Xəzər dənizi



Yüklə 52,81 Kb.
səhifə8/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Cərəyanlar və dalğalanma. Xəzər dənizdə mənşəyinə görə küləyin təsiri ilə əmələ gələn dreyf cərəyanları, suyun sıxlığının müxtəlifliyindən yaranan cərəyanlar və kompensasion cərəyanlar mövcuddur. Xəzərdə cərəyanların müəyyən edilmiş bu üç növündən küləklərin fəaliyyəti ilə yaranan dreyf cərəyanları daha geniş yayılmaqla, dənizin hər üç bölgəsini əhatə edən vahid bir sistem yaradır. Xəzər dənizinin məşhur tədqiqatçılarından B. A. Apollov ,L.S.Yevseyev ve A. N. Kosaryev Xəzər dənizinin cərəyanlarına aid tədqiqatları təhlil edərək göstərirlər ki, 4-5 bal gücündə külək zamanı cərəyanlar 50%o küləklə eyni istiqamətə yönəlir. Küləyin sürəti 6-7 bala çatdıqda bu uyğunluq 70%o-ə çatır, 8-9 bal gücünde külək əsdikdə isə cərəyanın istiqaməti küləyin istiqaməti ilə üst-üstə düşür. 4-5 bal gücündə külək əsdikdə dreyf cərəyanınən sürəti 20 sm/san., küləyin gücü 6 bala çatdıqda isə 60 sm/san-yə çatır. Adətən küləksiz havada dəniz suyu sakit olur, yaxud əvvəlki küləklərin təsiri altında yaranmış müxtəlif istiqamətli zəif cərəyanlar müşahidə edilir.

Müxtəlif vaxtlarda tərtib edilmiş dəniz cərəyanları sxemlerinin təhlili göstərir ki, əsas cərəyanlar qərb sahilboyu şimaldan cənuba hərəkət edir və dəniz sahilinin cənub konturuna paralel olaraq şərqə meyl edərək, şərq sahilboyu șimala yönəlir. Xəzər dənizində ən çox təkrarlanan bu cərəyan sistemi şimal səmt küləklərinin (Simal-qərb, şimal, şimal-şərq) hakim olduğu zamanlar yaranır. Bu cərəyan sisteminin əmələ gəlməsinə dənizin șimal-qərb sahilyanı zonasında Volqa çayı sularının təsiri də özünü göstərir.

Bu çox sadə görünən cərəyan sistemi, əsasən Orta Xəzər bölgəsi üçün rəvan sistemidir. Burada qərb sahilboyu cənuba hərəkət edən dəniz cərəyanı Abşeron yarımadasına çatdıqda sanki haçalanır və onun "daxili qolu" şərqə meyl edərək Türkmənistan sahillərinə tərəf yönəlir. Lakin sahil zonasına çatmazdan o cənubi Xəzərdən orta Xəzərə daxil olan cərəyana qovuşaraq șimala hərəkət edir. Şərq sahillə şimala yönələn dəniz cərəyanının güclü daxili zonası sahil əyrilikləri təsiri ilə qərbə meyl edir və qərb sahilboyu şimaldan cənuba hərəkət edən cərəyana qovuşaraq, Orta Xəzərdə qapalı siklon sirkulyasiyası əmələ gətirir (28-ci şəkil).

Cənubi Xəzərdə cərəyanlar Orta Xəzərə xas olan bu sadə sistemdən öz mürəkkəbliyi ilə fərqlənir. Bu sistemi mürəkkəbləşdirən ikinci dərəcəli sistemleri Abşeron yarımadasından cənubda antisiklon (saat əqrəbi istiqamətli) sirkulyasiyasının əmələ gəlməsi, Abşeron astanasından cənuba şimal-qərb cərəyanlarının bir qolunun cənub-qərbə meyl etməsi, mərkəz qolunun cənuba hərəkət etməsi, șərq qołun isə sola meyl edərək, şərq sahillə şimala yönələn cərəyana qovuşmasıdır. Cənubi Xəzərin geniş cənub ve cənub-şərq hissəsində cərəyanlar orta Xəzərdə olduğu kimi tam qapalı sistem yarada bilmir.

Orta Xəzərdə şərq sahilboyu cərəyanın kənar (yaxud xarici) qolu sanki Manqistau yarmadasını dolanaraq Simali Xəzərə daxil olur. Burada o əsas iki qola aynlr. Qərb qol sola (qərbə) meyl edərək Volqa sularının və küləyin yaratdığı dreyf cərəyanına qovuşur və cənub-qərbə hərəkət edir. Şərq qol Șimali Xəzərin şərq hissəsinin sahil konfiqurasiyasına uyğun olaraq dövrə vurur və burada kiçik qapalı sistem əmalə gətirir. Beləliklə, Xəzərin ilk baxımda çox sadə görünən cərəyanlar sxemi onun cənub ve şimal hissəlerində xeyli mürəkkəbləşir.

Cənub və cənub-şərq küləkləri, xūsusilə güclü küləklər Abşeron rayonunda və qərb sahildə yuxarda göstərilənlərə əks istiqamətdə cərəyanların əmələ gəlməsinə səbəb olur.

Orta və Cənubi Xəzərdə dəniz cərəyanlarının sürətinin öyrənilməsi göstərir ki, Abşeron yarımadası və astanası sahəsində onların sürəti daha bõyükdür. Neft daşlarında fırtına zamanı dəniz cərəyanları daha sürətli olmaqla, dəniz suyunun qalın qatını hərəkətə gətirir. Ümumiyyətlə, bütün Xəzər dənizində ən güclü külək Abşeron bölgəsində müşahidə edilir. Bəzi məlumatlara görə Neft Daşlarında küləyin sūrəti 40 m/san-ə çatır (belə həddən artıq güclü külək 50 ildə bir dəfə mūşahidə edilir).

D a l ğ a l a n m a șəraitinə görə Xəzər dənizi dünyanın təlatümlü dənizləri ilə bir sırada durur. İboyu, xüsusilə qış aylarında tez-tez təkrarlanan fırtınalı küləklər dənizdə çox güclü dalğalanmaya səbəb olur. Bir sıra tədqiqatçılar küləyin gücü ilə dalğa göstəriciləri arasında asılılığın dərəcəsini tədqiq etmişlər. Maraqlıdır ki, bu istiqamətdə ən çox tədqiqatlar Xəzərin Abşeron akvatoriyasında, xüsusilə Neft Daşları bölgəsində aparılmışdır.

Xəzər dənizində hündürlüyü 6 m-ə çatan dalğalar hər il, hündürlüyü 10 m-ə çatan və onu ötən dalğalar isə 10 ildə iki dəfə baş verir. Xəzər dənizində ekstremal hündür dalğalar (10 metrdən artıq) Neft Daşlarından bir qədər şimal-qərbdə müşahidə edilir. Abşeron yarımadasından xeyli cənubda da dalğaların hündürlüyü 9 m-a çatır. Maraqlıdır ki, dənizin şərq sahil zonasında dalğalanma qərb sahildən 2 dəfə zəifdir. Dalğaların hündürlüyü burada 4-5 m-dan artıq olmur. Abşeron akvatoriyası eyni zamanda dalğaların dənizin qalan bölgələrindən daha uzun olması ilə fərqlənir. Burada açıq dənizdə dalğaların uzunluğu 100 m-a çatır.

Küləklərin təsiri ilə Xəzərdə baş verən maraqlı proseslərdən biri qovulma və gətirilmədir. Qovulma ən çox küləyin əsdiyi sahildə (məsələn: şimal səmtli küləklər əsən zaman Şimali Xəzərin sahil zonası), gətirilmə isə küləyin əsməsi istiqaməti sahil sularında baş verir. Küləyin sürətindən asılı olaraq qovulma zonasında suyun səviyyəsi 1-3 m düşür, gətirilmə zonası sularının səviyyəsi isə göstərilən qədər qalxır.

Güclü və fırtınalı şimal, şimal-qərb küləkləri əsən zaman Abşeron yarımadasının şimal sahilində (PirAllahı adasında) suyun səviyyəsi 1 m qalxır. Bakı buxtasında isə güclü qovulma zamanı suyun səviyyəsi 1,3-1,6 m aşağı düşür. Adətən sahil zonasından uzaqlaşdıqca bu hadisə ilə əlaqədar olaraq səviyyə dəyişməsinin amplitudu azalır və açıq dənizdə o 20-30 sm-dən artıq olmur.

Xəzər dənizi sahillərində gətirilmənin ən böyük həddi onun olduqca dayaz şimal və şimal-qərb sahillərində güclü cənub-şərq və şərq küləkləri əsən zaman baş verir. Dənizin şimal-qərb sahilində çox güclü və davamlı şərq, cənub-şərq küləkləri zamanı suyun səviyyəsiz 2-2,3 m-e qədər qalxır və alçaq sahilin geniş zonasını su basır. Bu proses nəticəsində sahil zonasında suyun səviyyəsinin 4-5 m-e qedər qalxması halları da müşahidə edilmişdir. Belə hallarda səviyyənin qalxması sürəti saatda 20 santimetrə çatır. Adətən, səviyyənin belə dəhşətli qalxması zamanı duzluluğu 8-9% çatan dəniz sulan şirin, yaxud zəif duzlu sahil sularının (xüsusilə Volqanın deltasında) basır və bu zonanın ekoloji şəraitini olduqca gərginləşdirir. Belə küləklər qış zamanı baş verdikdə çox qısa vaxta havanın və suyun temperaturu 5-10% (hətta bundan da artıq) alçalır, şaxta düşür, dəniz suyu donur.

Xəzər dənizi səviyyəsinin tərəddüdü və onun proqnozu. Xəzər dənizi öz təbii zənginlikləri ilə onun ətrafında yerləşən dövlətləri bəhrələndirdiyi kimi, bir sıra özünəməxsus xüsusiyyətləri ilə böyük problemlər de yaradır. Bu xüsusiyyətlər sırasında dəniz sahili zonada məskunlaşmanı və təsərrüfatı böyük çətinliklərlə düzəlişdirən səviyyə tərəddüdü xüsusi yer tutur.

Xəzər başqa dənizlərdən və məşhur böyük göllərdən bir sıra əsas əlametlerine görə fərqləndiyi kimi, səviyyəsinin çox dəyişkən olmasına görə de, onlardan kəskin seçilir. Geoloji keçmişdə Atlantik okeanı ilə əlaqəsi kəsilən zamanlar Aralıq dənizinin de səviyyəsinin katastrofik düşdüyü vaxtlar olmuşdur. Xəzərin isə Qara dənizlə əlaqəsinin kəsildiyi zamanlar səviyyəsi daha çox tərəddüdlərə məruz qalmışdır.

Üzərində az-çox daimi hidroloji müşahidələr aparıldığı son 200 ilə yaxın bir dövrdə Xəzər dənizi səviyyəsinin daim qalxıb-enməsi müəyyən edilmişdi.1760-cı ildən XX əsrin başlanğıcına qədər dənizin səviyyəsi -26 metrdən yüksək olmuşdur. Lakin bu 140 illik dövrdə onun səviyyəsinin əsas iki nisbi qalxma mərhələsi (1780-1830-cu və 1840-1870-ci illər) olmuşdur. Hər iki mərhələdə səviyyə kiçik tərəddüdlərə də məruz qalmışdır. XVIII əsrin ortalarından XX əsrin başlanğıcına qədər dənizin ən alçaq səviyyələri -25,5 (1780-ci illər) və 25,6 metrdən (1850-ci illər) - aşağı düşməmişdi. Dərbənd qalasının sulu hissəsində aparılan arxeoloji tədqiqatlara görə V əsrdə Xəzər dənizinin səviyyəsi -32 mo qədər düşmüşdür. Bu onun səviyyəsinin XX əsrdə qeydə alınmış ən alçaq vəziyyətindən (-28,5 m) 3,5 m aşağıdır.

XX əsrin başlanğıcından otuzuncu illəri qədər Xəzərin səviyyəsi fasiləli-ardıcıl düşməyə və yenidən qalxmaya məruz qalmışdır. İyirminci illərin sonunda dənizin səviyyəsi okean səviyyəsindən 25,85 m aşağı idi. 1930-cu ildən 1940-cı ilə qədər keçən nisbətən qısa dövrdə (cemi 10 ildə) dənizin səviyyəsi kəskin aşağı düşmüş və -27,8 m həddinə enmişdir. Sonrakı 40 ilə yaxın bir dövrdə (70-ci illərin sonuna qədər) səviyyə kiçik amplitudlu tərəddüdlərlə -28,5 m-a qedər düşmüşdür.

XX əsrin səksəninci illərindən səviyyə rejiminin təmayülü dəyişməyə başladı və keçən 15 ildə Xəzər dənizinin səviyyəsi 2,5 m-e qedər qalxdı. Bu proses hal-hazırda davam edir. Əvvəlki səviyyə tərəddüdü mərhələlərində olduğu kimi, son 15 ildə de səviyyənin qalxması ildən-ilə rəvan olmamış, bezi illərdə zəif (10-15 sm), bezi illərdə isə sürtəli (30-40 sm-e qədər) getmişdir. Dənizin səviyyə tərəddüdü sxemindən aydın görünür ki, belə qeyri-rəvanlıq dəniz səviyyəsinin başqa dəyişmə dövrlərində də baş vermişdir.

Xəzər dənizinin səviyyə tərəddüdü elmə məlum olan vaxtdan etibarın tədqiqatçılar onun səbəblərini izah etməyə çalışmışlar. Dənizin səviyyə dəyişikliyinin izahında əsasan iki təmayül meydana gəlmişdir. Birinci təmayülə görə dənizin səviyyəsinin dəyişməsinin əsas səbəbi Xəzər dənizi hövzəsində baş verən iqlim dəyişgenliyidir. İkinci təmayülə göre isə dənizin səviyyə tərəddüdü onun dibində baş verən tektonik hərəkətlərlə əlaqədardır. Birinci təmayül əsasan iqlimşünaslıq və okeanoloqlar tərifindən, ikinci təmayül isə geoloqlar tərəfindən irəli sürülmüşdür. Hər iki fikrin tərəfdarları öz mülahizələrin əsaslandırmaq üçün etibarlı dəlillər axtarırlar.

Tədqiqatçıların böyük əksəriyyəti Xəzər dənizi səviyyəsinin dəyişkənliyini dənizin su balansının gelir hissəsinin əsasını təşkil edən çayların, xüsusilə Volqa çayının illik axımının həcminin deyişməsi ilə izah edir. Müəyyən edilmişdir ki, dənizə tökülən bütün çayların illik axımının 80% tək Volqa çayı hesabınadır.Volqa çayı hövzəsində yağıntıların artması, yaxud azalması, xüsusi gursulu dövrdə çayın su sərfi həcminin tərəddüdünün dövrü dəyişməsi Xəzərin səviyyə tərəddüdünün əsas səbəbi sayılır. 1881-1885-ci illər dövründə Volqa çayının yaz gursulu dövründə su sərfi həcmi 150 km olduğu halda, 1971-1977-ci illərdə 0,83 km-ə qədər azalmış, 1975-1977-ci illərdə isə cemi 60 km təşkil etmişdir.

XX əsrin əvvəlindən 80-ci illərin başlanğıcına qədər dəniz səviyyəsi düşməyə başlamışdır. Bu göstərilən dövrdə səviyyəsinin ən sürətli düşməsi1930-1940-cı illərə təsadüf edir. Qısa dövrdə səviyyə -26 m-dən -28 m-ə enmişdir.1937-ci ildən 1938-ci ilə qədər səviyyə 33 sm aşağı düşmüşdür.Maraqlıdır ki, 1980-ci illərdən, yəni səviyyənin tərəddüd təmayülünün dəyişməsindən sonra keçən qısa vaxtda o, 1930-cu ildən 1940-cı ilə qədər olan səviyyə düşməsi sürətinə yaxın bir sürətlə qalxmağa başlamışdır. Yuxarıda göstərildiyi kimi bəzi illərdə dənizin səviyyəsi 30 sm-dan çox qalxmışdır.

İqlim-hidroloji amillə yanaşı dənizin səviyyəsinin tərəddüdlərinə geoloji amil də müəyyən təsir göstərir. Bu iki yolla baş verir: 1 – dənizin dibində çöküntü toplanması, 2 tektonik hərəkətlər nəticəsində Xəzər çökəkliyinin həcminin dəyişməsi. Dənizin dibində çöküntü toplanması çox zəif də olsa səviyyənin qalxmasına səbəb ola bilər. Dənizin dibində tektonik qalxma nəticəsində səviyyə qalxır, enmə nəticəsində isə aşağı düşür. Dənizin dibində və sahil zonalarında yer qabığının dartılması dəniz çökəkliyinin genişlənməsi və suyun səviyyəsinin așağı düşməsi ilə nəticələnir. Əksinə, dənizin dibində və onu əhatə edən quru sahələrində Xəzər çökəkliyinə yönəlmiş üfüqi hərəkətlər zamanı səviyyənin qalxması baş verir. Son zamanlar bu proses alimlərin diqqətini daha çox cəlb edir və onun Xəzər dənizinin səviyyə rejiminə təsirini öyrənmək məqsədilə tədqiqatlara başlanmışdır. Bu məqsədlə Xəzər dənizinin bütün perimetri üzrə müasir xüsusi cihazlarla təmin edilmiş çoxsaylı müşahidə məntəqələri təşkil edilməsi və kosmosdan həmin məntəqələrin hərəkət istiqamətini və sürətini müəyyən etmək nəzərdə tutulmuşdur. Bu geniş proqramda Xəzərətrafı ölkələrin hamısı iştirak edir.

Xəzərin qeydə alınmış tərəddüdlərinin səbəblərini izah etməkdə tədqiqatçılar çox çətinlik çəkməsələr də, onun proqnozu probleminin həllində hələlik lazımi müvəffəqiyyət əldə edə bilməmişlər. Buna görə də Xəzər səviyyəsinin bu vaxta qədər təklif edilmiş proqnozları əksər hallarda özünü doğrultmamışdır .Volqa hövzəsinin (o cümlədən Moskva şəhərinin) temperature rejiminə, yağıntıların paylanma rejiminə, su balansı xüsusiyyətlərinə, günəş fəallığına və s. amillərə görə dənizin səviyyəsinin proqnozları verilmişdir. Lakin bu şıltaq dəniz əksər hallarda özünü bütün proqnozların əksinə aparmışdır. 70-ci illərdə, hətta 80-ci illərin əvvəllərində dənizin səviyyəsinin düşməsinin qarşısını almağa yönəldilmiş təkliflər irəli sürülmüş və layihələr hazırlanmışdır. Bunlardan Qaraboğaz Qol körfəzinin qarşısının kəsilməsini (ildə bura Xəzərdən 25 km3-dan 6 km3-a qədər su daxil olur və orada buxarlanırdı), șimal çaylarından (Peçora ve Vaçeqda hövzəsinden) Volqa hövzəsinə ildə 40 km3 su verilməsi və başqa layihələr hazırlanmasını göstərmək kifayətdir. Bu tədbir və layihələr ona görə hazırlanırdı ki, bütün proqnozlara əsasən 2000-ci ilə qədər dənizin səviyyəsinin aşağı düşəcəyi gözlənirdi. Lakin, yuxarıda göstərildiyi kimi, dənizin səviyyəsi bu proqnozların əksinə olaraq sürətlə qalxmağa başladı və özünün 1940-ci il vəziyyətinə (-26 m) qayıtdı.

Səviyyənin qalxmaqda davam etməsi bütün dəniz va sahil zonası təsərrüfatlarını böyük çətinliklər və problemlər qarşısında qoydu. Hazırda elm qarşısında duran əsas məsələ dənizin səviyyəsinin düşməsi yox, qalxması səbələrini araşdırmaq və bu prosesin az-çox təminatlı proqnozunu verməyə cəhd göstərməkdir.


Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin