30 min manat:
“Novoye vremya”
“Futbol+”
“Üç nöqtə”
“Azernews”
20 min manat:
“Unikal”
“Olimpiya dünyası”
“Oxu məni”
“Zaman-Azərbaycan”
9 min manat:
“Reytinq”
“Təhsil problemləri”
“The Business Times”
“Hərbi and”
“Türküstan”
“İqtisadiyyat”
“Hürriyyət».
Azərbaycanda süd istehsalı tələbatın 53 faizini təmin edir
01.07.2015
“MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir”. Bunu Transparency.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib.
Vahid Məhərrəmov bildirib ki, adambaşına ildə 703 litr süd istehsal edən Belarus MDB ölkələri sırasında birinci yerdədir. Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir: “Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, qonşu Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycanda 193 litr, Ermənistanda 208 litrdir. Bizdə istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir”.
Ekspert kredit ödənişlərini gecikdirməməyə çağırır
01.07.2015
Son günlər vətəndaşların kredit borclarının silinəcəyi iddiaları yayılıb. İqtisadçı ekspert Rəşad Həsənov Transparency.az-a deyib ki, bu iddiaların heç bir əsası yoxdur: “Mərkəzi Bankın və hökumətin davranışları bu iddiaların tam əksini deməyə əsas verir. Vətəndaşlar şayiələrə inanıb kredit ödənişlərini gecikdirməməli, imkan daxilində borclarını bağlamağa cəhd göstərməlidir. Çünki ödəmənin gecikməsi onlara əlavə faizi xərci yarada və kredit tarixçələrini korlaya bilər.
Çox istərdim ki, borclar tam silinsin və kimsə borc sıxıntısı yaşamasın. Lakin realist olsaq görərik ki, bu baş verməyəcək. Hətta hökumət istəsə belə, hazırkı maliyyə vəziyyəti borcların silinməsini kompensasiya edəcək səviyyədə deyil”.
Ekspert əlavə edib ki, son günlər kredit gecikməsi olan vətəndaşların ölkədən çıxması kütləvi şəkildə əngəllənib: “Hazırda 2 milyondan artıq vətəndaşın kredit borcu var”.
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi
01.07.2015
İyulun 1-də prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Daxili işlər nazirinin müavini İsmət Əliyevə polis general-leytenantı ali xüsusi rütbə verilib. İsmət Əliyev 1981-ci ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan prezidentinin 31 oktyabr 2014-cü il sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunub.
Transparency.az bildirir ki, 1 iyul sərəncamı ilə polis polkovnikləri Seyfulla Əzimov və Əkbər Yusifov polis general-mayoru ali xüsusi rütbəsi alıblar. Seyfulla Əzimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Əkbər Yusifov MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktorunun müavinidir.
Rəsmi Bakı Avropa Oyunlarına gələn tamaşaçıların sayını açıqladı
01.07.2015
İyunun 12-dən 28-dək keçirilmiş Avropa Oyunlarına 28 min nəfərdən artıq əcnəbi tamaşaçı gəlib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti iyulun 1-də belə məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında iyunun 2-28-də operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirib.
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək məqsədilə bilet alan əcnəbilər arasında Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.
Yunanıstan böhranı vahid Avropa ideyasını silkələyir
02.07.2015
Azərbaycan Dillər Universitetinin dekanı Anar Nağıyev APA Analitik Mərkəzinə Yunanıstandakı iqtisadi böhranı şərh edib. O qeyd edib ki, böhranın gətirdiyi maliyyə asılılığı problemi artıq özünün iqtisadi xarakterindən kənara çıxıb: “XXI əsrin əvvəllərindən etibarən ölkədə yaranmış iqtisadi və maliyyə problemləri 2010 və 2012-ci illərdə bu ölkənin Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından kredit yardımı alması ilə nəticələnib. Hazırda Yunanıstanın beynəlxalq maliyyə qurumlarına borcu 240 milyard avronu keçib, borcun həcmi ümumi daxili məhsulun 180 faizinə bərabərdir. Bu, avro məkanının 19 üzvü arasında ən yüksək nəticədir. Belə bir vəziyyətdə Yunanıstanın iqtisadiyyatını çökməkdən qorumaq, eləcə də ölkənin beynəlxalq nüfuzunun mühafizə etmək müasir yunan ictimaiyyətinin əsas prioritetinə çevrilib.
2015-ci ilin yanvarında ölkəni yaranmış vəziyyətdən çıxmaq məqsədi ilə xalq siyasi spektrin solçu qanadında yer almış Siriza Partiyasına etimad göstərdi. Yanvarın 26-da siyasi rəhbərliyi ələ alan baş nazir Aleksis Siprasın komandası fevraldan etibarən ölkəyə edilən maliyyə “köməyinin” üçüncü mərhələsinin reallaşdırılması istiqamətində Avropa Birliyi və beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesini bərpa etdi. İkinci mərhələ üzrə BVF-ə ödənilməli olan 1.5 milyard avronun müddəti iyun ayının 30-da başa çatdığından Yunanıstan hökuməti ilə Avropa qrupu üzvləri arasında danışıqlar prosesində Afinaya kredit yardımının üçüncü mərhələsinin şərtləri açıqlandı. Yeni şərtlər və yunan hökumətinin onlara reaksiyası Yunanıstanın maliyyə problemini geosiyasi format səviyyəsinə qaldırıb. Əsas şərtlər vergi sektorunda və sosial sahədə islahatların aparılmasıdır ki, bu da bir sıra hallarda sadə vətəndaşların mövcud sosial vəziyyətinin daha da pisləşəcəyinə dair proqnozlarla müşayiət olunur.
Baş nazir Sipras bu şərtləri qəbul etmədiyini bəyan etdi, Yunanıstan 2015-ci ilin 30 iyununda ödəməli olduğu 1.5 milyard avronun ödənişini təxirə saldı, ölkədə bankların fəaliyyəti iyul ayının 7-dək dayandırıldı, bankomatlardan çıxarılacaq məbləğ 60 avroyadək məhdudlaşdırıldı və ölkənin qarşısında qoyulmuş şərtlərə münasibətin bildirilməsi iyulun 5-nə təyin edilmiş referendumla xalqın ixtiyarına buraxıldı”.
Anar Nağıyev yazır ki, 5 iyul referendumunun nəticələri mühüm əhəmiyyət kəsb edəcək: “Mövcud siyasi hakimiyyət xalqı yeni təkliflərlə razılaşmamağa çağırır və ölkədə baş verən son ayların siyasi aktivliyi ikili fikrin formalaşdığını nümayiş etdirir. Bir çox analitiklər bu referendumun nəticələrinin Yunanıstanın avro zonasından və hətta AB-dən uzaqlaşmasına gətirə biləcəyi proqnozunu verir. Avropa Birliyinin ümumi iqtisadiyyatında çox cüzi paya malik olan Yunanıstanın avro zonasında qalması vacib məsələdir. Əks halda yaranacaq presedent vahid valyuta məkanında iqtisadi gərginliyi artırmaqla yanaşı vahid Avropa ideyasını silkələyə və sual altına ala bilər. Məhz bu səbəbdən də Avropa strukturlarının hadisələrin bu formada inkişaf edəcəyinə mane olacaqları ehtimal edilsə də, reallıqda Yunanıstanın növbəti ödənişləri ilin sonunadək etmək təklifini qəbul etməyib və referendumun nəticələrini gözləməyə qərar veriblər.
Referendumda uduzacağı təqdirdə yeni seçkilər təyin etmək məcburiyyətində qalacağı ehtimal edilən Sipras hökumətinin yaranmış gərgin vəziyyətdə xarici siyasət kursunun balanslaşdırılmasında uğursuz olduğunu nümayiş etdirib. İstənilən siyasi və iqtisadi problemlə rastlaşan hər hansı bir ölkədə bu vəziyyətin düzgün qiymətləndirilməsi və xalqın dalan vəziyyətə salınmaması üçün məsuliyyətli qərarların verilməsi ilə müxtəlif güclər və qurumlar arasında siyasətin tənzimlənməsinin mühüm faktor olduğu bir daha bəlli olub. Yunanıstan nümunəsində isə ölkənin de-fakto defolt vəziyyətə düşməsi ilə yanaşı 5 iyul referendumunun nəticəsindən asılı olmayaraq hadisələrin tezliklə öz müsbət həllini tapacağı sual doğurur”.
6 ayda 142-yə nə qədər müraciət daxil olub?
02.07.2015
-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-Çağrı mərkəzi”nə vətəndaşlardan 50760 müraciət daxil olub. Nazirlikdən Transparency.az-a daxil olan məlumata görə, onlardan 21012-i (41,4%) sosial təminat, 12697-i (25,1%) əmək qanunvericiliyi, 7353-ü (14,5%) nazirliyin elektron xidmətlərindən istifadə, 5469-u (10,7%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u (8,3%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Məlumatda deyilir ki, həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin mütəxəssisləri hüquqi izahatlar verib.
“142-Çağrı mərkəzi” həftənin bütün iş günləri saat 9-dan 18-dək vətəndaşların müraciətlərini cavablandırır. Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə-4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır.
Korrupsiya: ABŞ Dövlət Departamentinin fikrincə, aşağıda azalma var, yuxarıda yox
02.07.2015
ABŞ Dövlət Departamentinin 2014-cü ilin insan haqları hesabatının Azərbaycanla bağlı hissəsində korrupsiya məsələsinə də toxunulur. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda deyilir ki, Azərbaycan hökuməti aşağı səviyyəli korrupsiya ilə mübarizədə müəyyən irəliləyiş əldə etsə də, 2014-cü ildə yuxarı səviyyəli korrupsiya problem olaraq qalıb: “İqtisadiyyatın əksər qeyri-neft sektorlarındakı inhisarçılıqdan bəzi yüksək vəzifəli məmurların ailələrinin faydalandığına dair məlumatlar yayılmaqdadır. İl ərzində hökumətdə korrupsiya faktı ilə bağlı bəzi hallarda cinayət işi qaldırılsa da, çox az vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub. Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı vitse-admiral Şahin Sultanov vəzifə saxtakarlığı və mənimsəmə ittihamları ilə həbs olunub. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Korrupsiyaya görə 3 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq millət vəkili Gülər Əhmədova cəzasının 6-cı ayında şərti cəza ilə azadlığa buraxılıb. 2005-ci ildə çəkilmiş videoda Əhmədova deputat mandatı vəd etdiyi şəxsdən 1 milyon dollar qoparmağa çalışırdı.
Hüquq mühafizə orqanlarında da korrupsiya problemi qalıb. Hərçənd yerli QHT-lər yol polisinin rüşvətə əvvəlkindən daha az meyl etdiyini bildiriblər. Ümumilikdə aşağı məvacib polis sistemində korrupsiyaya töhfə verməkdə davam edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin 9 ayı ərzində 48 korrupsiya faktı ilə bağlı 78 polis əməkdaşına qarşı intizam tənbehi tədbiri görülüb. 35 nəfər polis orqanlarından xaric olunub, 28 polis əməkdaşı isə vəzifəsindən azad edilib. Bu işlərin heç birində polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmayıb”.
Hesabatda hökumətin altı ASAN xidməti yaratdığı, bununla da aşağı səviyyədə korrupsiyanı azaltmağı hədəflədiyi vurğulanır. Qeyd olunur ki, ölkə prokurorluğunun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi il ərzində 206 korrupsiya faktı ilə əlaqədar 333 nəfərin işini məhkəməyə göndərib: “Ədliyyə Nazirliyi 68 işçisinə qarşı intizam tənbehi tədbiri görüb. 8-i işdən qovulub, 22-si daha aşağı vəzifəyə keçirilib, 12-sinə xəbərdarlıq edilib, 26-sına isə töhmət elan olunub”.
Dövlət Departamentinin rəyinə görə, qanun vəzifəli şəxslərin özlərinin maliyyə vəziyyəti barədə hesabat vermələrini tələb etsə də, bu proses mürəkkəb və qeyri-şəffafdır: “İctimaiyyətin həmin hesabatlar barədə məlumatı yoxdur. Hesabat verməməyə görə qanunda inzibati cəza müəyyən olunsa da, sanksiyalar reallıqda heç kimə tətbiq edilmir.
Qanuna dəyişiklik edilməklə şirkət təsisçilərinin adlarını və onların kapital investisiyasının məbləğini açıqlamaq qadağan olunub. Tənqidçilər deyirlər ki, bu dəyişiklikdə məqsəd rəsmi şəxslərin biznes maraqları barədə jurnalist araşdırmalarını boğmaqdır və qadağa əslində cəmiyyətin informasiya əldə etmək imkanını məhdudlaşdırır.
İnformasiya əldə etmək qanunu ayrı-ayrı fərdlərin və təşkilatların hökumət informasiyalarına çıxışına təminat versə də, hökumət çox vaxt buna icazə vermir. Vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ olmasına baxmayaraq məhkəmələr ümumilikdə dövlət idarələrinin informasiya verməkdən imtina barədə qərarlarını dəstəkləyirlər”.
Bank sistemi: kredit faizlərinin azalmasına yeni əngəl
02.07.2015
Beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycanın bank sistemi üçün proqnozu stabildən neqativə endirib. Bu nə deməkdir, hansı nəticələr verə bilər?
Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev şərh yayaraq deyib ki, Azərbaycanın bank sistemi üzrə proqnozun aşağı salınması təbiidir: “İlin əvvəlində reytinq agentlikləri ayrı-ayrı bankların reytinqini təsdiqləyəndə bu ehtimalı qeyd edirdilər. Əsas səbəb neft gəlirlərinin azalması və devalvasiya fonunda bankların aktivlərinin pisləşməsi, kapital çatışmazlığı və valyuta mövqeyinin pisləşməsi idi. İndiyədək bank sektoru üzrə proqnozun aşağı salınmamasına ölkənin suveren reytinqinin stabil olması dəstək verirdi. Ancaq bəzi banklarda artıq proqnoz neqativə salınmışdı”.
Ekspertin qənaətinə görə, böyük ehtimalla digər agentliklər də oxşar addım atacaqlar: “Bu addımın ardınca ayrı-ayrı bankların proqnozunun aşağı salınmasını müşahidə edəcəyik. Proqnozun aşağı salınması isə Azərbaycan banklarının xaricdən resurs cəlb etmək imkanlarını çətinləşdirəcək. Cəlb edilən resursların dəyəri artacaq və bu da ölkənin kredit bazarına təsir göstərəcək. Bu amil kredit faizlərinin azalmasına əngəl ola bilər”.
Nazirlikdən adlar hesabatı
02.07.2015
Ədliyyə Nazirliyi 2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan adlarla bağlı rəsmi məlumat açıqlayıb. Transparency.az xəbər verir ki, azı 400 dəfə qoyulmuş ən populyar adların siyahısı belədir:
Yusif — 1377 uşaq
Zəhra — 1356
Nuray — 1014
Əli — 1000
Hüseyn — 951
Fatimə — 899
Aylin — 717
Ömər — 680
Zeynəb — 672
Murad — 638
Ayan — 618
Məhəmməd — 615
Məryəm — 558
Mələk — 528
Xədicə — 478
Gülay — 471
Uğur — 466
Mədinə — 448
İbrahim — 424
Səma — 411
Leyla — 405.
Hökumətdə portfel sayı: Azərbaycanda və qonşularda
02.07.2015
Transparency.az Azərbaycan hökumətinin strukturunu qonşu ölkələrin hökumət strukturu ilə müqayisə edib.
Dünyanın ən böyük ölkəsi olan şimal qonşu Rusiyada hökumət 32 nəfərdən – baş nazirdən, onun 8 müavinindən, 23 nazirdən təşkil olunub.
Başqa qonşu ölkə Gürcüstanda hökumət baş nazirlə birgə 20 nəfərlə məhdudlaşır.
Ermənistanda hökumət 25 nəfərlikdir. Kabinet baş nazirdən, onun müavinindən (həmin şəxs beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postunu da tutur), 17 nazirdən (müdafiə, xarici işlər, ədliyyə, diaspor, şəhərsalma, səhiyyə, mədəniyyət, elm və təhsil, təbiəti mühafizə, kənd təsərrüfatı, gənclər və idman, ərazi idarəçiliyi və fövqəladə hallar, nəqliyyat və rabitə, əmək və sosial məsələlər, maliyyə, iqtisadiyyat, energetika və təbii ehtiyatlar nazirləri) ibarətdir.
Hökumətin tərkibində daha 6 qurumun rəhbərləri (Mülki Aviasiya Baş İdarəsi, Daşınmaz Əmlakın Kadastrı Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti, Dövlət Əmlakı İdarəsi) yer alır.
Azərbaycanın Nazirlər Kabinetində isə 37 qurum var:
Xarici İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Ədliyyə Nazirliyi
Maliyyə Nazirliyi
Vergilər Nazirliyi
İqtisadiyyat və Sənaye Nazirliyi
Energetika Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Nəqliyyat Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət Gömrük Komitəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Dövlət Statistika Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi
Əmlak Məsələləri Dövlət Komitəsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Dövlət Dəniz Administrasiyası
Dövlət Mülki Aviasiya Administrasiyası
Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
Milli Arxiv İdarəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Dövlət Sosial Müdafiə Fondu.
Baş naziri və onun müavinlərini də nəzərə alanda Nazirlər Kabineti 43 nəfərlikdir.
Kənd təsərrüfatı naziri görülən işlərdən və planlardan danışıb
03.07.2015
Kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta”ya müsahibəsində torpaq islahatının yekunlarından və kənddə bazar islahatlarından söz açıb. AZƏRTAC-ın məlumatına görə, nazir dövlətin aqrar işçilərə dəstəyi ilə bağlı suala cavab verərək bildirib ki, kənd təsərrüfatının modernləşdirilməsi proseslərinə dövlət yardımının prioritet istiqaməti əvvəlki kimi yeni texnologiyaların sürətlə tətbiqi, fermerlərin texnika və mineral gübrələrlə tam təmin edilməsidir: “Heyvandarlıqda məhsuldarlığın, məsələn, cins mal-qaranın payının artırılması yolu ilə yaxşılaşdırılmasına yönələn layihələrin maliyyələşdirilməsi və onlara texniki yardım göstərilməsi heç də az əhəmiyyət daşımır. İstehsalçıların elit toxum sortları ilə təmin edilməsi kənd təsərrüfatına dövlət dəstəyinin mühüm istiqaməti kimi nəzərdə tutulub. Bu məqsədlə ölkə rəhbərliyi Dövlət Toxum Fondunun yaradılması haqqında qərar qəbul edib. Həmin qurum ölkənin bütün regionlarını onların təbii iqlim şəraitinə uyğun yüksək keyfiyyətli toxum sortları ilə təmin etməlidir”.
Aqrar sektorun inkişaf prioritetlərindən biri sayılan elektron kənd təsərrüfatı sisteminin yaradılmasından söz açan nazir deyib: “Aqrar sektora nəzarət və onun idarə edilməsi sahəsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair geniş əhatəli plan həyata keçirilir. Söhbət elektron kənd təsərrüfatı sistemi infrastrukturunun yaradılmasından, sənəd dövriyyəsinin avtomatlaşdırılmasından və sahənin dövlət tərəfindən idarə olunmasının şəffaflığının, səmərəliliyinin artırılmasının mühüm elementi kimi nəzərdə tutulan kompüterləşdirilmiş məlumat bazasının yaradılmasından gedir. Azərbaycan prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il fərmanına müvafiq olaraq bu cür informasiya texnologiyaları sisteminin mərhələli şəkildə yaradılmasına başlanıb. Sistemin bəzi komponentləri artıq yaradılıb, proqram və informasiya resursları formalaşdırılır, məlumat bazası toplanır, dövlətin digər informasiya resurslarına inteqrasiya məsələləri həll edilir. Məsələn, biz bu gün heyvandarlıq sahəsində informasiya bazasının formalaşdırılması, habelə ölkədə mal-qaranın qeydiyyatını təmin edən sistemin yaradılması üzərində işləyirik. “Aqrolizinq” ASC-nin apardığı bütün əməliyyatlar elektron qeydiyyat sisteminə keçirilib. Hazırda lizinq yolu ilə texnika və cins heyvanlar almaq üçün müraciətlər, kənd təsərrüfatı texnikasının qeydiyyatı elektronlaşdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymətlərinə nəzarət üçün elektron informasiya bazasının yaradılmasına hazırlıq gedir”.
Heydər Əsədov ölkədə iri toxumçuluq komplekslərinin, aqroparkların və sənaye tipli logistika bazalarının yaradılmasına da toxunaraq bildirib ki, bu obyektlərdə sənaye istehsalı, emal, saxlanma və nəqliyyat logistikası proseslərini birləşdirmək, aqrar məhsulun maya dəyərini nəzərəçarpacaq dərəcədə azaltmaq nəzərdə tutulur: “Belə strukturların yaradılması ölkə əhalisinin ərzaqla təminatı problemini səmərəli həll etməklə bərabər aqrar məhsul ixracının həcmini xeyli artırmağa imkan verir. İri logistika bazalarının yaradılması isə fermerlərin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda məhsullarını daşıyarkən və satarkən üzləşdikləri köhnə problemin həllinə kömək edir”.
Nazir MDB ölkələrinə ixrac həcminin artırılması, habelə yeni satış bazarlarının mənimsənilməsi ilə bağlı suala cavab verərək deyib ki, qeyri-neft məhsullarının ixrac strukturunun, məsələn, aqrar məhsulun həcm və çeşidinin artırılması, onun xarici bazarlarda rəqabətə davamlılığının artırılması hesabına optimallaşdırılması iqtisadiyyatın şaxələndirilməsi üzrə dövlətin strategiyasının ən mühüm komponentidir: “Bu məsələnin optimal həlli üçün emal proseslərinə müasir texnologiyaların tətbiqini stimullaşdırmaq, fermer təsərrüfatlarının xərclərini, məsələn, subsidiyaların verilməsi mexanizmlərinin təkmilləşdirilməsi hesabına azaltmaq, məhsuldarlığı isə artırmaq planlaşdırılır. İxracın coğrafiyasına gəldikdə isə aqrar işçilərimiz üçün ənənəvi satış bazarı əvvəlki kimi postsovet məkanı dövlətləri və ilk növbədə Rusiyadır. Rusiyanın müvafiq dövlət qurumları ilə fəal əməkdaşlıq yaradılıb. Məsələn, Rusiya istehlakçılarına təzə və emal edilmiş meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı geniş çeşiddə heyvandarlıq məhsulları təklif edilib. Özü də ilk növbədə quş əti və yumurta ixracını genişləndirmək nəzərdə tutulur. Azərbaycan Rusiya bazarına aqrar məhsulların ixracını genişləndirmək məqsədi ilə Moskvada, Sankt-Peterburqda, bu ölkənin digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı, bununla da uzunmüddətli müqavilələr əsasında irihəcmli ixracı təmin etməyi planlaşdırır”.
Rayon maşınlarının paytaxta buraxılmasını hökumət komissiyası tənzimləyəcək
03.07.2015
Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24-dən səhər saat 7-yə qədər buraxılacaq. Bunu APA-ya açıqlamasında baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib.
Abid Şərifov rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.
Məlumatda qeyd olunur ki, Avropa Oyunlarında iştirak etmiş idmançıların və başqa xarici qonaqların bir qismi hələ də paytaxtdadır, buna görə yol hərəkətinə iyunun 1-dən tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
İyunun 1-dən rayon qeydiyyatında olan avtomobillər şəhərə buraxılmır. Avtomobillər paytaxtın girişində saxlanılaraq dayanacaqlara yönəldilir. Onların sürücü və sərnişinləri isə paytaxta gəlmək üçün avtobus və taksilərdən istifadə edirlər.
Xəbərə görə, Avropa Oyunları zamanı (12-28 iyun 2015) paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün müzakirələr aparır. Abid Şərifov bildirib ki, 10 gün sonra tədbirlər planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək.
Dövlət Neft Fondu Çin yuanında investisiyalara başlayıb
03.07.2015
Dövlət Neft Fondu Çin yuanında investisiyalara başlayıb. Qurumdan Transparency.az-a verilən məlumatda deyilir ki, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb, dövlət və agentliklərin istiqrazlarının alğı-satqısına, saxlanılmasına dair müqavilə imzalanıb.
İyulun 1-dən isə Çin yuanında ilk investisiyalara başlanıb: “Növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsindən lisenziya alınması planlaşdırılır”.
Məhkəmənin vaxtı bilindi
03.07.2015
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəməsi iyulun 13-də başlayacaq. Onların cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsində baxışa göndərilib. Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib. Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.
APA bildirir ki, Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıqda ittiham olunur.
Arif Yunusa külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı irəli sürülüb.
Ötən ilin yayında tutulan hər iki şəxsə irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
Transparency.az qeyd edir ki, Baş Prokurorluğun ötən il iyulun 31-də yaydığı rəsmi açıqlamaya görə, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526 min manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, dövlət büdcəsinə ümumilikdə 369 min manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesablarına köçürülmüş 78 min ABŞ dollarını əri Arif Yunus vasitəsilə ələ keçirib.
Yunanlar Avropa planına yox dedi
06.07.2015
Yunanıstanda iyulun 5-də keçirilmiş referendumun rəsmi nəticələri açıqlanıb. Transparency.az bildirir ki, səsverməyə gedənlərin 61,31 faizi Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun Yunanıstan hökumətinə təklif etdiyi saziş layihəsinə qarşı çıxıb. Kreditorların planı Afinanın sosial xərcləri azaltmasını, vergilərin artırılmasını nəzərdə tutur.
Referendumun nəticələrindən narazı qalan müxalif Yeni Demokratiya Partiyasının sədri, sabiq baş nazir Antonis Samaras istefa verib. O, kreditorların təklif etdiyi plana yox cavabı verilməsini Yunanıstan və Avropa üçün tarixi səhv adlandırıb.
Yunanıstanın Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard avro borcu var.
Ekspert: “Yunanıstanda böhranın başa çatması Azərbaycana da sərf edir”
06.07.2015
İqtisadçı ekspert Vüqar Bayramov Yunanıstandakı referendumun nəticələrini şərh edib. İyulun 5-də keçirilmiş referenduma qatılanların 61,31 faizi Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun Yunanıstan hökumətinə təklif etdiyi saziş layihəsinə qarşı çıxıb. Kreditorların planı Afinanın sosial xərcləri azaltmasını, vergilərin artırılmasını nəzərdə tutur.
Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, referendumun nəticələri yunanlar və digər avropalılar üçün iqtisadi baxımdan ciddi heç nə dəyişmir: “Referendumdan hə cavabı çıxsaydı belə, qısa və hətta ortamüddətli dövrdə tərəflər dönüş edə bilməyəcəkdilər. Böhran yunanları pulsuz qoyub. Ötən 5 ildə isə qərblilər Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək çox şeyi özəlləşdiriblər. Beynəlxalq maliyyə qurumlarının, Avropa Birliyinin “böhran əleyhinə resepti” ölkəni “sıfır cəmli oyunun” iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, strateji baxımdan isə oyunda nəticə dəyişməyəcək, Afinanın tablodan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominantlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrinə öz hesablarına xeyli xal yazmasına imkan yaradıb”.
Ekspert əlavə edib ki, Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşdır: “Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir. Azərbaycanın Yunanıstanda sərmayələri var. Dövlət Neft Fondunun investisiya portfelində Avropamın payı 51 faizdən çoxdur. Bu baxımdan Yunanıstanda böhranın başa çatması Azərbaycana da sərf edir.
Referendumun nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Elə Azərbaycan Mərkəzi Bankının da bu iş həftəsinə zəif avro ilə başlayacağı da proqnozlaşdırılandır. Ancaq bazardakı mövcud tarazlıq hələlik avronun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda Yunanıstandakı böhranın Azərbaycanın strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Bu təşəbbüslərin reallaşmasına Bakı və Brüssel qərar verir, Afina sadəcə iştirakçıdır”.
Vüqar Bayramovun rəyinə görə, Yunanıstan defoltu Dövlət Neft Fondunun gəlirinə mənfi təsir göstərməyəcək: “Bir tərəfdən fond artıq xeyli vaxtdır “avrosuzlaşma” siyasəti aparır. Digər tərəfdən isə bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənir. Bu isə vəsaitinin təxminən yarısını okeanın o tayında saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər”.
Beynəlxalq Bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti uzadılıb
06.07.2015
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti uzadılıb. Qərar Müşahidə Şurasının növbəti iclasında qəbul edilib. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti bu il iyulun 22-də başa çatmalıdır.
Transparency.az bildirir ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci il yanvarın 10-da yaradılıb. Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramov, üzvləri Rüstəm Şahbazov (Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini), Xalıq Rəhmanov (Maliyyə Nazirliyinin hüquq şöbəsinin müdiri) Müşfiq İsrafilov (Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini), Vəli Kərimov, Səidə Bayramova, Fuad Məmmədovdur (fiziki şəxslər).
Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar istefa verib. O zamandan sədrin səlahiyyətlərini Emil Mustafayev icra edir.
Məktəbli geyimi bahalaşır
06.07.2015
Orta məktəb şagirdlərinin geyimi bahalaşacaq. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov “Trend”ə belə açıqlama verib. O deyib ki, geyimlərin satış qiymətinin nə qədər artırılacağı yaxın günlərdə elan olunacaq: “Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşməyib. Bu məsələ araşdırılır”.
Açıqlamaya görə, qiymət artımının əsas səbəbi materialların baha başa gəlməsidir. Materiallar Türkiyədən dollarla alınır. Dolların məzənnəsi isə bu il 35 faizədək yüksəlib.
Hazırda I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 46 manat, VII-XI sinif şagirdləri üçün isə 56 manatdır. Bu artımlara qədər qiymətlər 40 və 52 manat olub.
“Hökumətin tərkibində ciddi dəyişikliklər edilməlidir”
06.07.2015
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinin 6 iyul sayına müsahibəsində hakimiyyəti islahatlar aparmağa çağırıb.
Bakıda ötən ay keçirilmiş Avropa Oyunlarından söz açan deputat deyib: “Oyunlar ərəfəsində bəzi beynəlxalq təşkilatlardan, Avropa Şurasından, Avropa İttifaqından, ayrı-ayrı ölkələrin xarici siyasət idarələrindən çağırışlar var idi ki, bəzi insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin. Çox təəssüf hissi ilə deyirəm ki, bu edilmədi. Ona görə də Azərbaycanın bu cür yüksək səviyyədə təşkil edib keçirdiyi Avropa Oyunlarından bizim əleyhimizə də istifadə cəhdləri oldu. Biz bu yarışları keçirirdik ki, Azərbaycanı yaxşı mənada tanıdaq, amma müəyyən qüvvələr bundan istifadə edib ölkəmizin imicini korlamağa çalışdı. Azərbaycan hökuməti belə oyunlar ərəfəsində xoş məram nümayiş etdirib həbsdəki həmin insanları buraxa bilərdi. Böyük tədbirlər ərəfəsində ayrı-ayrı ölkələrdə də amnistiyalar, əfvlər olur. Amma çox təəssüf ki, bizdə buna gedilmədi”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Avropa Oyunları ölkəni yaxşı mənada təqdim etmək üçün bir imkan oldu və Azərbaycan bu şansdan istifadə etdi: “Bunun ardınca nə etmək lazımdır? Bu oyunlar Azərbaycana əlavə stimul verməlidir ki, biz öz xalqımıza güvənək, bəzi vərdişlərin, ənənələrin olmadığını, mentalitetimizi də nəzərə alaraq tədrici islahatlar prosesini sürətləndirək, ölkəni yeni bir mərhələyə keçirək. Bu, çox zəruri və vacibdir. Avropa Oyunları xalqın özünə güvənini xeyli artırdı. Biz müharibədə məğlub olmuş xalqıq və xalqın öz gücünə, inamına çatışmazlıq kompleksi formalaşıb. Bundan sonra ölkədə iqtisadi, siyasi islahatlar aparılmalıdır”.
Bu il noyabrın 1-də keçiriləcək parlament seçkisinə toxunan deputat deyib ki, seçki ən yüksək səviyyədə təşkil olunmalı, daha güclü parlament formalaşdırılmalıdır: “Artıq Azərbaycan insanı daha yaxşı seçim etmək gücündədir. Əvvəllər insanlar daha çox sahibkarlara üstünlük verirdilər, deputata asfalt çəkən adam kimi baxırdılar, yaxud deyirdilər deputatın hansısa vəzifəsi olsun, onların problemlərini həll etsin. İndi mən düşünürəm ki, Azərbaycan siyasətinə gənc, dünya siyasəti, regional siyasətdən, ölkənin daxili və xarici siyasətindən baş çıxara bilən insanlar lazımdır. Belə insanlar hazırda Azərbaycan jurnalistikasında xüsusilə formalaşıb. Yəni mən bu gün dayanmadan 15-20 ad çəkə bilərəm, qəzet redaktorları, televiziya işçiləri, parlament müxbirləri sırasında belələri var. Onlar qorxmamalıdır, siyasətə qatılmalıdır və xalqımız da belə insanları dəstəkləməlidir.
Yaxud bu illər ərzində partiyalarda formalaşan siyasətçilər var. Düzdür, bizdə hələ çoxpartiyalı sistem tam mənada oturuşmayıb, güclü siyasi partiyalar yoxdur ki, iqtidarla rəqabət apara bilsin. Amma hər halda partiyalarda belələri var və hətta bəzi insanlar müxalifəti dəstəkləməsə belə, nəzərə almalıdır ki, ölkədə güclü müxalifət olmayacaqsa, bir çox nöqsanlar aradan qalxmayacaq. Məsələn, prezident Respublika Günü ilə bağlı tədbirdəki çıxışında dedi ki, ictimai nəzarət olmalıdır və bir nəfər hər şeyə nəzarət edə bilməz. Nəinki bir nəfər, heç dövlət strukturları hər şeyə nəzarət edə bilməz. Ona görə ki, hakimiyyətin üzərində — vətəndaş nəzarəti ayrı bir kateqoriyadır — mütləq müxalifət nəzarəti olmalıdır.
İqtidar hər zaman deyir ki, müxalifəti gücləndirmək bizim borcumuz deyil. Məsələyə formal yanaşanda, əlbəttə, istənilən iqtidar seçkidə daha çox uğur qazanmağa çalışır. Amma iqtidarın borcudur ki, ölkədə siyasi sistemi inkişaf etdirsin, ölkədə güclü partiyalar və müxalifət olsun. Əgər ölkədə müxalifət yoxdursa, deməli, siyasi islahatlar lazımi səviyyədə aparılmır.
Prezidentin müsahibələri və çıxışları bizdə ümid yaradır ki, istər yeni parlament seçkisi ilə bağlı olsun, istər hökumətin tərkibi ilə bağlı müəyyən addımlar mütləq atılacaq. Hökumətin tərkibində ciddi dəyişikliklər edilməlidir. Özünü tam mənada tükətmiş, yeni ideyalar, işgüzarlıq baxımından enerjisi tükənmiş nazirlərimiz var ki, yorulublar. Bu insanları hörmətlə yola salmaq lazımdır ki, gedib təqaüdə çıxsınlar, nəvələri ilə istirahət etsinlər, ya başqa bir işin qulpundan yapışsınlar. Rotasiyalar mütləq olmalıdır, iqtidarın özü belə canlanmalıdır, iqtidar həm də özü-özünü yeniləməlidir.
Müxalifətin də toparlanmasına böyük ehtiyac var. Düşərgədəki ambisiyaları bir az boğmaq lazımdır. Müxalifətə 50 partiya lazım deyil, hazırda Azərbaycana 5 partiya lazımdır. Ancaq proses təbii yolla getməlidir. Prezidentin köməkçisi Əli Həsənovla partiyaların görüşündə də dedim ki, hökumət vaxtilə çoxlu partiyaların yaranmasını stimullaşdırırdısa, indi partiyaların təmərküzləşməsini stimullaşdırmalıdır. Burda da iqtidarın məsuliyyəti var və addımlar atılmalıdır”.
Ekoloji pozuntular və cəzalar: 15 günlük statistika açıqlanıb
06.07.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmanın nəticələrini açıqlayıb. Məlumata görə, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkarlanıb, 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 88 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 62 iş üzrə 380 430 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 3322.45 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 524 iş üzrə 81514.75 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 12, icra qurumlarına isə 24 iş göndərilib.
İntiqam Əliyevin şikayətinə baxılır
06.07.2015
İyulun 6-sı Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin şikayəti əsasında proses başlayıb. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmənin ilkin baxış iclası keçirilib. Baxış iclası iyulun 21-nə təyin edilib.
İntiqam Əliyev ötən il avqustun 8-dən həbsdədir, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay həbs cəzası alıb.
52 yaşlı İntiqam Əliyev BDU-nun hüquq fakültəsini bitirib. Hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.
İqtisad Universiteti yeni əməkhaqqı sisteminin tətbiqinə başladı
06.07.2015
Azərbaycan Dövlət İqtisad Universitetində differensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları pedaqoji heyət xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edəcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək.
Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.
Kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərən kafedra müdiri əməkhaqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət imkanı qazanacaq.
Yerevanda qiymət artımına etiraz aksiyası sona çatdı
06.07.2015
İyulun 6-da Ermənistan polisi paytaxt Yerevanın mərkəzindəki Baqramyan prospektində keçirilən aksiyaya müdaxilə edib. Transparency.az xəbər verir ki, oturaq aksiyanın iştirakçıları yoldan kənarlaşdırılıb, nəqliyyatın hərəkəti bərpa olunub.
İyunun 17-də İctimai Xidmətləri Tənzimləmə Komissiyası elektrik enerjisinin qiymətini 6,93 dram (16,7 faiz) artırıb. Avqustun 1-dən qüvvəyə minməli olan qərar əhalinin narazılığına gətirib, iyunun 19-dan Yerevanın Azadlıq meydanında fasiləsiz mitinq başlayıb. İyunun 22-də aksiyaçılar Prezident Administrasiyasının, parlamentin, Konstitusiya Məhkəməsinin yerləşdiyi Baqramyan prospektini bağlayıblar. İyunun 23-də polis güc tətbiq edərək aksiyanı dağıdıb, ancaq həmin axşam etirazçılar Baqramyan prospektini yenidən tutublar.
İyunun 27-də prezident Serj Sərkisyan bəyan edib ki, Ermənistan Elektrik Şəbəkəsi şirkətində auditin nəticələri bilinənədək hökumət qiymət artımı ilə bağlı xərcləri öz üzərinə götürür. Ancaq aksiyaçıların bir qismi prezidentin bu açıqlamasını yetərli hesab etmir və qiymət artımı qərarının tam ləğvinə nail olmaq istəyir.
Manata yeni təzyiq dalğası gəlir?
07.07.2015
Yunanıstanda iyulun 5-də keçirilmiş referendumun nəticələri dünya iqtisadiyyatına necə təsir edir? İqtisadçı ekspert Qubad İbadoğlunun müşahidələrinə görə, yunanların dünya maliyyə qurumlarına borcları təklif olunan şərtlərlə geri qaytarmaqdan imtinası yeni situasiya yaranıb: “5 iyul referendumundan dərhal sonra Çinin fond birjalarında səhmlər və yuan ucuzlaşdı. Ardınca növbə dünya neft bazarlarına çatdı, qiymətlər 6-8 faiz arasında düşdü. Bu, son 3 ayda ən kəskin ucuzlaşmadır”.
Transparency.az-a danışan ekspert onu da vurğulayıb ki, dünya bazarlarına İran neftinin axınının çoxalması amilini də nəzərə almaq gərəkdir: “İrana tətbiq edilən sanksiyaların bir az da yumşaldılması bu enişin davamlı olmasını şərtləndirə bilər. Nəticədə ölkəyə daxil olan valyutanın azalması Azərbaycanının dövlət gəlirlərinin səviyyəsinə və manata təsirsiz ötüşməyəcək. Xüsusilə də yay aylarında xaricə istirahət çıxışlarının kəskin artması ABŞ dollarına ehtiyacın çoxalmasına və onun manatla müqayisədə möhkəmlənməsinə gətirib çıxara bilər”.
Ekspert müqayisə apardı: Dövlət Neft Şirkətinin borcu dövlətin borcundan çoxdur
07.07.2015
“İlk dəfə olaraq Dövlət Neft Şirkətinin borc öhdəlikləri Azərbaycan dövlətinin borc öhdəliklərini üstələyib”. Transparency.az-ın məlumatına görə, bu açıqlamanı iqtisadçı ekspert Qubad İbadoğlu verib.
Ekspert deyib ki, ARDNŞ son 5 ildə ilk dəfə olaraq illik maliyyə hesabatını özünün internet səhifəsində yayıb: “2014-cü ilin maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. İl ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub.
1 yanvar 2015-ci il tarixə Azərbaycanın xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır. Dövlətin və ARDNŞ-nin birlikdə borcu 10 milyard 878 milyon manata çatıb ki, bu da adambaşına 1150 manat deməkdir”.
Nazirlik vergi cinayətlərinin hesabatını yaydı
07.07.2015
Bu ilin birinci yarısında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 26 milyon 366,9 min manat (2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çox) vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ötən dövrdə departamentdə vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 cinayət işi başlanılıb. Bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 134-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair, 769-u vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olan materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq mühafizə orqanından daxil olmuş materiallar üzrə olub.
İstintaqı tamamlanan cinayət işlərindən 71 iş 83 nəfər şəxs barəsində ittiham aktı ilə məhkəmələrə göndərilib.
Departamentin istintaq idarəsində 385 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox) ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilən 314 cinayət işindən 273 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (44 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 24 nəfər şəxs tutularaq istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 164 şəxsin məcburi qaydada gətirilməsi, 192 şəxsin tapılaraq istintaqa gəlmələri, 218 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına kömək göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 149 nəfər vergiödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Mərkəzi Bankın valyuta ehtiyatlarında artım var
07.07.2015
-ci il iyunun 1-nə Azərbaycanda bank sektorunun aktivləri 29 milyard 067,2 milyon manat olub. Transparency.az Mərkəzi Banka istinadla xəbər verir ki, mayda bank aktivləri 171,2 milyon manat azalıb. Mayın 1-nə bankın aktivləri 29 milyard 238.4 milyon manat idi.
6 ayda bankların kredit qoyuluşları 19 milyard 877,6 milyon manat, əhalinin əmanətləri 7 milyard 601,1 milyon manat təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği bu il iyunun 1-nə 8 milyard 520,2 milyon ABŞ dolları olub. Bu, ötən ayın 1-nə olan müvafiq göstərici ilə müqayisədə 89,4 milyon dollar çoxdur.
Əhalinin nə qədər əmanəti var? (Rəsmi məlumat)
07.07.2015
Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 7 milyard 601,1 milyon manat olub. Transparency.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu, yanvar-aprel aylarının yekunları ilə müqayisədə 116,1 milyon manat və ya 1,5 faiz azdır.
Bununla belə, ilin əvvəlinə nisbətən əmanətlər 5,74 faiz, son 1 ildə isə 14,42 faiz artıb.
Ünvanlı yardım: sistem tam avtomatlaşdırılır
07.07.2015
İyulun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb.
Proqram təminatı istifadəyə verildikdən sonra vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.
Ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.
“Rəy” Monitorinq Mərkəzi prezidentlik sorğusu keçirib
08.07.2015
“Rəy” Monitorinq Mərkəzi iyulun əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, cavablardan görünür ki, prezident seçkisi qarşıdan gələn bazar günü keçirilsə, səsvermə məntəqələrinə yollanacaq respondentlərin 89,7 faizi dövlət başçısı İlham Əliyevə səs verərdi.
“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi” sualına respondentlərin 86 faizə yaxını “bəli, cavab verir” (tam və ya qismən), 3 faizi “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib.
Respondentlərin 73 faizi Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür.
Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1500 nəfər qatılıb. Sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.
Rusiyalı milyarder Dağlıq Qarabağda olduğunu təsdiqləyib
08.07.2015
Azərbaycanın işğal olunmuş bölgəsinə səfər edən rusiyalı iş adamı, milyarder German Sterliqov “Vkontakte” sosial şəbəkəsində açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, iyulun 7-si gecə yayılan açıqlamada German Sterliqov Dağlıq Qarabağda olduğunu təsdiqləyib. O yazıb ki, iyulun 13-ü Şuşada (German Sterliqov Şuşanı “qədim erməni şəhəri Şuşi” kimi təqdim edib) mətbuat konfransı keçirib barəsində yayılan məlumatlara aydınlıq gətirəcək.
İyulun 6-da German Sterliqovun vəkili Artur Ayrapetov Rusiyanın “Kommersant” qəzetinə açıqlamasında milyarderin ailəsi ilə birlikdə Dağlıq Qarabağa getdiyini bəyan edib. Bəzi məlumatlarda isə German Sterliqovun Rusiyadakı bütün əmlakını satıb ailəliklə Dağlıq Qarabağa köçdüyü iddia olunur.
Yayılan xəbərlərə rəsmi Bakı da münasibət bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, German Sterliqovun və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktı araşdırılır: “Bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və “Dövlət sərhədi haqqında” qanunu pozub. Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək”.
Hər 10 min nəfərdən 227-si ödənişsiz təhsil alır
08.07.2015
Rusiya hökuməti ali məktəblərdə ödənişsiz yerləri azaltmağa hazırlaşır. İqtisadçı ekspert Rövşən Ağayevin açıqlamasına görə, hazırda hökumət 17-30 yaşlı vətəndaşların hər 10 min nəfərinə 800 ödənişsiz tələbə yeri maliyyələşdirir: “İndi Rusiyadakı maliyyə qıtlığı səbəbindən həmin yerlərin sayını 750-ə endirmək planlaşdırılır”.
Transparency.az-a danışan ekspert deyib ki, Azərbaycan bu göstəricidə çox geri qalır: “Rəsmi statistikaya əsasən, Azərbaycanda 17-30 yaşlı insanların sayı 2,2 milyon nəfərə yaxındır. Hazırda ölkənin bütün ali məktəblərində bakalavr və magistr pilləsində təhsil alan 130 min nəfərə yaxın tələbədən təxminən 50 min nəfəri ödənişsiz oxuyur. Bu isə 17-30 yaşlı bütün ölkə vətəndaşlarının hər 10 min nəfəri hesabı ilə 227 nəfərə bərabər, Rusiyanın göstəricisindən 4 dəfə azdır”.
Azərbaycandakı kommersiya banklarının internet ünvanları
08.07.2015
Transparency.az Azərbaycandakı kommersiya banklarının internet ünvanlarını oxuculara təqdim edir:
Accessbank: www.accessbank.az
AFB BANK: www.afb.az
AGBank: www.azerigazbank.com
Amrahbank: www.amrahbank.com
AtaBank: www.atabank.com
Atrabank: www.atrabank.az
Azərbaycan Beynəlxalq Bankı: www.ibar.az
Azərbaycan Kredit Bankı: www.azkreditbank.com
Azərbaycan Sənaye Bankı: www.asb.az
Azər-Türk Bank: www.azerturkbank.biz
Bank Avrasiya: www.bankavrasiya.az
Bank of Baku: www.bankofbaku.com
Bank of Azerbaijan: www.bank.az
Bank BTB: www.btb.az
Bank Respublika: www.bankrespublika.az
Bank Silk Vey: www.banksilkway.az
Bank Standard: www.bankstandard.com
Bank VTB (Azərbaycan): www.vtb.az
Caspian Development Bank: www.cdbbank.az
Dekabank: www.dekabank.az
Dəmirbank: www.demirbank.az
Expressbank: www.expressbank.az
Evrobank: www.eurobank.az
Gəncəbank: www.gandjabank.az
GünayBank: www.gunaybank.com
Xalq Bankı: www.xalqbank.az
Kapital Bank: www.kapitalbank.az
Kredobank: www.kredobank.az
Qafqaz İnkişaf Bankı: www.cdb.az
Milli İran Bankı Bakı filialı: www.bmibaku.az
Muğanbank: www.muganbank.az
Naxçıvanbank: www.naxcivanbank.az
NBCBank: www.nbcbank.az
Nikoyl: www.nikoil.az
Pakistan Milli Bankının Bakı filialı: www.nbp.az
Parabank: www.parabank.az
Paşa Bank: www.pashabank.az
Rabitəbank: www.rabitabank.com
Bank Technique: www.banktechnique.az
Turanbank: www.turanbank.az
Unibank: www.unibank.az
Yapı Kredi Bank Azərbaycan: www.yapikredi.com.az
Yunayted Kredit Bank: www.ucb.az
Zaminbank: www.zaminbank.az
Azərbaycan seçicilərinin yaş bölgüsü
08.07.2015
Bu il noyabrın 1-nə düşən parlament seçkisi 125 seçki dairəsinin 5386 məntəqəsində keçirilməlidir. Transparency.az Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadla bildirir ki, Azərbaycanda 5 milyon 93 min 289 seçici qeydə alınıb. Seçicilərin 48,3 faizi kişilər, 51,7 faizi qadınlardır.
Yaş qrupları üzrə bölgü belədir:
Yaşı 18 olan — 0,7 faiz
Yaşı 19-26 olan — 17,3 faiz
Yaşı 27-35 olan — 20,8 faiz
Yaşı 35-45 olan — 18,1 faiz
Yaşı 46-55 olan — 20,4 faiz
Yaşı 56-65 olan — 13,8 faiz
Yaşı 66-75 olan — 4,9 faiz
Yaşı 76-85 olan — 3,5 faiz
Yaşı 86-99 olan — 0,5 faiz
Yaşı 100 və yuxarı olan — 0,01 faiz.
Milandakı beynəlxalq sərgidə Azərbaycan pavilyonu açılır
09.07.2015
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-dən İtaliyada işgüzar səfərdədir.
Xəbəri AZƏRTAC yayıb.
SOCAR ödəniş hesabatı verib
09.07.2015
Dövlət Neft Şirkəti 6 aylıq ödəniş hesabatı yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728 milyon 730 min manat vəsait ödəyib. İyun ayında dövlət büdcəsinə 123 milyon 688 min manat keçirilib.
İlin ilk yarısında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna ödənişi 69 milyon 784 min manat təşkil edib. İyun ayında sosial ödəniş 11 milyon 942 min manat olub. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çoxdur.
Azərbaycanda demoqrafik vəziyyət (Ən yeni statistika)
09.07.2015
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci il iyun ayının 1-nə 9 milyon 636,3 min nəfərə çatıb. Açıqlamanı iyulun 9-da Dövlət Statistika Komitəsi yayıb.
Rəsmi məlumata görə, əhalinin 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir (hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür). Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaşda olanlardır.
İlin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Onlar üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənir.
İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6-ya qədər azalıb.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alıb.
Qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb
09.07.2015
Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açıb. İlin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 098 817 nəfərə çatıb. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 831 564 nəfər) kişi, 40,9 faizi (1 267 253 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaşlı sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,84 faizini (769 703 nəfər) əhatə edir. Bundan başqa, sığortaolunanların 21,59 faizini (669 101 nəfər) 30 yaşadək olan şəxslər, 20,69 faizini (641 144 nəfər) 40-50 yaşlı şəxslər, 21,15 faizini (655 449 nəfər) 50-60 yaşlı şəxslər, 11,73 faizini (363 420 nəfər) 60 yaşdan yuxarı şəxslər təşkil edir.
Fərdi uçot — Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
İllik maliyyə hesabatı verməyən 12 siyasi partiya qeydiyyatsız qala bilər
09.07.2015
Mərkəzi Seçki Komissiyası Ədliyyə Nazirliyinə 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı müraciət edib. APA-nın məlumatına görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov açıqlayıb.
Maliyyə hesabatı təqdim etməyən partiyaların adını çəkməyən Natiq Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını deyib: “Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. İctimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.
2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən, siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.
MSK-nın aprelin 7-də keçirilən iclasında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-inin illik maliyyə hesabatını təqdim etdiyi açıqlanıb. Buna görə MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul edib.
Qiymətləndirmə Komissiyasından keçən 10 dini icmaya vəsait ayrılıb
09.07.2015
İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda danışan komitə sədri Mübariz Qurbanlı deyib ki, maliyyə vəsaiti Qiymətləndirmə Komissiyası icmaların təqdim etdiyi layihələri müzakirə etdikdən sonra ayrılıb.
Mübariz Qurbanlı ayrılan maliyyə yardımının yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayıb, layihələrə daha çox gəncləri cəlb etməyi məsləhət görüb.
Ən son statistik məlumata görə, Azərbaycanda 632 dini icma qeydiyyatdan keçib.
FİFA-da korrupsiya qalmaqalı: əsas fiqurlardan birinə ömürlük qadağa qoyuldu
09.07.2015
Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.
APA-nın məlumatına görə, FİFA qərarın səbəbini belə açıqlayıb: “Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub”.
2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları ötən ayın əvvəlində üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.
Naxçıvanda nə qədər məhsul istehsal olunur? (Muxtar respublikadan açıqlama)
09.07.2015
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi açıqlama yayıb. AZƏRTAC-da dərc olunan məlumata əsasən, muxtar respublikada 119 növdə, 507 çeşiddə ərzaq, 235 növdə, 588 çeşiddə qeyri-ərzaq məhsulu istehsal olunur. Müəssisələr 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsuluna olan tələbatı tamamilə yerli istehsal hesabına ödəmək gücünə malikdir.
Xəbərdə qeyd olunur ki, 2015-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada ət qovurması, süd məhsullarının emalı, lavaş istehsalı sahələri, forel balıqçılıq təsərrüfatı, istixana kompleksləri və xidmət olmaqla 18 sahənin yaradılması başa çatdırılıb. Yaradılmış istehsal və xidmət sahələri hesabına 89 yeni iş yeri açılıb.
Silikon yorğan-döşək və yataq bazası, müxtəlif ölçü və formada qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, alçipan örtüklər, gips, əhəng, beton istehsalı, un-qənnadı məmulatları, lavaş istehsalı, bərk pendir istehsalı, şirniyyat, kompot, mürəbbə və turşu istehsalı, qarğıdalı, toxumçuluq, heyvandarlıq, keçiçilik, quşçuluq, arıçılıq təsərrüfatları, istixana kompleksləri və xidmət olmaqla 35 sahənin yaradılması istiqamətində isə işlər davam etdirilməkdədir.
Bu ilin 6 ayında yaradılması və ya fəaliyyətinin genişləndirilməsi başa çatdırılan istehsal və xidmət sahələri Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərini və kəndləri də əhatə edir. Şərur rayonunun İbadulla, Dəmirçi, Oğlanqala, Qarxun, Məmmədsabir, Babək rayonunun Nehrəm, Ordubad rayonunun Əylis kəndlərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Qarabağlar, Sədərək rayonunun Sədərək kəndlərində istehsal sahələrinin yaradılması başa çatdırılıb.
Dostları ilə paylaş: |