208
Culiya onun sinəsinə sıxıldı. Kombinezonun üstündən qızın iri, bərk döşlərini hiss etdi. Elə bil
bu yolla Culiyanın canındakı enerji və cavanlıq Uinstona da keçirdi.
– Əlbəttə xoşdur.
– Onda bir də ölüm haqqında danışma. İndi isə qulaq as, əzizim. Gələn görüşümüzün vaxtını
dəqiqləşdirməliyik. Yenə həmin yerə – meşəyə gedə bilərik. Arada kifayət qədər uzun fasilə
olub. Amma bu dəfə başqa yolla gəlməlisən. Mən hər şeyi fikirləşmişəm. Əvvəlcə qatara
oturursan... Dayan, bu dəqiqə sxem çəkib göstərəcəyəm.
Culiya həmişəki işgüzarlığı ilə döşəmədəki tozun üstündə göyərçin yuvasından düşmüş lələyin
ucu ilə marşrutu çəkməyə başladı.
IV fəsil
Uinston mister Çarrinqtonun dükanının üstündəki balaca, köhnə otağa bir də göz gəzdirdi.
Pəncərənin önündə nəhəng çarpayı vardı. Üstünə sırıqlı odeyal çəkilmiş, yastıq yerinə üzsüz
mütəkkə qoyulmuşdu. Buxarının yuxarı tərəfindəki on iki siferblatlı qədim saatın çıqqıltısı
eşidilirdi. Şüşə press-papye küncdəki açılıb-yığılan masanı bəzəyirdi. İlk dəfə gələndə otağın
yarımqaranlığında onun xəfif parıltısı diqqətini çəkmişdi.
Buxarının yerliyinə yağa bulaşmış kerosinka, qazanca və iki fincan qoyulmuşdu. Hamısını mister
Çarrinqton vermişdi. Uinston kerosinkanı yandırdı, qazançanı su ilə doldurub qaynamaq üçün
odun üstünə qoydu. Özü ilə bütöv bir qutu “Qələbə” qəhvəsi və saxarin həbləri gətirmişdi. Saat
17.20-ni göstərirdi. Əslində, 19.30 olmalı idi. Culiyanın gəlməyinə az qalırdı.
– Ağılsızlıqdır! Ağılsızlıqdır! - Ürəyi ona belə deyirdi. - Şüursuz, mənasız, intihara aparan
axmaqlıqdır! Partiya üzvünün törətdiyi cinayətlərdən ən çətin ört-basdır ediləni Culiya ilə
başladıqları macəradır. Bu fikir şüşə press-papyenin açılıb-yığılan masanın hamar səthindəki
əksini gördüyü anda beyninə girmişdi. Hər şey düşündüyü kimi oldu. Mister Çarrinqton otağı
kirayə verməyə tərəddüdsüz razılığını bildirdi. Buradan əlavə bir neçə dollar qazanacağına
sevindiyini gizlətmirdi. Uinston otağı bir qadınla görüşmək üçün kirələdiyini deyəndə isə, mister
Çarrinqton nə heyrətləndi, nə də özünü təhqir olunmuş saydı. Əksinə, düz qabağa baxaraq
söhbəti ümumi mövzuların üzərinə keçirdi. Həm də bunu elə məharətlə etdi ki, sanki özü də bir
anlığa gözəgörünməz oldu. Dedi ki, şəxsi həyat son dərəcə qiymətli şeydir. Hamı nə vaxtsa
tamam tək qala biləcəyi bir yerin olmasını istəyir. Əgər belə yer tapılırsa, bundan xəbər tutanlar
ən azı elementar davranış qaydalarına görə gərək heç yerdə, heç nə danışmasınlar. Sonra isə sırf
şəxsi məzmunlu məsələyə hər hansı müdaxiləsini əvvəlcədən istisna edən tərzdə bildirdi ki,
mənzilin iki girişi var. Biri arxa həyətdəndir, ikincisi isə küçəyə açılır.
Pəncərənin altında kimsə oxuyurdu. Uinston gözə görünməməyə çalışaraq cuna pərdənin
arxasından çölə baxdı. İyun günəşi hələ səmanın uca nöqtəsində idi. Gün işığına qərq olmuş
həyətdə belinə önlük bağlamış, bürüncü rəngli, əzələli qolları Normandiya sütunlarına bənzəyən
nəhəng bir qadın paltar ləyəni ilə zivə arasında gedib-gəlir, ağ, dördkünc parçaları ipdən asırdı.
Uinston onların uşaq əskisi olduğunu dərhal anladı. Qadın dodaqlarının arasında tutduğu
sonuncu sıxlacla zivədəki son əskini bərkidəndən sonra güclü kontralto səslə oxumağa başladı:
Artıq çoxdan yoxdur o xoş arzular,
İlk yaz günü kimi keçib getdilər.
Ürəkdə nə qədər diləklərim var-
Şirin röya kimi gözdən itdilər.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
209
Neçə həftə idi ki, bütün London bu mahnını oxuyurdu. Musiqi Departamentinin hansısa
yarımbölməsində prollar üçün quraşdırılan saysız-hesabsız şit yaradıcılıq nümunələrindən idi.
Biri-birinə bəzəyən belə mahnıların həm sözlərini, həm də musiqisini insan beyninin müdaxiləsi
olmadan versifakator adlı cihazda düzüb-qoşurdular. Amma qadın elə ürəkdən, elə gözəl
oxuyurdu ki, hətta cəfəng sözlər də onun ifasında insanın zövqünü oxşayırdı. Uinston ucadan
oxunan mahnı səsini, zərblə daş döşəməyə dəyən ayaqqabı taqqıltılarını, küçədən gələn uşaq
qışqırtılarını, maşınların uğultusunu və aramsız fit çalmalarını eşitsə də otaqda teleekran
olmadığından özünü qəribə sakitlik içərisində hiss edirdi.
– Ağılsızlıqdır! Ağılsızlıqdır! Ağılsızlıqdır! - deyə aramsız pıçıldayırdı. - Həftələrlə burada
görüşmək və ələ keçməmək inanılası iş deyil!
İstifadə etdikləri, mərkəzdən çox da uzaq olmayan gizli mənzil ikisinə də problem yarada bilərdi.
Zəng qülləsində axırıncı dəfə birlikdə olandan sonra yeni görüş haqda vədələşməyə heç cür
imkan tapmırdılar. Nifrət Həftəsinə hazırlıqla bağlı iş vaxtı xeyli uzadılmışdı. Düzdür, tədbirə
hələ bir aydan çox vaxt qalırdı. Lakin geniş miqyaslı tədbirlər çoxlu vaxt və zəhmət tələb
edirdi.Axır ki, ikisi də eyni gündə nahardan sonra boş idilər. Meşədəki talaya getməyi qərara
almışdılar. Yola çıxmamışdan əvvəlki axşam küçədə qısa görüşləri oldu. Kütləyə qarışıb
addımladıqları belə vaxtlarda Uinston Culiyaya baxmamağa çalışırdı. Lakin bu dəfə nəzərləri ani
olaraq kəsişdi. Uinston qızın rənginin qaçdığını sezdi.
– Hər şey korlandı!-deyə danışmağa imkan yarandığını görən Culiya dodaqlarını tərpətmədən
dilləndi. -Sabahkı görüşümüzü deyirəm.
– Nə?
– Sabahkı görüşümüzü deyirəm. Gələ bilməyəcəyəm.
– Niyə?
– Təbii səbəbə görə. Bu dəfə gözlədiyimdən tez başlandı.
İlk anda Uinstonu səbəbini bilmədiyi qəzəb hissi bürüdü. İndi, tanışlıqlarından bir ay sonra
Culiyaya tamam fərqli münasibət bəsləyirdi. Başlanğıcda hissləri belə səmimi deyildi. İlk
görüşləri daha çox şəhvani istəklə bağlı idi. İkinci dəfə, zəng qülləsində bir yerdə olandan sonra
hər şey dəyişmişdi. Qızın saçının ətri, dodaqlarının tamı, dərisinin xoş rayihəsi elə bil Uinstonun
içinə hopmuş, həyatında xoş bir aura yaratmışdı. Culiya ilə ünsiyyət artıq fiziki zərurətə
çevrilmişdi. Qızı sadəcə yanında görməklə kifayətlənmirdi, ona haqqı çatdığını düşünürdü.
Sabah gələ bilməyəcəyini deyəndə Culiyanın onu aldatmaq istədiyini düşündü. Lakin həmin
anda kütlə onları sıxıb yaxınlaşdırdı, qəflətən əlləri birləşdi. Culiya nəvazişlə Uinstonun
barmaqlarını sığalladı. Bu hərəkəti ilə sanki şəhvət deyil, məhəbbət umduğunu yada salmaq
istəyirdi. Uinston fikirləşdi ki, qadınla yaşayan kişi belə zəruri fasilələri mütəmadi təkrarlanan
hal kimi anlayışla qarşılamağı bacarmalıdır. Ürəyində Culiyaya indiyə qədər sezmədiyi
naməlum, lakin son dərəcə zərif bir hissin baş qaldırdığını duydu. On illərlə bir yerdə yaşayan ər-
arvad olmalarının bəxş edə biləcəyi xoşbəxtlik haqqında düşündü. İndiki kimi oğrun-oğrun yox,
açıq-aşkar, qorxub-çəkinmədən Culiya ilə küçədə yanaşı addımlamağın, müxtəlif əhəmiyyətsiz
şeylər haqqında danışmağın, ev üçün xırda-xuruş bazarlıq etməyin necə böyük səadət olduğunu
fikirləşdi. Elə bir yer tapmaq istəyirdi ki, orada baş-başa qala bilsinlər, görüş imkanından yalnız
şəhvətlərini söndürmək üçün istifadə etməyə can atmasınlar. Lakin mister Çarrinqtonun otağını
kirələmək fikri həmin an yox, ertəsi gün ağlına gəldi. Fikrini Culiyaya deyəndə qız gözləmədiyi
halda həvəslə razılaşdı. İkisi də dəlilik etdiklərini fərqində idilər. Gözləri baxa-baxa qəbirlərinə
sarı addımlayırdılar. İndi, çarpayının kənarında oturub Culiyanı gözlədiyi anlarda Uinston Sevgi
Nazirliyinin zirzəmiləri haqqında düşünürdü. Maraqlıdır, qarşısıalınmaz vahimənin gah şüuruna
hakim kəsilməsi, gah da geri çəkilməsi nə ilə əlaqədardır? Axı bilirsən ki, o vahimənin xofu səni
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
210
mütləq gözləyir. Doxsan doqquzun ardınca yüz gəldiyi kimi, can atdığın təhlükəli macəranın
ardınca da ölüm gəlir. Heç kəs layiq bilindiyi cəzadan canını qurtara bilməz. Sadəcə, vaxtı bir az
uzatmaq olar. Amma hər belə hərəkətlə şüurlu şəkildə, istəyərəkdən o məşum saatı daha da
yaxınlaşdırırsan...
Pilləkəndə tələsik addım səsləri eşidildi. Culiya otağa qasırğa kimi girdi. Əlində alət daşıdığı boz
rəngli kətan çanta vardı. Dəfələrlə Nazirlikdə həmin çanta ilə o baş-bu başa getdiyini görmüşdü.
Cəld yerindən qalxıb qızı qucaqladı. Lakin Culiya sivrilib qollarının arasından çıxdı. Ağır alət
çantasını hələ də əlində tutmuşdu.
– Yarımca saniyə səbr et,-dedi. - Qoy aldıqlarımı göstərim. Bu zəhrimara qalmış “Qələbə”
qəhvəsini sən gətirmisən? Elə o cür də bilirdim. Gətirdiyin yerə qaytara bilərsən. Bizə gərək
olmayacaq. Bir bax!
Culiya dizi üstə döşəməyə çöküb çantanı açdı. Üstdəki qayka açarlarını və digər alətləri yerə
boşaltdı. Çantanın dibində səliqə ilə kağız bağlamalar gizlədilmişdi. Çıxardığı ilk bağlamada
Uinstonda dərhal qəribə, amma həm də çox tanış hisslər doğurdu. Bağlama nisbətən ağır idi,
içərisinə isə elə bil xırda daşlar doldurulmuşdu, əlini toxunduranda qulağa xoş gələn xışıltı səsi
ətrafa yayılırdı.
– Qənd deyil ki? - Uinston soruşdu.
– Əsl qənddir. Saxarin yox, əsl qənd. Bu isə çörəkdir, həqiqi ağ çörək! Daha bizə verilən heyvan
yemi deyil. Burada bir banka cem də var. Dəmir qutudakı isə həqiqi süddür. Sənin qarşında
lovğalanmaq istədiyim əsas şey isə, bax, budur. Özüm qəsdən bərk-bərk əskiyə bükmüşəm ki,
birdən...
Nə üçün bərk-bərk bükdüyünü izah etməyə ehtiyac qalmadı. Artıq tünd və xoş qoxu otağı
doldurmuşdu. Bu qoxu Uinstona uşaqlıq çağlarından yaxşı tanış idi. Amma indi də arabir,
uzaqdan-uzağa da olsa, o xoş qoxunu acgözlüklə sinəsinə çəkmək imkanı yaranırdı. Onu gah
qapı açılıb-örtülənə qədər döngələrin birində duyurdu, gah da adamların sıx toplaşdıqları yerdə
anidən havaya yayılıb yox olduğunu hiss edirdi.
– Qəhvə! - deyə Uinston gözlərinə inanmadı. - Həqiqi qəhvə!
– Daxili Partiya üçün nəzərdə tutulan ərzaq payındandır. Özü də düz bir kilo!
– Bunları hardan tapmısan?
– Axı dedim: belə ərzaqlar yalnız Daxili Partiya üzvləri üçündür. Bu donuzlar dünyanın hər cür
naz-neməti ilə bəslənirlər. Amma təbii ki, ofisiantlar, qulluqçular da əllərini dinc qoymurlar.
Oğurlayırlar. Bax, bu kiçik bağlamadakı isə həqiqi çaydır.
Uinston da onun yanında oturdu. Çay paketinin qırağını azacıq cırıb açdı.
– Həqiqi çaydır. Daha bizə verilən qarağat yarpağı deyil.
– Axır vaxtlar xeyli əla çay peyda olub. Deyəsən, ya Hindistanı tutublar, ya buna bənzər bir şey
baş verib. Qulaq as, əzizim. İstəyirəm üç dəqiqəliyinə üzünü yana çeviəsən. Keç, çarpayının o
biri tərəfində otur. Bu tərəfə baxma, yaxşımı? Mən deyəndə baxarsan.
Uinston pəncərənin qabağına keçib cuna pərdənin arxasından fikirli-fikirli həyətə tamaşa etməyə
başladı. Bürüncü rəngli qolları Normandiya sütunlarını xatırladan qadın hələ də paltar təknəsi ilə
zivə arasında gedib gəlirdi. Axırıncı iki sıxlacı da dodaqlarının arasından çıxarıb ipdəki əskiləri
bərkitdi, sonra əvvəlkindən də gur, hissiyyatlı səslə mahnısını davam etdirdi:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
211
Qoy desinlər mənə: daha az gözlə,
Qoy desinlər mənə: zaman həkimdir.
O acı göz yaşı, o həzin sözlər
Bu gün də qəlbimi simtək inlədir.
Deyəsən, qadın bu sarsaq mahnını son sözünə qədər əzbərləmişdi. Oxuduqca ahəngdar, xoşbəxt
melanxoliya ilə dolu səsi ilıq yay havasına qarışaraq dalğa-dalğa ətrafa yayılırdı. Elə bil bu yay
axşamı heç vaxt bitməsəydi, təknədəki paltarlar heç vaxt qurtarmasaydı qadın eyni əskiləri
dayanmadan zivədən asmaqla, eyni cəfəng sözləri dayanmadan oxumaqla özünü daha da xoşbəxt
sayacaqdı. Uinston təəccüb içərisində fikirləşdi ki, indiyə qədər təkbaşına, sadəcə özü üçün
oxuyan Partiya üzvünə heç vaxt rast gəlməyib. Çünki kiminsə öz-özünə danışması kimi
təkbaşına oxumaq da azadfikirliliyin təzahürü, təhlükəli qəribəlik kimi dəyərləndirilə bilərdi.
Görünür, adamlar hər şeylərini itirəndə özlərində oxumaq üçün qüvvə tapırlar.
– İndi üzünü çevirə bilərsən!-Culiyanın səsi eşidildi.
Uinston geri çevrildi. İlk anda az qala onu tanımayacaqdı. Culiyanı çılpaq görəcəyini fikirləşirdi.
Amma dəyişiklik daha gözlənilməz idi. Qız bəzənmişdi.
Yəqin, gizlincə kasıblar məhəlləsindəki xırdavat dükanlarından birinə girmiş, kosmetika dəsti
almışdı. Dodaqlarına al-qırmızı pomada çəkmişdi. Yanaqlarına yüngülcə ənlik-kirşan sürtmüş,
hətta burnunu pudralamışdı. Yəqin ki, sürmə çəkdiyindən gözləri indi daha iri, daha parıltılı
görünürdü. Bəzək-düzək işinin öhdəsindən ustalıqla gəldiyini demək olmazdı.Belə məsələlərdə
Uinstonun da tələbləri çox yüksək deyildi. Əvvəllər heç vaxt Partiya üzvü olan qadının bəzənib-
düzəndiyini görməmişdi. Bunu heç təsəvvürünə gətirmirdi. Amma Culiyanın bir an içərisində
necə dəyişməsi göz önündə idi. Sifətinə azacıq əl gəzdirməklə təkcə yaraşıqlı olmamışdı, həm də
qadın kimi çox məlahətli görünürdü. Qəribədir ki, qısa kəsilmiş saçları və oğlanbəsər
kombinezonu bu təəssüratı daha da gücləndirirdi. Culiyanı qucaqlayanda burnuna sintetik
bənövşə ətrinin qoxusu gəldi. Uinston zirzəmi qatındakı yarımqaranlıq mətbəxi, dişsiz ağzı
balaca kahaya bənzəyən qadını xatırladı. O qadından da eyni sintetik ətrin iyi gəlirdi. Amma indi
bu barədə düşünməyin yeri deyildi.
– Ətir vurmusan...-dedi.
– Düzdür, əzizim, ətir də vurmuşam. Bilirsən, yaxın vaxtlarda daha nə eləmək istəyirəm?
İstəyirəm əsl qadın paltarları tapım, murdar kombinezonun yerinə onları geyinim. İpək corab,
hündürdaban ayaqqabı geymək istəyirəm. Bu otaqda Partiya yoldaşı yox, qadın olmaq istəyirəm!
Paltarlarını çıxarıb özlərini qırmızı ağacdan düzəldilmiş nəhəng çarpayıya atdılar. Uinston ilk
dəfə idi ki, Culiyanın yanında lüt soyunurdu. İndiyə qədər ağappaq, sısqa bədənindən,
baldırlarının göyərmiş damarlarından, topuğunun üstündəki qaysaq bağlamış varikoz yarasından
utanırdı. Yatağa mələfə çəkilməmişdı. Üstünə uzandıqları odeyal nimdaş olsa da, yumğaq və
hamar idi. Çarpayının genişliyi, ahəstə yırğalanması isə ikisini də heyrətə salmışdı.
– Yəqin bura əməlli-başlı taxtabiti yuvasıdır. Amma bizə nə dəxli var? - bunu Culiya dedi.
İndi iki nəfərlik geniş çarpayılara yalnız prolların mənzillərində rast gəlmək olardı. Uinston uşaq
vaxtı belə çarpayıda yatmışdı. Culiya isə yadına sala bilmirdi.
Sonra yuxuya getdilər. Uinston oyananda saatın əqrəbləri doqquza yaxınlaşırdı. Yerindən
tərpənməməyə çalışırdı. Culiya başını onun qolu üstə qoyub yatırdı. Ənlik-kirşanının çoxu
Uinstonun sifətinə, bir də kiçik mütəkkəyə yaxılmışdı. Amma sifətində qalan adda-budda rəng
də qızın almacıq sümükləri azacıq dikəlmiş üzünün gözəlliyini aydın nəzərə çarpdırırdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
212
Batmaqda olan günəşin sarı şəfəqləri çarpayının ayaq tərəfinə düşür, qazançadakı suyun
qaynadığı buxarını yüngülcə işıqlandırırdı. Həyətdən gələn mahnı səsi kəsilmişdi. Küçədən isə
yenə də uşaqların boğuq qışqırtıları eşidilirdi. Uinston kədər qarışıq təəccüblə fikirləşirdi ki,
qadağan olunmuş keçmiş çağlarda belə sərin yay axşamları qadınla kişinin eynən onlar kimi lüt
soyunub yataqda uzanmaları, istədikləri vaxt sevişmələri, yerlərindən qalxmağa tələsmədən
ağıllarına gələn şeylərdən danışmaları, küçədən eşidilən səslərə qulaq asmaları adi bir hal idi.
Doğrudanmı, bütün bunların normal sayıldığı vaxtlar olmuşdu? Culiya yuxudan oyandı,
gözlərini ovaladı, sonra dirsəklərinə dayanıb kerosinkaya baxdı.
– Suyun yarısı buxarlanıb havaya uçub, - dedi. - Yaxşı, bir azdan durub qəhvə dəmləyərəm. Hələ
bir saatımız da var. Sizin binada işıqları saat neçədə söndürürlər?
– İyirmi üç otuzda.
– Yataqxanada iyirmi üçdə söndürürlər. Amma bir az tez qayıtmaq lazımdır, çünki... Ay səni!
Rədd ol buradan, yaramaz!
Culiya cəld çarpayıdan aşağı əyildi, ayaqqabısını döşəmədən götürüb oğlansayağı cəld hərəkətlə
eyni ilə Yenidil lüğətini Qoldsteynin portretinə tərəf tolazladığı kimi tuşlayaraq küncə atdı.
– Orada nə vardı ki? - Uinston təəccüblə soruşdu.
– Siçovul. Murdar burnunu panellərin arasındakı deşikdən bayıra çıxardığını gördüm. Yəqin
döşəmənin altında yuvası var. Amma onu yaxşıca qorxutdum.
– Siçovul?-Uinston pıçıldadı. - Otaqda siçovul?
– Onlar hər yerdə olur, - Culiya heç nə olmamış kimi yenidən yerində uzandı. -Hərdən bizim
yataqxananın mətbəxində də gözə dəyirlər. Londonun bəzi rayonlarını tamam başlarına
götürüblər. Uşaqların üstünə hücum çəkdiklərini eşitməmisən? Həm də necə hücum çəkirlər! Elə
məhəllələr var ki, qadınlar qorxularından körpələrini iki dəqiqəliyə də gözdən kənara
buraxmırlar. Əsasən iri, qonur siçovullardan qorxmaq lazımdır. Ən pisi isə odur ki, murdarlar
həmişə...
– Qurtar bu söhbəti! - Uinston gözlərini bərk-bərk yumub qışqırdı.
– Əzizim! Rəngin ağappaqdır. Nə olub? Yoxsa siçovuldan iyrənirsən?
– Mən dünyada onlardan dəhşətli şey təsəvvür eləmirəm.
Culiya Uinstonu qucaqladı. Əlləri, ayaqları ilə ona sarıldı. Bədəninin bütün istiliyi, hərarəti ilə
onu sakitləşdirmək istəyirdi. Amma Uinston gözlərini dərhal aça bilmədi. Bir neçə saniyə hələ də
həyatı boyu dönə-dönə yaşadığı dəhşətli xatirələrin yenidən qayıtmasının təəssüratı altında idi.
Həmişə belə olurdu. Yuxularında tez-tez özünü qaranlıq divarın önündə görürdü. Divarın o biri
tərəfində isə dəhşətli, insanda anlaşılmaz qorxu və xof yaradan mübhəm varlıq dayanırdı.
Xəyallarındakı əsas hiss həmişə özünü aldatması idi. Çünki zülmət divarının o biri tərəfində
hansı varlığın dayandığını yaxşı bilirdi. İstəsə, bəlkə, ağrılı əzablar bahasına, sanki beynini dartıb
qoparırmış kimi o qorxunc varlığı gözləri önünə də gətirə bilərdi. Lakin həmişə qorxusunun
səbəbi sona qədər aydınlaşmadan yuxudan ayılırdı. İndi Culiyanın yarıda kəsdiyi sözləri ilə
mütəmadi yaşadığı həmin dəhşət hissi arasında birbaşa əlaqənin olduğunu anladı.
– Bağışla, - dedi. - Fikir vermə. Hamısı boş şeylərdir. Sadəcə, siçovullardan xoşlanmıram.
Vəssalam.
– Narahat olma, əzizim. Bu murdarları bir də evimizə buraxmarıq. Gedəndə deşiyə bir şey
tıxayaram. Gələn dəfə isə sement gətirib yollarını həmişəlik bağlayacağam.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
213
Vahimənin xofu çəkilib getmişdi. Uinston hərəkətindən utanmış halda qalxıb çarpayının baş
tərəfində oturdu. Culiya da yerindən durdu, kombinezonunu geyinib qəhvə hazırlamağa başladı.
Qazançadan qalxan qoxu o qədər tünd, o qədər şirnikləndirici idi ki, tez pəncərəni bağladılar.
Həyətdə kimsə qəhvə iyini hiss edib haradan gəlməsi ilə maraqlana bilərdi. Qəhvənin ləzizliyi
ətrindən daha çox şəkərlə qarışıb adamın damağına qeyri-adi bir dad gətirməsində idi. İllər boyu
qəhvəni saxarinlə içdiyindən Uinston həqiqi şəkərin tamını yerli-dibli unutmuşdu. Əlinin birini
kombinezonunun cibinə qoyan, o birində isə yağla cem buterbrodu tutan Culiya otaqda gəzişir,
laqeyd nəzərlərlə kitab rəfinə göz gəzdirir, açılıb-yığılan masanın necə təmir olunması ilə bağlı
məsləhət verirdi. Aradabir möhkəmliyini və rahatlığını yoxlayırmış kimi özünü kreslonun üstünə
atdı. Bir an sonra isə maraq dolu baxışlarla on iki siferblatlı qəribə divar saatını gözdən keçirirdi.
Gün işığında daha yaxından tamaşa etmək üçün press-papyeni çarpayının yanına gətirdi. Uinston
şüşəni qızın əlindən alıb narın yağış damlasını xatırladan rənginə heyranlıqla baxmağa başladı.
– Səncə, bu nədir? - deyə Culiya soruşdu.
– Doğrusu, özüm də bilmirəm. Fikirləşirəm ki, indiyə qədər onunla maraqlanan olmayıb. Elə
buna görə də diqqətimi çəkdi... Şüşə parçası tarixin yenidən əl gəzdirməyə macal tapmadıqları
kiçik bir hissəsidir. Mənasını anlayan üçün yüz il bundan əvvəl bizə ünvanlanmış xəbərdir.
– Bəs şəkil? - Culiya başı ilə üzbəüz divardan asılmış qravürü göstərdi. - O da keçən əsrdən
qalmadır?
– Daha qədimdir. Bəlkə də iki yüz il əvvəlin yadigarı olduğunu deyərdim. Amma dəqiq tarix
söyləmək çətindir. Axı indi heç nəyin yaşını təyin etmək mümkün deyil.
Culiya daha yaxşı baxmaq üçün qravürə yaxınlaşdı.
– Bax, o murdar başını buradan çıxarmışdı, - deyə düz şəklin altında döşəməni təpikləməyə
başladı. - Bəs bura haradır? Deyəsən, şəkildəki binanı əvvəllər haradasa görmüşəm.
– Kilsədir. Hər halda, tikiləndə kilsə olub. Adı Sent Klement Deyn kilsəsidir. - Birdən mister
Çarrinqtondan eşitdiyi şeirin ilk misraları yadına düşdü. Nostalgiya dolu səslə onları sözlərinə
əlavə etdi:
Mandarinlər, limonlar,
Sent Klement zəng çalar.
Uinstonun təəccüblü baxışları altında Culiya sonrakı misraları oxudu:
Hey zəng çalır San Martin,
- Qaytar mənə üç fartinq!
Old Baley də cinlənir,
- Borcumu qaytar! - deyir.
– Arxasını xatırlaya bilmirəm. Amma yadımdadır ki, şeir belə qurtarır:
İki şam yandıraram,
Səni dayandıraram.
Qılınc çalsam bir kərə
Başın düşəcək yerə.
|