim Çində
erkən vaxtlardan demifologiyalaşma prosesi gedir, allahlar sanki yerə enərək müdrik və
xeyirxah ədalətli xadimlərə çevrilir və Çini əsrlərlə idarə etməyə başlayırlar. Artıq Xanın
dövründə (b.e.ə. III əsr – b.e.-nın III əsri) vəziyyət dəyişir və ritual etika çin ənənəvi
mədəniyyətinin əsas simasını təmin edir. Bir qədər sonralar konfutsiçilik, daosizm, moizm
və buddizm çin mədəniyyətini zənginləşdirdi. Burada ən vacib rolu sosial-siyasət və
inzibatçılığı dini-etik norma və tələblərə tabe etdirən konfutsiçilik oynadı. Daosizm də bir
dini ideologiya kimi Çin mədəniyyətində xüsusi yer tutdu. Astrologiya, alkimya, çin
təbabəti və s. – bütün bunlar daosizmin məhsullarıdır. Daosizm bir çox şair, rəssam və
filosofları da öz ətrafında birləşdirmişdi. Bu, əlbəttə ki, konfutsiçiliyə qarşı çıxış deyildi,
əksinə, daoçu ideyalar məhz konfutsi fəlsəfəsi əsasında bəhrələnmiş və yaradıcılıq üçün
yeni imkanlar açmışdır. Ənənəvi Çin mədəniyyətinə buddizm özünəməxsus təsir
göstərmişdir. Bu, din Çinə I-II əsrlərdə maxayananın şimal formasında daxil olmuşdur. Bu,
Çinin həmin dövrdəki incəsənətini, ədəbiyyatını və xüsusilə də, memarlığını təzahür etdirir.
Çoxsaylı məbədlər, monastırlar, nəhəng mağara və qaya kompleksləri, bədii kamillik,
bütövlük mücəssəməsi olan paqodalar Çin memarlığına yeni sima bəxş edərək, sözün əsil
mənasında onu dəyişdirmişdi. Çində ilk budda ehramı b.e. 67-ci ildə Loynada Ağ at
məbədi kimi tikilmişdir. Çin budda memarlığının qızıl dövrü III-IV əsrləri əhatə edir. Bu
dövrdə çoxsaylı paqodalar (budda məbədləri), buddanın simvolik rəmzinə çevrilmiş
çoxtəbəqəli tikililər Çinin milli iftixarıdır. Belələrindən ən görkəmliləri Lunmenya,
Yunhana, Dunxuana mağara kompleksləridir ki, burada dairəvi heykəltəraşlıq və freska,
barelyeflər müstəsnalıq təşkil edir. Buddizm Çin nəsrinin də əsasını qoymuşdur. Budda
prototiplərinə həsr edilmiş novellalar bədii nəsrin aparıcı növlərindən birinə çevrildi. Bu isə
öz növbəsində klassik Çin romanının təşəkkülünə ciddi təsir göstərdi.
Dao monastırları kimi, budda monastırları da Çin mədəniyyətinin mərkəzlərindən biri
olmuşdur. Bu mədəni ocaqda şair, rəssam, alim və filosoflar vaxt keçirərək, öz əsərlərinin
ilham duyğusunu, məhz buradan əldə edirdilər. Monastırların arxiv və kitabxanalarında
Çinin yazılı mədəniyyətinin ən nadir və dəyərli inciləri qorunub saxlanılırdı. Bütün bunlar
isə sənətsevər rahiblərin – tərcüməçilərin, surət çıxaranların hesabına həyata keçirilirdi. Çin
budda sənətkarları kitab çapı üçün vacib peşə hesab edilən ksiloqrafiya sənətinin də əsasını
qoymuşlar.
Çin xalqının mədəniyyətinə təsir göstərən buddizm əlamətlərindən biri də onun fəlsəfə və
mifologiyası olmuşdur. Bu fəlsəfədə yoqların gimnastik təcrübələrindən başlamış, cənnət,
cəhənnəm haqqındakı təsəvvürlərə qədər olan hər şey öz əksini hekayə və əfsanələrdə
tapmışdır. Müqəddəs budda qəhrəmanlarının obrazı real tarixi qəhrəmanların həyatı ilə
qarşılaşdırılır. Quaninin obrazı (bodhisatva Avalokiteşvara) Çində Çcou knyazlarından
birinin qızının adı ilə bağı idi. Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir
əlaqədardır. Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu
əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir çox saat ərzində hərəkətsiz
qalmalıdır. Bu zaman mürgüləmək və ya yuxuya getmək – böyük günah, eyib hesab
edlirdi. Lakin bir dəfə görkəmli patriarx Bodxidxarma etiqad prosesində özü də bilmədən
yatır. Oyandıqdan sonra hiddətlənən patriarx öz kipriyini kəsir. Bu zaman yerə düşən qan
damlalarından çay kolunun yarpaqları yaranır. Ondan hazırlanan içki isə insana gümrahlıq
bəxş edir. Bu bir əfsanə olsa da onun mahiyyətində böyük bir hikmət vardır.
Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmışəsərlər
həqiqətən də möhtəşəmdir. Çin ənənəvi ədəbiyatı xronoloji prinsipə uyğun olaraq beş
mühüm tarixi mərhələyə bölünür: b.e.ə. 206-cı ilə qədər; b.e.ə. 206 – b.e. 618-ci il; 618-
1279; 1279-1911 və 1911-ci ildən bu günüdək (bunlar 1911-1949-cu illər və 1949-cu
illərdən bu günə qədərki dövrü əhatə edən yarım qruplara bölünür).
Qədim Çin ədəbiyyatının ən məşhur abidəsi poetik ontologiya olan «Şitszin» («Nəğmələr
kitabı») hesab olunur. Antologiyada 305 sayda şer toplanıb ki, bunlar da üç mühüm himn
qrupuna (sun), odadan ibarət iki qrupa (ya), və 15 nəğməni əhatə edən (qofen) əsərlərə
bölünür. Odaların ya (böyük, nəhəng) qrupunda saray həyatı tərənnüm olunursa, syao-ya-
da (kiçik) cəmiyyəti tənqid edən müxtəlif bayramlar ifadə edilir. Şerlərin birinciləri Qərbi
Çcou dövrünə (b.e.ə. XI əsr), sonuncu isə Yaz və Payız dövrünə (b.e.ə. VI əsrə) aiddir.
«Nəğmələr kitabı»nın ənənələri 300 ildən sonra da Çin ədəbiyyatının görkəmli
|