XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   11   12   13   14   15   16   17   18   19

 
 
 
 
 

 
 
319 
 
 
 
 
 
 
 
Ədəbiyyat 
 
   1.  Mühlen  Patrik  von  zür.  Camalihaç  ilə  Qızılyıldız 
arasında.Ankara, 1984, səh. 52 
   2.  Cəfərli Məmməd. Bolşevizm və faşizm arasında. «Azadlıq» 
qəzeti (Bakı), 29 Mart   2000. 
   3. Mühlen Patrik von zür,  səh. 57. 
   4. Mühlen Patrik von zür, səh. 40. 
   5. Mühlen Patrik von zür, səh. 42. 
   6. Cəfərli Məmməd. Yenə həmin mənbə 
    7.  İbrahimli  Xaləddin.  Azərbaycan  siyasi  mühacirəti.  Bakı 
1996, səh.183. 
   8. Mühlen Patrik von zür, səh. 70. 
   9. «Azərbaycan» dərgisi (Ankara).1954, N -9. 
   10. «Kafkasya» dərgisi (Münhen). 1952, N-9. 
   11. «Sabah» qəzeti (Bakı). 12-30 iyun 1992. 
   12. Mühlen Patrik von zür, səh. 61. 
   13. «Azadlıq» qəzeti (Bakı). 9 may, 1996. 
   14. «Sabah» qəzeti (Bakı). 12-30 iyun, 1996.  
   15.  «Ayna» qəzeti (Bakı). 22 iyun, 1996. 
 
 
 
 
 
 
 

 
 
320 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan  mühacirəti Polşada və  
«Qafqaz  Birliyi» ideyası 
 
Qafqaz  xalqlarının  birliyi  ideyası  Rusiya  imperiyasının 
bölgədə  çar  I  Aleksandrın  zamanından  ardıcıl  şəkildə  başlayan 
işğalları  ilə  bağlıdır.  XIX  əsrin  əvvəllərindən  70-ci  illərə  qədər 
uzanıb  gedən  permanent  Rusiya-Qafqaz  savaşları  göstərdi  ki, 
güclü  təcavüzkara  qarşı  ancaq  birgə  müqavimət  göstərmək 
mümkündür. Hələ XIX əsrin otuzuncu illərində çərkəzlər öz milli 
qurultaylarını çağıraraq «Qara və Xəzər dənizləri arasındakı bütün 
dörd  milyonluq  dağlıların  istiqlalını  dünyaya  elan  etmiş, 
Çeçenistanda,  Dağıstanda  qanlı  döyüşlərin  getdiyi  bir  vaxtda 
Qafqaz xalqlarının birliyi ideyasını ortaya atmışlar» [1]. 
Bu  sonrakı  dönəmlərdə  «Qafqaz  Birliyi»  ideyasının  ya-
ranmasının ilkin mərhələsi idi.  
XX  əsrin  əvvəllərində  bu  ideya  çar  Rusiyasının  təqibləri 
üzündən  Avropaya mühacir etmiş qafqazlılar tərəfindən yenidən 
gündəmə gəldi. 1915-ci ildə Marşal Fuad Paşanın (Şimal Qafqaz) 
sədrliyi  ilə  «Qafqaz  Komitəsi»  yaradıldı.  Komitənin  rəyasət 
heyətinə Knyaz Maçabeli, Kamil bəy Toqiridze (Gürcüstan), İsa 
Paşa,  Əziz  Məkər  (Şimali  Qafqaz),  Səlim  bəy  Behbudzadə 
(Azərbaycan) daxil idi. 
Qafqaz birliyi məsələsinə bölgə xalqlarının 1918-20-ci illər-
də yaşadıqları müstəqillik dönəmlərində də ciddi diqqət yetirilib. 
Bölgə  dövlətlərinin  birliyi  məsələsi  1918-ci  il  Trabzon 

 
 
321 
konfransında  (Türkiyə),  1919-cu  il  Müsavat  partiyasının  qurul-
tayında, nəhayət 1920-ci il aprelin 7-də Tiflis konfransında mü-
zakirə  edildi.  Tiflis  konfransı  üçün  Azərbaycan  Demokratik 
Respublikası Ədliyyə nazirinin müavini, əslən Polşadan olan O. 
Mirzə-Nayman  Kriçinski  tərəfindən  24  maddəlik  bir  sənəd 
hazırlanmışdı. Qafqaz Birliyinin siyasi, hüquqi, iqtisadi və hərbi 
aspektlərini əhatə edən bu sənəd konfrans iştirakçıları tərəfindən 
bəyənilmiş  və  qəbul  edilmişdi.  Lakin  cəmi  20  gün  sonra 
Azərbaycan  bolşevik  ordusu  tərəfindən  işğal  edildi  və  proses 
yarımçıq dayandırıldı.  
İdeya mühacirət dönəmlərində xeyli təkmilləşdirildi və daha 
konkret  şəkil  aldı.  1921-ci  ildə  Azərbaycan,  Ermənistan, 
Gürcüstan və Şimal Qafqaz mühacirləri Parisdə bir araya gələrək 
«Qafqaz  Şurası»nı  yaratdılar.  1927-ci  ildə  Azərbaycan  və 
Gürcüstan və Şimal Qafqaz mühacir təşkilatları «Qafqaz İstiqlal 
Komitəsi»ni  yaratdılar.  Təşkilat  3+1 prinsipi ilə qurulmuşdu: üç 
Qafqaz  dövləti  və  Polşa.  Polşa  Qafqaz  dövlətlərini  təmsil  edən 
təşkilatların  fəaliyyətini  koordinasiya  edir,  onlara  maliyyə  və 
digər yardımlar göstərirdi. Komitənin rəhbərliyndə Azəbaycandan 
M. Ə. Rəsulzadə, Ə. Topçubaşi, Gürcüstandan N. Jordaniya, A. 
Çxenkeli,  Şimali  Qafqazdan  M.  Sunşev,  İ.  Salamoda  təmsil 
olunmuşdu. Qafqaz mühacirləri 1920-ci illərdə «Avropa Birliyi», 
«Balkan  Birliyi»  ideyalarından  ruhlanaraq  Ermənistanı  da 
komitəyə  cəlb  etməyə  çalışırdılar.  Lakin  erməni  mühacirlər 
«Bölünməz  və  Bütöv  Rusiya»  ideyasını  qatı  tərəfdarı  olan  rus 
mühacirlərinin  lideri  Kerenski  və  Milyukovla  təmasa  üstünlük 
verir, onların əsas mətbuat orqanı «Dni» qəzetində məqalələr dərc 
etdirirdilər [2].  
Qafqaz  mühacirləri  1934-cü  ildə  bir  addım  da  qabağa 
gedərək, marşal Y. Pilsudskinin dəstəyi ilə iyulun 14-də Brüsselə 
toplaşdılar  və  Qafqaz  Konfederasiyası  Paktını  imzaladılar.  (Bu 
sənədə  tarixşünaslıqda  andlaşma  da  deyilir).  Paktı  imzalayan 
Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz  mühacirlərinin  Milli 

 
 
322 
Mərkəzləri  Qafqaz  Konfederasiyasının  aşağıdakı  əsaslarını  elan 
etdilər:  
«1.  Qafqaz  Konfederasiyası  xaricdə  tərkibinə  aldığı  res-
publikalar adından hərəkət edəcək və müştərək gömrük hüduduna 
malik olacaq. 
2. Respublikaların xarici siyasəti Konfederasiyaya daxil olan 
dövlətlərin səlahiyyətli nümayəndələri tərəfindən idarə ediləcək. 
3.  Konfederasiyanın  sərhədləri  Respublikaların  milli 
ordularından  təşkil  olunan  vahid  komandanlıq  altına  alınmış 
Konfederasiya Ordusu tərəfindən müdafiə olunacaq. 
4.  Konfederasiya  daxili  mübahisəli  məsələlərə  Yüksək 
Konfederasiya Məhkəməsində baxılacaq» [3]. 
Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. Topçubaşi, 
Gürcüstan  adından  N.  Jordaniya,  A.  Çxenkeli,  Şimali  Qafqaz 
adından  M.  Girey  Sunc,  İbrahim  Çuluk  və  Tausultan  Şahman 
imzalamışdı.  14 iyul  Paktı ilə bağlı Qafqaz  İstiqlal Komitəsinin 
yaydığı  bəyannamədə  bildirilirdi  ki:  «…yaxında  bir  konfrans 
çağırılacaq və bu konfrans QİK-in istefasını qəbul edərək yeni bir 
orqan təsis edəcək» [4]. 1935-ci il fevralın 14-də nəzərdə tutulan 
konfrans  çağırıldı  və  nəhayət  Qafqaz  Konfederasiyası  Şurasının 
yaradıldığı  bəyan  edildi.  Konfransın  qəbul  etdiyi  10  bəndlik 
sənəddə  Şuranın  qarşısında  aşağıdakı  vəzifələrin  dayandığı 
bildirilirdi:  
«1.  Qafqazdakı  rus  istila  hökumətinin  ləğv  edilməsi  üçün 
Qafqaz Respublikalarının bərqərar olmasına və bu respublikaların 
Konfederasiya  halında  birləşməsi  üçün  Qafqaz  millətlərinin 
hazırlanmasına çalışmaq. 
2. Bu məqsədlə Sovetlər Birliyindəki başqa əsir millətlərin 
təşkilatları ilə əlaqə yaratmaq. 
3.  Şura  Qafqazın  və  Rusiya  məhkumu  bütün  millətlərin 
istiqlalını qeyd-şərtsiz tanıyan rus qüvvələri ilə təmasa hazırdır. 
4. Müstəqillik yolunda Şura öz qüvvələrinə arxalanır» və s. 
[5]. QKŞ paritet əsaslarla qurulmuşdu. Şura 1921-ci ildən Qafqaz 
mühacirləri ilə əlaqəni kəsmiş Ermənistan nümayəndələri üçün də 

 
 
323 
açıq elan olunmuşdu. Lakin onlar beş il sonra - 1940-cı ildə, İkinci 
Dünya müharibəsinin gedişində quruma daxil oldular. 
İkinci  Dünya  müharibəsindən  sonra  «Qafqaz  Birliyi» 
ideyası  yenidən  aktuallaşdı.  1952-ci  ildə  əski  mühacirlər  Mün-
xendə  yenidən  bir  araya  gəldilər.  Dekabrın  11-16-sı  tarixində 
keçirilən Ümumqafqaz konfransında  «Qafqaz İstiqlal Komitəsi» 
adlanan  təşkilatın  əsası  qoyuldu.  Komitənin  qarşısında  əvvəl-
kilərdən  fərqli  vəzifələrin  durduğu  bildirilirdi:  «a)  Qafqaz 
millətlərinin milli qurtuluş savaşını xaricdə təmsil və idarə etmək; 
b) ABŞ və Qərb dövlətləri ilə… QİK-in fəaliyyətini uzlaşdırmaq; 
c)  Şərqi  Avropa,  Türküstan  və  b.  millətlərin  apardıqları  azadlıq 
mübarizəsi ilə iş birliyi yaratmaq» [6]. Sonuncu bənddə isə Qafqaz 
millətlərinin  ruslara  qarşı  nifrət  bəsləmədikləri  və  bolşevizmin 
çökməsi  ilə  rusların  da  xilas  olacağı  bildirilirdi.  Bəyannaməni 
Azərbaycan Milli Mərkəzinin sədri M. Ə. Rəsulzadə, Gürcüstan 
Milli Siyasi Mərkəzinin sədri N. Jordaniya, Şimali Qafqaz Milli 
Komitəsinin sədri, prof. Ə. N.  Maqoma imzalamışlar. Bu təşkilat 
«Qafqaz  Birliyi»  ideyası  ətrafında  mühacir  mərkəzlərinin 
mühacirətdə yaratdığı sonuncu iri təşkilat idi. 
«Qafqaz Birliyi» ideyası ətrafında mühacirlər arasında uzun 
illər diskussiyalar gedib. Bu məsələdə bir-birinə müxalif qütblər 
formalaşsa  da,  demək  olar  ki,  mühacirlərin  mütləq  əksəriyyəti 
birliyin reallaşmasının tərəfdarı idi. Onlar yaxşı bilirdilər ki, Qaf-
qaz    etnoqrafik  baxımdan  çox  polifonik  bir  bölgədir  və  dövlət-
lərinin hər birində «Axilles dabanı» mövcuddur. Bu səbəbdən də 
mühacirlər  bütöv  bölgə  üçün  İsveçrə  kimi  bir  siyasi  model 
arzulayır və bölgə içi mübahisəli məsələlərin Qafqaz dövlətlərinin 
təmsil  olunduğu  konfederasiya  institutları  tərəfindən  həllini 
istəyirdilər.  
«Qafqaz  Birliyi»  ideyası  SSRİ  çökəndən  sonra  yenidən 
aktuallaşdı. Gürcüstan, Azərbaycan və Şimali Qafqaz respublika-
larından  Dağıstan,  Çeçenistan  və  İnquşetiya  siyasiləri  arasında 
gedən uzun-uzadı danışıqlardan sonra, adı çəkilən respublikaların 
parlament  təmsilçiləri  Ümumqafqaz  Parlamentinin  yaradılması 

 
 
324 
istiqamətində  təşəbbüslə  çıxış  edərək  Qafqaz  ölkələrinin  par-
lamentlərinə  müraciət  imzaladılar.    Sənəd  Azərbaycan  deputat-
larından  V. Quliyev, Z. Qaralov, A. Manafova, Gürcüstan depu-
tatlarından B. Kakubava, Q. Patsasiya, İnquşetiya deputatlarından 
A.  Nalşev,  M.  Yandiyev,  Dağıstan  deputatlarından  Maxaçev, 
Hacıyev,  Aşurəliyev  tərəfindən  imzalanmışdı  [8].    Bu  müraciət 
Çeçenistan parlamenti tərəfindən dəstəklənmiş, lakin texniki sə-
bəblər üzündən imzalana bilməmişdi. Az sonra Şimali Qafqazdan 
yeni bir təşəbbüs də ortalığa atıldı: Qafqaz ATƏT-nin yaradılması. 
Lakin təəssüflər olsun ki, bu yeni ideyalar da gerçəkləşə bilmədi.  
«Qafqaz Birliyi» ideyasının iflasını iddia etmək də yanlışlıq 
olardı.  Doğrudur  ideya  siyasi  müstəvidə  reallaşmadı.  Amma 
zaman-zaman  təkmilləşən  və  müxtəlif  şəkillər  alan  bu  ideya 
günümüzdə TRACECA, GUAM, BTC, Bakı-Tbilisi-Ərzurum qaz 
kəməri,  Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  şəklində  başqa 
müstəvilərdə,  fərqli  formatlarda  və  müasir  dövrün  tələblərinə 
uyğun olaraq gerçəkliyə çevrilir. 
 
İpək Yolu jurnalı, fevral, 2007 
 
 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
325 
 
 
 
 
 
Ədəbiyyat 
 
1. 
«Kafkas almanaxı». İstanbul, 1937. 
2. 
Mehmet S. Kafkasya məsələsi -«Azəri Türk». N-(24/2), 1929

3. 
«Qurtuluş» jurnalı. N-2, 1934. 
4. 
«Qurtuluş» jurnalı. N-5, 1935. 
5. 
«Qurtuluş» jurnalı. N-5, 1935. 
6. 
Resulzadə M. Ə. Kafkasya məsələsi.  «Kafkasya» jurnalı, 
Münxen, N-11-12, 1952 
7. 
Jurnal «Kavkaz» (Baku). N-2, 1997. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
326 
 
 
 
 
  
 
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi 
məsələsinə mühacirətdən baxış 
 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsi  tariximizin 
ən  mürəkkəb,  eyni  zamanda 
   
öyrənilməsinə  ehtiyatlı  və    həssas  
yanaşma  tələb  edən  məsələlərindəndir.  Sovet  tarixşünaslığında 
problemin birtərəfli öyrənilməsi, 1920-ci il aprel işğalından sonra 
Azərbaycan Xalq Cümhuriyyətinə məxsus sənəd və materialların 
böyük əksəriyyətinin məhv edilməsi  (gürcülər Azərbaycanın acı 
təcrübəsindən  nəticə  çıxarıb  dövlət    arxivinin    böyük  qismini 
Parisə apara bildilər) tədqiqatçıların işini xeyli çətinləşdirmişdir. 
Lakin ümidverici cəhətlərdən biri odur ki, mühacir  ədəbiyyatında 
bu  məsələ  ilə  bağlı    hələ    araşdırılmamış    xeyli  sənəd    və 
materiallar  mövcuddur  və  onlar  müqayisəli  təhlillər,  paralellər 
aparmaq,  həqiqəti  ortaya  qoymaq  baxımından  faydalı    mənbəşü-
naslıq bazasıdır. 
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini araşdıran 
tarixçilər  birmənalı şəkildə bu qənaətə gəlirlər ki, 23 aylıq fəaliy-
yəti dövründə  respublika öz təhlükəsizliyini təmin etmək üçün çox 
səmərəli  fəaliyyət  göstərmiş,  beynəlxalq  şəraitin  verdiyi  im-
kanlardan bacarıqla istifadə etmişdir. Belə ki, Osmanlı və Atlan-
tanın köməyindən istifadəyə yönəlmiş xarici siyasət kursu, ABŞ 
və  Avropa  ölkələri  tərəfindən  tanınma,  Dağıstana  bufer  zona 
yaratmaq məqsədi ilə  yardım etmək haqqında  qərar,  Qafqaz  Bir-
liyinin  gerçəkləşməsi  istiqamətində  aparılan  iş,  1920-çi  ilin 
yanvarından sonra Rusiyaya yönəlik siyasət - M. H. Hacınski xətti, 
nəhayət, Ə. M. Topçubaşinin rəhbərlik etdiyi heyətin Paris missiyası 

 
 
327 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  çevik  diplomatik  fəaliyyətini
 
təsdiq edən tutarlı dəlillərdir. 
Sadalanan dəlillərin müqabilində istər-istəməz belə bir suala 
cavab  vermək  lazım  gəlir:  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
müstəqilliyinin  mühafizəsi  mümkün  idimi?  Respublikanın 
süqutuna daxildə təkan verən amillər hansılar olmuşdu? 
1920-çi ildə yaranan tarixi şəraitin təhlili göstərir ki, nəinki 
Azərbaycanın, bütövlükdə Qafqazın işğalı bəlkə də qaçılması müm-
kün olmayan tarixi gerçəkliyə çevrilmişdi. Məntiq də onu deyir ki, 
Qafqaz respublikalarının süqutu daxili amillərlə bağlı deyildi. Belə 
olmasaydı  Azərbaycandan  on  ay  sonra  sovetləşən  Gürcüstan  öz 
qonşularının milli fəlakətindən nəticə çıxarıb vəziyyəti xilas edərdi. 
Deməli,  Qafqaz  respublikalarının  devrilməsinin  başlıca  səbəbi 
xarici amillərlə - konkret olaraq rus-bolşevik istilası ilə bağlı idi. 
Təbii  ki,  mühacir  mətbuatında  da  Azərbaycan  Xalq  Cüm-
huriyyətinin  devrilməsi  səbəbləri  Rusiyanın  məmləkəti  əsgəri 
işğal altına alması ilə izah olunur. Lakin, eyni zamanda köməkçi 
daxili  amillərin  də  olduğu  göstərilir  ki,  müstəqillik  dönəmində 
onların öyrənilməsi az əhəmiyyət kəsb etmir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsinə  təkan 
verən  daxili  amillərin  ilk  obyektiv  təhlilinə  M.  Ə.  Rəsulzadənin 
yaradıcılığında  təsadüf  olunur.  O,  1925-çi  ildə  yazdığı  "İstiqlal 
məfkurəsi  və  gənclik"  əsərində  müstəqillik  çağlarında  Azərbay-
canda istiqlal  şüurunun zəif olduğunu göstərirdi: "Azərbaycanda 
milli fikir nisbətən əski olsa da, sözün həqiqi mənasında  istiqlal-
çılıq fikri çox yenidir" [1]. Müəllif daha sonra, 1918-ci ildə Azər-
baycanın  küll  halında  müstəqil  dövlət  həyatına  hazır  olmadığını 
yazırdı: "Milli hərəkatın yeni nəsli belə... 1918-ci ildə elan olunan 
Azərbaycan  istiqlalını  özlərinin  gözlədikləri  xoşbəxt  hadisə, 
xəyallarında həsrət çəkdikləri bir fikrin nəhayət gerçəkləşmiş bir 
məhsulu deyil, gözlənilməyən bir hadisə kimi qiymətləndirmişlər. 
Başa  gələn  hadisə  kimi  qəbul  etmək  zorunda  qalmışlar.  Etiraf 

 
 
328 
etməliyik  ki, müstəqil Azərbaycan hökumətini idarə edən ziya-
lılarımızdan  bir  çoxu  bir  gün  gəlib  də  milli  hökumət  başında 
duracaqlarını düşünmüş deyillərdi" [2]. 
Əlbəttə,  bu  naqisliklər,  milli  şüurun  zəifliyi  bir  əsrlik  rus 
müstəmləkəçiliyinin  istiqlaliyyət,  dövlətçilik  məfkurəsini  sarsıt-
ması  ilə  bağlı  idi.  M.  Ə.  Rəsulzadə  deyilənlərin  təzahürü  kimi 
1918-ci il İstiqlal bəyannaməsinin preambula hissəsindəki yanlış 
fikirlərə  diqqəti  cəlb  edir:  "Rusiya  parçalanmış,  kədərli  bir 
vəziyyət  hasil  olmuş,  gürcülər  də  getmiş,  biz  da  istər-istəməz 
özümüzü müdafiəyə başlamışız, nə edək, müstəqil olmuşuz. Etiraf 
etməliyiz ki, bu istiqlalı üçün mübarizə etmiş, azadlığına susamış 
bir  millətin  siyasətçiləri  və  inqilabçıları  deyil,  çökən  əzəmət  və 
səltənətin  dəhşəti,  gözlənilməz  hadisələrin  təsiri  ilə  sabahkı 
məsuliyəti  düşünən  və  təsəvvür  edən,  bəraət  üçün  indidən 
yüngülləşdiriçi  səbəblər  təmin  edən  "uzaqgörənlər"  tərəfindən 
yazılmışdır. 
Gürcüstan  bəyannaməsində  də  eyni  qüsur  işlənmişdir. 
Yaxud da doğrusu budur ki, Azərbaycan İstiqlal Bəyannaməsinin 
müəllifləri  bu  zəifliklərində  gürcüləri  təqlid  etmişlərdir"  [3] 
Doğrudan da, Azərbaycanın öz milli müstəqilliyi uğrunda müba-
rizə  aparması  danılmaz  tarixi  gerçəklik  olduğu  halda,  istiqlaliy-
yətin  "əmrə-vaqe",
 
yəni  "taleyin  hökmü"  kimi  təqdim  olunması 
ciddi yanlışlıq sayılmalıdır. 
Azərbaycan mühacirlərindən M. Ş. Əfəndizadə də istiqlaliyyətin 
əldən getməsinə milli şüurun zəifliyinin az təsir etmədiyini və bunun 
rus müstəmləkəçiliyindən  doğulduğunu  yazırdı. Onun sözlərinə görə 
"Rus idarəsi altında bütün siyasi varlığını itirmiş azərbaycanlılar kəndi-
kəndilərini idarəyə alışmadıqlarından pək çox xətalarda bulundular" 
[4]. 
Müstəqillik  ilə  birdən-birə  üz-üzə  dayanan,  hələ  özünü-
idarəyə vərdiş etməyən Azərbaycanda gün-gündən artan hökumət 
böhranları bir sıra ciddi problemlər doğururdu. Üzücü müharibə, 
partiyalararası təfriqələr, bolşeviklərin, eser və menşeviklərin ölkə 
daxilində  törətdikləri  təxribatlar  F.  Xoyskinin  israr  etdyi  kimi, 

 
 
329 
fövqəladə  tədbirlər  görməyə  ehtiyac  yaratmışdı.  Sonralar  M.  Ə. 
Rəsulzadə də parlamenti buraxıb, sərt rejim yaratmaqla bəlkə də 
vəziyyəti  xilas  etməyin
 
mümkünlüyü  qənaətinə  gəlmişdi: 
Hadisələrin  də  göstərdiyi  kimi,  bu  qədər  liberal  bir  şəkildə 
qurulmuş bulunan parlaman üsulunun başlıca iki zəif tərəfi vardı: 
bunlardan biri şəklə, o biri də mənaya aiddi. Şəklə aid olan səhv, 
digər Qafqaz çümhuriyyətlərində olduğu kimi, böhran günlərində 
parlamanı  dağıdaraq  bilavasitə  xalqa  müraciət  etmək 
səlahiyyətinə malik icra məqamının (rəisi-cümhur) yoxluğundan 
ibarət idi. Zaman vardı ki, vəziyyəti qurtarmaq üçün hakim firqə 
parlamanı dağıdacaqdı. Fəqət olmadı" [5]. 
1920-çi  il  aprel  işğalı  ərəfəsində  Azərbaycan  istər  yerli 
kommunistlərin,  istərsə  də  rus  və  türk  kommunistlərin  tüğyan 
etdiyi bir bölgəyə çevrilmişdi. Bu dövrdə Bakı fəaliyyət üçün ən 
əlverişli  şəhər  sayılırdı.  Ə.  Qarayev  Bakı  mitinqlərinin  birində 
yerli bolşeviklərin Rusiya üçün Azərbaycanın məhv edilməsinə də 
hazır  olduqlarını  bəyan  edirdi:  "Denikini  əzmək  üçün  Rusiya 
fəhlələri ilə Azərbaycan fəhlələri əl-ələ verərək, lazım gəlsə lap 
Azərbaycanın  meyidinin  uzərindən  keçib  moskvalı  yoldaşlarına 
kömək edəcəklər" [6]. 
Mustafa  Sübhinin  rəhbərlik  etdiyi  200  nəfərdən  artıq  türk 
kommunisti də Azərbaycanda tam sərbəst, qorxusuz fəaliyyət gös-
tərirdilər.  Onun  cəzasını  aprel  çevrilişindən  sonra  türklər  özləri 
verdi -Trabzon yaxınlığındakı Dəyirmandərə adlanan yerdə qətlə 
yetirdilər. 
AXC-in  süqutunu  şərtləndirən  daxili  amillər  sırasında 
mühacirlər  Milli  Ordu  ilə  bağlı  problemlərin  də  mövcudluğunu 
göstərirlər. Milli Ordunun Qarabağa göndərilməsi nə qədər zəruri 
olsa da, XI Ordunun Dağıstan şəhərlərini işğal edə-edə Azərbay-
cana yaxınlaşdığını, "əsas təhlükənin şimaldan gəldiyini" bilərək 
sərhədlərimizin  müdafiəsini  təşkil  etməməyə  haqq  qazandırmaq 
asan  deyil.  Mudafiə  Nazirliyi  bölgədə  yerləşən  "Qusar"  alayına 
müqavimət  göstərmək  əmri  verməmişdi.  Mərkəzdən  müdafiə 

 
 
330 
əmrinin alınmaması bir tərəfə, əksinə, "Qusar" alayındakı əsgər-
lərə  "Qızıl  Ordunu  yaxşı  qarşılamaq"  haqqında  gizli  təlimatlar 
göndərilirdi [7]. 
İşğaldan bir ay sonra Azərbaycanı bürüyən üsyanlarda Milli 
Ordu  əsgərlərimizin  göstərdikləri  fədakarlıq  belə  bir  fikir  söy-
ləməyə əsas verir ki,  ölkənin müdafiəsi problemi əsgərlərimizin 
qabiliyyətsizlyi,  qorxaqlığı  ilə  deyil,  ordu  rəhbərlyinin,  bütöv-
lükdə hökumətin qüsurlu fəaliyyəti ilə bağlı olmuşdu. 
Mühacir ədəbiyyatında Azərbaycanın, bütövlükdə Qafqazın 
istilasına, bölgə cümhuriyyətlərinin bir-birilərinə yardım etməmə-
sinin  xüsusi  təsir  göstərdiyini  əks  etdirən  çoxsaylı  tədqiqatlar 
mövcuddur.  Şərafəddin  Erəl 
«
Azərbaycan  politikaçılarının  yan-
lışları»  əsərində  Azərbaycanın  Şimali  Qafqaza  hərbi  yardım 
etməməsini bağışlanılmaz səhv adlandırıb  yazırdı: "Azərbaycana 
yardımda şəhid olan bir çox Şimali Qafqaz zabit və əsgərinə qarşı 
bir tək hərbçi belə Azərbaycandan Şimala göndərilməmişdi" [8]. 
Azərbaycan  mühacirlərinin  tanınmış  simalarından  olan  C. 
Hacıbəyli  isə  məsələyə  münasibətini  belə  açıqlayırdı:  "Vaxtı  ilə 
Azərbaycan və Şimali Qafqazın birləşməsinə acınacaq bir cəhalət mane 
oldu və bu vəziyyətdən istifadə etmiş olanlar, şübhəsiz, kəndi istiqlaliy-
yətlərinin düşmənləridir. Ümumi Qafqazın Şimali Qafqazlılara qarşı tarixi 
bir borcları var. Şimali Qafqazlılar Rusiyaya qarşı mücadilədə vətənlərini 
kəndi həyatları bahasına müdafiə edərkən, Azərbaycan və digər Qafqaz 
millətləri onlara dost bir yardım əli uzatmadılar" [9]. 
Ümumiyyətlə, müstəqillik dönəmində Qafqaz cümhuriyyət-
lərinin "Qafqaz Birlyi" məsələsinə qədərincə qiymət verməmələri 
mühacirlər  arasında  uzun-uzadı  diskussiyalar  mövzusu olmuşdu. 
Bu  diskussiyaların  yekunu  kimi  Qafqaz  mühacirlərinin  belə  bir 
yekdil  fikrə  gəldiklərini  söyləmək  mümkündür:  cümhuriyyətləri 
XI Ordunun əsgəri işğal altına alması danılması mümkün olmayan 
həqiqətdir. Lakin, bununla yanaşı, Qafqaz cümhuriyyətləri həm də 
bir-birilərinə bağlı olmadıqlarından yıxıldı [10]. 
Bağlılıq bir tərəfə  -  əksinə, Ermənistan  Azərbaycan və  Gür-
cüstana  qarşı  apardığı  müharibə  ilə  birliyin  formalaşmasına  imkan 

 
 
331 
vermir,  işğal  üçün  zəmin  yaradırdı.  1920-ci  il  aprel  işğalından  sonra 
Türkiyədə  də  Azərbaycanın  müstəqilliyinin  itirilməsi  ilə  bağlı  aldadıcı 
təəssürat  yaradılmışdı.  Bir  sıra  hallarda  isə  araya  təfriqə  salmaq  üçün 
uydurma tezislər ortaya atılır, nə vaxtsa səslənilmiş fikirlər bilərəkdən 
təhrif edilərək, səhv yozulurdu. 
M.  Ə.  Rəsulzadə  yazırdı:  "Türkiyədə  ...  milli  Azərbaycanla 
indiki  Azərbaycan  arasında  fərqi  bir  çoxları  idrak  etmirdilər. 
Azərbaycanın  müstəqil  ikən  get-gedə  bütün  hüququnun  Rusiyaya 
nədən tərk etdiyini soranlara rast gəldik. Bolşeviklərin Azərbaycana 
millət tərəfindən çağırıldığına inananlar var" [11]. 
O,  1937-ci  ildə  "Qurtuluş"  dərgisindgə  dərc  etdirdyi  "Mu-
hittin  Birgənə  görə  Azərbaycan-Türkiyə  münasibətləri"  məqa-
ləsində  də  bir  sıra  tarixi  və  çağdaş  anlaşılmazlıqların  qaldığını, 
"Türkiyənin qulağını Azərbaycanın ingilisçi Müsavat Partiyasının 
hökuməti barədə yalanlarla doldurulduğunun" [12] bu iki qardaş 
ölkə  arasında  münasibətlərin  soyumasına  təsir  göstərdiyini 
bildirirdi. Bu dövrdə Əli Əmiri kimi türkiyəli sağçılar "Azərbaycan 
Türkiyəyə  bağlı  deyil,  müstəqil  qaldığı  üçün  yıxıldı"  fikrini 
yayırdılar.  Lakin  M.  Birgən  kimi  yeni  Türkiyənin  imperialist 
olmadığını və Azərbaycanın, bütövlükdə Qafqazın müstəqilliyinin 
Türkiyə üçün təhlükəsiz cənub buferinin  yaranması demək olduğu 
fikrini müdafiə edənlər də var idi və belələri çoxluq təşkil edirdi. 
"Əsrimizin Səyavuşu" əsərində Səyavuş obrazı, onun faciəsi 
ilə Azərbaycanın 1920-ci il 27 Aprel faciəsi arasında bir əlaqənin 
olduğuna işarə edilməsi də ciddi mübahisələr mövzusu olmuşdu. 
Ş.  Erəl  yazır:  "M.  Ə.  Rəsulzadə  Səyavuş  olaraq  Azərbaycan 
hökumətini  nəzərdə  tutur.  Əfsanədəki  Səyavuş  necə  ki,  Türk 
hökmdarı  tərəfindən  öldürülmüşsə,  bu  günkü  Səyavuş  da  (yəni 
Azərbaycan  Cümhuriyyəti)  türklər  tərəfindən  düşmənlərin  əlinə 
tərk edilmişdir". [13]. 
İran və Türk meyvəsinin bəhrəsi olan Səyavuşun türk babası 
Əfrasiyab tərəfindən qətlə yetirilməsini doğrudan da 27 Aprel faciəsi 
ilə əlaqələndirən M. Ə. Rəsulzadə isə məsələnin başqa cəhətlərini 
də  açıqlayırdı:  "Azərbaycan  kəndi  hamilərindən  və  xilaskarından 

 
 
332 
olan  türklərin,  kommunist  olsalar  da,  kəndi  əleyhinə  sui-qəsd 
bəsləməyəcəklərini ümid eyləmişdi" [14]. 
Hər  iki  nümunədə  məntiq  27  Aprel  faciəsində  türklərin 
iştirakını  inkar  etmir,  lakin  ikinci  nümunədə  bu  türklərin  məhz 
kommunistlər olduğu açıqca deyilir. M. Ə. Rəsulzadə 1937-ci ildə 
də bu məsləyə qayıdaraq türk kommunistlərini "Gənc Azərbaycan 
faciəsinə  səbəb  verən...  macəraçılar"  adlandırır,  eyni  zamanda 
qardaş Türkiyənin suçlandırılmasını əsaslı xəta hesab edirdi: "Biz 
heç  zaman  üzüntülü  hadisənin  (27  aprel  nəzərdə  tutulur-X.  İ.) 
məsuliyyətini  ümuma  aid  etmədik;  Bakı  şəhidliyində  yatan 
Anadolu  mehmetciklərinin  əziz  xatirəsi  haqqında  bəslədiyimiz 
müqəddəs  minnətdarlıq  hissi  buna  hər  zaman  mane  olmuşdur" 
[15]. 
Mühacir  mətbuatında  Azərbaycan  hökumətində  rütbəli 
çinovniklərin      korrupsiyaya  qurşandığının,  dövləti  Azərbaycan 
adlandırmaqla  Şimali  Qafqaz  və  Cənubi  Qafqaz  türklərinin  bir-
birindən ayrı salınmasının, bəzi  dövlət adamlarının  bacarıqsızlı-
ğının işğalı asanlaşdıran amillər olduğunu göstərən müəlliflərə, bir 
sıra subyektiv mülahizələrə də təsadüf olunur. 
Fikrimizcə,  Azərbaycanın  1920-ci  ildə  öz  müstəqilliyini 
itirməsi  məsələsi  ilə  bağlı  ən  xırda  təfərrüatların  belə  açıqlan-
masına, araşdırılmasına ehtiyac var. Bu, tarixi gerçəklərin ortaya 
çıxarılması,  1918-1920-ci  illər  təcrübəsindən  düzgün  nəticə 
çıxarılması,  eyni  zamanda  1991-ci  ildə  əldə  etdiyimiz  milli 
müstəqilliyimizin möhkəmləndirilməsi baxımından faydalıdır. 
 
Böyük dövlətlər kıskacında bağımsız  Azərbaycan (1918-1920).  
Məqlələr toplusu. İstanbul-2010 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin