Normativ-hüquqi akt nədir?
07.10.2015
Azərbaycan Respublikası Konstitusiyasına görə, ölkənin qanunvericilik sistemi 6 normativ-hüquqi aktdan ibarətdir: konstitusiya; referendumla qəbul edilmiş aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.
Naxçıvanda həm də muxtar respublikanın konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
Yerli icra hakimiyyəti orqanları isə qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
Tələblər
Referendumla qəbul olunmuş aktların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
Ana Yasaya görə, qanunlar konstitusiyaya, ölkə prezidentinin fərmanları konstitusiya və qanunlara, Nazirlər Kabinetinin qərarları konstitusiyaya, qanunlara və prezidentin fərmanlarına, mərkəzi icra hakimiyyəti orqanlarının aktları konstitusiyaya, qanunlara, prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Bələdiyyələrin qəbul etdikləri aktlar Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd ola bilməz.
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
Formalar
Transparency.az/cnews bildirir ki, qanun normativ-hüquqi akta belə tərif verir: “Normativ-hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir”.
Normativ-hüquqi aktların formalarına gəlincə, Azərbaycan Respublikası Milli Məclisinin normativ-hüquqi aktları qanunlar formasında qəbul edilir.
Prezidentin normativ-hüquqi aktlarının forması fərmandır. Dövlət başçısının qəbul etdiyi əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar fərmanlarla təsdiq edilir.
Nazirlər Kabineti isə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ-hüquqi aktlar qəbul edir. Onun qəbul etdiyi əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar qərarlarla təsdiqlənir. Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanlarının həll edə bilmədiyi məsələlər üzrə normativ-hüquqi aktlar qəbul edir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının forması qərarlardır. Bu normativ-hüquqi aktlar prezidentin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız prezidentin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ-hüquqi aktlarının növləri Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
Qüvvəyə minmə
Qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Digər normativ-hüquqi aktlar həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvədə olur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ-hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ-hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Dostları ilə paylaş: |