Nazirlik elektron xidmətlərdən istifadə statistikası yayıb
12.10.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) elektron xidmətlərdən istifadə statistikası yayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, sentyabr ayında əhali nazirliyin “Elektron hökumət” portalında təqdim etdiyi xidmətlərdən ümumilikdə 236714 dəfə faydalanıb, bu da portaldakı bütün e-xidmətlərdən ümumi istifadənin (767616 ədəd) 30,8 faizidir. Ötən ay nazirliyin e-xidmətlərindən yararlananların sayı avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb.
ƏƏSMN-in “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 130352 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar. Nazirliyin “İş yerinə dair arayış” e-xidməti də həmin sırada yer alıb və ötən ay “E-hökumət” portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-in bu e-xidmətinə aid olub.
Ümumilikdə 2015-ci ilin 9 ayında əhali ƏƏSMN-in bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17,5 faizi deməkdir.
Dostları ilə paylaş: |