XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   2   3   4   5   6   7   8   9   ...   19

 
 
 
 
 
 
 
 
 
 
 

 
 
35 
 
 
 
 
1. 3.  27 aprel  işğalından sonra Azərbaycanda 
ümumi vəziyyət,  üsyanlar və kəndli hərəkatı 
 
1920-ci il aprelin 27-si, saat 12.00-da Azərbaycan parlamenti, 
AKP  (b)  MK-sı  və  RSDFP  Qafqaz  Diyar  Komitəsinin  Bakı 
Bürosundan hakimiyyətin təhvil verilməsi barədə ultimatum aldı. 
“Bolşeviklər  on  iki  saat  ərzində  hakimiyyətin  təslim  edil-
məyəcəyi  təqdirdə  Bakı  proletariatının  amansız  mübarizəyə 
başlayacağını” bildirildilər. Martın axırlarında ermənilərin Qara-
bağda  yenidən  qırğın  törətmələri,  Bakıda  bolşeviklərin  ifrat 
dərəcədə  radikallaşması,  1918-ci  il  hərbi  və  digər  yardımlarla 
osmanlılara hörmətin, sevginin daha da artması zəminində Xəlil 
Paşa  başda  olmaqla  bir  qrup  türk  hərbçisinin  bolşeviklərlə 
yaxınlığı və XΙ Ordunun Bakıya girmədən Ermənistandan keçərək 
Anadoluya  köməyə  getməsi,  lakin  Müsavat  hökumətinin  bu  işə 
əngəl  törətməsi  barədə  yayılan  söz-söhbətlərlə  vəziyyətin  xeyli 
gərginləşdirildiyi  bir  şəraitdə  ultimatum  məsələsinin  ortaya 
çıxması, arxasınca isə XΙ Ordunun sərhədi keçməsi barədə Xaç-
mazdan  teleqram  alınması  hakimiyyət  dairələrində  əməli-başlı 
çaşqınlıq  yaratdı  (Ş.  Rüstəmbəyli  isə  bundan  əvvəl  Yalamadan 
eyni mətnli teleqram alaraq M. Ə. Rəsulzadəni, F. X. Xoyskini, N. 
Yusifbəylini və Gəncə valisini məsələdən xəbərdar etmişdi) [340, 
N-16,1933].  Vəziyyətdən  çıxış  yolu  kimi  Müdafiə  naziri  S. 
Mehmandarova geniş səlahiyyətlər verməklə ölkənin müdafiəsini 
təşkil  etmək  tövsiyə  olundusa  da,  nazir  milli  ordu  hissələrinin 
əsasən  Qarabağda  döyüşdüyünü  və  ümumiyyətlə  yaranmış 
şəraitdə müqavimətin müsbət bir nəticə verəcəyinə inanmadığını 
bildirdi. 
   Axşam  saat  11.00-da  Azərbaycan  parlamenti  özünün  son 
iclasına  toplandı.  M.  Ə.  Rəsulzadə,  Ş.  Rüstəmbəyli  və  başqa 

 
 
36 
müsavatçıların  kəskin  etirazlarına  baxmayaraq  hakimiyyətin 
Azərbaycan Kommunist Partiyasına təslim edilməsi qərara alındı 
(“Məbusan  komisyonu  bu  şəraiti  “Müsavat”  müməssilinin  rəyi 
əleyhində əksəriyyətlə qəbul eyləmişdir”) [161.s.67]. Bolşeviklər 
Behbud xan Cavanşirin evində oturub intizar içində parlamentdən 
gözlədikləri təslim xəbərini nəhayət ki, aldılar [340. N-16,1933]. 
   Azərbaycan  parlamentinin  hakimiyyəti  hansı  şərtlər  daxi-
lində AKP (b)-yə verməsi bir həftə keçməmiş “Kommunist” qəze-
tində  təhriflə  dərc  edildi  [26.6.05.1920].  Sənədin  bu  bolşevik 
variantında  XΙ  Ordunun  Anadoluya  getməsi,  siyasi  partiyaların 
sərbəst  fəaliyyəti  barədə  heç  nə  deyilmirdi.  Aprelin  28-i  səhərə 
yaxın saat 4-5 radələrində XΙ Ordunun ilk zirehli qatarı Biləcəriyə 
daxil olub, oradan da dərhal şəhərə tərəf hərəkət etməyə başladı. 
Hələ aprelin 26-da Q. Musabəyov, A. Mikoyan və b. ilə birlikdə 
qızıl əsgərləri qarşılamaq üçün Dağıstana  gedən Həbib  Cəbiyev 
xatirələrində  yazır  ki,  “biz  Yalamadan  Bakıya  23  saata  çatdıq” 
[393,s.18-19].  S.  Orconikidze  də  Leninə  vurduğu  teleqramda 
ordunun  Bakıya  səhər  saat  4-də  (28  aprel)  çatdığını  bildirir  [5, 
s.477].  Deməli  ordu  bolşeviklərin  Azərbaycan  Parlamentinə 
ultimatum  verməsindən  təxminən  6-7  saat  əvvəl  sərhədi  keçib 
Bakıya  irəliləyirdi.  Digər  tərəfdən,  yenə  XΙ  Ordu  Bakıya  daxil 
olduqdan  sonra  Müvəqqəti  Hərbi  İnqilab  Komitəsi  tərəfindən 
Moskvaya Leninə “... Qızıl Ordunu təxirə salmadan göndərməyi, 
real  kömək  göstərməyi  xahiş  edirik”    [5,  s.463]  məzmununda 
teleqram vurulmasının şahidi oluruq. 
   Faktlar  və  söylənilən  mülahizələr  arasındakı  uyğunsuz-
luqlardan  aydın  olur  ki,  çevrilişin  elə  ilk  günlərindən  yerli 
bolşeviklər hakimiyyət məsələsinin öz gücləri ilə həll olunduğunu 
iddia etməyə çalışmışlar. Əslində isə XΙ Ordu heç bir rəsmi dəvət 
almadan  Azərbaycana  girmiş  və  Şərqdə  ilk  demokratik 
cümhuriyyətin həyatına bu müdaxilə ilə son qoyulmuşdu. 
   Şəhərə girən əsgərlərin görkəmi çox acınacaqlı idi. Onlar ilk 
növbədə paltar və ərzaq  anbarlarına  yönəldilər.  Milli ordu üçün 
İtaliyadan təzəcə gətirilmiş 35 min (bəzi mənbələr bu sayı 25 min 

 
 
37 
göstərir) dəst hərbi geyim bir göz qırpımında bölüşdürüldü, silah 
anbarlarının  qapıları  sındırılaraq  yararlı  nə  vardısa  hamısı 
götürüldü. “Hərbi-dəniz komissarı təyin olunmuş Çingiz İldırım 
milli ordu əsgərlərinin öz hərbi geyimlərini “Şanlı Qızıl Orduya 
vermələri barədə” sərəncam imzaladı [370, s.19]. 
   XΙ Ordunun əsgərləri bir neçə gün Bakıda “istirahət” etdik-
dən sonra Azərbaycanda işlərin pis getmədiyindən həvəslənərək 
dəmir yolu ilə Gürcüstan tərəfə irəliləməyə başladı. Xatırladaq ki, 
bu  barədə  hələ  aprelin  23-dən  Qafqaz  Cəbhəsinin  komandanı 
Tuxaçevski  və  İnqilabi  Hərbi  Şuranın  üzvü  Orconikidze  xüsusi 
əmr vermişdi: “XΙ Ordunun son vəzifəsi Bakı quberniyasını deyil, 
bütün Azərbaycan ərazisini tutmaqdır” [7, s.19]. Öz “vəzifəsini” 
yerinə  yetirən  ordu  az  vaxt  ərzində  Gürcüstan  Respublikası 
qoşunlarının tutduğu Poylu stansiyasına çatdılar. Baş verən hərbi 
toqquşma  nəticəsində  gürcülər  geri  çəkilməyə  məcbur  oldular. 
Lakin onlar arxadan əlavə qüvvə almaq,  XΙ Ordu birləşmələrini 
ləngitmək məqsədilə Poylu körpüsünü partlatdılar. 
   Bu zaman Gəncə və Qarabağdan alınan həyəcanlı xəbərlər 
Qızıl Ordunu hücumu dayandıraraq arxaya dönməyə məcbur etdi. 
Müvəqqəti  Hərbi  İnqilab  Komitəsinin  28  aprel  iclasında 
Azərbaycan Xalq Komissarları Sovetinin N. Nərimanovun sədr-
liyi ilə (qiyabi olaraq, çünki o Bakıya mayın 16-da gəldi) hamısı 
azərbaycanlılardan ibarət səkkiz nəfər tərkibi müəyyənləşdirildi. 
(Sonrakı  mərhələlərdə  rəhbərlikdə  qeyri-türklərin  çəkisi  nəzərə 
çarpacaq dərəcədə artır). 
Elə həmin gün Bakıda olan məhbusların əksəriyyəti azadlığa 
buraxıldı və parlamentin üzvü A. Səfikürdskidən xahiş olundu ki
o Gəncə ilə əlaqə saxlayıb HİK-in qərarını qubernatora çatdırsın. 
Az  sonra  Gəncədən  məlumat  gəldi  ki,  hakimiyyət  İbrahim 
Əliyevin sədrlik etdiyi Hərbi İnqilab Komitəsinin əlinə keçib və 
dərhal şəhərdəki məhbusların çoxu azad edilib. 
   Mayın 12-də Daxili İşlər Komissarlığı Azərbaycanda hər cür 
zümrə,  təbəqə  və  vətəndaş  rütbələrinin,  mənsəblərinin  ləğvi 
barədə dekret  verdi.  Bu  dekretin 3-cü bəndində  “Zadəgan, tacir, 

 
 
38 
meşşan  və  digər  zümrələrin  əmlaklarının  təcili  qaydada  Hərbi 
İnqilab Komitəsinə verilməsi” nəzərdə tutulmuşdu. 21 iyun dek-
reti ilə H. Z. Tağıyevin pambıqəyirmə fabriki Azərbaycan SSR-in 
dövlət mülkiyyəti elan olundu və müəssisəyə Leninin adı verildi. 
Ümumiyyətlə, may-iyun aylarında torpaqların (5 may) meşə, su, 
yeraltı  sərvətlərin  (  15  may),  neft  sənayesinin  (27  may),  Xəzər 
ticarət  flotilyasının  (6  iyun),  bankların  (9  iyun)  milliləşdirilməsi 
barədə dekretlər verildi. 
   Azərbaycanda  bolşeviklərin  hakimiyyəti  möhkəmləndikcə 
vətəndaşlar,  ayrı-ayrı  təbəqələr  arasında  ziddiyyətlər  də 
dərinləşirdi.  Görülən  tədbirlərin  ciddi  əks-səda  verəcəyini  hiss 
edən yeni rəhbərlər vəziyyətdən çıxış yolunu Qızıl Ordunun gücü 
hesabına sərt rejim yaratmaqda görürdü. 
   Fikri  dolğunlaşdırmaq  üçün  HİK-in  Azərbaycan  xalqına 
müraciətlərindən  bəzi  nümunələr  gətirək:    “...  bütün  xalq  düş-
mənləri,  yeni  nizamla  mübarizəyə  davam  edən  və  başlayanların 
hamısı  amansızcasına  yer  üzündən  silinəcək”  [5,  s.485]. 
“Burjuaziya  və  mülkədarların  ağ  terroruna  biz  amansız  kütləvi 
qırmızı  terrorla  cavab  verəcəyik.  Siz  yüzlərlə  fəhləni  öldürə 
bilərsiz,  onların  əvəzində  biz  bütün  ağ  terrorçular  sinfini  məhv 
edəcəyik!” [5, s.495]. 
   Azərbaycanda isə heç kim fəhlələri qırmağa hazırlaşmırdı. 
   Mayın 7-də HİK Azərbaycan Ordusu və donanmasının ye-
nidən qurulması barədə qərar verdi. Bu qərara əsasən Azərbaycan 
Ordusu  (yeni  yaradılan)  XΙ  Ordu  komandanlığına  tabe  edilirdi. 
Qeyd  etmək  lazımdır  ki,  ordunun  müstəqilliyinə  Ç.  İldırım 
təşəbbüs  etmiş,  lakin  az sonra  onu  hərbi  işlərdən  uzaqlaşdıraraq 
yerinə, bu sahədə heç də səriştəsi olmayan “Azərbaycanın yeganə 
gəmiləri  “Ərdəhan”  və  “Astarabad”-ı  qayıq  bilib,  gözüyumulu 
sənədə  imza  ataraq  Rusiyaya  verən”  [5,  s.468]  Ə.  Qarayevi 
gətirmişlər.  Hadisələrin  sonrakı  gedişi  göstərir  ki,  hər  ay 
Azərbaycana  yeni  hərbi  qüvvələr  yeridilmişdi.  Axırda  iş  o  yerə 
çatdı  ki,  Qafqaz  cəbhəsinin  qərargah  rəisi  S.  A.  Puqaçov 
Orconikidzeyə  hərbi  birliklərin  göndərilməsini  dayandırmağı 

 
 
39 
məsləhət gördü: “Azərbaycandakı hadisələr nə qədər böyük olsa 
da,  ilkin  dövr  üçün  orada  qüvvələr  kifayət  qədərdir”  [5,  s.475]. 
Cəmi bir ay sonra isə (dekabrda) Stalin Leninə yazdığı qeydində 
Azərbaycana beş və ya altı yeni diviziya da göndərməyi məsləhət 
görürdü  [167,  s.19].  Azərbaycana  hər  dəfə  gətirilən  yeni  ordu 
hissələri  özlərini  əvvəlkilərinə  nisbətən  daha  amansız  aparır, 
adamları qarət, kəndləri talan etməkdən çəkinmirdi. Azərbaycan 
sovet    hökumətinin  Moskvadakı  səlahiyyətli  müvəkkili  B. 
Şahtaxtinski  XKS-in  sədri  Leninə  sentyabrın  20-də  verdiyi 
məlumatda bu barədə bildirirdi: “Qızıl Ordu əvvəlcə özünü yaxşı 
aparırdı, indi isə özünü irticaçı kimi göstərir. Yerlərdən sarsıdıcı 
məlumatlar  alırıq.  İş  o  yerə  gəlib  çatıb  ki,  qızlar,  qadınlar  açıq 
şəkildə zorlanır. 
 ...  Azərbaycan  kəndliləri  bir  şey  haqqında  xahiş  edir  və 
yalvarırlar: nə varsa hamısını birdəfəlik alın və ailə ocaqlarımızı 
gündəlik qeyri-mütəşəkkil və təhqiredici basqınlardan xilas edin” 
(167, s.14). 
   Məlumatda daşnakların, Ermənistanla həmsərhəd ərazilərdə 
müsəlmanları qırmasından, Azərbaycana aid məsələlərin Rusiya-
nın Ermənistanla müzakirə etməyə üstünlük verməsindən doğan 
narazılıqlardan  da  söhbət  açılır.  Azərbaycandakı  belə  kütləvi 
narazılıqları N. Nərimanov da Leninə göndərdiyi teleqramda açıq 
ifadə  etmişdi:  “Bizə  birbaşa  deyirlər:  tamamilə  mübahisəli  əra-
ziləri  Azərbaycana  təhkim  edə  bilmirsiniz,  ancaq  Şərqin  azad 
olmasından danışırsınız” [167, s.13]. 
   Azərbaycanda kütləvi və fərdi terrorlar əsasən ordu və ona 
tabe  olan  təşkilatlar  tərəfindən  törədilirdi.  Belə  ki,  İnqilabi 
Tribunal, FK (Çeka), XΙ Ordunun Xüsusi Şöbəsi (Osobıy otdel) 
birbaşa  ordu  komandanlığına  və  Mərkəzə  (Moskvaya)  tabe  idi. 
Ona  görə  bu  təşkilatların  fəaliyyətinə  Azərbaycan  hökuməti, 
demək  olar  ki,  hakimiyyətin  ilk  aylarında  nəzarət  edə  bilmirdi. 
1920-ci ilin avqustunda isə AKP MK Siyasi Bürosunun iclasında 
XΙ Ordunun Xüsusi Şöbəsinə, AKP MK Siyasi Bürosunun xəbəri 
olmadan heç bir ölüm hökmü çıxarmamaq təklif edilmişdi. Bu fakt 

 
 
40 
göstərir  ki,  avqustdan  sonra  Azərbaycanda  baş  verən  terror 
hadisələrindən AK (b) P xəbərdar idi. Terror və  həbslər isə  get-
gedə daha amansız və kütləvi şəkil alırdı. Azərbaycan Demokratik 
Cümhuriyyətinin  Tiflisdəki  hərbi  attaşesi  Ələsgər  Əsgərov 
(sonralar  o  Azərbaycan  SSR-in  Gürcüstanda  hərbi  nümayəndə-
liyində  çalışmış,  1921-22-ci  illərdə  isə  Türkiyədə  hərbi  attaşe 
vəzifəsində işləmişdi) “Azərbaycan faciəsi” memuarında yazırdı: 
“Şəxsən mənim tərəfimdən yoxlanılan siyahıya əsasən 1921-ci ilə 
qədər  ancaq  hərbçilərdən  12  general,  27  polkovnik  və  podpol-
kovnik,  46  kapitan,  ştabskapitan,  poruçik  və  podporuçik,  146 
proporşik,  266  nəfər  başqa  işçilər  (hamısı  müsəlman)  güllələn-
mişdi.  Bunlardan  Sulkeviç,  İ.  Usubov,  Haşımbəyov,  şahzadələr 
İmanulla Mirzə Qacar və Kazım Mirzə Qacar, Həmid bəy Qay-
tabaşı, Həbib bəy Səlimov, S. Girey Tilexas (Dəlixas), Makayev, 
Rüstəm  bəy  Şıxlinski,  Əliyev,  İskəndər  bəy  Seyfulin  və  b. 
tanınmış hərbiçiləri göstərmək olar. 
 ...1920-ci  il  aprelin  28-dən  1921-ci  ilin  avqustuna  qədər 
Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı oldu” [370, 
s.19]. 
   ADR-in ΙΙ Baş Naziri N. Yusifbəyli müəmmalı şəkildə yoxa 
çıxdı. Ə. Qarayev ictimaiyyəti aldadaraq, onun 98 milyon manatla 
Bakı  dəmiryol  vağzalında  həbs  edildiyini  bildirirdi.  Lakin  Baş 
nazir Kürdəmirdə FK əməkdaşlarının fitvası ilə xüsusi qəddarlıqla 
öldürülmüşdü. Bu qanlı hadisənin şahidi Nəsib bəyin rus sürücüsü 
salamat  qalaraq  Türkiyəyə  qaça  bilir.  Sonralar  o,  hadisəni  N. 
Yusifbəylinin  həyat  yoldaşı  Şəfiqə  Sultan  xanıma  danışaraq, 
mərhumun  cənazəsi  dəfn  olunan  yeri  də  nişan  verir.  Gəncə 
sakinləri Nəsib bəyin  çöllükdəki məzarını hökumətdən xəbərsiz, 
xəlvəti Gəncəyə köçürürlər. 
   Onu da qeyd etmək lazımdır ki, bir sıra mütərəqqi siyasət və 
mədəniyyət  xadimlərimiz  sinfi  düşmənçilik  motivləri  ilə  deyil, 
şəxsi  intriqa,  ədavət,  köhnə  incikliklər  zəminində  həbs  edilmiş, 
güllələnmiş, Xəzərdə batırılmışlar.  

 
 
41 
    Müstəqil  orduya  malik  olmaq  hüququnu  itirdikdən  sonra 
Azərbaycan  1920-ci  ilin  sentyabrında  Behbud  Şahtaxtinski  və 
Çiçerin  tərəfindən  imzalanan  “qardaşlıq  ittifaqı”  müqaviləsinə 
görə  iqtisadi  qaynaq  və  vasitələrini,  (yeraltı,  yerüstü  sərvətlər, 
sənaye  müəssisələri)  müstəqil  ticarət  haqlarını  Moskvaya  verir, 
eyni zamanda müstəqil maliyyə və nəqliyyat-rabitə hüquqlarından 
da  imtina  edirdi.  Bu  müqavilədə  konkret  olaraq  göstərilirdi:  “1. 
RSFSR hökuməti və Azərbaycan hökuməti az vaxt ərzində hərbi 
təşkilatları  və  hərbi  komandanlığı  birləşdirir.  2.  Müqavilə 
imzalandığı vaxtdan qüvvədədir və xüsusi ratifikasiya tələb etmir” 
[68, v.25]. 
     Neft  isə  may  ayında  formalaşdırılmış,  Serebrovskinin 
rəhbərlik etdiyi Neftkom adlanan təşkilatın inhisarına verildi. Bu 
sahənin  istismarı  ölkədə  ciddi  narazılıq  törətdiyindən  N.  Nəri-
manov neftin Gəncədən ucuz qiymətə satıldığından” gileylənirdi. 
Azərbaycan  Hərbi  İnqilab  Komitəsinin  aşağıdakı  rəsmi  məlu-
matına  diqqət  yetirdikdə  problemi  doğuran  səbəblər  aydın  olur. 
Sənəddə  deyilir:  “Sovet  hakimiyyətinin  ilk  on  beş  günü  ərzində 
(30  aprel-16  may)  Bakıdan  Həştərxana  3760450  put  mazut, 
119840 put neft, 260400 put kerosin, 52775 put maşın yağı gön-
dərilmişdi. Petrovska-67533 put mazut, 112803 put neft, 283579 
put  kerosin,  31552  put  maşın  yağı,  3257  put  silindr  yağı-cəmi-
5 301 122 put göndərilmişdi” [6, s.437]. 
S.  M.  Kirov,  L.  Mirzoyan,  Serebrovski  Bakının  türk  şəhəri 
deyil,  beynəlmiləl  proletar  şəhəri  olduğunu,  onun  türkləşdiril-
məyəcəyini söyləyir və bu məqsədlə də neft sənayesindəki fəhlə-
lərin  çəkisini  rusların  xeyrinə  sürətlə  dəyişdirirdilər.  Etirazlara 
baxmayaraq analoji proses xalq təsərrüfatının digər sahələrinə də 
tətbiq  edilməkdə  idi.  Bu  xüsusda  M.  B.  Məmmədzadə  yazırdı: 
“Muğan  və  Mil  bozqırlarının  Rusiyadan  gətirilən  mühacirlərlə 
iskanını  (məskunlaşmağı)  hədəf  tutan  kolonizasiyon  siyasətini 
həyata  keçirmək  üçün  “Muqmilstroy”  adı  altında  bir  təşkilat 
vücuda  gətirildi.  Bu  təşkilatın  əmrinə  500  min  mühacirət  təhsis 
edilmişdi” [370, s.32]. 

 
 
42 
     Azərbaycanda  imperiya  müstəmləkəçiliyinin  ənənəvi 
xüsusiyyəti olan ruslaşdırma siyasətini aşağıdakı kimi ümumiləş-
dirmək olar: 
    - Bölgəyə hərbi qüvvə yerləşdirməyin maksimum həddinin 
məqsədəuyğunluğu; 
    -  Sənayedə,  əsasən  də  neft  və  toxuculuq  sahələrində  rus 
fəhlələrinin çəkisinin artırılması; 
    -  Boş  torpaqları  məskunlaşdırmaq  adı  ilə  strateji  ərazilərə 
koloniyalar yerləşdirmək; 
    - Dövlət aparatında vacib sahələrə rəhbərliyi ələ keçirmək, 
mədəniyyət və informasiyaya önəm vermək, rus dilinin hakim dilə 
çevrilməsi üçün effektli mühit yaratmaq və s. 
     Ölkəni  bürüyən  kütləvi  terror,  həbslər,  təqiblərlə  yanaşı 
adamlar həm də ruslaşdırmanın doğurduğu ağır mənəvi-psixoloji 
mühitə  tab  gətirmədiyindən,  digər  tərəfdən  isə  sadəcə  olaraq 
yadellilərin gəlməsi ilə küncə sıxışdırıldıqlarından çörək arxasınca 
xarici  ölkələrə  üz  tutmağa  məcbur  olurdu.  Rusiyadan  Azərbay-
cana  mühacir  axını,  öz  növbəsində  Azərbaycandan  kənara 
mühacir axını yaradırdı. 
     Aldadılmış türk zabitlərinin taleyi ilə bağlı onu demək olar 
ki, işğaldan bir həftə sonra onların “hamısını ya həbs, yaxud qapı 
dışarı  etdilər”  [161].  Onların  tabeliyindəki  hərbi  birlikləri  isə 
dağıtmağa başladılar. Xəlil Paşa Moskvaya çağırıldıqdan sonra da 
XΙ Ordunun Anadoluya köməyə gedəcəyi fikrini müntəzəm olaraq 
yayan  “Yeni  Dünya”  qəzetinin  redaksiyasına  o  zaman  gizli 
şəraitdə  Ramanıda  yaşayan  M.  Ə.  Rəsulzadə  bir  məktub  yazıb, 
Paşa qayıtdıqdan sonra belə heç nəyin dəyişməyəcəyini, heç bir 
istəyin  təmin  olunmayacağını  bildirirdi.  Lakin  məktub  dərc 
olunmamış,  bir  ay  keçəndən  sonra  isə  müəllif  qəzet  vasitəsilə 
cavab  almaq  üçün  türk  komissarlığına  dəvət  edilmişdi  (M.  Ə. 
Rəsulzadə bu vaxt Lahıcda idi) [32, N-272, 1990]. 
     Azərbaycan  Demokratik  Cümhuriyyətinin  hakimiyyəti 
dövründə dərc edilən bitərəf və siyasi  partiya qəzetlərinin  əksə-
riyyəti  qapandı.  Rəsmi  dövlət  orqanı  “Azərbaycan”ın  da  nəşri 

 
 
43 
dayandırılaraq, onun yerinə “Kommunist” qəzeti dərc olunmağa 
başladı. 
     Beləliklə,  az  vaxt  ərzində  ölkədə  amansız  repressiya, 
kütləvi  terrorlar, gələcək milli  faciə və qanlı səhnələrin müəllifi 
olan proletariat diktaturasının əsasları yaradıldı. 
     İstər Azərbaycan, istərsə də xarici ölkə tarixçilərinin ADR-
in  süqutuna  münasibəti  birmənalı  deyil.  Siyasi  mühacirlər 
arasında  da  uzun  illər  diskussiya  mövzusuna  çevrilən,  qarşılıqlı 
ittihamlara, fikir ayrılıqlarına, bir sıra hallarda isə qruplaşmalara 
və ixtilaflara rəvac verən bu mövzuya bəzi aydınlıqlar gətirmək, 
tədqiqatımızın  sonrakı  fəsillərinin  daha  anlaşıqlı  olması  baxı-
mından faydalıdır. 
     Azərbaycan  Cümhuriyyətinin  XΙ  Ordu  tərəfindən  devril-
məsi faktı danılmazdır. Bununla yanaşı: 
    -  Yerli  bolşeviklərin  daxildəki  destruktiv  fəaliyyəti,  milli 
müqaviməti sarsıdan təbliğata, bir sıra hallarda təxribatlara önəm 
verilməsi; 
    - Türkiyə kommunisti Mustafa Sübhinin rəhbərliyi altında 
200 nəfərə yaxın solçunun, Xəlil Paşa və digər türkiyəli zabitlərin 
Qızıl Ordunun lehinə Azərbaycanda apardığı iş; 
    -  Zaqafqaziya  Respublikaları,  həm  də  bu  bölgə  ilə  Şimali 
Qafqaz arasında ümumi  müdafiə  barədə iş  birliyinin  yaradılma-
ması, əksinə Ermənistanın xəyanətkar mövqe tutaraq Qarabağda 
cəbhə açması XΙ Ordunun işğalını xeyli asanlaşdıran amillərdir. 
     Eyni zamanda Azərbaycan hökuməti böhran keçirdiyindən 
ölkənin müdafiəsini təşkil edə bilmədi. Böhranın səbəbləri başqa 
tədqiqatın mövzusu olduğundan, ona toxunmadan, ancaq nəticələr 
barədə bir sıra ümumiləşdirmə aparmaq olar: 
a)
 
Milli Ordunun Qarabağa göndərilməsi nə qədər zəruri olsa 
da,  XΙ  Ordunun  Dağıstan  şəhərlərini  işğal  edə-edə  Azərbaycana 
yaxınlaşdığını,  “əsas  təhlükənin  şimaldan  gəldiyini”  bilərək 
sərhədlərimizin  müdafiəsini  təşkil  etməməyə  haqq  qazandırmaq 
çətindir. 

 
 
44 
b)
 
 Müdafiə Nazirliyi bölgədə yerləşən “Qusar” alayına mü-
dafiə  olunmaq  əmri  vermədi.  Bir  sıra  xırda  lokal  müqaviməti 
asanlıqla yaran XΙ Ordu 200 km yolu 23 saata qət edərək Bakıya 
çatdı. 
     İşğaldan bir ay sonra Azərbaycanı bürüyən üsyanlarda milli 
ordu əsgərlərimizin fədakarlığı belə bir fikri söyləməyə tam əsas 
verir ki, ölkənin müdafiəsi problemi əsgərlərimizin gücsüzlüyü ilə 
deyil, ordu rəhbərliyinin, bütövlükdə hökumətin qüsurlu fəaliyyəti 
ilə bağlı olmuşdu. 
     Mərkəzdən müdafiə əmrinin alınmaması bir tərəfə, əksinə 
əsgərlərə  “Qızıl  Ordunu  yaxşı  qarşılamaq”  [223,  s.46]  barədə 
əmrlər, göstərişlər verilmişdi. 
      v) Xəlil Paşa, M. Sübhi, Ə. Qarayev kimilərin dövlətçilik 
əleyhinə cinayətkar fəaliyyətlərinin qarşısını  almaq üçün demək 
olar ki, heç bir tədbir görülmədi. M. Sübhinin cəzasını verməklə 
(Trabzon yaxınlığında, Dəyirmandərədə o qətlə yetirildi) Türkiyə 
xalqı özü Azərbaycan hökumətinin görməli olduğu işi gördü. 
      ADR-in  devrilməsindən  heç  bir  ay  keçməmiş  ölkəni 
kütləvi silahlı çıxışlar bürüdü. 
     1920-ci  il  mayın  7-də  RSFSR-lə  Gürcüstan  Respublikası 
arasında sülh müqaviləsi bağlandıqdan sonra (əlavə razılaşma isə 
mayın  12-də  imzalandı)  XΙ  Ordunun  komandanı  Levandovski 
Poylu  stansiyası  həndəvərində  cəmləşmiş  diviziyalardan  bir 
neçəsinin  Azərbaycanın  içərilərinə  nəql  olunması  barədə  əmr 
verdi [7, s.49]. Bu əmrə (18 may) əsasən yaranmış gərgin vəziy-
yətlə əlaqədar olaraq geri dönəcək hərbi qüvvələrin xeyli hissəsi 
Gəncədə yerləşdirilməli idi. 
     Hələ  mayın  əvvəllərində  Mirzə  Davud  Hüseynov  Gəncə-
dəki  3-cü  piyada  alayının  komandiri  polkovnik  Cahangir  bəy 
Kazımbəyə  Qərbdəki  Milli  Ordu  hissələrini  cəmləşdirib  Sovet 
hakimiyyətinin şərtləri altında fəaliyyətə başlamağı əmr etmişdi. 
Bu  istiqamətdə  heç  bir  gəlişmə  görünmədikdə  Azərbaycan 
Ordusunun rəhbərliyini dəyişmək, əsgərləri tərksilah etmək yolu 
seçildi.  Əvvəlcə  Gəncə  komendantı  şahzadə  Məhəmməd  Mirzə 

 
 
45 
Qaçar, onun arxasınca birinci piyada diviziyasının rəisi general-
mayor Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəy vəzifədən 
uzaqlaşdırıldı. Mayın 12-də isə şəhərin qubernatoru Xudadat bəy 
Rəfibəyli  həbs  edilərək  Bakıya  aparılmışdı.  (Şahidləri  də,  müs-
təntiqi  də  erməni  olan  X.  Rəfibəylini  tələm-tələsik  mühakimə 
edərək, məhkəmənin hökmü ilə mayın 20-də xəlvəti güllələdilər). 
     Bu dövrdə Şimali Qafqazda formalaşdırılmış “Şəriət alayı” 
da Gəncədə özünü çox pis aparır, yerli əhalini bəy və xanlara qarşı 
qaldırmaq  məqsədilə  şəhərdə  gündə  bir  şaiyə  yayırdı.  Alayın 
başçısı  Zülfüqar  o  qədər  nifrət  qazanmışdı  ki,  üsyançılar  onu 
mayın 27-də ələ keçirərək parçalamışdılar. 
     Matın 22-də hərbçilərdən bir qrupu C. Kazımbəyin təşəb-
büsü  ilə  hələ  bolşeviklərin  əlinə  keçməmiş  Nüzgar  kəndinə 
toplaşdı.  Burada  silahlı  üsyana  qalxaraq  dəmir  yolunu  tutmaqla 
Bakı  ilə  Qərb  bölgəsinin  əlaqəsini  kəsmək,  oradakı  Qızıl  Ordu 
birləşmələrinin  geriyə-Azərbaycanın  içərilərinə  hərəkətinin  qar-
şısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara 
alındı. Bu dövrdə Sovet hakimiyyətinin işləri Qarabağda da çox 
pis  gedirdi,  hətta  bəzi  yerlərdə  yerli  əhali  əsgərlərin  köməyi 
olmadan kəndlərdən bolşevikləri qova bilmişdi. Gəncə üsyanının 
rəhbərləri  əsasən  Qarabağda  yerləşən  milli  ordu  birləşmələri  ilə 
əlaqə  yaratmaq  üçün  bölgəyə  iki  nəfər  zabit  göndərdi. 
Bolşeviklərlə  mübarizədə  Gürcüstanla  fəaliyyət  birliyinə  nail 
olmaq  məqsədilə  Tiflisə,  C.  Kazımbəyin  tapşırığı  ilə  Gəncədə 
gizli yaşayan iki gürcü polkovniki də yola düşmüşdü. 
     Xatırladaq  ki,  sülh  müqaviləsinin  bağlanmasına  bax-
mayaraq Gürcüstan Respublikası ilə Sovet Azərbaycanı arasında 
mübahisəli ərazi məsələləri hələ qalırdı və nümayəndə heyətləri 
Ağstafada danışıqları davam etdirirdilər. Məsələyə aydınlıq gətir-
mək  üçün  Levandovskinin  24  may  tarixli  əmrinə  nəzər  salaq: 
“Sərhədyanı məntəqələrlə bağlı Azərbaycan və Gürcüstan nüma-
yəndələri  arasındakı  mübahisələri  həll  etmək,  hərbi  toqquşma-
lardan qaçmaq üçün əmr edirəm: Poylu, Salah, Şıxlı, Aslanbəyli, 

 
 
46 
Qaymaxlı, Kəmərli, Məlıklı kəndlərini əldə saxlamaq, nə o, nə də 
bu tərəfin çıxışlarına imkan verməmək” [7, s.51-52]. 
     Bir tərəfdən Gürcüstan Respublikasının, digər tərəfdən isə 
Zaqatala,  əsasən  də  Qarabağdakı  Milli  Ordu  birliklərinin  yardı-
mına arxalanan  gəncəlilər üsyanın  uğur  gətirəcəyinə inanırdılar. 
Şəhərdəki hərbi hissələr xəlvəti döyüşə hazırlıq vəziyyətinə gəti-
rilir, hiss olunmadan təlim məşqləri keçirilirdi. Hadisələrdən du-
yuq  düşən  qızıl  ordu  hissələri  mayın  25-dən  26-a  keçən  gecə 
Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma keçdi-
lər. Bu həmlə dəf olunduqdan sonra əsgərlər əks hücumla şəhərin 
müsəlmanlar  yaşayan  hissəsindəki  XΙ  ordu  qruplaşmalarını 
tərksilah  edərək,  600  nəfərdən  ibarət  şəxsi  heyəti  əsir  götürdü. 
Gecə  ikən  məhbuslar  həbsxanalardan  azad  edildi,  şəhər  əhalisi 
silahlandırıldı və döyüşən qüvvənin sayı 10 min nəfərə çatdırıldı. 
Ümumi  sayı  1800-ü  keçən  hərbiçilərlə  birlikdə,  üsyançıların 
sayının  12  minə  çatdığını  göstərən  müəlliflər  də  az  deyil  [383; 
155,7.12.199]. 
     Əvvəlcədən  planlaşdırıldığı  kimi  üsyançılar,  mayın  26-sı 
gündüz  dəmir  yol  stansiyasına  kəskin  həmlələr  edərək,  axşama 
yaxın oranı tutdular. Bu zaman gürcülərlə danışıqlarda olan Daxili 
İşlər Komissarı Həmid Sultanovla XΙ ordu birləşmələri Gəncəyə 
çatıb, gecə ikən stansiyanı geri ala bildilər. 
     Mayın  27-də  şəhər  Şimal  tərəfdən  aramsız  top  atəşlərinə 
tutulduğu  bir  vaxtda,  Yelenendorf  (Xanlar)  istiqamətindən  er-
mənilər  bolşeviklərlə  birləşərək  şəhərə  hücuma  keçdilər.  Lakin  
onların həmlələri kəskinliklə dəf olundu. 
     Vəziyyətin  ağırlığını  görən  bolşeviklər  Gəncəyə,  M.  Q. 
Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupu, P. V. Kurış-
konun  18-ci  süvari  diviziyası,  M.  D.  Velikanovun  komandanlıq 
etdiyi  20-ci  atıcı  diviziyasından  ibarət  güclü  hərbi  birləşmələr 
göndərdi [393, s.79]. 
     Azərbaycanın istiqlal günü-mayın 28-də bolşeviklər üsyan-
çılara  divan  tutmaq  qərarına  gəlmişdilər.    Səhər  tezdən  Şəmkir 
tərəfdən  ciddi  hücum  olacağı  xəbərini  alan  C.  Kazımbəy  alman 

 
 
47 
əsilli  polkovnik  Hauzen  ilə  kəşfiyyatdan  sonra  vəziyyətin 
doğrudan da gərgin olduğunu görüb, əsas qüvvələri Qərb istiqa-
mətinə  cəmləşdirdi.  Saat  8-də  başlanan  hücumu  22  pulemyot,  6 
topun  köməyi  ilə  üsyançılar  geri  oturda  bildilər.  Saat  10-da 
növbəti həmlə başladı. Elə bu vaxt ermənilərin yenə Yelenendorf 
istiqamətindən hücuma keçdikləri barədə xəbər alındı. Qərb cəb-
həsindən  Yelenendorf  mövqeyinə  yardım  göndərildikdən  sonra 
ermənilər xeyli itki verərək geri çəkildilər. Günortadan sonra şəhər 
bir neçə istiqamətdən ağır toplardan  atəşə tutulsa da, üsyançılar 
ona  top  atəşləri  ilə  cavab  verməmək  qərarına  gəlir.  Operativ 
idarənin rəisi V. Voronkovun ordu qərargahına verdiyi məlumatda 
deyilir:  “Şəhərin  yarısı  artilleriya  zərbəmizlə  dağıdılmışdı”    [7, 
s.57]. 
     General C. Şıxlinski bombardman zamanı yaralandığından, 
onun  yerini  əslən  polyak  olan  Stankeviç  tutmuşdu.  General 
Məhəmməd Mirzə xəstələnərək hərbi işlərin  gedişindən kənarda 
qalmışdı.  Digər  tərəfdən  də  mühasirəyə  alınan  Gəncəyə  heç 
yerdən  yardım  gəlmir,  Qarabağdan,  Gürcüstandan  isə  ümumiy-
yətlə  xəbər  yox  idi.  M.  B.  Məmmədzadə  yazır  ki,  Gəncəyə 
Gürcüstanla bağlanan sülh xəbəri 28 may gecəsi gəlib çatdı və bu 
üsyançılara sarsıdıcı zərbə oldu [39, N,7-8,1935]. 
     Bu  maraqlı  məlumatın  həqiqətəuyğunluğu  şübhə  doğur-
mur. Çox güman ki, sülh barədə danışıqların gizli saxlandığından 
və  həmin  ərəfədə  Gəncənin  ətrafla  əlaqəsi  əsasən  kəsildiyindən 
üsyançılar  Sovet  hökumətinin  Gürcüstanla  bağlı  yürütdükləri 
siyasətdən  və  bağlanan  sülh  müqaviləsindən  xəbərsiz  olmuşlar. 
Hadisələr də az vaxt içərisində kəskinliklə dəyişmişdi. Qarabağa 
göndərilən  zabitlər  isə  sonralar  məlum  olduğuna  görə  Gəncə-
Yevlax  yolunda  şəhərə  tərəf  irəliləyən  qızıl  əsgərlər  tərəfindən 
saxlanılıb güllələnmişdi. 
     Mayın  29-da  XΙ  Ordu  Şimal  və  Şimal-Qərb  istiqamət-
lərindən şəhərin ucqar məhəllələrinə girə bildi. Əhalinin köməyi 
ilə üsyançılar həm bu, həm də Cənub və Cənub-Qərb istiqamət-
lərindəki həmlələri dəf etdilər. 

 
 
48 
     Ayın  30-u  nisbətən  sakit  şəraitdə  keçdi.  XΙ  orduya  yenə 
hərbi yardım gətirilmişdi. İndi onların sərəncamında 5 atıcı polk, 
6 süvari polk, 7 əlahiddə hissə və dəstə, 57 top, 2 zirehli maşın və 
bir neçə zirehli qatar var idi. 
     Mayın 31-də XΙ ordu Şimal istiqamətindən şəhərə şiddətli 
hücuma  başladı.  Əvvəlcə  üzümlüklərdə  gedən  döyüşlər,  yavaş-
yavaş  şəhərin  ucqar  məhəllələrinə  keçirdi.  Artıq  üsyançılar  ev 
uğrunda  mübarizə  aparır,  düşmən  tərəf  isə  atəş  gələn  evləri  top 
mərmiləri  ilə  yerlə-yeksan  edirdilər.  Ermənilər  daha  da  fəalla-
şaraq, dağıntı və tələfat törədir, fürsətdən istifadə edib müsəlman 
əhalini  qırırdılar.  Ozan  camesində  xeyli  adamı  içəri  dolduraraq 
yandırmışdılar. Bu müdhiş səhnələrin şahidlərindən biri  yazırdı: 
“Ermənilər tam üç gün vəhşilik etdilər. Bu günlərdə şəhərdə qarət 
edilməmiş  bir  ev  belə  qalmadı.  Varlı  ailələrdən  12  qadın  və  qız 
qonşu  erməni  kəndlərinə  aparıldı,  hələ  qaytarılmayıb”  [143, 
8.05.1995]. 
     Göstərilən sərt müqavimətə baxmayaraq mayın 31-i axşa-
ma  yaxın  şəhər  XΙ  ordunun  nəzarətinə  keçdi.  Hər  iki  tərəfdən 
həlak  olanlar  barədə  tarixşünaslıqda  bir-birindən  xeyli  dərəcədə 
fərqlənən faktlar mövcuddur.  A. V. Kadişevin məlumatına görə 
XΙ ordu cəmi 20 nəfər itki vermiş, 900 nəfər isə yaralanmışdı [389, 
s.298].  V.  Voronkovun  yuxarıda  adı  çəkilən  məlumatında  qızıl 
əsgərlərin verdiyi itkinin az olmadığı bildirilir. T. Svitoxovski isə 
“Rus  Azərbaycanı”  əsərində  min  nəfərə  qədər  üsyançının  həlak 
olduğunu  göstərir.  Mühacir  ədəbiyyatında  XI  ordu  tərəfindən  
8500-1300,  üsyançılar  tərəfindən  8000-13000  nəfərin  həlak 
olduğu  barədə  mülahizələr  mövcuddur  [39,  N-7-8,  1935;  370, 
s.21]. 
     Döyüşlərdə Stankeviç, Hauzen, tabur komandiri Mirizadə 
qəhrəmancasına həlak oldular. Üsyan yatırıldıqdan sonra başlanan 
repressiyada 6 general,  6 polkovnik, 3 mayor və  7 kapitan qətlə 
yetirildi,  ümumi  sayı  76  nəfərə  çatan  hərbçi  Narginə  aparılaraq 
orada güllələndi. 

 
 
49 
     Gəncə üsyanının şəhidlərindən biri də görkəmli ədəbiyyat 
tarixçimiz Firidun bəy Köçərli idi. 
     C. Kazımbəy başda olmaqla hərbçilərdən bir qrupu müha-
sirəni yararaq Bərdə istiqamətinə, oradan da Qarabağın içərilərinə 
irəliləyərək Nuru Paşanın hərbi birləşmələrinə qoşuldu. 
     Sovet işğalına qarşı Azərbaycanda ilk və miqyasına görə ən 
böyük silahlı üsyan olan Gəncə üsyanının təəssüf ki, bir sıra nöq-
sanları da mövcüddur. Belə ki, üsyanın rəhbərliyində həmrəyliyin 
olmaması ucbatından şəhərin müdafiəsində səhvlərə yol verilmiş, 
ətraf bölgələrlə əlaqə yaradılması işi tələsik olmuşdu. Ə. Əskərov 
isə  yuxarıda  adı  çəkilən  xatirələrində  göstərir  ki,  Gəncəni  öncə 
tərk  edən  komandanlıq  idi.  Onlar  özləri  ilə  dövlət  bankının, 
xəzinənin pul ehtiyatını qötürməyi də unutmamışdılar [370, s.22]. 
Qeyd  edək  ki,  Ə.  Əskərovun  bu  mülahizəsinin  başqa  tarixi 
qaynaqlarda  analogiyasına  təsadüf  etmədiyimiz  üçün,  onun 
mübahisəli olduğu qənaətindəyik. 
     Gəncədəki  “xidmətlərinə”  qörə  M.  Q.  Yefremov  Qırmızı 
Bayraq ordeni ilə təltif edildi. 
     Gəncə  silahlı  üsyanı  başlayana  qədər  Qarabağda  XΙ  ordu 
hissələri  ilə  Azərbaycan  Ordusunun  əsgərləri  arasında  bir  neçə 
lokal toqquşmalar baş verdi. Hələ martın 21-də Tərtərdə yerləşən 
32-ci piyada diviziyasının 282-ci alayı yerini yeni gələn qızıl ordu 
hissələrinə  verən  zaman  özləri  ilə  bərabər  3-cü  süvari  Şəki 
alayının (Milli Ordu) atlarını da aparmağa cəhd etdikdə əsgərlər 
silahlı müqavimət  göstərmiş, əks tərəf öz növbəsində top atəşləri 
ilə cavab verdikdə Şəki süvariləri hücuma keçərək 282-ci alayın 
əsgərlərini, demək olar ki, tamamilə qırmışlar. Yeni hərbi birləş-
mələrlə Tərtərə gələn Çingiz İldırım və Dadaş Bünyadzadə həlak 
olanların  dəfn  mərasimində  “müsavatçılardan  intiqam  alacaq-
larını” bildirmişdilər. Doğrudan da hadisənin səhərisi günü Tərtər 
əhalisinə divan tutuldu. 
     Şəki alayını tələyə salmaq məqsədilə XΙ Ordunun Yevlax-
dakı  komandanlığı  ona  Bərdədən  Yevlax  istiqamətinə  hərəkət 
etmək  əmri  verdi.  Gəncədə  baş  verən  qanlı  hadisələrdən  xəbəri 

 
 
50 
olmayan, son günlərin qarışıqlığından hələ düzgün nəticə çıxara 
bilməyən süvarilər Yevlaxa hərəkətdə ikən Gəncə Üsyanı barədə 
xəbərlər  eşitdi.  Bu  xəbərləri  dəqiqləşdirmək  üçün  Yevlaxa  yola 
düşən  alayın  komandanı  Ehsan  xan  Naxçıvanski  onu  müşaiyət 
edən bir neçə hərbçi  ilə  birlikdə  XΙ ordu qərargahına  gətirilərək 
dərhal  qüllələndi.  Qızıl  ordu  hissələri  tərəfindən  arxadan  izlən-
diyini hiss edən alayın əsgərləri evlərinə dağılışmaq qərarına gəl-
dilər. Cəmi 28 nəfər əsgər, 4 nəfər zabit axıradək döyüşmək fik-
rində  olduqlarını  bildirərək  Qarabağa  tərəf  hərəkət  etməyə 
başlayır. Tarixi qaynaqlarda bu 32 nəfərin qəhrəmanlığı “32-lərin 
dastanı” kimi xatırlanır [281, N-9, 1935]. “32-lər” Bərdənin sağ 
sahilinə  keçərək  sayı  1200-1500-ə  yaxın  olan  yerli  partizanlarla 
birləşdilər. Bu dövrdə Bərdənin sağ cinahında XΙ ordu hissələrinin 
mövqeyi  zəif  idi.  Belə  vəziyyəti  əsas  qüvvələrin  Gəncəyə 
yeridilməsi və yaz yağışlarından daşmış Tərtər çayının aranı kəs-
məsi ilə izah etmək olar. Yaranmış əlverişli şəraitdən istifadə edən 
“32-lər” partizanları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki 
qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi 
strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət 
altında saxlaya bildilər. 
     Ç. İldırım və D. Bünyadzadənin əmri ilə Yevlaxdan təyya-
rələr  havaya  qalxaraq  “düşmənin  arxasında  vərəqələr,  AKP-nin 
müraciətlərini  yayırdı  [393,  s.81].  Bundan  əlavə  Ç.  İldırım  D. 
Bünyadzadə  ilə  birlikdə  konspirativ  şəkildə  Ağdama,  Şuşaya, 
Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. 
Qaragözov,  S.  Səfərov,  A.  Saturyan  və  b.  köməyi  ilə  özünü 
müdafiə  komitələri,  bolşeviklərdən  ibarət  könüllü  birliklər 
yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” partizanlarla birlikdə 
hələ  ki,  XΙ  ordu  birliklərinin  həmlələrinə  sinə  gərməkdə  idi. 
Vəziyyətin  ciddiləşdiyini  görən  Ç.  İldırım  üsyan  başçılarının 
təhvil verilməyəcəyi  təqdirdə Bərdənin  bombardman ediləcəyini 
bildirdi.  Bu  ultimatumdan  sonra  üsyançılar  şəhəri  tərk  etməyə 
məcbur olub Qarabağa irəliləyən birinci süvari alayı (Tatar alayı) 
ilə  qarşılaşdılar.  Ι  Dünya  müharibəsində    “Vəhşi  diviziya”  adını 

 
 
51 
almış  bu  hərbi  birlik  üç  gün  ərzində  XΙ  ordu  hissələri  ilə  qanlı 
döyüşlər apardıqdan sonra, mühasirəyə düşmək ehtimalının ger-
çəkləşdiyini görüb çəkilməyə başlamışdı. 
     İyunun 11-də Tərtəri ələ keçirən qızıl ordu ertəsi günü artıq 
Ağdamın həndəvərinə çatmışdı. 
     Bərdə-Tərtər  üsyançılarının  dağıdılmasında  XΙ  Ordu  ko-
mandanı  Levandovskinin  “düşmən  mövqelərinin  təyyarələrdən 
iyunun 10-da bombardman edilməsi” [7, s.63] barədə verdiyi əmr 
həlledici rol oynadı. 
     İyunun 3-dən 4-ə keçən gecə Nuru Paşa öz hərbi birlikləri 
ilə  Şuşaya  girərək  inqilabi  komitənin  üzvlərini  və  fəal  kom-
munistləri  həbsə  alıb,  özünü  “Qarabağın  hakimi”  elan  etmişdi. 
Nuru  Paşanın  ətrafında  Azərbaycan  ordusunun  zabitlərindən 
“Zeynalov,  Səfiyev  (polkovnik),  sabiq  pristav  Kərimbəy  Qala-
bəyov  da  var  idi”  [26,  23.06.1920].  İyunun  6-da  “Şuşa  İnqilab 
Komitəsinin  sədri  B.  Vəlibəyov,  Türkiyə  kommunisti  Süleyman 
Nuri,  Qırmızı  Molla  C.  Hüseynov”  yeni  hakimin  sərəncamı  ilə 
güllələndi [367, s.77]. 
     Nuru  Paşa  hələ  Şuşaya  gələnə  qədər  Qarabağda  kifayət 
qədər  milli  ordu  birləşmələri  vardı:  Süvarilər,  Tatar  diviziyası, 
Şəki  süvari  alayı,  Qarabağ  atlılar  polku,  5-ci  Bakı  piyadaları, 
Ağdam polkları və 2-ci artilleriya briqadası. Bu hissələr Bərdədən 
Zəngəzura  qədər  geniş  bir  ərazidə  yerləşmişdi.  Yuxarıda  qeyd 
etmişdik  ki,  Gəncə  üsyanı  yatırıldıqdan  sonra  C.  Kazımbəyin 
rəhbərliyi  ilə  üsyançıların  müəyyən  hissəsi  də  mühasirəni  yarıb 
(təxminən  2000  nəfər)  Qarabağa  gələrək  Nuru  paşanın  hərbi 
birləşmələrinə  qoşulmuşdu.  Göründüyü  kimi  Nuru  Paşanın 
sərəncamında ciddi uğurlar qazanmaq üçün xeyli hərbi qüvvə var 
idi.  Lakin  Bərdə,  Tərtər,  Ağdam,  Şuşa,  Qaryagin,  o  cümlədən 
Gəncə üsyanlarının xronikasına nəzər saldıqda, hadisələrin spon-
tan xarakterli olduğu açıq görünür. Belə ki, bir yerdə üsyan baş 
verəndə  qonşu  qəzalarda  sakitlik  olur,  hərbi  çıxışların  arasında 
rabitənin  olmadığından  istifadə  edən  qızıl  ordu  lokal  çıxışların 
qarşısını  alırdı.  Sovet  tarixşünaslığında  Qarabağ  üsyanlarının 

 
 
52 
Nuru Paşanın göstərişləri ilə baş verdiyini iddia edən müəlliflər az 
deyil  [367,  389].  Bu  mübahisəli  mülahizələrin  o  qədər  də 
dayanıqlı  olmadığını  aydınlaşdırmaq  üçün  Bərdə  hadisələrinin 
hələ  mayın  sonlarında  baş  verdiyini  göstərmək  yerinə  düşərdi. 
Nuru Paşa  bildiyimiz kimi iyunun əvvəllərində Qarabağda fəaliy-
yətə  başlayır.  Bərdə-Tərtər  istiqamətində  qızıl  ordu  hissələrinin 
həmlələrini  dəf  edən  Şəki  süvari  alayının  qalıqları  ilə  partizan 
birliklərinə köməyə gələn “Tatar alayı”nın da Nuru Paşanın əmri 
ilə göndərildiyi barədə dəlillər yoxdur. “32-lər” dastanı haqqında 
mühacirət mətbuatında [281, N-9, 1925] xatirələrini dərc etdirən 
hadisələrin iştirakçısı belə (A.K. imzasıyla çıxış etmişdir) mövcud 
fikri təsdiq edən heç nə söyləmir. 
     Nuru  Paşanın  hakimiyyəti  10  gün  çəkdi.  Təbii  ki,  bu 
dağınıq  hərbi  birlikləri  bir  yerə  cəmləşdirmək  üçün  az  bir 
müddətdir.  Lakin,  hadisələrin  gedişindən  məlum  olur  ki,  XΙ 
ordunun  Bərdə-Tərtər  istiqamətində  qarşısını  alıb,  onları  xeyli 
ləngitmək,  vaxtdan  istifadə  edərək  dağınıq  birliklərin  vahid  ko-
mandalığa tabe olunmasını da başa çatdırmaq mümkün idi. 
     Çox güman ki, Nuru Paşa Xankəndi və Şuşanın strateji üs-
tünlüyünə önəm verərək müdafiə məsələsini ciddi şəkildə götür-
qoy etməmişdi. Qızıl ordunun Şuşa həndəvərinə çox sürətlə gəlib 
çatması da gözlənilməz hadisə kimi qarşılanmışdı. İyunun 10-da 
32-ci  diviziya  və  2-ci  atlı  korpusuna  Şuşaya  hücum  əmri  verən 
Levandovski [7, s..63] Hindarx, Lənbəran istiqamətlərində möv-
qelərin  möhkəmləndirilməsinə,  Goran  stansiyasına  nəzarətin 
artırılmasına  da  xüsusi  diqqət  yetirirdi.  Bu  tədbirlər  Qarabağın 
mühasirəyə alınması üçün atılan addımlar idi. 
     XΙ ordu birlikləri iyunun 15-də Şuşanı tutdu. “Kommunist” 
qəzetinin yazdığına görə əhali qızıl əsgərləri gül-çiçəklə qarşıladı 
[26,  24.06.1920].  Nuru  Paşa  başda  olmaqla  Zeynalov,  Səfiyev, 
Rəfibəyov və digər  yüksək rütbəli zabitlər Cəbrayıl istiqamətinə 
tərəf  geri  çəkildilər.  XΙ  Ordu  bu  qeyri-mütəşəkkil  birlikləri 
Qaryagin istiqamətindən və ermənilərin köməyi ilə Gorus tərəfdən 
mühasirəyə  salmağa  cəhd  etsə  də,  heç  nə  hasil  olmadı. 

 
 
53 
Üsyançıların bir hissəsi erməniləri Gorus tərəfdə qaçmağa məcbur 
edərək Naxçıvana, digər hissəsi isə “Xiyabaninin nəzarəti altında 
olan Şimali İrana keçə bildi” [45, N-3, 1990]. 
     Qarabağ  üsyanlarının  və  milli  ordunun  belə  acınacaqlı 
sonluğuna görə Nuru Paşanı “avantürist” adlandıraraq suçlayan Ə. 
Əskərov  [370,  s.23]  İrana  cəmi  1200  əsgərin  keçdiyini  bildirir. 
İrana  keçən  əsgərlər  heç  kimdən  və  heç  yerdən  kömək  gör-
mədiyindən, əllərindəki silahı sataraq Türkiyəyə keçib M. Kamal 
Paşanın  müzəffər  ordularına  qoşuldu.  Əsgərlərin  bir  hissəsinin 
yollarda tifdən qırılmaları barədə də məlumatlar mövcuddur. 
     Beləliklə,  gənc,  lakin  kifayət  qədər  kamil  ordu  olacağı 
barədə  ümidlər  verən  Azərbaycan  Ordusu  pərən-pərən  düşərək 
dağıdıldı. 
     İyunun  9-da  Zaqatalanı  üsyan  dalğası  bürüdü.  Başçısı, 
bölgənin  nüfuzlu  şəxslərindən  Molla  Hafiz  Əfəndiyev  olan  bu 
üsyan daha çox dini xarakterli idi. Zaqatala qalasını  ələ keçirən 
üsyançılar,  hər  tərəfə  adamlar  göndərərək  “rus  kafirlərindən” 
ölkəni təmizləmək üçün əhalini yardıma çağırırdı. 
    Üsyanın genişlənməsindən qorxan Sovet hökuməti Qarabağ 
üsyanlarının  yatırılmasını  gözləmədən  Zaqatalaya  xeyli  qüvvə 
göndərdi. İyunun 13-də Levandovski Zaqatala üsyanını yatırmaq 
üçün  bölgədə  yerləşən  XΙ  Ordu  birliklərinə  əlavə  hərbi  yardım 
göndərilməsi barədə əmr verdi. [7, s.71]. Taman diviziyasının əsas 
hissələri,  58-ci  piyada  briqadası  Xaldan  istiqamətindən  köməyə 
çataraq  kəskin  həmlələrlə  iyunun  16-da  üsyançıların  əsas 
məntəqəsi  Zaqatala  qalasını  ələ  keçirə  bildilər.  H.  Əfəndiyev 
dəstələrini “Gürcüstan-Azərbaycan arasında Alazan çayı boyunca 
neytral  zonaya  çəkdi”  [359,  s.59].  Bunu  təkcə  özünü  müdafiə 
taktikası kimi deyil, eyni zamanda gürcü ordusunu da XΙ Orduya 
qarşı  fəaliyyətə  sövq  etmək  məqsədilə  atılan  addım  kimi  başa 
düşmək olar. Mövcud mülahizə, bir tərəfdən rusların Ermənistan 
və  Gürcüstana  deyil,  “Poyludan  geri  dönərək  məhz  müsəlman 
məmləkəti ilə amansız rəftarı” barədə yayılan söz-söhbətlər, digər 

 
 
54 
tərəfdən  isə  Gürcüstanın  bolşeviklərə  qarşı  Azərbaycan 
üsyançılarına yardım etməməsi fonunda əsassız görünmür. 
     Hər  halda  üsyançıların  Dağıstan  istiqamətində  dağlara-
daha təhlükəsiz yerlərə çəkilmək variantı da vardı. Necə ki, son-
ralar uzun müddət həmin yerlər partizanların məskəni oldu. Ruslar 
da öz növbəsində sərhədi möhkəmləndirməklə yanaşı Gürcüstanla 
münasibətdə ehtiyatlı davranırdı. Bu levandovskinin əmrindən də 
aydın  görünür:  “Gürcüstan  ordusu  ilə  hərbi  qarşıdurmaya  get-
məmək.  Belə  təhlükə  yaranarsa,  onların  komandanlığına  Sovet 
Rusiyası ilə Gürcüstan Respublikası arasında sülh müqaviləsinin 
imzalandığını xatırlatmaq” [7, s.78]. Bu əmrdə Gürcüstanla sərhəd 
məntəqələrinin  möhkəmləndirilməsi,  qarşıdurmadan  qaçmaq 
üçün sayıqlığın artırılması da xüsusi vurğulanırdı. Sovet Rusiyası 
Cənub Qafqaz dövlətlərini bir-bir işgal edirdi. 
     Sovet  hakimiyyətinin  ilk  aylarında  Azərbaycanın  Cənub 
bölgəsini  də  fasiləsiz  silahlı  üsyanlar  bürüdü.  May  ayında  Lən-
kəranda yerləşən Milli Ordu hissələrinin Gilana, qismən də Ərdə-
bilə  aparılmasına  baxmayaraq  (bu  bolşeviklərin  təhlükəsizlik 
tədbiri,  həm  də  ordunu  dağıtmaq  üçün  atdıqları  addım  idi)  qızıl 
orduya qarşı Ramazan və Kərbəlayi Şahverənin başçılığı altında 
silahlı partizan dəstələri kəskin müqavimət göstərməkdə idi. 1920-
ci ilin yayında Camal Paşanın Lənkərana gəlişi ilə üsyan daha da 
canlandı. 
     Camal bəy türk ordusunun adi bir çavuşu olub, 1919-cu ildə 
Qars  və  Gümrü  əhalisi  tərəfindən  nümayəndə  kimi  Bakıya 
göndərilmişdi.  Bu  dövrdə  Azərbaycan  hökuməti  Camal  bəyə 
Lənkəranı  nəzarətdə  saxlayan  daşnak-bolşevik  birliklərinə  qarşı 
yerli  partizan  hərəkatına  rəhbərlik  etmək  tapşırığı  vermişdi.  Az 
vaxt  içərisində  partizan  birlikləri  daşnak-bolşevik  tör-tökün-
tülərini Lənkərandan qovub milli hakimiyyəti bərpa etdi. Camal 
bəy  artıq  kifayət  qədər  tanınmış  hərbçi  idi  və  o  xalq  tərəfindən 
“Paşa”  adlandırılırdı.  Aprel  çevrilmişindən  sonra  Bakıda  Xəlil 
paşaya  qarşı  fəal  müxalifətdə  dayandığından  həbs  edilib  Bayıl 
həbsxanasına salındı. 1920-ci il iyulun sonlarında isə həbsxanadan 

 
 
55 
qaçaraq,  hələ  bərəsində  Bayılda  eşitdiyi  üsyançılara  qoşulmaq 
üçün Lənkərana yola düşdü. 
     O  az  vaxt  içərisində  dağınıq  fəaliyyətdə  olan  üsyançıları 
birləşdirərək  Astaranı  və  Şahağacı  ələ  keçirdi.  Camal  Paşanın 
Lənkərana  yaxınlaşdığını  eşidən  qızıl  ordu  hissələri  şəhərdən 
çıxmağa  başlayaraq  Qızılağac  körfəzindəki  Sarı  adasına  çəkilir. 
Üsyançılara quru ərazidə müqavimət göstərməkdən çəkinən qızıl 
ordu hissələri hərbi gəmilərdən sahili aramsız top atəşinə tuturdu. 
Bolşeviklərin Lənkəranı işğal etdikdən sonra İrana keçib, orada da 
öz  rejimlərini  yaradacağını  bildirən  Camal  Paşa  bu  məzmunda 
Ərdəbil  şeyxi  Mirzə  Əli  Əkbər  Ağaya  məktub  göndərib  kömək 
istəmişdi.  1925-26-cı  illərdə  İranda  olan  M.  B.  Məmmədzadə 
“Şeyxin bu müraciəti cavabsız buraxmadığını və xalqı həm müha-
cirlərə, həm də üsyançılara köməyə çağırdığını” [39, N-10, 1935] 
təsdiqləyir. 
     Camal  Paşa  Şahağıcı  ilə  Lənkəran  arasında  gedən  beş 
günlük  şiddətli  döyüşdə  üsyançıların  içərisinə  atılmış  naməlum 
terrorçu  tərəfindən  qətlə  yetirildi.  Üsyanın  digər  rəhbərlərindən 
olan “Hüseyn Ramazanla qardaşları, Kərbəlayi Şahverən və b. da 
sonralar İranda bolşevik terrorçularının əlilə öldürüldü” [39, N-10, 
1935]. 
     1924-cü  ilə  qədər  Azərbaycanda  baş  verən  üsyanların 
ümumi sayı 60-ı keçmişdi. Xüsusi qəddarlıqla yatırılan bu müqa-
vimət  hərəkatının  iştirakçılarından  bir  qismi  dağlara  çəkilərək 
mübarizəni davam etdirmiş, sağ qalanların, həbs olunmayanların 
digər qismi isə mühacirətə üz tutmuşdu. 
     1920-ci  il  iyunun  20-də  N.  Nərimanov  Bakı  Sovetindəki 
çıxışında  “Azərbaycanda  bal  ayından  (medoviy  mesyaç)  sonra 
qanlı ayın başlayacağını bildiyini” söyləyirdi [7, s.80-81]. Lakin 
“bal ayından” sonra başlanan qanlı ay deyil, qanlı aylar, illər oldu. 
     1929-cu ildə Azərbaycanı kəndli iğtişaşları bürüdü. Sovet 
hakimiyyətinin  ilk  onilliyində  iqtisadiyyatda  aparılan  eksperi-
mentlərin (“hərbi kommunizm”, “NEP”) növbəti mərhələsi kimi 
kənd  təsərrüfatında  spesifik  bir  iqtisadi  siyasətin  icrasına  qərar 

 
 
56 
verilmişdi. Bu Azərbaycan kəndlərində kütləvi narazılıqlara, lokal 
üsyanlara rəvac verən kollektivləşmə idi. 
     Torpaqla  birlikdə  mal-qaranın,  kənd  təsərrüfatı  vasitələ-
rinin müsadirəsi onsuz da səbir kasası daşan kəndliləri sovetlərin 
növbəti tədbirinə kəskin müqavimətə sövq etdi. 
Azərbaycanın, demək olar ki, bütün bölgələrində silahlı çıxış-
lar, qızıl əsgərlərlə qanlı hərbi toqquşmalar baş verdi. 
     1929-31-ci illərdə kəndli üsyanları ilə paralel “Qaçaq hərə-
katı” və “partizan mübarizəsi” də yenidən canlandı. 
     XΙX  əsrdə  çar  üsul-idarəsinə  qarşı  meydana  gələn  qaçaq 
hərəkatı  ilə  yeni  hərəkatın  bir  sıra  oxşar  xüsusiyyətləri  özünü 
büruzə verirdi: 
     -  Hər  iki  halda  rusların  gətirdiyi  üsul-idarəyə  qarşı 
mübarizə aparılırdı; 
     -  Sərbəst  ticarətin  bərqərar  olması  və  inhisarın  aradan 
qalxması tələb olunurdu; 
     - Şəxsi mülkiyyət toxunulmazlığı müdafiə edilirdi və s. 
     Gəncə,  Zaqatala,  Qarabağ,  Şəki,  Lənkəran  və  b.  üsyanlar 
yatırıldıqdan  sonra  dağlara  çəkilərək  mübarizəni  davam  etdirən 
partizan hərəkatı da yenidən canlandı. 
     Beləliklə, kəndli üsyanlarının başlanması və ona güc verən 
qaçaq  hərəkatının,  partizan  mübarizəsinin  baş  qaldırması  ilə 
Azərbaycanda  sovet  hakimiyyətinə  qarşı  mübarizə  özünün  yeni 
mərhələsinə qədəm qoydu. 
     Bu  mübarizəni  xarakterinə  görə  bir  neçə  qrupa  ayırmaq 
olar: 
     -  Kəndlilər  hökumətə  ərzaq  verməkdən  imtina  edir, 
məhsulu quyularda  gizlədir, bir sıra hallarda isə tamamilə  məhv 
edirdilər. (Bu ən çox varlı kəndlilərə xas olan xüsusiyyət idi). Mal-
qaranı müsadirə olunmamaq üçün dağlara sürüb aparırdılar. 
     -  Yerlərə  gələn  partiya  və  komsomol  nümayəndələrini 
döyərək kəndlərdən qovur, bəzi hallarda isə idarələri dağıdırdılar. 
(Bu cür hadisələr 1928-ci ildə sovetlərə seçkilər zamanı daha tez-
tez baş vermişdi); 

 
 
57 
     -  Kəndlilər  silaha  sarılaraq  hərbi  birləşmələrə  kəskin 
müqavimət  göstərir,  tez-tez  isə  partizanlarla  birləşərək  ordu 
hissələrinə, qatarlara basqınlar təşkil edirdilər. 
     Əvvəlki  kimi  yenə  də  Gəncə,  Zaqatala,  Qarabağ  qəzala-
rında  baş  verən  üsyanlar  daha  geniş  coğrafiyaya,  üsyançılar  isə 
kəmiyyət  baxımından digər bölgələrə  nisbətən mütləq üstünlüyə 
malik idi. Bu bölgələrə göndərilən hərbi birliklər ilə tez-tez qanlı 
toqquşmalar olurdu. 1929-30-cu illərdə vəziyyət o qədər kəskin-
ləşmişdi  ki,  Zaqafqaziya  Diyar  rəhbərlərindən  biri  Ş.  Eliava 
Azərbaycan, Ermənistan, Gürcüstan KP-lərinin 6-cı konqresində 
Azərbaycan  kəndlərində  vəziyyətin  get-gedə  pisləşdiyini  etiraf 
etməyə məcbur olmuşdur: “...Fəqət Azərbaycanda vəziyyət daha 
ağır  və  gərgin  bir  şəkildədir.  Naxçıvan,  Zaqatal,  Şəki  vilayət-
lərində  ümumi  kəndli  üsyanları  baş  verdi,  hökumət  onlarla  tam 
mənasında hərbə girmək məcburiyyətində qaldi [28,18,06.1920]. 
     Naxçıvanda Tuxarekinin komandanlığı altında qızıl əsgər-
lər  üsyançı  kəndlilərə  hücum  etsələr  də,  məğlub  olub  qaçmağa 
qərar  vermişlər.  Üsyançıların  xeyli  hərbi  sursat  əldə  etdiyi  bu 
toqquşmada, əsgərlərdən bir çoxu kəndlilərin tərəfinə keçmişdir. 
     Qarabağın Cəbrayıl qəzasında isə “600 nəfərlik rus əskəri 
Sirik  mahalının  üsyançıları  tərəfindən  dağıdılmışdır”  [13a, 
2.11.1930]. Sonradan gətirilən əlavə qüvvələrin köməyi ilə üsyan 
yatırılmış, dinc əhaliyə-qocalara, qadınlara, uşaqlara divan tutul-
muşdur. Salamat qalanlar İrana qaçmışlar. 
     “Bildiriş”in  İran  müxbirinin  Lənkəran  üsyanı  barədə 
verdiyi maraqlı məlumat da aydın mənzərə yaradır: “Üsyançılarla 
qızıl ordu hissələri arasında şiddətli müharibə davam etməkdədir. 
Top səsləri hüduda yaxın yerlərdən aydın eşidilir. Bakıdan gələn 
iranlılar yol boyu Bakıya çoxlu əsgər meyitlərinin və yaralıların 
daşındığını görüblər” [13.a., 27.11.1930]. 
     6  aprel  1931-ci  il  tarixli  “Axşam”  qəzeti  (Türkiyə)  isə 
“Deyli Teleqraf” qəzetinin  Berlin müxbirinə istinadən Azərbay-
canda güclü üsyan başlandığını, üsyançıların Bakının 20 verstli-
yinə yaxınlaşaraq Bakı-Tiflis dəmir yolu xəttini ələ keçirdiklərini, 

 
 
58 
üsyanın  yatırılması  üçün  ölkə  xaricindən  hərbi  qüvvələrin 
gətirildiyini bildirirdi. 
     Üsyançı kəndlilərin hesabına partizan birlikləri bu dövrdə 
xeyli  böyüyüb  gücləndi.  Samux,  Qazax,  Borçalı,  Goranboy, 
Tovuz  bölgələrindən  Gəncəyə  axışıb  gələn  kəndlilərin  partizan-
larla  bir  yerdə  sayı  5  mini  keçmişdi.  Bu  birləşmiş  qüvvənin 
Gəncəyə yürüş xəbəri sovet idarələrini təşvişə saldığından, şəhərə 
xeyli  hərbi  qüvvə  yeridildi.  Gəncədə  yenə  qırğın  olacağı  barədə 
ətrafı şayiə bürüdüyündən dinc əhali evlərini qoyub qaçırdı.  
     Kəndlilərin  və  partizanların  mübarizəsində  xarakterik  cə-
hətlərdən biri də terror və diversiya işlərinə önəm verilməsidir. 
     Dövri  mətbuatda  mövcud  olan  faktlardan  bir  neçə  nümu-
nəyə müraciət edək: 
1.
 
“Vedibasarda Qaçaq Qənbərin dəstəsi İrəvana gedən qatara 
hücum  edib,  kommunistləri  və  İrəvan  “ÇK”-cının  rəisini  öldür-
müşlər” [13.a. 27.11.1930]. 
2.
 
“Ağdaş  qəzasının  Girazi  kəndində  Azərbaycan  su  müəs-
sisəsi  rəisi  (Azvodxoz)  Hüsü  Hacıyev  qətlə  yetirilmişdir”  [29. 
10.06. N-131]. 
3.
 
“Gəncəbasarda Molla Əhmədin partizan qrupu başda Gəncə 
DSİ-nin rəisi R. Əliyev olmaq üzrə Zəyəmə gedən səkkiz məsul 
kommunisti öldürmüşlər” [13.a. 23.10.1930]. 
4.
 
“Qarabağın hər tərəfində geniş bir sürətdə terror başladı. Bu 
müddət Cəbrayıl, Şuşa, Bərdə, Ağdam, Zəngəzur qəzalarında 120-
dən çox məsul kommunist öldürüldü [39. N-17, 1936]. 
     Belə terror aktlarından başqa üsyançılar bir neçə dəfə dəmir 
yol xətlərini, strateji  körpüləri partladıb sıradan çıxarmışlar. 
     Bu  dövrdə  Azərbaycanda  fəaliyyət  göstərən  partizan  və 
qaçaq  birliklərinin  tanınmış  rəhbərlərindən  aşağıdakıları  göstər-
mək olar: Gəncə-Molla Əhməd, Sarı Qafar, Pirverdi, Həsən Qoca 
oğlu,  Cəmşid,  Nadir,  İsfəndiyar,  Saleh  və  b.;  Ağdam-Ağa  Mir 
Fəttah;  Şəki-Huseyn  Əfəndi,  İsmayıl  Əfəndi  (zabit);  Qazax-
Borçalı-İsa  xan;  Gədəbəy-Qədimalı;  Naxçıvan-Qısım  bəy,  Əli 
bəy; Qarabağ-Nəzər Cəfər oğlu; Lənkəran-Cankişi, Xankişi və b. 

 
 
59 
Kəndlilərin də qoşulduğu bu dəstələrdə 70-100 nəfərdən tutmuş, 
5000 nəfərə qədər silahlı adam birləşirdi. Bunlardan ən böyükləri 
isə Dağıstan və Gürcüstanla əlaqədə olan Zaqatala, İranla bağlar 
yaradan Lənkəran, Gəncə və Qarabağ üsyançı dəstələri idi. 
     1930-cu ilin avqustunda Dağıstan, Gürcüstan, Azərbaycan 
partizan birliklərinin başçıları Zaqatalaya toplaşdılar. Bu toplan-
tıda  müştərək  fəaliyyət  haqqında  tərtib  olunan  plan  müzakirə 
edilib qəbul olunsa da, onun gerçəkləşməsi barədə demək olar ki, 
məlumat yoxdur. 
     “1930-cu  il  yanvarın  3-də  Zaqafqaziya  Diyar  Komitəsi 
antisovet elementlərin tərksilah olunması barədə sanksiyalaşdırıl-
mış kütləvi əməliyyat barədə qərar qəbul etdi” [101]. Bu qərarın 
icrası  məqsədilə  xüsusi  “üçlüklər”  və  “beşliklər”  yaradılırdı. 
Kəndlərdən  silahları  toplamaq  üçün  yerlərə  göndərilən  bu  kom-
munist heyətləri ağsaqqallardan beş-on nəfər cəlb edərək “Qurana 
əl  basdırır,  sonra  onların  vasitəsilə  qapı-qapı  gəzərək  silahları 
yığırdı. Silah verməyənlər məhkəməyə çəkildiyi kimi, verənlər də 
qaçaq və partizanlarla, üsyançılarla əlaqədə” ittiham edilib həbsə 
alınır, yaxud da güllələnirdilər. 
     Gəncə  bölgəsində  AKP  MK-nın  katibi  Yusif  Qasımovun 
sədrliyi ilə yaranan (üzvləri Az. DSİ-nin sədri Frinovski, AKP(b) 
Gəncə  komitəsinin  katibi  Ə.  Qarayev)  “Fövqəladə  Üçlük”  bu 
sahədə  daha  da  fərqlənirdi.  Y.  Qasımov  “üçlüyünün”  rəhbərliyi 
altında  aparılan  hərbi-çekist  əməliyyatının  yekunlarına  diqqət 
yetirək: “Gəncə, Gədəbəy əməliyyatlarında ələ keçirilən 1026 nə-
fərdən-366 nəfər güllələnmiş, 316 nəfər mühakimə olunub kons-
lagerə göndərilmiş, qalanlar Qazaxıstana, İrana, Sibirə sürülmüş, 
yerli həbsxanalara salınmışdır. 
     Zəyəm  Fövqəladə  Üçlüyü  tərəfindən  366  nəfər  güllələn-
mişdir ki, onlardan 92 nəfər banditizmdə, 141 nəfər banditləri hi-
mayədə, 119 nəfər üsyanlarda iştirak etməkdə, 13 nəfər antisovet 
təbliğatda ittiham edilmişlər. 
     Həbs  olunan  və  sürgün  olunanların  sayı  316  nəfər  idi”  
[101]. Təkcə Naxçıvanın Keçili kəndində 17-si qadın olmaq üzrə 

 
 
60 
70  kəndli  güllələnmişdir.  Amansız  repressiyadan  can  qurtaran 
kəndlilər  dəstə-dəstə  Arazı  keçərək  Cənubi  Azərbaycana  pənah 
aparırdı.  “Bildiriş”  qəzetinin  səhifələri  bu  cür  məlumatlarla 
“zəngin”dir: 
     - “Göyçə və Gəncəbasardan İrana 800 nəfər yeni mühacir 
dəstəsi  keçdi.  Mühacirlər  Soyuq  Bulaq  ətrafında  yerləşdirildi” 
[13a, 18.11.1930]; 
     -  “Eylulun  (sentyabr)  əvvəlində  İrana  200  nəfər  Azər 
köylüsü keçdi” [13a, 23.10.1930]. 
     Qəzetdə Borçalıdan bir neçə dəfə hər biri 150-200 nəfərdən 
ibarət kəndli dəstələrinin Qarsa keçərək Selim qəzasında və Qara 
Köşədə məskunlaşdığı barədə də məlumatlar var. 
     M.  B.  Məmmədzadə  “Azərbaycan  mühacirləri”  məqalə-
sində  [13a,  20.08.1931]  yüzdə  doxsanı  İranda  yerləşən  müha-
cirlərin  dözülməz  vəziyyətdə  olduğunu,  hər  cür  yardımdan 
məhrum  olan  bu  binəvaların  acından  və  xəstəliklərdən  kütləvi 
şəkildə  qırıldığını  yazır.  İran  hökuməti  mühacir  axının  qarşısını 
almaq üçün tez-tez kəskin qərarlar çıxarırdı. 31 dekabr 1930-cü il 
tarixi “Şofaqi Sorh” qəzetinin verdiyi məlumata görə İran vəkillər 
heyətinin  belə  bir  qərarı  olmuşdu:  “İrana  pasportsuz  və  qeyri-
müntəzəm  pasportla  varid  olan  hər  bir  əcnəbi  təbə,  İran  mə-
murlarının ixtiyarı üzərinə “bila tahir və bila illət” İran torpağını 
tərk  etməlidir.  Əks  təqdirdə  cəbrən  gəldikləri  məmləkətə  iadə 
ediləcəklər” [13a, 3.09.1931]. İran hökuməti 1929-cu ildə də belə 
bir qərar qəbul etmişdir. Lakin bu qərarda mühacirlərə müəyyən 
vaxt verilirdi. Son qərar isə yurdunu tərk etməyə məcbur olanları 
yenidən bolşeviklərə təslim etmək demək idi. 
     Mövcud qərarın icrası ilə bağlı bir fakta diqqət yetirək: “30 
Temmuz  (iyul)  İran  Azərbaycanında  olan  mühacirlərin  ümumi 
fəlakət  gündür.  Bu  tarixdə  İran  hökuməti  azərbaycanlı,  gürcü, 
erməni  və  rus  mühacirlərini  çıxarmağa  başlamışdı.  Onların 
ölkədən çıxarılması 24 saat ərzində polis tərəflindən icra edildi-
yindən dəhşətli bir mənzərə alınmışdır. Mühacirləri evdə, küçədə, 
bazarda  ələ  keçirib  maşınlara  dolduraraq  da  naməlum  tərəfə 

 
 
61 
aparırdılar. Təkcə o gün həbsdə olan 65 azəri də qatılmaqla 800 
nəfər  mühacir  tutuldu”  [13a,  3.09.1931].  Şahidlərin  bildirdiyinə 
görə  RSFSR-in  İrandakı  konsulu  Təbriz  stansiyasında  oturub 
prosesə özü nəzarət edirdi. 
     Həbs  olunan  mühacirlərin  böyük  əksəriyyətinin  ailəsi 
qürbətdə  başsız  qaldı.  Bolşeviklərin  əlinə  keçmək  istəməyən-
lərdən  150  nəfər  isə  Arazı  keçib  Qarabağa  qayıdaraq  yenidən 
partizan və qaçaq birliklərinə qoşuldu. 
     “Rəsmi  dairələr  üsyançıların  hamısına  “bandit”,  “silahlı 
qolçomaq dəstələri” və buna bənzər adlar qoysalar da” [111, s.22] 
1929-31-ci illər kəndli üsyanları Sovet hakimiyyətinin özünə əsas 
dayaq  saydığı  Azərbaycanda  ən  böyük  “sinfin”  mövcud  rejimə 
inamsızlığını nümayiş etdirdi. 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin