2.2.
Mühacirət mətbuatı.
Azərbaycan mühacirlərinin təşkilatlanmasını mətbuatsız
təsəvvür etmək mümkün deyil. Mətbuat təkcə fikir, məlumat ya-
yan deyil, həm də adamları fikir, ideya ətrafında birləşdirən bir
vasitədir.
Mühacir mətbuatının əsasını, bu sahədə hələ Azərbaycan
Demokratik Respublikası qurulana qədər, birinci mühacirət
dövründə yetərincə təcrübə toplamış M. Ə. Rəsulzadə qoydu.
M. B. Məmmədazadə yazir: “Yalnız Azərbaycanlıların
deyil, bütün əsir türklərin xaricdə çıxardıqları ilk dərgi olan və
istila altındakı bütün əsir millətlərin, bilxassə Qafqasya millət-
ləriylə Türk və müsəlman ellərinin həyat və mücadiləsini əks
107
etdirən “Yeni Qafqasya” ilə başlayan milli nəşriyyat, milli istiqlal
savaşımızın tarixi vəsiqələri olaraq qalacaq” [32, N-7(19), 1953].
Dərginin “Yeni Qafqasya” adlandırılmasından da görü-
nürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş
birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdu. Son dərəcə
zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm
də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi
cəhətdən hazırlamaq istiqamətində “Yeni Qafqasya” çox işlər
gördü. Sahibi və mühərriri M. Ə. Rəsulzadə olan “Yeni Qaf-
qasya”nın məsul redaktoru dağıstanlı Səid Əfəndi, redaksiya he-
yətinin üzvləri isə Ş. Rüstəmbəyli, Əhməd Cəfəroğlu, X.
Xasməmmədov, Əmin Abid (Gültəkin) və Buxara Respublika-
sının sabiq prezidenti Osman Xoca idi. “Səid Əfəndi 1925-ci ildə
Avropa papaxlarının Türkiyədə geyilməsi əleyhinə təbliğat apar-
dığına görə həbs edilmişdi. 1926-ci ilin fevralında bəraət almasına
baxmayaraq Türkiyə respublikasının o zamankı qanununa əsasən
redaktor vəzifəsində çalışa bilməzdi” [80, v.36].
1925-26-cı illər arası qısa fasilədən sonra ayda iki dəfə
çıxan dərgi, Əhməd Həqqinin redaktorluğu ilə yenidən fəaliyyətə
başladı.
“Yeni Qafqasya” Sovet hökumətini çox narahat etdiyindən
Kommunist Partiyasının qurultaylarında, konfranslarda ondan,
ümumiyyətlə bütöv mühacirətdən tez-tez gileylər eşidilirdi.
Çiçerin, Bağırov, M. Huseynov və b. yüksək tribunalardan Tür-
kiyə hökumətinə təzyiqlər göstərməyə, “müsavatçılarla daxildə və
xaricdə mübarizə aparmağa çağırırdı” [145, s.189].
“Sadəcə olaraq 1927-ci ilin axırlarında “fasilə verən” “Yeni
Qafqasya” öz yerini 1928-ci ildə eyni proqramla və eyni hərarətlə
çıxan “Azəri Türk”ə vermişdi” [145, s.194]. “Azəri Türk”ün
məsul redaktoru Məmməd Axundzadə idi (Azərbaycan Gənclər
Birliyinin sədri).
1929-cu ildə “Azəri Türk”ün nəşri dayandırıldıqdan sonra,
M. Ə. Rəsulzadənin baş redaktorluğu ilə 1929-1931-ci illərdə
“Odlu Yurt” məcmuəsi dərc olunmağa başladı. İmtiyaz sahibi A.
108
Kazımzadə, məsul müdiri İ. Kamal olan “Odlu Yurt” Azərbaycan
mühacirlərinin ΙΙ Dünya müharibəsi başlayana qədər Türkiyədə
çıxardıqları axırıncı siyasi yönlü məcmuə idi.
1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk
siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin
imtiyaz sahibi də A. Kazımzadə, məsul müdiri Kamal idi. (1931-
ci ildə məsul müdir M. B. Məmmədzadə oldu).
1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri
SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldıqdan sonra, siyasi mətbuatın
da fəaliyyəti uzunmüddətli fasilə verməli oldu.
Ə. Cəfəroğlunun 1931-1934-cü illərdə çıxardığı “Azərbay-
can Yurt Bilgisi” məcmuəsi siyasətdən uzaq olsa da Türkiyə
hökuməti onun da nəşrinə icazə vermədi. (Məcmuə 1954-cü ildən
yenidən nəşrinə başladı).
1931-ci ildən mühacirət mətbuatının Avropa dövrü başlayır.
M. B. Məmmədzadə yazır: “Bolşeviklərin bayram etdikləri
günlərdə, 1932-ci il dekabrın 10-da Berlində “Yeni Qafqasya”,
“Azəri Türk”, “Odlu Yurt” və “Bildiriş” redaksiyalarının iştira-
kıyla və eyni proqramla “İstiqlal” qəzeti nəşrə başlamışdı” [145,
s.198].
1934-cü ildə isə Berlində Hilal Münşinin redaktorluğu ilə
əsası qoyulan “Qurtuluş” dərgisi, 1939-cu ilin sentyabrına qədər
( ΙΙ Dünya müharibəsi başlanan ərəfədə Hitler bütün mühacirət
mətbuatının bağlaması barədə göstəriş vermişdi. Bu addım həm
də Ribbentrop- Molotov danışıqlarında sonra gözdən pərdə asmaq
üçün atılırdı) fasiləsiz olaraq dərc edildi.
1936-cı ildə Müsavat Partiyasının xüsusi bülleteni də
(“Müsavat”) öz nəşrinə başladı. Hələ 1926-cı ildə müsavatçılar
Parisdə fransız dilində partiyanın “Azərbaycan” adlı bir məcmuə-
sinı buraxmaq qərarına gəlmişdilər. Avropada Azərbaycanla bağlı
təbliğat aparmağı qarşısına məqsəd qoyan bu məcmuənin təəssüf
ki, ancaq iki sayı işıq üzü görə bildi. Onun sonra nəşr edilməsinin
səbəbləri barədə məlumata təsadüf etmədik.
109
Azərbaycan mühacirlərinin 1932-ci ildə Helsinkidə çıxar-
dığı “Turan” qəzeti haqqında da məlumat çox azdır. Hər sayında
fin dilində Azərbaycanın həyatından bir məqalə verən bu aylıq
qəzetin də ömrü çox olmamışdı.
Müharibə dövründə mühacirlər mətbuat fəaliyyətini dayan-
dırsalar da, Azərbaycan legionları “Azərbaycan”, “Hücum”
qəzetləri və “Milli Birlik” dərgisi ilə bu boşluğu qismən də olsa
doldururdular.
Müharibədən sonra eyni ildə (1952) iki “Azərbaycan”
jurnalı dərc olunmağa başladı: bunlardan biri Ankarada Azərbay-
can Kültür Dərnəyinin orqanı, digəri isə Münxendə Azərbaycan
Milli Birlik Məclisinin orqanı idi. Redaktoru C. Hacıbəyli olan
Münxendəki “Azərbaycan” 1954-cü ildən nəşrini dayandırsa da,
Azərbaycan Kültür Dərnəyinin orqanı hələ də nəşr edilməkdədir.
Ümumiyyətlə, mühacirlərimiz 1960-cı ilə qədər, ayrı-ayrı
illərdə və ölkələrdə otuzdan artıq qəzet və jurnal dərc etmişlər:
“Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu Yurt”, “Azərbaycan Yurt
Bilqisi”, “Qurtuluş”, “Müsavat”, “Azərbaycan” (Ankara), “Azər-
baycan” (Paris), “Azərbaycan” (Berlin), “Milli Birlik”, “İstiqlal”,
“Bildiriş”, “Yaşıl Yarpaq”, “Birlik Dirilikdir”, “Türk izi”,
“Koroğlu”, “Türk Yolu”, “Xəzər”, “Dərgi”, “Araz”, “Hücum”,
“Turan”, “Mücahid” və s.
Bunlardan əlavə Azərbaycan mühacirləri SSRİ-dən olan
başqa mühacirlərin dərc etdikləri aşağıdakı mətbuat orqanlarının
işində iştirak və müntəzəm olaraq müxtəlif səpgili məqalələrlə
çıxış edirdilər: “Prometey”, “Birləşik Qafqasya”, “Qafqasya”,
“Qafqaz almanaxı”, “Yaş Türküstan”, “Yana Milli Yol” və s.
Ağır mühacirlik həyatının bir sıra problemlərinin həllində
şəxsi münasibətlər, dostluq əlaqələrinin təsiri az deyildi.
M. Ə. Rəsulzadə İsmət Paşa ilə dost idi və Paşa İstanbula
gələndə onunla görüşürdü. O, Həmdullah Sübhi Tanrıövər, İranın
Türkiyədəki səfiri Təba-Təban, Türkiyənin Bakıdakı, sonra isə
İrandakı konsulu Məmduh Şövkət bəylə də yaxın münasibətdə idi.
110
Sovet agenturasının məlumatına görə “M. Ə. Rəsulzadə
əsasən Azərbaycanda olan Konstantinopol qubernatoru Mühəddin
(30 il əvvəl Azərbaycandan mühacirət etmişdi) bəy vasitəsilə
Türkiyə Baş Qərarqah rəisi Fevzi Paşa ilə əlaqə saxlayırdı” [80,
v.40].
Başqa mühacirlərimizin məskunlaşdığı ölkələrdə qurduq-
ları şəxsi münasibətlər və sahibi olduqları xırda təsərrüfatlar da
mətbuatın, təşkilatların xırda-para problemlərinin həlinə müəyyən
kömək göstərirdi. Məsələn, Ş. Rüstəmbəylinin şəhər ətrafında
şəxsi südçülük təsərrüfatı, A. Kazımzadənin kitab dükanı var idi.
Mühacirətdə dərc olunan qəzet və jurnalların, eləcə də
Müsavatın Xarici Bürosunun, AMM-in qərarlarını, çağırışları,
müraciətnamələri, bəyanatları Azərbaycana çatdırmaq üçün yaxşı
əlaqələr yaradılmışdı.
Gürcüstan tərəfdən Azərbaycanla əsas əlaqə məntəqəsi
Gəncə (Sarı Ələkbər), İran tərəfdən isə Lənkəran təşkilatı idi. İran-
la əlaqə saxlamaq üçün Kəlbə Heydərə “Azər” parolu, bundan
başqa təşkilatın fəal üzvlərinin hər birinə ayrılıqda yığcam
tapşırıqlar verilmişdi.
Az.DSİ-nin istintaq materiallarında deyilir: “Təkcə 1928-
1929-cu illərdə Lənkəran təşkilattı xeyli siyasi ədəbiyyat,
çağırışlar və direktivlər almışdı. Bunlardan bir il ərzində Az.DSİ
tərəfindən ələ keçirilənlər aşağıdakılardır: 1. “Azəri Türk” jurnalı,
N1-1-dən 19-dək-256 nüsxə; 2. “Prometey”, N16-17-7 nüsxə; 3.
“Yaşıl Yaprak”, N16-17-1 nüsxə; 4. “Yeni Qafqasya”, 4 nüsxə; 5.
Broşüra “Ermənilər İranda”, 8 nüsxə; 6. Türk qəzetləri “Bakı”,
“Vaxt” – 4 nüsxə; 7. “Müsavatın Xarici Bürosunun çağırışları” və
s. [140, N-4(8), 1995].
Azərbaycan mühacirlərinin yaratdıqları təşkilatların və
mətbuat orqanlarının çoxluğuna baxmayaraq istiqlal mübarizə-
sinin ana xətlərini müəyyənləşdirən, milli azadlıq ideyasının təməl
prinsiplərini hazırlayan əsas təşkilatlar Azərbaycan Milli Mərkəzi
və Müsavat Partiyası, Mərkəzi orqanlar isə bu təşkilatların dərc
etdiyi qəzet və dərgilər idi. Qalan təşkilatlar və mətbuat orqanları
111
isə bir növ milli müstəqillik ideyasının daha geniş coğrafiyanı
əhatə etməsi üçün köməkçi qollar vəzifəsini yerinə yetirirdi.
Təşkilatların və mətbuatın vəziyyəti belə bir qənaətə gəl-
məyə əsas verir ki, nə istədiyini, nəyin uğrunda mübarizə apar-
dığını çox gözəl bilən Azərbaycan mühacirəti mütəşəkkil, həm də
ahəngdar bir şəklə düşə bilmişdi.
Milli istiqlaliyyət ideyasının yaşamasında, dolğunlaşma-
sında bu təşkilatların və mətbuat orqanlarının xidmətləri əvəzsiz
olmuşdu.
2. 3. Mühacirətdə ixtilaflar
1928-1934-cü illər Azərbaycan siyasi mühacirəti üçün
kəskin ixtilaflarla müşaiyət olunan ağır bir dövrdür. Psixoloji
mahiyyətinə, xarakterinə, baş vermə səbəblərinə və motivlərinə,
nəhayət tərəfləri tez-tez məcrasından, çıxardığına görə bu
ixtilaflar dərin təəssüf hissi doğursa da, Azərbaycan tarixinin
tərkib hissəsi olan mühacirət həyatının tədqiqi baxımından onun
öyrənilməsinə ehtiyac var. İxtilafların təəssüf hissi doğurduğunu
ona görə vurğulayırıq ki, mayasında əsasən şəxsi ambisiyaların,
M. Ə. Rəsulzadənin də qeyd etdiyi kimi “prinsipdən çox
orqanizasyon şəkillərin və səlahiyyət” üstünlüyünün [315, s.23]
dayandığı belə hallardan qaçmaq mümkün idi.
İlkin mərhələdə iki-üç nəfər arasında təzahür edən ziddiy-
yətlər, sonra siyasi mühacirlərin əsas təşkilatları olan Azərbaycan
Milli Mərkəzi və Müsavat Partiyasının Xarici Ölkələr Bürosu
daxilində qruplaşmaların yaranmasına gətirib çıxardı. Hələ 1925-
ci ildən Şəfi Rüstəmbəyli Müsavatın Xarici Ölkələr Bürosunun
rəhbər üçlüyünə-rəyasət heyətinə daxil olmağa çalışırdı. Öz
112
məqsədinə çatmadıqdan sonra o, Mustafa Vəkilli ilə birlikdə M.
Ə. Rəsulzadəni Azərbaycan Milli Mərkəzinin, Müsavatın Xarici
Bürosunun fəaliyyətinin Türkiyə çərçivəsində məhdudlaşdığına
görə tənqid etməyə başladı. Ş. Rüstəmbəyli və M. Vəkilli təşki-
latların Qərbə yönəlik siyasətə üstünlük verməsinin tərəfdarı kimi
çıxış edirdilər (sonralar M. Ə. Rəsulzadə Qərblə əməkdaşlığı
genişləndirəndə Ş. Rüstəmbəyli onu Türkiyəyə arxa çevirməkdə
suçlamağa başladı). 1927-ci ildən Müsavatın rəhbərliyində təmsil
olunan Xəlil Xasməmmədov və Şəfi Rüstəmbəyli Xəlil bəyin
“mən firqə üzvüyəm, firqəçi deyiləm” tezisi əsasında müstəqil
fəaliyyət yolunu seçdilər [315, s.23]. Onların partiya tapşırıqlarına
məhəl qoymadan, ancaq üzvü olduqları Milli Mərkəzin (MM)
işinə önəm vermələri müsavatçıların kəskin etirazlarına səbəb
oldu. 25 nəfər partiya üzvünün ciddi xəbərdarlıq tədbirindən sonra
hər ikisi təşkilatın bütün tapşırıqlarına əməl edəcəklərini
bildirdilər.
Bu dövrdə Parisdə fəaliyyətdə olan Azərbaycan müha-
cirlərindən bir qrupu isə (Ə. A. Şeyxülislam, C. Hacıbəyli və b.)
özlərini Azərbaycanın əsas təmsilçiləri hesab etdiklərindən MM-
dən kənar müstəqil fəaliyyətə üstünlük verirdi. Azərbaycanı
təmsilçilikdə mövcud olan belə paralelliyi aradan qaldırmaq
məqsədilə M. Ə. Rəsulzadə 1928-ci ildə Parisə yola düşdü. Uzun
müzakirələrdən sonra “Paris Heyəti, hər cəhətdə özünün tabe bir
müəssisə halında MM-in ən böyük və hakim milli müəssisəsi
olduğu qərarına gəldi” [315, 24]. Bəzi mühacirlərin, M. Ə.
Rəsulzadənin Ə. M. Topçubaşova təslim olması barədə söz-söh-
bətlər yaymasına baxmayaraq, Parisdə əldə olunan razılıq müha-
cirlərarası həmrəylinin formalaşması sahəsində uğurlu nəticə oldu.
Problem, heyət üzvlərindən C. Hacıbəyli (İttihadçı) və Ə. A.
Şeyxülislamın (Xalqçı Sosialist) M. Ə. Rəsulzadə ilə iş birliyinə
həvəssiz münasibətində idi. Onlar elə bu məqsədlə Sülh heyətinin
başçısı Ə. M. Topçubaşova da təzyiq göstərərək mühacir
təşkilatları arasında dominantlığa çalışırdılar.
113
Ə. M. Topçubaşov isə Azərbaycanın istiqlal mübarizəsinin
bir mərkəzdən idarə olunması fikrində M. Ə. Rəsulzadəyə şərik
idi. Sonrakı proseslərdə İstanbulda M. Ə. Rəsulzadəyə, Parisdə Ə.
M. Topçubaşova təzyiq edən qüvvələrin bir-birləri ilə əlaqə
yaratdıqlarının və fərqli fikirdə olanlarla kəskin rəftar etdiklərinin
şahidi oluruq.
Xəlil Xasməmmədov qrupuna daxil olan Nağı Şeyxzaman-
lının Ə. M. Topçubaşovun mövqeyini müdafiə edən Mir Yaqub
Mehdiyevə tutduğu iradlar məsələyə qismən aydınlıq gətirir: “Mir
Yaqub bəyə qüsur tutduğum bir şey varsa, o da Azərbaycan milli
hökuməti tərəfindən rəsmən göndərilmiş səlahhiyatdar heyəti zəif
düşürmək, milli davanın Əli Mardan bəy kimi qiymətli dövlət
adamının əlindən alınıb M. Emin bəyə verilməsinə yardım etməsi
və kəndisinin də... Müsavat firqəsinə yazılmasıdır” [361, s.40]. Bu
sitatdan aydın görünür ki, mühacirlərin bir qismi Azərbaycanın
rəsmən təmsilçilik hüququnun Paris sülh konfransına göndərilən
heyətə məxsus olduğunu iddia edir, AMM-in Azərbaycan adından
danışmasına əsəbi yanaşırdılar. Əslində isə Parisdə Ə. M.
Topçubaşov və M. Ə. Rəsulzadənin səyi ilə müdrik qərar
çıxarılmışdı.
M. Ə. Rəsulzadə Parisdən qayıdan ərəfədə Türkiyədəki
mühacirlərdən M. B. Məmmədzadə ilə M. Sadıx arasında da zid-
diyyətlər kəskinləşmiş, Abbas Kazımzadə işindən uzaqlaşmış
(təşkilatda xəzinədar idi) Polşada olan Mustafa Vəkilli ilə əlaqələr
qırılmışdı. Yaranmış bu böhran müzakirə olunduqdan sonra
vəziyyətdən çıxış yolu kimi sərt tədbirlər görməmək, ayrı-ayrı
partiya mərkəzlərinin təmsilçiləri ilə yeni Divan formalaşdırmaq
qərara alındı. Bu zaman Xəlil bəy və Şəfi bəy partiya üzvü kimi
deyil, MM-də təmsil olunan siyasi şəxs kimi əksəriyyətin müdafiə
etdiyi mövcud qərara müxalif olduqlarını bəyan edib, təşkilat
əleyhinə yenidən fəaliyyətə başladılar. Bunun cəzası olaraq
“İstanbul təşkilatı onları öz sıralarından ixrac etdi” (315, s.24). Ş.
Rüstəmbəylinin yazdığına görə bu üç nəfərə (X. Xasməmmədov,
114
Ş. Rüstəmbəyli, M. Sadıx) “firqəçilərdən bir qrupu da qoşulub
ayrıldı” [338, s.29].
Az.DSİ-nin 1929-cu il 15 aprel tarixi agentura məluma-
tında da İstanbulda müsavatçıların parçalanması və bunun
nəticəsində iki paralel mərkəzin yaranması göstərilir. Az.DSİ-nin
istinad etdiyi Yeni Mərkəzi orqanın yaydığı bəyannaməyə görə
1928-ci ilin 16 noyabrında gecə müsavatçılardan bir qrupu xəlvəti
yığışaraq üç nəfərə qarşı (yuxarıda adı çəkilən üçlük nəzərdə
tutulur) Nizamnamənin tələblərini pozan qərar çıxarmışdır. Lakin
az keçmədən İstanbuldakı bir sıra nüfuzlu şəxslərin (həm M. Ə.
Rəsulzadə, həm də Ş. Rüstəmbəyli bunlardan Şərif müəllimi tez-
tez xatırladır) barışdırıcılıq səyi nəticəsində parçalanmanın qarşısı
alındı. Lakin sükut uzun sürmədi. M. Ə. Rəsulzadə yazırdı ki,
“Xəlil bəylə Şəfi bəy 1929-cu ildə sözdə bizlə barışsa da, işdə
təşkilata qarşı intriqa yapır, mühacirlər arasında bəyannamələr
yayırdı. Bir neçə imza ilə MM üzvlərinə kollektiv məktublar
yazılır, mühacirət namına hesab istənilirdi” [315, 26].
1929-cu ildə də mühacirlərarası ixtilafları daha da dərin-
ləşdirən bir “milli vərəq” məsələsi ortaya çıxdı. “1929-cu ilin iyu-
nunda “Odlu Yurt” dərgisinin idarəxanəsində araşdırma yapılaraq
milli əvrak (vərəq-X. İ.) müsadirə olundu” [315, s.32].
“Azəri Türk” dərgisinin məsul müdiri Məmməd Sadıx
yazırdı: “Doqquz sənədən bəri qırmızı ruslara qarşı xaricdə Azər-
baycan davası aparanların... fəaliyyətlərinin səmərəsi olaraq
ortada istiqlal davasının tarixi vərəq və vəsiqələri toplanmışdı”
[291, N28-29, 1929]. Türkiyə hökuməti tərəfindən müsadirə olu-
nan da məhz bu sənədlər idi. Mühacirlər böyük biabırçılıq kimi
qəbul etdikləri “milli əvrakın əllərə keçməsi” məsələsində, barə-
sində İstanbul təşkilatının partiyadan xaric edilməsi haqqında
qərar çıxardığı M. Sadıxdan şübhələnirdilər. Günahsız olduğunu
sübut etmək məqsədilə M. Sadıx jurnalist təhqiqatına başlayaraq
işi axıra çatdırıb “milli əvrakı əllərə verən” adamın Şəfi bəy
olduğunu elan edir. Hadisələrin xoşagəlməz şəkil almasına
115
baxmayaraq M. Ə. Rəsulzadə aranı açmamaq, münasibətləri gər-
ginləşdirməmək üçün prosesə müdaxilə etmirdi. O, hətta 1929-cu
ildə Varşavaya gedərək (Mustafa bəy Vəkilli istefa verib, Polşaya
getmişdi) yerinə, partiya rəisliyinə müvəqqəti Şəfi bəyi təyin
etmişdi [338, s.29].
M. Sadıx ixtilafları ört-basdır etdiyinə, partiya rəhbərliyin-
dəki çəkişmələrə göz yumduğuna görə M. Ə. Rəsulzadəni də
tənqid edirdi.
1928-ci ildən başlanan ixtilaflar təkcə Müsavat Partiyasının
deyil, MM-in rəhbərliyində də dəyişmələri get-gedə zərurətə
çevirirdi. 1930-cu illərdə Azərbaycan mühacirlərinin əksəriyyəti
Türkiyədən köçərək Avropa ölkələrində məskunlaşdılar. M. Ə.
Rəsulzadə İstanbuldan ayrıldıqdan sonra Milli Mərkəz nəzarətdən
kənarda qalmış, bir çox hallarda müstəqil fəaliyyət göstərən bir
təşkilata çevrilmişdi. Rəhbərliyə daxil olan Xəlil bəy, Şəfi bəy və
Abbasəli bəy (İstanbulda qalmışdılar) mövcud vəziyyəti
qənaətbəxş hesab edərək M. Ə. Rəsulzadənin təşkilatda
yenidənqurma tədbirlərinə müqavimət göstərirdilər.
1932-ci ildə Xəlil bəy yaranmış böhran vəziyyətindən çıxış
yolları aramaq, MM-lə bağlı İstanbul-Avropa arasındakı fikir
ayrılıqlarını aradan götürmək üçün Avropaya dəvət olundu. “Xəlil
bəyin
reorqanizasiyaya
kəskin
müqavimət göstərməsinə
baxmayaraq, M. Ə. Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa
Vəkilli onu fikrindən döndərib MM-in yığıncağında aşağıdakı
qərarı qəbul etdilər: “MM İstanbulda qalmaqla bərabər, felən
ümumi milli işləri idarə etməklə üç kişidən ibarət səlahiyyətdar bir
heyət intihab edər (seçər-X. İ.). Bu heyət də ...iqamət edər”
[315,s.30].
Xəlil bəy İstanbula döndükdən sonra Müsavatın buradakı
şöbəsi yanvarın 25-də (1933) növbəti toplantı keçirdi. Toplantıda
beş nəfərdən ibarət yeni bir komitə yaradıldı və bu barədə
partiyanın Avropadakı sədrinə komitə rəisi Mir Əli Sadıqov
tərəfindən hesabat məktubu göndərildi. Cavab məktubunda M. Ə.
Rəsulzadə təsdiq səlahiyyətinin nizamnaməyə rəğmən Divana aid
116
olduğunu qeyd etməklə, fövqəladə zamanlarda partiya sədrinin
Divan səlahiyyətini daşıdığını, bu haqqı icra etdiyini, eyni
zamanda “Xəlil bəylə aralarında imza olunan razılaşmanı da xatır-
ladıb, şöbə komitəsinin mövcudiyyətini təsdiqləyirdi” [315, s.40].
İstanbul müsavatçılarının canlanmasından fərəhlənən par-
tiya Başqanı rəhbərlikdə yaranan böhranı aradan qaldırmaq, yeni
partiya mərkəzi formalaşdırmaq niyyətini bildirir. Mərkəzin for-
malaşması işini üç nəfərdən təşkil olunacaq Təşkilat Heyətinin
görməsi nəzərdə tutulurdu. Partiya sədri başda olmaq üzrə
yaradılacaq bu üçlüyün bir nəfərini İstanbul, digərini isə
Avropadakı müsavatçılar namizəd göstərməli idi.
Bu ərəfədə M. Ə. Rəsulzadə İstanbul şöbə komitəsinin
rəisi Mir Əli bəydən yeni məktub alır [28.04.1933]. Məktubunda
Mir Əli bəy 21 aprel 1933-cü il tarixində İstanbul müsavatçılarının
yeni toplantıya yığışdıqlarını bildirirdi. Toplantıda bir neçə illik
ixtilaflardan, partiyada yaranmış anormal vəziyyətdən təngə
gəldiklərini qeyd edən müsavatçılar, sədr məsələsi müzakirə
olunduqda Şəfi bəy və Xəlil bəy də daxil olmaqla M. Ə.
Rəsulzadənin liderliyinə yekdil münasibət nümayiş etdirmişlər.
Buna baxmayaraq İstanbul şöbəsinin fəaliyyətində get-gedə
Avropa ilə hesablaşmamaq xəttinin tutulduğu açıq-aşkar hiss
olunurdu. Artıq iş o yerə gəlib çatmışdı ki, şöbə partiya rəhbər-
liyinin səlahiyyətinə aid olan qətnamələr verirdi. Vəziyyətin
xoşagəlməz məcraya yönəldiyini hiss edən M. Ə. Rəsulzadə Mir
Əli bəyə və Xəlil bəyə növbəti məktublarını yazaraq təşkilat
heyətinə veriləcək namizədin müəyyən olunmasını sürətlən-
dirməyi tövsiyə etdi. Xəlil bəy “məktubunuzu arkadaşlara oxuyub
cavabını yollayaram” [315,s.44] desə də, cavab yazmadı.
Təşkilat heyətinin yaranmasına mane olan Şəfi bəy idi.
Aşağıdakı sitatda onun həm təşkilat heyətinin yaranmasına, həm
də MM-in reorqanizasiyasına mənfi münasibəti aydın hiss olunur:
“Bu sürətdə təşkilatlar dağıdılaraq yerinə xarici bir qüvvətin təsiri
və təzyiqi ilə üç kişilik “məmurlar heyəti iqamə olundu” [338,
s.30]. M. Ə. Rəsulzadənin “Şəfi bəy heç bir mərkəzə lüzum
117
olmayıb hər şöbənin kəndi başına müstəqil olaraq çalışması
tezisini müdafiə ediyormuş” fikri isə məsələyə tam aydınlıq gətirir.
Şəfi bəyin İstanbul şöbə komitəsini partiyanın Mərkəzi orqanına
çevirmək niyyətini başa düşüb onu qəbul etməyən
müsavatçılardan bir neçəsi (Məhəmməd Əli Rəsulzadə, Əhməd
Cəfəroğlu) istefa verdi. “Şöbənin rəisi Mir Əli bəylə, katib İsmayıl
bəy isə bu məsələdə bitərəf qalacaqlarını söyləmişlərdi” [315,
s.45]. Yaranmış gərgin vəziyyətlə bağlı Şəfi bəy M. Ə.
Rəsulzadəni ittiham edərək, onun “kəndi əmrinə tabe olan
tərəfdarlarını milli və firqə təşkilatından ayırıb yeni qrup təşkil
etməklə yeni ixtilafa yol açdığını” [338, s.31] göstərirdi. Lakin M.
Ə. Rəsulzadənin dediyi kimi: “Böylə bir qrup yox idi” [315, s.45].
1934-cü ilin 24 martında X. Xasməmmədov, Ş. Rüstəm-
bəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca
“Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı
altında sensasiya doğuran yazı dərc olundu. Burada Müsavat
firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nüma-
yəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı
məsələlərin müzakirə edildiyi göstərilirdi:
1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin
əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında
ciddi ixtilafın olması.
2. Rəisin ötkəm (eqoistik) hərəkətləri.
3. İki buçuq sənədən bəri (iki il yarım-X. İ.) firqə mərkə-
zinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və
yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda
gətirilməsi.
4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid
edilməsi.
Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır:
Mehmet Emin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq
tanımamaq və onunla tamamılə qəti aləkə etməmək, yerinə baş-
qasını təyin və yeni firqə Divanı intihap (seçmək-X. İ.) etmək [315,
s.45-47; 338,s.24].
118
Bu qərar üzrə yığıncağın yeni bir rəis seçdiyi (sonralar
onun Xəlil Xasməmmədov olduğu məlum oldu) və beş nəfərdən
ibarət Divan formalaşdırdığı da göstərilirdi.
M. Ə. Rəsulzadə “Qafqaz” məcmuəsindəki bu “rəsmi
təbliği” oxuyan kimi dərhal redaksiyaya təkzib və izahat məktubu
yazaraq, Müsavat Partiyasının heç bir konqresinin toplanmadığını,
bu yalanın müəllifinin firqədən qovulmuş Şəfi bəy olduğunu
bildirdi. Şəfi bəy isə 1934-cü il 5 aprel tarixli qərarla Müsavat
partiyasından xaric edilmişdi. Onun firqədən qovulması qərarında
deyilirdi: “Bir neçə illərdən bəri milli işləri pozan və təşkilat
otoritelərini (nüfuzunu X. İ.) baltalayan hərəkətlərini... nəzərə
alaraq-Azərbaycan Müsavat Xalq Firqəsi rəyasəti bir müddətdən
bəri zatən məsuliyyətli mövqelərdən felən uzaqlaşdırılmış
bulunan bu adamın, bu andan etibarən rəsmən dahi firqədən
çıxarıldığını ümuma elan edir [315, s.22]. “İstiqlal” qəzetində dərc
olunan bu qərarda Şəfi bəyin hələ 1929-cu ildən felən təşkilatdan
xaric olunduğu, nizamnaməyə uyğun müxtəlif cəzalar aldığı da
göstərilirdi.
Aprelin 5-də partiyadan xaric edilən Şəfi bəyin aprelin 24-
də “Qafqaz” məcmuəsinə 5 ay əvvəl toplanan partiya konqresi
barədə məlumat göndərməsi hadisələri qabaqlamaq, ictimai rəyi
aldatmaq idi. M. Ə. Rəsulzadə bununla bağlı yazırdı: “Bu nasıl
konqres ki, 1933-cü ildə toplanmış, bu qədər mühüm və mə-
suliyyətli qərarlar almış ikən nisan (aprel) 1934-ə qədər ondan
kimsənin xəbəri olmamış, hətta riyasəttən atılan zatə belə qiyabən
olsun alınan qərar haqqında bir təbliğdə bulunmamışdır...?! Bu
konqres əfsanəsi firqəçilərin rəyasətə müraciətlə Şəfi bəyin
firqədən qovulması tələblərindən sonra başlamış kütü hərəkətdən
başqa şey deyildir” [315, s.49-50].
M. Ə. Rəsulzadənin 3 may tarixli məktubundan sonra
“Qafqaz”ın redaksiyasına Müstafa Vəkilli, Mirzə Bala, Əli
Azərtəkin, Əhməd Cəfəroğlu, Hilal Münşi, Məmməd Əli Rəsul-
zadə və Abbas Qulu Kızımzadənin imzasıyla Ş. Rüstəmbəylinin
119
əməllərini ifşa edən, 18 dekabr tarixində(1933) Müsavatın heç bir
konqresinin toplanmadığını bildirən ikinci məktub da daxil oldu.
Bir xeyli sükutdan sonra konqres barədəki təkzib mək-
tublarına Xəlil bəyin cavabı dərc olundu. Bu cavabında “yeni sədr”
partiya konqresinin toplandığını israr edirdi.
Xəlil bəydən sonra Şəfi bəy də “Qafqaz”a məktub yazaraq
Müsavat partiyası Divanının iki il yarım əvvəl dağıldığını, olma-
yan Divanın isə onu partiyadan xaric etmənin qeyri-müm-
künlüyünü göstərirdi. Bu dəlillərin əsassızlığı barədə M. Ə.
Rəsulzadə yazırdı: “Fəqət Divanın icrayi fəaliyyət edəmədiyi
zamanlarda, ələlxüsus onun səlahiyyəti firqə rəisi və liderinə keçər
ki, bu xüsus 1933-də müxalifət namına Xəlil bəylə aramızda
imzalanan itilafnamə hökmüncə də təyin olunmuşdur” [315, s.52].
Onu da qeyd edək ki, “Qafqaz” jurnalı Xəlil bəylə, Şəfi
bəyin məktublarını çox həvəslə dərc edir, AMM-in və Müsavat
partiyasının əsas tribunası olan “İstiqlal” qəzetinə və M. Ə.
Rəsulzadəyə müxalifət mövqeyində dayanaraq ziddiyyətləri daha
da dərinləşdirirdi. Şəfi bəy və onun tərəfdarları da öz növbəsində
“İstiqlal” qəzetini ittiham edərək: “Bu qəzeti ancaq, milli düş-
mənlərə qarşı mücadilə aparmağa, Azərbaycan daxili işləri sokaka
(küçəyə-X. İ.) çıxarıb düşmənlərin qabağına atmaqdan çəkinməyə”
[338, s.50] çağırırdı.
Tərəflər bir-birini ən çox aralarındakı ixtilafları mətbuat
səhifəsinə birincini çıxarmaqda, Azərbaycan davasına xəyanət
etməkdə suçlayırdı. Lakin burada birincini müəyyən etmək
çətindir. Çünki, “İstiqlal” qəzeti Şəfi bəyin partiyadan qovulması
haqqında təşkilatın qərarını 14 apreldə, “Qafqaz” jurnalı isə
məlum “konqres” barədə “rəsmi təbligatı” 10 gün sonra dərc et-
mişdi. Bu 10 gün müddətində İstanbulda yaşayan Şəfi bəyin
“İstiqlal”ı əldə edib oxuduqdan sonra ixtilafı Parisdə mətbuata
çıxarmağa (M. Ə. Rəsulzadədən sonra) məcbur olduğunu iddia
etməsi inandırıcı görünmür. M. Ə. Rəsulzadənin də mülahizəsinə
görə İstanbuldan Parisə-“Qafqaz” redaksiyasına Şəfi bəyin
120
göndərdiyi “fəsatnamə” ixtilafın “İstiqlala” çıxarılması ilə bağlı
deyil, bu iş onsuz da görüləcəkdi.
M. Ə. Rəsulzadəni ittiham edənlər, növbəti dəlil kimi Şəfi
bəyin 1934-cü il fevralın 2-də Milli Mərkəzdən istefası ilə əlaqə-
dar yazdığı məktubun (sədrə) adı çəkilən təşkilatın yığıncaq-
larından birində müzakirə olunmamasını göstərirlər. Bu məqam-
da-“Şəfi bəyin M. Emin bəyə 26.2.34 tarixli milli Azərbaycan
Mərkəzi azası (üzvü-X. İ.) sifətilə yazdığı məktubu... M. Emin
bəyin əvvəl Milli Azərbaycan Mərkəzinə rüçu etməsi (təqdim-X.
İ.) lazım idi” deyən C. Hacıbəyli və Ə. A. Şeyxülislam haqlı
görünürlər. Söhbət Şəfi bəyin MM-dən istefası ilə bağlı M. Ə.
Rəsulzadəyə yazdığı məktubdan gedir. Həmin məktubda Şəfi bəy-
“bu gündən etibarən “MM” təşkilatında bir aza sifətlə qalmağın
imkansızlığını görərək, oradan çəkildiyini” bildirmişdi [338, s.9].
İxtilafları mətbuata birinci çıxarmadığını iddia etsə də Şəfi
bəy M. Ə. Rəsulzadəni kəskin tənqid edən bu məktubunu demək
olar ki, bütün şəhərlərdəki Azərbaycan mühacir təşkilatlarına
göndərmişdi. Məktubda Şəfi bəyin siyasi nüfuz dairəsini müəy-
yənləşdirmək məqsədi açıq-aydın hiss olunur. M. Ə. Rəsulzadə
1931-ci ildə Türkiyədən çıxarıldıqdan sonra əsasən İstanbulda
yerləşən Azərbaycan koloniyasını öz tərəfinə çəkmək uğrunda
mübarizə aparan Şəfi bəy və Xəlil bəy artıq 1934-cü ildə par-
tiyanın sədrinə Müsavatdan tam gözünü çəkib AMM-ə rəhbərliklə
kifayətlənməyi təklif edir.
1934-cü ildə mühacirlər arasındakı parçalanmanı daha da
dərinləşdirən bir neçə broşüra dərc edildi. Əvvəlcə Şəfi bəy
özünün məşhur “Yıxılan bütlər”ini, bunun arxasınca Nağı Şeyx-
zamanlı “Biz və onlar” əsərini yazdı. Bu əsərlər mühacirlər ara-
sında yayıldıqca, “İstiqlal” qəzetinin redaksiyasına hər tərəfdən
(İran, Türkiyə, Avropa ölkələri) mühacirlərin etiraz məktubları
gəlirdi. Bu məktublardan iki nəfər miralayın (polkovnik) İsrafil
bəy və 1920-ci il Gəncə üsyanının rəhbərli Cahangir bəy Kazım-
bəyin yazdıqları məktublar parçalanmanın qarşısını almağa cəhd
olunması baxımından daha maraqlıdır. Şəfi bəyin partiyadan
121
çıxarılmasını haqlı və yerində bir qərar hesab edən müəlliflər,
mühacirlərin bir mərkəz ətrafında birləşməsi zəruriliyini də xüsusi
vurğulayırdılar. Şəfi Rüstəmbəylini müdafiə məqsədilə bəzi saxta
imzalı məktubların mövcudluğu ilə yanaşı (İrandakı müha-
cirlərdən İsgəndər Şeyxzamanlı bu məsələ ilə bağlı Şəfi bəyin
“Yıxılan bütlər” əsərində adının çəkildiyinə görə “Qurtuluş”un
1935-ci il tarixli 13-14 saylarında etiraz məktubu dərc etdirərək,
həmin əsəri nifrətlə qarşıladığını bildirirdi. Şair Almas Yıldırım
da redaksiyaya göndərdiyi məktubunda Ş. Rüstəmbəylini müdafiə
edən heç bir məktuba imza atmadığını və belə dedi-qodulara nifrət
etdiyini yazırdı) [39, N10. 1935], mühacir ədəbiyyatında Şəfi
bəyin müdafiəsi ilə bağlı faktlar da mövcuddur. Bu sahədə
fərqlənən siyasət adamlarından C. Hacıbəyli və Ə. A. Şeyxülisla-
mın “Qafqaz”a yazdıqları etiraz məktubu diqqəti çəkir. Müəlliflər-
“Şəfi bəyin bir vətənpərvər, fəal firqəçi” olduğunu, onun
ittihamları müqabilində “M. Emin bəyin Milli Mərkəzə hesab və
izahat verməsini” iddia edirdilər [338, s. 50-52].
Mühacir həyatını ağırlaşdıran bu ixtilafların mahiyyətinə
tam aydınlıq gətirmək üçün Nağı Şeyxzamanlının “Biz və onlar”
əsərində bəzi məqamların üstündə dayanaq. N. Şeyxzamanlı Şəfi
bəyin istefa qərarında “Müsavat Xalq Firqəsi” formuluna istehza
ilə yanaşaraq, “firqə” sözünün önünə “Xalq” sözünü artırmaqla
onun Xalq firqəsi olacağını fikirləşənlərin yanlış yola düşdüklərini
qeyd edirdi. O cəbhədaşlarından fərqli olaraq bir az da qabağa
gedərək 1917-ci ildə Müsavatla birləşən Türk Federalistlər
Firqəsinin 1934-cü ildə ondan ayrıldığını göstərir, vaxtı ilə bu
birləşməni müdafiə etdiyi üçün özünü məzəmmətləyirdi. Qeyd
edək ki, mühacirlərarası ixtilaflara “yerlicilik” (gəncəlilər və
bakılılar) rəngi verən əsasən belə mülahizələr idi. N. Şeyxzamanlı
adı gedən əsərdə M. Ə. Rəsulzadə və M. B. Məmmədzadənin
keçdiyi yola nəzər salıb, onların “sosialist”, “kommunist”,
Müsavatın isə “proletar partiyası” olması qənaətinə gələrək, öz
fikrini möhkəmləndirmək üçün M. Ə. Rəsulzadənin heç yerdə
təsadüf olunmayan aşağıdakı “sözləri”ni nümunə gətirir: “Zatən
122
bizim Müsavat firqəsi Proletar firqəsidir. Bu firqədə xanlara,
bəylərə, ağalara yer yoxdur” [361,s.13].
Müəllif Məmməd Əli Rəsulzadənin İrandan, Məmməd
Əmin bəyin isə Türkiyədən çıxarılmasını, hər ikisinin sosialist-
kommunist təmayüllü olmaları ilə bağlayır. Əsərdə M. Ə. Rəsul-
zadənin ünvanına iradlar kifayət qədərdir: “M. H. Hacınskinin
kabinəsində maarif naziri olmağa razılıq verdin”; “Moskvada
Stalindən böyük vəzifələr aldın”; “azərbaycanlılarla deyil,
ukraynalılarla çalışırsan” [361, s.13] və s. “Yıxılan bütlər”, “Rə-
sulzadənin fəci süqutu” və “Biz və onlar”a qarşı M. Ə. Rəsulzadə
“Şəfibəyçilik” əsərini yazdı.
1934-cü ilin aprel hadisələrindən sonra Milli Mərkəz
daxilində də münaqişələr kəskinləşmişdi. 1934-cü ilin noyabrın 5-
də Azərbaycan mühacirlərinin liderlərindən biri Ə. M.
Topçubaşov Parisdə vəfat etdi. Bu təkcə mühacirlərə deyil, bütün
Azərbaycan xalqına üz verən ağır itki idi.
1928-1934-cü illər ixtilafları nəticəsindən Azərbaycan
mühacirətinin daxilində bir-birinə müxalif mövqedə dayanan açıq
qruplaşmalar meydana gəldi. Tərəflərin ayrı-ayrı şəxsiyyətlərin
fəaliyyəti ilə bağlı böhtan xarakterli mülahizələrinə, qarşılıqlı
tənqidlərinə, bəzi hallarda bilmədən yol verdikləri səhvlərinə
baxmayaraq ixtilaflarda adı çəkilənlər Azərbaycan xalqının
dəyərli, cəfakeş vətənpərvərləri, “Azad Azərbaycan” ideyasına
axıradək sadiq qalan yenilməz mübarizlər idi. Sovet
mənbəşünaslığının bildirdiyi kimi mühacirlərarası ziddiyyətlərə
səbəb heç də “yerliçilik” və “iri mülkiyyətçilərlə” “dövlət kapita-
lizm” tərəfdarlarlarının fərqli mövqedə dayanmaları deyildi.
Əslən gəncəli olan Xəlil Xasməmmədov, Şəfi Rüstəmbəyli və
Nağı Şeyxzamanlının bir qrupda birləşməsi ilk baxışdan
“yerliçilik” və Müsavatla Türk Federalistlər Firqəsinin birləşmə-
sinə qədər hər üçünün ikinciyə mənsubluğu “iri mülkiyyətçilərlə”,
(Federalistlər) “dövlət kapitalizm tərəfdarları” arasında təbii fikir
ayrılıqlarından doğan aldadıcı təsəvvürlər yaradır. Belə fikrə
düşməyə əsəbi mühitdə və zamanda yazdığı “Biz və onlar” əsəri
123
ilə az-çox əsas verən N. Şeyxzamanlı ola bilərdi ki, (çünki başqa
mühacirlərin heç birinin yaradıcılığında yuxarıda qeyd olunan
zəmində parçalanmaya əsas verəcək dəlil tapmaq mümkün deyil)
onu da ΙΙ Dünya müharibəsindən sonra yenidən M. Ə. Rəsul-
zadənin mövqeyini müdafiə edən ən kəsərli qələm sahibi, müsa-
vatçılığa və Azərbaycan davasına axıradək sadiq siyasətçi kimi
görürük (Bax: Visbaden və Münxen konfransları).
Digər tərəfdən kövrək hissləri, emosiyaları hərəkətə
gətirdiyindən mühacirətdə “yerliçiliyin” qabarması ağlabatan gö-
rünsə də, münaqişələrə “iri mülkiyyətçilik” və “dövlət kapitalizmi”
ideyalarının aparıcı təsir göstərməsi inandırıcı deyil.
Başlanğıcda da qeyd etdiyimiz kimi mayasında əsasən
şəxsi, psixoloji amillərin, siyasi ambisiyaların dayandığı bu
ixtilafların iştirakçıları məqsədlərinə nail olmaq üçün atdıqları
addımlara “yerliçilik” və s. rənglərin verilməsinə məhəl qoymur,
ehtiyatsız hərəkət edirdilər.
Sovet kəşfiyyatı isə mühacirəti parçalamaq üçün Qərbi Avropa
ölkələrində İran və Türkiyədə geniş iş aparırdı. Erməni və gürcü
mühacirəti daha acınacaqlı şəkildə parçalanmışdı. Heç şübhəsiz,
Azərbaycan mühacirəti ilə bağlı da planlar hazırlanmışdı. Bu
barədə M. Ə. Rəsulzadə “Q.P.U.-ya diqqət!” məqaləsində yazırdı:
“Gürcülər, ermənilər və digər milli mühacirlər arasındakı
pozğunçu fəaliyyətinin birər nümunəsinə şahid olduğumuz
düşmənin bizim aramızda çalışmadığını düşünərsək, əlbəttə,
yanılırız. Böylə bir yanlışlığa meydan verməmək üçün daimə
diqqətli davranalım və hər zaman düşmən intriqasiylə G.P.U.
fitnəsinə hədəf olduğumuzu gözdən irak tutmayalım. Düşmənin
bizi daima demorolizə və dezorqanizə etmək üzrə olduğunu bir an
üçün olsun unutmayalım” [310, s.75].
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Tevfik Rüştü və
SSRİ Xarici İşlər naziri M. M. Litvinovun 1930-31-ci illərdə
qarşılıqlı səfərləri (1930-cu ilin sentyabrında M. M. Litvinov
Ankarada rəsmi səfərdə oldu) [9, s.93] nəticəsində əldə olunan
razılaşmaya əsasən Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatı
124
dayandırmaq məqsədilə Azərbaycan mühacirlərinin nəşr etdikləri
“Azəri Türk”, “Odlu Yurt” dərgilərinin nəşrinin dayandırılması,
eyni zamanda Müsavatın lideri M. Ə. Rəsulzadənin ölkədən çıxa-
rılması da Azərbaycan mühacirləri arasında ziddiyyətləri xeyli
dərinləşdirmiş, Türkiyədə qalan Xəlil bəy, Nağı bəy, Şəfi bəy və
digərlərinin Avropadakı mərkəzdən heç bir göstəriş olmadan,
müstəqil fəaliyyət göstərmək həvəslərini artırmışdı.
Beynəlxalq aləmdə baş verən dəyişmələr, siyasi müha-
cirətin ideoloji-siyasi yöndə təkamülü, nəhayət münasibətlərdə
yaranmış xoşagəlməz vəziyyət Müsavat Partiyasının yeni
qurultayını zərurətə çevirmişdi. Bu zərurəti nəzərə alan partiya
rəhbərliyi, nə qədər çətin şərait olsa belə qurultay səlahiyyətli
növbəti konfrans çağırmağa qərar verdi.
1936-cı ilin avqustunda Varşavada açılan konfrans öz işini
M. Ə. Rəsulzadənin nümayəndələrə hələ fevralda göndərdiyi
çağırış sənədində qeyd olunmuş “əsaslar” üzərində qurmuşdu. Bu
əsaslara görə konfrans:
1. Aşağıdakı nümayəndələrdən ibarət olacaq:
a) Yeni Divana namizədlər;
b) Divanın əski üzvləri;
v) Müxtəlif yerlərdən (şöbələrdən) göndərilənlər.
2. Toplana biləcək üzvlərin mövcud miqdarı ilə iclaslar
keçirib, səlahiyyətli qərarlar verəcək.
3. Gəlməyənlər öz mülahizələrini yazılı olaraq konfransa
göndərə bilərlər.
4. Layihəsi əvvəlcədən üzvlərə paylanacaq yeni proqram
əsasları müzakirə ediləcək.
5. Konfrans firqə toplantısının ana xətlərini müəyyən-
ləşdirəcək.
6. Konfrans firqəni xaricdə idarə edəcək məsul heyəti
seçəcək və s.
11 maddədən ibarət olan bu “əsaslar”ın son bəndində
iyunun 20-nə qədər təklif və qeydlərin partiyanın rəyasətinə
təqdim olunması göstərilirdi.
125
Konfransı açılış nitqində M. Ə. Rəsulzadə Müsavatın
keçdiyi yola nəzər salaraq onun üç mərhələdən – çarlıq dövründə
türklərin ruslarla eyni hüquqlara malik olduqları ümmətçilik,
islamçılıq, çarlıq rejiminin çökməsindən sonra Azərbaycana
muxtariyyət tələbi və ikinci qurultaydan başlayaraq bu günə qədər
davam edən Azərbaycanın istiqlaliyyət yolunun tutulmasından
ibarət olduğunu göstərdi. Natiq, Azərbaycan istiqlal hərəkatında
yol göstərici, məramına axıradək sadiq tək firqənin Müsavat
olduğunu qeyd edərək, onun məğlub olmadığını açıqladı: “Əgər
bizim ideoloji yanında digər bir ideoloji sistem olsa və
Azərbaycan müqəddəratının Müsavat prinsipləri ilə deyil, öz
prinsipləri əsasında müəyyən olunacağını, idarəsinin mümkün-
lüyünü məqsədə müvafiq bilərək, onu dava etsə və hadisələr bu
davaya haqq verəcək bir şəkil alsaydı, o zaman Müsavat həqiqətən
məğlub sayılardı. Nə sağımızdakı “İttihad” nə də solumuzdakı
sosialistlər belə bir davada bulunmazlar” [40.N1, 1936]. M. Ə.
Rəsulzadə Müsavat ideologiyasında heç bir yanlışlığın, zəifliyin
olmadığını, belə bir hal varsa, onun təşkilatla bağlılığını bildirdi.
Konqresin ikinci iclasında partiyanın sədri “Milli Hərə-
katda Firqə” mövzusunda hesabat məruzəsi ilə çıxış edərək,
Azərbaycan daxilində “İstiqlal komitəsi”nin, mühacirətdə isə
“Milli Mərkəzin” fəaliyyətini yüksək qiymətləndirərək partiyanın
taktiki xəttinin düzgünlüyünü göstərdi. M. Ə. Rəsulzadə “şəxslər
müvəqqəti, ideologiya əbədidir” tezisini əsas tutaraq müsavat-
çıları ideologiyaya sadiqliyə çaxırdı. Konfransın gündəliyində
“Firqə səflərinin müzakirəsinin yekunu kimi aşağıdakı qərar qəbul
olundu: “Mir Əziz Seyidli, Əziz Alpaut ilə Rüstəmbəyli Şəfi bəy
haqqında vaxtilə rəislik tərəfindən verilən ixrac qərarı təsdiq
edilsin; Şeyxzamanlı Nağı, Xəsməmmədli Xəlil və Ağasıbəyli
Səlim bəylər Firqədən xaric edilsin” [40, N1, s.6].
Əsəbləri gərilmiş nümayəndələr digər bir neçə nəfərin də
partiyadan çıxarılmasını təkid etsələr də, M. Ə. Rəsulzadənin
təşəbbüsü ilə konfrans, başqa heç kimin cəzalanmamasına qərar
verdi.
126
Konfransda:
- 25 illik mübarizə və fəaliyyət ilə bağlı M. B. Məmməd-
zadəyə Müsavat tarixinin yazılması həvalə edildi;
- Əski nizamnamə bir sıra düzəlişlər və əlavələrdən sonra
yeni redaksiyada qəbul olundu;
- 7 nəfərdən ibarət partiya Divanı formalaşdırıldı;
- Daxildəki (Azərbaycandakı) vəziyyətlə bağlı Firqə
Taktikası müəyyənləşdirildi;
- Müsavatın Yeni Proqram əsasları qəbul edildi.
İdeoloji yöndə müsavatçılığın dolğunlaşması, təkmilləş-
məsi və daha mükəmməl hala gəlməsində mühüm hadisə olan
Yeni Proqram əsaslarının qəbulu barədə sonuncu fəsildə (Bax:
Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi) ətraflı bəhs
ediləcəyini nəzərə alaraq, ancaq onu qeyd etməklə kifayətlənirik
ki, bu tarixi proqram Azərbaycan siyasi mühacirlərini ideya-siyasi
cəhətdən yenidən silahlandıraraq, tutulan yolun doğruluğuna
yaranan bəzi şübhələri alt-üst etdi, müsavat daxili birliyi
möhkəmləndirdi. Tam qətiyyətlə demək olar ki, 1936-cı il
konfransından sonra partiya bir daha 1928-1934-cü illər böhranına
bənzəyən növbəti böhranla qarşılaşmadı.
Konfransda geniş müzakirə olunan “Daxildəki (Azərbay-
candakı-X. İ.) vəziyyət baxımından Firqə taktiki” problemi,
mühacirətdə qarşılıqlı ittihamlara mövzu olduğundan bu məsələ
ilə bağlı bir sıra məqamlara toxunmağa ehtiyac var.
1930-cu illərdən başlayaraq mühacirətdəki Daşnak parti-
yasının taktikasında bolşeviklərə qarşı loyallıq hiss olunurdu.
Onlar sərt müqavimət taktikasından imtina edərək, Sovet haki-
miyyətini beynəlxalq aləmdə ən çox Ermənistan torpaqlarını
qonşu Azərbaycana, Türkiyəyə və Gürcüstana verməkdə suçlayır-
dılar. Ideoloji yöndə qarşıdurmadan qaçmağa çalışan daşnaklar
kommunist rejiminin qəbulunun qeyri-mümkünlüyü barədə də
susmağa başlamışdılar. Sonrakı mərhələdə bu taktikanın Stalin
tərəfindən Qafqazın digər millətlərinə təzyiq vasitəsi kimi
göydəndüşmə olduğunu görürük. Belə ki, daşnakların ərazi
127
iddialarını Azərbaycana və Türkiyəyə tez-tez xatırladan Stalin bu
həssas sahədə ermənilərə nisbi fəaliyyət boşluğu yaradır, (daşnak
liderlərindən Kaçaznuninin SSRİ-yə qayıtmasını nümunə çəkmək
olar) digər tərəfdən isə daşnakların “özünü yaxşı aparması”
müqabilində Ermənistana loyallıq nümayiş etdirərək Azərbaycan
və Gürcüstan əhalisində bu respublikalardan olan siyasi mü-
hacirətə qarşı nifrət hissi formalaşdırmağa çalışırdı.
30-cu illərdə mühacirlər tərəfindən M. Ə. Rəsulzadənin
ittiham olunmasında bu mövzu da çox aktual idi. Yusif Əliyevin
İrandan “Qurtuluş”a yazdığı bir məktuba diqqət yetirək: “...Allah
insaf versin kəndisini rəis zənn edən zatə (M. Ə. Rəsulzadə
nəzərdə tutulur-X. İ.). Onun və başına topladığı bir neçə nəfərin
təqib etdikləri siyasət millətimizi bitirmişdir... Siz vətəndən çox
uzaqda yaşadığınız üçün daxildəki faciələrin çoxundan məluma-
tınız yoxdur. Ancaq Siz əmin olunuz ki, bu şəkildə yazılan mə-
qalələrin acısını xalq çəkir” [39, N13-14, 1935]. Məqalədə M.
Emin bəyin silahsız bir ovuc xalqı müdhiş və silahlı rus qüv-
vələrinə qarşı təhrik etdiyi, ermənilərin isə ruslarla ilgili uysal
siyasət yürütməsindən bəhs olunur. Bu taktika təklifini “bolşevik
çörəyinə yağ çəkmək” adlandıran Hilal Münşi daşnaklardan başqa
heç bir mühacir təşkilatının belə taktikanı seçmədiyini,
bolşevizmlə mübarizənin onun çökməsinə qədər aparılacağını
yazırdı.
Ümumiyyətlə, baş verən münaqişələrdə İran mühacirətinin
də əksərən radikal mövqe tutduqlarının şahidi oluruq. 1930-cu
ildən başlayaraq buradakı müsavatçılar İran və türkyönlü
cərəyanlarda qütbləşir. Azərbaycandakı gizli Müsavatın Ι MK
tərkibinin üzvü olan Məmməd Sadıx Quliyev (Xülusi, yuxarıda
tez-tez adı çəkilən Məmməd Sadıx Axundzadədir-“Azəri-Türk”ün
redaktoru) türk yönlü, Mirzə Səlim Axundzadə və Zülqədərov isə
iranyönlü cərəyana rəhbərlik edirdi. Azərbaycandan gələn
mühacirlər ilə əlaqə yaradan Zülqədərov nisbətən güclü və
nüfuzlu görünürdü. Onlar hətta 1930-37-ci illərdə Müsavat parti-
128
yasının adını dəyişərək “Milli İstiqlal” adı altında fəaliyyətə baş-
lamaq fikrinə düşmüşlər. Bu addımı “Müsavat” sözünün Azər-
baycan əhalisi tərəfindən yaxşı qarşılanmadığı ilə izah edən
Zülqədərov Azərbaycandakı partiya təşkilatlarına addəyişmə ilə
bağlı gizli təlimatlar da göndərmişdi. Yuxarıda toxunduğumuz
məqalənin müəllifi Yusif Əliyev də həmin cərəyanın nümayəndəsi
kimi M. Ə. Rəsulzadəyə müxalif mövqedə dayanırdı.
Müsavatın Azərbaycandaxili taktiki səhvləriylə bağlı ana-
loji ittihamlara Parisdəki Azərbaycan mühacirlərinin də yaradıcı-
lığında təsadüf olunur. “Əhməd Cavad faciəsi” məqaləsində C.
Hacıbəyli yazırdı; “İstanbulda bəzi mühacir qrupu tərəfindən dü-
şünmədən işlənmiş bir xətadan (Azərbaycandakı mövcud bütün
müqtədir vətəndaşları mənimsəmək: “filankəs də bizimdir!”)
bolşevik zalımları istifadə edərək Milli Şairimizi zalım bir tərzdə
sıxışdırdılar” [227, N14, 1952].
Mühacirətin hansı taktikanı seçməsindən asılı olmayaraq
bolşevik hakimiyyətinin işə saldığı repressiya maşını öz işini
görməkdə idi. Təkcə mühacirətlə əlaqəsi olan daxildəki siyasi
təşkilatlar, ayrı-ayrı adamlar deyil, kasıb və ortabab kəndlilər,
günahsız ziyalılar, hətta E. Xanbudaqov, R. Axundov, M. D.
Hüsüynov, Ə. Qarayev kimi qatı kommunistlər özləri də bu aman-
sız repressiyanın qurbanı oldular. Konfransda qəbul edilən “Firqə
taktikasında” deyildiyi kimi: “... Bu siyasətə qarşı Müsavat seyrçi
durmazdı. O, savaşacaqdı” [40, N-1, 1936].
Mühacirətdə fərqli mülahizələrə baxmayaraq, Konfrans
partiyanın Azərbaycanın daxilində və xaricdə yürütdüyü kəskin
müqavimət taktikasını yüksək qiymətləndirməklə, eyni zamanda,
“1928-1932-ci illərdə kollektivləşməyə qarşı qanlı üsyanlar
əsasında bütün millətlə bərabər “Müsavatın” da sarsılmasını”[40,
N-1, 1936] qeyd etməklə yanaşı aşağıdakı tələbləri mücadilə şüarı
kimi irəli sürdü:
“1. Müsavat firqəsi, istiqlal və cümhuriyyət pozisyonunda
israrla, rus ordusunun Azərbaycanı boşaltmasını, Azərbaycanın
129
Sovetlər Birliyindən çıxıb tam istiqlalını elan və Qafqaz millət-
ləriylə konfederasasyon bayrağı altında birləşməsini tələb edir.
2. Bütün dövlət müəssisələrinin gərək məmur, gərəksə dil
etibarilə türkləşməsini israr edir və s.” [40, N-1, 1936].
Bunlardan əlavə, Müsavat Partiyası “Fəaliyyət taktikası-
na”- Azərbaycanın öz hürriyyətinə qovuşması üçün Qafqaz
Konfederasiyası bayrağı altında hərəkət etməsini; “Prometey”
cəbhəsindəki fəallığın bundan sonra daha da artırılmasını; məh-
kum türk elləri arasında müştərək savaş cəbhəsinin möhkəm-
ləndirilməsini və rus mühacirlərinə qarşı kəskin mübarizə aparıl-
masını da daxil edir, partiya üzvlərini fitnəkar hərəkətlərə
uymamağa çağırırdı.
Konfrans 1928-1934-cü illər böhranına son qoydu. Bir
neçə nəfəri öz sıralarından çıxarmaqla Müsavat parçalanmadı,
əksinə Azərbaycan milli müqavimət hərəkatını daxildə və xaricdə
təşkil, ideya-siyasi cəhətdən təmin etdiyinə, bütün millətin
idealının gerçəkləşməsinə çalışdığına görə yeganə, tək siyasi
partiya kimi ümumxalq partiyasına çevrildi.
Sonrakı dövrlərdə beynəlxalq aləmdə Azərbaycanın azad-
lığı məsələsinin aktuallaşması ilə mühacirətdəki qruplararası
ziddiyyətlərin kəskinləşməsini görürük (“Qafqaz Konfederasiyası
Şurası” ətrafında gedən çəkişmələr, Azərbaycanın gələcək taleyi
ilə bağlı nasıst Almaniyası ilə aparılan danışıqlar, “Vahid
antibolşevik cəbhəsi”nin yaranmasında meydana gələn münaqişə-
lər və s.).
Dostları ilə paylaş: |