Xəzər dənizi əyilməsi bir böyük struktur element kimi Ön Qafqaz və Turan platformasının Epihersin strukturlarının, həmçinin Alp-Himalay orogen qurşağının Qafqaz-Ön Asiya seqmentinin uzanmasına perpendikulyar, yaxud diaqonal istiqamətdə uzanmaqla, göstərilən geotektonik qurşaqları köndələn kəsir və submeridian istiqamətli böyük bir regional struktur qurşaq əmələ gətirir. Cənubi Xəzər çökəkliyinin təşəkkülü elə bir geodinamik yol keçmişdir ki, bu prosesdə Ön Asiya qalxma qurşağının mərkəz (İran-Xəzər) seqmentinin şimal sərhədi ciddi deformasiyaya uğrayaraq, öz uzanmasının normal vəziyyətdən 200 km cənuba meyl etmişdir. Köndələn Xəzər əyilməsinin yaranması həmçinin Böyük Qafqaz-Kopetdağ qalxmasının mərkəz hissəsinin böyük bir məsafədə (600-800 km) gömülməsinə səbəb olmuşdur. Xəzər çökməsinin şərq kənarı isə şərq sahilə yanaşan Epihersin platformasının şimal-qərb strukturlarını (Manqistau antiklinorumu) kəsmişdir. Xəzər çökməsinin qərb və şərq tektonik sərhədlərinin evolyusiyası prosesi quruda və şelfdə (hətta materik yamacında ) yaranan cavan qırışıqlıq sahələri strukturlarının xarakter Qafqaz istiqamətindən xeyli cənuba (Qobustan, Cənubi Xəzər şelfi və materik yamacı, Türkmənistan şelfi və materik yamacı) meyl etməsinə səbəb olmuşdur.
Şimali və Orta Xəzər əyilmələri qədim və cavan platforma strukturları tərkibində inkişaf etdiklərinə görə onların daxilində toplanmış qalın çöküntü süxur örtüyündə platforma tipli strukturlar (ayrı-ayrı az amplitudlu gümbəzlər, qalxmalar, duz diapir strukturları ) inkişaf etmişdir. Xəzəryanı sineklizdə əksər hallarda özəyində qalın paleozoy duz qatı olan diapir qırışıqlıqlar əmələ gəlmişdir.
Orta Xəzər çökməsinin Qafqaza yanaşan qərb hissəsi ilə mərkəz və şərq hissəsi struktur xüsusiyyətlərinə görə fərqlənir. Qərb hissəsinin sahil ovalıqları və şelf zonası sankı Terek və Samur-Dəvəçi ön əyilmələri arasında bağlayıcı rol oynayır. Buna görə də şelfdə cavan kontinental və dəniz terrigen çökünütləri daha qalın olmaqla , zəif qırışıqlıqda iştirak edir. Lakin burada əyilmə çöküntü toplanması ilə kompensasiya edildiyinə görə inkişafda olan cavan strukturların əksəriyyəti morfoloji görkəmli deyil. Abşeron astanasının struktur xüsusiyyətləri seysmik, geofiziki , qızınma vasitəsilə öyrənilmiş və müəyyən edilmişdir ki, burada quruda olduğu kimi, qalın pliosen çöküntüləri qırışıqlıqda iştirak edir və bir sıra struktur zonalar əmələ gətirir.
Cənubi Xəzər çökəkliyinin struktur xüsusiyyətləri Abşeron astanasına nisbətən zəif öyrənilmişdir. Bu çökəkliyin əmələ gəlməsinə və dərinlik quruluşuna aid isə bir-birini təkzib edən fikirlər söylənmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Cənubi Xəzər çökəkliyi Tetis okeanının qalığı olduğuna görə o okean yer qabığına malikdir. Yeni tədqiqatçılar çökəkliyin geomorfoloji, geoloji quruluşuna və struktur xüsusiyyətlərinə dair başqa fikir söyləməyə imkan vermişdir1. Müəyyən edilmişdir ki, Kür və Qərbi Türkmənistan çökəklikləri ilə birlikdə Cənubi Xəzər çökəkliyi böyük aralıq massivin gömülməsi nəticəsində əmələ gəlmişdir. Burada mezokaynozoyun, xüsusilə pliosen – dördüncü dövrün qalın çöküntü kompleksi toplanmışdır. Həmin kompleksdə Cənubi Xəzər çökəkliyinin qərb və şərq qanadlarında, həm də daxili hissələrində intensiv qırışıqlıqda inkişaf edir. Bu əlamət Cənubi Xəzər çökəkliyini başqa analoji çökəkliklərdən ciddi fərqləndirir.
Xəzər dənizi və onu əhatə edən sahil zonası müasir tektonik hərəkətlərin xarakterinə və seysmikliyinə görə bir-birindən kəskin fərqlənən vilayət və zonalardan ibarətdir. Müasir tektonik hərəkətlərin intensivliyinə görə Qafqaz- Kopetdağ zonası ilə ondan şimalda yerləşən geniş platforma düzənlikləri arasında fərq o qədər də böyük deyil, sahilboyu aparılmış böyük geodeziya ölçmələrinə görə tektonik qalxmanın sürəti +0.6-2.5 mm/il arasında, enmənin sürəti isə -0.6-3.4 mm/il arasında dəyişir. Sahil zonasından aralı Cənub-şərqi Qafqaz və Böyük Balxan-Kopetdağ istiqamətində tektonik hərəkətlər xeyli fəallaşır və qalxmanın illik sürəti 6-10 mm-ə çatır. Müasir tektonik hərəkətlərin istiqaməti və sürəti vaxtaşırı dəyişir.
Seysmikliyinə görə də Qafqaz-Kopetdağ, Talış-Elbrus zonaları dənizin platforma əhatəsindən kəskin fərqlənir. Cənub-Şərqi Qafqaz, Abşeron astanası, Balxan-Kopetdağ qalxması daha yüksək seysmikliyi ilə seçilir. Bu zonanın ayrı-ayrı qovşaqlarında ara-sıra katostrafik zəlzələlər təkrarlanır, adi (5-6 bala qədər) zəlzələlər isə nisbətən sıx təkrarlanır. Dənizin daxilində ən seysmik fəal sahələr Abşeron astanası ilə yanaşı, Orta Xəzər çökəkliyinin mərkəz hissəsi və Terek əyilməsindən Abşeron yarımadasına qədər uzanan qərb sahil akvatoriyasıdır. Qalan sahələr nisbətən zəif seysmikliyi ilə seçilir.
Xəzər dənizi və onu əhatələyən sahil zona əsas enerji daşıyıcılarından neft və qaz ehtiyatları ilə olduqca zəngindir. Bu baxımdan Xəzər regionu İran körfəzi regionunu xatırladır. Lakin dünyanın bu iki böyük neft-qaz hövzələri arasında oxşarlıq demək olar ki, bununla bitir. Enerjidaşıyıcıları ilə yanaşı Xəzər regionu zəngin duz yataqlarına (Xəzəryanı sinekliz), duzu ehtiyatına (Qaraboğaz körfəzi), uran ehtiyatına (Manqıstau) malikdir. Maraqlıdır ki, qədim dövrlərdə əmələ gəlmiş bir çox faydalı qazıntılardan fərqli olaraq, Qaraboğaz qolda mirabilit əmələ gəlməsi prosesi indi də davam edir.
Dostları ilə paylaş: |