Xeste-qasim


IV  Fəsil    Xəstə  Qasımın  sənətkar  ucalığı və



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
Xeste Qasım

IV  Fəsil 
 
Xəstə  Qasımın  sənətkar  ucalığı və 
ş
eirlərinin  bədii  qüdrəti 
 
Tikmədaşlı Xəstə Qasım aşıq poeziyasında 
özünün sənətkar ucalığı və sözünün bədii qüdrəti 
ilə öz dövründə və özündən sonra gələn əsrlərdə 
sayılıb  seçilmişdir.  Onun  poeziyasında  məzmun 
və  forma  vəhdəti  vardır.  Xəstə  Qasımın  şeir 
inciləri  məzmunca  nə  qədər  gözəldirsə,  formaca 
ondan da gözəldir.  
Söz  sənətinin  incəliklərinə  dərindən  bələd 
olan  böyük  sənətkar  öz  yaradıcılığında  sözdən 
məharətlə istifadə etməklə, onu cilalamaqla, mis-
ralar  daxilində  yerli-yerində  işlətməklə,  sərrast 
düzümləndirməklə  təşbih,  istiarə,  mübaliğə,  tək-
rir,  cinas  və  s.  bədii  təsvir  vasitələrini  məzmuna 
uyğun  bir  şəkildə  işlətməklə  və  oynaq  qafiyələr 
yaratmaqla  dəyərli  sənət  abidələri  meydana 
çıxara bilmişdir.  
O,  şeir  yaradıcılığında  sözdən  bir  rəssam 
kimi  həssaslıqla  istifadə  etmiş,  bununla  da 
Azərbaycan  ədəbi  dilinin  inkişafında  müstəsna 
rol  oynamışdır.  Aşıq-şairin  şeir  yaradıcılığının 
dili zəngin, əlvan olduğu qədər də sadə, rəvan və 
təbiidir.  Onun  şeirlərində  çətin,  qəliz  ifadələrə 


 
113
nadir  hallarda  rast  gəlirik.  O,  sözdən  bacarıqla 
istifadə edərək oynaq qafiyələr vasitəsilə subyek-
tin  canlı  təsvirini  verir,  ümumxalq  danışıq 
dilinin,  şifahi  xalq  ədəbiyyatının  söz  və  ifadə-
lərindən yaddaqalan lövhələr yaradır: 
 
Mərifət bəhrində, ədəb-ərkanda, 
Bir igid istərəm lam-ləng ola. 
Atı Düldül ola, qılıncı dusər, 
Dayanmaz, qabaqda yüz pələng ola. 
 
Sərində görmüşəm cığalı çəngər, 
Üzündə duymuşam müşk  ilə ənbər. 
Kənan şəhrində Yaqub peyğəmbər, 
Yusif tək camalı çox qəşəng ola. 
 
 Onun  lirikası  böyük  təsir  gücünə  malik 
olduğu  kimi,  qeyri-adi,  ecazkar  və böyük  cazibə 
qüvvəsinə malikdir. 
Xəstə  Qasım  qoşmalarında  yalnız  gözəlin 
zahiri  əlamətlərini  deyil,  eyni  zamanda  onun 
mənəvi  aləmini,  nazını,  qəmzəsini  elə  təsvir  və 
tərənnüm  edir  ki,  insana  elə  gəlir  ki,  o  gözəllə 
qabaq-qabağa  dayanıb  gülü  məndən  al  deyir. 
Nəticədə  “Canım  çıxdı  gülü  məndən  alınca” 
misrasındakı  kimi  gözəlin  duruşunu  göz  önünə 
gətirirsən. 
 


 
114
Gümüş kəmər bağlayıbdır belinə, 
Danışdıqca mail oldum dilinə. 
Gül uzatdım nazlı yarın əlinə, 
Canım aldı, gülü məndən alınca. 
 
 
Onun  şeirlərinin  qaynar  çeşməsi  insanı 
həyatla  bağlayan  bir  qüvvəyə  çevrilir.  Xəstə 
Qasımın  gözəlin  tərifini  verən  qoşmalarında 
nikbin  ruhun  bədii  ifadəsini  varlığında  can-
landıran “maral baxışlı”, “ala gözlü”, “gül camal-
lı”,  “mina  gərdən”,  “mah  camal”,  “qaymaq  do-
daqlı”,  “şəkər  dilli” və  s.  canlı təbiətdən alınmış 
sadə,  aydın  təşbih  və  istiarələr  işlətdiyi  halda, 
qəmli  aşiqin  mənəvi  aləmini  təsvir  edən  qoş-
malarında  isə  “sinəm  başın  düyünlərəm,  dağ-
laram”, “çərxi-fələk səndən mənəm gileyli” kimi 
qəmli ruhu ifadə edən bədii təsvir vasitələrindən 
istifadə edir: 
 
Ovçunu görəndə maral  baxışlı, 
Ay üzü birçəkli, xallı Sənəm gəl. 
 
Aşıq odur bir söz desin özündən, 
Aləm bada gedər ala gözündən, 
Danışanda şəkər damar sözündən, 
Qaymaq dodaqları ballı Sənəm gəl. 
 
 


 
115
Yaxud: 
Şeyda bülbül kimi yaman ağlaram, 
Sinəm başın düyünlərəm, dağlaram. 
 
   Və yaxud da: 
 
Xəstə Qasım idim, şaha deyili, 
Çərxi-fələk səndən mənəm gileyli. 
 
 
Xəstə  Qasımın  şeirlərində  rəngarəng  epi-
tetlərə də rast gəlirik. Öz yerində dürüst işlədilən 
bu  epitetlər  onun  şeirinə  xüsusi  bir  əlvanlıq  və 
orijinallıq gətirir: 
 
Nazlı dilbər mənə sitəm eylədi, 
Könlümün şəhrinə saldı çaphaçap 
 
Yaxud: 
Gözəllər gözəli, şahi-gülbədən, 
Didəm ağlar mah camalın görüncə. 
Mina gərdən, büllur buxaq, diş inci, 
Çəkilibdi hilal qaşlar görüncə. 
 
Xəstə Qasım şeirlərində bədii ifadə vasitə-
lərindən  biri  olan  mübaliğədən  də  yerli-yerində 
ustalıqla  istifadə  etmişdir.  Məlumdur  ki,  müba-
liğə  nəzərdə  tutulan  fikrin,  ideyanın  oxucuya, 


 
116
dinləyiciyə  daha  qabarıq  və  canlı  çatdırılmasına 
xidmət edir. 
 
Xəstə Qasımı qəm basdı, 
Yar bizi zülfündən asdı. 
Mən gəlirdim dağdan, daşdan, 
Sinəm yanır qəm-atəşdən. 
 
Və yaxud: 
 
Bülbül olan hərgiz dönməz gülündən, 
Dindirərsən bal tökülər dilindən. 
 
Yaxud da: 
 
Salarsan eşqin oduna, 
Ulusdan, eldən eylərsən. 
Dönsün seyraqub löyünü, 
Yıxıbsan könlüm öyünü. 
 
Başqa bir misal: 
 
Xəstə Qasım, tamam oldu sözlərim, 
Eşq ucundan kabab oldu közlərim. 
 
Eləcə də: 
 
Əllər batıb qızıl qana kəkliklər. 
Mən Qasımam uzaq atdın daşımı, 
Didəmdən axıtdın qanlı yaşımı.  


 
117
Xəstə Qasım şeirlərində bədii ifadə vasitə-
lərindən  biri  olan  təkrirdən  də  yerli-yerində 
istifadə  edilmişdir.  Bədii  əsərdə  fikri  daha  açıq 
şəkildə  ifadə  edən,  onun  təsir  gücünü  artıran 
vasitələrdən biri elə təkrirdir. Xəstə Qasım şeirlə-
rindən gətirdiyimiz nümunələrə diqqət yetirək: 
 
Gedin deyin anasına, 
Sığal versin sonasına. 
Yar sinənin arasına, 
Qoşa nar düşdü, nar düşdü. 
 
Yaxud: 
 
Tər qəmzən, tər xədənk, tər sinəsində, 
Tər atmış, tər peykan, tər sinəsində, 
Tər asmış, tər narın, tər sinəsində, 
Tər dəyməz, tər saxlar, tər gülər, Sənəm. 
  
Xəstə  Qasım  şeirlərində  təkririn  növü 
olan  anaforadan  da  bacarıqla  istifadə  etmişdir. 
“Anafora”
57
  sözünün  mənası  eyni  başlanğıc 
deməkdir.  Təkrar  olunan  sözlər  başlanğıcda 
gələrsə, belə təkrarlara anafora deyilir”. Məsələn: 
 
                                                 
57
 M.İ.Əliyev.  “Ədəbiyyat nəzəriyyəsi”, “Elm və təhsil”, Bakı, 2009, 
səh. 79 


 
118
Kimi eyş ilə işrətdə, 
Kimi zövq ilə söhbətdə, 
Kimi rəng ilə möhnətdə, 
Qasım halın yaman gördüm.  
 
 
Xəstə  Qasım  şeirlərində  qarğışı  bədii 
cəhətdən  elə  biçimləndirir  ki,  insan  birdən-birə 
dəhşətə  gəlir.  Gözəlləri  nikbin  ruhda  təsvir  edən 
Xəstə Qasım “Olsun” rədifli qoşmasında elə qar-
ğayır  ki,  insan  onun  işlətdiyi  misralara  inanmaq 
istəmir.  Çünki,  o  gözəlləri  ömründə  belə  qarğa-
mamışdı. 
 
Yeri gözəl, yeri sənə qarğaram, 
Ölənədək işin ahu-zar olsun. 
Siyah zülfün dal gərdəndə sərasər, 
Halqa-halqa, çinbəçində mar olsun. 
 
Şeirin  təsir  gücünü  artıran,  insanda  hiss-
həyəcan  oyadan  bədii  ifadə  vasitələrindən  biri 
olan bədii sualdan da  Xəstə Qasımın şeirlərində 
istifadə edilmişdir: 
 
Ay qəsrdə duran gözəl, 
Niyə təksən, elin yoxdur? 
Niyə pozğundu tellərin, 
Əl şanada telin yoxdur? 
 


 
119
Şeirdə  fikri  bitkin  vermək  üçün  Xəstə  Qa-
sım  qoşmalarında  çox  zaman  misraları  aydın 
ifadələrdən  qurur,  bəzən  bir  misrada  iki,  üç 
cümlə verir: 
 
Bir igidin yaxşı olsa həmdəmi, 
Qışı nurdur, yazı nurdur, yayı nur. 
 
Yaxud: 
Payız dərdim, qış möhnətim, yaz qəmim, 
Hicran tapdaq etdi yayılan məni. 
 
Və yaxud da: 
 
Üz vermə nadana, sirr vermə pisə, 
Soruş indi, danış indi, yar indi. 
 
 
Belə  aydın,  qısa  cümlələrdən  qurulan  dol-
ğun  misralar  kimi,  Xəstə  Qasımın  başqa  şeir-
lərindən də çoxlu misralar göstərə bilərik. Bunlar 
onun  şeirlərinin  bədii  gözəlliyinə  bir  bitkinlik, 
dolğunluq gətirir. 
 
Xəstə  Qasım  şeirlərinin  bədii  xüsusiy-
yətlərindən  biri  də  qoşma  və  təcnislərinin  çox 
oynaq  və  ahəngdarlığıdır.  Onun  qoşmalarının 
oynaqlığının  birinci  səbəbi  bu  şeirlərin  musiqi 
ahənginə,  saz  havalarına  uyğun  yaradılması, 
ikinci  səbəb  isə  öz  şeirləri  üzərində  ciddi  dü-


 
120
şünüb  işləməsidir.  O,  bacarıqlı  söz  ustası  kimi 
sözləri  şeirin  misraları  içərisində  elə  sənət-
karlıqla  düzüb  sıralandırır  ki,  bu  sözlərdəki  səs-
lərin  uzlaşmasından  qulağa  xoş  gələn  bir  avaz 
eşidilir.  
 
Oyandı sünbüllər, səcər gətdi bar, 
Orda min bəşər var, yeddi sin bilər. 
Bu yazan ustanın nə xoş xətti var, 
Yazıbdı mim üstə, yeddi sin bilər. 
 
 
Xəstə  Qasımın  şeirlərinin  bədii  xüsusiy-
yətlərindən  biri  də,  şeirlərinin  hamısının    bitkin 
kök  qafiyələrindən düzəldilməsidir.  Onun  şeirlə-
rində  yoxsul,  yaxud  natamam  qafiyələr  yox 
dərəcəsindədir. 
 
Xəstə Qasımın şeir inciləri yüksək poeziya 
nümunəsi  səviyyəsinə  yüksəlmişdir.  O,  gözü  ilə 
görüb,  dərindən  duyduğu  hadisələri  qələmə  alıb 
mənalandırmış, fəlsəfi nəticələrə gəlmişdir. Bun-
lar  da  onun  yaradıcılığında  realizmin  güclü 
şəkildə özünü göstərməsinə səbəb olmuşdur. 
 
Xəstə  Qasımın  dərin  ictimai  məzmuna, 
mütərəqqi ideyaya  malik olan şeirləri xalq ruhu-
nun  parlaq,  gözəl  məntiqi  təfəkkürünün  nəticə-
sidir.  Onun  misilsiz  dil  sadəliyinə,  üslub  gözəl-
liyinə,  forma  əlvanlığına  malik  olan  şeirləri 


 
121
özündən sonra gələn aşıqlar üçün əsl sənətkarlıq 
məktəbi olmuşdur. 
 
Öz  sağlığında  çox  şeyi  itirən  Xəstə 
Qasımın  özündən sonra  ədəbi  irsinin  çox  hissəsi 
tapılmamışdır. Bütün bunlara baxmayaraq, Xəstə 
Qasım  Azərbaycan  xalq  ədəbiyyatında,  aşıq 
poeziyasında  nəinki,  öz  mövqeyini,  ucalığını 
saxlamış,  hətta,  özündən  sonra  sənət  meydanına 
gələn  sənətkarlara  da  işıq  tutmuş,  yol  gös-
tərmişdir. 
 
Dağıstana  səfər  etmiş  Xəstə  Qasımdan 
sonra sənət meydanına gələn XVIII əsrin nəhəng 
sənətkarı Aşıq Valeh də Dərbəndə səfər etmişdir. 
Valeh  də  Xəstə  Qasım  kimi  hərbə-zorbalara, 
deyişmələrə  öz  yaradıcılığında  geniş  meydan 
vermişdir. 
 
Xəstə  Qasım  öz  şeirlərində  heca  vəznini 
daha  bitkin  şəklə  salmışdı.  Aşıq  şeiri  -  bu  vəzn 
hər  şeydən  əvvəl  telli  saza  borcludur.  Məhz, 
Ləzgi  Əhmədlə  Xəstə  Qasım  da  dərin  mündə-
ricəli  qoşma-qıfılbəndləri  sazın  möcüzəsi  kimi 
meydana qoymuşlar. 
 
Sarı  aşığın  cinaslı  bayatılarını  cığalı 
təcnislərində  çeşni  götürüb  toxuyan  və  fayda-
lanan Xəstə Qasım heca vəznli şeirləri, bayatı və 
qoşmaları  yüksək  sənətkar  kimi  daha  da  kamil-
ləşdirmişdir.  Bununla  da  o,  gələcəkdə  şifahi  və 
yazılı 
poeziyamızın 
inkişafı 
üçün 
zəmin 


 
122
yaratmışdır.  Akademik  Mirzə  İbrahimov  aşıq-
şairin    böyük  istedad  sahibi  olduğunu  belə  qeyd 
etmişdi:  “Xəstə  Qasım  heç  şübhəsiz  ki,  həyatı 
bədii  idrak  duyğusu  güclü  olan  ustad  aşıqdır”.
58
 
Xəstə  Qasım  şeirinin  rəvan,  axıcı  dili,  poetik 
rəngarəngliyi  ilə  özündən  sonra  gələn  sənət-
karlara  güclü  təsir  göstərmişdir.  Öz  araşdırma-
larında  bunu  görən  akademik  Həmid  Araslı 
yazırdı:  “Xəstə  Qasımın  əsərləri  dil,  ifadə  xüsu-
siyyətləri  ilə  Vaqif  yaradıcılığına  çox  yaxın-
dır”.
59
  Əlbəttə,  Xəstə  Qasım  Vaqifdən  əvvəl 
yazıb  yaratmış  və  mükəmməl  ədəbi  irs  qoyub 
getmişdir. 
 
Sözsüz ki, Xəstə Qasım şeirinin dil əlvan-
lığı xalq yaradıcılığı çeşməsindən, bayatı inciləri 
xəzinəsindən  gəlir.  Xəstə  Qasım  şeirinin  dili-
bayatılarımızın  dilidir.  O,  bu  büllur  çeşmənin 
gözündən içib. 
 
Xəstə  Qasımın  yaratdığı  sənət  inciləri  xü-
susilə  təcnis,  qıfılbənd,  ustadnamə  və  başqa 
şeirləri onun aşıq yaradıcılığındakı ədəbi mövqe-
yini  ucada  saxlamağa  və  istedadlı  bir  sənətkar 
olduğunu söyləməyə haqq verir.
60
 
                                                 
58
 Mirzə İbrahimov.  “Aşıq poeziyasında realizm”, EAN, Bakı, 1966, 
səh.42. 
59
 Həmid  Araslı. “Aşıq yaradıcılığı”.  Bakı, 1960. səh. 73. 
60
 Sədnik Paşayev,.“Azərbaycan folkloru və aşıq yaradıcılığı”, ADU 
Nəşriyyatı, Bakı, 1989, səh. 72. 


 
123
 
Xəstə  Qasım  şeirlərinin  sənətkarlıq  xüsu-
siyyətlərini  araşdırdıqda  tam  aydın  olur  ki,  milli 
heca  vəznli  şeirimizin  inkişaf  tarixində  onun 
xüsusi xidmətləri olmuşdur. 
 
Əlbəttə, yuxarıda bəhs etdiyimiz əldə olan 
şeirlər bütövlükdə Xəstə Qasımın külliyatı deyil. 
Onun sinədəftər babalarımızın yaddaşında saxla-
nılan, hələ əldə edilməyən şeirləri çoxdur. 
 
Xəstə  Qasım  Azərbaycan  ədəbi  dilinin 
formalaşıb  təkmilləşməsində  xüsusi  rol  oynamış 
xalq aşığıdır. Onun şeirlərində bədii dil son dərə-
cə  canlı,  sadə və  aydındır.  Bədii  təsvir vasitələri 
xalq  dilindən  gələn  təbii  və  canlı  ifadələrdən 
ibarətdir.  Onun  yazdığı  şeirlərin  qafiyə,  rədif  və 
başqa  xüsusiyyətləri  yazılı  ədəbiyyata  böyük 
təsir göstərmişdir. 
 
Xəstə Qasımı aşıq poeziyası tarixində daha 
çox  məşhurlaşdıran  onun  dərin  fəlsəfi  ideyalar 
təbliğ  edən  ustadnamələri  olmuşdur.  Xəstə  Qa-
sım  öz  dövrünün  ustad  sənətkarı  olmuş,  özünə 
qədər  mövcud  olan  Azərbaycan  aşıq  şeirinin 
bütün  janrlarından  istifadə  etmişdir.  “Xəstə 
Qasım  aşıq  yaradıcılığına  yenilik  gətirmək,  onu 
bədii və şəkli cəhətdən zənginləşdirmək məqsədi 


 
124
ilə  bütün  qaynaqlara  baş  vurmuş  və  hər 
çeşmədən bir dürr əldə etmişdir”.
61
 
 
Xəstə  Qasımdan  sonra  gələn  Aşıq  Valeh, 
Aşıq  Alı,  Şəmkirli  Aşıq  Hüseyn,  Molla  Cuma, 
Yəhya  bəy  Dilqəm,  Aşıq  Ələsgər,  Aşıq  Hüseyn 
Bozalqanlı, Aşıq Şəmşir və başqaları onun sənət-
karlığından,  şeir  xəzinəsindən  geniş  istifadə 
etmiş, onu özlərinə ustad hesab etmişlər. 
 
Yaradıcılığının xəlqiliyi, dilinin incəliyi və 
qələmə  aldığı  şeirləri  realistcəsinə  işləməsi  nöq-
teyi-nəzərindən  Xəstə  Qasım  diqqətəlayiq  sənət-
kardır.  Onun  ictimai  məzmunlu  şeirləri  Xəstə 
Qasımın hər zaman yoxsulların tərəfində  dayan-
dığını sübut edir.  
 
Xəstə  Qasım  aşıq  sənətinin  və  canlı  xalq 
dilinin  inkişafında  böyük  rol  oynamış,  onun 
ədəbi  irsi  aşıq  poeziyası  tarixində  özünə  şərəfli 
yer  tutmuşdur.  Bu  sevimli  el  nəğməkarının  şeir-
ləri  öz  dövründə  və  özündən  sonra  dillər  əzbəri 
olmuş,  indi  də  xalq  tərəfindən  sevilə-sevilə 
oxunur və öyrənilir. 
 
Yar, qapında yaslanaram mən yüz il, 
Sən təzə qonçasan, mən şeyda bülbül, 
 
                                                 
61
 Sədnik Paşayev. “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, ADU 
nəşriyyatı, Bakı, 1989, səh.77. 


 
125
Bu dərd məni öldürəcək yəqin bil, 
Sən dərdimə şəfa gəldin, sevdiyim. 
 
 
Əvvəl  qəzəlxan,  sonra  aşıq  olan  Xəstə 
Qasımın  Füzuliyə  münasibəti  də  şeirində  öz 
əksini tapmışdır. 
 
Ləzgi Əhməd mənəm Füzuli nəsli, 
Bəhrlərdə mən ümmanam, sən nəsən? 
Dərin kitabları məna eylərəm, 
Söz anlayan, dərd qananam, sən nəsən? 
 
Və yaxud: 
 
Tikmədaşlı Qasım İsgəndər nişan, 
Şövkətdə, bil, Süleymanam, sən nəsən? 
 
 
Füzulinin mövqeyini dərk edən və düzgün 
qiymətləndirən  sənətkar  heç  şübhəsiz  ki,  onun 
sənət 
çeşməsindən 
də 
yaradıcı 
şəkildə 
faydalanmışdır. 
 
Xəstə  Qasımın  şeirlərindən  aydın  olur  ki, 
o,  təkcə  Füzulinin  deyil,  böyük  şairin  oğlu 
Fəzlinin şeirləri ilə də  tanış  imiş.  Fəzlinin  yarat-
dığı  qəzəl-müstəzad  nümunəsindən  istifadə  yolu 
ilə  Xəstə  Qasım  sazın  tələblərinə  uyğun  olaraq 
on bir heca ölçüsündə yeni aşıq şeirinin –qoşma-
müstəzadın binasını qoymuşdur: 


 
126
İki dərya xoş görünmür gözümə, 
İki qırx dörd gəlməz ərin dizinə. 
Xəstə Qasım, bu şeirinə, sözünə, 
Qazı, molla, müctəhidlər qaldı mat, 
                                    Tapmadı kəlmat. 
 
 
Xəstə Qasımın təcnisləri öz mükəmməlliyi 
ilə çoxlarını heyran qoyduğu kimi, açar düşməz, 
qapısı  bağlı,  sirli-sehrli    qıfılbəndləri  çoxlarını 
mat  qoymuş,  bu  möcüzə  qarşısında  düşünə-
düşünə, baxa-baxa qalmışlar. Bunu özü də dərin-
dən hiss edən Xəstə Qasım deyir:  
 
Xəstə Qasım, bu şeirinə, sözünə, 
Qazı, molla, müctəhidlər qaldı mat, 
                                    Tapmadı kəlmat. 
 
Demək,  Xətayi,  Füzuli  və  Fəzli  yaradıcılığı 
ilə  bağlı  olan  Xəstə  Qasım  XVI  əsrdən  əvvəl 
yaşayıb-yarada  bilməzdi  və  o,  Aşıq  Qurbanidən 
sonra  ədəbi  fəaliyyətdə  olmuşdur.  Beləliklə,  aşı-
ğın həyatını öyrənmək üçün onun yeganə mənbə 
olan əsərlərinə müraciət etmək zəruridir. Bu qoş-
ma və gəraylılardan məlum olur ki, Xəstə Qasım 
təkcə  söz  yaradıcısı,  söz  aşığı  deyil,  o,  həm  də 
mahir  saz  aşığı  olmuşdur.  Sazla  yaxınlıq  et-
məyən  və  ona  dərindən  bələd  olmayan  bir 


 
127
sənətkar,  şeirlərini  çox  güman  ki,  şəkli  cəhətdən 
bu qədər zənginləşdirə bilməzdi.  
 
Xəstə  Qasımın  yerində  deyilmiş,  dərin 
mənalı  sözlərlə  bəzənmiş  ustadnamələrində  elə 
misralar var ki, atalar sözü kimi səslənir: 
 
 Özün əmək çəksən, su çıxar daşdan, 
 Əridər dağları yol eylər-eylər. 
 
 
Sazın  kök  və  pərdələrinə  dərindən  bələd 
olan  Xəstə  Qasım  öz  poeziyasını  şəkli  cəhətdən 
zənginləşdirə  bilmişdir.  Özündən  əvvəl  aşıq 
poeziyasında  mövcud  olan  qoşma  və  gəraylılar-
dan, təcnis formalarında yaradıcı şəkildə istifadə 
etmiş, Tufarqanlı Abbasın “Gözəl, göz ala” cığalı 
təcnisindən  sonra  daha  mükəmməl  cığalı  təcnis 
nümunələri yaratmışdır. Qoşma-müstəzadın yəni, 
ayaqlı qoşmanın ilk nümunəsini də Xəstə Qasım 
yaratmışdır.  Cəsarətlə  demək  olar  ki,  Xəstə 
Qasım  “Dağıstan  səfəri”  ilə  real    tarixi  dastanın 
ilkin  nümunəsini  yaratmış,  bundan  sonra  sənət 
meydanına gələn Aşıq Valeh, Aşıq Alı, Şəmkirli 
Hüseyn  onun  real  tarixi  dastan  yaratmaq  ənə-
nəsindən əzəmi dərəcədə bəhrələnmişlər. 
 
Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinə hər 
dəfə  bir  münasibətlə  yanaşdıqda  onun  yaradı-
cılığının müəyyən bir cəhəti, üstün bir keyfiyyəti 
üzə  çıxır.  Biz  bunları  onun  öz  ədəbi  irsinin 


 
128
köməyi  ilə  öyrənə  bilirik.  O,  xalq  poeziyası  ilə 
yanaşı,  yazılı  poeziyamızdan  da  faydalana  bil-
miş,  klassiklərdən  Nizami,  Xaqani,  Nəsimi,  Xə-
tayi və Füzuli yaradıcılığı ilə tanış olmuş və on-
ların sənətkarlıq keyfiyyətlərindən təsirlənmişdir. 
 
Xəstə  Qasımın  məharətlə  qoşulmuş  qıfıl-
bəndləri  özündən  sonra  sənət  meydanına  gələn 
ustad aşıqların çoxunu çətinliyə salmış, günlərlə, 
aylarla  düşündürmüş,  baş  sındırmağa  vadar 
etmişdir. 
 
Xəstə  Qasım  novatorluğu,  ustalığı  ilə  aşıq 
poeziyasında  elə  bir  mövqe  qazanmışdır  ki, 
ondan  sonra  yetişən  heç  bir  sənətkar,  böyük-
kiçikliyindən  asılı  olmayaraq,  ustadın  təsirindən 
kənarda qala bilməmişdir.  
 
Sarı  Aşıq  və  Xəstə  Qasım  öz  ecazkar 
yaradıcılıqları  və  yaratdıqları  sənət  inciləri  ilə 
çoxlarını,  hətta,  ən  istedadlı  sənətkarları,  aşıq-
şairləri  heyrətdə  buraxmışlar.  Hər  iki  sənətkarın 
heca vəznli şeirin inkişafındakı xidmətləri müqa-
yisəyə  gəlməz  dərəcədə  əvəzsizdir.  Onlar  xalq 
poeziyasında,  aşıq  yaradıcılığı  sahəsində  böyük 
ənənələr qoyub getmişlər. 
 
Xəstə  Qasım  dövrünə  görə  mükəmməl 
mədrəsə  təhsili  görmüş,  istedadlı  aşıq-şair  ol-
muşdur: 
Xəstə Qasım, kəsilibdir xitabım, 
Qızılgültək çəkilibdir gülabım. 


 
129
Billur qaşlı, qızıl cildli kitabım,
62
 
Yoxdur zərli qələmdanım əlimdə. 
 
 
 
 
Öz  sağlığında  çox  şey  itirən  Xəstə 
Qasımın  nadir  və  seçmə  şeirləri  yaddaşlarda  və 
ifaçı  aşıqların  repertuarlarında  yeni  nəsillərə 
yadigar qalmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin