İKİNCİ HİSSƏ
Saat zəngi beş dəfə çalınır. İşıq yanır. Elə həmin qonaq otağıdı. Kaminin rəfinə şamlar düzülüb. Stolun üstündə içi şərab dolu badə. Onun yanında içi meyvə dolu qab və konfet qutusu. Pəncərənin yanında əl nərdivanı var. Q o n a q onun üstünə çıxıb karnizi bərkidir.
Q a d ı n mobil telefonla danışır.
Q a d ı n: Alo! Gecəniz xeyir… Yoldaş növbətçi, mənim ərim yoxa çıxıb. Bu gün. Daha doğrusu, dünən axşam. (Pauza.) Üç gündən… Əgər… (Telefonu qapadır.) Deyir, itkin düşənlər barədə ərizələr üç gündən sonra qəbul olunur. 14 fevralda itən ərlər isə özləri tapılır… Gəl ümidimizi itirməyək.
Q o n a q: Narahat olmayın. O axı telefonsuzdu. Yəqin elə bir yerdədi ki, zəng eləyə bilmir. Bəlkə də yol polisləri saxlayıblar. İçmişdi?
Q a d ı n: Azca.
Q o n a q: Bu gün axı bayramdı! Polislərə də bayramdı. (Karnizi bərkidib.) Deyəsən, düzəldi. Zəhmət olmasa, əskini ver. Burda toz var.
Q a d ı n: Aşağı düş. Qulluqçu silər.
Q o n a q: Mən onsuz da burdayam.
Qadın əskini ona verir. Qonaq karnizi silib nərdivandan düşür.
Q a d ı n: Təşəkkür edirəm.
Q o n a q: Dəyməz.
Q a d ı n: Üzr istəyirəm, polisə qədər biz nədən danışırdıq?
Q o n a q: Yuxulardan.
Q a d ı n: Hə… Mən başqalarının yuxularını görürəm.
Q a d ı n: Məsələn?
Q o n a q: Guya mən ev qulluqçusuyam. Bəs evi yığışdıra-yığışdıra qorxu canımı alıb ki, bu saat güldanı sındıracam. Böyük, içi dolu güldanı. Yığışdırıb, otağa qayıdanda görürəm ki, güldan yoxdu, döşəmənin üstü də onun sınıqlarıyla doludu.
Q o n a q: Bu, yaxşı əlamətdi.
Q a d ı n: Kim üçün? Ev sahibləri üçün?
Q o n a q: Qabın sınmağı yaxşı əlamətdi.
Q a d ı n: Oyaq vaxtı. Bəs yuxuda?
Q o n a q: Yuxuda lap əla.
Pauza.
Q a d ı n: Sən yubileyini qeyd etdin?
Q o n a q: Hansı yubileyi?
Q a d ı n: Qırx yaşını.
Q o n a q: Olmaz. Yaxşı əlamət deyil.
Q a d ı n: Mən ad günlərini xoşlayıram. Amma heç bir tost, restoran lazım deyil… Ötən il Bostona, qızımın yanına uçmuşdum. Şəhərdə gəzən yerdə birdən yolayrıcının üstündəki şalbanda gözümə elan sataşdı: “Lost dog. Name is Sasha. Phone number…” Saşa adlı bir it itib.
Q o n a q: Saşa?
Q a d ı n: Adaşım. Yazığım gəldi… Sonra bir şeir yazdım…
Q o n a q: İt haqqında.
Q a d ı n: Həm də onun haqqında.
Q o n a q: Oxu.
Q a d ı n: İntonasiya ilə?
Q o n a q: Ciddi sözümdü, oxu.
Q a d ı n:
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin.
Ona səhər-səhər bir sümük versin.
Ət nəyə gərəkdi, halı pisləşər,
Quru havalarda sənlə gəzişər.
Nə lazım boynunda o xalta-filan,
Tezdən su içizdir, sərin, həm kalan.
Qabındakı suyu sonacan içsin,
Qoy nə zingildəsin, nə də ki hürsün.
Yiyəsiz qalanda mısmırıq sallar,
Hürmək istəyəndə nəsə xatırlar.
Pis günü qoy onun bax belə olsun,
Öz it həyatından tez cana doysun.
Mərhəmət, xəyanət… boşuna verin,
Gəlin bircə ona yalan deməyin,
Əgər demisizsə, üzün görməyin.
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin…”
İmzanı yağış yudu.
Qalan yalnız “Sizin əziziniz” oldu.
O söz də dəftərdə qaldı-qaldı...
Saraldı soldu”.
Q o n a q: Kədərli şeirdi… başqa bir şey də oxu.
Q a d ı n: Yaxşı görək… Köhnələri istəmirəm, təzəsini də yazmamışam.
Q o n a q: Niyə?
Q a d ı n: Qafiyələr qarışır…
Q o n a q: Özünü nəsrdə necə, sınamamısan?
Q a d ı n: Nə barədə?
Q o n a q: Özün barədə.
Q a d ı n: Kədərli əhvalat alınacaq.
Q o n a q: Niyə ki?
Q a d ı n: Şahzadə qız yatır və bu, hamıya sərf edir. Qulluqçular toz alır, bağban budaqları kəsir, şahzadə oğlan öz işiylə məşğuldu. Yelqovan cırıldamır. Şahzadə xanımın yuxusuna təhlükə yoxdu.
Qadın pəncərəyə yaxınlaşır. Qonağa sarı dönmədən danışır.
Q a d ı n: Nəsə axır vaxtlar mənim gözümdə… hər şey həm olduğu kimidi… həm də deyil. Elə bil mən varam, amma varlığım heç lazım da deyil… Mən olmasam, heç nə dəyişməyəcək. Yulya burda olanda bilirdim ki, ona lazımam, çox şey mənlikdi. İndi isə… (Dönüb mənalı-mənalı gülür.) Demək, nağıl o qədər də şən alınmır.
Q o n a q: Roman yaz.
Q a d ı n: Süjet yoxdu.
Q o n a q: Deyim?
Q a d ı n: De görüm.
Q o n a q: Təsəvvür elə… Bir oğlan vardı. Qorxaq-filan deyildi. Ən hündür ağaclara dırmaşırdı, pis uşaqlarla dalaşırdı. Amma bəyəndiyi qıza yaxınlaşmağa cürət eləmirdi. Qız gözəl idi, gözəllər gözəli. Birinci sinifdən çantasını oğlanlar daşıyırdı. Böyüyüb onun üstündə dalaşmağa başladılar… Qız onlardan biriylə dostluq edirdi. Hündür, yaraşıqlı bir oğlan idi. Ziyalı ailədən idi. Səliqəli geyinirdi. Bizim o oğlansa yamaqlı şalvarda gəzirdi, əynində babasının sviteri idi. Amma baharın ilk günlərindən birində özündə cürət tapıb qızgilin üçüncü mərtəbədəki eyvanına dırmaşdı və ora bir dəstə qarçiçəyi qoydu. Səhəri gün bütün məktəb professor oğlunun qəhrəmanlığından danışırdı. Yəqin qız ona təşəkkür etmişdi. O da müdrikanə şəkildə susmuşdu. Və qız məktəbin həyətində indiyəcən heç kimə göstərmədiyi bir təbəssümlə ona baxmışdı. Bizim oğlan da sinfin pəncərəsindən hər şeyi görmüşdü.
Q a d ı n: Sonra?
Q o n a q: Sonra? Pəncərəni açmaq istədi. Açılmadı… Qış üçün yapışdırılan kağızdan pəncərə kip bağlanmışdı. Bərkdən dartıb açdı. Pəncərəyə qalxıb yerə atıldı. Fikrindən keçdi ki, onlara yaxınlaşıb desin: “Hündürdən qorxmayan o yox, mənəm!” Amma yaxınlaşmadı.
Q a d ı n: Niyə?
Q o n a q: Ayağı sınmışdı.
Q a d ı n: Bəs o qız?
Q o n a q: Pəncərə açılanacan artıq dönüb getmişdi. Yəqin kimsə çağırmışdı.
Q a d ı n: Sonra?
Q o n a q: Buraxılış gecəsində qıza yaxınlaşdı. Demək istəyirdi: “Gəl əl-ələ verib yaşayaq!” Amma bu sözü demək ikinci mərtəbədən tullanmaq qədər dəhşətli bir iş idi… Və dilindən bu sözlər çıxdı: “Gəl əl-ələ və ayaq-ayağa verək”.
Q a d ı n: Gülməlidi.
Q o n a q: Hə, o qız da gülüb dedi: “Hələ mənə ayağını təklif eləyən olmamışdı!” Və oğlanlardan biriylə rəqs eləməyə getdi.
Q a d ı n: Bəs o?
Q o n a q: Məzunların mərasimini tərk etdi. Sonra bu şəhərdən baş götürüb getdi. Başqa bir şəhərdə peyda oldu. Orda rastına bir qız çıxdı. O qızı dostlarıyla birlikdə getdiyi kinoteatrda gördü. Qıza yaxınlaşmaq istəyəndə qulağına həmin o məzun gecəsindəki gülüş səsi gəldi… Cürət etmədi. Sonra öyrəndi ki, qoyub gəldiyi qız ərə gedib.
Q a d ı n: Professor oğluna?
Q o n a q: Ondan da bərk gedənə. Kooperatora… Oğlan da evləndi. Bir gün o qıza məktub yazdı, amma məktubu geri qayıtdı. Ünvan səhv imiş. O, bu məktubu saxladı və ünvanın səhv olduğu barədə qeydi dönə-dönə oxudu.
Q a d ı n: Bəs sonra?
Q o n a q: Sonra həyat başlandı. Hərənin öz həyatı. Bircə fərqlə ki, o qız onu qəti xatırlamırdı, o isə qızı bir an belə unuda bilmirdi.
Q a d ı n: Vəssalam?
Q o n a q: Hələlik, hə…
Q a d ı n: Əlbəttə ki, gözəl süjetdi. Oğlan bir qızı sevirdi… Amma sonluq yoxdu. Parlaq final tələb olunur. Yoxsa ki, yaşayıblar da, özləri üçün… (Mobil telefon zəng çalır. Qadın ərinin telefonunu götürür.) Alo! Alo, eşidirəm! Əlaqə kəsildi… (Düyməni basır.) Nömrə təyin olunmayıb… Bəlkə zəng eləyən özü idi? (Mobil telefonunu stolun üstünə qoyur. Qonaq sakitcə onu müşahidə edir.) Bağışla. Hə, oğlanın axırı necə oldu?
Q o n a q: Soyun.
Q a d ı n: Nə?!
Qonağın səsi dəyişib kobudlaşır və aqressivləşir.
Q o n a q: Deyirəm ki, s-soyun.
Qadın qalxıb stola tərəf çəkilir. Qonaq da qalxır.
Q a d ı n: Niyə?
Q o n a q: Parlaq final üçün. Oğlan o qızı düz iyirmi beş il sevmişdi. İndi isə onu zorlayacaq.
Q a d ı n: Valya, dəli olmusan, nədi?!
Q o n a q: Düz doqquzuncu sinifdən.
Qonaq yaxınlaşıb stolun yan-yörəsinə fırlanır. Qadın bir qədər də geri çəkilir. Onlar stolun ətrafında dövrə vururlar.
Q a d ı n: Amma belə şey olmayıb. Mən nəsə xatırlamıram. Valya, əl saxla! Sən məni kiminləsə səhv salmısan. Heç nə olmayıb!
Q o n a q: Qarçiçəkləri də olmayıb?
Q a d ı n (çılğınlıqla): Olmayıb!
Q o n a q: Sən unutmusan!
Q a d ı n: Bəlkə sən eyvan məsələsində səhv edirsən?
Q o n a q: Soyun, ləçər!
Q a d ı n: Valeçka, əl saxla! Sən məgər iyirmi beş il elə bunu istəmisən?!
Q o n a q: Hə!
Q a d ı n: Demək, belə?!
Qonaq dayanır. Onlar aralarında stol bir-birlərinə baxa-baxa qalıblar.
Q o n a q (xırıltılı, qırıq-qırıq səslə): Sən mənim həyatımı məhv etdin. Evləndim, amma bir gecə də fikrimdən çıxmadın. Bunun nə olduğunu özüm də bilmirəm – dəlilikmi, mübtəlalıqmı, ya nəsə bir xəstəlikmi? Mən də başqalarının yuxularını görürəm. Hətta kimin yuxusu olduğunu da bilirəm. Sənin ərinin… Bağışla məni. Mənlik deyil. Özümdən asılı deyil. Bağışla… (Diz üstə çöküb başını sanki edam kötüyünə qoyurmuş kimi stolun üstə qoyur.) Vur boynumu, bəlkə onda yüngülləşdim.
Dostları ilə paylaş: |