XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   2   3   4   5   6   7   8   9   ...   19

 
 
 
 
 
 
 
2.2.
 
Mühacirət mətbuatı. 
 
Azərbaycan  mühacirlərinin  təşkilatlanmasını  mətbuatsız 
təsəvvür etmək mümkün deyil. Mətbuat təkcə fikir, məlumat ya-
yan  deyil,  həm  də  adamları  fikir,  ideya  ətrafında  birləşdirən  bir 
vasitədir. 
     Mühacir  mətbuatının  əsasını,  bu  sahədə  hələ  Azərbaycan 
Demokratik  Respublikası  qurulana  qədər,  birinci  mühacirət 
dövründə yetərincə təcrübə toplamış M. Ə. Rəsulzadə qoydu. 
     M.  B.  Məmmədazadə  yazir:  “Yalnız  Azərbaycanlıların 
deyil,  bütün  əsir  türklərin  xaricdə  çıxardıqları  ilk  dərgi  olan  və 
istila  altındakı  bütün  əsir  millətlərin,  bilxassə  Qafqasya  millət-
ləriylə  Türk  və  müsəlman  ellərinin  həyat  və  mücadiləsini  əks 

 
 
107 
etdirən “Yeni Qafqasya” ilə başlayan milli nəşriyyat, milli istiqlal 
savaşımızın tarixi vəsiqələri olaraq qalacaq” [32, N-7(19), 1953]. 
     Dərginin  “Yeni  Qafqasya”  adlandırılmasından  da  görü-
nürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş 
birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdu. Son dərəcə 
zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm 
də  Türkiyə  ictimaiyyətinin  siyasi  zümrəsini  ideoloji-siyasi 
cəhətdən  hazırlamaq  istiqamətində  “Yeni  Qafqasya”  çox  işlər 
gördü.  Sahibi  və  mühərriri  M.  Ə.  Rəsulzadə  olan  “Yeni  Qaf-
qasya”nın məsul redaktoru dağıstanlı Səid Əfəndi, redaksiya he-
yətinin  üzvləri  isə  Ş.  Rüstəmbəyli,  Əhməd  Cəfəroğlu,  X. 
Xasməmmədov,  Əmin  Abid  (Gültəkin)  və  Buxara  Respublika-
sının sabiq prezidenti Osman Xoca idi. “Səid Əfəndi 1925-ci ildə 
Avropa papaxlarının Türkiyədə geyilməsi əleyhinə təbliğat apar-
dığına görə həbs edilmişdi. 1926-ci ilin fevralında bəraət almasına 
baxmayaraq Türkiyə respublikasının o zamankı qanununa əsasən 
redaktor vəzifəsində çalışa bilməzdi” [80, v.36]. 
     1925-26-cı  illər  arası  qısa  fasilədən  sonra  ayda  iki  dəfə 
çıxan dərgi, Əhməd Həqqinin redaktorluğu ilə yenidən fəaliyyətə 
başladı. 
     “Yeni Qafqasya” Sovet hökumətini çox narahat etdiyindən 
Kommunist  Partiyasının  qurultaylarında,  konfranslarda  ondan, 
ümumiyyətlə  bütöv  mühacirətdən  tez-tez  gileylər  eşidilirdi. 
Çiçerin, Bağırov, M. Huseynov və b. yüksək tribunalardan Tür-
kiyə hökumətinə təzyiqlər göstərməyə, “müsavatçılarla daxildə və 
xaricdə mübarizə aparmağa çağırırdı” [145, s.189]. 
     “Sadəcə olaraq 1927-ci ilin axırlarında “fasilə verən” “Yeni 
Qafqasya” öz yerini 1928-ci ildə eyni proqramla və eyni hərarətlə 
çıxan  “Azəri  Türk”ə  vermişdi”  [145,  s.194].  “Azəri  Türk”ün 
məsul  redaktoru  Məmməd  Axundzadə  idi  (Azərbaycan  Gənclər 
Birliyinin sədri). 
     1929-cu ildə “Azəri Türk”ün nəşri dayandırıldıqdan sonra, 
M.  Ə.  Rəsulzadənin  baş  redaktorluğu  ilə  1929-1931-ci  illərdə 
“Odlu Yurt” məcmuəsi dərc olunmağa başladı. İmtiyaz  sahibi A. 

 
 
108 
Kazımzadə, məsul müdiri İ. Kamal olan “Odlu Yurt” Azərbaycan 
mühacirlərinin  ΙΙ  Dünya  müharibəsi  başlayana  qədər  Türkiyədə 
çıxardıqları axırıncı siyasi yönlü məcmuə idi. 
     1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk 
siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin 
imtiyaz sahibi də A. Kazımzadə, məsul müdiri Kamal idi. (1931-
ci ildə məsul müdir M. B. Məmmədzadə oldu). 
     1931-ci  ildə  Türkiyədəki  Azərbaycan  siyasi  mühacirləri 
SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldıqdan sonra, siyasi mətbuatın 
da fəaliyyəti uzunmüddətli fasilə verməli oldu. 
     Ə. Cəfəroğlunun 1931-1934-cü illərdə çıxardığı “Azərbay-
can  Yurt  Bilgisi”  məcmuəsi  siyasətdən  uzaq  olsa  da  Türkiyə 
hökuməti onun da nəşrinə icazə vermədi. (Məcmuə 1954-cü ildən 
yenidən nəşrinə başladı). 
     1931-ci ildən mühacirət mətbuatının Avropa dövrü başlayır. 
     M. B. Məmmədzadə yazır: “Bolşeviklərin bayram etdikləri 
günlərdə,  1932-ci  il  dekabrın  10-da  Berlində  “Yeni  Qafqasya”, 
“Azəri  Türk”,  “Odlu  Yurt”  və  “Bildiriş”  redaksiyalarının  iştira-
kıyla və eyni proqramla “İstiqlal” qəzeti nəşrə başlamışdı” [145, 
s.198]. 
     1934-cü ildə isə Berlində Hilal Münşinin redaktorluğu ilə 
əsası qoyulan “Qurtuluş” dərgisi, 1939-cu ilin sentyabrına qədər 
(  ΙΙ  Dünya  müharibəsi  başlanan  ərəfədə  Hitler  bütün  mühacirət 
mətbuatının  bağlaması  barədə  göstəriş  vermişdi.  Bu  addım  həm 
də Ribbentrop- Molotov danışıqlarında sonra gözdən pərdə asmaq 
üçün atılırdı) fasiləsiz olaraq dərc edildi. 
     1936-cı  ildə  Müsavat  Partiyasının  xüsusi  bülleteni  də 
(“Müsavat”)  öz  nəşrinə  başladı.  Hələ  1926-cı  ildə  müsavatçılar 
Parisdə fransız dilində partiyanın “Azərbaycan” adlı bir məcmuə-
sinı buraxmaq qərarına gəlmişdilər. Avropada Azərbaycanla bağlı 
təbliğat aparmağı qarşısına məqsəd qoyan bu məcmuənin təəssüf 
ki, ancaq iki sayı işıq üzü görə bildi. Onun sonra nəşr edilməsinin 
səbəbləri barədə məlumata təsadüf etmədik. 

 
 
109 
     Azərbaycan mühacirlərinin 1932-ci ildə Helsinkidə çıxar-
dığı “Turan” qəzeti haqqında da məlumat çox azdır. Hər sayında 
fin  dilində  Azərbaycanın  həyatından  bir  məqalə  verən  bu  aylıq 
qəzetin də ömrü çox olmamışdı. 
     Müharibə dövründə mühacirlər mətbuat fəaliyyətini dayan-
dırsalar  da,  Azərbaycan  legionları  “Azərbaycan”,  “Hücum” 
qəzetləri və “Milli Birlik” dərgisi ilə bu boşluğu qismən də olsa 
doldururdular. 
     Müharibədən  sonra  eyni  ildə  (1952)  iki  “Azərbaycan” 
jurnalı dərc olunmağa başladı: bunlardan biri Ankarada Azərbay-
can Kültür Dərnəyinin orqanı, digəri isə Münxendə Azərbaycan 
Milli  Birlik  Məclisinin  orqanı  idi.  Redaktoru  C.  Hacıbəyli  olan 
Münxendəki “Azərbaycan” 1954-cü ildən nəşrini dayandırsa da, 
Azərbaycan Kültür Dərnəyinin orqanı hələ də nəşr edilməkdədir. 
     Ümumiyyətlə, mühacirlərimiz 1960-cı  ilə qədər, ayrı-ayrı 
illərdə  və ölkələrdə otuzdan artıq   qəzet  və  jurnal  dərc  etmişlər: 
“Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu Yurt”, “Azərbaycan Yurt 
Bilqisi”, “Qurtuluş”, “Müsavat”, “Azərbaycan” (Ankara), “Azər-
baycan” (Paris), “Azərbaycan” (Berlin), “Milli Birlik”, “İstiqlal”, 
“Bildiriş”,  “Yaşıl  Yarpaq”,  “Birlik  Dirilikdir”,  “Türk  izi”, 
“Koroğlu”,  “Türk  Yolu”,  “Xəzər”,  “Dərgi”,  “Araz”,  “Hücum”, 
“Turan”, “Mücahid” və s. 
     Bunlardan  əlavə  Azərbaycan  mühacirləri  SSRİ-dən  olan 
başqa mühacirlərin dərc etdikləri aşağıdakı mətbuat orqanlarının 
işində  iştirak  və  müntəzəm  olaraq  müxtəlif  səpgili  məqalələrlə 
çıxış  edirdilər:  “Prometey”,  “Birləşik  Qafqasya”,  “Qafqasya”, 
“Qafqaz almanaxı”, “Yaş Türküstan”, “Yana Milli Yol” və s. 
     Ağır mühacirlik həyatının bir sıra problemlərinin həllində 
şəxsi münasibətlər, dostluq əlaqələrinin təsiri az deyildi. 
     M. Ə. Rəsulzadə İsmət Paşa ilə dost idi və Paşa İstanbula 
gələndə onunla görüşürdü. O, Həmdullah Sübhi Tanrıövər, İranın 
Türkiyədəki  səfiri  Təba-Təban,  Türkiyənin  Bakıdakı,  sonra  isə 
İrandakı konsulu Məmduh Şövkət bəylə də yaxın münasibətdə idi. 

 
 
110 
     Sovet    agenturasının  məlumatına  görə  “M.  Ə.  Rəsulzadə 
əsasən Azərbaycanda olan Konstantinopol qubernatoru Mühəddin 
(30  il  əvvəl  Azərbaycandan  mühacirət  etmişdi)  bəy  vasitəsilə 
Türkiyə Baş Qərarqah rəisi Fevzi Paşa ilə əlaqə saxlayırdı” [80, 
v.40]. 
     Başqa  mühacirlərimizin  məskunlaşdığı  ölkələrdə  qurduq-
ları  şəxsi  münasibətlər  və  sahibi  olduqları  xırda  təsərrüfatlar  da 
mətbuatın, təşkilatların xırda-para problemlərinin həlinə müəyyən 
kömək  göstərirdi.  Məsələn,  Ş.  Rüstəmbəylinin  şəhər  ətrafında 
şəxsi südçülük təsərrüfatı, A. Kazımzadənin kitab dükanı var idi. 
     Mühacirətdə  dərc  olunan  qəzet  və  jurnalların,  eləcə  də 
Müsavatın  Xarici  Bürosunun,  AMM-in  qərarlarını,  çağırışları, 
müraciətnamələri, bəyanatları Azərbaycana çatdırmaq üçün yaxşı 
əlaqələr yaradılmışdı. 
     Gürcüstan  tərəfdən  Azərbaycanla  əsas  əlaqə  məntəqəsi 
Gəncə (Sarı Ələkbər), İran tərəfdən isə Lənkəran təşkilatı idi. İran-
la  əlaqə  saxlamaq  üçün  Kəlbə  Heydərə  “Azər”  parolu,  bundan 
başqa  təşkilatın  fəal  üzvlərinin  hər  birinə  ayrılıqda  yığcam 
tapşırıqlar verilmişdi. 
     Az.DSİ-nin  istintaq  materiallarında  deyilir:  “Təkcə  1928-
1929-cu  illərdə  Lənkəran  təşkilattı  xeyli  siyasi  ədəbiyyat, 
çağırışlar və direktivlər almışdı. Bunlardan bir il ərzində Az.DSİ 
tərəfindən ələ keçirilənlər aşağıdakılardır: 1. “Azəri Türk” jurnalı, 
N1-1-dən 19-dək-256 nüsxə; 2. “Prometey”, N16-17-7 nüsxə; 3. 
“Yaşıl Yaprak”, N16-17-1 nüsxə; 4. “Yeni Qafqasya”, 4 nüsxə; 5. 
Broşüra  “Ermənilər  İranda”,  8  nüsxə;  6.  Türk  qəzetləri  “Bakı”, 
“Vaxt” – 4 nüsxə; 7. “Müsavatın Xarici Bürosunun çağırışları” və 
s. [140, N-4(8), 1995]. 
     Azərbaycan  mühacirlərinin  yaratdıqları  təşkilatların  və 
mətbuat  orqanlarının  çoxluğuna  baxmayaraq  istiqlal  mübarizə-
sinin ana xətlərini müəyyənləşdirən, milli azadlıq ideyasının təməl 
prinsiplərini hazırlayan əsas təşkilatlar Azərbaycan Milli Mərkəzi 
və  Müsavat  Partiyası,  Mərkəzi  orqanlar  isə  bu  təşkilatların  dərc 
etdiyi qəzet və dərgilər idi. Qalan təşkilatlar və mətbuat orqanları 

 
 
111 
isə  bir  növ  milli  müstəqillik  ideyasının  daha  geniş  coğrafiyanı 
əhatə etməsi üçün köməkçi qollar vəzifəsini yerinə yetirirdi. 
     Təşkilatların  və  mətbuatın  vəziyyəti  belə  bir  qənaətə  gəl-
məyə  əsas  verir  ki,  nə  istədiyini,  nəyin  uğrunda  mübarizə  apar-
dığını çox gözəl bilən Azərbaycan mühacirəti mütəşəkkil, həm də 
ahəngdar bir şəklə düşə bilmişdi. 
     Milli  istiqlaliyyət  ideyasının  yaşamasında,  dolğunlaşma-
sında bu təşkilatların və mətbuat orqanlarının xidmətləri əvəzsiz 
olmuşdu. 
  
 
 
 
 
 
2. 3. Mühacirətdə ixtilaflar 
      
    1928-1934-cü  illər  Azərbaycan  siyasi  mühacirəti  üçün 
kəskin  ixtilaflarla  müşaiyət  olunan  ağır  bir  dövrdür.  Psixoloji 
mahiyyətinə,  xarakterinə,  baş  vermə  səbəblərinə  və  motivlərinə, 
nəhayət  tərəfləri  tez-tez  məcrasından,  çıxardığına  görə  bu 
ixtilaflar  dərin  təəssüf  hissi  doğursa  da,  Azərbaycan  tarixinin 
tərkib hissəsi olan mühacirət həyatının tədqiqi baxımından onun 
öyrənilməsinə ehtiyac var. İxtilafların təəssüf hissi doğurduğunu 
ona görə vurğulayırıq ki, mayasında  əsasən şəxsi ambisiyaların, 
M.  Ə.  Rəsulzadənin  də  qeyd  etdiyi  kimi  “prinsipdən  çox 
orqanizasyon  şəkillərin  və  səlahiyyət”  üstünlüyünün  [315,  s.23] 
dayandığı belə hallardan qaçmaq mümkün idi. 
     İlkin mərhələdə iki-üç nəfər arasında təzahür edən ziddiy-
yətlər, sonra siyasi mühacirlərin əsas təşkilatları olan Azərbaycan 
Milli  Mərkəzi  və  Müsavat  Partiyasının  Xarici  Ölkələr  Bürosu 
daxilində qruplaşmaların yaranmasına gətirib çıxardı. Hələ 1925-
ci  ildən  Şəfi  Rüstəmbəyli  Müsavatın  Xarici  Ölkələr  Bürosunun 
rəhbər  üçlüyünə-rəyasət  heyətinə  daxil  olmağa  çalışırdı.  Öz 

 
 
112 
məqsədinə çatmadıqdan sonra o, Mustafa Vəkilli ilə birlikdə M. 
Ə. Rəsulzadəni Azərbaycan Milli Mərkəzinin, Müsavatın Xarici 
Bürosunun  fəaliyyətinin  Türkiyə  çərçivəsində  məhdudlaşdığına 
görə tənqid etməyə başladı. Ş. Rüstəmbəyli və M. Vəkilli təşki-
latların Qərbə yönəlik siyasətə üstünlük verməsinin tərəfdarı kimi 
çıxış  edirdilər  (sonralar  M.  Ə.  Rəsulzadə  Qərblə  əməkdaşlığı 
genişləndirəndə Ş. Rüstəmbəyli onu Türkiyəyə arxa çevirməkdə 
suçlamağa başladı). 1927-ci ildən Müsavatın rəhbərliyində təmsil 
olunan  Xəlil  Xasməmmədov  və  Şəfi  Rüstəmbəyli  Xəlil  bəyin 
“mən  firqə  üzvüyəm,  firqəçi  deyiləm”  tezisi  əsasında  müstəqil 
fəaliyyət yolunu seçdilər [315, s.23]. Onların partiya tapşırıqlarına 
məhəl  qoymadan,  ancaq  üzvü  olduqları  Milli  Mərkəzin  (MM) 
işinə  önəm  vermələri  müsavatçıların  kəskin  etirazlarına  səbəb 
oldu. 25 nəfər partiya üzvünün ciddi xəbərdarlıq tədbirindən sonra 
hər  ikisi  təşkilatın  bütün  tapşırıqlarına  əməl  edəcəklərini 
bildirdilər. 
     Bu  dövrdə  Parisdə  fəaliyyətdə  olan  Azərbaycan  müha-
cirlərindən bir qrupu isə (Ə. A. Şeyxülislam, C. Hacıbəyli və b.) 
özlərini Azərbaycanın əsas təmsilçiləri hesab etdiklərindən MM-
dən  kənar  müstəqil  fəaliyyətə  üstünlük  verirdi.  Azərbaycanı 
təmsilçilikdə  mövcud  olan  belə  paralelliyi  aradan  qaldırmaq 
məqsədilə M. Ə. Rəsulzadə 1928-ci ildə Parisə yola düşdü. Uzun 
müzakirələrdən sonra “Paris Heyəti, hər cəhətdə özünün tabe bir 
müəssisə  halında  MM-in  ən  böyük  və  hakim  milli  müəssisəsi 
olduğu  qərarına  gəldi”  [315,  24].  Bəzi  mühacirlərin,  M.  Ə. 
Rəsulzadənin Ə. M. Topçubaşova təslim olması barədə söz-söh-
bətlər yaymasına baxmayaraq, Parisdə əldə olunan razılıq müha-
cirlərarası həmrəylinin formalaşması sahəsində uğurlu nəticə oldu. 
Problem,  heyət  üzvlərindən  C.  Hacıbəyli  (İttihadçı)  və  Ə.  A. 
Şeyxülislamın (Xalqçı Sosialist) M. Ə. Rəsulzadə ilə iş birliyinə 
həvəssiz münasibətində idi. Onlar elə bu məqsədlə Sülh heyətinin 
başçısı  Ə.  M.  Topçubaşova  da  təzyiq  göstərərək  mühacir 
təşkilatları arasında dominantlığa çalışırdılar. 

 
 
113 
     Ə. M. Topçubaşov isə Azərbaycanın istiqlal mübarizəsinin 
bir  mərkəzdən  idarə  olunması  fikrində  M.  Ə.  Rəsulzadəyə  şərik 
idi. Sonrakı proseslərdə İstanbulda M. Ə. Rəsulzadəyə, Parisdə Ə. 
M.  Topçubaşova  təzyiq  edən  qüvvələrin  bir-birləri  ilə  əlaqə 
yaratdıqlarının və fərqli fikirdə olanlarla kəskin rəftar etdiklərinin 
şahidi oluruq. 
     Xəlil Xasməmmədov qrupuna daxil olan Nağı Şeyxzaman-
lının Ə. M. Topçubaşovun mövqeyini müdafiə edən Mir Yaqub 
Mehdiyevə  tutduğu iradlar məsələyə qismən aydınlıq gətirir: “Mir 
Yaqub bəyə qüsur tutduğum bir şey varsa, o da Azərbaycan milli 
hökuməti tərəfindən rəsmən göndərilmiş səlahhiyatdar heyəti zəif 
düşürmək,  milli  davanın  Əli  Mardan  bəy  kimi  qiymətli  dövlət 
adamının əlindən alınıb M. Emin bəyə verilməsinə yardım etməsi 
və kəndisinin də... Müsavat firqəsinə yazılmasıdır” [361, s.40]. Bu 
sitatdan  aydın  görünür  ki,  mühacirlərin  bir  qismi  Azərbaycanın 
rəsmən təmsilçilik hüququnun Paris sülh konfransına göndərilən 
heyətə məxsus olduğunu iddia edir, AMM-in Azərbaycan adından 
danışmasına  əsəbi  yanaşırdılar.  Əslində  isə  Parisdə  Ə.  M. 
Topçubaşov  və  M.  Ə.  Rəsulzadənin  səyi  ilə  müdrik  qərar 
çıxarılmışdı. 
     M.  Ə.  Rəsulzadə  Parisdən  qayıdan  ərəfədə  Türkiyədəki 
mühacirlərdən M. B. Məmmədzadə ilə M. Sadıx arasında da zid-
diyyətlər  kəskinləşmiş,  Abbas  Kazımzadə  işindən  uzaqlaşmış 
(təşkilatda xəzinədar idi) Polşada olan Mustafa Vəkilli ilə əlaqələr 
qırılmışdı.  Yaranmış  bu  böhran  müzakirə  olunduqdan  sonra 
vəziyyətdən  çıxış  yolu  kimi  sərt  tədbirlər  görməmək,  ayrı-ayrı 
partiya mərkəzlərinin təmsilçiləri ilə yeni Divan  formalaşdırmaq 
qərara alındı. Bu zaman Xəlil bəy və Şəfi bəy partiya üzvü kimi 
deyil, MM-də təmsil olunan siyasi şəxs kimi əksəriyyətin müdafiə 
etdiyi  mövcud  qərara  müxalif  olduqlarını  bəyan  edib,  təşkilat 
əleyhinə  yenidən  fəaliyyətə  başladılar.  Bunun  cəzası  olaraq 
“İstanbul təşkilatı onları öz sıralarından ixrac etdi” (315, s.24). Ş. 
Rüstəmbəylinin yazdığına görə bu üç nəfərə (X. Xasməmmədov, 

 
 
114 
Ş.  Rüstəmbəyli,  M.  Sadıx)  “firqəçilərdən  bir  qrupu  da  qoşulub 
ayrıldı” [338, s.29]. 
     Az.DSİ-nin  1929-cu  il  15  aprel  tarixi  agentura  məluma-
tında  da  İstanbulda  müsavatçıların  parçalanması  və  bunun 
nəticəsində iki paralel mərkəzin yaranması göstərilir. Az.DSİ-nin 
istinad  etdiyi  Yeni  Mərkəzi  orqanın  yaydığı  bəyannaməyə  görə 
1928-ci ilin 16 noyabrında gecə müsavatçılardan bir qrupu xəlvəti 
yığışaraq  üç  nəfərə  qarşı  (yuxarıda  adı  çəkilən  üçlük  nəzərdə 
tutulur) Nizamnamənin tələblərini pozan qərar çıxarmışdır. Lakin 
az keçmədən İstanbuldakı bir sıra nüfuzlu şəxslərin (həm M. Ə. 
Rəsulzadə, həm də Ş. Rüstəmbəyli bunlardan Şərif müəllimi tez-
tez xatırladır) barışdırıcılıq səyi nəticəsində parçalanmanın qarşısı 
alındı.    Lakin  sükut  uzun  sürmədi.  M.  Ə.  Rəsulzadə  yazırdı  ki, 
“Xəlil  bəylə  Şəfi  bəy  1929-cu  ildə  sözdə  bizlə  barışsa  da,  işdə 
təşkilata  qarşı  intriqa  yapır,  mühacirlər  arasında  bəyannamələr 
yayırdı.  Bir  neçə  imza  ilə  MM  üzvlərinə  kollektiv  məktublar 
yazılır, mühacirət namına hesab istənilirdi” [315, 26]. 
     1929-cu  ildə  də  mühacirlərarası  ixtilafları  daha  da  dərin-
ləşdirən bir “milli vərəq” məsələsi ortaya çıxdı. “1929-cu ilin iyu-
nunda “Odlu Yurt” dərgisinin idarəxanəsində araşdırma yapılaraq 
milli əvrak (vərəq-X. İ.) müsadirə olundu” [315, s.32]. 
   “Azəri  Türk”  dərgisinin  məsul  müdiri  Məmməd  Sadıx 
yazırdı: “Doqquz sənədən bəri qırmızı ruslara qarşı xaricdə Azər-
baycan  davası  aparanların...  fəaliyyətlərinin  səmərəsi  olaraq 
ortada  istiqlal  davasının  tarixi  vərəq  və  vəsiqələri  toplanmışdı” 
[291, N28-29, 1929]. Türkiyə hökuməti tərəfindən müsadirə olu-
nan  da  məhz  bu  sənədlər  idi.  Mühacirlər  böyük  biabırçılıq  kimi 
qəbul etdikləri “milli əvrakın əllərə keçməsi” məsələsində, barə-
sində  İstanbul  təşkilatının  partiyadan  xaric  edilməsi  haqqında 
qərar çıxardığı M. Sadıxdan şübhələnirdilər. Günahsız olduğunu 
sübut etmək məqsədilə M. Sadıx jurnalist təhqiqatına başlayaraq 
işi  axıra  çatdırıb  “milli  əvrakı  əllərə  verən”  adamın  Şəfi  bəy 
olduğunu  elan  edir.  Hadisələrin  xoşagəlməz  şəkil  almasına 

 
 
115 
baxmayaraq M. Ə. Rəsulzadə aranı açmamaq, münasibətləri gər-
ginləşdirməmək üçün prosesə müdaxilə etmirdi. O, hətta 1929-cu 
ildə Varşavaya gedərək (Mustafa bəy Vəkilli istefa verib, Polşaya 
getmişdi)  yerinə,  partiya  rəisliyinə  müvəqqəti  Şəfi  bəyi  təyin 
etmişdi [338, s.29]. 
     M. Sadıx ixtilafları ört-basdır etdiyinə, partiya rəhbərliyin-
dəki  çəkişmələrə  göz  yumduğuna  görə  M.  Ə.  Rəsulzadəni  də 
tənqid edirdi.      
     1928-ci ildən başlanan ixtilaflar təkcə Müsavat Partiyasının 
deyil,  MM-in  rəhbərliyində  də  dəyişmələri  get-gedə  zərurətə 
çevirirdi. 1930-cu illərdə Azərbaycan mühacirlərinin əksəriyyəti 
Türkiyədən  köçərək  Avropa  ölkələrində  məskunlaşdılar.  M.  Ə. 
Rəsulzadə İstanbuldan ayrıldıqdan sonra Milli Mərkəz nəzarətdən 
kənarda  qalmış,  bir  çox  hallarda  müstəqil  fəaliyyət  göstərən  bir 
təşkilata çevrilmişdi. Rəhbərliyə daxil olan Xəlil bəy, Şəfi bəy və 
Abbasəli  bəy  (İstanbulda  qalmışdılar)  mövcud  vəziyyəti 
qənaətbəxş  hesab  edərək  M.  Ə.  Rəsulzadənin  təşkilatda 
yenidənqurma tədbirlərinə müqavimət göstərirdilər. 
     1932-ci ildə Xəlil bəy yaranmış böhran vəziyyətindən çıxış 
yolları  aramaq,  MM-lə  bağlı  İstanbul-Avropa  arasındakı  fikir 
ayrılıqlarını aradan götürmək üçün Avropaya dəvət olundu. “Xəlil 
bəyin 
reorqanizasiyaya 
kəskin 
müqavimət  göstərməsinə 
baxmayaraq,  M.  Ə.  Rəsulzadə,  Mir  Yaqub  Mehdiyev,  Mustafa 
Vəkilli  onu  fikrindən  döndərib  MM-in  yığıncağında  aşağıdakı 
qərarı  qəbul  etdilər:  “MM  İstanbulda  qalmaqla  bərabər,  felən 
ümumi milli işləri idarə etməklə üç kişidən ibarət səlahiyyətdar bir 
heyət  intihab  edər  (seçər-X.  İ.).  Bu  heyət  də  ...iqamət  edər” 
[315,s.30].  
    Xəlil  bəy  İstanbula  döndükdən  sonra  Müsavatın  buradakı 
şöbəsi yanvarın 25-də (1933) növbəti toplantı keçirdi. Toplantıda 
beş  nəfərdən  ibarət  yeni  bir  komitə  yaradıldı  və  bu  barədə 
partiyanın  Avropadakı  sədrinə  komitə  rəisi  Mir  Əli  Sadıqov 
tərəfindən hesabat məktubu göndərildi. Cavab məktubunda M. Ə. 
Rəsulzadə təsdiq səlahiyyətinin nizamnaməyə rəğmən Divana aid 

 
 
116 
olduğunu  qeyd  etməklə,  fövqəladə  zamanlarda  partiya  sədrinin 
Divan  səlahiyyətini  daşıdığını,  bu  haqqı  icra  etdiyini,  eyni 
zamanda “Xəlil bəylə aralarında imza olunan razılaşmanı da xatır-
ladıb, şöbə komitəsinin mövcudiyyətini təsdiqləyirdi” [315, s.40]. 
     İstanbul  müsavatçılarının  canlanmasından fərəhlənən par-
tiya Başqanı rəhbərlikdə yaranan böhranı aradan qaldırmaq, yeni 
partiya mərkəzi formalaşdırmaq niyyətini bildirir. Mərkəzin for-
malaşması  işini  üç  nəfərdən  təşkil  olunacaq  Təşkilat  Heyətinin 
görməsi  nəzərdə  tutulurdu.  Partiya  sədri  başda  olmaq  üzrə 
yaradılacaq  bu  üçlüyün  bir  nəfərini  İstanbul,  digərini  isə 
Avropadakı müsavatçılar namizəd göstərməli idi. 
      Bu  ərəfədə  M.  Ə.  Rəsulzadə  İstanbul  şöbə  komitəsinin 
rəisi Mir Əli bəydən yeni məktub alır [28.04.1933]. Məktubunda 
Mir Əli bəy 21 aprel 1933-cü il tarixində İstanbul müsavatçılarının 
yeni  toplantıya  yığışdıqlarını bildirirdi. Toplantıda bir neçə illik 
ixtilaflardan,  partiyada  yaranmış  anormal  vəziyyətdən  təngə 
gəldiklərini  qeyd  edən  müsavatçılar,  sədr  məsələsi  müzakirə 
olunduqda  Şəfi  bəy  və  Xəlil  bəy  də  daxil  olmaqla  M.  Ə. 
Rəsulzadənin  liderliyinə  yekdil  münasibət  nümayiş  etdirmişlər. 
Buna  baxmayaraq  İstanbul  şöbəsinin  fəaliyyətində  get-gedə 
Avropa  ilə  hesablaşmamaq  xəttinin  tutulduğu  açıq-aşkar  hiss 
olunurdu. Artıq iş o yerə gəlib çatmışdı ki, şöbə partiya rəhbər-
liyinin  səlahiyyətinə  aid  olan  qətnamələr  verirdi.  Vəziyyətin 
xoşagəlməz məcraya yönəldiyini hiss edən M. Ə. Rəsulzadə Mir 
Əli  bəyə  və    Xəlil  bəyə  növbəti  məktublarını  yazaraq  təşkilat 
heyətinə  veriləcək  namizədin  müəyyən  olunmasını  sürətlən-
dirməyi tövsiyə etdi. Xəlil bəy “məktubunuzu arkadaşlara oxuyub 
cavabını yollayaram” [315,s.44] desə də, cavab yazmadı. 
     Təşkilat  heyətinin  yaranmasına  mane  olan  Şəfi  bəy  idi. 
Aşağıdakı sitatda onun həm təşkilat heyətinin yaranmasına, həm 
də MM-in reorqanizasiyasına mənfi münasibəti aydın hiss olunur: 
“Bu sürətdə təşkilatlar dağıdılaraq yerinə xarici bir qüvvətin təsiri 
və  təzyiqi  ilə  üç  kişilik  “məmurlar  heyəti  iqamə  olundu”  [338, 
s.30].  M.  Ə.  Rəsulzadənin  “Şəfi  bəy  heç  bir  mərkəzə  lüzum 

 
 
117 
olmayıb  hər  şöbənin  kəndi  başına  müstəqil  olaraq  çalışması 
tezisini müdafiə ediyormuş” fikri isə məsələyə tam aydınlıq gətirir. 
Şəfi bəyin İstanbul şöbə komitəsini partiyanın Mərkəzi orqanına 
çevirmək  niyyətini  başa  düşüb  onu  qəbul  etməyən 
müsavatçılardan  bir  neçəsi  (Məhəmməd  Əli  Rəsulzadə,  Əhməd 
Cəfəroğlu) istefa verdi. “Şöbənin rəisi Mir Əli bəylə, katib İsmayıl 
bəy  isə  bu  məsələdə  bitərəf  qalacaqlarını  söyləmişlərdi”  [315, 
s.45].  Yaranmış  gərgin  vəziyyətlə  bağlı  Şəfi  bəy  M.  Ə. 
Rəsulzadəni  ittiham  edərək,  onun  “kəndi  əmrinə  tabe  olan 
tərəfdarlarını  milli  və  firqə  təşkilatından  ayırıb  yeni  qrup  təşkil 
etməklə yeni ixtilafa yol açdığını” [338, s.31] göstərirdi. Lakin M. 
Ə. Rəsulzadənin dediyi kimi: “Böylə bir qrup yox idi” [315, s.45]. 
     1934-cü  ilin  24  martında  X.  Xasməmmədov,  Ş.  Rüstəm-
bəyli  və  S.  Ağasıbəylinin  imzası  ilə  Parisdə  yayımlanan  rusca 
“Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı 
altında  sensasiya  doğuran  yazı  dərc  olundu.  Burada  Müsavat 
firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nüma-
yəndələrinin  iştirak  etdiyi  konqresindən  söhbət  açılır,  aşağıdakı 
məsələlərin müzakirə edildiyi göstərilirdi: 
     1.  Əsas  prinsip,  taktik  və  təşkilat  məsələlərində  firqənin 
əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında 
ciddi ixtilafın olması. 
     2. Rəisin  ötkəm (eqoistik) hərəkətləri. 
     3. İki buçuq sənədən bəri (iki il yarım-X. İ.) firqə mərkə-
zinin  bulunmaması,  firqənin  təşkilatsız  və  şəkilsiz  olması  və 
yuxarıda  qeyd  edilən  səbəblərdən  dolayı  bir  mərkəzin  vücuda 
gətirilməsi. 
     4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid 
edilməsi. 
     Bu  vəziyyəti  nəzərə  alaraq  yığıncaq  qərara  almışdır: 
Mehmet  Emin  bəy  Rəsulzadəni  bundan  sonra  firqə  rəisi  olaraq 
tanımamaq və onunla tamamılə qəti aləkə etməmək, yerinə baş-
qasını təyin və yeni firqə Divanı intihap (seçmək-X. İ.) etmək [315, 
s.45-47; 338,s.24]. 

 
 
118 
     Bu  qərar  üzrə  yığıncağın  yeni  bir  rəis  seçdiyi  (sonralar 
onun Xəlil Xasməmmədov olduğu məlum oldu) və beş nəfərdən 
ibarət Divan formalaşdırdığı da göstərilirdi. 
     M.  Ə.  Rəsulzadə  “Qafqaz”  məcmuəsindəki  bu  “rəsmi 
təbliği” oxuyan kimi dərhal redaksiyaya təkzib və izahat məktubu 
yazaraq, Müsavat Partiyasının heç bir konqresinin toplanmadığını, 
bu  yalanın  müəllifinin  firqədən  qovulmuş  Şəfi  bəy  olduğunu 
bildirdi.  Şəfi  bəy  isə  1934-cü  il  5  aprel  tarixli  qərarla  Müsavat 
partiyasından xaric edilmişdi. Onun firqədən qovulması qərarında 
deyilirdi:  “Bir  neçə  illərdən  bəri  milli  işləri  pozan  və  təşkilat 
otoritelərini  (nüfuzunu  X.  İ.)  baltalayan  hərəkətlərini...  nəzərə 
alaraq-Azərbaycan Müsavat Xalq Firqəsi rəyasəti bir müddətdən 
bəri  zatən  məsuliyyətli  mövqelərdən  felən  uzaqlaşdırılmış 
bulunan  bu  adamın,  bu  andan  etibarən  rəsmən  dahi  firqədən 
çıxarıldığını ümuma elan edir [315, s.22]. “İstiqlal” qəzetində dərc 
olunan bu qərarda Şəfi bəyin hələ 1929-cu ildən felən təşkilatdan 
xaric  olunduğu,  nizamnaməyə  uyğun  müxtəlif  cəzalar  aldığı  da 
göstərilirdi. 
     Aprelin 5-də partiyadan xaric edilən Şəfi bəyin aprelin 24-
də  “Qafqaz”  məcmuəsinə  5  ay  əvvəl  toplanan  partiya  konqresi 
barədə  məlumat  göndərməsi  hadisələri  qabaqlamaq,  ictimai  rəyi 
aldatmaq idi. M.  Ə. Rəsulzadə bununla bağlı  yazırdı:  “Bu nasıl 
konqres  ki,  1933-cü  ildə  toplanmış,  bu  qədər  mühüm  və  mə-
suliyyətli  qərarlar  almış  ikən  nisan  (aprel)  1934-ə  qədər  ondan 
kimsənin xəbəri olmamış, hətta riyasəttən atılan zatə belə qiyabən 
olsun  alınan  qərar  haqqında  bir  təbliğdə  bulunmamışdır...?!  Bu 
konqres  əfsanəsi  firqəçilərin  rəyasətə  müraciətlə  Şəfi  bəyin 
firqədən qovulması tələblərindən sonra başlamış kütü hərəkətdən 
başqa şey deyildir” [315, s.49-50]. 
     M.  Ə.  Rəsulzadənin  3  may  tarixli  məktubundan  sonra 
“Qafqaz”ın  redaksiyasına  Müstafa  Vəkilli,  Mirzə  Bala,  Əli 
Azərtəkin, Əhməd Cəfəroğlu, Hilal Münşi, Məmməd Əli Rəsul-
zadə və  Abbas  Qulu Kızımzadənin imzasıyla Ş. Rüstəmbəylinin 

 
 
119 
əməllərini ifşa edən, 18 dekabr tarixində(1933) Müsavatın heç bir 
konqresinin toplanmadığını bildirən ikinci məktub da daxil oldu. 
     Bir  xeyli  sükutdan  sonra  konqres  barədəki  təkzib  mək-
tublarına Xəlil bəyin cavabı dərc olundu. Bu cavabında “yeni sədr” 
partiya konqresinin toplandığını israr edirdi. 
     Xəlil bəydən sonra Şəfi bəy də “Qafqaz”a məktub yazaraq 
Müsavat partiyası Divanının iki il yarım əvvəl dağıldığını, olma-
yan  Divanın  isə  onu  partiyadan  xaric  etmənin  qeyri-müm-
künlüyünü  göstərirdi.  Bu  dəlillərin  əsassızlığı  barədə  M.  Ə. 
Rəsulzadə  yazırdı:  “Fəqət  Divanın  icrayi  fəaliyyət  edəmədiyi 
zamanlarda, ələlxüsus onun səlahiyyəti firqə rəisi və liderinə keçər 
ki,  bu  xüsus  1933-də  müxalifət  namına  Xəlil  bəylə  aramızda 
imzalanan itilafnamə hökmüncə də təyin olunmuşdur” [315, s.52]. 
     Onu  da  qeyd  edək  ki,  “Qafqaz”  jurnalı  Xəlil  bəylə,  Şəfi 
bəyin  məktublarını  çox  həvəslə  dərc  edir,  AMM-in  və  Müsavat 
partiyasının  əsas  tribunası  olan  “İstiqlal”  qəzetinə  və  M.  Ə. 
Rəsulzadəyə müxalifət mövqeyində dayanaraq ziddiyyətləri daha 
da dərinləşdirirdi. Şəfi bəy və onun tərəfdarları da öz növbəsində 
“İstiqlal”  qəzetini  ittiham  edərək:  “Bu  qəzeti  ancaq,  milli  düş-
mənlərə qarşı mücadilə aparmağa, Azərbaycan daxili işləri sokaka 
(küçəyə-X. İ.) çıxarıb düşmənlərin qabağına atmaqdan çəkinməyə” 
[338, s.50] çağırırdı. 
     Tərəflər  bir-birini  ən  çox  aralarındakı  ixtilafları  mətbuat 
səhifəsinə  birincini  çıxarmaqda,  Azərbaycan  davasına  xəyanət 
etməkdə  suçlayırdı.  Lakin  burada  birincini  müəyyən  etmək 
çətindir. Çünki, “İstiqlal” qəzeti Şəfi bəyin partiyadan qovulması 
haqqında  təşkilatın  qərarını  14  apreldə,  “Qafqaz”  jurnalı  isə 
məlum “konqres” barədə “rəsmi təbligatı” 10 gün sonra dərc et-
mişdi.  Bu  10  gün  müddətində  İstanbulda  yaşayan  Şəfi  bəyin 
“İstiqlal”ı  əldə  edib  oxuduqdan  sonra  ixtilafı  Parisdə  mətbuata 
çıxarmağa  (M.  Ə.  Rəsulzadədən  sonra)  məcbur  olduğunu  iddia 
etməsi inandırıcı görünmür. M. Ə. Rəsulzadənin də mülahizəsinə 
görə  İstanbuldan  Parisə-“Qafqaz”  redaksiyasına  Şəfi  bəyin 

 
 
120 
göndərdiyi  “fəsatnamə”  ixtilafın  “İstiqlala”  çıxarılması  ilə  bağlı 
deyil, bu iş onsuz da görüləcəkdi. 
     M. Ə. Rəsulzadəni ittiham edənlər, növbəti dəlil kimi Şəfi 
bəyin 1934-cü il fevralın 2-də Milli Mərkəzdən istefası ilə əlaqə-
dar  yazdığı  məktubun  (sədrə)  adı  çəkilən  təşkilatın  yığıncaq-
larından birində müzakirə olunmamasını göstərirlər. Bu məqam-
da-“Şəfi  bəyin  M.  Emin  bəyə  26.2.34  tarixli  milli  Azərbaycan 
Mərkəzi  azası  (üzvü-X.  İ.)  sifətilə  yazdığı  məktubu...  M.  Emin 
bəyin əvvəl Milli Azərbaycan Mərkəzinə rüçu etməsi (təqdim-X. 
İ.)  lazım  idi”  deyən  C.  Hacıbəyli  və  Ə.  A.  Şeyxülislam  haqlı 
görünürlər.  Söhbət  Şəfi  bəyin  MM-dən  istefası  ilə  bağlı  M.  Ə. 
Rəsulzadəyə yazdığı məktubdan gedir. Həmin məktubda Şəfi bəy-
“bu gündən etibarən “MM” təşkilatında bir aza sifətlə qalmağın 
imkansızlığını görərək, oradan çəkildiyini” bildirmişdi [338, s.9]. 
     İxtilafları mətbuata birinci çıxarmadığını iddia etsə də Şəfi 
bəy M. Ə. Rəsulzadəni kəskin tənqid edən bu məktubunu demək 
olar  ki,  bütün  şəhərlərdəki  Azərbaycan  mühacir  təşkilatlarına 
göndərmişdi.  Məktubda  Şəfi  bəyin  siyasi  nüfuz  dairəsini  müəy-
yənləşdirmək  məqsədi  açıq-aydın  hiss  olunur.  M.  Ə.  Rəsulzadə 
1931-ci  ildə  Türkiyədən  çıxarıldıqdan  sonra  əsasən  İstanbulda 
yerləşən  Azərbaycan  koloniyasını  öz  tərəfinə  çəkmək  uğrunda 
mübarizə  aparan  Şəfi  bəy  və  Xəlil  bəy  artıq  1934-cü  ildə  par-
tiyanın sədrinə Müsavatdan tam gözünü çəkib AMM-ə rəhbərliklə 
kifayətlənməyi təklif edir. 
     1934-cü ildə mühacirlər arasındakı  parçalanmanı  daha da 
dərinləşdirən  bir  neçə  broşüra  dərc  edildi.  Əvvəlcə  Şəfi  bəy 
özünün məşhur “Yıxılan bütlər”ini, bunun arxasınca Nağı Şeyx-
zamanlı “Biz və onlar” əsərini  yazdı. Bu əsərlər mühacirlər ara-
sında  yayıldıqca,  “İstiqlal”  qəzetinin  redaksiyasına  hər  tərəfdən 
(İran,  Türkiyə,  Avropa  ölkələri)  mühacirlərin  etiraz  məktubları 
gəlirdi.  Bu  məktublardan  iki  nəfər  miralayın  (polkovnik)  İsrafil 
bəy və 1920-ci il Gəncə üsyanının rəhbərli Cahangir bəy Kazım-
bəyin  yazdıqları məktublar parçalanmanın qarşısını almağa cəhd 
olunması  baxımından  daha  maraqlıdır.  Şəfi  bəyin  partiyadan 

 
 
121 
çıxarılmasını  haqlı  və  yerində  bir  qərar  hesab  edən  müəlliflər, 
mühacirlərin bir mərkəz ətrafında birləşməsi zəruriliyini də xüsusi 
vurğulayırdılar. Şəfi Rüstəmbəylini müdafiə məqsədilə bəzi saxta 
imzalı  məktubların  mövcudluğu  ilə  yanaşı  (İrandakı  müha-
cirlərdən  İsgəndər  Şeyxzamanlı  bu  məsələ  ilə  bağlı  Şəfi  bəyin 
“Yıxılan  bütlər”  əsərində  adının  çəkildiyinə  görə  “Qurtuluş”un 
1935-ci il tarixli 13-14 saylarında etiraz məktubu dərc etdirərək, 
həmin  əsəri  nifrətlə  qarşıladığını  bildirirdi.  Şair  Almas  Yıldırım 
da redaksiyaya göndərdiyi məktubunda Ş. Rüstəmbəylini müdafiə 
edən heç bir məktuba imza atmadığını və belə dedi-qodulara nifrət 
etdiyini  yazırdı)  [39,  N10.  1935],  mühacir  ədəbiyyatında  Şəfi 
bəyin  müdafiəsi  ilə  bağlı  faktlar  da  mövcuddur.  Bu  sahədə 
fərqlənən siyasət adamlarından C. Hacıbəyli və Ə. A. Şeyxülisla-
mın “Qafqaz”a yazdıqları etiraz məktubu diqqəti çəkir. Müəlliflər-
“Şəfi  bəyin  bir  vətənpərvər,  fəal  firqəçi”  olduğunu,  onun 
ittihamları müqabilində “M. Emin bəyin Milli Mərkəzə hesab və 
izahat verməsini” iddia edirdilər [338, s. 50-52]. 
     Mühacir  həyatını  ağırlaşdıran  bu  ixtilafların  mahiyyətinə 
tam aydınlıq gətirmək üçün Nağı Şeyxzamanlının “Biz və onlar” 
əsərində bəzi məqamların üstündə dayanaq. N. Şeyxzamanlı Şəfi 
bəyin istefa qərarında “Müsavat Xalq Firqəsi” formuluna istehza 
ilə  yanaşaraq,  “firqə”  sözünün  önünə  “Xalq”  sözünü  artırmaqla 
onun Xalq firqəsi olacağını fikirləşənlərin yanlış yola düşdüklərini 
qeyd  edirdi.  O  cəbhədaşlarından  fərqli  olaraq  bir  az  da  qabağa 
gedərək  1917-ci  ildə  Müsavatla  birləşən  Türk  Federalistlər 
Firqəsinin  1934-cü  ildə  ondan  ayrıldığını  göstərir,  vaxtı  ilə  bu 
birləşməni  müdafiə  etdiyi  üçün  özünü  məzəmmətləyirdi.  Qeyd 
edək  ki,  mühacirlərarası  ixtilaflara  “yerlicilik”  (gəncəlilər  və 
bakılılar) rəngi verən əsasən belə mülahizələr idi. N. Şeyxzamanlı 
adı  gedən  əsərdə  M.  Ə.  Rəsulzadə  və  M.  B.  Məmmədzadənin 
keçdiyi  yola  nəzər  salıb,  onların  “sosialist”,  “kommunist”, 
Müsavatın  isə  “proletar  partiyası”  olması  qənaətinə  gələrək,  öz 
fikrini  möhkəmləndirmək  üçün  M.  Ə.  Rəsulzadənin  heç  yerdə 
təsadüf  olunmayan  aşağıdakı  “sözləri”ni  nümunə  gətirir:  “Zatən 

 
 
122 
bizim  Müsavat  firqəsi  Proletar  firqəsidir.  Bu  firqədə  xanlara, 
bəylərə, ağalara yer yoxdur” [361,s.13]. 
     Müəllif  Məmməd  Əli  Rəsulzadənin  İrandan,  Məmməd 
Əmin  bəyin  isə  Türkiyədən  çıxarılmasını,  hər  ikisinin  sosialist-
kommunist təmayüllü olmaları ilə bağlayır. Əsərdə M. Ə. Rəsul-
zadənin  ünvanına  iradlar  kifayət  qədərdir:  “M.  H.  Hacınskinin 
kabinəsində  maarif  naziri  olmağa  razılıq  verdin”;  “Moskvada 
Stalindən  böyük  vəzifələr  aldın”;  “azərbaycanlılarla  deyil, 
ukraynalılarla çalışırsan” [361, s.13] və s. “Yıxılan bütlər”, “Rə-
sulzadənin fəci süqutu” və “Biz və onlar”a qarşı M. Ə. Rəsulzadə 
“Şəfibəyçilik” əsərini yazdı. 
     1934-cü  ilin  aprel  hadisələrindən  sonra  Milli  Mərkəz 
daxilində də münaqişələr kəskinləşmişdi. 1934-cü ilin noyabrın 5-
də  Azərbaycan  mühacirlərinin  liderlərindən  biri  Ə.  M. 
Topçubaşov Parisdə vəfat etdi. Bu təkcə mühacirlərə deyil, bütün 
Azərbaycan xalqına üz verən ağır itki idi.  
     1928-1934-cü  illər  ixtilafları  nəticəsindən  Azərbaycan 
mühacirətinin daxilində bir-birinə müxalif mövqedə dayanan açıq 
qruplaşmalar  meydana  gəldi.  Tərəflərin  ayrı-ayrı  şəxsiyyətlərin 
fəaliyyəti  ilə  bağlı  böhtan  xarakterli  mülahizələrinə,  qarşılıqlı 
tənqidlərinə,  bəzi  hallarda  bilmədən  yol  verdikləri  səhvlərinə 
baxmayaraq  ixtilaflarda  adı  çəkilənlər  Azərbaycan  xalqının 
dəyərli,  cəfakeş  vətənpərvərləri,  “Azad  Azərbaycan”  ideyasına 
axıradək  sadiq  qalan  yenilməz  mübarizlər  idi.  Sovet 
mənbəşünaslığının  bildirdiyi  kimi  mühacirlərarası  ziddiyyətlərə 
səbəb heç də “yerliçilik” və “iri mülkiyyətçilərlə” “dövlət kapita-
lizm”  tərəfdarlarlarının  fərqli  mövqedə  dayanmaları  deyildi. 
Əslən  gəncəli  olan  Xəlil  Xasməmmədov,  Şəfi  Rüstəmbəyli  və 
Nağı  Şeyxzamanlının  bir  qrupda  birləşməsi  ilk  baxışdan 
“yerliçilik” və Müsavatla Türk Federalistlər Firqəsinin birləşmə-
sinə qədər hər üçünün ikinciyə mənsubluğu “iri mülkiyyətçilərlə”, 
(Federalistlər) “dövlət kapitalizm tərəfdarları” arasında təbii fikir 
ayrılıqlarından  doğan  aldadıcı  təsəvvürlər  yaradır.  Belə  fikrə 
düşməyə əsəbi mühitdə və zamanda yazdığı “Biz və onlar” əsəri 

 
 
123 
ilə az-çox əsas verən N. Şeyxzamanlı ola bilərdi ki, (çünki başqa 
mühacirlərin  heç  birinin  yaradıcılığında  yuxarıda  qeyd  olunan 
zəmində parçalanmaya əsas verəcək dəlil tapmaq mümkün deyil) 
onu  da  ΙΙ  Dünya  müharibəsindən  sonra  yenidən  M.  Ə.  Rəsul-
zadənin mövqeyini müdafiə edən ən kəsərli qələm sahibi, müsa-
vatçılığa  və  Azərbaycan  davasına  axıradək  sadiq  siyasətçi  kimi 
görürük (Bax: Visbaden və Münxen konfransları). 
     Digər  tərəfdən  kövrək  hissləri,  emosiyaları  hərəkətə 
gətirdiyindən mühacirətdə “yerliçiliyin” qabarması ağlabatan gö-
rünsə də, münaqişələrə “iri mülkiyyətçilik” və “dövlət kapitalizmi” 
ideyalarının aparıcı təsir göstərməsi inandırıcı deyil. 
     Başlanğıcda  da  qeyd  etdiyimiz  kimi  mayasında  əsasən 
şəxsi,  psixoloji  amillərin,  siyasi  ambisiyaların  dayandığı  bu 
ixtilafların  iştirakçıları  məqsədlərinə  nail  olmaq  üçün  atdıqları 
addımlara “yerliçilik” və s. rənglərin verilməsinə məhəl qoymur, 
ehtiyatsız hərəkət edirdilər.  
Sovet kəşfiyyatı isə mühacirəti parçalamaq üçün Qərbi Avropa 
ölkələrində İran və Türkiyədə geniş iş aparırdı. Erməni və gürcü 
mühacirəti daha acınacaqlı şəkildə parçalanmışdı. Heç şübhəsiz, 
Azərbaycan  mühacirəti  ilə  bağlı  da  planlar  hazırlanmışdı.  Bu 
barədə M. Ə. Rəsulzadə “Q.P.U.-ya diqqət!” məqaləsində yazırdı: 
“Gürcülər,  ermənilər  və  digər  milli  mühacirlər  arasındakı 
pozğunçu  fəaliyyətinin  birər  nümunəsinə  şahid  olduğumuz 
düşmənin  bizim  aramızda  çalışmadığını  düşünərsək,  əlbəttə, 
yanılırız.  Böylə  bir  yanlışlığa  meydan  verməmək  üçün  daimə 
diqqətli  davranalım  və  hər  zaman  düşmən  intriqasiylə  G.P.U. 
fitnəsinə  hədəf  olduğumuzu  gözdən  irak  tutmayalım.  Düşmənin 
bizi daima demorolizə və dezorqanizə etmək üzrə olduğunu bir an 
üçün olsun unutmayalım” [310, s.75]. 
     Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Tevfik Rüştü və 
SSRİ  Xarici  İşlər  naziri  M.  M.  Litvinovun  1930-31-ci  illərdə 
qarşılıqlı  səfərləri  (1930-cu  ilin  sentyabrında  M.  M.  Litvinov 
Ankarada  rəsmi  səfərdə  oldu)  [9,  s.93]  nəticəsində  əldə  olunan 
razılaşmaya  əsasən  Türkiyədə  Sovet  İttifaqı  əleyhinə  təbliğatı 

 
 
124 
dayandırmaq məqsədilə Azərbaycan mühacirlərinin nəşr etdikləri 
“Azəri Türk”, “Odlu Yurt” dərgilərinin nəşrinin  dayandırılması, 
eyni zamanda Müsavatın lideri M. Ə. Rəsulzadənin ölkədən çıxa-
rılması  da  Azərbaycan  mühacirləri  arasında  ziddiyyətləri  xeyli 
dərinləşdirmiş, Türkiyədə qalan Xəlil bəy, Nağı bəy, Şəfi bəy və 
digərlərinin  Avropadakı  mərkəzdən  heç  bir  göstəriş  olmadan, 
müstəqil fəaliyyət göstərmək həvəslərini artırmışdı. 
     Beynəlxalq  aləmdə  baş  verən  dəyişmələr,  siyasi  müha-
cirətin  ideoloji-siyasi  yöndə  təkamülü,  nəhayət  münasibətlərdə 
yaranmış  xoşagəlməz  vəziyyət  Müsavat  Partiyasının  yeni 
qurultayını  zərurətə  çevirmişdi.  Bu  zərurəti  nəzərə  alan  partiya 
rəhbərliyi,  nə  qədər  çətin  şərait  olsa  belə  qurultay  səlahiyyətli 
növbəti konfrans çağırmağa qərar verdi. 
     1936-cı ilin avqustunda Varşavada açılan konfrans öz işini 
M.  Ə.  Rəsulzadənin  nümayəndələrə  hələ  fevralda  göndərdiyi 
çağırış sənədində qeyd olunmuş “əsaslar” üzərində qurmuşdu. Bu 
əsaslara görə konfrans: 
     1. Aşağıdakı nümayəndələrdən ibarət olacaq: 
     a) Yeni Divana namizədlər; 
     b) Divanın əski üzvləri; 
     v) Müxtəlif yerlərdən (şöbələrdən) göndərilənlər. 
     2.  Toplana  biləcək  üzvlərin  mövcud  miqdarı  ilə  iclaslar 
keçirib, səlahiyyətli qərarlar verəcək. 
     3.  Gəlməyənlər  öz  mülahizələrini  yazılı  olaraq  konfransa 
göndərə bilərlər. 
     4.  Layihəsi  əvvəlcədən  üzvlərə  paylanacaq  yeni  proqram 
əsasları müzakirə ediləcək. 
     5.  Konfrans  firqə  toplantısının  ana  xətlərini  müəyyən-
ləşdirəcək. 
     6.  Konfrans  firqəni  xaricdə  idarə  edəcək  məsul  heyəti 
seçəcək və s. 
     11  maddədən  ibarət  olan  bu  “əsaslar”ın  son  bəndində 
iyunun  20-nə  qədər  təklif  və  qeydlərin  partiyanın  rəyasətinə 
təqdim olunması göstərilirdi. 

 
 
125 
     Konfransı  açılış  nitqində  M.  Ə.  Rəsulzadə  Müsavatın 
keçdiyi yola nəzər salaraq onun üç mərhələdən – çarlıq dövründə 
türklərin  ruslarla  eyni  hüquqlara  malik  olduqları  ümmətçilik, 
islamçılıq,  çarlıq  rejiminin  çökməsindən  sonra  Azərbaycana 
muxtariyyət tələbi və ikinci qurultaydan başlayaraq bu günə qədər 
davam  edən  Azərbaycanın  istiqlaliyyət  yolunun  tutulmasından 
ibarət  olduğunu  göstərdi.  Natiq,  Azərbaycan  istiqlal  hərəkatında 
yol  göstərici,  məramına  axıradək  sadiq  tək  firqənin  Müsavat 
olduğunu qeyd edərək, onun məğlub olmadığını açıqladı: “Əgər 
bizim  ideoloji  yanında  digər  bir  ideoloji  sistem  olsa  və 
Azərbaycan  müqəddəratının  Müsavat  prinsipləri  ilə  deyil,  öz 
prinsipləri  əsasında  müəyyən  olunacağını,  idarəsinin  mümkün-
lüyünü məqsədə müvafiq bilərək, onu dava etsə və hadisələr bu 
davaya haqq verəcək bir şəkil alsaydı, o zaman Müsavat həqiqətən 
məğlub  sayılardı.  Nə  sağımızdakı  “İttihad”  nə  də  solumuzdakı 
sosialistlər  belə  bir  davada  bulunmazlar”  [40.N1,  1936].  M.  Ə. 
Rəsulzadə  Müsavat  ideologiyasında heç bir  yanlışlığın,  zəifliyin 
olmadığını, belə bir hal varsa, onun təşkilatla bağlılığını bildirdi. 
     Konqresin  ikinci  iclasında  partiyanın  sədri  “Milli  Hərə-
katda  Firqə”  mövzusunda  hesabat  məruzəsi  ilə  çıxış  edərək, 
Azərbaycan  daxilində  “İstiqlal  komitəsi”nin,  mühacirətdə  isə 
“Milli Mərkəzin” fəaliyyətini yüksək qiymətləndirərək partiyanın 
taktiki xəttinin düzgünlüyünü göstərdi. M. Ə. Rəsulzadə “şəxslər 
müvəqqəti,  ideologiya  əbədidir”  tezisini  əsas  tutaraq  müsavat-
çıları  ideologiyaya  sadiqliyə  çaxırdı.  Konfransın  gündəliyində 
“Firqə səflərinin müzakirəsinin yekunu kimi aşağıdakı qərar qəbul 
olundu: “Mir Əziz Seyidli, Əziz Alpaut ilə Rüstəmbəyli Şəfi bəy 
haqqında  vaxtilə  rəislik  tərəfindən  verilən  ixrac  qərarı  təsdiq 
edilsin;  Şeyxzamanlı  Nağı,  Xəsməmmədli  Xəlil  və  Ağasıbəyli 
Səlim bəylər Firqədən xaric edilsin” [40, N1, s.6]. 
     Əsəbləri  gərilmiş  nümayəndələr digər bir neçə  nəfərin də 
partiyadan  çıxarılmasını  təkid  etsələr  də,  M.  Ə.  Rəsulzadənin 
təşəbbüsü  ilə  konfrans,  başqa  heç  kimin  cəzalanmamasına  qərar 
verdi. 

 
 
126 
     Konfransda: 
     -  25 illik mübarizə və fəaliyyət ilə bağlı M. B. Məmməd-
zadəyə Müsavat tarixinin yazılması həvalə edildi
     - Əski nizamnamə bir sıra düzəlişlər və əlavələrdən sonra 
yeni redaksiyada qəbul olundu; 
     - 7 nəfərdən ibarət partiya Divanı formalaşdırıldı; 
     -  Daxildəki  (Azərbaycandakı)  vəziyyətlə  bağlı  Firqə 
Taktikası müəyyənləşdirildi; 
     - Müsavatın Yeni Proqram əsasları qəbul edildi. 
     İdeoloji  yöndə  müsavatçılığın  dolğunlaşması,  təkmilləş-
məsi  və  daha  mükəmməl  hala  gəlməsində  mühüm  hadisə  olan 
Yeni  Proqram  əsaslarının  qəbulu  barədə  sonuncu  fəsildə  (Bax: 
Mühacirətin  ideoloji-siyasi  və  ədəbi-tarixi  irsi)  ətraflı  bəhs 
ediləcəyini nəzərə alaraq, ancaq onu qeyd etməklə kifayətlənirik 
ki, bu tarixi proqram Azərbaycan siyasi mühacirlərini ideya-siyasi 
cəhətdən  yenidən  silahlandıraraq,  tutulan  yolun  doğruluğuna 
yaranan  bəzi  şübhələri  alt-üst  etdi,  müsavat  daxili  birliyi 
möhkəmləndirdi.  Tam  qətiyyətlə  demək  olar  ki,  1936-cı  il 
konfransından sonra partiya bir daha 1928-1934-cü illər böhranına 
bənzəyən növbəti böhranla qarşılaşmadı. 
     Konfransda  geniş  müzakirə  olunan  “Daxildəki  (Azərbay-
candakı-X.  İ.)  vəziyyət  baxımından  Firqə  taktiki”  problemi, 
mühacirətdə  qarşılıqlı  ittihamlara  mövzu  olduğundan  bu  məsələ 
ilə bağlı bir sıra məqamlara toxunmağa ehtiyac var. 
     1930-cu  illərdən  başlayaraq  mühacirətdəki  Daşnak  parti-
yasının  taktikasında  bolşeviklərə  qarşı  loyallıq  hiss  olunurdu. 
Onlar  sərt  müqavimət  taktikasından  imtina  edərək,  Sovet  haki-
miyyətini  beynəlxalq  aləmdə  ən  çox  Ermənistan  torpaqlarını 
qonşu Azərbaycana, Türkiyəyə və Gürcüstana verməkdə suçlayır-
dılar.  Ideoloji  yöndə  qarşıdurmadan  qaçmağa  çalışan  daşnaklar 
kommunist  rejiminin  qəbulunun  qeyri-mümkünlüyü  barədə  də 
susmağa  başlamışdılar.  Sonrakı  mərhələdə  bu  taktikanın  Stalin 
tərəfindən  Qafqazın  digər  millətlərinə  təzyiq  vasitəsi  kimi 
göydəndüşmə  olduğunu  görürük.  Belə  ki,  daşnakların  ərazi 

 
 
127 
iddialarını Azərbaycana və Türkiyəyə tez-tez xatırladan Stalin bu 
həssas sahədə ermənilərə nisbi fəaliyyət boşluğu yaradır, (daşnak 
liderlərindən Kaçaznuninin SSRİ-yə qayıtmasını nümunə çəkmək 
olar)  digər  tərəfdən  isə  daşnakların  “özünü  yaxşı  aparması” 
müqabilində Ermənistana loyallıq nümayiş etdirərək Azərbaycan 
və  Gürcüstan  əhalisində  bu  respublikalardan  olan  siyasi  mü-
hacirətə qarşı nifrət hissi formalaşdırmağa çalışırdı. 
     30-cu  illərdə  mühacirlər  tərəfindən  M.  Ə.  Rəsulzadənin 
ittiham olunmasında bu mövzu da çox aktual idi. Yusif Əliyevin 
İrandan “Qurtuluş”a yazdığı bir məktuba diqqət yetirək: “...Allah 
insaf  versin  kəndisini  rəis  zənn  edən  zatə  (M.  Ə.  Rəsulzadə 
nəzərdə tutulur-X. İ.). Onun və başına topladığı  bir neçə nəfərin 
təqib  etdikləri  siyasət  millətimizi  bitirmişdir...  Siz  vətəndən  çox 
uzaqda yaşadığınız üçün daxildəki faciələrin çoxundan məluma-
tınız yoxdur. Ancaq Siz əmin olunuz ki, bu şəkildə yazılan mə-
qalələrin  acısını  xalq  çəkir”  [39,  N13-14,  1935].  Məqalədə  M. 
Emin  bəyin  silahsız  bir  ovuc  xalqı  müdhiş  və  silahlı  rus  qüv-
vələrinə  qarşı  təhrik  etdiyi,  ermənilərin  isə  ruslarla  ilgili  uysal 
siyasət yürütməsindən bəhs olunur. Bu taktika təklifini “bolşevik 
çörəyinə yağ çəkmək” adlandıran Hilal Münşi daşnaklardan başqa 
heç  bir  mühacir  təşkilatının  belə  taktikanı  seçmədiyini, 
bolşevizmlə  mübarizənin  onun  çökməsinə  qədər  aparılacağını 
yazırdı. 
     Ümumiyyətlə, baş verən münaqişələrdə İran mühacirətinin 
də  əksərən  radikal  mövqe  tutduqlarının  şahidi  oluruq.  1930-cu 
ildən  başlayaraq  buradakı  müsavatçılar  İran  və  türkyönlü 
cərəyanlarda  qütbləşir.  Azərbaycandakı  gizli  Müsavatın  Ι  MK 
tərkibinin  üzvü  olan  Məmməd  Sadıx  Quliyev  (Xülusi,  yuxarıda 
tez-tez adı çəkilən Məmməd Sadıx Axundzadədir-“Azəri-Türk”ün 
redaktoru) türk yönlü, Mirzə Səlim Axundzadə və Zülqədərov isə 
iranyönlü  cərəyana  rəhbərlik  edirdi.  Azərbaycandan  gələn 
mühacirlər  ilə  əlaqə  yaradan  Zülqədərov  nisbətən  güclü  və 
nüfuzlu görünürdü. Onlar hətta 1930-37-ci illərdə Müsavat parti-

 
 
128 
yasının adını dəyişərək “Milli İstiqlal” adı altında fəaliyyətə baş-
lamaq  fikrinə  düşmüşlər.  Bu  addımı  “Müsavat”  sözünün  Azər-
baycan  əhalisi  tərəfindən  yaxşı  qarşılanmadığı  ilə  izah  edən 
Zülqədərov  Azərbaycandakı  partiya  təşkilatlarına  addəyişmə  ilə 
bağlı  gizli  təlimatlar  da  göndərmişdi.  Yuxarıda  toxunduğumuz 
məqalənin müəllifi Yusif Əliyev də həmin cərəyanın nümayəndəsi 
kimi M. Ə. Rəsulzadəyə müxalif mövqedə dayanırdı. 
     Müsavatın Azərbaycandaxili taktiki səhvləriylə bağlı ana-
loji ittihamlara Parisdəki Azərbaycan mühacirlərinin də yaradıcı-
lığında  təsadüf  olunur.  “Əhməd  Cavad  faciəsi”  məqaləsində  C. 
Hacıbəyli yazırdı; “İstanbulda bəzi mühacir qrupu tərəfindən dü-
şünmədən  işlənmiş  bir  xətadan  (Azərbaycandakı  mövcud  bütün 
müqtədir  vətəndaşları  mənimsəmək:  “filankəs  də  bizimdir!”) 
bolşevik zalımları istifadə edərək Milli Şairimizi zalım bir tərzdə 
sıxışdırdılar” [227, N14, 1952]. 
     Mühacirətin  hansı  taktikanı  seçməsindən  asılı  olmayaraq 
bolşevik  hakimiyyətinin  işə  saldığı  repressiya  maşını  öz  işini 
görməkdə  idi.  Təkcə  mühacirətlə  əlaqəsi  olan  daxildəki  siyasi 
təşkilatlar,  ayrı-ayrı  adamlar  deyil,  kasıb  və  ortabab  kəndlilər, 
günahsız  ziyalılar,  hətta  E.  Xanbudaqov,  R.  Axundov,  M.  D. 
Hüsüynov, Ə. Qarayev kimi qatı kommunistlər özləri də bu aman-
sız repressiyanın qurbanı oldular. Konfransda qəbul edilən “Firqə 
taktikasında” deyildiyi kimi: “... Bu siyasətə qarşı Müsavat seyrçi 
durmazdı. O, savaşacaqdı” [40, N-1, 1936]. 
     Mühacirətdə  fərqli  mülahizələrə  baxmayaraq,  Konfrans 
partiyanın  Azərbaycanın  daxilində  və  xaricdə  yürütdüyü  kəskin 
müqavimət taktikasını yüksək qiymətləndirməklə, eyni zamanda, 
“1928-1932-ci  illərdə  kollektivləşməyə  qarşı  qanlı  üsyanlar 
əsasında bütün millətlə bərabər “Müsavatın” da sarsılmasını”[40, 
N-1, 1936] qeyd etməklə yanaşı aşağıdakı tələbləri mücadilə şüarı 
kimi irəli sürdü: 
     “1. Müsavat firqəsi, istiqlal və cümhuriyyət pozisyonunda 
israrla,  rus  ordusunun  Azərbaycanı  boşaltmasını,  Azərbaycanın 

 
 
129 
Sovetlər  Birliyindən  çıxıb  tam  istiqlalını  elan  və  Qafqaz  millət-
ləriylə konfederasasyon bayrağı altında birləşməsini tələb edir. 
     2. Bütün dövlət müəssisələrinin gərək məmur, gərəksə dil 
etibarilə türkləşməsini israr edir və s.” [40, N-1, 1936]. 
     Bunlardan  əlavə,  Müsavat  Partiyası  “Fəaliyyət  taktikası-
na”-  Azərbaycanın  öz  hürriyyətinə  qovuşması  üçün  Qafqaz 
Konfederasiyası  bayrağı  altında  hərəkət  etməsini;  “Prometey” 
cəbhəsindəki  fəallığın  bundan  sonra  daha  da  artırılmasını;  məh-
kum  türk  elləri  arasında  müştərək  savaş  cəbhəsinin  möhkəm-
ləndirilməsini və rus mühacirlərinə qarşı kəskin mübarizə aparıl-
masını  da  daxil  edir,  partiya  üzvlərini  fitnəkar  hərəkətlərə 
uymamağa çağırırdı. 
     Konfrans  1928-1934-cü  illər  böhranına  son  qoydu.  Bir 
neçə  nəfəri  öz  sıralarından  çıxarmaqla  Müsavat  parçalanmadı, 
əksinə Azərbaycan milli müqavimət hərəkatını daxildə və xaricdə 
təşkil,  ideya-siyasi  cəhətdən  təmin  etdiyinə,  bütün  millətin 
idealının  gerçəkləşməsinə  çalışdığına  görə  yeganə,  tək  siyasi 
partiya kimi ümumxalq partiyasına çevrildi. 
     Sonrakı dövrlərdə beynəlxalq aləmdə Azərbaycanın azad-
lığı  məsələsinin  aktuallaşması  ilə  mühacirətdəki  qruplararası 
ziddiyyətlərin kəskinləşməsini görürük (“Qafqaz Konfederasiyası 
Şurası” ətrafında gedən çəkişmələr, Azərbaycanın gələcək taleyi 
ilə  bağlı  nasıst  Almaniyası  ilə  aparılan  danışıqlar,  “Vahid 
antibolşevik cəbhəsi”nin yaranmasında meydana gələn münaqişə-
lər və s.).  
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin