12.10.2015
Prezident yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, 2014-cü il noyabrın 10-da elan edilmiş müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olub, Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Yekun qərara əsasən, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilib.
Qalib layihələrdən 21-i fundamental-tətbiqi, 1-i axtarış-innovasiya xarakterlidir. 2 layihə üzrə isə AMEA-nın 70 illiyinə həsr olunan “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və tələbələrin 6-cı beynəlxalq elmi konfransı və “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Yer haqqında elmlər üzrə 4, kimya elmləri üzrə 5, biologiya, tibb və aqrar elmləri üzrə 5, humanitar və ictimai elmlər üzrə isə 5 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 17-si qadın, 7-si kişidir.
Dostları ilə paylaş: |