Xəbər bülleteni №31



Yüklə 349,32 Kb.
səhifə2/3
tarix30.11.2016
ölçüsü349,32 Kb.
#467
1   2   3
Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri:
(012) 538-85-62
(012) 538-54-83
(012) 539-55-19.

Yeni sistem 4872 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edib

05.05.2016

vemtas 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il fevralın 19-dan tətbiqinə başlanan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə bağlı məlumat yayıb. Hesabata görə, mayın 4-dək “Elektron hökumət” portalındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidməti vasitəsilə ailələri təmsil edən şəxslərin təqdim etdiyi 83182 ədəd “Ərizə-bəyannamə” VEMTAS-da təsdiqlənib: “Həmin “Ərizə-bəyannamə”lərdən 72276 ədədini (86,9%) təmsilçilər təsdiqləyib, onlardan 60 106 ədədi (83,2%) sistemdə emal edilib. Emal edilmiş “Ərizə-bəyannamə”lərdən 55234 ədədində (91,9%) bəyan edilmiş məlumatların aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanarkən öz təsdiqini tapmadığı, habelə məlumatların gizlədilməsi halı və digər uyğunsuzluqlar müəyyən olunub. Bu səbəblərdən həmin ailələrə sosial yardımın təyin olunmasından imtina edilib.

Emal prosesi aparılmış “Ərizə-bəyannamə”lərdən 68 rayon və şəhər üzrə 20244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə VEMTAS-da ünvanlı sosial yardım təyinatı aparılıb. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154,09 manatdır. Sistemdə təyinatı aparılmış ünvanlı sosial yardımlar üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) səviyyəsində qeydə alınıb.

Ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı hallarda da eyni qaydada məlumat göndərilməklə imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır. Hər bir vətəndaş imtinanın səbəbini ortadan qaldırmaqla (əgər bu texniki səhvdirsə) etibarnamənin qüvvədə olduğu müddətdə yenidən VEMTAS-a müraciət edə bilər.

Ailələri təmsil edən şəxslər sosial yardımın təyin olunması üçün müraciət etdikləri zaman avtomatlaşdırılmış sistemdəki “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə yalnız düzgün məlumatları təqdim etməlidirlər. Çünki VEMTAS 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində fəaliyyət göstərir. Daxil edilən bütün məlumatlar aidiyyəti qurumların informasiya bazalarında olan rəsmi məlumatlar əsasında yoxlanır, uyğunsuzluq, yaxud məlumatların gizlədilməsi halı aşkar edildikdə yardımın təyin olunmasından imtina edilir”.

Ermənistan parlamenti Qarabağ layihəsinə nə vaxt baxacaq?

05.05.2016



ermenistan parlamenti
Mayın 5-də Ermənistan hökuməti parlamentin növbədənkənar iclasını çağırmaq qərarı verib. Armtoday.info mayın 10-da keçiriləcək iclasın gündəliyinə 10-dan çox qanun layihəsinin salındığını bildirir. RİA-Novosti agentliyi iddia edir ki, iclasda “Arsax Respublikasının tanınması” haqqında qanun layihəsinin müzakirəsi də gözlənir.

Mayın 5-də Ermənistan hökumətinin iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki rejimi müstəqil dövlət kimi tanımaq barədə qanun layihəsi müzakirə olunub. Hökumət layihəni parlamentə göndərmək qərarı çıxarıb.

1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.

1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan mayın 5-də jurnalistlərə deyib ki, Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi parlamentin gündəliyinə Azərbaycan cəbhə xəttində yenidən hücuma keçəcəyi halda gətiriləcək. Parlamentin 10 may iclasının gündəliyində bu məsələ yoxdur.

Dağlıq Qarabağın tanınması layihəsinin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır.

Transparency.az bildirir ki, Zarui Postancyan Ermənistan parlamentinə müxalif İrs Partiyasından seçilib. 1972-ci ildə Yerevanda doğulub. Hüquqşünasdır.

Qrant Baqratyan Ermənistan parlamentində sabiq prezident Levon Ter-Petrosyanın lider olduğu Erməni Milli Konqresini təmsil edir. 1958-ci ildə Yerevanda doğulub. İqtisadçı-mühəndis, elmlər doktoru, professordur. 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. Müxalif Azadlıq Partiyasının sədridir.

Türkiyənin hakim partiyası növbədənkənar qurultay qərarı verdi

05.05.2016

ehmed davudoglu 1
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyəti mayın 5-də növbədənkənar qurultay çağırmaq qərarı verib. Transparency.az bildirir ki, növbədənkənar qurultay mayın 22-də keçiriləcək.

Qurultayda partiyaya yeni sədrin seçiləcəyi gözlənir. Bu isə həm də baş nazirin dəyişməsi anlamına gəlir.

Ədalət və İnkişaf Partiyasının sədri baş nazir Əhməd Davudoğludur.

Əhməd Davudoğlu 1959-cu ildə Konyada doğulub. İstanbuldakı Bosfor Universitetini bitirib. İqtisadçı, politoloq və beynəlxalq münasibətlər mütəxəssisidir.

2009-cu ildən Türkiyənin xarici işlər naziri olub, 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının lideri və baş nazirdir.

Bu il noyabrın 1-də keçirilmiş parlament seçkisində Ədalət və İnkişaf Partiyası 550 yerlik Türkiyə Böyük Millət Məclisində 317 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanıb.

Davudoğlu gedir. Ərdoğan “Xeyirli olsun” dedi

05.05.2016



erdogan-davudoglu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlu mayın 5-də geniş açıqlama ilə çıxış edib. O, Ədalət və İnkişaf Partiyası İdarə Heyətinin həmin gün verdiyi növbədənkənar qurultay qərarından danışıb. Mayın 22-də keçiriləcək qurultayda partiya sədri seçiləcək.

Əhməd Davudoğlu açıqlamasında partiya sədrliyinə namizəd olmayacağını deyib. Partiya sədrinin dəyişməsi isə baş nazirin dəyişməsi deməkdir. Əhməd Davudoğlu bu addımı Ədalət və İnkişaf Partiyasının birliyi naminə atdığını qeyd edib.

Baş nazir Ədalət və İnkişaf Partiyasının qurucusu, prezident Rəcəb Teyyub Ərdoğanla münasibətlərinin həmişəki kimi yaxşı olduğunu vurğulayıb, partiyada qaldığını, millət vəkili kimi fəaliyyət göstərəcəyini deyib.

Transparency.az xəbər verir ki, Rəcəb Teyyub Ərdoğan Əhməd Davudoğlunun qərarına belə münasibət bildirib: “Xeyirli olsun. Bu, baş nazirin öz qərarıdır”.

Əhməd Davudoğlu 1959-cu ildə Konyada doğulub. İstanbuldakı Bosfor Universitetini bitirib. İqtisadçı, politoloq və beynəlxalq münasibətlər mütəxəssisidir.

2009-cu ildən Türkiyənin xarici işlər naziri olub, 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının lideri və baş nazirdir.

Bu il noyabrın 1-də keçirilmiş parlament seçkisində Ədalət və İnkişaf Partiyası 550 yerlik Türkiyə Böyük Millət Məclisində 317 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanıb.

Vergi borcuna görə 334 nəfərin ölkədən çıxmasına qadağa qoyulub

05.05.2016

vergi borcu 1Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxmasına qadağa qoyulmuş 334 nəfərin adını açıqlayıb.

Əvvəllər ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız fiziki şəxslərə şamil olunurdu. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yanvarın 1-dən hüquqi şəxslərin icra qurumlarının rəhbərlərinə də bu qadağalar şamil edilib. Ölkə qanunvericiliyi vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə vermir.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, hazırda ölkədən getmək hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı 219 (Siyahı), hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 115 nəfərdir (Siyahı).

Qazaxıstanda nazir prezidentin keçirdiyi iclasda istefa verdi

05.05.2016

yerbolat dosayev1
Qazaxıstanın milli iqtisadiyyat naziri Yerbolat Dosayev mayın 5-də istefa verib. Novator.az-ın məlumatına görə, Yerbolat Dosayev istefa qərarını paytaxt Astanada prezident Nursultan Nazarbayevin sədrliyi ilə keçirilən iclasda açıqlayıb.

46 yaşlı Yerbolat Dosayev milli iqtisadiyyat naziri postunu 2014-cü ilin avqustundan tuturdu. O, müxtəlif illərdə səhiyyə, iqtisadi inkişaf və ticarət, iqtisadiyyat və büdcə planlaşdırması naziri vəzifələrində çalışıb.

Bu il valyuta hərraclarında nə qədər vəsait satılıb?

05.05.2016



valyuta 1Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 648,2 milyon dollara çatıb.

Növbəti hərrac mayın 5-də keçirilib. Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitin 40,8 milyon dollarını 7 bank, 5 milyon dollarını Mərkəzi Bank alıb.

Transparency.az bildirir ki, 2016-cı ilin hərraclarında Mərkəzi Bank 685,4 milyon ABŞ dolları satıb.

İki qurumun satdığı vəsaitin həcmi üst-üstə 2 milyard 333,6 milyon dollardır.

Səhmləri dövlətə məxsus olan yeni ASC yaradıldı

06.05.2016



prezident-11Prezident İlham Əliyev səhmləri dövlətə məxsus olan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına sərəncam verib. Mayın 5-də imzalanan sərəncamla “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib. Yeni qurum Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Cəmiyyətdə Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılır. İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.

Nazirlər Kabineti cəmiyyətin nizamnaməsini və strukturunu bir ay müddətində təsdiqləməli, qurumun ilkin mərhələdə saxlanması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını həll etməlidir.

Pedaqoji Universitetin rektoru vəzifədən getdi

06.05.2016

adpu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov vəzifədən azad edilib. Sərəncamı mayın 5-də prezident İlham Əliyev imzalayıb.

Yusif Məmmədov 2006-cı il aprelin 21-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru idi.

Transparency.az bildirir ki, 1950-ci ildə Ermənistanda anadan olan Yusif Əbülfət oğlu Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

1971-ci ildən ADU-nun riyazi-fizika tənlikləri kafedrasında assistentdən professor vəzifəsinədək yüksəlib. 1993-cü ildə həmin kafedranın müdiri vəzifəsinə seçilib. 2000-2004-cü illərdə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun birinci prorektoru olub.

Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatıdır.

Ötən həftə prezident İlham Əliyev sərəncam imzalayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki filialını başqa ali məktəblərə verib. 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab ediləcək.

Valyutaların 6 may məzənnələri

06.05.2016



amb 1Mayın 6-da ABŞ dolları Azərbaycan manatına nəzərən bahalaşıb. 1 dollar 1,51 manata satılır. Ötən gün 1 dollara 1,5082 manat qiymət qoyulmuşdu.

Rusiya rublunun kursu da qalxıb. 1 rublu Mərkəzi Bank 0,0228 manata təklif edir. Mayın 5-də kurs 0,0227 manat olub.

Mərkəzi Bank 1 türk lirəsinin kursunu 0,513 manatdan 0,5146 manata qaldırıb.

Avronun məzənnəsi isə enib. Transparency.az xəbər verir ki, 1 avro 1,722 manatadır. Ötən gün Mərkəzi Bank 1 avronu 1,7322 manata satıb (Məzənnələr).

Dünya birjalarında neftin qiyməti

06.05.2016



neft 1Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,90 dollar ucuzlaşaraq 43,83 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar azalaraq 44,62 dollar olub.

AZƏRTAC-ın 6 may məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,97 dollar bahalaşaraq 46,68 dollara qalxıb.

“AzəriLayt”ın bir barrelinin qiyməti ötən həftənin sonunda 47,94 dollar olmuş, bu həftə 46 dollardan aşağı düşmüşdü.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb. Ötən ayın 29-da “AzəriLayt” markalı neftin bir barreli 48,09 dollarla 2016-cı ilin ən yüksək qiymətinə təklif olunub.

Əhalinin əmanətləri ilə bağlı hesabat açıqlanıb

06.05.2016



manatAzərbaycan Mərkəzi Bankı mayın 6-da fiziki şəxslərin əmanətləri ilə bağlı hesabat açıqlayıb. Transparency.az xəbər verir ki, 2016-cı ilin yanvar ayında əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub. Fevralda əmanətlərin həcmi 8 milyard 77,3 milyon manata, martda 7 milyard 888,9 milyon manata enib.

Aprelin 1-nə əmanətlərin 6 milyard 377,3 milyon manatı xarici valyuta ilə olan əmanətlərin payına düşüb.

Mərkəzi Bank regionlar üzrə əmanətlərlə bağlı da məlumat yayıb. Statistikaya görə, 2016-cı il aprelin 1-nə əmanətlərin 7 milyard 373,8 milyon manatı Bakı şəhərində yatırılıb.

Rəsmi açıqlamaya əsasən, əmanətlər üzrə orta faiz dərəcəsi 6,5% olub.

Vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 327 milyon manata yaxındır

06.05.2016



manat - dollar 012016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir. Transparency.az xəbər verir ki, Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.

Martın 1-nə olan göstərici ilə müqayisədə vaxtı keçmiş kreditlərin məbləğində 3 milyon manat azalma var. Hesabata görə, yanvarda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 314,6 milyon manat olmuş, fevralda 1 milyard 329,5 milyon manata qalxmışdı.

Parlament vergi və gömrük güzəştlərinə səs verib

06.05.2016



mm-yeni 1
Mayın 6-sı Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklər edilib. APA-nın məlumatına görə, dəyişikliklərdən biri damazlıq heyvanların, toxum və tinglərinin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından 1 aprel 2016-cı ildən əlavə dəyər vergisinin (ƏDV) tutulmamasını nəzərdə tutur.

Digər dəyişiklik sənaye parkının rezidentini 2016-cı il mayın 1-dən 5 il müddətinə fəaliyyətinin məqsədləri üçün bütün növ malların idxalı zamanı vergi ödəməkdən azad edir. Sənaye parkının rezidentinə podratçıdan, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçıdan fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi 2016-cı il mayın 1-dən 5 il müddətinə verginin sıfır dərəcəsi ilə tutulacaq.

Parlament “Gömrük tarifi haqqında” qanunda dəyişikliyə də səs verib. Yeniliyə əsasən, sənaye parkının rezidenti 2016-cı il mayın 1-dən 5 il müddətinə bütün növ malların idxalı zamanı gömrük rüsumlarından azaddır.

Milli Məclis Azərbaycan və Türkiyə hökumətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişi də təsdiq edib.

Parlamentin iclasında həmçinin Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb. Səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyev yenidən Ali Məhkəmənin hakimləri təyin edilib. Bu hakimlərin təyinatı müddətsizdir. Parlamentin başqa bir qərarı ilə Rəşadət Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi postuna təyinatı rəsmiləşib.

Oğurluğa görə cəzalar sərtləşir

06.05.2016

mm
Parlamentin 6 may iclasında deputatlar oğurluğa görə cəzaların dəyişməsinə səs verib. APA bildirir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinə edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşəcək.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzası veriləcək.

Hazırda oğurluq 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə isə oğurluğa 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

Ağ evə ünvanlanan Azərbaycan müraciətini 327 min nəfər imzalayıb

06.05.2016



avciya
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ABŞ prezidenti administrasiyasına ünvanladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya 327 min səs toplanıb. Mayın 6-da layihə ilə bağlı mətbuat konfransında danışan AVCİYA prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bildirib ki, petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatıb, lakin Ağ ev müraciətə cavab verənədək petisiya imzalanmaq üçün açıqdır. İyulun 6-dək Ağ ev müraciətə cavab verməlidir.

AZƏRTAC-ın məlumatına görə, Elxan Süleymanov qeyd edib ki, yanvarın 26-da AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbulu ilə çox böyük uğur qazanılıb: “Bu qətnamədə Ermənistanın işğalçı olması açıq-aydın göstərilir. Biz ümid edirik ki, Obama administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə münasibət bildirəcək və bunu dəstəkləyəcək”.

Avropa Şurası Parlament Assambleyasının 26 yanvar iclasında “Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsi isə təsdiq edilib. 2085 saylı sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi ekoloji təcavüz kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir.

Parlament iclaslarından yayınan deputata nə cəza düşür?

06.05.2016

dosh-nishaniRusiyada parlament iclaslarından üzrsüz yayınan deputatların mandatının alınması ilə bağlı qanun qüvvəyə minib. “Federasiya Şurası üzvünün və Dövlət Duması deputatının statusu” qanununda yeniliyə görə, 30 təqvim günü və ondan artıq müddətə öz vəzifəsini yerinə yetirməyən deputatın mandatı əlindən alınacaq. Deputatın istefası təşəbbüsünü üzvü olduğu fraksiya və ya komitə irəli sürə bilər. Mandatın vaxtından əvvəl alınması üçün əsasları Dumanın etika komissiyası müəyyən edir.

Parlament iclaslarından üzrsüz yayınan deputat Azərbaycanda necə cəzalandırılır? Transparency.az bildirir ki, Milli Məclisin daxili nizamnaməsinə görə, deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Milli Məclisin sədri özü və ya komitənin sədrinin təqdimatı ilə üzrsüz səbəbdən azı dalbadal dörd və ya bir ayda üst-üstə altı iclasda iştirak etməyən deputatın məsələsini intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə bir həftə müddətində baxıb deputata töhmət verə bilər.

Milli Məclisin deputatına töhmət verilməsi barədə intizam komissiyasının qərarı Milli Məclisin növbəti iclasında elan edilir.

Sədr parlamentin növbəti sessiyasının bütün iclaslarını və ya il ərzində Milli Məclisin 30 iclasını üzrsüz səbəbdən buraxan deputatın məsələsini özünün təqdimatı ilə intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputatın öz səlahiyyətlərini itirməsi barədə təklifi Milli Məclisin müzakirəsinə çıxarır. Milli Məclis bu məsələyə növbəti iclasında baxır.

Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Milli Məclisin deputatları haqqında məlumatlar “Azərbaycan” qəzetində dərc olunur və Milli Məclisin Aparatından başqa kütləvi informasiya vasitələrinə təqdim edilir.

Milli Məclisin növbəti sessiyaları dövründə hər ay “Azərbaycan” qəzetində Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunur.


Yüklə 349,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin