Xəbər bülleteni №38



Yüklə 0.64 Mb.
səhifə5/5
tarix07.12.2016
ölçüsü0.64 Mb.
1   2   3   4   5

MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

1995-ci il noyabrın 12-də keçirilmiş 3-cü referendum Azərbaycan Konstitusiyasının qəbulu məsələsinə həsr edilib.

Rəsmi nəticələrə görə, 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi referendumda 91,9 faiz yeni konstitusiyanın lehinə, 6,63 faizi əleyhinə səs verib.

2002-ci il avqustun 24-də keçirilmiş 4-cü referendum Azərbaycan Konstitusiyasında dəyişikliklərə yönəlib. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 83,86 faiz seçicinin referendumda iştirak etdiyini elan edib.

Referendumun əsas nəticəsi parlament seçkisində proporsional sistemin ləğvi və baş nazirin ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilməsi olub.

2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçirilib. Ölkə üzrə seçicilərin fəallığı 70,83 faiz olub.

5-ci referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Konstitusiyanın əvvəlki variantına görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Azərbaycan prezidenti seçilə bilməzdi.

2016-cı il iyulun 18-də Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.

Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər təşəbbüsü qəbul olunub referendum təyin edilsə, bu, müstəqil Azərbaycanda baş tutan 6-cı referendum olacaq.

Yeni özəlləşdirmə fərmanı: Nazirlər Kabinetinə tapşırıqlar verildi

19.07.2016

nk 1İyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlərə fərman verib. Fərmanla Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirmək, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirmək və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görmək; özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini prezidentə təqdim etmək; dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflər hazırlamaq; iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması və vacib struktur dəyişikliklərinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək.

İlham Əliyevin başqa bir fərmanı ilə “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 19 may 2016-cı il fərmanı dəyişir (Dəyişikliklər).

Müsavat referenduma qarşı mübarizə qərarı verdi

20.07.2016

musavatMüsavat Partiyası Divanının iyulun 19-da keçirilən növbədənkənar iclasında prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinə rəyə göndərdiyi ana yasaya dəyişikliklər layihəsi müzakirə olunub.

Prezident Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə iyulun 18-də çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Bastainfo.com-un məlumatına görə, Müsavat Divanında müzakirələrdən sonra qəbul olunan bəyanatda konstitusiyaya dəyişikliklər təşəbbüsünün Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə yönəldiyi vurğulanır: “Son illər Azərbaycan hakimiyyəti tez-tez qanunvericilikdə və konstitusiyada dəyişikliklər edir. Təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olmaqla idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir.

Son belə konstitusiya dəyişiklikləri 2009-cu ildə oldu. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək demokratik cəmiyyət quruculuğu üçün çox vacib prinsiplərdən biri olan bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa aradan qaldırıldı.

İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin məzmunu da göstərir ki, hakimiyyət avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir.

Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezidentin təyin etdiyi, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır.

Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritarizmin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək belə referendumun keçirilməsinə yol verməmək üçün konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.

Müsavat Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatları, ölkə ziyalılarını, gəncləri, bütün Azərbaycan xalqını cümhuriyyətçilik ideyaları uğrunda birgə mübarizəyə çağırır”.

Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də  referendum aktına münasibət bildirib. O, “Facebook” şəbəkəsində qeyd edib ki, hakimiyyət 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasını hər 7 ildən bir referendum keçirib daha da pisləşdirir: “2002-ci il – dövlətdə ikinci şəxs olmaq və prezidenti əvəz etmək yetkisi parlament sədrindən alınıb baş nazirə verilir. 2009-cu il – eyni şəxsin 2 müddətdən çox prezident ola bilməməsi məhdudiyyəti ləğv edilir. 2016-cı il – indi də prezidentliyə namizəd yaşının aşağı həddinin ləğvi, prezidentlik müddətinin 7 ilə qaldırılması, prezidentin səlahiyyətlərinin artırılması, parlamentin, baş nazirin və bütün vətəndaşların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasına can atırlar. Bizi – bütün xalqı çətin yay gözləyir. Bu rejimin monarxiya yolunda növbəti addımının qarşısının alınması üçün mümkün hər şeyi etməliyik”.

20 iyul məzənnələri

20.07.2016



amb 1Mərkəzi Bank iyulun 20-də ABŞ dollarının kursunu qaldırıb. Ötən gün 1,5631 manata satılan 1 dolların rəsmi məzənnəsi 1,5662 manat müəyyən olunub.

Avronun məzənnəsində isə düşmə var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7252 manata təklif edilir. İyulun 19-da rəsmi kurs 1,7313 manat idi.

1 Rusiya rublunun kursu 0,0248 manatdan 0,0247 manata enib (Məzənnələr).

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Dövlət Neft Fondu və Mərkəzi Bank milli valyutanın sabitliyi üçün 2016-cı ilin hərraclarında üst-üstə 3 milyard 492,8 milyon dollar satıblar.

“Azəravtoyol” bu il gördüyü işləri açıqlayıb

20.07.2016



yol 1
Bu ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kvadratmetr olan 26 adda prospekt və küçəni yenidən qurub, təmir edib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157,2 min kvadratmetr sahədə cari təmir işləri də yerinə yetirilib.

Ümumilikdə isə ölkə üzrə uzunluğu 230 kilometr olan avtomobil yolları, prospekt və küçələr, o cümlədən respublika əhəmiyyətli 135,7 kilometr, yerli əhəmiyyətli 62,4 kilometr yol yenidən qurulub və təmir olunub.

Altı ayda “Azəravtoyol” ASC üzrə 465,4 min ton asfalt-beton istehsal olunub, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilib.

Trampın namizədliyi rəsmiləşdi

20.07.2016



donald tramp 1
Milyarder Donald Tramp Respublikaçılar Partiyasının Klivlenddə (Ohayo ştatı) keçirilən qurultayında ABŞ prezidentliyinə namizəd kimi təsdiqlənib. İyulun 19-da keçirilən səsvermədə Donald Tramp nümayəndələrin gərəkli dəstəyini alıb.

Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından Hillari Klinton olmalıdır. Onun namizədliyi hələ rəsmiləşməyib. Demokratların qurultayı bu ay Filadelfiyada keçiriləcək.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.

Üç dəfə ailə qurub. Hazırkı həyat yoldaşı ilə 2005-ci ildə nikaha girib. Ayrı-ayrı nikahlardan beş övladı var.

Məşhur jurnalist Pavel Şeremet həlak oldu

20.07.2016



pavel sheremet 1
Tanınmış jurnalist Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub.

Novator.az xəbər verir ki, 44 yaşlı Pavel Şeremet iyulun 20-si səhər saat 8-ə qalmış evindən çıxıb və işlədiyi “Radio Vesti”yə yollanıb. Yola düşəndən az sonra, saat 7:45-də avtomobil partlayıb.

Avtomobil “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsusdur. Ancaq Pavel Şeremet maşında tək olub.

Pavel Şeremet Ukraynada 5-ci ildir yaşayır. O, 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparırdı.

Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.

terror 1

“Microsoft” kasıblayıb

20.07.2016

microsoft 1“Microsoft” texnologiya şirkətinin illik gəliri 2009-cu ildən bəri ilk dəfə azalıb. AZƏRTAC xəbər verir ki, şirkət 2016-cı maliyyə ilinin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollara düşdüyünü bəyan edib.

“Microsoft” 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. “Microsoft” keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib.

Maşın partladılıb

20.07.2016

pavel sheremetJurnalist Pavel Şeremetin həlak olması ilə bağlı ilkin açıqlama var. Novator.az-ın məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yazılı açıqlamasında bəyan edib ki, Pavel Şeremetin idarə etdiyi avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Partiyaçı qurğunun gücünün 400-600 qramlıq trotil ekvivalentində olduğu bildirilir.

Zoryan Şkiryak qeyd edib ki, partlayıcı qurğunun kənardan işə salınması və ya saat mexanizminə quraşdırıldığı güman olunur.

Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub. 44 yaşlı Pavel Şeremet iyulun 20-si səhər saat 8-ə qalmış evindən çıxıb və işlədiyi “Radio Vesti”yə yollanıb. Yola düşəndən az sonra, saat 7:45-də avtomobil partlayıb.

Avtomobil “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsusdur. Ancaq Pavel Şeremet maşında tək olub.

Pavel Şeremet 1971-ci il noyabrın 28-də Belarusun paytaxtı Minskdə doğulub. Belarus İqtisadiyyat Universitetini bitirib. Bir müddət Belarus Televiziyasında çalışıb. Sonra işgüzar qəzetə baş redaktorluq edib. 1996-cı ildən Rusiyanın ORT televiziyasının  Belarusda xüsusi müxbiri olub.

Pavel Şeremet Ukraynada 5-ci il idi yaşayırdı. O, 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparıb.

Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.

Polis çimərliklərdə yoxlamalar aparıb

20.07.2016

din 1Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub: “Paytaxtın 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, eyni zamanda istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanıb.

Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə 23 şəxsə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub”.

Kreditlər 10 ildə

20.07.2016



kredit4Azərbaycan Mərkəzi Bankının hesabatına görə, 2016-cı il iyunun 1-nə ölkədə kreditlərin həcmi 17 milyard 648,3 milyon manat olub. 2016-cı il yanvarın 1-nə kreditlərin həcmi 21 milyard 164,5 manat idi. 5 ayda 3 milyard 516,2 milyon manat azalma qeydə alınıb.

Bəs axır 10 ildə ölkədə kreditlərin həcmi necə dəyişib?

Transparency.az Mərkəzi Banka istinadla bildirir ki, 2006-cı ilin sonuna bankların verdiyi kreditlərin həcmi 2 milyard 370,6 milyon manat təşkil edib. Kredit həcmi 2007-ci ilin sonuna 4 milyard 553,7 milyon manata çatıb.

Bir il sonra məbləğ 2 milyard 462,8 milyon manat artıb. 2008-ci ilə aid hesabatda kreditlərin həcmi 7 milyard 16,5 milyon manat, 2009-cu ilə aid hesabatda 8 milyard 230,4 milyon manat göstərilir.

2010-cu ildə kreditlərin məbləği 741,4 milyon manat artıb və 8 milyard 971,8 milyon manat olub.

2011-ci ilin sonuna kredit məbləğinin 9 milyard 531,3 milyon manat olduğu qeyd edilir.

Bir il sonra artan məbləğ 1 milyard 878,1 milyon manat olub. 2012-ci ilin dekabrında ölkədə kreditlərin həcmi 11 milyard 409,4 milyon manata çatıb.

2013-cü ildə kredit həcmi 14 milyard 812,2 milyon manat, 2014-cü ildə 17 milyard 626,7 milyon manat olub.

Mərkəzi Bankın məlumatına görə, ötən ilin son ayına kredit həcmi 18 milyard 178,3 milyon manat təşkil edib.

Bu il 215 nəfər Qarabağ əlili və şəhid ailəsi mənzil alıb

20.07.2016

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Samux rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul məlumatına görə, rayonda inşa etdirilmiş 4 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının 20 iyun 2014-cü il sərəncamına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görülür. Cari ildə müxtəlif rayonlar üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

ev 1

Milli Elmlər Akademiyasının strukturunda yenilik oldu

20.07.2016

ameaNazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası haqqında yeni qərar verib. Transparency.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun iyulun 18-də imzaladığı qərarla Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilir və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılır.

İmzalandığı gündən qüvvəyə minən qərarın digər bəndi ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilir.

Qafqaz Universiteti bağlandı

20.07.2016



qafqaz universiteti 2
İyulun 20-də Qafqaz Universitetinin təsisçisi universitetin bağlanması haqda qərar qəbul edib və Təhsil Nazirliyinə müraciətlə qərar barədə nazirliyi məlumatlandırıb.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlikdə işçi qrupu yaradılacaq və tələbələrin yerləşdirilməsi prosesi aparılacaq.

Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il qərarı ilə fəaliyyətə başlayıb,  Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il qərarı ilə dövlət qeydiyyatından keçib. 20 avqust 2002-ci ildə Təhsil Nazirliyinin lisenziya verməsi ilə universitetin statusu bir daha rəsmiləşib.

Universitetin rektoru türkiyəli professor Əhməd Saniçdir.

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaratdığı Azərbaycan Beynəlxalq Təhsil Mərkəzidir. Universiteti Türkiyənin “Çağ Öyrətim işlətmələri” qrupu açmışdı. Sonradan — 2013-cü ildə universitetin təsisçiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ictimai birlikdir, onun başqa təsisçiləri də var. Dövlət Neft Şirkəti birliyin əsas təsisçisidir.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair məlumat

20.07.2016



sehiyye nazirliyi 1
Səhiyyə Nazirliyi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair məlumat yayıb.

2015-ci ildə Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilib, funksiyaları Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (SNTTTYS) verilib.

Nazirliyin məlumatına görə, hazırda SNTTTYS-in 12 regional məntəqəsi (113 regional məntəqələri) var. 2007-2016-cı illərdə yol qəzasına düşmüş 15 min 192 nəfərə təcili yardım, 13 min 428 nəfər konsultativ xəstəyə tibbi yardım göstərilib.

Təkcə 2016-cı ildə 624-ü yol nəqliyyatı hadisəsi olmaqla 659 çağırış olub. Ümumilikdə 712 xəstəyə baxılıb, 12 xəstə hospitalizə edilib, 37-si yerində tibbi yardım alıb, 35-i terapevtik və digər travmalı olub, 70 hadisə yerində ölüm qeydə alınıb.

2016-cı il ərzində 113 xidmətinə 1025 konsultativ çağrı, 1684 113 və konsultativ çağırış daxil olub. Baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 nəfərdir.

Sabiq baş nazir və xanımı məhkəmə kürsüsündə

20.07.2016

petr nechas ve yoldashi 1
Çexiya Prokurorluğu sabiq baş nazir Petr Neçası siyasi korrupsiyada ittiham edir. İşə iyulun 19-dan paytaxt Praqanın məhkəmələrindən birində baxılır.

Transparency.az-ın məlumatına görə, Petr Neças 2012-ci ildə baş nazir olarkən 3 deputata mandatlarından imtina müqabilində dövlət şirkətlərində iş təklif edib. Deputatların mandatından imtinası Petr Neçasa parlamentdə sərfəli səsvermə üçün gərək olub. Bu qalmaqal sağ mərkəzçi koalisiyanın dağılması və 2013-cü ildə növbədənkənar parlament seçkisi ilə nəticələnib.

Sabiq baş nazirlə birgə xanımı Yana Neçasova da ittiham olunur. Yana Neçasova ərinin baş nazir olduğu dövrdə onun aparatına rəhbərlik edib. Sabiq baş nazirin xanımı 30 bahalı hədiyyəyə görə ödəməli olduğu 26 min avro məbləğində vergidən yayınmaqda təqsirli bilinir.

Referendum aktına hüquqşünas baxışı

20.07.2016

referendum 1Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib.Referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Azadliq.org-da layihəyə tanınmış hüquqşünasların baxışı verilib. Fuad Ağayev deyir ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər hüquqi dövlət üçün yolverilməzdir: “Son 15 ildə neçənci referendum aktı layihəsidir ki, ortalığa çıxır. Həm ümumilikdə layihə, həm də vitse-prezidentlik haqqında müddəalar xoş təsir bağışlamır. Bunun həyata keçməsi xalq hakimiyyətinə, demokratik idarəetmə üsuluna, siyasi sistemə çox neqativ təsir göstərəcək. Təqdim olunmuş layihədən görünür ki, vitse-prezident yalnız və yalnız dövlət başçısının təyin etdiyi və olduqca böyük səlahiyyətlərə malik şəxsdir.

Prezident vaxtından əvvəl vəzifədən getdikdə super prezident səlahiyyətləri xalqın seçmədiyi, hətta Milli Məclisdə də namizədliyi verilməmiş 1-ci vitse-prezidentə keçmiş olacaq. Bu, hüquqi dövlət adlandırılmaq istəyən dövlət üçün yolverilməzdir”.

Ənnağı Hacıbəyli hesab edir ki, nəzərdə tutulan dəyişikliklər hakimiyyətin sərfəli şəxsə ötürülməsinə xidmət edir: “Konstitusiyanın bir neçə ildən bir bu şəkildə oxşar təkliflərlə və siyasi mülahizələrlə dəyişdirilməsi bütövlükdə ana yasanın hörmətdən salınmasıdır.

1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi rəydə hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilir. Bu mexanizm əslində hakimiyyətin hüquqi yolla ötürülməsindən daha çox mövcud hakimiyyətə sərf edən şəkildə, yəni hakimiyyətin istədiyi şəxsə ötürülməsinə xidmət edir”.

Qurban Məmmədov deyir ki, Azərbaycanda normal seçki institutu olsa, qanuni prezident, parlament seçkiləri keçirilsə, ondan sonra bu təklifləri qəbul etmək olar: “Indiki halda bu təkliflər xoşməramlı deyil”.

Hüquqşünas əlavə edib ki, 1-ci, 2-ci, 5-ci vitse-prezident də təsis etmək olar, bütün təklif olunan yenilikləri də qəbul etmək olar: “Yalnız bir şərtlə. İcazə versinlər Azərbaycanda heç olmasa bircə dəfə qanuni prezident və parlament seçkiləri keçirilsin, o təklifləri sonra qəbul edək. İndiki halda təkliflər xoşniyyətli deyil və bizim dövlətimizi çox böyük uçuruma, fəlakətlərə aparır”.

“Zaman-Azərbaycan” dayandı

20.07.2016



zaman“Zaman-Azərbaycan” qəzetinin təsisçiləri iyulun 20-də bəyanat yayıb. Bəyanatda deyilir: “Son günlər regionumuzda baş verən hadisələrin həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və Zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik”.

“Zaman-Azər MMC”nin təsis etdiyi “Zaman-Azərbaycan” qəzeti 1991-ci ildən çıxırdı. Qəzetin əsasını türkiyəlilər qoyub.

Paytaxt polisi 6 aylıq hesabat açıqlayıb

20.07.2016



paytaxt polisi1
Bu il Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, iyulun 20-si Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin birinci yarısının yekunları ilə bağlı geniş əməliyyat müşavirəsində belə deyilib.

Müşavirədə qeyd olunub ki, cinayətlərin 83,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 16,7%-i ağır və xüsusilə ağır növlər olub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 16,2%, adam öldürməyə cəhdlər 13,3% azalıb.

Cinayətlərin 79,6%-nin (2015-ci ildə 79,5%), ağır növlərinin 80,7%-nin (79,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 69,2%-nin (69,4%) açılması təmin olunub.

Şəxsiyyət əleyhinə olan 923 cinayətdən 96,3%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 96,7%-i (100%), adam öldürməyə cəhdlərin 100%-i (88,9%) açılıb.

2015-ci ilin eyni dövrünə nisbətdə ümumi cinayətlərin açılması 0,1%, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,2%, şəxsiyyət əleyhinə olanların açılması 2,8%, o cümlədən adam öldürməyə cəhdlərin açılması 11,1%, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 7,9%, zorlamaların açılması 20%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 0,8%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 28%, mənzillərdən edilən oğurluqların açılması 0,7%, mal-qara oğurluğunun açılması 27,5%, mənimsəmə və israf etmə cinayətlərinin açılması 22%, soyğunçuluqların açılması 15,5%, quldurluqların açılması 8,9%, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8%, xuliqanlıqların açılması 2,7% yaxşılaşıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 1055 nəfərdən 62,5%-i (659-u), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 446 nəfərdən isə 47,1%-i (210-u) tutulub.

44 soyğunçuluq və quldurluq cinayəti törətmiş 59 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 141 oğurluq törətmiş 75 nəfərdən ibarət 29 cinayətkar qrup ifşa olunub.

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi

20.07.2016



baki ali neft mektebiAzərbaycan Beynəlxalq Təhsil Mərkəzi iyulun 20-də keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.

Mərkəzdən Report.az-a verilən məlumata görə, qərar universitetin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov müvəqqəti olaraq Qafqaz Universitetinə də rəhbərlik edəcək.



Mərkəzdən bildiriblər ki, Qafqaz Universitetinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər.

Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan prezidentinin 29 noyabr 2011-ci il fərmanı ilə yaradılıb, Dövlət Neft Şirkətinə (ARDNŞ) tabedir. Qafqaz Universitetinin təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi də Dövlət Neft Şirkətinindir (Qafqaz Universiteti bağlandı).
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə