(Qadın yerindəcə dayanıb.)
Q a d ı n: Valya, sən nəyisə çaş salmısan… Vurulmusan… Kimə? Hörüklü qıza?.. O indi hardadı?.. O indi kimdi?.. Sən ki məni tanıyırsan… Mənmi sənin həyatını məhv etdim? Bəlkə sən mənim?.. Yoxsa yox… Bəlkə elə mən də bu məhəbbəti arzulamışam. Amma sən etiraf etmədin… Cürətin çatmadı. Yaxın gəlmədin. Demədin. (Pauza.)
Q o n a q: Bəlkə, biz birlikdə ola bilərik?
Q a d ı n: Kiminlə birlikdə? Özümüzdən uydurduqlarımızla?
Q o n a q: Mənimlə gəl…
Q a d ı n: Niyə?
Q o n a q: Özün deyirsən ki, bu evdə heç nə dəyişməyəcək! Amma başqa bir ev də var. Sən ora lazımsan.
Q a d ı n: Valya, mən bu hərəkəti eləyə bilmərəm.
Q o n a q: Sən ərini sevirsən?
Q a d ı n: Bilmirəm… Saşa adlı bir it itkin düşüb.
Q o n a q: Mən səni sevirəm. Sən mənə inanırsan?
Q a d ı n: “Səni sevirəm” sözünün mənası bütün dillərdə “sev məni” deməkdi… (Qonağa yaxınlaşıb əlini onun başına qoyur.) Qalx! (Qonaq qalxıb, onun əlini öpür.)
Q o n a q: Bir də üzr istəyirəm. Vaxtdı, gərək gedəm. Təyyarə səkkizdə uçur. Təyyarəni heç xoşlamıram, amma nə etməli…
Q a d ı n: Klaustrofobiya?
Q o n a q: Yəqin. (Qalxıb paltosunu geyinir.)
Q a d ı n: Bəs sənin baqajın hanı?
Q o n a q: Baqaj yoxdu.
Q a d ı n: Taksi çağırım?
Q o n a q: Lazım deyil. Bir az yolla gedim, təmiz hava alım.
Yaxınlaşmadan bir-birlərinə baxırlar.
Q a d ı n: Sən yaddan çıxarma… Zəng elə…
Q o n a q: Yaxşı. Sənsə gecələr oğlan-zad sifariş eləmə. Yoxsa ağatlı bir gənc şahzadə gözlədiyin yerdə sənə qocasını göndərirlər… səfehin birisini. (Əlcəklərini taxır.)
Q a d ı n: Bəs telefon? Nömrəni mənə ver.
Q o n a q: Mənim telefonum yoxdu.
Q a d ı n: Mobil də yoxdu?
Q o n a q: İstifadə eləmirəm.
Q a d ı n: Bəs mən səni necə tapacağam?
Q o n a q: Mən səni tapan kimi. Kompüterdə. Çatda belə yazarsan: “İt itkin düşüb”.
Q a d ı n: Sən də üzə çıxacaqsan?
Q o n a q: Əgər çağırsan.
Qadının yanağından öpür. Çıxıb gedir. Qapı çırpılır.
Qadın pəncərənin yanında dayanıb.
Onun mobil telefonuna zəng gəlir.
Q a d ı n: Alo! Yulya? Nə olub? Xeyir ola, belə tezdən? Yenə düz hesablamamısan… (Pauza.) Hazırlaşırıq. Nə gətirək? Zümrüdlü? Yaxşı… Canım-gözüm, necəsən? Hər şey normaldı? Bəs imtahanlar? (Pauza.) Hava soyuqdu? Bəs otağın necə? (Pauza.) Yulya, sən “normal” sözündən başqa söz bilirsən? Mənim səninçün burnumun ucu göynəyir, sənsə mənimlə elə bil candərdi danışırsan. (Pauza.) Yaxşı, oldu. Yaddan çıxarmaram. Düz sözümdü. Elə bu dəqiqə çantama qoyacam. Yıxıl yat. Öpürəm. (Telefonu stolun üstünə qoyub yataq otağına keçir. Açıq mücrüylə qayıdır. İçini eşələyib orda olanları stolun üstə tökür. Bijuteriyaların arasında seçim edib matdım-matdım ətrafına baxır. Siqnal səsi gəlir – qısa melodiya və səs: “Sizin yeni ismarıcınız var”. Ərinin mobil telefonunu götürüb düyməni basır və sonra telefonu stolun üstünə atır.) Elə belə də bilirdim… (Təzədən yataq otağına keçir. Giriş qapısı çırpılır. Sahib qonaq otağına daxil olur. Qadın yataq otağından çıxıb gəlir.) Səndə vicdan var?
S a h i b: Var.
Q a d ı n: Bəs onda niyə ondan istifadə eləmirsən? Hardaydın?!
S a h i b: Bəs sən niyə yatmamısan?
Q a d ı n: Yatmamışam? Az qala polisə zəng eləyəcəkdim… Nə edəcəyimi bilmirdim!
S a h i b: Bağışla. Belə alındı.
Q a d ı n: Necə alındı? Sən hardaydın?
S a h i b: Qarçiçəyi axtarırdım.
Q a d ı n: Çox gülməlidi.
S a h i b: Çoxdan da çox! O çiçək satan xalalar hara qeyb oldu? Para var, xala yoxdu, qarçiçəyi də… Sonra paqonlular məni saxladılar.
Q a d ı n: Nə olsun?
S a h i b: Necə nə olsun?.. İçmisən, ayıqsan, trubkaya üfür, nə bilim, nə elə… Onlarda bu gün “Yol patrulu” fason nəsə bir tədbir təşkil olunmuşdu. Pul götürmürdülər. İnadkarlıq edirdilər: “İçmisiz! 14 fevralda bizdə qəza üzrə rekord göstərici əldə olunub… Açarları verin, özünüz də gedin yatın”. Belə deyirdilər. İstəyirdilər maşını cərimə meydançasına aparsınlar. Birtəhər yola gətirmişəm… Sənə zəng eləmək istədim, amma telefon yox idi.
Q a d ı n: Yol polisində də? Pul versəydin, telefonlarını verməzdilər?
S a h i b: Bəlkə də verərdilər. Amma hay-küy bitəndən sonra fikirləşdim ki, yəqin yatmış olarsan. Maşına oturdum ki, bir saat mürgüləyim. Gözümü açanda bir də görürəm, saat beşdi.
Q a d ı n: Mən az qala dəli olacaqdım.
S a h i b: Niyə yıxılıb yatmamısan?
Q a d ı n: Yuxum gəlmirdi.
S a h i b: Gərək dərman içəydin.
Q a d ı n: Dünən yuxu dərmanı tapa bilmədim. Sən götürməmisən?
S a h i b: Nəyimə lazımdı? Mən daş kimi yatıram. Vicdanım təmizdi.
Q a d ı n: Bu sözləri vergi müfəttişinə deyərsən.
Sahib içilməyən şərab badəsinə baxır. Götürüb Qadına uzadır.
S a h i b: İç, rahatlan.
Q a d ı n: Rahatlan?! (Badəni götürüb bir-iki qurtum içir. Sonra ona baxır.) Əlinə nə olub? (Sahib qırmızı nəyəsə bulaşmış ovcuna baxır.) İqor! Bu nədi? Qandı?!
S a h i b: Lənət şeytana! Fikir verməmişəm… Meşənin ortasıyla gedəndə, bir də görürəm, tülkü düz gəlib təkərin altına girdi. Dayandım. Fikirləşdim ki, baqaja atım, yaxşı şapkası olar. Qaldıranda görürəm it imiş…
Sahib hamama keçir. Saşa içilməyən badəni stolun üstünə qoyur. Əsəbi halda otaqda var-gəl edir.
İqor əlini salfetlə silə-silə qayıdıb gəlir.
Q a d ı n: Sən yarım saatlığa getmişdin, amma bütün gecəni qeyb oldun! Üstəlik də, telefonsuz.
S a h i b: Unutmuşdum. Olur…
Q a d ı n: Amma səndə olmur. Bilə-bilə telefonu unutmusan ki, sənə zəng eləyə bilməyim. Özü də çiçək-zad dalınca gedib eləməmisən!
S a h i b: Hə, başladı!
Q a d ı n: Bəs necə? Elə bilirsən, sənin harda olduğunu bilmirəm? Daha doğrusu, kiminlə olduğunu.
S a h i b: Yaxşı, kiminlə?
Q a d ı n: Özün bilirsən.
S a h i b (divanda oturub əsnəyir): Bilmirəm. Yaxşı, yaxşı, mən yatmaq istəyirəm. Yeri gəlmişkən, səndən fərqli olaraq sabah… yəni bu gün mənim iş günümdü. Səfər öncəsi sonuncu iş günüm. Hələ yığışmaq da lazımdı. (Stolun üstündəki dollarları götürür.) Niyə sən maliyyə vəsaitlərini ora-bura səpələyirsən? (Qadın sakitcə əskinazları ondan alıb çantasına qoyur. Sahib açıq mücrüyə və stolun üstə səpələnmiş bijuteriyalara işarə edir.) Bunlar burda neynəyir?
Q a d ı n: İqor… Bizi qarət ediblər.
S a h i b (qalxır): Nə vaxt?!
Q a d ı n: Bilmirəm. Bijuteriyalar qalıb, amma zinət əşyalarımızı yığdığımız balaca mücrü yoxdu. Dünən səhər hamısı yerindəydi. (Pauza.) Liza?
S a h i b: İnanmıram. Yəqin təzəsinin işidi, bu evdə altı il qulluqçuluq edən birisi belə bir iş tutmaz…
Q a d ı n: Bəlkə sənin sürücün? Zanbaqları axı, o gətirmişdi.
S a h i b: Seryojka? Məni güllədən xilas edən Seryojka? Bir də, inansan da öz işindi, inanmasan da, amma çiçəkləri evə mən özüm gətirmişdim.
Q a d ı n: Onda kim? (Pauza. Sahib servis stolunun üstündəki konfetlərə, meyvələrə və şamlara baxır.)
S a h i b: Bizə gələn olmuşdu?
Q a d ı n: Bu ola bilməz…
S a h i b: Nə ola bilməz? Gələn olmuşdu, ya yox? (Qadın susur.) Saşa, səbrimi daşdırma! Burda nə baş verib?
Q a d ı n: Gələn var idi… Sinif yoldaşım.
S a h i b: Hansı? Nə vaxt? Mən saat on ikidə evdən getmişəm. O, hardan, nə vaxt peyda olub?
Q a d ı n: Elə-belə gəlmişdi. Yolüstü.
S a h i b: İndi mənə çatdı. Hə, bildim, çiçək sənin nəyinə lazımmış! İstəmisən çıxıb gedəm?
Q a d ı n: Sən özün getmək istədin! Mən axmaq da səni buraxdım.
S a h i b: O kimdi? Nə işlə məşğuldu?
Q a d ı n: Bilmirəm. Deyəsən, keçmiş hərbçidi.
S a h i b: Siz çoxdan əlaqə saxlayırsınız?
Q a d ı n: Məktəbdən sonra bir dəfə də əlaqəmiz olmayıb.
S a h i b: Nəsə mənə çatmır. Sən neçə illərdi onu görməmisən. O sənə zəng də eləməyib. Birdən... gecənin bir aləmində zühur edir… Sən də onu içəri buraxırsan?!
Q a d ı n: Belə alındı.
S a h i b: Ünvanı necə öyrənib?
Q a d ı n: Bizimlə oxuyan qızların birindən.
S a h i b: Hansından?
Q a d ı n: Sən onu tanımırsan.
S a h i b: Məni çatda müzakirəyə çıxaranlardan deyil ki?
Q a d ı n: Hardan bilirsən?
S a h i b: Nə vaxtsa gözümə sataşıb… İkicə saatın içində sənin haqqında iyirmi il bildiyimdən çox bildim.
Q a d ı n: Anan sənə deməyib ki, başqasının məktubunu oxumaq olmaz?
S a h i b: Anam mənə deyəndə internet yox idi! Sən qara kabus haqqında eşitmisən? Çox ürəyəyatımlı bir xanımmış… Çatlarda özünə oxşayan fotoların sahiblərini tapıb, onlarla tanış olurmuş… Və öldürürmüş. Sonra da oxşarlığından istifadə eləyib onların öz sənədləriylə mənzillərini satırmış, hesablarından pullarını çıxarırmış…
Q a d ı n (sözünü kəsir): Niyə sən bütün bunları mənə danışırsan?
S a h i b: Ona görə deyirəm, nəhayət, sənə çatsın ki, iyirmi beş ildən sonra peyda olan sinif yoldaşın kim desən ola bilər! Sən o rəfiqənə niyə bizim ünvanı vermisən?
Q a d ı n: Mən ünvan-zad verməmişəm. Sadəcə yazmışam, bizim damda yelqovan var. O da bu nişanəylə gəlib evi tapıb.
S a h i b: Demək belə, heç nəyə toxunma. Gərək əl izlərini götürək.
Q a d ı n: Niyə?
S a h i b: Adam ünvanı bilmədən gəlib evi tapır. Gecənin bir aləmində peyda olur. Özü də hamını buraxdığımız bir vaxtda! Sənə çatmır?! O, evə göz qoyub!
Q a d ı n: Niyə?
S a h i b: Qarət üçün, qətl üçün…
Q a d ı n: Kimi?
S a h i b: Bəlkə, elə məni ona sifariş ediblər? Elə günü bu gün uşaqları çağıracağam aydınlaşdırsınlar. Bura nəsə bir partlayıcı, yaxud səsyazan qurğu da qoya bilər. O, harda dayanmışdı?
Q a d ı n: Biz burda oturmuşduq. Sonra işıq söndü, amma generator işə düşmədi. O, generatora baxmaq üçün zirzəmiyə düşdü.
S a h i b: Bəs sonra?
Q a d ı n: Qayıdıb dedi ki, solyarka qurtarıb.
S a h i b: Qonşuların işığı yanırdı?
Q a d ı n: Hə.
S a h i b: Hər şey aydındı. Demək, onun cani yoldaşı bilərəkdən cərəyanı kəsib ki, o, qaranlıqda evi rahat gəzə bilsin. Demək, qonaq otağı, dəhliz, zirzəmi… Başqa harda olub?
Q a d ı n: Qapıları səhv salıb yataq otağına da keçdi.
S a h i b: Yataq otağına… Qaranlıqda. Bəs ağlına gəlmədi ki, stolun üstə nəyin var? Qutu… Onun da içində beş karatlıq brilyant sırğalar, zümrüd üzük, boyunbağı… Nə qədər istəyirsən götür… (Qışqırır.) Ağlına gəlmədi?! (Qadın əlləriylə üzünü tutur.) Yaxşı, qurtardıq! Sakitləş! Ağlama! Qır-qızıl seyfdədi. Hamını evə buraxanda gizlətdim. Hər ehtimala qarşı.
Q a d ı n: Niyə indi deyirsən?
S a h i b: Sənə çatsın ki, evə kim gəldi buraxmaq olmaz! (Yataq otağına keçir. Qadın çantasından dəsmal və güzgü çıxarıb gözlərini silir. Sahib əlində su dərmanı qayıdıb gəlir.) Al, iç. Mən zirzəmiyə düşüb generatora baxım. Seyfi də yoxlayaram. (Çıxır. Qadın stəkana su tökür və üstünə dərman damcıladıb içir. Sahib qayıdıb gəlir.) Hə, solyarka yoxdu. Bəlkə qurtarıb. Bəlkə də boşaldıblar… Yeri gəlmişkən, yorğan-döşək niyə açıqdı? (Başıyla yataq otağına işarə edir.)
Q a d ı n: Mən yorğan-döşəyi səndən bir dəqiqə əvvəl açdım.
S a h i b: Tək? Yoxsa o da kömək elədi?
Q a d ı n: Nə vaxtdan bu səni maraqlandırmağa başlayıb?
S a h i b: Sənin başın havalanandan! Bu nədi? (Jurnal stolunun üstündən bir neçə şəkilli jurnal götürüb Saşanın gözünün qabağında fırladır.) Qadın məsləhətxanası? Oxuyub alim oldun? (Onu təqlid edir.) “Gəl maşının içində… Gəl samanlıqda… De görüm, nə hiss eləyirsən… Gəl görüm… Elə hiss elə ki, indicə tanış olmuşuq”… (Öz səsiylə davam edir.) Hə, sonra nə olsun? Şallaq alaq? Üçüncünü axtaraq?
Q a d ı n: Kəs səsini!
S a h i b: Axı sən özün belə şeylərə gülürdün… Amma indi? Elə bil zəncirdən qırılmısan…
Q a d ı n (qışqırır): Hə! Qırılmışam! Sən mənə qadın olmağımı unutdurmusan! Bu gün sənə vergi gəlib, sabah stress gələcək, birigün də məhkəmə… İndi də, üstəlik, iqtisadi böhran!
S a h i b: Böhran da mənlikdi?
Q a d ı n: Bizim münasibətlərdəki böhran.
S a h i b: Mən iş-güc adamıyam! Və mən…
Q a d ı n: Yalan danışma. Bu problemləri özündən uydurursan ki, sənə toxunmayım. Sən də elə öz dostların kimisən. Sizlər üçün qırx yaşlı qadın köhnə çarpayı kimi bir şeydi. Tullamaya bilərsən, amma gərək başqasında yatasan.
S a h i b: Hansı başqasında?
Q a d ı n: Elə bilirsən heç nədən xəbərim yoxdu? (Ərinə onun öz telefonunu uzadır.) Al! Oxu! Yeni ismarıc. (Yad qadın səsini təqlid edir.) “Canım mənim, ümidvaram ki, evə macərasız çatdın. Bu möhtəşəm gecəyə görə təşəkkürlər”.
S a h i b (ismarıcı oxuyur): Hansı axmağın birisə nömrəni səhv salıb.
Q a d ı n: Mən bu axmağa zəng etsəm necə? Telefonu ver.
S a h i b: Sən dəli olmusan!
Q a d ı n (qışqırır): Telefonu ver!
S a h i b: Ala! Dəli…
Telefonu ona uzadır və dönüb siqaret yandırır. Qadın nömrəni yığıb qulaq asır.
S a h i b (dönür): Hə, nə oldu?
Q a d ı n: Cavab vermir.
S a h i b: Rahatladın?
Q a d ı n: Heç nə olmaz, sabah zəng eləyərəm. Rahatlamağım üçünsə həmin yol polislərinin yanına getməliyik.
S a h i b: Bircə bu çatmırdı! Onlar yəqin növbəni dəyişiblər.
Q a d ı n: Yalan həmişə sənin dilindədi! Növbəni altıda yox, səkkizdə dəyişirlər.
S a h i b: Sən hamı haqqında hər şeyi bilirsən! Mən sənin yazışmalarını oxuyanda hiddətlənirsən, amma özün mənim telefonumun içində eşələnirsən. Yeri gəlmişkən, başqalarının SMS-lərini oxumağı da sənə anan öyrədib?
Q a d ı n: Sən bütün gecəni itib-batmısan! Elə bu vaxt sənin telefonuna ismarıc gəlir. Mən onu necə oxumaya bilərdim? Çatdasa mən qadınlarla yazışıram! Kişilərlə yox, qadınlarla.
S a h i b: Hardan bilirsən, bəlkə elə o SMS-i də mənə kişi göndərib.
Q a d ı n: Kişi sənə “canım” deyir?
S a h i b: Niyə axı mənə? Nömrəni səhv salıb. Yeri gəlmişkən, belə “canım”ların sayı bizdə iyirmi faizdi. Onlar da bu bayramı qeyd edirlər. Əşi, özləri bilər… Yaxşısı budu, de görüm, sən penyuarda olan şəklini sinif qızları üçün asırsan? Sənə beş plyus qiymət verən onlardı?
Q a d ı n: Təsəvvür eləyirsən!
S a h i b: Sizin o “odnoqlasniklərin” yarısı psixdi, elə sənin özün kimi.
Q a d ı n: Səninsə yanağından yağ damır.
S a h i b: Yanaqdan yağ dammaq qorxulu bir şey deyil. Acından şişmək pis şeydi.
Q a d ı n: Rədd ol görüm.
Sahib kresloya əyləşir. Elə bu vaxt musiqi mərkəzi işə düşür və Co Dassenin “A toi. A la façon que tu as d’etre belle…” mahnısının səsi gəlir. Sahib qalxıb üstünə oturduğu pultu altından çıxarıb yerə atır. Musiqi səsi kəsilir.
Qadın mücrünü götürüb yataq otağına keçərkən telefonu zəng çalır. Sahib telefonu qamarlayır.
S a h i b: Alo! Alo! Aleksandranı? Kimdi soruşan? Nə? Nə klub? (Pauza.) Artıq gələ bilərsiz? Yox, daha lazım deyil. Gərək vaxtında… (Telefonu yerə tullayır. Qadın yataq otağından qayıdıb gəlir.) Sənə zəng eləmişdilər. Sıfır ikidən.
Q a d ı n: Polisdən?
S a h i b: Nə polis? Nədi, məni axmaq yerinə qoymusan? Gecə klubundan. Oğlanlar boşalıblar. Göndərə bilərlər. Sənə neçəsi lazımdı – biri, ikisi?
Q a d ı n: Hər şeyi sənə izah eləyərəm…
S a h ı b (qışqırır): Nəyi izah eləyəcəksən? Sən nə işlə məşğulsan? Odnoklassniklər, odnoqlazniklər, oğlan sifarişləri… Mən pul qazanıram ki, sən onu uşaq-muşağın alt tumanına dürtəsən? (Qadın pəncərəyə yaxınlaşıb küçəyə baxır. Sahib əsəbi halda qonaq otağında var-gəl edir.) Yaxşı, gəl sakitləşək… Sənin qonağın nə vaxt getdi?
Q a d ı n (ona sarı dönmədən): İndilərdə.
S a h i b: Nədi, məgər bütün gecəni burda olub? Nə işlə məşğul idiniz?
Q a d ı n: Söhbət eləyirdik.
S a h i b: Altı saat nədən danışmaq olar?
Q a d ı n (ona sarı dönmədən): Hər şeydən…
S a h i b: O, nəylə getdi? Sən taksi çağırdın?
Q a d ı n: Yox. Dedi yola çıxıb özü maşın tutacaq.
S a h i b: Sən də inandın? Maraqlıdı, səhər altıda yoldan keçən birisini kim götürər? Sən götürərdin?
Q a d ı n: Mən heç günün günorta çağı da götürməzdim.
S a h i b: Əgər o, yolla gedibsə, niyə mənim qabağıma çıxmayıb? Yəqin onu oğru yoldaşı maşında gözləyirmiş. İşığı da elə o keçiribmiş.
Q a d ı n: Nə oğru? Brilyantlar axı burdadı. O, heç nə götürməyib.
S a h i b: Mən gizlətmişdim deyə götürə bilməyib… Qulluqçuyla sabah danışaram… Bəlkə elə o təşkil eləyib. Belə… Burda heç nəyə əl vurma, indi uşaqlar gəlib əl izlərini götürərlər. O, hansı stəkandan içib?
Q a d ı n: O, heç nə içməyib.
S a h i b: Bəs qəhvə?
Q a d ı n: O, heç nə içməyib və heç nə yeməyib.
S a h i b: Amma əli nəyəsə dəyib də?
Q a d ı n: İşıq sönəndə mən pərdəyə toxundum. Karniz yerə gəldi. O da onu yerinə taxdı.
S a h i b: Yaxşı. Karnizdəki əl izlərini götürərlər.
Q a d ı n (yadına salaraq): Götürə bilməyəcəklər… Ora tozluydu. O, həmin tozu əskiylə sildi.
S a h i b: Özü sildi? Aydındı. Səndə onun telefon nömrəsi var?
Q a d ı n: Onun telefonu yox idi.
S a h i b: Nə?
Q a d ı n: Dedi ki, telefonum yoxdu.
S a h i b: Yəqin sənə nömrəsini vermək istəməyib. Ya da ən pisi odur ki…
Q a d ı n: Nə “ən pisi”?
S a h i b: Bilirsənmi, bu gün mobil telefondan kimlər istifadə etmir? Adının qeydiyyata düşməsini istəməyənlər. Çünki telefon inəyin boynunda olan zınqırov kimi bir şeydi. Sənin harda olduğunu tam dəqiqliyi ilə müəyyənləşdirir. Hətta kartını dəyişsən belə. Yaxşı… O, hara getdi?
Q a d ı n: Aeroporta. Dedi ki, təyyarəni xoşlamır, amma başqa cür gecikəcək…
S a h i b: Təyyarəni xoşlamır?.. Maraqlıdı.
Q a d ı n: Klaustrofobiya.
S a h i b: Demək, telefonu yoxdu, hələ üstəlik uçmaqdan da…
Q a d ı n: Burda nə var ki?
S a h i b: Təyyarədə uçan adam da ardınca iz buraxır. Özü də göydə yox, yerdə. Kompüterdə… Sənin sinif yoldaşınsa iz buraxmağı xoşlamır… Qapalı məkandan qorxur. O, türmədən qorxur! Rəfiqənə zəng elə, onu bura yollayan rəfiqənə.
Q a d ı n: Hələ tezdəndi.
S a h i b: Saşa, hər şey çox ciddidi. Elə indi zəng elə. Ya da mən zəng eləyim.
Q a d ı n: Yaxşısı budu, özüm.
S a h i b: Soruş gör, ona yelqovanlı ev barədə bir söz deyibmi? Əgər deməyibsə… Demək, sənin yazışmalarını tək mən oxumuram… Onun barəsində hər şeyi öyrən… Harda yaşayır, nə işlə məşğuldu.
Qadın telefonu götürüb nömrəni yığır.
Q a d ı n: Alo. Sveta, sabahın xeyir. Bağışla ki, belə tezdən narahat eləyirəm. Saşadı. Mənə təcili bir şeyi… Səninlə yazışdığımızı Qoretskiyə demişdinmi? (Pauza.) Qoretskiyə. Valya. Bizimlə paralel sinifdə oxuyan. (Uzun pauza.) Dayan, sən nəyisə qarışdırırsan… (Pauza.) Nə vaxt? Yox, bu ola bilməz! Necə?.. (Uzun pauza.) Bağışla. (Telefonu qapayır.)
S a h i b: Nədi?
Q a d ı n: Boş-boş danışır.
Qadın badəni əlinə alıb bir-iki qurtum içir.
S a h i b: Nə dedi? (Qışqırır.) O nə dedi?!
Q a d ı n: Ola bilməz!
S a h i b: Nə ola bilməz?
Q a d ı n: O, minaya düşüb həlak olub.
S a h i b: Necə?
Q a d ı n: Osetiyada, inişil. (Pauza.) Yox, onu kiminləsə səhv salır.
S a h i b: Bəlkə o yox, sən səhv salırsan? Sən axı onu iyirmi ildən çoxdu görmürsən! Elə görən kimi tanıdın?
Q a d ı n: Görən kimi yox.
S a h i b: Bəlkə o deyildi?! Sadəcə, ona oxşayan birisi özünü onun kimi təqdim edib.
Q a d ı n: Özü idi. Mən səhv eləmirəm.
S a h i b: Əminsən?
Q a d ı n (boğula-boğula çığırır): Bilirəm, o özüydü! Yadımdadı. Hər şey, hər şey yadımdadı! (Pauza.)
S a h i b: Üç nəfərdən bəhs edən qəribə triller… Bəlkə də üç yox, iki nəfərdən… Bəlkə o, ümumiyyətlə, olmayıb, sadəcə, yuxu görmüsən?
Q a d ı n: Yox, olub.
S a h i b: Deyirsən olub, amma heç bir iz yoxdu. Cansız ruh! Müqəddəs Valentin. Sən onunla danışanda səsi gəlirdi?
Q a d ı n: Əlbəttə.
S a h i b: Əgər sən Tanrıyla danışırsansa, bu duadı, yox, əgər Tanrı səninlə danışırsa, artıq şizofreniyadı.
Q a d ı n: Məni dəli yerinə qoymaq sənə ləzzət eləyir? Mən dəli-zad deyiləm. Ağlım da yerindədi. (Fikrə gedir.) O, axı mənə çiçək gətirmişdi!
S a h i b: Nə çiçək?
Q a d ı n: Qarçiçəyi! Sənin tapa bilmədiyin qarçiçəyi. (Yataq otağına keçir, dərhal da boş güldanla qayıdır.) Çiçəkləri hara qoymusan?
S a h i b: Mən çiçək-zad görməmişəm.
Q a d ı n: Yalan deyirsən! Sən onları tullamısan! Zanbaqlarının qisasını almaq üçün?
S a h i b: Saşa, sən yuxu görürsən? Mənim heç bir çiçəyə-filana əlim dəyməyib.
Q a d ı n: Onlar burdaydı! Sən onları tullamısan! Çünki sən adam deyilsən!
S a h i b: Mənim əlimə çiçək-zad dəyməyib. Çünki elə bir şey olmayıb. Heç o adam da olmayıb.
Q a d ı n: Olmayıb? Olmayıb… (Pauza.) Onun köynəyinin düyməsi qırılmışdı. Mən onu tikəndə iynə əlimə batdı. Bax! (Əlini uzadır. Sahib onun əlini əlinə alıb baxır.)
S a h i b: Hanı?
Q a d ı n: Budu da!
S a h i b: Burda heç nə yoxdu.
Q a d ı n: Bir şey görünmür? İynə nazik idi… Amma mən axı barmağımın ağrısını hiss eləyirəm!
S a h i b: Hansı barmaq? Bu, yoxsa bu?
Q a d ı n: Bilmirəm…
S a h i b: Saşa, sən sayıqlayırsan.
Q a d ı n (əlini uzadır): Mən ağrı hiss edirəm!
S a h i b: Biz günü sabah… Yox, yox, günü bu gün həkimə gedəcəyik.
Q a d ı n (qışqırır): O burdaydı, burdaydı!
S a h i b: Yaxşı, qurtardıq! Gedək yataq!
Q a d ı n: Yox! Getmirəm!
S a h i b: Özün bilən məsləhətdi!
Sahib yataq otağına keçib ardınca qapını çırpır.
Qadın otaqda var-gəl eləyir, sonra çantanı götürüb onun içindən yaralı əlini sildiyi dəsmalı alır. Dəsmalı əlində tutub baxır. Sonra cəld otaqdan çıxır. Dərhal da əynində xəz qayıdır. Dəsmalı cibinə qoyub stolun üstündəki maşın açarını götürür. Badədəki şərabı axıracan içib çıxışa tərəf gedir. Gedərkən yerə atılıb qalmış pultu götürüb divanın üstünə tullayır. Və otaqdan çıxır.
Musiqi mərkəzi işə düşür və Adamonun “Qar yağır” mahnısı eşidilir.
Tombe la neiğe
Tu ne viendras pas ce soir…
Qadın səsi mahnını tərcümə edir:
Qar yağır.
Səni bu axşam da gözləməyə dəyməz.
Qar yağır.
Hər şey ümidsizliyə qərq olub,
Kədər dolu ümidsizliyə.
Soyuqluq və boşluq…
Dözülməz sükut,
Ağappaq tənhalıq.
Səni bu axşam da gözləməyə dəyməz.
Ümidsizliyin çığırtısıdı bu.
Amma qar yağmağındadı,
Sakitcə dünyanı fırlanmağındadı.
İşıq yavaş-yavaş sönür. Musiqi səsi kəsilir.
Zülmət qaranlıqda müəllifin səsi eşidilir:
Gecə ömrünü tapşırmağa tələsmirdi. Yelqovanlı evdən asta addımlarla bir qadın çıxdı. O, maşının sükanı arxasına keçib qəsəbədən uzaqlaşdı.
Maşın get-gedə sürətini artırırdı. Elə bil indicə yerdən aralanıb qanad açacaq, uçacaqdı.
Aeroportun döngəsində maşına nəzarət itdi və maşın buzlu yoldan kənara çıxıb ağaca çırpıldı. Ekspertiza təyin etdi ki, qadın sükan arxasında yatıbmış…
Sonra günəşin istisi artdı, qar əridi və meşədə qarçiçəkləri göründü…
P ə r d ə
Dostları ilə paylaş: |