XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
 

 
 
 
XALƏDDİN   İBRAHİMLİ 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN   
MÜHACİRƏTİ   TARİXİ 
 
 
 
 
 
 
Bakı – 2012 
 
 
 
 
 
 

 
 

 
 
Elmi redaktor:      Prof. Dr. Süleyman Əliyarlı, 
                               Əməkdar Elm Xadimi, Türk 
                               Tarih Kurumunun Fəxri üzvü 
 
Rəyçilər:               T.e.d. prof. Anar İsgəndərov 
                               F.e.n., dos. Ülviyyə Rəhimova 
                               Tarix üzrə Fəlsəfə Doktoru. Vasif Qafarov 
 
 
      X. C. İbrahimli. Azərbaycan  mühacirəti  tarixi. ADPU 
nəşriyyatı Bakı – 2012.   səh. 358 
 
 
  
Kitabda XIX əsrin əvvəllərində rusların Qafqazı işğal etməsi ilə istiqlalçı 
Azərbaycan  mühacirətinin  meydana  gəlməsi,  mühacirətin  1918-ci  il  milli 
istiqlaliyyət  əldə  olunana  qədərki  mərhələsi,  1920-ci  il  27  aprel  işğalı  ilə 
devrilmiş  Azərbaycan  müstəqilliyinin  yenidən  bərpası  uğrunda  mühacirlərin  
fasiləsiz    olaraq  70  ilə  yaxın  xarici  ölkələrdə  apardıqları  mübarizə,  ağır, 
təhlükəli,  əsəbi  həyat  şəraitində  müxtəlif  ölkələrdə,  onlarla  ictimai-siyasi 
təşkilatın  yaradılması  şərh  edilir,  otuzdan  artıq  qəzet  və  dərginin  ərsəyə 
gəlməsindən,  yazılan  minlərlə  əsərdən,  nəhayət,  milli  ideologiyanın  daha  da 
dolğunlaşdırılmasından  bəhs  olunur.  Əsərdə  Azərbaycanın  yenidən  öz 
müstəqilliyinə qovuşmasında mühacirətin gördüyü işlərin məzmun və əhəmiy-
yətinə aydınlıq gətirilmişdir.  
Kitabdan ali məktəb tələbələri, müəllimləri, araşdırmaçılar, eləcə də geniş 
oxucu auditoriyası yararlana bilər. 
 
 
© İbrahimli X. C., 2012 
 
Qrif 
 
 
 
 

 
 

 
 
İçindəkilər 
 
Giriş  ............................................................................................5 
             
 I  Bölüm. Azərbaycan mühacirətinin yaranması,  
onun yeni mərhələsini doğuran   şərait və səbəblər  
1.1.  Azərbaycan mühacirətinin tarixi kökləri............................22 
1.2.  Mühacirətin yeni mərhələsi ...............................................32 
1.3. 1920-ci il 27 aprel işğalından sonra Azərbaycanda  
        ümumi  vəziyyət, üsyanlar və kəndli hərəkatı....................35 
1.4.  Siyasi təşkilatların gizli fəaliyyətə keçməsi  ......................62 
 
 II  Bölüm.  Mühacirətin   təşkilatlanması 
2.1.   Siyasi təşkilatların və dərnəklərin yaranması....................90  
2.2.   Mühacirət mətbuatı .........................................................107 
2.3.   Mühacirətdə ixtilaflar.......................................................112 
2.4.   Azərbaycan mühacirəti və “Prometey”ittifaqı,  
“Qafqaz Birliyi” ideyası ..................................................131 
 
III  Bölüm.  Mühacirət II Dünya müharibəsi illərində  
və  sonrakı  dövrlərdə       
3.1.    Azərbaycan legionlarının formalaşdırılması, alman   
 rəsmi dairələri ilə aparılan danışıqlar..............................154 
3.2.    Visbaden və Münxen konfransları..................................174 
3.3.    Mühacirət 1960 – 1980-ci illərdə ...................................191 
3.4.    Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi...............202 
 
Nəticə.......................................................................................245 
Biblioqrafiya ...........................................................................251 
 
 
 

 
 

 
 
Məqalələr 
 
1.
 
 Azərbaycan diasporu: mövcud durum və perspektiv  
barədə bəzi mülahizələr............................................................271 
 
 
2.  “Qafqaz Evi” ideyası mühacirət ədəbiyyatında...................289 
 
3.  “Qurtuluş” dərgisinin Vətən tarixinin öyrənilməsində  
yeri ...........................................................................................303 
 
4. İki od arasında.......................................................................311 
 
5. 
Azərbaycan 
mühacirəti  Polşada.  “Qafqaz  Birliyi” 
ideyası.......................................................................................322 
 
6.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsi  məsələsinə 
mühacirətdən baxış...................................................................328 
 
7. Ə. M. Topçubaşi və Azərbaycan mühacirəti........................336 
 
8. Elmşünaslıq haqqında...........................................................341 
 
9. Cənub Qafqazda inteqrasiyaya müqavimətin qaynaqları.....359 
 
 
 
 

 
 

 
 
 
 
 
 
 
GİRİŞ 
 
  1920-ci il  27 aprel işğalından sonra Azərbaycan Demokratik 
Respublikasının  qurucuları,  ictimai-siyasi  xadimlər,  görkəmli 
ziyalılar  mühacirətə  getmək  məcburiyyəti  qarşısında  qaldılar. 
Azərbaycanda  qalan  milli  qüvvələr  20  il,  mühacirətdəkilər  isə 
fasiləsiz olaraq 70 il  Sovet imperiyasına qarşı mübarizə apardılar.  
   Nəhayət,  uzun  illər  bir-birinə  zidd  mövqedə  dayanan 
tərəflərdən  hansının  haqlı  olması  ilə  bağlı  zaman  öz  hökmünü 
verdi: 1991-ci il oktyabrın 18-də Azərbaycan Parlamentinin xal-
qımızın iradəsinin ifadəsi kimi qəbul etdiyi “Azərbaycan Respub-
likasının  Dövlət  Müstəqilliyi  haqqında  Konstitusiya  aktı”  ilə, 
mərkəzində  Azərbaycanın  müstəqilliyi  məsələsinin  dayandığı 
əsrin  ən böyük mübahisəsində tarixi həqiqət öz yerini tapdı. Kom-
munist  Partiyası  70  il  ərzində  idarə  etdiyi  Azərbaycanın  qeyri-
müstəqil  olduğunu  hüquqi  cəhətdən  təsbit  etdikdən  sonra 
hakimiyyətdən uzaqlaşdırıldı.  
 Konstitusiya  aktında  deyilirdi:  “1920-ci  il  27-28  apreldə 
RSFSR  beynəlxalq  hüquq  normalarını  kobudcasına  pozaraq 
müharibə  elan  etmədən  öz  silahlı  qüvvələrinin  hissələrini  Azər-
baycana  yeritdi,  suveren  Azərbaycan  Respublikasının  ərazisini 
işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla de-
virdi  və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qa-
zandığı müstəqilliyə son qoydu” [24, 10.11.1991]. 
Milli  müstəqilliyin  gerçəkləşməsi  öz  növbəsində  başlıca 
ideoloji-siyasi, mənəvi-psixoloji dəyərlərə, eləcə də elmin huma-
nitar  sahələrinə  yeni  bucaqdan  baxışı  zərurətə  çevirdi  və  bunun 

 
 

əhəmiyyətli  nəticələrindən  biri  kimi  sovetlərə  qarşı  əks  qütbdə 
dayanan mühacirət irsini, hadisələrə mühacir baxışını öyrənməyə 
təbii tələbat yaratdı. Tarixi hadisələrə, çağdaş gerçəkliklərə müha-
cirlərimizin  baxışı,  bütövlükdə  onların  yaratdıqları irs, Azərbay-
can tarixinin çeşidli problemləri ilə bağlı sovet tarixşünaslığının 
birtərəfliliyini, təhriflərini aradan qaldırmaq, qaranlıq mətləblərə 
aydınlıq  gətirmək,  müqayisələr,  tarixi  paralellər  aparmaq, 
nəhayət,  həqiqəti  ortaya  çıxarmaq  üçün  zəngin  elmi,  ideoloji-
siyasi bazadır. 
Bu  baxımdan  hələ  çox  zəif  öyrənilən  mühacirət  irsinə, 
mühacirlərin həyat və fəaliyyətinə aid aparılan hər bir araşdırma 
Azərbaycan  tarixinin,  mədəniyyətinin,  milli  ideologiyasının 
dolğunlaşması  yolunda atılan addımdır. Mühacirət irsi Azərbay-
can tarixinin, mədəniyyətinin, bütövlükdə milli-mənəvi sərvətimi-
zin tərkib hissəsidir. 
Azərbaycan mühacirətinin küll halında öyrənilməsi ona görə 
vacibdir  ki,  bütün  hallarda  onsuz  işlənəcək  tarixi,  kulturoloji 
konsepsiyalar yarımçıqlığa, birtərəfliyə məhkumdur. 
Xaricdə  yaradılan təşkilatların apardıqları mübarizənin  öyrə-
nilməsi siyasi tariximizin, mühacirət mətbuatının öyrənilməsi isə 
mətbuat tarixinin zənginləşməsi baxımından çox əhəmiyyətlidir. 
Mühacirət probleminin hərtərəfli və sistem şəklində öyrənil-
məsi  çoxdan  obyektiv  həllini  gözləyən  bir  sıra  suallara  aydınlıq 
gətirəcək. 
Əvvəllər də mövcud olan Azərbaycan mühacirətinin 1920-ci 
il  27  aprel  işğalı  ilə  başlanan  yeni  mərhələsinin  özəl  xüsusiy-
yətlərini, fərqli cəhətlərini, 1991-ci ildə qəbul olunan milli müs-
təqillik  haqqında  Konstitusiya  aktınadək  aparılan  ardıcıl  müba-
rizənin başlıca istiqamətlərini müəyyənləşdirmək, onun mahiyyət 
və  əhəmiyyətini  düzgün  qiymətləndirmək,  eləcə  də  gərgin  zəh-
mətin  bəhrəsi  kimi  yaradılan  mühacirət  irsini  araşdırmaq  üçün 
aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  məqsədəuyğun  hesab 
edilmişdi: 

 
 

-  XIX  əsrin  əvvəllərində  rus  işğalları  ilə  başlanan  istiqlalçı 
mühacirətin meydana gəlmə tarixini və səbəblərini öyrənmək; 
- 27 aprel işğalından sonra başlanan yeni mərhələnin mahiy-
yətini, əsas xüsusiyyətini hərtərəfli öyrənmək, müqayisəli təhlillər 
aparmaq üçün mühacirətin tarixi köklərini araşdırmaq; 
-  1920-ci  ildən  II  Dünya  müharibəsinə  qədər  ara  verməyən 
mühacir axınlarını yaradan əsas səbəbləri və motivləri müəyyən-
ləşdirmək,  bu  məqsədlə  sovet  hakimiyyətinə  qarşı  baş  qaldıran 
silahlı  üsyanları,  kəndli  iğtişaşlarını,  onların  qan  içərisində 
boğulmasını, gizli fəaliyyətə məcbur olan siyasi təşkilatlara, ayrı-
ayrı adamlara qarşı tətbiq edilən kütləvi terror və repressiyaları, 
eləcə də uğursuz iqtisadi siyasətin (“hərbi kommunizm”, “NEP”. 
“kollektivləşdirmə”) doğurduğu məhrumiyyətləri təhlil etmək
 - mühacir axınlarının əsas istiqamətlərini, ayrı-ayrı ölkələrdə 
məskunlaşan  soydaşlarımızın  1923-cü  il  ilk  təşkilatlar  yaranana 
qədərki  fəaliyyətini,  nəhayət  mükəmməl  mühacir  təşkilatlarının 
və mətbuat orqanlarının yaranmasını öyrənmək; 
-  mühacirət  tarixinin  daha  dərin  qatlarına  bələd  olmaq  üçün 
mühacirlər arasında baş verən ixtilafların səbəblərini, motivlərini 
aydınlaşdırmaq; 
-  beynəlxalq  antisovet  mühacir  təşkilatlarının,  birliklərin  və 
mətbuat  orqanlarının  yaradılmasında  Azərbaycan  siyasi  müha-
cirətinin yerini göstərmək, önəmini dəyərləndirmək; 
 -  ikinci  dünya  müharibəsi  illərində  əsir  düşən  və  yaxud 
könüllü olaraq almanların tərəfinə keçən azərbaycanlıların üzləş-
dikləri  çətinlikləri  yoluna  qoymaq  üçün  mühacirlərin  apardığı 
mübarizəyə  aydınlıq  gətirmək;  müharibədən  sonra    vətənə 
dönməkdən imtina etməklə  yeni  mühacirət dalğası yaradan yeni  
hərbi  əsirlərin müəyyən hissəsinin siyasi  fəaliyyətə başlamasını,  
yaradılan yeni  təşkilatları, “əski”  və  “yeni“  mühacirlər arasında  
müəyyən anlaşma çətinliklərini  tədqiq  etmək; 
- mühacir  liderlərinin  əksəriyyətinin  vəfatından  sonra  siyasi  
fəaliyyətin    nisbətən    məhdudlaşdığı    və    zəiflədiyi  1960-80-ci 

 
 

illərin  xarakterik  xüsusiyyətlərini,    Azərbaycanla    Türkiyə    ara-
sında  əlaqələrin  yaranması  və  1980-ci  illərin  sonralarına    doğru  
get-gedə   güclənməsini, SSRİ-nin dağılması  prosesi  ilə  yanaşı 
milli azadlıq hərəkatının  sürətlənməsi  nəticəsində  mühacirətin   
daha  da  fəallaşmasını  araşdırmaq; 
- mühacirətin  ideoloji-siyasi, ədəbi-tarixi  irsinin  tədqiqatın  
xarakterinə  uyğun  təhlilini  vermək. 
Elmi    araşdırma    işində    bu    vəzifələrin    yerinə    yetirilməsi 
Azərbaycan  mühacirlərinin  elmi-nəzəri  və  praktiki  fəaliyyətinin 
aydın  mənzərəsini  yaratmağa,  eyni  zamanda  Azərbaycan  tari-
xinin,  mədəniyyətinin  dolğunlaşdırılmasında  mühacirət  irsinin 
yerini  və  əhəmiyyətini  qiymətləndirməyə  imkan  verir.  Sovet 
sisteminin  qoyduğu  yasaqlar  mühacirət  tarixinin  öyrənilməsinə 
imkan verməmişdi.Mühacirətə gedən şəxsiyyətlər, onların  yarat-
dıqları  təşkilatlar,  mətbuat  orqanları,  yazılan    minlərlə    əsərlər, 
bütövlüklə  aparılan mübarizənin  mahiyyəti  nə  tarixi, nə də kul-
turoloji    aspektdən    ayrıca    tədqiqat    obyektinə    çevrilməmiş,  
mühacirət  problemi  1990-cı  illərə  qədər  araşdırılmamışdı.                                                                                                                                                                 
İlk  dəfə  1980-ci  illərin  sonlarında  “Odlar  Yurdu“, “Azərbay-
can“   və b. qəzetlərdə  Azərbaycan   mühacirəti   ilə   bağlı  yazılar  
görünməyə  başladı.  “Bu    barədə  ilk    dəfə”  rubrikası      altında   
tədqiqatçı   M. Əliyev, Ə. M. Topçubaşov, M. Ə.  Rəsulzadə, M. 
B. Məmmədzadə, Ə. V. Yurdsevər, Ə. A. Şeyxülislam, Ç. Hacı-
bəyli, X. Xasməmmədov, Ş. Rüstəmbəyli, eləcə də  onlarla digər 
tanınmış mühacirlərimizin  həyat və  fəaliyyətinə  həsr  olunmuş  
silsilə    məqalələr    dərc  etdirdi.  M.  Əliyevin    mühacirət    irsinin 
öyrənilməsində “Yeni Kafkasiya“, “Odlu Yurt“, “Bildiriş“, “Qur-
tuluş“  kimi   mətbuat  orqnları  haqqında məlumatların  kütləviləş-
məsi  sahəsində  atdığı  ilk  addımlar  da dəyərlidir. 
 1980-ci  ilin sonlarında  yaranmış  “Vətən“   cəmiyyəti  ayrı-
ayrı mühacirlərin  Azərbaycanla  əlaqəsinin  yaranmasında  vasi-
təçi  olur, həm  də  bu  cür  praktiki   fəaliyyətlə   yanaşı mühacirət  
probleminin      nəzəri    məsələlərini    ehtiva    edən    araşdırmalar  
aparmağa  cəhd  göstərirdi.  “Vətən” cəmiyyətinin   sədri   yazıçı 

 
 

Elçin,  cəmiyyətin  əməkdaşı  Abid  Tahirli  Azərbaycan    müha-
cirətinin   tarixi   və    çağdaş     problemlərinin  bəzi   məsələlərinə  
geniş  ictimaiyyətin  diqqətini  cəlb  etməyə  çalışırdı. Abid  Tahirli  
XX  əsr  Azərbaycan  mühacirətini  dörd   dövrə  bölürdü; 1) 1915-
20-ci illər;  2) 1937-39-cu illər; 3)  1941-46-ci  illər; 4) 1970-80-
ci  illər. 
 Elçin  isə  Azərbaycan  mühacirlərini  nəsillərə  görə  aşağı-
dakı  kimi  qruplaşdırmışdı: birinci  nəsil keçən  əsrin  sonlarından  
başlayaraq    Azərbaycan    Demokratik    Respublikası    qurulana  
qədər    mühacirət    edənlər;  ikinci  nəsil  ADR-in  devrilməsi  ilə 
mühacirət edənlər; üçüncü nəsil II Dünya müharibəsi qurtardıqdan 
sonra vətənə dönməyənlər; dördüncü nəsil 1978-ci ildə İran İslam 
İnqilabından  sonra  Cənub  Azərbaycandan  xarici  ölkələrə 
axışanlar [118.6.04.1991]. 
Bu  cür  bölgü  və  qruplaşmalar  ilk  təşəbbüslər  idi  və 
qüsurlardan da xali deyildi. Məsələn, 1978-ci il inqilabından sonra 
Cənub  Azərbaycandan  mühacirət  edənlərin,  bolşevik  işğalı  ilə 
Şimali Azərbaycandan başlanan mühacirətin davamı kimi  qəbul 
edilməsi,  Şimaldan  Cənuba  köç  edənlərin  mühacir  adlan-
dırılmaması  (“vətəndən-vətənə  mühacirət  olmaz”)  fikri  doğru 
deyil.  “Vətəndən  vətənə  mühacirət  olmaz”  tezisinin  mənəvi-
psixoloji tərəfi başa düşüləndir. Ancaq, bir tərəfdən “mühacirət” 
termininin mahiyyətindən görünür ki, vətəndən vətənə mühacirət 
olur. (“Mühacirət” ərəb sözü olub bir yerdən başqa yerə köçmək, 
köç  etmək  mənasını  verir.  Bu  622-ci  ildə  Məhəmməd  pey-
ğəmbərlə  Məkkədən  Mədinəyə  köçən  ilk  müsəlmanlara  verilən 
addır. Qərb və rus dillərində “emiqrare” (latın sözüdür) termini də 
köçmək anlamını verir) [137, 1-s; 394, s. 611].  
Digər tərəfdən, vətən tək coğrafi mənada, ərazicə deyil, ideo-
loji-siyasi  cəhətdən  də  iki  yerə  parçalanmışdı.  Hər  ikisi  qeyri-
müstəqil  olan  bir  Azərbaycandan  o  birinə  keçid,  sözün  rəsmi 
mənasında SSRİ-dən İrana mühacirət idi.  
1920-ci  ildə  Azərbaycandan  başlanan  mühacirətin  kökündə 
bolşevik işğalı dayanırdı. Bu işğal nəticəsində yaranan siyasi rejim 

 
 
10 
1991-ci  ilə  qədər  davam  etdiyindən,  1920-1991-ci  illər  müha-
cirətini ayrı-ayrı dövrlərə bölmədən bütöv  götürmək gərəkdir.  II 
Dünya müharibəsindən sonra da vətənə dönməməyin əsas səbəbi 
daxildəki  rejim,  Stalin  xofu  idi.  Bu  baxımdan  böyük  vətən 
müharibəsi  ayrıca  dövr  deyil,  sadəcə  olaraq  yeni  mühacir  axın-
larına səbəb olan hadisədir.  
Obyektivlik naminə qeyd olunmalıdır ki, 1980-ci illərdə mü-
hacirlərimizin  vətənlə  əlaqələrinin  qurulmasında  (bu  əlaqə 
özlüyündə mühacirət probleminə diqqəti artırırdı), mühacirət pro-
bleminin  aktuallaşmasında,  elmi-nəzəri,  praktiki  axtarışlara  ilk 
təşəbbüslərin meydana gəlməsində yazıçı Elçinin rəhbərlik etdiyi 
“Vətən”  cəmiyyətinin  və  onun  orqanı  “Odlar  Yurdu”  qəzetinin 
xüsusi xidmətləri olmuşdu.  
1991-ci ilin aprelində Bakıda “Azərbaycan mühacirət ədəbiy-
yatı  XX  əsr”  beynəlxalq  elmi  simpoziumu  mühacirlərimizin 
vətənlə  əlaqələrinin  qurulmasında,  mühacirət  probleminin  araş-
dırılması zəruriyyətinin diqqət mərkəzinə gətirilməsində mühüm 
rol oynadı.  
1991-ci ildə jurnalist N. Yaqublu mühacirət liderlərindən biri 
M. Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunan “Məmməd 
Əmin  Rəsulzadə”  kitabını  nəşr  etdirdi.  Əsərdə  Azərbaycan 
mühacirətinin  fəaliyyəti,  ayrı-ayrı  illərdə  dərc  olunan  mətbuat 
nümunələri haqqında məlumatlar verildi [144].  
Mühacirətin müəyyən bir dövrü ilə bağlı ilk araşdırma təşəb-
büsü  tədqiqatçı  Aygün  Haşımovaya  məxsusdur.  “XX  əsrin  I 
yarısında Azərbaycan mühacirəti” [170]  əsərində o, mühacirətin 
meydana gəldiyi tarixi şəraiti, mühacirlərin çoxşaxəli fəaliyyətini, 
Azərbaycanla  qurulan  əlaqələri  araşdıraraq  30  illik  bir  dövrün 
(1908-1938) təhlilini vermişdi. Müəllif XX əsrin əvvəllərindəki və 
1920-ci  aprel  işğalından  sonrakı  mühacirətin  müəyyən 
dönəmlərini  təhlil    edərək,  mühacirətdəki    təşkilatlar,  qəzet  və 
jurnallar,  eləcə  də  ayrı-ayrı  şəxsiyyətlər  barədə  bir  sıra    ma-
terialları, tarixi  sənədləri  ilk dəfə  araşdırmışdı.  Təəssüf ki, əsər 
1938-ci ildən sonrakı prosesləri əhatə etmədiyindən  bitkin deyil. 

 
 
11 
Tədqiqatçı Vaqif  Sultanlının  1993-cü ildə çapdan çıxan  “Məm-
məd Əmin Rəsulzadənin ədəbi  dünyası“  monoqrafiyası  da  prob-
lem    baxımından    diqqəti    cəlb    edir.  Monoqrafiyada    müəllif  
M.Ə.Rəsulzadənin kulturoloji konsepsiyasının mahiyyətini  açıq-
lamış, onun  müxtəlif  illərdə  dərc  olunan “Çağdaş  Azərbaycan  
Ədəbiyyatı“,  “Azərbaycan    Kültür    Gələnəkləri“,  “Azərbaycan  
şairi Nizami“ və b. əsərlərinin, eləcə də  bədii yaradıcılığının  ge-
niş  təhlilini vermişdir [168]. 
Ə. Qarayev  Azərbaycan  Mühacirlərinin  1920-30-cu illərdəki  
fəaliyyətini  kulturoloji  aspektdən araşdıraraq, on  il ərzində xarici  
ölkələrdə  dərc olunan  əsərlərin  ədəbi-bədii  məziyyətlərini  təhlil  
etmişdi [391]. 
Az  sonra  əski DTK  əməkdaşı, jurnalist  Əsildar  Hüseynbəyli 
“Mühacirlər” [380]  kitabı ilə  oxucuları 1960-cı illərdən  sonra 
DTK  strukturlarının  Türkiyədəki  fəaliyyəti ilə  tanış  etdi. Bu  
publisistik  əsərdə  müəllif Azərbaycan  mühacirləri    ilə  özünün  
yaratdığı    şəxsi    əlaqələrdən,  mühacirlərimizin    problem  və  
qayğılarından    söhbət    açaraq,  Azərbaycan    Kültür    Dərnəyinin  
fəaliyyəti  haqqında  bir  sıra  maraqlı  məlumatlar  verdi. 
Mühacirət  problemi  ilə  bağlı son tədqiqatlardan  biri də Azər-
baycan yazıçılar Birliyinin üzvü Şəlalə Həsənovanın  “Mühacirət 
irsimizdən səhifələr“ əsəridir [173] . 
Müəllif  mühacirət    mətbuatımızın  dəyərli    nümunələrindən  
biri,  1932-34-cü  illərdə    İstanbulda  professor    Əhmət  Cəfəroğ-
lunun redaktorluğu  ilə  dərc olunan “Azərbaycan  Yurt  Bilgisi “ 
– (uzun fasilədən  sonra 1954-cü ildə  yenidən  nəşrini bərpa edib  
bir  müddət  işıq  üzü  gördü)  dərgisinin  problematikasını  araş-
dırmış, onun  yaradıcı  kollektivi  haqqında  ətraflı məlumat  ver-
mişdi. Əsərdə Azərbaycan  folkloru  və  klassik  ədəbiyyat  məsə-
lələri  tədqiq  olunmuşdur. 
Təəssüf  ki, Azərbaycan  mühacirət  dövrünün  cox az  bir  his-
səsini, məhdud  sahələriniəhatə edən  bu  araşdırmalardan başqa, 
problemlə  bağlı  ortada  heç  nə yoxdur. Azərbaycan  siyasi  mü-
hacirəti isə tamamilə toxunulmamış bir sahə  olaraq  qalmışdı. 

 
 
12 
Birbaşa    siyasi    mühacirət  problemini    deyil,  onu    yaradan  
səbəbləri    əhatə    edən-akademik    Ziya    Bünyadovun    “Qırmızı  
Terror”  [111], Bəxtiyar  Rəfiyevin  “Gənc  Azər“  [166], “Ays-
berqin  sualtı  hissəsi“ [167]  əsərləri də  tədqiqatımız üçün  gərəkli  
araşdırmalardandır. Bu  əsərlər 1920-ci  il  aprel  işğalından sonra  
təbliğat  məqsədilə  yazılmış A.  Rayevskinin  “Musavat  firqəsi  
və    onun    əksinqilabçılığı  “  [158],  M.  D.  Hüseynovun    “Yaxın  
keçmişdən“ [390]  əsərlərində  yol  verilmiş  təhriflərlə,  məsələyə  
qərəzli  münasibətlə  bağlı  ciddi  mətləblərə  aydınlıq  gətirir.  
Z. Bünyadov  və  B. Rəfiyev  ilk  dəfə  Milli  Təhlükəsizlik  
Nazirliyi  və    Siyasi    Partiyalar    İctimai    Hərəkatlar    Arxivində  
(SPİHA) siyasi  təşkilatların  gizli  fəaliyyətini  əks  etdirən  çox  
əhəmiyyətli  sənədləri  araşdıraraq, Azərbaycanda  sovet  hakimiy-
yətinə  qarşı  gedən  milli  azadlıq    mübarizəsinin    dolğun    mən-
zərəsini  yaratdılar.  Z.  Bünyadovun    “Qırmızı    Terror“    əsərində  
mühacirətin  Azərbaycanla əlaqələri  barədə  də  maraqlı  məlu-
matlar  var. Müəllif M. Y. Mehdiyevin  İttihadın  lideri  Q. Qara-
bəyova, mübarizənin  davam  etdirilməsi  ilə  bağlı  Parisdən  yaz-
dığı    məktubun    nümunəsində    mühacirətlə  Azərbaycandakı  
təşkilatların çevrilişdən  az  sonra  əlaqəyə  girdiyini  göstərir. 
1993-cü    ildən    başlayaraq  tarix    elmləri    doktoru    Rizvan  
Zeynalov  və Xaləddin  İbrahimli  “Müsavat“ jurnalında, bu parti-
yanın  Azərbaycanda  gizli  fəaliyyətini açıqlayan  silsilə  məqa-
lələr  dərc  etdirdilər.  Bu  məqalələrdə ilk  dəfə  Müsavatın  rəhbər  
strukturları, təşkilatın  nəzdində  yaradılan  hərbi  şöbələr, özəklər, 
eləcə də  qəza  komitələri barədə  məlumatlar verilmiş, Az.  DSİ-
nin (Dövlət Siyasi   İdarəsi)  apardığı  kütləvi həbslərdən  sonra  
xaricə    mühacir  axınının    daha  da    güclənməsi      məsələsi  
araşdırılmışdı [140, N-1(5), 2 (6 ), 3 (7), 4(8), 5 (9)] . 
1990-cı ilin  əvvəllərindən  mühacirlərimizin  yaradıcılığından  
bəzi  nümunələr  ayrı-  ayrı  broşurlar,  kitablar    şəklində    trans-
literasiya  üsulu  ilə təkrar  nəşr  olunmağa  başladı . 
Mühacirətdə  yazılan  əsərlər  içərisində  təbii  ki, “Milli  Azər-
baycan    Hərəkatı“  kitabı  xüsusi    əhəmiyyət    kəsb    edir  [145].  

 
 
13 
1936-cı il  Varşava  konfransının  qərarı  əsasında  Müsavat  Pa-
rtiyasının  yaradılmasının  25  illiyi  münasibətilə yazılıb, 1938-ci 
ildə Berlində “Qurtuluş“ mətbəəsində çap  edilən  bu kitab  Azər-
baycan mühacirlərinin  1936-cı ilə  qədərki  həyat  və fəaliyyətini  
əks  etdirən ilk  araşdırmadır. M. B. Məmmədzadə Müsavat  Par-
tiyasının  yaranması, ADR-in qurulmasında  onun  göstərdiyi  ta-
rixi  xidmətlər barədə  ətraflı  məlumat  verdikdən  sonra  parti-
yanın  1920-cı il  27 aprel işğalı  ilə  daxildə  və  xaricdə  başladığı  
mübarizənin  mahiyyətini, strategiyasını  açıqlayır. “Mühacirətdə 
Müsavat” bölməsində  müəllif, Azərbaycan siyasi  mühacirətinin  
tarixi  köklərini araşdıraraq Rusiyanın Şimali Azərbaycanı işğal 
edib  ölkənin  iki  yerə    parçalaması    ilə    istiqlalçı    mühacirət  
tarixinin    və    ənənəsinin    yaranması    qənaətinə    gəlir.  M.  B. 
Məmmədzadə  1920-ci    il  27  aprelə    qədər  Azərbaycan  müha-
cirətini  yaradan  iki  əsas  səbəbi  göstərir: 1813-cü il  Gülüstan  
sülhü  ilə  Şimali  Azərbaycanın  Rusiya  əsarətinə  düşməsi  və  
ölkənin  iki yerə  parçalanması; 1905-07-ci  illər   I Rus  inqilabı  
yatırıldıqdan    sonra  başlanan  təqib  və  repressiyalar.  XIX  əsrin 
əvvəllərindəki  mühacirət  Şimali  Azərbaycan  xanlıqlarının 
müstəqilliyi,  rusların  əsarətindən  qurtulmaq  və  ölkənin  bütöv-
lüyünün  bərpası,  XX  əsrin  əvvəllərindəki  mühacirət  isə  Azər-
baycanın mədəni muxtariyyəti, Rusiya daxilində federativ statusu, 
nəhayət tam milli müstəqilliyi uğrunda mübarizə aparırdı. 
M. B. Məmmədzadə bolşevik işğalının yaratdığı mühacirətin 
də  15 illik fəaliyyətinin  geniş təhlilini  verərək xaricdə  yaradılan 
təşkilatların,  qəzet  və  dərgilərin  başlıca  məramını,  xarakterini,  
tutduqları mübarizə yolunu işıqlandırır. 
Azərbaycan  mühacirətinin  bəzi  məsələlərini  əhatə  edən 
əsərlərdən biri də H. Baykaranın “Azərbaycan istiqlal mübarizəsi 
tarixi”  [110]  monoqrafiyasıdır.  Bu  əsərdə  Azərbaycan  istiqlal 
məfkurəsinin  formalaşmasında  mühacirətin  rolu  işıqlandırılır, 
bolşevik işğalının doğurduğu mühacirətin özəl xüsusiyyətləri şərh 
edilir.  Müəllif  bu  mühacirətin  liderlərindən  olan  M.  Ə. 

 
 
14 
Rəsulzadənin və M. B. Məmmədzadənin fəaliyyətinə ayrıca böl-
mə  həsr  edərək,  onların  həyat  və  fəaliyyətlərinin  ətraflı  təhlilini 
verir. 
Ə.  Qaracanın  “Azərbaycanın  yaxın  tarixinə  qısa  bir  baxış” 
[230], “Azərbaycan Milli Qurtuluş Hərəkatının Doruk (əsas- X. İ.) 
nöqtələri”  [231,  N-3,  1991]  əsrlərində  isə  mühacirlərin 
təşkilatlanması, onların yaratdıqları mətbuat nümunələri, eləcə də 
beynəlxalq  mühacir  birliklərində  Azərbaycan  mühacirlərinin 
fəaliyyəti araşdırılır. 
Bu  əsərlərdən  başqa,  Ə.  Ələskərovun  “Azərbaycan  faciəsi” 
[370, N-3, 1991] memuarında mühacir axınını yaradan səbəblərlə, 
M.  Mehdiyevin  “Beynəlmiləl  siyasətdə  petrol”  [146]  əsərində 
Azərbaycan mühacirlərinin Lozanna konfransındakı fəaliyyəti ilə 
bağlı maraqlı faktlar və məlumatlar var. 
1930-cu  illərdə  mühacirlərarası  münaqişələri  ehtiva  edən  bir 
neçə əsər dərc olundu. M. Ə. Rəsulzadənin “Şəfibəyçilik” [314], 
Ş. Rüstəmbəylinin “Yıxılan Bütlər” [338], “M. Ə. Rəsulzadənin 
fəci  süqutu”  [339],  N.  Şeyxzamanlının  “Biz  və  onlar”  [361]  
əsərləri  mühacirət  tarixinin  hərtərəfli  öyrənilməsi  baxımından 
maraqlıdır.  
M. Ə. Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” [163], “Çağdaş 
Azərbaycan  Tarixi”  [164],  “Azərbaycan  Cümhuriyyəti”  [161], 
“Qafqasya  Birliyi  fikri  mühacirətdə”  [313,  N-11,  12,  1952], 
“Qısılmayan  bir  səs”,  “QPU-ya  diqqət”,  “Münəvvər  mühacirin 
borcu”,  “Kommunizmə  qarşı  millətlərarası  mücadilə”  [310] 
əsərlərində  də  mühacirət  problemi  ilə  bir  sıra  məsələlərə 
toxunulmuşdu. 
Dövrü mətbuatda dərc olunan çoxsaylı məqalələrdə problemin 
ayrı-ayrı  sahələri  qısa  da  olsa  təhlil  edilib.  1934-cü  ildə  Ə.  M. 
Topçubaşovun vəfatı ilə əlaqədar “Qurtuluş” dərgisinin [39, N-2, 
1934]  1955-ci  ildə  isə  M.  Ə.  Rəsulzadənin  vəfatı  ilə  əlaqədar 
“Azərbaycan”  [32,  N-12,  1955]  dərgisinin  xüsusi  buraxılışları 
dərc edilmişdi. Bu xüsusi buraxılışlarda mühacirətin iki görkəmli 
şəxsiyyətinin həyat və fəaliyyəti ətraflı işıqlandırılıb. 

 
 
15 
Mühacirətin mətbuat sahəsindəki fəaliyyətinə həsr olunan iki 
tədqiqat  xarakterli  məqalə  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bun-
lardan  biri  M.  B.  Məmmədzadənin  mühacirət  mətbuatının  otuz 
illiyi münasibəti ilə yazdığı məqalə, digəri isə Səlcuq Alkının M. 
B.  Məmmədzadəyə  istinadən  yazdığı  “Azərbaycan  mühacirlik 
mətbuatının  68  illiyi”  məqaləsidir  [32,  N-282,  1991].  Bu 
məqalələrdə  Azərbaycan  mühacirlərinin  ayrı-ayrı  ölkələrdə 
yaratdıqları  qəzet  və  dərgilərdən,  onların  əsas  qayəsindən, 
xarakterindən, gördüyü işlərin əhəmiyyətindən bəhs olunur. 
Bu  mülahizələrdən  aydın  olur  ki,  Azərbaycan  mühacirəti 
məsələsi  nə  mühacirətdə,  nə  də  Azərbaycanda  sistemli  şəkildə 
araşdırılmayıb. 
Rus  və  Ukrayna  müəlliflərindən  mühacirət  məsələsinə  əski 
mühacir  V.  V.  Şulqinin,  tədqiqatçı  alim  L.  K.  Şkarenkovun 
yaradıcılığında  geniş  yer  verilmişdi.  Mühacirətdən  qayıtdıqdan 
sonra V. V. Şulqinin 1961-ci ildə Moskvada “xaricdəki acınacaqlı 
həyatı”  əks  etdirən  “Rus  mühacirlərinə  məktub”  [409]  əsəri  çap 
olundu. 
Maraqlı tədqiqatlardan biri də L. K. Şkarenkovun “Ağ müha-
cirətin can verməsi” əsəridir [410]. Əsərdə böyük oktyabr sosialist 
inqilabından sonra Rusiyadan  mühacirətə gedənlər barədə dəyərli 
statistik  məlumatlar  var.  Müəllif  vətəndaşlıqdan  məhrum  olan 
mühacirlərin  çəkdikləri  məşəqqətləri,  ağqvardiyaçıların  xarici 
ölkələrdə yaratdıqları təşkilatları, onların vətənə qayıtmaq, sovet 
hökumətini yıxmaq uğrunda mübarizəsini, bu mübarizəyə Avropa 
ölkələrinin göstərdiyi maliyyə və digər yardımları təhlil edir. L. K. 
Şkarenkovun  fikrincə  təkcə  “Fransa  hökuməti  ağqvardiyaçılara 
200 milyon frank məbləğində pul xərcləmişdi” [410, s.35]. Əsərdə 
toxunulan maraqlı məsələlərdən biri də sovet hökumətindən xarici 
ölkələrə  təhsil  almağa  gedən  tələbələrin  mühacirlərlə 
münaqişələrə  girməsi,  bəzi  hallarda  isə  təşkilatlar  yaradaraq 
antimühacir  təbliğatı  aparmasıdır.  1922-ci  ildə  Bolqarıstanda 
“Vətənə  Qayıtma  Şurası”  adlı  bir  təşkilat  yarandı.  Təşkilat  “Na 
rodinu”  qəzeti  dərc  edərək  “bütün  vicdanlı  mühacirləri  vətənə 

 
 
16 
qayıtmağa çağırırdı” [410, s.89]. Bu təbliğat nəticəsində 1922-23-
cü illərdə Bolqarıstandan on bir min mühacir SSRİ-yə qayıtdı. 
Maraqlı  sənədləri  araşdıran  L.  K.  Şkarenkovun  bu  əsərində 
təəssüf ki, Azərbaycan mühacirəti ilə bağlı məlumatlar çox azdır. 
Ancaq  “Prometey”  kimi  beynəlxalq  mühacir  təşkilatının 
fəaliyyəti, SSRİ-nin mühacirətlə bağlı yürütdüyü siyasət, Avropa 
ölkələrinin mühacirətə və mühacirlərə münasibəti, eləcə də digər 
məsələlər tədqiqatımız üçün əhəmiyyətlidir. 
Əsrin  əvvəllərində  mühacirətə  getmiş  Qazan  tatarlarından 
Yusuf Akçuranın da 1908-1918-ci illər Azərbaycan mühacirətinin 
bəzi  məsələlərini  əhatə  edən  iki  əsəri  var:  “Türkçülük  fikri, 
türkçülük  cərəyanı,  türk  ocaqları,  türk  yılı”  [195  b],  “Yeni  türk 
dövlətinin öncülləri” [195 a]. Hər iki əsərdə müəllif  Əhməd bəy 
Ağaoğlunun,  Əli  bəy  Hüseynzadənin,  Nəsib  bəy  Yusifbəylinin 
mühacirətdəki fəaliyyətlərinin geniş şərhini verir. 
Əcnəbi  tədqiqatçılardan    C.  Yeşkenin  (Almaniya)  apardığı 
araşdırmalar diqqətəlayiqdir. O, əsrin əvvəllərindəki Azərbaycan 
mühacirlərinin  Avropa  fəaliyyətini  -  Ə.  Ağaoğlu,  Ə.  Hüseyn-
zadənin  mühacir  təşkilatlarının  yaradılması,  dünya  birliyi  qarşı-
sında  türk-müsəlmanların  hüquqlarının  müdafiəsi  sahəsindəki 
xidmətlərini təhlil edir. 
Azərbaycan,  bütövlükdə  isə  SSRİ-dən  olan    ağ  mühacirətin 
öyrənilməsi  baxımından  alman  tədqiqatçısı  Patrik  fon  zür 
Mühlenin  “Camalihaç  ile  Qızılyıldız  arasında”  [284]  əsəri  qiy-
mətli araşdırmalar sırasındadır. O, 1930-40-cı illərdə Almaniyanın 
dövlət rəhbərlərinə məxsus sənədləri, yazışmaları, Vermaxtın bir 
sıra  yüksək  vəzifəli  şəxslərinin  şəxsi  arxivlərini,  SSRİ-dən  olan 
milli mühacirlərin fəaliyyət və yaradıcılığını araşdıraraq, ayrı-ayrı 
ölkələrdə  yaradılan  mühacir  təşkilatları,  beynəlxalq  birliklər, 
mətbuat nümunələri haqqında ətraflı məlumat verir. Müəllif SSRİ-
dən  olan  mühacir  axınlarının  əsas  istiqamətlərini,  onların  hansı 
ölkələrdə daha çox məskunlaşdıqlarını, alman rəsmi dairələrinin 
mühacirlərə  münasibətini  və  bu  münasibətin  mahiyyətini 
açıqlamışdı.  Əsərin  ən  böyük,  həm  də  tədqiqatımız  üçün 

 
 
17 
əhəmiyyətli  bölməsi  “Sovet  Doğu  Xalqlarının  Milli  Təm-
silçilikləri”dir.  Bu  bölmədə  Azərbaycan  hərbi  əsirlərinin  vəziy-
yəti,  milli  legionların  formalaşdırılması,  Azərbaycanın  müstə-
qilliyi uğrunda mühacirlərimizin apardığı mübarizə hərtərəfli şərh 
edilir. 
Müharibə qurtardıqdan sonra vətənə dönməkdən imtina edən 
soydaşlarımızın  taleyi  də  əsərdə  öz  əksini  tapır.  Maraqlı 
məsələlərdən biri də odur ki, P. Mühlen bütün SSRİ mühacirləri, 
o cümlədən azərbaycanlılar arasında mövcud olan münaqişələrin 
törəmə səbəblərini, gedişini, nəticələrini də açıqlayıb. 
Əsər  mənbəşünaslıqdakı  bilgiləri,  dəlil  və  faktları  müqayisə 
etmək,  paralellər  aparmaq  və  düzgün  nəticələr  çıxarmaq  baxı-
mından da faydalıdır. 
Tədqiqatın  hazırlanmasında  müxtəlif  mənbələrdən  istifadə 
edilmişdir. 
Öncə onu qeyd edək ki, mühacirlərin yazdığı minlərlə müxtəlif 
həcmli əsərlərin böyük əksəriyyəti, bütövlükdə mətbuat tədqiqatın 
mənbəşünaslıq  bazasına  daxildir.  Bu  əsərlərin  çoxu,  eləcə  də 
mühacirətdə  dərc  olunan  qəzet  və  jurnallar  təkrar  nəşr  edilib 
kütləviləşmədiyindən,  toplu  halına  salınmadığından  Azərbaycan 
elmi  ictimaiyyəti  mühacirət  probleminin  araşdırılmasında 
müəyyən çətinliklərlə üzləşir. Təkcə M. B. Məmmədzadənin çe-
şidli mənbələrə istinadən yazdığı minə yaxın məqaləni xatırlatmaq 
kifayətdir.  
Təəssüflər  olsun  ki,  mühacirlərimiz  özləri  də  uzun  illərin 
gərgin  mübarizəsini  əks  etdirən  külli  miqdarda  sənəd  və  mate-
rialların  sistemləşdirilməsi  və  vahid  mərkəzdə  cəmləşdirilməsi 
qayğısına qalmamışlar. Daşnaksütun partiyasının xaricdə mərkəzi 
arxivi  olduğu  halda,  Müsavatın  mühacirətdə  arxivi  olmamışdı. 
Bunun  nəticəsində  qiymətli  sənədlər  dağılaraq,  şəxsi  arxivlərə, 
ayrı-ayrı  araşdırmaçıların  inhisarına  düşmüşdü.  Buna  görə  də 
mühacirət trixini araşdıranlar dövlət arxivləri ilə yanaşı çoxsaylı 
şəxsi arxivlərə də baş vurmalıdır. Xoşagəlməyən hallardan biri də 
odur ki, bu sənəd və materiallar hələ də dövlət arxivlərinə verilmir. 

 
 
18 
Əsərin yazılmasında Ankarada fəaliyyət göstərən Azərbaycan 
Kültür Dərnəyində və Məhəmməd Kngərlinin, Əhməd Qaracanın, 
prof. Fikrət Türkmənin və başqalarının şəxsi arxivlərində mövcud 
olan  sənəd  və  materiallardan  istifadə  edilmişdi.  Bu  sənədlərin 
böyük əksəriyyəti Azərbaycan oxucuları üçün yenidir. 
Mühacirət  mətbuatında  dərc  olunan  siyasi  təşkilatların, 
dərnəklərin proqram və nizamnamələri, onların keçirdikləri yığın-
caqların, konfransların materialları, qəbul olunan qərarlar, yayılan 
bəyanatlar, müraciətnamələr, çağırışlar da tədqiqat üçün maraqlı 
materiallardır. 
Müsavatın,  İttihadın,  bütövlükdə  isə    mühacirətin  Azərbay-
canda  və  xarici  ölkələrdə  göstərdikləri  fəaliyyətlə  bağlı  bir  sıra 
sənədlər dövlətimizin müxtəlif arxivlərində saxlanılır. 
Əsasən istintaq materiallarından,  kəşfiyyat və əks kəşfiyyatın 
verdiyi məlumatlardan,  ayrı-ayrı adamların şəxsi işlərindən ibarət 
olan,  eyni  zamanda  Azərbaycandakı  gizli  siyasi  təşkilatların  və 
dərnəklərin  fəaliyyətini  əks  etdirən  sənədlərin  əksəriyyəti  Milli 
Təhlükəsizlik Nazirliyinin arxivindədir. Bu sənədlərin içərisində 
Müsavatın  Xarici  Bürosunun  və  Azərbaycan  Milli  Mərkəzinin 
(AMM) müxtəlif illərdə daxildəki gizli təşkilatlara göndərdikləri 
(yayılmaq üçün) müraciətnamələr, çağırışlar, bəyannamələr, Az. 
DSİ-nin əməkdaşları tərəfindən ələ keçirilən külli miqdarda qəzet 
və jurnal nüsxələri, broşürləri mövcuddur [fond 287]. 
Mühacirət haqqında Az.K(b)P MK-nın qəbul etdiyi qərarlar, 
sovet  əks-kəşfiyyatının  Qafqaz  mühacirləri  haqqında  verdiyi 
məlumatlar  Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsi 
yanında Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində 
mühafizə  olunur  [fond  1,  fond  609,  fond  276].  Bu  fondlarda 
tanınmış mühacirlərdən Ə. M. Topçubaşov ilə X. Sultanov, M. Ə. 
Rəsulzadə  ilə  Ə.  Ağaoğlu,  1920-ci  illərdə  Türkiyənin  Maarif 
naziri,  “Türk  Ocaqları”nın  başqanı  olan  Həmdullah  Sübhi 
Tanrıövərlə X. Sultanov, Ə. M. Topçubaşovla gürcü mühacirləri 
arasında məktublaşmalara aid dəyərli sənəd və materiallar var. 

 
 
19 
Bu  qəbildən  M.  Ə.  Rəsulzadənin  Parisə,  C.  Hacıbəyliyə 
(İstiqlal Muzeyində saxlanılır), II Dünya müharibəsində könüllü 
olaraq  almanların  tərəfinə  keçən  mayor  Ə.  F.  Düdənginskinin 
müharibə  qurtardıqdan  sonra  general  Lazar  Biçeraxova  yazdığı 
məktublar da maraqlı sənədlərdir.  
Ə. F. Düdənginskinin  məktubunda Azərbaycan  milli legion-
larının  formalaşdırılması,  Azərbaycan  müstəqilliyinin  tanınması 
ilə  bağlı  alman  rəsmi  dairələri  ilə  aparılan  danışıqlar,  hərbi 
əsirlərin  üzləşdiyi  çətinliklər,  siyasi  mühacirlərimizin  gördüyü 
işlər, eləcə də müəllifin müharıbə illərindəki xidmətləri öz əksini 
tapmışdır. Ə. F. Düdənginski L. Biçeraxovu kəskin tənqid edərək, 
onun ağqvardiyaçılara qoşulub Azərbaycanı tez-tez hədələməsini 
də xatırladır. 
Azərbaycan  Respublikasının  Dövlət  Arxivində  də  (ARDA) 
tədqiqatımız  üçün  maraq  doğuran  sənəd  və  materiallar  möv-
cuddur.  Bunlar  əsasən  1920-22-ci  illərdə  mühacirlərimizdən  H. 
Ağayevin  Gürcüstandakı,  Ə.  M.  Topçubaşovun  isə  Fransadakı 
fəaliyyətini əks etdirən sənədlər, Azərbaycan SSR-in Türkiyədəki 
səlahiyyətli  nümayəndəsi  İbrahim  Əbilovun  Azərbaycan  Xarici 
İşlər  Komissarlığına  göndərdiyi  məlumatlar  və  başqa  bu  kimi 
sənədlər, materiallardır [fond 28].  
Keçmiş  SSRİ  Baş  Arxivlər  İdarəsinin  Xüsusi  Arxivində 
Azərbaycan  mühacirətinin,  başlıcası  da  Müsavat    Partiyasının  
fəaliyyəti barədə  qiymətli  sənədlər  və  materiallar  mövcuddur 
[fond  1,  fond  7,  fond  308,  fond  453,  fond  461,  fond  500,  fond 
1358]. 
Bu sənəd və materiallarda:                                                                                                                    
 -  Müsavat    Partiyasının  yaranması,  Azərbaycanda  müstəqil 
dövlət  quruculuğunda  həlledici  rolu, onun rəhbərlik orqanı olan 
Divanın tərkibi; 
 -  Müsavatın  Xarici  Bürosunun  və  AMM-in  yaradılması, 
mühacirlərin  Azərbaycanla qurduğu əlaqə; 

 
 
20 
- Azərbaycan mühacirətinə Polşa hökumətinin  maliyyə    yar-
dımları, müsavatçıların Polşa  Baş Qərargahının II Şöbəsi ilə əla-
qələri, M. Ə. Rəsulzadənin  bu  şöbənin  rəhbərləri ilə məktublaş-
maları; 
-  Azərbaycan    Milli  Ordusu    zabitlərinin    Polşa  Ordusunda  
xidmət etməsi; 
-  1936-cı  ildə  Polşada    keçirilən  Müsavat    Partiyasının 
Konfransının    təşkilində    II  Şöbənin  yaxından  iştirakı,  bu  kon-
fransda  M. Ə. Rəsulzadənin hesabat  məruzəsinin  mətni
- Siyasi  mühacirlərin xaricdə  nəşr etdikləri qəzet və  dərgilər; 
-  Musavat  Partiyasının  İstanbul,  Ankara,  Qars,  İqdır,  Tra-
pezund,  Tehran,  Təbriz,  Rəşt,  Ənzəli  komitələri,  Polşa,  Fransa, 
Almaniya,  Amerika  və  b.  ölkələrdə  yaratdıqları  özəklər  və  b. 
məsələlərlə bağlı dəyərli məlumatlar var. 
   Xüsusi  arxivin  materiallarına  görə  1930-cu  illərdə  Azər-
baycan  mühacirəti  parçalanmışdı  və  bunun  əsas  səbəbi  müha-
cirlərin  Ş.  Rustəmbəylidən  şübhələnmələri  idi.  Belə  ki,  Ş.  Rus-
təmbəylinin Azərbaycanda yaşayan qardaşına mühacirət haqqında 
məlumatlar göndərdiyini ehtimal edən cəbhədaşları onu etibardan 
salmışdılar. 
   1358-ci fondda isə 1927-31-ci illərdə Fransa kəşfiyyatının, 
antisovet  təşkilatlar  olan  “Qafqaz  Komitəsi”  və  “Prometey”lə 
bağlı  maraqlı məlumatlarını əks etdirən sənədlər, eyni zamanda 
M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, M. Ə. Mehdiyevin, 
Hilal  Münşinin  və  b.  Musavat  liderlərinin  şəxsi  işləri  mühafizə 
olunur [99]. 
      Bunlardan  başqa  Polşa  və  Almaniya  arxivlərində,  Fran-
sada  Ə.  M.  Topçubaşovun  və  C.  Hacıbəylinin  şəxsi  arxivində 
maraqlı sənədlərin mövcudluğundan xəbərdar olsaq da, onların az 
bir hissəsindən faydalana bildik. 
   Mühacirət  probleminin  daha  dərindən  və  hərtərəfli  araş-
dırılması üçün bu arxivlərdə mövcud olan sənədlərin də tədqiqata 
çəkilməsi tələb olunur. 

 
 
21 
   Tədqiqat işində Azərbaycan tarixşünaslığında ilk dəfə bütöv 
Azərbaycan  mühacirətinin  bir  sıra  məsələləri,  kompleks  şəkildə 
mühacirət tarixi tədqiq olunmuşdur. 
   Əsərdə,  Azərbaycan  mühacirəti  yaranma  səbəblərinə  və 
xarakterik xüsusiyyətlərinə görə ayrı-ayrı mərhələlərə bölünmüş, 
araşdırılması  əsas  vəzifə  olan  yeni  mərhələnin  mahiyyəti,  fərqli 
cəhətləri təhlil edilmişdi. 
   Əsərdə  Azərbaycan  mühacirətinin  milli  təşkilatlar,  eyni 
zamanda  “Prometey”,  “Qafqaz  Konfederasiyası  Şurası”,  “Paris 
Bloku”  kimi  beynəlxalq  birliklərin  yaradılmasında  göstərdikləri 
fəaliyyətin təhlili də yenidir. 
      Azərbaycan tarixşünaslığında ΙΙ Dünya müharibəsində əsir 
düşən yüz mindən artıq soydaşımıza münasibət uzun illər birtərəfli 
olmuş, son vaxtlar isə dolaşıq və ziddiyyətlidir. Tədqiqat işində, 
Azərbaycan  legionlarının  Qızıl  Orduya  qarşı  vuruşmasının 
mahiyyətini,  səbəblərini  açıqlamaq  üçün,  dəyərli  mənbələrdən 
istifadə  olunmaqla  problemə  müəyyən  aydınlıq  gətirilməsinə 
təşəbbüs göstərilmişdi. 
   Tədqiqat işində mühacirət irsinin elmi genezisi, əsas qayəsi, 
mahiyyəti,  özəl  xüsusiyyəti,  nəhayət  strateji  hədəfləri  tədqiq 
olunmuşdur. 
   Əsərdə  mühacirət  probleminin  öyrənilməsinin  Azərbaycan 
tarixində yeri və rolu müəyyənləşdirilmişdir. 
   Azərbaycan  tarixi  və  kulturoloji  konsepsiyalarının  hazır-
lanması  baxımından  da  əsər  az  əhəmiyyət  kəsb  etmir.  Tədqiqat 
işinin materialları istər yeni dərsliklərin yaranması, istərsə də təd-
ris proqramlarının tərtibi üçün gərəklidir. Ondan təhsil, vətənpər-
vərlik tərbiyəsi və təbliğat işində də faydalanmaq mümkündür. 
   Hazırkı  çoxpartiyalılıq  şəraitində  Müsavat  Partiyasının 
mühacirətdə apardığı 70 illik mübarizənin, qazanılan təcrübənin 
ideoloji-siyasi, praktiki qiyməti də böyükdür. 
 
 
 

 
 
22 
 
 
 

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin