319
Ədəbiyyat
1. Mühlen Patrik von zür. Camalihaç ilə Qızılyıldız
arasında.Ankara, 1984, səh. 52
2. Cəfərli Məmməd. Bolşevizm və faşizm arasında. «Azadlıq»
qəzeti (Bakı), 29 Mart 2000.
3. Mühlen Patrik von zür, səh. 57.
4. Mühlen Patrik von zür, səh. 40.
5. Mühlen Patrik von zür, səh. 42.
6. Cəfərli Məmməd. Yenə həmin mənbə
7. İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti. Bakı
1996, səh.183.
8. Mühlen Patrik von zür, səh. 70.
9. «Azərbaycan» dərgisi (Ankara).1954, N -9.
10. «Kafkasya» dərgisi (Münhen). 1952, N-9.
11. «Sabah» qəzeti (Bakı). 12-30 iyun 1992.
12. Mühlen Patrik von zür, səh. 61.
13. «Azadlıq» qəzeti (Bakı). 9 may, 1996.
14. «Sabah» qəzeti (Bakı). 12-30 iyun, 1996.
15. «Ayna» qəzeti (Bakı). 22 iyun, 1996.
320
Azərbaycan mühacirəti Polşada və
«Qafqaz Birliyi» ideyası
Qafqaz xalqlarının birliyi ideyası Rusiya imperiyasının
bölgədə çar I Aleksandrın zamanından ardıcıl şəkildə başlayan
işğalları ilə bağlıdır. XIX əsrin əvvəllərindən 70-ci illərə qədər
uzanıb gedən permanent Rusiya-Qafqaz savaşları göstərdi ki,
güclü təcavüzkara qarşı ancaq birgə müqavimət göstərmək
mümkündür. Hələ XIX əsrin otuzuncu illərində çərkəzlər öz milli
qurultaylarını çağıraraq «Qara və Xəzər dənizləri arasındakı bütün
dörd milyonluq dağlıların istiqlalını dünyaya elan etmiş,
Çeçenistanda, Dağıstanda qanlı döyüşlərin getdiyi bir vaxtda
Qafqaz xalqlarının birliyi ideyasını ortaya atmışlar» [1].
Bu sonrakı dönəmlərdə «Qafqaz Birliyi» ideyasının ya-
ranmasının ilkin mərhələsi idi.
XX əsrin əvvəllərində bu ideya çar Rusiyasının təqibləri
üzündən Avropaya mühacir etmiş qafqazlılar tərəfindən yenidən
gündəmə gəldi. 1915-ci ildə Marşal Fuad Paşanın (Şimal Qafqaz)
sədrliyi ilə «Qafqaz Komitəsi» yaradıldı. Komitənin rəyasət
heyətinə Knyaz Maçabeli, Kamil bəy Toqiridze (Gürcüstan), İsa
Paşa, Əziz Məkər (Şimali Qafqaz), Səlim bəy Behbudzadə
(Azərbaycan) daxil idi.
Qafqaz birliyi məsələsinə bölgə xalqlarının 1918-20-ci illər-
də yaşadıqları müstəqillik dönəmlərində də ciddi diqqət yetirilib.
Bölgə dövlətlərinin birliyi məsələsi 1918-ci il Trabzon
321
konfransında (Türkiyə), 1919-cu il Müsavat partiyasının qurul-
tayında, nəhayət 1920-ci il aprelin 7-də Tiflis konfransında mü-
zakirə edildi. Tiflis konfransı üçün Azərbaycan Demokratik
Respublikası Ədliyyə nazirinin müavini, əslən Polşadan olan O.
Mirzə-Nayman Kriçinski tərəfindən 24 maddəlik bir sənəd
hazırlanmışdı. Qafqaz Birliyinin siyasi, hüquqi, iqtisadi və hərbi
aspektlərini əhatə edən bu sənəd konfrans iştirakçıları tərəfindən
bəyənilmiş və qəbul edilmişdi. Lakin cəmi 20 gün sonra
Azərbaycan bolşevik ordusu tərəfindən işğal edildi və proses
yarımçıq dayandırıldı.
İdeya mühacirət dönəmlərində xeyli təkmilləşdirildi və daha
konkret şəkil aldı. 1921-ci ildə Azərbaycan, Ermənistan,
Gürcüstan və Şimal Qafqaz mühacirləri Parisdə bir araya gələrək
«Qafqaz Şurası»nı yaratdılar. 1927-ci ildə Azərbaycan və
Gürcüstan və Şimal Qafqaz mühacir təşkilatları «Qafqaz İstiqlal
Komitəsi»ni yaratdılar. Təşkilat 3+1 prinsipi ilə qurulmuşdu: üç
Qafqaz dövləti və Polşa. Polşa Qafqaz dövlətlərini təmsil edən
təşkilatların fəaliyyətini koordinasiya edir, onlara maliyyə və
digər yardımlar göstərirdi. Komitənin rəhbərliyndə Azəbaycandan
M. Ə. Rəsulzadə, Ə. Topçubaşi, Gürcüstandan N. Jordaniya, A.
Çxenkeli, Şimali Qafqazdan M. Sunşev, İ. Salamoda təmsil
olunmuşdu. Qafqaz mühacirləri 1920-ci illərdə «Avropa Birliyi»,
«Balkan Birliyi» ideyalarından ruhlanaraq Ermənistanı da
komitəyə cəlb etməyə çalışırdılar. Lakin erməni mühacirlər
«Bölünməz və Bütöv Rusiya» ideyasını qatı tərəfdarı olan rus
mühacirlərinin lideri Kerenski və Milyukovla təmasa üstünlük
verir, onların əsas mətbuat orqanı «Dni» qəzetində məqalələr dərc
etdirirdilər [2].
Qafqaz mühacirləri 1934-cü ildə bir addım da qabağa
gedərək, marşal Y. Pilsudskinin dəstəyi ilə iyulun 14-də Brüsselə
toplaşdılar və Qafqaz Konfederasiyası Paktını imzaladılar. (Bu
sənədə tarixşünaslıqda andlaşma da deyilir). Paktı imzalayan
Azərbaycan, Gürcüstan və Şimali Qafqaz mühacirlərinin Milli
322
Mərkəzləri Qafqaz Konfederasiyasının aşağıdakı əsaslarını elan
etdilər:
«1. Qafqaz Konfederasiyası xaricdə tərkibinə aldığı res-
publikalar adından hərəkət edəcək və müştərək gömrük hüduduna
malik olacaq.
2. Respublikaların xarici siyasəti Konfederasiyaya daxil olan
dövlətlərin səlahiyyətli nümayəndələri tərəfindən idarə ediləcək.
3. Konfederasiyanın sərhədləri Respublikaların milli
ordularından təşkil olunan vahid komandanlıq altına alınmış
Konfederasiya Ordusu tərəfindən müdafiə olunacaq.
4. Konfederasiya daxili mübahisəli məsələlərə Yüksək
Konfederasiya Məhkəməsində baxılacaq» [3].
Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. Topçubaşi,
Gürcüstan adından N. Jordaniya, A. Çxenkeli, Şimali Qafqaz
adından M. Girey Sunc, İbrahim Çuluk və Tausultan Şahman
imzalamışdı. 14 iyul Paktı ilə bağlı Qafqaz İstiqlal Komitəsinin
yaydığı bəyannamədə bildirilirdi ki: «…yaxında bir konfrans
çağırılacaq və bu konfrans QİK-in istefasını qəbul edərək yeni bir
orqan təsis edəcək» [4]. 1935-ci il fevralın 14-də nəzərdə tutulan
konfrans çağırıldı və nəhayət Qafqaz Konfederasiyası Şurasının
yaradıldığı bəyan edildi. Konfransın qəbul etdiyi 10 bəndlik
sənəddə Şuranın qarşısında aşağıdakı vəzifələrin dayandığı
bildirilirdi:
«1. Qafqazdakı rus istila hökumətinin ləğv edilməsi üçün
Qafqaz Respublikalarının bərqərar olmasına və bu respublikaların
Konfederasiya halında birləşməsi üçün Qafqaz millətlərinin
hazırlanmasına çalışmaq.
2. Bu məqsədlə Sovetlər Birliyindəki başqa əsir millətlərin
təşkilatları ilə əlaqə yaratmaq.
3. Şura Qafqazın və Rusiya məhkumu bütün millətlərin
istiqlalını qeyd-şərtsiz tanıyan rus qüvvələri ilə təmasa hazırdır.
4. Müstəqillik yolunda Şura öz qüvvələrinə arxalanır» və s.
[5]. QKŞ paritet əsaslarla qurulmuşdu. Şura 1921-ci ildən Qafqaz
mühacirləri ilə əlaqəni kəsmiş Ermənistan nümayəndələri üçün də
323
açıq elan olunmuşdu. Lakin onlar beş il sonra - 1940-cı ildə, İkinci
Dünya müharibəsinin gedişində quruma daxil oldular.
İkinci Dünya müharibəsindən sonra «Qafqaz Birliyi»
ideyası yenidən aktuallaşdı. 1952-ci ildə əski mühacirlər Mün-
xendə yenidən bir araya gəldilər. Dekabrın 11-16-sı tarixində
keçirilən Ümumqafqaz konfransında «Qafqaz İstiqlal Komitəsi»
adlanan təşkilatın əsası qoyuldu. Komitənin qarşısında əvvəl-
kilərdən fərqli vəzifələrin durduğu bildirilirdi: «a) Qafqaz
millətlərinin milli qurtuluş savaşını xaricdə təmsil və idarə etmək;
b) ABŞ və Qərb dövlətləri ilə… QİK-in fəaliyyətini uzlaşdırmaq;
c) Şərqi Avropa, Türküstan və b. millətlərin apardıqları azadlıq
mübarizəsi ilə iş birliyi yaratmaq» [6]. Sonuncu bənddə isə Qafqaz
millətlərinin ruslara qarşı nifrət bəsləmədikləri və bolşevizmin
çökməsi ilə rusların da xilas olacağı bildirilirdi. Bəyannaməni
Azərbaycan Milli Mərkəzinin sədri M. Ə. Rəsulzadə, Gürcüstan
Milli Siyasi Mərkəzinin sədri N. Jordaniya, Şimali Qafqaz Milli
Komitəsinin sədri, prof. Ə. N. Maqoma imzalamışlar. Bu təşkilat
«Qafqaz Birliyi» ideyası ətrafında mühacir mərkəzlərinin
mühacirətdə yaratdığı sonuncu iri təşkilat idi.
«Qafqaz Birliyi» ideyası ətrafında mühacirlər arasında uzun
illər diskussiyalar gedib. Bu məsələdə bir-birinə müxalif qütblər
formalaşsa da, demək olar ki, mühacirlərin mütləq əksəriyyəti
birliyin reallaşmasının tərəfdarı idi. Onlar yaxşı bilirdilər ki, Qaf-
qaz etnoqrafik baxımdan çox polifonik bir bölgədir və dövlət-
lərinin hər birində «Axilles dabanı» mövcuddur. Bu səbəbdən də
mühacirlər bütöv bölgə üçün İsveçrə kimi bir siyasi model
arzulayır və bölgə içi mübahisəli məsələlərin Qafqaz dövlətlərinin
təmsil olunduğu konfederasiya institutları tərəfindən həllini
istəyirdilər.
«Qafqaz Birliyi» ideyası SSRİ çökəndən sonra yenidən
aktuallaşdı. Gürcüstan, Azərbaycan və Şimali Qafqaz respublika-
larından Dağıstan, Çeçenistan və İnquşetiya siyasiləri arasında
gedən uzun-uzadı danışıqlardan sonra, adı çəkilən respublikaların
parlament təmsilçiləri Ümumqafqaz Parlamentinin yaradılması
324
istiqamətində təşəbbüslə çıxış edərək Qafqaz ölkələrinin par-
lamentlərinə müraciət imzaladılar. Sənəd Azərbaycan deputat-
larından V. Quliyev, Z. Qaralov, A. Manafova, Gürcüstan depu-
tatlarından B. Kakubava, Q. Patsasiya, İnquşetiya deputatlarından
A. Nalşev, M. Yandiyev, Dağıstan deputatlarından Maxaçev,
Hacıyev, Aşurəliyev tərəfindən imzalanmışdı [8]. Bu müraciət
Çeçenistan parlamenti tərəfindən dəstəklənmiş, lakin texniki sə-
bəblər üzündən imzalana bilməmişdi. Az sonra Şimali Qafqazdan
yeni bir təşəbbüs də ortalığa atıldı: Qafqaz ATƏT-nin yaradılması.
Lakin təəssüflər olsun ki, bu yeni ideyalar da gerçəkləşə bilmədi.
«Qafqaz Birliyi» ideyasının iflasını iddia etmək də yanlışlıq
olardı. Doğrudur ideya siyasi müstəvidə reallaşmadı. Amma
zaman-zaman təkmilləşən və müxtəlif şəkillər alan bu ideya
günümüzdə TRACECA, GUAM, BTC, Bakı-Tbilisi-Ərzurum qaz
kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti şəklində başqa
müstəvilərdə, fərqli formatlarda və müasir dövrün tələblərinə
uyğun olaraq gerçəkliyə çevrilir.
İpək Yolu jurnalı, fevral, 2007
325
Ədəbiyyat
1.
«Kafkas almanaxı». İstanbul, 1937.
2.
Mehmet S. Kafkasya məsələsi -«Azəri Türk». N-(24/2), 1929
.
3.
«Qurtuluş» jurnalı. N-2, 1934.
4.
«Qurtuluş» jurnalı. N-5, 1935.
5.
«Qurtuluş» jurnalı. N-5, 1935.
6.
Resulzadə M. Ə. Kafkasya məsələsi. «Kafkasya» jurnalı,
Münxen, N-11-12, 1952
7.
Jurnal «Kavkaz» (Baku). N-2, 1997.
326
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi
məsələsinə mühacirətdən baxış
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi tariximizin
ən mürəkkəb, eyni zamanda
öyrənilməsinə ehtiyatlı və həssas
yanaşma tələb edən məsələlərindəndir. Sovet tarixşünaslığında
problemin birtərəfli öyrənilməsi, 1920-ci il aprel işğalından sonra
Azərbaycan Xalq Cümhuriyyətinə məxsus sənəd və materialların
böyük əksəriyyətinin məhv edilməsi (gürcülər Azərbaycanın acı
təcrübəsindən nəticə çıxarıb dövlət arxivinin böyük qismini
Parisə apara bildilər) tədqiqatçıların işini xeyli çətinləşdirmişdir.
Lakin ümidverici cəhətlərdən biri odur ki, mühacir ədəbiyyatında
bu məsələ ilə bağlı hələ araşdırılmamış xeyli sənəd və
materiallar mövcuddur və onlar müqayisəli təhlillər, paralellər
aparmaq, həqiqəti ortaya qoymaq baxımından faydalı mənbəşü-
naslıq bazasıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini araşdıran
tarixçilər birmənalı şəkildə bu qənaətə gəlirlər ki, 23 aylıq fəaliy-
yəti dövründə respublika öz təhlükəsizliyini təmin etmək üçün çox
səmərəli fəaliyyət göstərmiş, beynəlxalq şəraitin verdiyi im-
kanlardan bacarıqla istifadə etmişdir. Belə ki, Osmanlı və Atlan-
tanın köməyindən istifadəyə yönəlmiş xarici siyasət kursu, ABŞ
və Avropa ölkələri tərəfindən tanınma, Dağıstana bufer zona
yaratmaq məqsədi ilə yardım etmək haqqında qərar, Qafqaz Bir-
liyinin gerçəkləşməsi istiqamətində aparılan iş, 1920-çi ilin
yanvarından sonra Rusiyaya yönəlik siyasət - M. H. Hacınski xətti,
nəhayət, Ə. M. Topçubaşinin rəhbərlik etdiyi heyətin Paris missiyası
327
Azərbaycan Xalq Cümhuriyyətinin çevik diplomatik fəaliyyətini
təsdiq edən tutarlı dəlillərdir.
Sadalanan dəlillərin müqabilində istər-istəməz belə bir suala
cavab vermək lazım gəlir: Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyinin mühafizəsi mümkün idimi? Respublikanın
süqutuna daxildə təkan verən amillər hansılar olmuşdu?
1920-çi ildə yaranan tarixi şəraitin təhlili göstərir ki, nəinki
Azərbaycanın, bütövlükdə Qafqazın işğalı bəlkə də qaçılması müm-
kün olmayan tarixi gerçəkliyə çevrilmişdi. Məntiq də onu deyir ki,
Qafqaz respublikalarının süqutu daxili amillərlə bağlı deyildi. Belə
olmasaydı Azərbaycandan on ay sonra sovetləşən Gürcüstan öz
qonşularının milli fəlakətindən nəticə çıxarıb vəziyyəti xilas edərdi.
Deməli, Qafqaz respublikalarının devrilməsinin başlıca səbəbi
xarici amillərlə - konkret olaraq rus-bolşevik istilası ilə bağlı idi.
Təbii ki, mühacir mətbuatında da Azərbaycan Xalq Cüm-
huriyyətinin devrilməsi səbəbləri Rusiyanın məmləkəti əsgəri
işğal altına alması ilə izah olunur. Lakin, eyni zamanda köməkçi
daxili amillərin də olduğu göstərilir ki, müstəqillik dönəmində
onların öyrənilməsi az əhəmiyyət kəsb etmir.
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsinə təkan
verən daxili amillərin ilk obyektiv təhlilinə M. Ə. Rəsulzadənin
yaradıcılığında təsadüf olunur. O, 1925-çi ildə yazdığı "İstiqlal
məfkurəsi və gənclik" əsərində müstəqillik çağlarında Azərbay-
canda istiqlal şüurunun zəif olduğunu göstərirdi: "Azərbaycanda
milli fikir nisbətən əski olsa da, sözün həqiqi mənasında istiqlal-
çılıq fikri çox yenidir" [1]. Müəllif daha sonra, 1918-ci ildə Azər-
baycanın küll halında müstəqil dövlət həyatına hazır olmadığını
yazırdı: "Milli hərəkatın yeni nəsli belə... 1918-ci ildə elan olunan
Azərbaycan istiqlalını özlərinin gözlədikləri xoşbəxt hadisə,
xəyallarında həsrət çəkdikləri bir fikrin nəhayət gerçəkləşmiş bir
məhsulu deyil, gözlənilməyən bir hadisə kimi qiymətləndirmişlər.
Başa gələn hadisə kimi qəbul etmək zorunda qalmışlar. Etiraf
328
etməliyik ki, müstəqil Azərbaycan hökumətini idarə edən ziya-
lılarımızdan bir çoxu bir gün gəlib də milli hökumət başında
duracaqlarını düşünmüş deyillərdi" [2].
Əlbəttə, bu naqisliklər, milli şüurun zəifliyi bir əsrlik rus
müstəmləkəçiliyinin istiqlaliyyət, dövlətçilik məfkurəsini sarsıt-
ması ilə bağlı idi. M. Ə. Rəsulzadə deyilənlərin təzahürü kimi
1918-ci il İstiqlal bəyannaməsinin preambula hissəsindəki yanlış
fikirlərə diqqəti cəlb edir: "Rusiya parçalanmış, kədərli bir
vəziyyət hasil olmuş, gürcülər də getmiş, biz da istər-istəməz
özümüzü müdafiəyə başlamışız, nə edək, müstəqil olmuşuz. Etiraf
etməliyiz ki, bu istiqlalı üçün mübarizə etmiş, azadlığına susamış
bir millətin siyasətçiləri və inqilabçıları deyil, çökən əzəmət və
səltənətin dəhşəti, gözlənilməz hadisələrin təsiri ilə sabahkı
məsuliyəti düşünən və təsəvvür edən, bəraət üçün indidən
yüngülləşdiriçi səbəblər təmin edən "uzaqgörənlər" tərəfindən
yazılmışdır.
Gürcüstan bəyannaməsində də eyni qüsur işlənmişdir.
Yaxud da doğrusu budur ki, Azərbaycan İstiqlal Bəyannaməsinin
müəllifləri bu zəifliklərində gürcüləri təqlid etmişlərdir" [3]
Doğrudan da, Azərbaycanın öz milli müstəqilliyi uğrunda müba-
rizə aparması danılmaz tarixi gerçəklik olduğu halda, istiqlaliy-
yətin "əmrə-vaqe",
yəni "taleyin hökmü" kimi təqdim olunması
ciddi yanlışlıq sayılmalıdır.
Azərbaycan mühacirlərindən M. Ş. Əfəndizadə də istiqlaliyyətin
əldən getməsinə milli şüurun zəifliyinin az təsir etmədiyini və bunun
rus müstəmləkəçiliyindən doğulduğunu yazırdı. Onun sözlərinə görə
"Rus idarəsi altında bütün siyasi varlığını itirmiş azərbaycanlılar kəndi-
kəndilərini idarəyə alışmadıqlarından pək çox xətalarda bulundular"
[4].
Müstəqillik ilə birdən-birə üz-üzə dayanan, hələ özünü-
idarəyə vərdiş etməyən Azərbaycanda gün-gündən artan hökumət
böhranları bir sıra ciddi problemlər doğururdu. Üzücü müharibə,
partiyalararası təfriqələr, bolşeviklərin, eser və menşeviklərin ölkə
daxilində törətdikləri təxribatlar F. Xoyskinin israr etdyi kimi,
329
fövqəladə tədbirlər görməyə ehtiyac yaratmışdı. Sonralar M. Ə.
Rəsulzadə də parlamenti buraxıb, sərt rejim yaratmaqla bəlkə də
vəziyyəti xilas etməyin
mümkünlüyü qənaətinə gəlmişdi:
Hadisələrin də göstərdiyi kimi, bu qədər liberal bir şəkildə
qurulmuş bulunan parlaman üsulunun başlıca iki zəif tərəfi vardı:
bunlardan biri şəklə, o biri də mənaya aiddi. Şəklə aid olan səhv,
digər Qafqaz çümhuriyyətlərində olduğu kimi, böhran günlərində
parlamanı dağıdaraq bilavasitə xalqa müraciət etmək
səlahiyyətinə malik icra məqamının (rəisi-cümhur) yoxluğundan
ibarət idi. Zaman vardı ki, vəziyyəti qurtarmaq üçün hakim firqə
parlamanı dağıdacaqdı. Fəqət olmadı" [5].
1920-çi il aprel işğalı ərəfəsində Azərbaycan istər yerli
kommunistlərin, istərsə də rus və türk kommunistlərin tüğyan
etdiyi bir bölgəyə çevrilmişdi. Bu dövrdə Bakı fəaliyyət üçün ən
əlverişli şəhər sayılırdı. Ə. Qarayev Bakı mitinqlərinin birində
yerli bolşeviklərin Rusiya üçün Azərbaycanın məhv edilməsinə də
hazır olduqlarını bəyan edirdi: "Denikini əzmək üçün Rusiya
fəhlələri ilə Azərbaycan fəhlələri əl-ələ verərək, lazım gəlsə lap
Azərbaycanın meyidinin uzərindən keçib moskvalı yoldaşlarına
kömək edəcəklər" [6].
Mustafa Sübhinin rəhbərlik etdiyi 200 nəfərdən artıq türk
kommunisti də Azərbaycanda tam sərbəst, qorxusuz fəaliyyət gös-
tərirdilər. Onun cəzasını aprel çevrilişindən sonra türklər özləri
verdi -Trabzon yaxınlığındakı Dəyirmandərə adlanan yerdə qətlə
yetirdilər.
AXC-in süqutunu şərtləndirən daxili amillər sırasında
mühacirlər Milli Ordu ilə bağlı problemlərin də mövcudluğunu
göstərirlər. Milli Ordunun Qarabağa göndərilməsi nə qədər zəruri
olsa da, XI Ordunun Dağıstan şəhərlərini işğal edə-edə Azərbay-
cana yaxınlaşdığını, "əsas təhlükənin şimaldan gəldiyini" bilərək
sərhədlərimizin müdafiəsini təşkil etməməyə haqq qazandırmaq
asan deyil. Mudafiə Nazirliyi bölgədə yerləşən "Qusar" alayına
müqavimət göstərmək əmri verməmişdi. Mərkəzdən müdafiə
330
əmrinin alınmaması bir tərəfə, əksinə, "Qusar" alayındakı əsgər-
lərə "Qızıl Ordunu yaxşı qarşılamaq" haqqında gizli təlimatlar
göndərilirdi [7].
İşğaldan bir ay sonra Azərbaycanı bürüyən üsyanlarda Milli
Ordu əsgərlərimizin göstərdikləri fədakarlıq belə bir fikir söy-
ləməyə əsas verir ki, ölkənin müdafiəsi problemi əsgərlərimizin
qabiliyyətsizlyi, qorxaqlığı ilə deyil, ordu rəhbərlyinin, bütöv-
lükdə hökumətin qüsurlu fəaliyyəti ilə bağlı olmuşdu.
Mühacir ədəbiyyatında Azərbaycanın, bütövlükdə Qafqazın
istilasına, bölgə cümhuriyyətlərinin bir-birilərinə yardım etməmə-
sinin xüsusi təsir göstərdiyini əks etdirən çoxsaylı tədqiqatlar
mövcuddur. Şərafəddin Erəl
«
Azərbaycan politikaçılarının yan-
lışları» əsərində Azərbaycanın Şimali Qafqaza hərbi yardım
etməməsini bağışlanılmaz səhv adlandırıb yazırdı: "Azərbaycana
yardımda şəhid olan bir çox Şimali Qafqaz zabit və əsgərinə qarşı
bir tək hərbçi belə Azərbaycandan Şimala göndərilməmişdi" [8].
Azərbaycan mühacirlərinin tanınmış simalarından olan C.
Hacıbəyli isə məsələyə münasibətini belə açıqlayırdı: "Vaxtı ilə
Azərbaycan və Şimali Qafqazın birləşməsinə acınacaq bir cəhalət mane
oldu və bu vəziyyətdən istifadə etmiş olanlar, şübhəsiz, kəndi istiqlaliy-
yətlərinin düşmənləridir. Ümumi Qafqazın Şimali Qafqazlılara qarşı tarixi
bir borcları var. Şimali Qafqazlılar Rusiyaya qarşı mücadilədə vətənlərini
kəndi həyatları bahasına müdafiə edərkən, Azərbaycan və digər Qafqaz
millətləri onlara dost bir yardım əli uzatmadılar" [9].
Ümumiyyətlə, müstəqillik dönəmində Qafqaz cümhuriyyət-
lərinin "Qafqaz Birlyi" məsələsinə qədərincə qiymət verməmələri
mühacirlər arasında uzun-uzadı diskussiyalar mövzusu olmuşdu.
Bu diskussiyaların yekunu kimi Qafqaz mühacirlərinin belə bir
yekdil fikrə gəldiklərini söyləmək mümkündür: cümhuriyyətləri
XI Ordunun əsgəri işğal altına alması danılması mümkün olmayan
həqiqətdir. Lakin, bununla yanaşı, Qafqaz cümhuriyyətləri həm də
bir-birilərinə bağlı olmadıqlarından yıxıldı [10].
Bağlılıq bir tərəfə - əksinə, Ermənistan Azərbaycan və Gür-
cüstana qarşı apardığı müharibə ilə birliyin formalaşmasına imkan
331
vermir, işğal üçün zəmin yaradırdı. 1920-ci il aprel işğalından sonra
Türkiyədə də Azərbaycanın müstəqilliyinin itirilməsi ilə bağlı aldadıcı
təəssürat yaradılmışdı. Bir sıra hallarda isə araya təfriqə salmaq üçün
uydurma tezislər ortaya atılır, nə vaxtsa səslənilmiş fikirlər bilərəkdən
təhrif edilərək, səhv yozulurdu.
M. Ə. Rəsulzadə yazırdı: "Türkiyədə ... milli Azərbaycanla
indiki Azərbaycan arasında fərqi bir çoxları idrak etmirdilər.
Azərbaycanın müstəqil ikən get-gedə bütün hüququnun Rusiyaya
nədən tərk etdiyini soranlara rast gəldik. Bolşeviklərin Azərbaycana
millət tərəfindən çağırıldığına inananlar var" [11].
O, 1937-ci ildə "Qurtuluş" dərgisindgə dərc etdirdyi "Mu-
hittin Birgənə görə Azərbaycan-Türkiyə münasibətləri" məqa-
ləsində də bir sıra tarixi və çağdaş anlaşılmazlıqların qaldığını,
"Türkiyənin qulağını Azərbaycanın ingilisçi Müsavat Partiyasının
hökuməti barədə yalanlarla doldurulduğunun" [12] bu iki qardaş
ölkə arasında münasibətlərin soyumasına təsir göstərdiyini
bildirirdi. Bu dövrdə Əli Əmiri kimi türkiyəli sağçılar "Azərbaycan
Türkiyəyə bağlı deyil, müstəqil qaldığı üçün yıxıldı" fikrini
yayırdılar. Lakin M. Birgən kimi yeni Türkiyənin imperialist
olmadığını və Azərbaycanın, bütövlükdə Qafqazın müstəqilliyinin
Türkiyə üçün təhlükəsiz cənub buferinin yaranması demək olduğu
fikrini müdafiə edənlər də var idi və belələri çoxluq təşkil edirdi.
"Əsrimizin Səyavuşu" əsərində Səyavuş obrazı, onun faciəsi
ilə Azərbaycanın 1920-ci il 27 Aprel faciəsi arasında bir əlaqənin
olduğuna işarə edilməsi də ciddi mübahisələr mövzusu olmuşdu.
Ş. Erəl yazır: "M. Ə. Rəsulzadə Səyavuş olaraq Azərbaycan
hökumətini nəzərdə tutur. Əfsanədəki Səyavuş necə ki, Türk
hökmdarı tərəfindən öldürülmüşsə, bu günkü Səyavuş da (yəni
Azərbaycan Cümhuriyyəti) türklər tərəfindən düşmənlərin əlinə
tərk edilmişdir". [13].
İran və Türk meyvəsinin bəhrəsi olan Səyavuşun türk babası
Əfrasiyab tərəfindən qətlə yetirilməsini doğrudan da 27 Aprel faciəsi
ilə əlaqələndirən M. Ə. Rəsulzadə isə məsələnin başqa cəhətlərini
də açıqlayırdı: "Azərbaycan kəndi hamilərindən və xilaskarından
332
olan türklərin, kommunist olsalar da, kəndi əleyhinə sui-qəsd
bəsləməyəcəklərini ümid eyləmişdi" [14].
Hər iki nümunədə məntiq 27 Aprel faciəsində türklərin
iştirakını inkar etmir, lakin ikinci nümunədə bu türklərin məhz
kommunistlər olduğu açıqca deyilir. M. Ə. Rəsulzadə 1937-ci ildə
də bu məsləyə qayıdaraq türk kommunistlərini "Gənc Azərbaycan
faciəsinə səbəb verən... macəraçılar" adlandırır, eyni zamanda
qardaş Türkiyənin suçlandırılmasını əsaslı xəta hesab edirdi: "Biz
heç zaman üzüntülü hadisənin (27 aprel nəzərdə tutulur-X. İ.)
məsuliyyətini ümuma aid etmədik; Bakı şəhidliyində yatan
Anadolu mehmetciklərinin əziz xatirəsi haqqında bəslədiyimiz
müqəddəs minnətdarlıq hissi buna hər zaman mane olmuşdur"
[15].
Mühacir mətbuatında Azərbaycan hökumətində rütbəli
çinovniklərin korrupsiyaya qurşandığının, dövləti Azərbaycan
adlandırmaqla Şimali Qafqaz və Cənubi Qafqaz türklərinin bir-
birindən ayrı salınmasının, bəzi dövlət adamlarının bacarıqsızlı-
ğının işğalı asanlaşdıran amillər olduğunu göstərən müəlliflərə, bir
sıra subyektiv mülahizələrə də təsadüf olunur.
Fikrimizcə, Azərbaycanın 1920-ci ildə öz müstəqilliyini
itirməsi məsələsi ilə bağlı ən xırda təfərrüatların belə açıqlan-
masına, araşdırılmasına ehtiyac var. Bu, tarixi gerçəklərin ortaya
çıxarılması, 1918-1920-ci illər təcrübəsindən düzgün nəticə
çıxarılması, eyni zamanda 1991-ci ildə əldə etdiyimiz milli
müstəqilliyimizin möhkəmləndirilməsi baxımından faydalıdır.
Böyük dövlətlər kıskacında bağımsız Azərbaycan (1918-1920).
Məqlələr toplusu. İstanbul-2010
Dostları ilə paylaş: |