Xəbər bülleteni №38



Yüklə 5,87 Mb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü5,87 Mb.
#1030
1   2   3   4   5   6
Məzənnələr

Maliyyə Sabitliyi Şurası niyə zəruri idi?

19.07.2016



Prezident İlham Əliyevin 15 iyul fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılan şuraya baş nazir Artur Rasizadə sədrlik edir. Qurumun üzvləri bu şəxslərdir: Natiq Əmirov – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, Samir Şərifov – maliyyə naziri, Şahin Mustafayev – iqtisadiyyat naziri, Elman Rüstəmov – Mərkəzi Bankın sədri, Rüfət Aslanlı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri, Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru.

Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etmək, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlamaq tapşırılıb.

Fərmana münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a deyib ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti böyükdür: “Şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid platforma yaranır. Maliyyə Sabitliyi Şurasının tərkibinə baxılsa, burada üç tərəfin təmsil olunduğu görünür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat nazirlikləri, həmçinin Nazirlər Kabinetinə daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondu. Beləliklə, Azərbaycanda aparılan institutsional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşir. Bu mənada Azərbaycanın baş nazirinin Maliyyə Sabitliyi Şurasına rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcək”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib ki, hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan Dövlət Neft Fondunun isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib: “Bu mənada Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır”.

Vüsal Qasımlı deyib ki, dünya təcrübəsində maliyyə sabitliyi şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb: “Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə yaradılıb və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayacaq”.

10 ildə əmanətlərin həcmi necə dəyişib?

19.07.2016

Axır 10 ildə əhalinin banklardakı əmanətlərinin həcmi necə dəyişib? Transparency.az Mərkəzi Bankın saytında buna nəzər salıb.

2006-cı ilin sonunda əhalinin banklarda saxladığı əmanətlərin məbləği 826,4 milyon manat olub.

2007-ci ildə əmanətlərin həcmi 1 milyard 468,4 milyon manata, 2008-ci ildə 1 milyard 903,7 milyon manata yüksəlib.

2009-da əmanətlərin məbləği 431,2 milyon artıb və ilin sonunda 2 milyard 334,9 milyon manata çatıb.

2010-cu ildə 694,9 milyon manat, 2011-ci ildə 800,3 milyon manat artım qeydə alınıb. 2011-ci ilin sonuna olan məlumata görə, əhalinin banklarda saxladığı əmanətlərin həcmi 3 milyard 830,1 milyon manata qalxıb.

2012-ci ildə vəsait daha 932,9 milyon artıb və 4 milyardı aşıb: 4 milyard 763 milyon manat.

2013-cü ilin sonuna artım 1 milyard yarımdan çox olub, əmanətlərin ümumi həcmi 6 milyard 419,6 milyon təşkil edib.

2014-cü ilin sonuna olan məlumata görə, banklarda 7 milyard 86,4 milyon manat həcmində əmanət saxlanıb.

2015-ci ildə artım cəmi 3,1 milyon təşkil edib, saxlanan vəsaitin ümumi həcmi 7 milyard 89,5 milyon olub.

İki devalvasiyanın ardınca 2016-cı il yanvarın 1-nə banklarda saxlanan əmanətlərin həcmi 9 milyard 473,9 milyon manat təşkil edib.

Mərkəzi Bankın ən son məlumatına görə, əhalinin banklarda saxladığı əmanətlərin həcmi iyun ayının 1-nə 7 milyard 566 milyon manat olub. Hesabata əsasən, bir ayda 119 milyon manat azalma var. Mayın 1-nə banklarda 7 milyard 685 milyon manat əmanət olduğu göstərilmişdi.

2016-cı ilin əvvəlinə əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub, sonrakı aylarda düşmə qeydə alınıb. 5 aylıq azalmanın həcmi 1 milyard 77,3 milyon manata çatıb.

İyunun 1-nə əmanətlərin 1 milyard 447,5 milyon manatı milli valyuta ilə, 6 milyard 118,4 milyon manatı xarici valyuta ilə qoyulub.

Müəllimlərin işə qəbulu: 3 min 346 yerə 31 min 779 iddiaçı var

19.07.2016


Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi (elektron ərizələrin qəbulu) başa çatıb.

Rəsmi məlumata görə, müsabiqəyə qatılmaq üçün müraciət edənlərdən 31 min 779 nəfərin elektron ərizəsi təsdiqlənib. Ümumi təhsil müəssisələrində isə 3 min 346 vakant yer müsabiqəyə çıxarılıb.

Müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

Test mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək.

İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başlanıb. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdə təşkil edilir.

Əlilliyi olan şəxslərə xidmət hesabatı

19.07.2016


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 10 min 946 nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib. Rəsmi hesabatda bildirilir ki, həmin şəxslərdən 3 min 891 nəfəri bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçib. 7 min 55 nəfər əlilliyi olan şəxsə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi protez-ortopedik bərpa xidmətləri göstərib.

2016-cı ilin ötən dövründə bu təbəqədən olan 105 nəfər şəxsin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

Neft Fondu valyuta hərracında 50 milyon dollar satdı

19.07.2016



İyulun 19-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb və 28 banka satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 657,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar həcmində valyuta alınıb. İki qurumun milli valyutanın sabitliyi üçün birgə xərci 3 milyard 492,8 milyon dollardır.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 ABŞ dolları 1,5631 manata satılır.

Vergilər Nazirliyinin Çağrı Mərkəzi statistika yayıb

19.07.2016

Ötən ay Vergilər Nazirliyinin Çağrı Mərkəzi 16 min 396 sual xarakterli müraciəti cavablandırıb. Rəsmi məlumata görə, müraciətlərin 24,33 faizi qeydiyyat, 17,94 faizi elektron xidmətlər, 16,22 faizi vergilərin növləri, 9,04 faizi vergi qanunvericiliyi, 5,67 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub.

Səsli menyu vasitəsi ilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4 min 735 zəng gəlib, 1761 zəng zamanı vergi borcu, 1357 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara qısa mesaj xidməti vasitəsi ilə 95 min 668 SMS göndərilib.

Ay ərzində vergi ödəyicilərinə xidmət strukturları 32 min 144 nəfərə 50 min 725 sayda müxtəlif xidmətlər göstərib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 389 min 908 daxilolma qeydə alınıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,9 faiz çoxdur.

Referendum aktı necə qarşılanır?

19.07.2016

Siyasi qüvvələr konstitusiyaya dəyişikliklər layihəsinə münasibət bildirib.

İyulun 18-də prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edərək layihəni Konstitusiya Məhkəməsinə rəyə göndərib. Referendum aktında dövlət başçısının parlamenti buraxmaq səlahiyyəti yer alır. Nəzərdə tutulan başqa yenilik prezident seçilmək üçün 35 yaş senzini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.

Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Layihə Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini də nəzərdə tutur. Sənədə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Azadlıq” radiosuna deyib ki, görünür, hakimiyyət mövcud qanunvericiliyi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir, ona görə də konstitusiyada dəyişikliklər etmək qərarına gəlib: “Hakimiyyət ölkədə monarxiya rejimi qurmağa, hətta 5 ildən bir saxta seçki keçirərək özünə problem yaratmamağa çalışır”.

Arif Hacılı prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması və prezident seçilmək üçün qoyulan 35 yaş məhdudiyyətinin götürülməsini ailədən kənar namizədlərin qarşısının alınması kimi dəyərləndirir: “Hakimiyyət ailədən kənar şəxslərin yaş həddi və digər məsələlərlə bağlı namizəd axtarışlarını belə əngəlləməyə çalışır. Faktiki olaraq öz gücünü diktə edir, cəmiyyəti bu yolla tamamilə əzməyə, cəmiyyətdə gələcəkdə demokratik inkişafa ümidsizlik, çıxılmazlıq əhval-ruhiyyəsi yaratmağa çalışır”.

Müsavat başqanı əlavə edib ki, partiyası indiki antidemokratik, xalqın iradəsini müəyyən edəcək seçki sisteminin mövcud olmadığı şəraitdə belə bir referendumun keçirilməsinə etiraz edəcək, bunun qarşısını almağa çalışacaq.

APA-nın məlumatına görə, Azərbaycan Konstitusiyasına dəyişikliklər təklifini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə şərh edən partiya sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, dəyişikliklər təşəbbüsü daha çox xarici faktorlardan qaynaqlanır: “Dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur. Ermənistanla danışıqlar uğursuz olarsa, Azərbaycanı qanlı savaş gözləyir. Yəqin iqtidar bu çağırışlara hazır olmaq istəyir və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür”.

AXCP sədri Əli Kərimli “Facebook” şəbəkəsində yaydığı açıqlamada deyib ki, dövlət başçısı İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir: “Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik”

“Azadlıq” radiosuna danışan Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa konstitusiyaya dəyişikliklər layihəsinin Konstitusiya Məhkəməsinə göndərildiyini xatırladıb: “İndi bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Məhkəmə baxıb rəy verərsə ki, referenduma buraxılsın, o vaxt fikrimizi açıqlayarıq. Hər halda təklifdir, prezidentin belə bir hüququ var. Hansı əsaslandırma ilə verilib, yəqin ki, aydın olacaq. Konstitusiya Məhkəməsinin rəyi olmadan, hansısa fikir söyləmək nə dərəcədə düzgün olar, bilmirəm”.

Fazil Mustafa əlavə edib ki, prezident seçilmək üçün yaş senzinin aradan qaldırılması normal haldır, çünki istənilən yaşda şəxsin prezident seçkilərinə qatılmasına yol açılır: “Vətəndaşlara təklif olunur, referendumda qiymətləndirəcəklər, səs verəcəklərsə, keçəcək, səs verməyəcəklərsə, keçməyəcək”.

REAL Hərəkatının liderlərindən olan Erkin Qədirli “Facebook”da belə bir rəy yazıb: “Konstitusiyaya təklif olunmuş düzəlişlər layihəsini oxuyuram. Aralarında yaxşı və doğru olanları var. Amma onları qoyaq bir qırağa. Əsas məsələ siyasi sistemdə nəzərdə tutulmuş dəyişikliklərdir. Tam məsuliyyətimlə deyirəm, bu dəyişikliklər sistemi nəinki böhrandan çıxarmayacaq, əksinə, onu daha dərin böhrana salacaq. Bundan sonra problem sistemdə deyil, sistem problemdə olacaq”.

REAL-ın başqa bir öncül şəxsi Natiq Cəfərli “Facebook”da yazır ki, konstitusiya dəyişiklik təklifləri sistemin daşlarını yerindən oynadır: “Niyyət yaxşı olsa, bu təklifləri təkmilləşdirmək, siyasi islahatlara başlamaqla iqtisadi fəlakətin qarşısını almaq olar. Bunun üçün məsuliyyət və səlahiyyətlər bölüşdürülməli, prezidentin səlahiyyətləri azaldılmalı, parlament respublikasına keçid elan edilməli, maliyyə amnistiyası tətbiq edilməli, prezident və ailəsinə gələcəkləri ilə bağlı tam zəmanət verilməli, mülkiyyət toxunulmazlığı və qanunun aliliyi təmin edilməlidir.

Ana yasamızı dəyişiriksə, ağılla, gələcəkdə uğurlu idarəetmə modelinə keçid üçün dəyişməliyik. Əgər məqsəd bir ailənin hakimiyyətini daha da möhkəmləndirməkdirsə, yanlış yoldur, bu dəyişikliklər, tam tərsi, hakimiyyətlərini ciddi zəiflədəcək, azalan “piroq” uğrunda, vitse-prezidentliklər uğrunda klanlararası savaşı daha da dərinləşdirəcək”.

Mülkiyyət hüququnda yenilik təşəbbüsü nədən irəli gəlir?

19.07.2016


Prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi konstitusiya dəyişiklikləri layihəsində (Referendum aktı) ana yasanın 29-cu – “Mülkiyyət hüququ” maddəsində də yenilik nəzərdə tutulub. Həmin maddəyə aşağıdakı bəndlərin əlavə edilməsi təklif olunur:

— xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur;

— sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev torpaq hüququna məhdudiyyətlərin qoyulması təşəbbüsünü şərh edərək yazır ki, hazırda ölkənin torpaq qanunvericiliyində buna dair bəzi mexanizmlər var, həmin məhdudiyyətlər beynəlxalq təcrübədə də tətbiq edilir: “Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və torpaq vergisi üzrlü səbəb olmadan 1 il ödənilmədikdə xüsusi mülkiyyətdə olan torpaqlar üzərində hüquqlara xitam verilməsinə əsaslar yarana bilər.

Beynəlxalq təcrübədə kənd təsərrüfatı torpaqlarının bir əldə cəmlənməsinin qarşısını almaq üçün 1 şəxsin adına ala biləcəyi torpaq sahəsinin maksimum həddinə limit qoyulur. Bu, bizdə də var və ərazi üzrə torpaq normasının 500 mislini təşkil edir. Məsələn, 1996-2000-ci illərdə həyata keçirilən islahatlarda hər hansı ərazidə adambaşına orta torpaq norması 0,2 hektar olubsa, eyni şəxsin adına həmin ərazidə 100 hektardan artıq torpaq alına bilməz.

Fərdi ev tikintisi üçün torpaq əldə olunmasına məhdudiyyətlər var. Ölkənin inzibati ərazilərindən asılı olaraq bir şəxs üçün maksimum 12 sotdan çox torpaq alına bilməz.

Amma bir mühüm mütərəqqi məhdudiyyət beynəlxalq təcrübədə var, bizdə yoxdur. Yaxınlarda Türkiyədə də bu məhdudiyyət hüquqi olaraq tətbiq edilməyə başlandı. Söhbət nədən gedir? Kənd təsərrüfatı torpaqları kiçik hissələrə (məsələn, 1 hektardan az) bölünərək satıla bilməz. Yəni sizin 2 hektar torpağınız varsa, onu tam sata bilərsiniz. Amma bizim hökumət sosial ədalət devizi altında torpaq hüququna məhdudiyyətlər qoymağı planlayır. Ölkədə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, insanlar özlərinin iqtisadi azadlıqlarını təmin edə-edə siyasi proseslərə qarışa bilsin. Bu imkan müstəsna olaraq yalnız torpaq mülkiyyətçilərinə məxsusdur. Əllərinin qabarı, alınlarının təri ilə torpaq hesabına ailələrinə çörək qazanan insanlar imkan olanda yaşadıqları ərazidə haqsızlığa baş əymirlər. Bunun ən bariz nümunəsi əyalət müxalifətçiləridir.

Bu gün ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının çox az hissəsi – təxminən 25 faizi (1,3 milyon hektar) xüsusi mülkiyyətdədir. Real bazar dəyəri ilə qiymətləndirilsə, təxminən 1,5 milyon kəndliyə məxsus bu torpaqların bazar qiyməti 3-5 oliqarxın əlində olan 10-15 sənaye və turizm obyektinin dəyəri qədərdir. Təki yanılım, mən təklif olunan dəyişiklikdən insanların iqtisadi azadlıqlarının boğulması üçün istifadə olunacağından ehtiyatlanıram”.

“Azadlıq” radiosuna danışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli konstitusiyaya bu cür dəyişiklikləri mülkiyyət hüququna böyük təhlükə hesab etdiyini vurğulayıb: “Sosial ədalət və ictimai tələblər bəhanədir. Fakt budur ki, mülkiyyət insanların əlindən alına bilər və bu, konstitusiyaya daxil edilir. Konstitusiya ilə bu imkan verilincə sonrakı qanunlar adamların mülkiyyət hüququnun əlindən alınmasına daha geniş imkanlar yaradacaq. İndiki ağır böhran şəraitində bu, çox ziyanlı düzəlişdir. Ölkəyə xarici investisiyaların gəlməsi, iş adamlarının qaçmaması lazımdır. Amma belə vaxtda mülkiyyət hüququnun insanların əlindən alınmasının konstitusion əsası yaradılır. Onsuz da insanların mülkiyyəti əllərindən alınırdı. İndi isə bunu qanunla etməyə, adi həyat normasına çevirməyə çalışırlar. İrəli sürülən bu təşəbbüslər respublika hakimiyyətini xalq hakimiyyəti görüntüsündə aradan qaldırmağa yönəldilib”.

6 aylıq büdcə hesabatı

19.07.2016


Maliyyə Nazirliyi 2016-cı ilin altı ayında dövlət büdcəsinin gəlir-çıxarı haqqında hesabat yayıb. Rəsmi məlumata görə, ilin birinci yarısı üzrə büdcənin mədaxili 6 milyard 133,8 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olub, 687,7 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

6 ayda dövlət büdcəsinin mədaxili 7 milyard 771,5 milyon manat proqnoza qarşı 6 milyard 133,8 milyon manat və yaxud 21,1 faiz az icra olunub.

Vergilər Nazirliyi mədaxil proqnozunu 102 faiz icra etməklə dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait ödəyib. Həmin vəsaitin 77,8 faizi (ötən ilin eyni dövrünə nisbətən 10,6 faiz-bənd çox) və ya 2 milyard 481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 milyon manat və ya 10,8 faiz çoxdur.

Bu ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 118,2 faiz əməl edərək dövlət büdcəsinə 995,4 milyon manat vəsait verib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur.

Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1 milyard 886 milyon manat (51,7 faiz) az və ya 1 milyard 760 milyon manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 milyon manat təşkil edib.

Başqa daxilolmalar üzrə büdcəyə gələn vəsait 56,9 milyon manat olub.

2016-cı ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2 milyard 455,3 milyon manat icra olunub.

Xərclərə gəldikdə, ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6 milyard 821,5milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2 milyard 958,5 milyon manatı sosial yönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 milyon manat çoxdur.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 532 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 milyon manat vəsait yönəldilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4 milyard 198,1 milyon manat icra edilib.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9 milyard 262,7 milyon manat, xərcləri isə 8 milyard 226,1 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1 milyard 36,6 milyon manat təşkil edib.

6-cı referendum

19.07.2016




Müstəqilliyini 1991-ci ilin ikinci yarısında bərpa etmiş Azərbaycanda indiyədək 5 referendum keçirilib.

Transparency.az bildirir ki, 1991-ci il dekabrın 29-da keçirilmiş 1-ci referendumda parlamentin oktyabrın 18-də qəbul etdiyi dövlət müstəqilliyi aktına münasibət öyrənilib.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, referendumda seçici siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib, 99,58 faizi dövlət müstəqilliyinin lehinə, 0,2 faizi isə əleyhinə səs verib.

2-ci referendum 1993-ci il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimadla bağlı olub. Həmin il iyunun 24-də Milli Məclis Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarıb. 29 avqust referendumu bu qərardan irəli gəlib.

MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

1995-ci il noyabrın 12-də keçirilmiş 3-cü referendum Azərbaycan Konstitusiyasının qəbulu məsələsinə həsr edilib.

Rəsmi nəticələrə görə, 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi referendumda 91,9 faiz yeni konstitusiyanın lehinə, 6,63 faizi əleyhinə səs verib.

2002-ci il avqustun 24-də keçirilmiş 4-cü referendum Azərbaycan Konstitusiyasında dəyişikliklərə yönəlib. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 83,86 faiz seçicinin referendumda iştirak etdiyini elan edib.

Referendumun əsas nəticəsi parlament seçkisində proporsional sistemin ləğvi və baş nazirin ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilməsi olub.

2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçirilib. Ölkə üzrə seçicilərin fəallığı 70,83 faiz olub.

5-ci referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Konstitusiyanın əvvəlki variantına görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Azərbaycan prezidenti seçilə bilməzdi.

2016-cı il iyulun 18-də Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.

Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər təşəbbüsü qəbul olunub referendum təyin edilsə, bu, müstəqil Azərbaycanda baş tutan 6-cı referendum olacaq.

Yeni özəlləşdirmə fərmanı: Nazirlər Kabinetinə tapşırıqlar verildi

19.07.2016

İyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlərə fərman verib. Fərmanla Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirmək, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirmək və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görmək; özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini prezidentə təqdim etmək; dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflər hazırlamaq; iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması və vacib struktur dəyişikliklərinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək.

İlham Əliyevin başqa bir fərmanı ilə “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 19 may 2016-cı il fərmanı dəyişir (Dəyişikliklər).

Müsavat referenduma qarşı mübarizə qərarı verdi

20.07.2016

Müsavat Partiyası Divanının iyulun 19-da keçirilən növbədənkənar iclasında prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinə rəyə göndərdiyi ana yasaya dəyişikliklər layihəsi müzakirə olunub.

Prezident Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə iyulun 18-də çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Bastainfo.com-un məlumatına görə, Müsavat Divanında müzakirələrdən sonra qəbul olunan bəyanatda konstitusiyaya dəyişikliklər təşəbbüsünün Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə yönəldiyi vurğulanır: “Son illər Azərbaycan hakimiyyəti tez-tez qanunvericilikdə və konstitusiyada dəyişikliklər edir. Təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olmaqla idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir.

Son belə konstitusiya dəyişiklikləri 2009-cu ildə oldu. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək demokratik cəmiyyət quruculuğu üçün çox vacib prinsiplərdən biri olan bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa aradan qaldırıldı.

İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin məzmunu da göstərir ki, hakimiyyət avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir.

Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezidentin təyin etdiyi, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır.

Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritarizmin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək belə referendumun keçirilməsinə yol verməmək üçün konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.

Müsavat Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatları, ölkə ziyalılarını, gəncləri, bütün Azərbaycan xalqını cümhuriyyətçilik ideyaları uğrunda birgə mübarizəyə çağırır”.

Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də  referendum aktına münasibət bildirib. O, “Facebook” şəbəkəsində qeyd edib ki, hakimiyyət 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasını hər 7 ildən bir referendum keçirib daha da pisləşdirir: “2002-ci il – dövlətdə ikinci şəxs olmaq və prezidenti əvəz etmək yetkisi parlament sədrindən alınıb baş nazirə verilir. 2009-cu il – eyni şəxsin 2 müddətdən çox prezident ola bilməməsi məhdudiyyəti ləğv edilir. 2016-cı il – indi də prezidentliyə namizəd yaşının aşağı həddinin ləğvi, prezidentlik müddətinin 7 ilə qaldırılması, prezidentin səlahiyyətlərinin artırılması, parlamentin, baş nazirin və bütün vətəndaşların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasına can atırlar. Bizi – bütün xalqı çətin yay gözləyir. Bu rejimin monarxiya yolunda növbəti addımının qarşısının alınması üçün mümkün hər şeyi etməliyik”.

20 iyul məzənnələri

20.07.2016



Mərkəzi Bank iyulun 20-də ABŞ dollarının kursunu qaldırıb. Ötən gün 1,5631 manata satılan 1 dolların rəsmi məzənnəsi 1,5662 manat müəyyən olunub.

Avronun məzənnəsində isə düşmə var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7252 manata təklif edilir. İyulun 19-da rəsmi kurs 1,7313 manat idi.

1 Rusiya rublunun kursu 0,0248 manatdan 0,0247 manata enib (Məzənnələr).

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Dövlət Neft Fondu və Mərkəzi Bank milli valyutanın sabitliyi üçün 2016-cı ilin hərraclarında üst-üstə 3 milyard 492,8 milyon dollar satıblar.

“Azəravtoyol” bu il gördüyü işləri açıqlayıb

20.07.2016




Bu ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kvadratmetr olan 26 adda prospekt və küçəni yenidən qurub, təmir edib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157,2 min kvadratmetr sahədə cari təmir işləri də yerinə yetirilib.

Ümumilikdə isə ölkə üzrə uzunluğu 230 kilometr olan avtomobil yolları, prospekt və küçələr, o cümlədən respublika əhəmiyyətli 135,7 kilometr, yerli əhəmiyyətli 62,4 kilometr yol yenidən qurulub və təmir olunub.

Altı ayda “Azəravtoyol” ASC üzrə 465,4 min ton asfalt-beton istehsal olunub, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilib.

Trampın namizədliyi rəsmiləşdi

20.07.2016




Milyarder Donald Tramp Respublikaçılar Partiyasının Klivlenddə (Ohayo ştatı) keçirilən qurultayında ABŞ prezidentliyinə namizəd kimi təsdiqlənib. İyulun 19-da keçirilən səsvermədə Donald Tramp nümayəndələrin gərəkli dəstəyini alıb.

Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından Hillari Klinton olmalıdır. Onun namizədliyi hələ rəsmiləşməyib. Demokratların qurultayı bu ay Filadelfiyada keçiriləcək.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.

Üç dəfə ailə qurub. Hazırkı həyat yoldaşı ilə 2005-ci ildə nikaha girib. Ayrı-ayrı nikahlardan beş övladı var.

Məşhur jurnalist Pavel Şeremet həlak oldu

20.07.2016




Tanınmış jurnalist Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub.

Novator.az xəbər verir ki, 44 yaşlı Pavel Şeremet iyulun 20-si səhər saat 8-ə qalmış evindən çıxıb və işlədiyi “Radio Vesti”yə yollanıb. Yola düşəndən az sonra, saat 7:45-də avtomobil partlayıb.

Avtomobil “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsusdur. Ancaq Pavel Şeremet maşında tək olub.

Pavel Şeremet Ukraynada 5-ci ildir yaşayır. O, 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparırdı.

Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.

“Microsoft” kasıblayıb

20.07.2016

“Microsoft” texnologiya şirkətinin illik gəliri 2009-cu ildən bəri ilk dəfə azalıb. AZƏRTAC xəbər verir ki, şirkət 2016-cı maliyyə ilinin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollara düşdüyünü bəyan edib.

“Microsoft” 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. “Microsoft” keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib.

Maşın partladılıb

20.07.2016

Jurnalist Pavel Şeremetin həlak olması ilə bağlı ilkin açıqlama var. Novator.az-ın məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yazılı açıqlamasında bəyan edib ki, Pavel Şeremetin idarə etdiyi avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Partiyaçı qurğunun gücünün 400-600 qramlıq trotil ekvivalentində olduğu bildirilir.

Zoryan Şkiryak qeyd edib ki, partlayıcı qurğunun kənardan işə salınması və ya saat mexanizminə quraşdırıldığı güman olunur.

Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində həlak olub. 44 yaşlı Pavel Şeremet iyulun 20-si səhər saat 8-ə qalmış evindən çıxıb və işlədiyi “Radio Vesti”yə yollanıb. Yola düşəndən az sonra, saat 7:45-də avtomobil partlayıb.

Avtomobil “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsusdur. Ancaq Pavel Şeremet maşında tək olub.

Pavel Şeremet 1971-ci il noyabrın 28-də Belarusun paytaxtı Minskdə doğulub. Belarus İqtisadiyyat Universitetini bitirib. Bir müddət Belarus Televiziyasında çalışıb. Sonra işgüzar qəzetə baş redaktorluq edib. 1996-cı ildən Rusiyanın ORT televiziyasının  Belarusda xüsusi müxbiri olub.

Pavel Şeremet Ukraynada 5-ci il idi yaşayırdı. O, 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparıb.

Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.

Polis çimərliklərdə yoxlamalar aparıb

20.07.2016

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub: “Paytaxtın 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, eyni zamanda istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanıb.

Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə 23 şəxsə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub”.

Kreditlər 10 ildə

20.07.2016



Azərbaycan Mərkəzi Bankının hesabatına görə, 2016-cı il iyunun 1-nə ölkədə kreditlərin həcmi 17 milyard 648,3 milyon manat olub. 2016-cı il yanvarın 1-nə kreditlərin həcmi 21 milyard 164,5 manat idi. 5 ayda 3 milyard 516,2 milyon manat azalma qeydə alınıb.

Bəs axır 10 ildə ölkədə kreditlərin həcmi necə dəyişib?

Transparency.az Mərkəzi Banka istinadla bildirir ki, 2006-cı ilin sonuna bankların verdiyi kreditlərin həcmi 2 milyard 370,6 milyon manat təşkil edib. Kredit həcmi 2007-ci ilin sonuna 4 milyard 553,7 milyon manata çatıb.

Bir il sonra məbləğ 2 milyard 462,8 milyon manat artıb. 2008-ci ilə aid hesabatda kreditlərin həcmi 7 milyard 16,5 milyon manat, 2009-cu ilə aid hesabatda 8 milyard 230,4 milyon manat göstərilir.

2010-cu ildə kreditlərin məbləği 741,4 milyon manat artıb və 8 milyard 971,8 milyon manat olub.

2011-ci ilin sonuna kredit məbləğinin 9 milyard 531,3 milyon manat olduğu qeyd edilir.

Bir il sonra artan məbləğ 1 milyard 878,1 milyon manat olub. 2012-ci ilin dekabrında ölkədə kreditlərin həcmi 11 milyard 409,4 milyon manata çatıb.

2013-cü ildə kredit həcmi 14 milyard 812,2 milyon manat, 2014-cü ildə 17 milyard 626,7 milyon manat olub.

Mərkəzi Bankın məlumatına görə, ötən ilin son ayına kredit həcmi 18 milyard 178,3 milyon manat təşkil edib.

Bu il 215 nəfər Qarabağ əlili və şəhid ailəsi mənzil alıb

20.07.2016

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Samux rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul məlumatına görə, rayonda inşa etdirilmiş 4 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının 20 iyun 2014-cü il sərəncamına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görülür. Cari ildə müxtəlif rayonlar üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Milli Elmlər Akademiyasının strukturunda yenilik oldu

20.07.2016

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası haqqında yeni qərar verib. Transparency.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun iyulun 18-də imzaladığı qərarla Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilir və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılır.

İmzalandığı gündən qüvvəyə minən qərarın digər bəndi ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilir.

Qafqaz Universiteti bağlandı

20.07.2016




İyulun 20-də Qafqaz Universitetinin təsisçisi universitetin bağlanması haqda qərar qəbul edib və Təhsil Nazirliyinə müraciətlə qərar barədə nazirliyi məlumatlandırıb.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlikdə işçi qrupu yaradılacaq və tələbələrin yerləşdirilməsi prosesi aparılacaq.

Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il qərarı ilə fəaliyyətə başlayıb,  Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il qərarı ilə dövlət qeydiyyatından keçib. 20 avqust 2002-ci ildə Təhsil Nazirliyinin lisenziya verməsi ilə universitetin statusu bir daha rəsmiləşib.

Universitetin rektoru türkiyəli professor Əhməd Saniçdir.

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaratdığı Azərbaycan Beynəlxalq Təhsil Mərkəzidir. Universiteti Türkiyənin “Çağ Öyrətim işlətmələri” qrupu açmışdı. Sonradan — 2013-cü ildə universitetin təsisçiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ictimai birlikdir, onun başqa təsisçiləri də var. Dövlət Neft Şirkəti birliyin əsas təsisçisidir.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair məlumat

20.07.2016




Səhiyyə Nazirliyi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair məlumat yayıb.

2015-ci ildə Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilib, funksiyaları Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (SNTTTYS) verilib.

Nazirliyin məlumatına görə, hazırda SNTTTYS-in 12 regional məntəqəsi (113 regional məntəqələri) var. 2007-2016-cı illərdə yol qəzasına düşmüş 15 min 192 nəfərə təcili yardım, 13 min 428 nəfər konsultativ xəstəyə tibbi yardım göstərilib.

Təkcə 2016-cı ildə 624-ü yol nəqliyyatı hadisəsi olmaqla 659 çağırış olub. Ümumilikdə 712 xəstəyə baxılıb, 12 xəstə hospitalizə edilib, 37-si yerində tibbi yardım alıb, 35-i terapevtik və digər travmalı olub, 70 hadisə yerində ölüm qeydə alınıb.

2016-cı il ərzində 113 xidmətinə 1025 konsultativ çağrı, 1684 113 və konsultativ çağırış daxil olub. Baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 nəfərdir.

Sabiq baş nazir və xanımı məhkəmə kürsüsündə

20.07.2016


Çexiya Prokurorluğu sabiq baş nazir Petr Neçası siyasi korrupsiyada ittiham edir. İşə iyulun 19-dan paytaxt Praqanın məhkəmələrindən birində baxılır.

Transparency.az-ın məlumatına görə, Petr Neças 2012-ci ildə baş nazir olarkən 3 deputata mandatlarından imtina müqabilində dövlət şirkətlərində iş təklif edib. Deputatların mandatından imtinası Petr Neçasa parlamentdə sərfəli səsvermə üçün gərək olub. Bu qalmaqal sağ mərkəzçi koalisiyanın dağılması və 2013-cü ildə növbədənkənar parlament seçkisi ilə nəticələnib.

Sabiq baş nazirlə birgə xanımı Yana Neçasova da ittiham olunur. Yana Neçasova ərinin baş nazir olduğu dövrdə onun aparatına rəhbərlik edib. Sabiq baş nazirin xanımı 30 bahalı hədiyyəyə görə ödəməli olduğu 26 min avro məbləğində vergidən yayınmaqda təqsirli bilinir.

Referendum aktına hüquqşünas baxışı

20.07.2016

Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib.Referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.

Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Azadliq.org-da layihəyə tanınmış hüquqşünasların baxışı verilib. Fuad Ağayev deyir ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər hüquqi dövlət üçün yolverilməzdir: “Son 15 ildə neçənci referendum aktı layihəsidir ki, ortalığa çıxır. Həm ümumilikdə layihə, həm də vitse-prezidentlik haqqında müddəalar xoş təsir bağışlamır. Bunun həyata keçməsi xalq hakimiyyətinə, demokratik idarəetmə üsuluna, siyasi sistemə çox neqativ təsir göstərəcək. Təqdim olunmuş layihədən görünür ki, vitse-prezident yalnız və yalnız dövlət başçısının təyin etdiyi və olduqca böyük səlahiyyətlərə malik şəxsdir.

Prezident vaxtından əvvəl vəzifədən getdikdə super prezident səlahiyyətləri xalqın seçmədiyi, hətta Milli Məclisdə də namizədliyi verilməmiş 1-ci vitse-prezidentə keçmiş olacaq. Bu, hüquqi dövlət adlandırılmaq istəyən dövlət üçün yolverilməzdir”.

Ənnağı Hacıbəyli hesab edir ki, nəzərdə tutulan dəyişikliklər hakimiyyətin sərfəli şəxsə ötürülməsinə xidmət edir: “Konstitusiyanın bir neçə ildən bir bu şəkildə oxşar təkliflərlə və siyasi mülahizələrlə dəyişdirilməsi bütövlükdə ana yasanın hörmətdən salınmasıdır.

1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi rəydə hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilir. Bu mexanizm əslində hakimiyyətin hüquqi yolla ötürülməsindən daha çox mövcud hakimiyyətə sərf edən şəkildə, yəni hakimiyyətin istədiyi şəxsə ötürülməsinə xidmət edir”.

Qurban Məmmədov deyir ki, Azərbaycanda normal seçki institutu olsa, qanuni prezident, parlament seçkiləri keçirilsə, ondan sonra bu təklifləri qəbul etmək olar: “Indiki halda bu təkliflər xoşməramlı deyil”.

Hüquqşünas əlavə edib ki, 1-ci, 2-ci, 5-ci vitse-prezident də təsis etmək olar, bütün təklif olunan yenilikləri də qəbul etmək olar: “Yalnız bir şərtlə. İcazə versinlər Azərbaycanda heç olmasa bircə dəfə qanuni prezident və parlament seçkiləri keçirilsin, o təklifləri sonra qəbul edək. İndiki halda təkliflər xoşniyyətli deyil və bizim dövlətimizi çox böyük uçuruma, fəlakətlərə aparır”.

“Zaman-Azərbaycan” dayandı

20.07.2016



“Zaman-Azərbaycan” qəzetinin təsisçiləri iyulun 20-də bəyanat yayıb. Bəyanatda deyilir: “Son günlər regionumuzda baş verən hadisələrin həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və Zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik”.

“Zaman-Azər MMC”nin təsis etdiyi “Zaman-Azərbaycan” qəzeti 1991-ci ildən çıxırdı. Qəzetin əsasını türkiyəlilər qoyub.

Paytaxt polisi 6 aylıq hesabat açıqlayıb

20.07.2016




Bu il Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, iyulun 20-si Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin birinci yarısının yekunları ilə bağlı geniş əməliyyat müşavirəsində belə deyilib.

Müşavirədə qeyd olunub ki, cinayətlərin 83,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 16,7%-i ağır və xüsusilə ağır növlər olub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 16,2%, adam öldürməyə cəhdlər 13,3% azalıb.

Cinayətlərin 79,6%-nin (2015-ci ildə 79,5%), ağır növlərinin 80,7%-nin (79,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 69,2%-nin (69,4%) açılması təmin olunub.

Şəxsiyyət əleyhinə olan 923 cinayətdən 96,3%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 96,7%-i (100%), adam öldürməyə cəhdlərin 100%-i (88,9%) açılıb.

2015-ci ilin eyni dövrünə nisbətdə ümumi cinayətlərin açılması 0,1%, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,2%, şəxsiyyət əleyhinə olanların açılması 2,8%, o cümlədən adam öldürməyə cəhdlərin açılması 11,1%, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 7,9%, zorlamaların açılması 20%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 0,8%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 28%, mənzillərdən edilən oğurluqların açılması 0,7%, mal-qara oğurluğunun açılması 27,5%, mənimsəmə və israf etmə cinayətlərinin açılması 22%, soyğunçuluqların açılması 15,5%, quldurluqların açılması 8,9%, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8%, xuliqanlıqların açılması 2,7% yaxşılaşıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 1055 nəfərdən 62,5%-i (659-u), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 446 nəfərdən isə 47,1%-i (210-u) tutulub.

44 soyğunçuluq və quldurluq cinayəti törətmiş 59 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 141 oğurluq törətmiş 75 nəfərdən ibarət 29 cinayətkar qrup ifşa olunub.

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi

20.07.2016



Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi iyulun 20-də keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.

Mərkəzdən Report.az-a verilən məlumata görə, qərar universitetin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov müvəqqəti olaraq Qafqaz Universitetinə də rəhbərlik edəcək.



Mərkəzdən bildiriblər ki, Qafqaz Universitetinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər.

Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan prezidentinin 29 noyabr 2011-ci il fərmanı ilə yaradılıb, Dövlət Neft Şirkətinə (ARDNŞ) tabedir. Qafqaz Universitetinin təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi də Dövlət Neft Şirkətinindir (Qafqaz Universiteti bağlandı).
Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin