Xəzər dənizi


Geoloji və tektonik quruluş



Yüklə 52,81 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü52,81 Kb.
#40016
1   2   3   4   5   6   7   8   9   10
Xəzərin fiziki coğrafiyası museyibov 1998

Geoloji və tektonik quruluş

Xəzər regionu (dəniz və onu əhatə edən sahil zonası) olduqca mürəkkəb geoloji və tektonik quruluşa malikdir. Bunun səbəbi dənizin müxrəlif yaşa, inkşaf yoluna, struktur xüsusiyyətlərə və müasir geodinamik rejiminə malik olan geotektonik regionlarda yərləşməsidir.

Xəzərin Volqa deltası ilə Komsomolets körfəzini birləşdirən xətdən şimalda yerləşən hissəsi və Xəəzryanı ovalıq bütövlüklə qədim Şərqi Avropa platformasının cənub şərqini tutan Xəzəryanı sineklizdə yerləşir. Qərb sahildə Xəzər çökəkliyinə diaqonal istiqamətdə uzanan və biri digərini əvəz edən struktur zonalar (Epihersin platformasının ümumi əyilmə rejiminə malik struktur zonalar), cənubda Talış-Elburz qövsü mövcüdür. Göstərilən struktur zonaların əksəriyyəti submeridian istiqamətli olmaqla Xəzər çökəkliyinə diaqonal uzanaraq, onu kəsib keçir, yaxud ona qovuşur (Kür və Cənubi Türkmənistan depressiyaları). Bəzi struktur zonalar isə Cənubi Xəzər çökəyinin konfiqurasiyasına uyğun olaraq uzanır və onu cənubdan əhatlələyir (Talış- Elburz qalxması zonası).

Xəzərin şərq sahili və şelf zonası əsasən Turan paltforması sahəsində yerləşir. Burada yalnız Balxan-Kopetdaq qırışıqlığı və ondan cənubdakı sahə orogen qurşaqdadır.



Səthi təşkil edən çöküntülərin yaşına və mənşəyinı görə Xəzərətrafı düzənliklərin əksəriyyəti bir birindən ciddi fərqlənmir. Bu, xüsusilə qərb və cənub-şərq sahildə yerləşən sahələrinin düzənliklərinə aiddir. Həmin sahələr dördüncü dövrün allüvial-prolüvial və dəniz çöküntükərindən təşkil olunmuşdur. Bu çöküntülərin kəsilişində gillər, gilləcələr, çaqıldaşı, qumlar, əhəngdaşı əsas yer tutur. Şimal və şərq sahili düzənliklərində isə allüvial və dəniz çöküntüləri ilə yanaşı eol çöküntüləri də (qumlar) geniş yayılmışdır.

Xəzərin sahil zonasında tektonik qalxma zonaları daha qədim çöküntülərdən təşkil olunmuşdur. Böyük Qafqaz meqaantiklinoriumunun sahildə (və dənizdə) uzanan struktur zonalarında mezozoy, paleogen və neogenin müxtəlif litoloji tərkibli laylarından əmələ gəlmış çökmə süxürlar (gillər,qumdaşı,əhəngdaşı və s.) yayılmışdır. Bu süxur kompleksləri qırışıqlıqda iştirak etməklə,tektonik qırılmalarla pozulmuşdur.

Talış dağlarının dənizə yanaşan dağətəyi zona strukturları əsasən paleogenin vulkanogen (şimalda neogenin gilləri, qumdaşı layları ) süxurlarından yaranmışdır. Dənizi cənubdan əhatələyən Elburz meqantiklinoriumu daha mürəkkəb quruluşa malikdir. Burada kembridən əvvəlki kristallik-metamorfik, paleozoyun, mezozoyun güclü qırışıqlığa məruz qalmış intruziv, effuziv və çökmə süxurları yayılmışdır. Dağətəyi (Xəzər sahili çökmə sahəsi) dəniz və kontinental mənşəli terrigen çöküntülərdən ibarətdir.

Xəzər dənizinin şərq sahil zonasının cənubu (Cənubi Türkmənistan əyilməsi) allüvial-dəniz çöküntülərinin, qalan sahələr isə əsasən zəif qırışıqlıqda iştirak edən mezozoy və kaynazoy ( paleogen və neogen dövrünə aid) dəniz çöküntülərinin (gillər, qumdaşı, əhəngdaşı) yayılması ilə xarakterizə olunur. Burada dördüncü dövr çöküntüləri ensiz sahilboyu akkumulyativ düzənliklərdə, Qaraboğazda, səthi dəniz səviyyəsindən aşağıda yerləşən başqa kiçik depressiyalarda (Karaqie, Kuanda və s.) toplanır. Qaraboğazda holosen və müasir çöküntülər əsasən çox böyük ehtiyata malik olan mirabilit duzundan ibarətdir. Qalan depressiyalarda kontinental çöküntülər toplanır. Lakin arid iqlim şəraitində bu proses çox ləng gedir.



Xəzər dənizinin dib çöküntüləri əsasən dördüncü dövr yaşlı (Eopleystosen -Abşeron, Pleystosen və Holosen) dəniz mənşəli yumşaq törəmələrdən ibarətdir. Sahil dayazlığında bu çöküntülər müxtəlif litoloji tərkibli olmaqla gil, qum, alevrit, çınqıl, müxtəlif dərəcədə xırdalanmış balıqqulağı təbəqələrindən ibarətdir. Sahildən aralandıqca bu çöküntülərin kəsilişində iri dənəli terrigen törəmələr daha narın yığınlarla və gillərlə əvəz olur. Abşeron və Qobustan akvtoriyasında və Türkmənistan sahillərində dördüncü dövr çöküntüləri kəsilişində palçıq vulkanı brekçilərinə də rast gəlinir.

Şimali Xəzər dayazlığında və qalan şelf düzənliklərdə dib çöküntüləri litoloji cəhətdən daha dəyişkəndir. Orta və Cənubi Xəzər çökəklərində dib çöküntüləri eyni tərkibli xırda alverit, gil və lildən ibarətdir. Şimali Xəzərdə daha geniş ərazilərdə iri dənəli alveritlər, çayların deltalarında və ensiz sahil zonasında qumlar, nisbi sualtı qalxmalarda qum və balıqqulağı toplanmışdır. Dəniz dibinin Manqistau antiklinoriumlarının şimal-qərbə davamında yerləşən kələ-kötürlükləri sahəsində cavan dib çöküntülərinin müxtəlif növləri (qumlar, alternativlər və balıqqulağı) mürəkkəb konturlu zonalar əmələ gətirir. (Şəkil)

Çay gətirmələri çox olan intensiv əyilmə sahələrində pleystosen çöküntülərinin qalınlığı 1000-1600 m-ə çatır. Dördüncü dövr çöküntüləri dənizin orogen qurşaq daxilindəki hissələrindəki qırışıqlıqda iştirak edir. Şimal və Orta Xəzər əyilmələri daxilində isə bu çöküntü kompleksi qırışıqlıqda iştirak etmir.

Xəzərin şelf zonasında və materik yamacında eopleystosen və pliosen çöküntüləri də geniş yayılmışdır. Dənizinin ayrı-ayrı struktur zonalarının inkişafından aslı olaraq bu çöküntülərin maddi tərkibi və qalınlığı xeyli dəyişir. Pliosen çöküntülərinin qalınlığı Cənubi Xəzər çökəkliyinin sahil zonasında, şelf düzənliklərində və materik yamacında daha böyükdür.

Yuxarıda göstərildiyi kimi, Xəzər çökəkliyi üç böyük geotektonik vilayət tərkibində yerləşir: qədim Şərqi Avropa platformasının cənub şərqi (Xəzəryanı sinekliz), Epihersin platforması və Alp-Himalay orogen qurşağının Qafqaz-Ön Asiya seqmenti. Tək bu fakt Xəzər çökəkliyinin struktur tərkibinin mürəkkəb olmasını göstərir. Lakin bunlarla yanaşı Xəzər çökəkliyinin yaranması və inkişafı da onun müasir struktur-morfoloji xüsusiyyətlərinin yaranmasında mühüm rol oynamışdır.


Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin