25.10.2016
PİS OLAR
Hələ yat, yat, bu cəhalətdən ayılsan pis olar,
Oyanıb həqq deyən insana qoşulsan pis olar.
Zülm edib fəqri döyüb, malların alsa düz olar,
Amma bir özgə tərəfdəndə söyülsən pis olar.
Sənə dəstək mən olum, ol öz işinlə məşğul,
Amma bir saniyə bu işdə yorulsan pis olar.
Qafil axmaqlar olan dininə heyran oldum,
Sənsə mən təzim edən dinə vurulsan pis olar.
Yenə zəhmət çəkib Əkrəm, nə yazırsan bunlara,
Yəni bel bağlayıb Allahə sarılsan pis olar ?
29.10.2016
QAFİL
Düşdüm kədərə, aha,
Mən and ola Allaha
Gəlmə mən olan rahə,
Bu eşq yoludur, qafil !
Sən duy bu sözü bizdən,
İbrət götür bu sözdən !
Hər şey düşəcək gözdən,
Çün qəlbə olub daxil,
Bu eşq yoludur, qafil !
Sinəmdə ürək canan,
Çırpınarkən hey, canan,
Ah çəkməyim, ey canan,
Eşqdən olubdur hasil,
Bu eşq yoludur, qafil.
Verdin qərar və getdin,
Tənhalığa öyrətdin,
Ey gül, nə üçün etdin
Pak qəlbimi sən zail ?
Bu eşq yoludur, qafil !
Qəlbindəki sevdadır
Hikmət dolu dəryadır,
Bax gör, nə müəmmadır,
Gəl dərk elə, ey Aqil,
Bu eşq yoludur, qafil !
Dostları ilə paylaş: |