Xəbər bülleteni №15



Yüklə 3,16 Mb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü3,16 Mb.
#2431
1   2   3   4   5   6   7   8   9   10
      Bəkir Nərimanoğlu

Biznes mühitini qiymətləndirən beynəlxalq ekspertlər hesab edir ki, kreditə əlçatanlıq baxımından Azərbaycanın mövqeyi pisləşib. Dünya Bankı Qrupunun hazırladığı “Doing Business-2016” hesabatına görə, bu indikator üzrə Azərbaycan 4 pillə geriləyərək 189 ölkə arasında 109-cu olub. Belə zəif göstərici həm də kredit bürolarının yoxluğundan doğur.

Prezidentin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərmana əsasən, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır. Həmin fərmandan sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin açıqlamasında qeyd olunmuşdu ki, atılacaq əsas addım kredit bürolarının yaradılması olacaq. Nazir demişdi ki, “Özəl kredit büroları haqqında” qanun layihəsi hazırlanır, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları qurulacaq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, kredit bürosu risklərin azalmasına və kreditlərin həcminin genişlənməsinə gətirib çıxaracaq. Hazırda kredit təşkilatları mümkün risklərdən tam sığortalanmır. Mərkəzi Bankın kredit reyestrinə yalnız bank və mikromaliyyə institutları müraciət edə bilir. Kreditlə mal satan mağazalar, lizinq şirkətləri və digər təşkilatlar bu imkandan məhrumdur.

Kredit bürosu kredit alan və ya almaq üçün müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır və əldə edilən məlumatları emal edir, ümumiləşdirir və qruplaşdırır, müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsiplərini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi, neytrallıq, məlumatların maksimum səviyyədə təhlükəsizliyi təşkil edir.

Büro hüquqi və fiziki şəxslərin keçmiş və cari kreditləri barədə bütün məlumatların saxlandığı bir təşkilatdır. O, potensial borc götürənlər barədə kredit təşkilatının məlumatlılığını artırır və kreditin qaytarılması barədə daha dəqiq proqnozlar verməyə imkan yaradır.

Bu qurumlar bir növ borc götürənlər üçün nizam-intizam mexanizmi rolunu oynayır və burada yaxşı kredit tarixçəsi nüfuzlu təminat deməkdir. Həmçinin kredit bürosu kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırır və bunun nəticəsində də kredit təşkilatları üçün yeni və pozitiv müştərilər cəlb edir.

Kredit bürosunun potensial xidmətlərinə müştərinin kredit tarixçəsi barədə məlumatın verilməsi, fırıldaqçılığın qarşısının alınması xidmətləri, mümkün fırıldaqçılıqla bağlı xəbərdarlıq, kredit üçün müraciət zamanı mümkün yanlış məlumatlar barədə xəbərdarlıq, borc götürənin kredit davranışının izlənməsi xidməti, əməkdaşlıq strukturunun izlənməsi, müştəri portfelinin nəzərdən keçirilməsi, müştəri portfelinə dair statistik məlumatların alınması, müştərinin ehtiyacları nəzərə alınmaqla büronun qiymətləndirməsi, zəmanətlər barədə məlumatın verilməsi, zəmanətlərin saxlancı daxildir.

Maliyyə sektorunun genişləndirilməsində kredit bürolarının rolu kreditlərə daha ekstensiv və qərəzsiz çıxış imkanı yaratmaqdır. Bundan başqa büro kredit təşkilatları ilə borc götürənlər arasında olan məlumat fərqlərini azaldır, kreditlərə çıxış imkanını artırır və etibarlı borc götürənlərə kreditlərin verilməsi ilə bağlı xərcləri aşağı salır.

Büronun təklif etdiyi xidmət sayəsində irihəcmli kreditlərin verilməsinin qarşısı alınır. Qurum müştərinin bütün kreditlərini qiymətləndirməkdə kredit təşkilatlarına yardım edir və müvafiq şəxsin kredit götürmə potensialını qiymətləndirir.

Kredit qiymətləndirilməsinin və avtomatlaşdırılmış kreditləşdirmənin tətbiq edilməsi pərakəndə və kiçik və orta sahibkarlara verilən kreditlər zamanı əməliyyat xərclərinin aşağı salınmasını, mənfəətin yüksəlməsini təmin edir.

Artıq bir neçə ildir ki, büroların yaradılması ilə bağlı müzakirələr gedir. Mərkəzi Bankdan bildirirlər ki, özəl kredit bürolarının fəaliyyətinə imkan verən qanunverici bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilir. Müvafiq qanun layihəsi hazırlanmaqdadır.

Kredit bürolarının fəaliyyətinə təsir edəcək iki mühüm qanun layihəsi üzərində iş başa çatdırılıb. Söhbət “Fərdi məlumat bazasının yaradılması haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihələrindən gedir. Fins.az-a açıqlama verən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, hər iki sənəd Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb: “Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı da daxil olmaqla dövlət qurumları bu sənədlərlə bağlı rəyini bildirəcək və hər iki qanun layihəsi yeni Milli Məclisin ilk iclaslarından birinin gündəliyinə salınacaq”.

Zakir Nuriyev deyir ki, 1-ci qanun layihəsi müştərilər və banklar, başqa sözlə, borcalanlar və borcverənlər arasında mübahisələrin qarşısının minimum həddə endirilməsinə, 2-ci qanun layihəsi isə daşınar əmlak girovluğu ilə kredit verilməsinə, başqa sözlə, kreditləşmə üçün əlavə imkanların yaradılmasına hesablanıb.

20 ildə təbii fəlakətlər 6 trilyon ABŞ dolları yeyib

23.11.2015



Son 20 ildə dünyada iqlim dəyişikliyinin doğurduğu təbii fəlakətlər nəticəsində 606 mindən artıq adam həlak olub. BMT-nin fəlakət təhlükəsinin azaldılması üzrə ofisinin hazırladığı hesabatda belə deyilir.

Novator.az xəbər verir ki, noyabrın 23-də yayılan hesabata görə, 20 ildə iqlim dəyişikliyinin doğurduğu təbii fəlakətlər nəticəsində dövlətlər 6 trilyon ABŞ dolları itirib.

Məruzədə qeyd olunur ki, son 20 ildə baş verən bütün fəlakətlərin 90%-i meteoroloji və təbii kataklizmlərin nəticəsidir. 1995-ci ildən bəri iqlim dəyişikliyinin doğurduğu təbii fəlakətlərdə 606 min adam həlak olub, 4 milyard 100 milyon nəfər fəlakətdən zərər görüb.

Təbii fəlakətlərdən ən çox ABŞ (472), Çin (441), Hindistan (288 ), Filippin (274) və İndoneziya (163) əziyyət çəkib.

Tarif Şurası 530 dərmanın qiymətini təsdiqləyib, mazutu ucuzlaşdırıb

24.11.2015



Tarif (qiymət) Şurasının 23 noyabr iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib (Dərman vasitələrinin mövcud və təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli). İclasda yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və dekabrın 7-si sənədlərin qəbulu üçün son tarix müəyyən edilib.

Economy.gov.az-da yayılan rəsmi məlumata görə, indiyədək 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib, 1160 dərman vasitəsi yeni qiymətlərlə satışdadır. 1122 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 1258 dərman vasitəsinin qiyməti isə 21-dən qüvvəyə minəcək. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95%-nin qiymətləri endirilib.

Tarif Şurasının qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Şuranın 23 noyabr iclasında həmçinin soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib. Yeni tarif dekabrın 1-dən qüvvəyə minəcək.

Prezident Cinayət Məcəlləsini sərtləşdirən qanunu imzalayıb

24.11.2015



Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər qanununu imzalayıb. Yeniliyə görə, 188-ci maddə (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) sərtləşir. Bundan sonra qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaya görə bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.

Əməllərin təkrar və qulluq mövqeyindən istifadə etməklə törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

314-1-ci maddə də (Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə) dəyişib. Vəzifəli şəxsin dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrini təsdiqlədi

24.11.2015

Noyabrın 24-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda 1 noyabr parlament seçkisinin nəticələrinin yoxlanması və təsdiq olunmasına baxılıb.

Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası noyabrın 18-də səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkinin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Hakim Rafael Qvaladze məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkidə 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı bülletenlərə daxil edilib. MSK sədri deyib ki, 90 saylı seçki dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı, 15 saylı, 35 saylı, 53 saylı, 82 saylı, 83 saylı, 85 saylı, 121 saylı dairələr üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub: “90 saylı Ağdaş dairəsi istisna olmaqla bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkisinin konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

APA-nın məlumatına görə, Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun təqdim etdiyi arayışdan sonra hakimlər müşavirəyə gedib. Müşavirənin ardınca sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi 1 noyabr seçkisinin nəticələrini təsdiqləyib.

Parlamentin yeni deputatlarının siyahısı

24.11.2015




Noyabrın 24-də Konstitusiya Məhkəməsi 1 noyabr parlament seçkisinin nəticələrini təsdiqləyib. Qəti nəticələrə görə, 125 nəfərlik Milli Məclisə 124 nəfər seçilib. Transparency.az/cnews parlamentin yeni deputatlarının siyahısını təqdim edir:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov (YAP)

2 saylı Şərur: İsa Həbibbəyli (YAP)

3 saylı Babək–Kəngərli-Naxçıvan: Səttar Mehbalıyev (partiyasız)

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov (YAP)

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov (YAP)

6 saylı Culfa–Babək: Ülviyyə Həmzəyeva (YAP)

7 saylı Ordubad-Culfa: Qüdrət Həsənquliyev (BAXCP)

8 saylı Binəqədi: Azay Quliyev (partiyasız)

9 saylı Binəqədi: Kəmaləddin Qafarov (YAP)

10 saylı Binəqədi: Madər Musayev (partiyasız)

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP)

12 saylı Qaradağ-Binəqədi-Yasamal: Mixail Zabelin (YAP)

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev (YAP)

14 saylı Xəzər: Mehriban Əliyeva (YAP)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız)

16 saylı Yasamal: Aytən Mustafayeva (partiyasız)

17 saylı Yasamal: Elşad Həsənov (partiyasız)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız)

19 saylı Nərimanov: Hikmət Məmmədov (YAP)

20 saylı Nərimanov: Adil Əliyev (partiyasız)

21 saylı Nəsimi: Məlahət İbrahimqızı (YAP)

22 saylı Nəsimi: Asim Mollazadə (ADİSP)

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə (partiyasız)

24 saylı Nizami: Rövnəq Abdullayev (YAP)

25 saylı Nizami: Sədaqət Vəliyeva (YAP)

26 saylı Sabunçu: Fazil Mustafa (BQP)

27 saylı Sabunçu: Dilarə Cəbrayılova (YAP)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız)

29 saylı Səbail: Şəmsəddin Hacıyev (YAP)

30 saylı Suraxanı: Sevinc Fətəliyeva (YAP)

31 saylı Suraxanı: Fərəc Quliyev (MDHP)

32 saylı Suraxanı: Ağacan Abiyev (YAP)

33 saylı Xətai: Hüseynbala Mirələmov (YAP)

34 saylı Xətai: Fuad Muradov (partiyasız)

35 saylı Xətai: Araz Əlizadə (ASDP)

36 saylı Xətai: Səməd Seyidov (YAP)

37 saylı Nizami (Gəncə): Pərvin Kərimzadə (YAP)

38 saylı Nizami (Gəncə): Naqif Həmzəyev (YAP)

39 saylı Kəpəz: Xanlar Fətiyev (YAP)

40 saylı Kəpəz: Musa Quliyev(YAP)

41 saylı Sumqayıt: Mirzəcan Xəlilov (YAP)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP)

43 saylı Sumqayıt: Muxtar Babayev (YAP)

44 saylı Sumqayıt-Xızı: Hacı Salayev (partiyasız)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP)

46 saylı Şirvan: Rafael Cəbrayılov (partiyasız)

47 saylı Mingəçevir: Aydın Mirzəzadə (YAP)

48 saylı Yevlax: İlham Məmmədov (YAP)

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynli (YAP)

50 saylı Abşeron-Qobustan: Zeynəb Xanlarova (partiyasız)

51 saylı Qusar: Azər Badamov (YAP)

52 saylı Quba: Vahid Əhmədov (partiyasız)

53 saylı Quba-Qusar: Yevda Abramov (YAP)

54 saylı Şabran-Siyəzən: Tahir Süleymanov (YAP)

55 saylı Xaçmaz şəhər: Eldəniz Səlimov (YAP)

56 saylı Xaçmaz kənd: İlham Əliyev (YAP)

57 saylı Kürdəmir: Müslüm Məmmədov (partiyasız)

58 saylı Hacıqabul-Kürdəmir: Rafael Hüseynov (VHP)

59 saylı Salyan: Əliağa Hüseynov (partiyasız)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP)

61 saylı Neftçala: Arif Rəhimzadə (YAP)

62 saylı Saatlı: Əflatun Amaşov (partiyasız)

63 saylı Sabirabad: Elçin Quliyev (YAP)

64 saylı Sabirabad: Rüstəm Xəlilov (YAP)

65 saylı Saatlı-Sabirabad-Kürdəmir: Əhliman Əmiraslanov (YAP)

66 saylı Biləsuvar: Xanhüseyn Kazımlı (ASRP)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP)

68 saylı Cəlilabad kənd: Mirkazım Kazımov (YAP)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar: Fəzail İbrahimli (VHP)

70 saylı Masallı şəhər: Nəriman Əliyev (YAP)

71 saylı Masallı kənd: Elmira Axundova (partiyasız)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız)

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli (YAP)

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə (YAP)

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov (YAP)

77 saylı Astara: Rəşad Mahmudov (YAP)

78 saylı Lerik: İqbal Məmmədov (YAP)

79 saylı İmişli: Əsabil Qasımov (YAP)

80 saylı İmişli-Beyləqan: Çingiz Qənizadə (partiyasız)

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP)

82 saylı Ağcabədi: Tahir Rzayev (YAP)

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbasov (partiyasız)

84 saylı Füzuli: Bahar Muradova (YAP)

85 saylı Şamaxı: Elxan Süleymanov (partiyasız)

86 saylı İsmayıllı: Novruzəli Aslanov (partiyasız)

87 saylı Ağsu-İsmayıllı: Tahir Kərimli (Vəhdət Partiyası)

88 saylı Göyçay seçki dairəsi: Sabir Hacıyev (VBP)

89 saylı Göyçay-Ağdaş: Elman Nəsirov (YAP)

91 saylı Ucar: Vüsal Hüseynov (YAP)

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva (partiyasız)

93 saylı Bərdə şəhər: Gövhər Baxşəliyeva (partiyasız)

94 saylı Bərdə kənd: Zahid Oruc (partiyasız)

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız)

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov (partiyasız)

97 saylı Goranboy-Ağdam-Tərtər: Ağalar Vəliyev (YAP)

98 saylı Şəmkir şəhər: Sahibə Qafarova (YAP)

99 saylı Şəmkir kənd: Sona Əliyeva (YAP)

100 saylı Şəmkir-Daşkəsən: Kamran Bayramov (YAP)

101 saylı Göygöl-Daşkəsən: Rövşən Rzayev (partiyasız)

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov (partiyasız)

103 saylı Gədəbəy: Sevinc Hüseynova (YAP)

104 saylı Gədəbəy-Tovuz: Rafiq Məmmədhəsənov (YAP)

105 saylı Tovuz: Qənirə Paşayeva (partiyasız)

106 saylı Tovuz-Qazax-Ağstafa: Ülviyyə Ağayeva (partiyasız)

107 saylı Qazax: Kamran Nəbizadə (partiyasız)

108 saylı Ağstafa: Nizami Cəfərov (YAP)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP)

110 saylı Zaqatala: Elşən Musayev (ADMP)

111 saylı Zaqatala-Balakən: Kamilə Əliyeva (YAP)

112 saylı Qax seçki dairəsi: Azər Kərimli (partiyasız)

113 saylı Şəki şəhər: Yaqub Mahmudov (YAP)

114 saylı Şəki kənd birinci: Əli Məsimli (partiyasız)

115 saylı Şəki kənd ikinci: Cavanşir Feyziyev (partiyasız)

116 saylı Qəbələ: Fəttah Heydərov (partiyasız)

117 saylı Oğuz-Qəbələ: Aqiyə Naxçıvanlı (YAP)

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev (partiyasız)

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov (YAP)

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev (YAP)

121 saylı Laçın: Mahir Abbaszadə (YAP)

122 saylı Xankəndi: Flora Qasımova (partiyasız).

123 saylı Kəlbəcər: Cavid Qurbanov (YAP)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP)

Milli Məclisin ilk iclası bu gün keçiriləcək

24.11.2015


Noyabrın 24-də yeni Milli Məclisin (Parlamentin yeni deputatlarının siyahısı) ilk iclası keçiriləcək. İclasda parlament sədri və sədrin müavinlərinin, komitə sədrləri, sədr müavinlərinin seçilməsi nəzərdə tutulub.

Transparency.az bildirir ki, 1 noyabr parlament seçkisinin nəticələrini Konstitusiya Məhkəməsi bu gün təsdiqləyib. Milli Məclisə seçki 125 seçki dairəsi üzrə keçirilib. Seçkinin nəticələrinə görə, Milli Məclisə 124 nəfər seçilib: YAP-dan 71 nəfər, 11 partiyadan 12 nəfər, partiyasız şəxslərdən 41 nəfər. 1 dairə üzrə seçkinin nəticələri ləğv olunub. 90 saylı Ağdaş seçki dairəsi üzrə şikayətlərə baxan MSK belə qərar verib.

Səlahiyyəti bu gün başa çatan köhnə parlamentin bütün rəhbərliyi yeni Milli Məclisdə təmsil olunur. Spiker Oqtay Əsədov (YAP) 45 saylı Abşeron, onun birinci müavini Ziyafət Əsgərov (YAP) 76 saylı Lənkəran-Astara, müavinləri Bahar Muradova (YAP) 84 saylı Füzuli, Valeh Ələsgərov (partiyasız) 102 saylı Samux-Şəmkir dairəsindən deputat seçiliblər.

Gənclərin xaricdə təhsil proqramı: yekunlar və təkliflər

24.11.2015

-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 3 min 558 nəfər 32 ölkənin 379 universitetinə göndərilib. 1001 nəfər məzun olub, 2289 nəfər isə hələ təhsil alır.

Proqramdan yararlanan gənclərin çoxu 5 ölkədə oxumağı seçib: Birləşmiş Krallıqda 1032, Türkiyədə 767, Almaniyada 441, Kanadada 242, Niderlandda 181 nəfər oxuyub.

İxtisaslara görə ilk beşlik belədir: tibb (923), iqtisadiyyat (847), informasiya texnologiyaları (348), mühəndislik (337), sosial və humanitar elmlər (221).

Gənclərin 1526-sı magistratura, 1044-ü bakalavr, 547-si rezidentura, 168-si doktorantura, 213-ü baza ali tibb təhsili alıb.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, proqram bu il başa çatır və onun uzadılması barədə qərar qəbul olunmalıdır: “Bu qərarı verməmişdən əvvəl 2007-2015-ci illəri əhatə edən birinci proqramın yekunları dəyərləndirilməli, buraxılan səhvlərdən nəticə çıxarılmalı, akademik müvəffəqiyyətsizliklər, məzunların geri dönməməsi, sənədlərin vaxtında təqdim edilməməsi kimi məqamlar nəzərə alınmalıdır”.

Qubad İbadoğlu ilk proqram çərçivəsində xaricdə təhsil alanlara dair məlumat bazası yaradılmasını təklif edir: “Həmin bazada proqrama məzunların məşğuliyyəti ilə bağlı informasiyalar da yerləşdirilməli və onlara ictimai əlçatanlıq təmin edilməlidir. Nəhayət, universitetlərin seçilməsi ölkələr üzrə deyil, ixtisaslar üzrə aparılmalıdır”.

Oqtay Əsədov yenidən parlament sədri seçildi

24.11.2015



Yeni Milli Məclisin noyabrın 24-də keçirilən ilk iclasında deputat Oqtay Əsədov gizli səsvermə ilə yenidən parlament sədri seçilib. Onun namizədliyini üzvü olduğu hakim Yeni Azərbaycan Partiyası verib. Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyini dəstəkləyib.

Transparency.az bildirir ki, Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistanın Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin “Azərsantexquraşdırma” Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.

İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Oqtay Əsədov noyabrın 1-də 45 saylı Abşeron seçki dairəsindən növbəti dəfə deputat seçilib.

2005-cı il dekabrın 2-dən parlamentin sədri olan Oqtay Əsədov “Şərəf” ordeni laureatıdır.

“Elektron hökumət” portalı ən çox müraciət olunan xidmətlərin və təminatçıların adlarını açıqlayıb

24.11.2015

“Elektron hökumət” portalı (www.e-gov.az) ilə bu il ən çox müraciət olunan elektron xidmətlərin və təminatçıların adları açıqlanıb.

Novator.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə əsasən bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilin ən çox müraciət olunan xidmət təminatçısıdır. Bu il ali məktəblərə qəbul prosesi, müraciətlərin elektron qəbulu, imtahan nəticələrinin öyrənilməsi portal üzərindən icra edilib.

İkinci sırada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gəlir. Qurumun “mobil cihazların IMEI kodunun yoxlanılması”, “mobil cihazların qeydiyyatdan keçirilməsi”, “telefon nömrəsi üzrə axtarış” elektron xidmətləri aktual istifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətləri də portal üzərindən ən çox istifadə olunan xidmətlər sırasındadır.

Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Dövlət Gömrük Komitəsinin elektron xidmətləri ən çox müraciət olunanlardandır.

Parlament sədrinin müavinləri dəyişmədi

24.11.2015


Noyabrın 24-də yeni parlamentin ilk iclasında Milli Məclis sədrinin müavinlərini seçib. Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri olublar.

Transparency.az bildirir ki, Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, professordur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 2000-ci ildə parlament sədrinin müavini seçilib. 2005-ci ildən Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədridir.

1 noyabr seçkisində mandatı 76 saylı Lənkəran-Astara dairəsindən alıb.

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İkinci, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 2005-ci ildən Milli Məclis sədrinin müavinidir.

1 noyabr seçkisində mandatı 84 saylı Füzuli dairəsindən alıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əməkdar mühəndisdir. “Şöhrət” ordeni ilə təltif edilib.

Bitərəfdir.

Üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 2005-ci ildən Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.

1 noyabr seçkisində mandatı 102 saylı Samux-Şəmkir dairəsindən alıb.

Ukraynada hakimiyyət orqanlarının yazılı media təsis etməsi yasaqlandı

24.11.2015

Ukrayna parlamenti noyabrın 24-də dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mətbu nəşr təsis etməsini yasaqlayan qanun qəbul edib.

Novator.az xəbər verir ki, qanun hakimiyyət orqanlarının təsis etdiyi media quruluşlarının yenidən təsis olunması mexanizmini də nəzərdə tutur.

Milli Məclisin komitə sədrləri

24.11.2015

Milli Məclisin yeni tərkibinin noyabrın 24-də keçirilən iclasında parlamentdə bir neçə yeni komitə yaradılıb və bəzi komitələrin adları dəyişdirilib. Eyni zamanda parlament komitələrinin hamısına sədrlər seçilib. Transparency.az AZƏRTAC-a istinadla komitələrin və onların sədrlərinin siyahısını təqdim edir:

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Əli Hüseynli, YAP

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Ziyafət Əsgərov, YAP

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Ziyad Səmədzadə, bitərəf

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Valeh Ələsgərov, bitərəf

Aqrar siyasət komitəsi – Eldar İbrahimov, YAP

Əmək və sosial siyasət komitəsi – Hadı Rəcəbli, YAP

Regional məsələlər komitəsi – Arif Rəhimzadə, YAP

Elm və təhsil komitəsi – İsa Həbibbəyli, YAP

Mədəniyyət komitəsi – Rafael Hüseynov, VHP

İnsan hüquqları komitəsi – Bahar Muradova, YAP

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov, YAP

Səhiyyə komitəsi – Əhliman Əmiraslanov, YAP

Ailə, qadın və uşaq məsələləri komitəsi – Aqiyə Naxçıvanlı, YAP

İctimai birliklər və dini qurumlar komitəsi – Siyavuş Novruzov, YAP

Gənclər və idman komitəsi – Fuad Muradov, bitərəf.

Davudoğlu hökumətinin tərkibi təsdiqləndi

24.11.2015




Noyabrın 24-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan baş nazir Əhməd Davudoğlunun yeni kabinetinin üzvlərini təsdiqləyib. Transparency.az kabinet üzvlərinin siyahısını təqdim edir:

Baş nazir müavinləri: Numan Kurtulmuş, Yalçın Akdoğan, Mehmet Şimşək, Toğrul Türkeş, Lütfi Əlvan

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

Müdafiə naziri: İsmət Yılmaz

Daxili işlər naziri: Əfqan Ala

Ədliyyə naziri: Bəkir Bozdağ

İqtisadiyyat naziri: Mustafa Əlitaş

Maliyyə naziri: Naci Ağbal

Enerji və təbii sərvətlər naziri: Berat Albayraq

Əmək və sosial təhlükəsizlik naziri: Süleyman Soylu

Təhsil naziri: Nəbi Avçı

Ailə və sosial siyasət naziri: Səma Ramazanoğlu

Avropa İttifaqı naziri: Volkan Bozkır

İnkişaf naziri: Cevdət Yılmaz

Mədəniyyət və turizm naziri: Mahir Ünal

Meşə və su işləri naziri: Veysəl Əroğlu

Səhiyyə naziri: Mehmet Müəzzinoğlu

Nəqliyyat, rabitə, dənizçilik naziri: Binəli Yıldırım

Elm, sənaye və texnologiya naziri: Fikri İşıq

Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri: Faruk Çelik

Ekologiya və şəhərsalma naziri: Fatma Güldəmət Sarı

İdman və gənclər naziri: Akif Çağatay Kılıç

Gömrük və ticarət naziri: Bülent Tüfenkçi.

Britaniya əhli Avropa İttifaqından üz döndərir?

24.11.2015

Parisdə 130 nəfərin ölümünə gətirən 13 noyabr terrorundan sonra Böyük Britaniya əhlinin 52%-i ölkənin Avropa İttifaqından çıxmasını istəyir. Novator.az bildirir ki, “İndependent” qəzeti apardığı sorğunun nəticələrinə əsaslanaraq belə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyun, iyul və sentyabr aylarında aparılan analoji sorğularda britaniyalıların əksəri ölkənin Avropa İttifaqında qalmasını dəstəkləyib. Oktyabr ayında isə miqrasiya böhranı dərinləşib və Avropa İttifaqı tərəfdarlarının sayı 53%-ə düşüb.

Məqalə müəllifləri vurğulayır ki, noyabr araşdırmaları nəsillərin Avropa İttifaqına yanaşmasında böyük fərqin olduğunu ortaya çıxarıb. 18-24 yaşlı britaniyalıların 69 faizi, yaşı 65-dən yuxarı olan sakinlərin isə 38% faizi Avropa İttifaqında qalmağın tərəfdarıdır.

Tədqiqat onu da göstərib ki, Avropa İttifaqını Britaniyada ən çox Şotlandiya və Uels əhli dəstəkləyir.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.

Deputat seçilmiş 4 rektor vəzifədən getdi

25.11.2015

Prezident İlham Əliyev sərəncamlar imzalayaraq Ağacan Abiyevi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Səməd Seyidovu Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlını Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Əmiraslanovu Azərbaycan Tibb Universitetinin rektoru vəzifələrindən azad edib. Onlar noyabrın 1-də Milli Məclisin deputatı seçiliblər.

Azərbaycan Konstitusiyasına görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisin deputatı ola bilməz. Deputat seçilmiş şəxs ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Prezident: “İslahatları davam etdirəcəyik”

25.11.2015

Noyabrın 24-də prezident İlham Əliyev yeni Milli Məclisinin ilk iclasında çıxış edib. O qeyd edib ki, noyabrın 1-də keçirilmiş parlament seçkisi xalqın iradəsini tam ifadə edir, Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: “Azərbaycan demokratiyaya sadiqdir. Bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar — söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkidə bütün bu azadlıqlar bir daha özünü büruzə verib”.

Transparency.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanın son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb: “Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıb. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.

Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalqın bizim siyasətimizə verdiyi dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıb. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir”.

İlham Əliyev hakimiyyətin, eləcə də yeni Milli Məclisin qarşısında duran vəzifələrdən söz açaraq Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun”.

Prezident qeyd edib ki, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır: “Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir”.

Daxili siyasətlə bağlı məsələlərə toxunan prezident deyib ki, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır: “Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcək.

Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar var, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclisdə qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaq.

Biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə — bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.

Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcək. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz”.

TSEK sədri II qrup əlildən 1200 manat rüşvət alarkən yaxalanıb

25.11.2015

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bəlli olub ki, 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyib. Məmur razılaşdırılmış 1200 manat pulu şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən yaxalanıb.

Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daxili dövlət borclanmasının yuxarı həddi 3 milyard manat artdı

25.11.2015

Prezident İlham Əliyev dövlət büdcəsinə dəyişiklik qanununu imzalayıb. Yenilik 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddini (limiti) 1,5 milyard manatdan 4,5 milyard manata qədər artırılmasını nəzərdə tutur.

Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında qəbul olunmuş qanuna görə, yenilik 2015-ci ilin iyulun 15-dən tətbiq edilir.

Rusiyada dövlət büdcəsi dəyişdirildi

25.11.2015

Noyabrın 25-də Federasiya Şurası 2015-ci ilin büdcəsinə düzəlişlər qanununu təsdiqləyib. Novator.az xəbər verir ki, düzəlişlərə əsasən, gəlirlər və xərclər artırılıb, büdcə kəsiri isə 0,5 trilyon rubl azaldılıb.

Büdcə xərcləri 13,3 trilyon rubl artıb. 124 milyard rubl Pensiya Fondunun kəsirinin örtülməsinə, 30 milyard rubl iki bankın nizamnamə kapitalının ödənişinə sərf olunacaq. Vəsaitlərin bir hissəsi isə regional büdcələrin balanslaşdırılmasına yönəldilir.

Rusiya ilə Türkiyə arasında gərginlik nələrə gətirə bilər?

25.11.2015




Türkiyənin hava sərhədini pozan Rusiya hərbi təyyarəsi noyabrın 24-də vurulub. Pilotlardan biri həlak olub. Transparency.az-a danışan iqtisadçı ekspertlər iki ölkə arasında gərginliyin mümkün nəticələrini şərh ediblər. Qubad İbadoğlu deyib ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkənin xərcini artıracaq: “Gərginlik iki ölkə arasında enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək. Tərəflər arasında fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. “Rosatom” korporasiyasının Türkiyədə atom elektrik stansiyası inşa etməsi və bunun üçün 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyədən dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq.

Türkiyənin Almaniyadan sonra ikinci ticarət ortağı olan Rusiyadan idxalı ötən il 25 milyard, ixracı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard dollar olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırmaq proqnozlaşdırılırdı”.

Ekspert deyir ki, 24 noyabr hadisəsindən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq: “Eyni zamanda rusiyalı turistlərin Türkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirib Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Son məlumatlara görə, ötən il 4,5 milyon, bu ilin ilk 8 ayında isə 2,78 milyon rusiyalı turist Türkiyəni ziyarət edib.

Lakin münasibətlər qarşılıqlı olduğundan Rusiya iqtisadiyyatı da mənfi təsir görəcək. Türkiyə ilə başlanacaq yeni iqtisadi müharibə onsuz da sanksiyalardan və neft qiymətlərinin düşməsindən zəifləyən və ildən-ilə kiçilən Rusiya iqtisadiyyatı üçün  yaxşı perspektiv vəd etmir”.

Natiq Cəfərli hesab edir ki, böhran fonunda Rusiya Türkiyəyə turist axınını dayandıracaq, bununla da ona iqtisadi ziyan vurmağa çalışacaq: “Moskva qaz anlaşmalarında daha sərt mövqedə olacaq. Türkiyə şirkətlərinə Rusiya bazarında problem yaradacaqlar, türk mallarının Rusiyaya girişində gömrük əngəlləri artacaq, bəzi Türkiyə məhsullarının Rusiya bazarına girişi qadağan ediləcək”.

Ekspertin fikrincə, yaranmış durumda Ankara vəziyyəti yumşaltmağa çalışacaq: “Türk axını” layihəsində müəyyən güzəştlər edəcək. Moskva iqtisadi basqını artırsa, Ankara dəyəri 20 milyard dollar olan “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üzrə Rusiyanın udduğu tenderi ləğv edə bilər”.

Rabitə Nazirliyində yeni təyinat

25.11.2015



Noyabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayaraq Ramin Namiq oğlu Quluzadəni rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib.

Transparency.az xatırladır ki, noyabrın 12-də Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarılıb. Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri (əvvəllər rabitə və informasiya texnologiyaları naziri) postunu 2004-cü ildən tuturdu.

Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə ev verilib

25.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 25-də yayılan rəsmi məlumatına görə, fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi işləri davam etdirilir. Daha 6 yeni fərdi yaşayış evi Quba rayonunda bu təbəqədən olan insanlara verilib. Onlardan 5-i Qarabağ müharibəsi əlilləri, 1-i isə şəhid ailəsidir.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evini müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.



Həmkarların yubileyi qeyd olunub

25.11.2015

Noyabrın 25-i Dövlət Musiqili Teatrında Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi münasibətilə mərasim keçirilib. Mərasimə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, digər dövlət və hökumət rəsmiləri, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının, həmçinin bir sıra ölkələrin həmkarlar ittifaqları qurumlarının rəhbər şəxsləri, respublika həmkarlar ittifaqlarının nümayəndələri qatılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının tarixi və inkişaf yolu ilə bağlı məruzə ilə çıxış edib. AHİK sədri ölkədə həmkarlar ittifaqlarının sıralarında 1,6 milyondan çox insanın birləşdiyini vurğulayıb.

APA-nın məlumatına görə, Əli Həsənov çıxışında deyib ki, hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir: “Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir. Müstəqillik dövründə AHİK-nin beynəlxalq əlaqələri də yaranıb və genişlənib, qurum Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olub.

İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Azərbaycan prezidenti həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab edir. İmzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının əyani təzahürüdür. Digər tərəfdən ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha effektiv qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaradır”.

Həmkarların yubileyi qeyd olunub

25.11.2015



Noyabrın 25-i Dövlət Musiqili Teatrında Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi münasibətilə mərasim keçirilib. Mərasimə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, digər dövlət və hökumət rəsmiləri, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının, həmçinin bir sıra ölkələrin həmkarlar ittifaqları qurumlarının rəhbər şəxsləri, respublika həmkarlar ittifaqlarının nümayəndələri qatılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının tarixi və inkişaf yolu ilə bağlı məruzə ilə çıxış edib. AHİK sədri ölkədə həmkarlar ittifaqlarının sıralarında 1,6 milyondan çox insanın birləşdiyini vurğulayıb.

APA-nın məlumatına görə, Əli Həsənov çıxışında deyib ki, hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir: “Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir. Müstəqillik dövründə AHİK-nin beynəlxalq əlaqələri də yaranıb və genişlənib, qurum Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olub.

İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Azərbaycan prezidenti həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab edir. İmzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının əyani təzahürüdür. Digər tərəfdən ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha effektiv qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaradır”.

Amerika dolları bahalaşdırsa…

25.11.2015



Dünyanın diqqəti ABŞ-ın Federal Ehtiyat Sisteminin, Açıq Bazar Komitəsinin dekabrın 15-16-da keçiriləcək toplantısına yönəlib. Həmin toplantıda Federal Ehtiyat Sistemi (Mərkəzi Bank) uçot dərəcəsini qaldıra bilər.

Uçot dərəcəsi nədir? ABŞ Mərkəzi Bankı dərəcəni qaldırsa, nə baş verər? Transparency.az/cnews bununla əlaqədar azərbaycanlı oxucular üçün arayış hazırlayıb.

Yenidən maliyyələşmə – mərkəzi bankın digər kommersiya banklarını kreditlə təmin etməsidir. Mərkəzi banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində vətəndaşlara (fiziki şəxslərə), müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırır.

Yenidən maliyyələşdirmə dərəcəsi Azərbaycanda uçot dərəcəsi adlanır. Uçot dərəcəsi – Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Yəni Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Hazırda həmin rəqəm 3%-dir.

Uçot dərəcəsi aşağı salındıqda kommersiya banklarının mərkəzi bankın pullarına olan tələbi artır, onlar daha çox pul götürməyə çalışır, bunun sayəsində maliyyə imkanlarını böyüdür.

Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarında əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Hazırda ABŞ Federal Ehtiyat Sisteminin banklar üçün uçot dərəcəsi 0,25 faizdir. Uçot dərəcəsinin yüksəldiləcəyi ehtimalı digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırır. Ekspertlərin qənaətinə görə, ABŞ-ın uçot dərəcəsini qaldırması dolları bahalaşdıracaq. Onlar hesab edirlər ki, Avropa İttifaqının 60 milyard avro dəyərində pul çap edərək dövriyyəyə buraxması da dolların bahalaşmasına gətirir. Yəni avronun ucuzlaşması dollara olan tələbatı daha da artırır.

Neftin ucuzlaşmasına diqqət çəkən ekspertlər bildirirlər ki, bu məqam və ABŞ iqtisadiyyatının getdikcə güclənməsi də dolları möhkəmləndirən faktorlardır. Dolların bahalaşması isə manata mənfi təsir edəcək. Çünki manatın arxasında ucuzlaşan neft pulları dayanır.

Amerika dolları bahalaşdırsa…

25.11.2015



Dünyanın diqqəti ABŞ-ın Federal Ehtiyat Sisteminin, Açıq Bazar Komitəsinin dekabrın 15-16-da keçiriləcək toplantısına yönəlib. Həmin toplantıda Federal Ehtiyat Sistemi (Mərkəzi Bank) uçot dərəcəsini qaldıra bilər.

Uçot dərəcəsi nədir? ABŞ Mərkəzi Bankı dərəcəni qaldırsa, nə baş verər? Transparency.az/cnews bununla əlaqədar azərbaycanlı oxucular üçün arayış hazırlayıb.

Yenidən maliyyələşmə – mərkəzi bankın digər kommersiya banklarını kreditlə təmin etməsidir. Mərkəzi banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində vətəndaşlara (fiziki şəxslərə), müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırır.

Yenidən maliyyələşdirmə dərəcəsi Azərbaycanda uçot dərəcəsi adlanır. Uçot dərəcəsi – Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Yəni Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Hazırda həmin rəqəm 3%-dir.

Uçot dərəcəsi aşağı salındıqda kommersiya banklarının mərkəzi bankın pullarına olan tələbi artır, onlar daha çox pul götürməyə çalışır, bunun sayəsində maliyyə imkanlarını böyüdür.

Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarında əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Hazırda ABŞ Federal Ehtiyat Sisteminin banklar üçün uçot dərəcəsi 0,25 faizdir. Uçot dərəcəsinin yüksəldiləcəyi ehtimalı digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırır. Ekspertlərin qənaətinə görə, ABŞ-ın uçot dərəcəsini qaldırması dolları bahalaşdıracaq. Onlar hesab edirlər ki, Avropa İttifaqının 60 milyard avro dəyərində pul çap edərək dövriyyəyə buraxması da dolların bahalaşmasına gətirir. Yəni avronun ucuzlaşması dollara olan tələbatı daha da artırır.

Neftin ucuzlaşmasına diqqət çəkən ekspertlər bildirirlər ki, bu məqam və ABŞ iqtisadiyyatının getdikcə güclənməsi də dolları möhkəmləndirən faktorlardır. Dolların bahalaşması isə manata mənfi təsir edəcək. Çünki manatın arxasında ucuzlaşan neft pulları dayanır.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini (Bioqrafiya)

25.11.2015



Transparency.az/cnews noyabrın 25-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuş Ramin Namiq oğlu Quluzadənin bioqrafiyasını təqdim edir.

Ramin Quluzadə 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbin məzunudur.

Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.

Azərbaycan Respublikası prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib

25.11.2015



Noyabrın 23-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib. Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda il ərzində orduda aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.

Təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlər keçirilib.

Toplantıda silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunub, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetiriblər.

Toplantı iştirakçılarının ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ-hüquqi sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Noyabrın 25-də isə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib. Toplantıda çıxış edən müdafiə naziri hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı, düşmənin təxribat-kəşfiyyat qruplarının basqın cəhdlərinin qarşısının alınması, qoşunların mütəxəssislərlə komplektləşdirilməsi məsələləri, 2016-cı tədris ilində Silahlı Qüvvələrin vəzifələri barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Müdafiə nazirinin əmrinə əsasən, 2015-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Baş Prokurorluğun “MTN işi” haqda məlumatı: “57 nəfərə on milyonlarla manat ziyan dəyib”

25.11.2015




Noyabrın 25-də Baş Prokurorluğun mətbuat xidməti Milli Təhlükəsizlik Nazirliyində ayrı-ayrı vəzifələri tutmuş şəxslər barəsində başlanan cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Transparency.az/cnews həmin məlumatı tam həcmdə təqdim edir:

Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sahibkarlar və ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində həyata keçirilən araşdırma nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanmışdır.

Belə ki, həmin nazirliyin Baş İdarəsinin sabiq rəisi Çovdarov Akif Teymurxan oğlu tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Akif Oqtay oğlu, Məmmədov Səlim İbrahim oğlu və Osmanov Orxan Hacısəfər oğlu ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz əməliyyatlar keçirib sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilmişdir.

Nazirliyin digər Baş İdarəsinin sabiq rəisi Qurbanov Sübahir Xaliq oğlunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət almasına dəlalət edən sübutlar toplanmışdır. S.Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Fizuli Zülfüqar oğlu, Alıyev Natiq Allahverdi oğlu və Məmmədov Zaur İbiş oğlundan ibarət mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin mart ayında sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun, A.Zakirov və M.Quliyevin zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək hədə-qorxu gəlməklə külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə dair kifayət qədər əsaslar vardır.

Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstənin 2014-cü ilin dekabr ayında sahibkar K.Seyfullayevin olduğu avtomaşını güdərək onu nazirliyin inzibati binasına aparıb qanunsuz azadlıqdan məhrum etməsinə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad etməsinə dair faktlar müəyyən edilmişdir.

Bundan əlavə, həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə araşdırmalar aparılır.

Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar Mustafa oğlu və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanmışdır. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların  müraciətləri də araşdırılır.

Nazirliyin digər Baş İdarələrinin sabiq rəisləri Quliyev Teymur Rəcəb oğlu və Mirvətova Natavan Mürsəl qızı, həmin qurumların digər vəzifəli şəxsləri Əzizov Elşad Əzizağa oğlu, Şirəliyev Anar Hacıçoban oğlu, Atayev Fərhad Tofiq oğlu və Əliyev Eşqin Dünyamalı oğlu səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına dair təkzibedilməz sübutlar əldə edilmişdir.

Nazirliyin sabiq şöbə rəisi Ələkbərov Vüsal Hicran oğlunun sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi, azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına buraxması və barəsində olan cinayət təqibinə xitam verməsinə dair əsaslı faktlar müəyyən edilmişdir. Bundan başqa  Vüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Nazirliyin digər əməkdaşı Abdullayev Mehman Dəmir oğlu sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunmuşdur.

İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Əsgərov Mirəziz Mirəşrəf oğlu sahibkar V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində bilmiş, sahibkar həmin pulu aldıqdan sonra onu qanunuz saxlayaraq telefon danışıqlarına qulaq asıldığını bildirmişdir. M.Əsgərovun iş adamını həbs olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən sonra buraxması və gələcəkdə hesabına göndəriləcək pul vəsaitlərinin alınmasına maneə törətməmək üçün əlavə olaraq külli miqdarda pul almasına dair kifayət qədər dəlillər mövcuddur.

Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdır. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilmişdir.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda ilk dəfə “Fermer evi” istifadəyə verilib

26.11.2015




Noyabrın 25-i Qubanın Timiryazev kəndində ölkədə ilk “Fermer evi” istifadəyə verilib. Agro.gov.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov açılış mərasimində deyib ki, “Fermer evi”nin yaradılmasında əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir: “Fermer evi”ndə fermer və sahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək”.

Heydər Əsədovun sözlərinə görə, fermer və sahibkarlar burada yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsullarının marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı əlaqəli mübarizə tədbirləri sistemi üzrə məsləhətlər ala biləcəklər: “Daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi fermerlərə bazara çıxışı asanlaşdıracaq. Onlar kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatla təmin ediləcək.

“Fermer evi”nin məsləhətçiləri fermerlərə məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair məsləhət xidməti göstərəcəklər. Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək”.

Tədbirdə “Fermer evi”nin internet portalı barədə də məlumat verilib. Burada fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanması, torpaqla necə davranmaq barədə videolar yerləşdirilib. İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerin sualları və ya problemi barədə məlumat aidiyyəti əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq.

Heydər Əsədov şimal regionundan olan fermer və sahibkarlarla görüşüb, onları dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı güzəştlərdən yararlanmağa səsləyib. Bildirilib ki, bu vaxtadək “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən 3 min 667 istifadəçiyə 11 min 748 ədəd kənd təsərrüfatı texnikasına görə 44 milyon 491 min 79 manat güzəşt olunub.

Tədbirdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinqlə verilən 1 milyon 840 min 449 manat məbləğində 148 ədəd kənd təsərrüfatı texnikasına 658 min 839 manat güzəşt tətbiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz balıq ovuna qarşı xüsusi komissiya yaradıb

26.11.2015



Ekologiya və Təbii Sərvətlər Nazirliyi su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün xüsusi komissiya yaradıb. Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, komissiyanın tərkibinə nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri aparılacaq yoxlamalarda iştiraka dəvət edib.

Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilər.

İlham Əliyev İSESCO-nun sessiyasında iştirak edir

26.11.2015

AZƏRTAC xəbər verir ki, noyabrın 26-sı Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Prezident İlham Əliyev sessiyada iştirak edir.

Dövlət başçısı sessiyanın açılışında çıxış edib.

Ramin Quluzadə nazir vəzifəsini icra edəcək

26.11.2015



Prezident İlham Əliyevin 25 noyabr sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə nazir səlahiyyətlərini icra edəcək. Xəbəri nazirlik rəsmən yayıb.

Məlumata görə, dövlət başçısının digər sərəncamına əsasən, İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

Nazir əvəzi Ramin Quluzadə noyabrın 25-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivinə təqdim olunub.

Transparency.az/cnews bildirir ki, Ramin Quluzadə 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbin məzunudur.

Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.

Azərbaycan Respublikası prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Noyabrın 12-də Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarılıb. Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri (əvvəllər rabitə və informasiya texnologiyaları naziri) postunu 2004-cü ildən tuturdu.

“Azəristiliktəchizat” ASC-nin sədr müavini: “Azəriqaz”la düşmən deyilik”

26.11.2015

“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev APA-Economics-ə müsahibə verib. O deyib ki, mövcud normativ-hüquqi aktlara əsasən, dağ ərazilərdə payız-qış mövsümünə noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən keçilir: “Noyabrın 15-dən payız-qış mövsümü başlamalı idi və bütün zəruri hazırlıq işləri görülmüş, qazanxana və istilik şəbəkəsi avadanlıqları tam hazır vəziyyətə gətirilmişdi. Həmin gün qazanxanalar işə salınsa da, istehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün “Azəriqaz” İstehsalat Birliyi qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verir. Biz dərhal müzakirələrə başladıq və bildirdik ki, məsələnin bu cür qoyuluşunu məqbul hesab etmirik. Çünki həm “Azəriqaz”, həm “Azəristiliktəchizat” bu dövlətin qurumlarıdır və bizim aramızda olan problemlərin vətəndaşa təsir etməsi düzgün deyil. Biz hesab edirik ki, bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə və ya ən pis halda məhkəməyə müraciət olunmalı idi. Bir az da uzağa getsək, bu cür məsələlərdə məhkəmədən öncə tərəflər arasında ilkin danışıqlar olmalıdır, yəni tərəflər mübahisəni məhkəməyə qədər həll etməkdə maraqlı olmalıdırlar. Əgər danışıqlar nəticə verməzsə, məhkəməyə müraciət etmək olar.

“Azəriqaz”ın xəbərdarlıq məktubları olub, lakin zəruri müzakirələr aparılmayıb. Təbii ki, mən özümüzü tərifləyib günahı “Azəriqaz”ın üzərinə yıxmaq istəmirəm, çünki onlar öz borclarını tələb etməkdə haqlıdırlar. Amma borc məsələsinə iki cür yanaşmaq olar: “Azəriqaz” borcunu tələb etməkdə haqlıdır, digər tərəfdən qazanxanaların qaz təchizatını dayandıraraq borcu tələb etmək doğru deyil. İstənilən halda təchizat öz yerində qalmalı idi”.

İlham Mirzəliyev qeyd edib ki, müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərcləri bağlaya bilməməsidir: “Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su satılır 40 qəpiyə. Tariflər arasındakı disbalansa fikir verin. Bu, səbəblərdən biridir.

Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən təhsil, səhiyyə ocaqları, körpələr, qocalar evlərinin istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitlər faktiki tələbatın 50-52%-ni təşkil edir. Başqa sözlə, büdcədən maliyyələşdirilən təşkilatlar faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Yəni bu qəbildən olan müəssisələr üçün bir limit müəyyənləşdirilib. Lakin biz onları enerjisiz qoymuruq, halbuki bunu etməyə bilərik, çünki zərərimiz artır. Yanvarın ortasında bu sosial obyektlərdə istiliyin kəsilməsi nə dərəcədə doğru olardı ? Axı o əlil də bizimdir, məktəbli də bizimdir, xəstə də bizimdir… Hesab edirəm ki, bir dövlət qurumu olaraq biz düzgün addım atırıq. Və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər bir yerində belədir”.

“Azəristiliktəchizat”ın rəsmisi əlavə edib ki, hazırda ölkə üzrə 535 qazanxanadan 291-i işləyir: “Bakıda 340 qazanxanadan 126-sı, regionlarda 195 qazanxanadan 165-i işlək vəziyyətdədir. Amma nəzərə alaq ki, söhbət orta və kiçik həcmli qazanxanalardan gedir. Böyük qazanxanalar qoşulmayıb. Bakıda nəzərdə tutulan 3140 binadan cəmi 632-nə istilik verilir.

Bütün “Azəristiliktəchizat”ın istehlak etdiyi qazın həcmi “Azəriqaz”ın satdığı qazın həcminin 1,74%-ni təşkil edir. Başqa sözlə, söhbət “Azəriqaz” üçün o qədər də böyük rəqəmdən getmir. Bu o deməkdir ki, bizim istehlak etdiyimiz qaz “Azəriqaz”ın fəaliyyətini iflic edəcək səviyyədə deyil.

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi öz təkliflərini Nazirlər Kabinetinə paket şəklində təqdim edəcək yaxın zamanda. Yəqin ki, müəyyən kompromisə gəlmək olacaq. Biz “Azəriqaz”la düşmən təşkilat deyilik. Əksinə, çox müsbət münasibətlərimiz var və uzun illərdir ki, birgə əməkdaşlıq edirik. Hesab edirəm ki, yaxın günlərdə məsələ həllini tapacaq”.

Tariflər məsələsinə toxunan “Azəristiliktəchizat” rəsmisi deyib ki, 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara əsasən, yaşayış sahəsinin 1 kvadratmetrinə görə 1 kubmetr istilik enerjisinin tarifi 15 qəpik, digər qruplar üçün 25 qəpik səviyyəsində müəyyənləşdirilib: “Bu gün biz isti su təchizatı istisna olmaqla tariflərin artırılmasını aktual hesab etmirik. Çünki tariflərin artırılmasınadək bir sıra atılası addımlar var. Məsələn, istehsal və digər xərclərin azaldılması, xidmət xərclərinin müəyyənləşdirilməsi, büdcədən maliyyələşdirilən təşkilatlara istilik haqlarının ödənişi üçün müəyyən edilən limitlərin faktiki tələbata uyğunlaşdırılması, əhali üzrə istilik haqlarının yaşayış sahəsinə deyil, ümumi sahəyə tətbiq edilməsi, modernləşdirilmə siyasətinin davam etdirilməsi və sair. Qeyd etdiyim məsələlər bu və ya digər formada həllini tapsa hesab edirəm ki, tarif artımından daha effektli ola bilər. Yəni yaxın 2 il ərazində istilik tariflərini artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməsi gündəmdə deyil”.

Qarabağa hansı status verilməlidir?

26.11.2015



Azərbaycanın Dağlıq Qarabağ bölgəsində muxtariyyətin ləğvindən 24 il ötür. 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə ləğv olunub.

Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olmuş keçmiş muxtar vilayətdə indi işğalçı rejim hakimdir. 1991-1993-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib.

“Dağlıq Qarabağ Respublikası” adlı rejimdə seçki adı altında 19 qanunsuz aksiya keçirilib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum” olub.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarında əsas məqam Dağlıq Qarabağın yekun statusu məsələsidir. Dağlıq Qarabağa hansı statusu vermək olar: muxtar vilayət statusu, muxtar respublika statusu, Azərbaycanın tərkibində respublika statusu və ya başqa bir status? Bəlkə Dağlıq Qarabağa yalnız mədəni muxtariyyət verilməlidir?

Transparency.az-ın suallarını cavablandıran siyasi elmlər doktoru, politoloq Azər Qasımlı hesab edir ki, Qarabağ problemi Minsk qrupu çərçivəsində öz həllini tapmayacaq. Politoloqun fikrincə, qrupun missiyası hər iki tərəfi müharibədən saxlamaq və böyük ölkələrin bu problemin həllində nəzarətini, inhisarını təmin etmək olub: “Minsk qrupu həmsədrlərinin tərkibi hər şeydən xəbər verir: ABŞ bölgədə marağı olan, həm iqtisadi, həm siyasi baxımdan ən güclü ölkədir. Rusiya regionun ən güclü dövləti, Fransa Avropa Birliyinin əsas ölkələrindən biridir. Yəni məqsəd problemi həll etmək deyil, maraqlı tərəflərin bir-birini nəzarətdə saxlamasıdır. İllər ərzində əsas iş mexanizmi məhz bu olub.

Qarabağ problemi iki istiqamətdə həll oluna bilər: Rusiyanın moderatorluğu və Avropa Birliyinin egidası altında. Birinci yolla daha asan həll mümkündür. Amma bunun üçün Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmalı, MDB-nin kollektiv təhlükəsizlik müqaviləsini imzalamalıdır. Ən əsası Azərbaycanda Rusiyanın hərbi bazalarının yerləşdirilməsi və onların Qarabağda sülhməramlı qüvvələr kimi fəaliyyətinə icazə verilməlidir. Belə olduğu təqdirdə Qarabağa Azərbaycan daxilində ən yüksək özünüidarə statusu verilə bilər. Bu, muxtar respublika da ola bilər, muxtar vilayət də. Məsələ Azərbaycanın danışıqlarda tutduğu mövqedən asılı olacaq. Amma hər bir halda Qarabağa hansısa özünüidarə statusu verilməlidir”.

Mümkün variantları Azər Qasımlı belə şərh edir: “Muxtar vilayət ən aşağı ehtimal olunan statusdur, çünki ermənilər buna getməyəcək. Ayrılmaq hüququ olmadan Azərbaycan daxilində muxtar respublika erməniləri razı salmaq üçün daha uyğun variantdır”.

Problemin Avropa Birliyinin himayəsi altında həllini isə politoloq daha asan yol hesab edir: “Hər iki ölkə Avropa Birliyinə inteqrasiya yolu tutmalı, assosiasiya sazişini imzalamalıdır. İki dövlət arasında vizalar, gömrük sərhədləri aradan qaldırılmalıdır. Qarabağ ermənilərinə həm Azərbaycan, həm Ermənistan vətəndaşı olmaq hüququ verilməlidir. Bölgə ağır silahlardan təmizlənməli, işğal olunmuş bütün ərazilər geri qaytarılmalı, demilitarizə edilməli, Qarabağ iqtisadi azad zonaya çevrilməlidir. Bundan sonra status məsələsini həll etmək çox asan olacaq.

Qarabağın statusu isə Avropa Birliyi, Azərbaycan və Ermənistanın təhlükəsizlik zəmanəti altında Azərbaycandan ayrılmaq hüququnun olmaması şərti ilə ya muxtar vilayət, ya da muxtar respublika şəklində müəyyən edilməlidir”.

Transparency.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc Dağlıq Qarabağ Muxtar Vilayətinin 1991-ci il noyabrın 26-da ləğv edilməsini yanlış qərar saydığını, bu addımın ermənilərin xeyrinə işlədiyini vurğulayıb: “Çünki muxtar vilayət statusunun Dağlıq Qarabağ üzərində qalması Azərbaycanın siyasi idarəçilik sisteminə hər hansı ziyan vurmurdu. Muxtariyyətin ləğvi bizi Qarabağa qovuşdurmadı, işğal gerçəkliyi hazırkı durumu meydana çıxardı. Ermənilər Dağlıq Qarabağda qurduqları saxta respublikada dırnaqarası prezident, parlament seçkilərinə gedib, yerli özünüidarə orqanları formalaşdırıblar. Əhali neçə illərdir “Qarabağ dövləti” adı altında yaşayır, bu, hafizələrə yeriyir, düşüncələrə oturur. Bizim cinahda isə Dağlıq Qarabağ bölgəsinin üç rayonunun – Şuşanın, Xocalının və Xocavəndin icra hakimiyyətləri, bir də azərbaycanlı icmasını birləşdirən ictimai qurum var. Bu təsisatlar bir-birinə xüsusi koordinasiya ilə bağlı deyillər.

Məncə, Dağlıq Qarabağın muxtar vilayət statusunu bərpa etmək lazımdır. Belə vəziyyətdə azərbaycanlı icmasına bağlı icra hakimiyyəti orqanları da vahid qüvvə kimi çıxış edər. Dağlıq Qarabağın yekun statusu isə münaqişənin həlli modeli içərisində müəyyənləşəcək. Dağlıq Qarabağa ərazi bütövlüyümüzə, bölgə üzərində suveren haqlarımıza zidd olmayan səlahiyyətləri vermək olar. Amma bu, xalqın birgə qərarı olacaq. İstənilən sülh müqaviləsi millətin səsi ilə, referendumla təsbit olunub işləklik qazana bilər”.

Nazirlikdə cəzalar

26.11.2015

Noyabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.

Nazirlikdən Transparency.az-a verilən məlumata görə, nazir Səlim Müslümov çıxışında deyib ki, bu ilin 9 ayında bu yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb: “Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb”.

Nazir əlavə edib ki, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyəti üçün hazırlanmış elektron infrastruktur aidiyyəti dövlət orqanlarının bu sahədə müvafiq işləri başa çatdırmalarından dərhal sonra işə salınacaq, dövlət başçısının 14 sentyabr 2015-ci il fərmanına uyğun olaraq əlillik təyinatı prosesinin də avtomatlaşdırılması işləri davam etdirilir.

Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən çıxarılıb, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.



Xədicə İsmayıl 4 saylı müəssisəyə köçürüləcək

26.11.2015

Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayıl yaxın günlərdə paytaxtda qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək. Transparency.az-a danışan vəkil Fariz Namazlı belə deyib. Vəkil Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi Ali Məhkəməyə şikayət verəcəklərini də bildirib.

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilib

26.11.2015

Noyabrın 26-da Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunda işgüzar forum keçirib. Transparency.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki, forumda müvəkkil kredit təşkilatları 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verib. Vəsaitin əsasən heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı kimi sahələrə yönəldiləcəyi vurğulanır. Kreditlərin reallaşacağı təqdirdə 600-dən çox yeni iş yerinin yaradılması gözlənir.

Forumda ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, indiyədək paytaxt və onun qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilib, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Bildirilib ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-si üzrə işlər davam etdirilir.

Türkiyə-Rusiya iqtisadi əlaqələri: rəqəmlər nə deyir?

26.11.2015

İqtisadçı Vüqar Bayramov Rusiyanın turizm şirkətlərinin Türkiyəyə səyahət paketlərinin satışını dayandırmasını şərh edib. Transparency.az-ın məlumatına görə, o deyib ki, Rusiya Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdəndir: “Ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhfəsi 4 milyard dollardan çox olub. 2014-cü ildə Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34,3 milyard dollar olub. Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırıb. Bu, kiçik rəqəm deyil”.

Ekspert əlavə edib ki, son illər Türkiyə-Rusiya iqtisadi əlaqələri inkişafda olub: “Ötən il Türkiyənin Rusiyaya ixracı 5,9 milyard dollara çatıb. Türkiyənin ixrac etdiyi qida məhsulların 20, yüngül sənaye mallarının 15 faizi məhz Rusiyaya göndərilir.

Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub. Rusiyadan ildə 28 milyard kubmetr mavi qaz idxalı Türkiyənin bu enerji növünə olan tələbinin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Ölkənin istehlak etdiyi neftin isə 30 faizi Rusiyadan gəlir.

İki ölkə arasında son gərginlik Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcək, amma Rusiya da bu prosesdən itkisiz çıxmayacaq. Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsallı polad məhsullarının əsas alıcılarındadır.

İki ölkə arasında investisiya layihələrinə aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyə “Rosatom”la nüvə reaktorunun quraşdırılması haqda 20 milyard dollarlıq müqavilə imzalayıb. Avropa İttifaqı “Cənub axını” layihəsinə yox deyəndən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır”.

Vüqar Bayramov onu da deyib ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il iqtisadi münasibətlərə təsirsiz ötüşməyib: “Bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracı 40 faiz azalaraq 2,7 milyard dollara düşüb”.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

26.11.2015



Daxili İşlər Nazirliyi və Baş Prokurorluq noyabrın 26-da birgə məlumat yayıb. Məlumatda deyilir:

- Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.

Müəyyən olunmuşdur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin Taleh Bağırov başda olmaqla 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Prezident sərəncamı: ali təhsil müəssisələrinin sayı azaldı

27.11.2015

Prezident İlham Əliyev noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmasına sərəncam verib. Bu qərarın pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi daşıdığı bəyan olunub.

Sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunur. Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

Transparency.az bildirir ki, təhsil qanununa görə (Qanun), Azərbaycan Respublikasında ali təhsil müəssisəsi bir neçə formada ola bilər: ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s. 26 noyabr sərəncamından sonra Azərbaycanda 31 universitet, 12 akademiya, ixtisaslaşmış 5 ali məktəb, 2 institut, 1 konservatoriya var.

İlham Əliyev: “İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir”

27.11.2015



Noyabrın 26-sı Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının sessiyasında çıxış edən prezident İlham Əliyev Qarabağ məsələsindən söz açıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir öz həllini tapmır. Uzun illərdir Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər Xocalı soyqırımı törədiblər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır.

Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul ediblər. Yəni beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.

ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərib. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey — bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, islam mədəniyyətinə qarşı terrorizmdir.

Erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədiblər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olub. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsus ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri islamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz islam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində islam bölməsinin təşkilində fəal rol oynayıb, öz maliyyə töhfəsini verib.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə — prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər”.

Şahin Mustafayev Belarusda iş adamlarına çağırış edib

27.11.2015


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir. Economy.gov.az-ın məlumatına görə, noyabrın 26-da Minskdə Belarus-Azərbaycan biznes forumu başlayıb. Forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O deyib ki, iki ölkə arasında lazımi müqavilə-hüquqi baza yaradılıb, indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb.

Şahin Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir: “Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur. Gəncə Avtomobil Zavodu və Minsk Traktor və Avtomobil Zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır”.

Nazir iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.

Əlilliyi olan şəxslərin sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub

27.11.2015

Noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin Bakıda keçirilən IX ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərini mükafatlandırıb. Rəsmi məlumata görə, rəngkarlıq və qrafika, dekorativ tətbiqi sənət, tikmə və xalçaçılıq üzrə I yer tutan 3 nəfərin hər birinə 300 manat, II yer tutan 7 nəfərin hər birinə 250 manat, III yer tutan 11 nəfərin hər birinə 200 manat pul mükafatı və diplomlar təqdim olunub.

Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında təsviri sənət üzrə I yeri tutan 1 nəfərə 200 manat, II yeri tutan 3 nəfərin hər birinə 150 manat, III yeri tutan 5 nəfərin hər birinə isə 100 manat pul mükafatı və diplomlar verilib. Sərgi-müsabiqənin digər iştirakçıları maddi yardım və təşəkkürnamələrlə təmin olunublar.

Nəqliyyat, informasiya və rabitə sektorunda əməkhaqqı nə qədərdir?

27.11.2015

Dövlət Statistika Komitəsi nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əməkhaqqı barədə hesabat yayıb. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, bu ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 73,6 min muzdlu işçinin 72,1 faizi dövlət, 27,9 faizi qeyri-dövlət müəssisələrində çalışıb. İşçilərin 54,3 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,8 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 3,9 faiz artaraq 560,1 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1043,3 manat, hava nəqliyyatında 822,3 manat, boru kəməri nəqliyyatında 716,9 manat, metro nəqliyyatında 583,7 manat, avtomobil nəqliyyatında 476,1 manat, dəmir yolu nəqliyyatında isə 256,1 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək haqqı dəniz nəqliyyatında 41,6 faiz, hava nəqliyyatında 4,6 faiz, boru kəməri nəqliyyatında 1,9 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 1,8 faiz artaraq 748,3 manat olub.

Prezident Administrasiyasının sabiq rəhbəri 3 il həbs cəzası aldı

27.11.2015

Qırğızıstan Prezidenti Administrasiyasının sabiq rəhbəri Daniyar Narımbayevə 3 il müddətinə həbs cəzası kəsilib. Novator.az xəbər verir ki, Narımbayev dələduzluqda təqsirli bilinib. Hökmə əsasən, Narımbayevin əmlakı müsadirə olunacaq.

Narımbayev bu il iyulun 20-də vəzifəsindən istefa verib, iyulun 24-də həbs edilib. O, paytaxt Bişkekin sabiq meri, məhbus Nəriman Tüleyevin qohumlarından rüşvət qoparmaqda ittiham olunub. Narımbayev Ali Məhkəmədə işinə baxılan Tüleyevin cəzasının yüngülləşdiriləcəyini vəd edibmiş.

Yada düşən vergi

27.11.2015





Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin