“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
214
– Bu şeir deyəsən iki tərəfin bir-biri ilə deyişməsi idi. “Old Baley” - dən sonra da hansısa
misralar vardı. Mister Çarrinqtonun əhvalının yaxşı vaxtına düşsə, onun yaddaşından çatışmayan
bəndləri də tapıb çıxarmaq olar.
– Bəs sənə şeiri kim öyrədib? - Uinston soruşdu.
– Babam tez-tez onu oxuyurdu. Səkkiz yaşım olanda babamı buxara çevirdilər - bir sözlə,
həmişəlik yoxa çıxdı. Maraqlıdır, görəsən, limon necə olur? - qız gözlənilmədən mövzunu
dəyişdi. - Mandarin görmüşəm. Nazik qabıqlı, narıncı rəngdə sarımtıl meyvədir.
– Limon yadıma gəlir, - Uinston dedi. - Əllinci illərdə hər yerdə olurdu. Elə turş idi ki, adam
hətta aralıdan baxanda dişləri qamaşırdı.
– Yəqin, bu şəklin arxası da bitlə doludur, - Culiya yenə mövzunu dəyişdi. - Gərək bir dəfə onu
çıxarıb yaxşıca təmizləyim. Deyəsən, getmək vaxtıdır. Hələ gərək bu pudra-boyanı da
təmizləyim. Ah, həyat necə də darıxdırıcıdır! Qoy ayrılmamışdan əvvəl dodaqlarımın izini sənin
sifətində qoyum.
Qız gedəndən sonra Uinston bir müddət də yerindən tərpənmədi. Otaq get-gedə qaranlıqlaşırdı.
Uzanılı halda üzünü işığa çevirib şüşə press-papyeyə baxmağa başladı. İçərisindəki mərcan
parçasından daha çox şüşənin özünün görünüşü ona maraqlı gəlirdi. Baxdıqca, sanki adamın
gözləri dibi görünməyən dərinliyə işləyirdi. Şüşənin səthi rəngbərəng göy qurşağı kimi daxilində
öz ab-havası, öz atmosferi olan kiçik bir dünya gizlətmişdi. Uinstona elə gəldi ki, o, özü də
qırmızı ağacdan düzəldilmiş çarpayı, açılıb-yığılan masa, divar saatı, metal çərçivəli qravürlə
birlikdə həmin dünyanın içərisinə düşüb.Şüşə press-papye daldalandıqları sığınacaq idi.
İçərisindəki mərcan isə Culiya ilə özünün həyatı idi. Büllura həkk olunmuş əbədiyyət idi...
V fəsil
Saym yoxa çıxmışdı. İş günü başlansa da heç yerdə gözə dəymirdi. Bəzi ağılsız adamlar
gecikməsinin səbəbləri ilə bağlı mübahisə açmışdılar. Ertəsi gün onu yada salan yox idi.
Hadisənin üçüncü günü Uinston elanlar lövhəsinə baxmaq üçün Sənədləşdirmə Departamentinin
vestibülünə qalxmışdı. Orada Saymın da daxil olduğu Şahmat Komissiyası üzvlərinin siyahısı
asılmışdı. İlk baxışdan sanki heç bir şey dəyişilməmişdi. Lakin siyahıda bir soyad çatışmırdı.
Başqa izahata ehtiyac yox idi. Saym daha mövcud deyildi. Heç vaxt mövcud olmamışdı.
Nazirliyin pəncərəsiz labirintlərində, kondisioner işləyən otaqlarda hələ temperatur normal idi.
Küçədə isə səkilərdən od qalxırdı. Hamının işdən çıxdığı saatlarda metroda üfunət iyindən nəfəs
almaq olmurdu. Nifrət Həftəsinə hazırlıq tam gücü ilə davam edirdi. Bütün Nazirliklərin
əməkdaşları işdən sonra da yerlərində qalırdılar. Yürüşlər, mitinqlər, hərbi paradlar, mühazirələr,
mum fiqurların sərgisi, telefilmlərin nümayişi, teleekran proqramlarının hazırlanması-bunların
hamısını hazırlayıb çatdırmaq lazım idi. Tribunaların qurulması, portretlərin çəkilməsi, şüarların
dəqiqləşdirilməsi, mahnıların yazılması, şayiələrin yayılması, foto-şəkillərin saxtalaşdırılması -
hamısı vaxt və qüvvə tələb edirdi. Ədəbiyyat Departamentində Culiyanın işlədiyi şöbə roman
istehsalını müvəqqəti dayandırmışdı. Onlara düşmənin vəhşilikləri haqqında silsilə broşüralar
tərtib etmək tapşırılmışdı. Uinston daimi işindən əlavə, günün çoxunu saatlarla “Tayms”ın köhnə
saylarını vərəqləməyə, mühazirələrdə sitat gətiriləcək məlumatların dəyişdirməyə, dil və üsluba
daha təntənəli ahəng verməyə sərf edirdi. Axşamın gec saatlarında beyinləri qızmış prollar
küçələrə töküləndə isə, demək olar ki, şəhərin altı üstünə çevrilirdi. Əvvəlki vaxtlarla
müqayisədə, indi Londona mərmilər daha tez-tez düşürdü. Bəzən uzaq məsafədən dəhşətli
partlayış səsləri eşidilirdi. Heç kəs partlayışların səbəbini izah etmirdi. Qorxunc şayiələr baş alıb
gedirdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
215
Nifrət Həftəsinin əsas musiqi bəzəyi sayılan Nifrət Şərqisi artıq hazır idi. Onu arasıkəsilmədən
teleekranla verirdilər. İt mırıltısını xatırladan vəhşi ritm üzərində köklənmiş mahnı musiqidən
daha çox çubuqların zərblə təbilə vurulması təsiri bağışlayırdı. Yüzlərlə boğazın qışqırdığı, gücü
gəldikcə asfalta çırpılan yüzlərlə ayağın müşayiət etdiyi ifa dəhşətli ab-hava yaradırdı. Nifrət
Şərqisi prolların xoşuna gəlmişdi. Küçələrdə gecə yarısına qədər hələ də dəbdə olan “Artıq
çoxdan yoxdur o xoş arzular” mahnısı ilə rəqabət aparırdı. Parsonsun uşaqları gecə-gündüz
demədən günün istənilən vaxtı daraq və kağız parçasının köməyi ilə Nifrət Şərqisini yorulub-
usanmadan, zəhlətökən ardıcıllıqla yamsılamağa çalışırdılar. İndi Uinston axşamlar
həmişəkindən daha çox məşğul olurdu. Parsonsun təşkilatçılığı altındakı könüllülər dəstəsi
yaşadıqları küçəni Nifrət Həftəsinə hazırlayırdı. Dəstə üzvləri şüarlar yazır, plakatlar çəkir,
bayraq dirəkləri quraşdırır, həyatlarını təhlükəyə qoyaraq küçənin üzbəüz səmtindəki evlərin
damı arasında vımpellər asmaqdan ötrü məftil çəkirdilər. Parsons hər yerdə “Qələbə” binasının
təkbaşına dörd yüz kvadratmetr bayraq hazırlayıb asacağını deyib lovğalanırdı. Həmişəki kimi
başı sevimli məşğuliyyətinə qarışdığından özünü çox xoşbəxt sayırdı. Havanın istiliyi, o biri
tərəfdən isə fasiləsiz fiziki iş axşamlar ona ənənəvi şortunu və açıq yaxalı köynəyini geyməyə
imkanı yaratmışdı. Parsons eyni vaxtda hər yerdə olmağı bacarırdı: çəkir, itələyir, mişarlayır,
mismarlayır, səmərələşdirici təklif verir, yorulanları dostcasına zarafatla, xoş sözlə ruhlandırır və
paltarına sığmayan bədəni ilə hər tərəfə kəskin tər iyi yayırdı.
Gözlənilmədən bütün Londonu yeni plakatla bəzəməyə başladılar. Üzərində heç bir yazı yox idi.
Plakatda boyu üç-dörd metrə çatan Avrasiya əsgərinin nəhəng fiquru təsvir edilmişdi. Əsgərin
ifadəsiz monqol sifəti vardı. Ayağına iri çəkmələr geymiş, çiynindən avtomat asmışdı. Şəklə
hansı bucaq altında baxsan, avtomatın böyüdülmüş lüləsinin düz adamın üstünə tuşlandığı
görünürdü. Plakatı bütün hasarlara, divarlara, bir sözlə, boş gördükləri hər yerə yapışdırmışdılar.
Say baxımından hətta Böyük Qardaşın portretlərini də üstələmişdi. Adi vaxtlarda müharibə ilə o
qədər də maraqlanmayan prollar belə vaxtlarda yuxarıdan gələn göstərişlə həmişə atəşin
vətənpərvərlərə çevrilirdilər. Sanki ümumi əhvali-ruhiyyə ilə ayaqlaşmaq üçün mərmilər də
əvvəlki vaxtlarla müqayisədə daha çox adam öldürürdü. Mərmilərdən biri izdihamın qaynaşdığı
Stepney kino-teatrına düşmüş, bir neçə yüz nəfəri binanın xarabalıqları altında dəfn etmişdi.
Ətraf məhəllələrin bütün sakinləri bir neçə saat çəkən dəfn mərasimində iştirak etmək üçün ucu-
bucağı görünməyən izdihama qoşulmuşdular. Nəticədə dəfn özünəməxsus etiraz mitinqinə
çevrilmişdi. Başqa bir mərmi isə çox vaxt uşaqların oyun meydançası kimi istifadə etdikləri boş
əraziyə düşmüş, onlarla yeniyetmənin parça-tikə olması ilə nəticələnmişdi. Yenə də qəzəbli
etiraz nümayişləri keçirilmişdi, Qoldsteynin müqəvvaları yandırılmışdı, üzərində Avrasiya
əsgərinin təsviri olan yüzlərlə plakat divardan qoparılıb tonqala atılmışdı. Qarışıqlıq vaxtı bir
neçə mağaza talan edilmişdi. Sonra şayiə yayılmışdı ki, mərmiləri casusların radio vasitəsilə
ötürdükləri koordinatlar əsasında hədəfə tuşlayıb atırlar. Bu şayiə nəticəsində prol
məhəllələrindən birinin sakinlərinin əcnəbi olduqlarından şübhələndikləri qarı-qocanın evinə od
vurub yandırmışdılar. İkisi də içəridə tüstüdən boğulub ölmüşdü.
Culiya ilə Uinston mister Çarrinqtonun dükanının üstündəki otağa gəlməyə imkan tapan kimi
sərinləmək üçün paltarlarını soyunub açıq pəncərənin önündə, mələfəsiz çarpayıda yanaşı
uzanırdılar. İlk dəfə deşikdən başını çıxarandan sonra siçovul bir də gözə dəyməmişdi. Amma
havaların isti keçməsi taxtabitilərin sayını daha da artırmışdı. Uinstonla Culiya bundan o qədər
də qorxmurdular. Təmiz, yaxud çirkliliyindən asılı olmayaraq, otaq onlar üçün cənnət idi.
Kandardan içəri girən kimi qara bazardan aldıqları istiotu hər tərəfə səpir, kombinezonlarını
çıxarıb elə tərli-tərli sevişməyə başlayırdılar. Sonra da dərhal yuxuya gedirdilər. Ayılanda isə
taxtabitilərin özlərinə gəldiklərini, əks-hücuma keçmək üçün mövqe tutduqlarını görürdülər.
Dörd, beş, altı... Yox, yeddi! İyunda yeddi dəfə görüşə bilmişdilər. Uinston daha bütün günü cin
içmək vərdişini tərgitmişdi. Deyəsən, içkiyə ümumiyyətlə ehtiyac hiss etmirdi. Ətə-cana
gəlmişdi, ayağındakı varikoz yarası balacalaşıb bərkimiş, yalnız topuğunun üstündə qəhvəyi ləkə
kimi qalmışdı. Səhərlər bəzən boğulma həddinə çatan öskürəyi dayanmışdı. Həyat əvvəlki kimi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
216
dözülməz deyildi. İndi Uinston teleekrana boğma çıxarmaq, yaxud səsinin gur yerinə salıb lənət
yağdırmaq istəyindən də əl çəkmişdi. Artıq etibarlı istinadgahı, az qala evləri olduğu vaxtda
fasilələrlə görüşmələri, bir yerdə iki-üç saatdan artıq qala bilməmələri də onlara çox böyük
sıxıntı kimi görünmürdü. Xırdavat satılan dükanın üstündəki kiçik otaq nəyə desən dəyərdi. Belə
bir təhlükəsiz yerin olduğunu bilmək onun həqiqi sahibinə çevrilməkdən az şey deyildi. Otaq
onların nəzərində bütöv bir dünya, nəsli kəsilmiş heyvanların sığındıqları əski qoruq timsalında
idi. Uinstonun təsəvvüründə mister Çarrinqtonun özü də nəsli kəsilmiş canlılardan sayıla bilərdi.
Adətən otağa qalxanda həmişə bir neçə dəqiqə dayanıb ev sahibi ilə söhbət eləyirdi. Qoca,
deyəsən, küçəyə çox az-az çıxırdı. Bəlkə heç qapının kandarından kənara ayaq basmırdı.
Müştərisi də nadir hallarda olurdu. Görünür, bu səbəbdən də kiçik, qaranlıq dükanında daim bir
həyulə kimi gəzib dolaşırdı. Arxada özünə yemək hazırladığı mətbəx dükandan da kiçik idi.
Buradakı müxtəlif əşyalar içərisində nəhəng səs borusu olan qədim qrammofon diqqəti daha çox
çəkirdi. Arabir Uinstonla söhbət etmək imkanının yaranmasından qocanın açıq-aşkar sevindiyi
hiss olunurdu. Nazik sağanaqlı eynəyi, uzun burnu, məxmər pencəyinin altındakı batıq çiyinləri
ilə o, dükanındakı dəyərdən düşmüş malları arasında ticarətçidən daha çox, kolleksiya
həvəskarını xatırladırdı. Artıq əvvəlki atəşinliyini itirmiş şövqlə əlini dörd bir tərəfindəki
mətahlara uzadır, gah Çin istehsalı olan büllur şərab şüşəsi tıxacını, gah sınıq tütün qabının
rəngarəng naxışlarla bəzədilmiş qapağını, gah çoxdan ölmüş hansısa uşağın bir çəngə saçının
saxlandığı bürünc medalyonu Uinstona göstərirdi. Heç vaxt ona mütləq nə isə bir şey satmağa
can atmırdı. Sadəcə, bu əntiq əşyalara baxıb zövq almasını istəyirdi. Qoca ilə söhbət eləmək
yeyilmiş plastinkaya qulaq asmağa bənzəyirdi. Hər dəfə yaddaşının dərinliklərindən unudulmuş
şeir parçaları tapıb çıxarırdı. Onlardan biri iyirmi dörd qaratoyuq, o birisi qırıq buynuzlu inək,
üçüncüsü isə yoxsul aşbaz Robinin ölümü haqqında idi. “-Sizə maraqlı görünə biləcəyini
düşündüm” -deyə hər yeni şeir parçasını oxuyandan sonra günahkar əda ilə xəfifcəsinə
gülümsəyirdi. Amma hər şeirin sadəcə iki-üç misrasını xatırlayırdı.
Uinstonla Culiya indiki vəziyyətin uzun müddət davam etməyəcəyini yaxşı başa düşür, heç vaxt
illüziyaya qapılmırdılar. Bəzən qarşıdan gələn ölüm onlara üstündə uzandıqları çarpayı kimi
aydın, əyani görünürdü. Belə anlarda, əcəl zəngi çalınmamışdan beş dəqiqə əvvəl sonuncu tikəni
də qamarlamağa çalışan ölüm məhbusu kimi, ümidsiz ehtirasla bir-birlərinə sarılırdılar. Elə
günlər də olurdu ki, münasibətlərinin nəinki təhlükəsizliyi, hətta daimiliyi xülyası ilə təsəlli
tapırdılar. Gözdən-könüldən uzaq, tənha otaqda daldalandıqları müddətdə özlərinə sədəmə
toxunmayacağını düşünürdülər. Doğrudur, yolu həm çətin, həm də təhlükəli idi. Amma otaq əsl
sığınacaq sayıla bilərdi. Belə düşüncələrə daldığı məqamlarda Uinston gözlərini zilləyib press-
papyenin düz ortasına baxır, bu şüşə dünyanın içərisinə yol tapa bilsə, orada zamanın özünü ram
etməyin mümkünlüyü haqqında düşünürdü. Tez-tez xilas yolları haqda xəyallara dalırdılar.
Bəzən, özlərini inandırırdılar ki, tale həmişə üzlərinə güləcək, həyatları təbii sonluqla başa çatana
qədər məhəbbət sərgüzəştləri davam edəcək. Yaxud, Ketrin öləcək, Uinstonla Culiya, hansı yolla
olur-olsun, ailə qurmağa icazə alacaqlar. Yaxud birlikdə intihar edəcəklər. Ya da gizlənəcəklər:
özlərini tanınmaz şəklə salacaqlar, prolların ləhcəsində danışacaqlar, fabrikdə işə düzələcəklər və
heç kəs tərəfindən tanınmadan uzaq məhəllələrin birində yaşayacaqlar. İkisi də gələcəklə bağlı
planlarının xam xəyal olduğunu yaxşı başa düşürdü. Qarşıda xilas yolu görünmürdü. Yeganə yol
intihar ola bilərdi. Lakin heç biri özünə qəsd etmək fikrində deyildi. Hər şeyə tab gətirərək
günləri, həftələri yola vermək, sabahı görünməyən bu günlə yaşamaq hər ikisində qarşıalınmaz
istəyə, instinktə çevrilmişdi. Udmağa hələ hava varsa, insan ciyəri də eynən bu cür instinktlə
onun son udumunu öz içinə çəkməyə can atır.
Bəzən isə Partiya əleyhinə fəal mübarizəyə qoşulmaqdan danışırdılar. Lakin bu yolda birinci
addımın nədən ibarət olacağını təsəvvürlərinə gətirmirdilər. Hətta mifik Qardaşlıq təşkilatı
mövcud olsa belə, ora yol tapmaq müşkül iş idi. Uinston özü ilə O`Brayen arasında yaranan
yaxınlıq (yaxud yaxınlıq təəssüratı) haqqında Culiyaya danışmışdı. Bəzi hallarda hətta
O`Brayenin yanına getmək, Partiyanın düşməni olduğunu demək və ondan kömək istəmək
fikrinə düşdüyünü də açıb söyləmişdi. Nə qədər qəribə görünsə də, Culiya ideyanı tamam ağılsız
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
217
bir hərəkət kimi dərhal rədd etməmişdi. Özünün dediyinə görə, adamlar haqda sifətlərinə
baxmaqla müəyyən qənaətə gələ bilirdi. Odur ki, O`Brayenin gözlərinin ani parıltısının
səmimiliyinə və nədənsə xəbər verdiyinə inanmağı təbii qarşılayırdı. Üstəlik, Culiya hər adamın,
yaxud aşağı-yuxarı hər adamın gizlində Partiyaya nifrət bəslədiyinə, cəzasız qalacağı təqdirdə
qaydaları pozacağına əmin idi. Lakin geniş, mütəşəkkil müqavimətin varlığına, hətta mümkünlük
ehtimalına inanmaq istəmirdi. Qoldsteyn və onun gizli ordusu haqqında danışılanları Partiyanın
öz məqsədləri üçün uydurduğu cəfəngiyyat adlandırırdı. Amma deyirdi ki, borcumuz özümüzü
bu nağıllara inanan kimi göstərməkdir. Dəfələrlə Partiya yığıncaqlarında, kortəbii nümayişlərdə
adlarını heç vaxt eşitmədiyi, boyunlarına qoyulan cinayətlərə qətiyyən inanmadığı adamların
edam olunmalarını hamıdan uca səslə tələb etmişdi. Açıq proseslər zamanı səhərdən gecə
yarısına qədər məhkəmə binasını əhatəyə alan Gənclər Liqasının üzvləri sırasında həmişə öz
yerini tutmuş, fasilələrdə hamı ilə birlikdə “Satqınlara ölüm!” - şüarını qışqırmışdı. Qoldsteynin
kim olduğu, nə tələb etdiyi haqda çox dumanlı təsəvvürü olsa da, Nifrət İkidəqiqəliklərində
başqaları ilə müqayisədə onun ünvanına ən ağır təhqirlər yağdırmışdı. Culiya İnqilabdan sonrakı
dövrdə böyümüşdü. Əlli-altmışıncı illərin ideoloji mübarizələrini xatırlamaq baxımından yaşı az
idi. Hansısa müstəqil siyasi hərəkatın mövcudluğunu təsəvvürünə gətirə bilməzdi. Mənfi
münasibət bəsləsə də, Partiyanı əbədi və sarsılmaz qüvvə sayır, keçmişdə mövcud olduğunu,
gələcəkdə də mövcud olacağını düşünürdü. Partiyaya qarşı yalnız gizli itaətsizlik göstərməklə,
kimisə öldürmək, haranısa partlatmaqla, təxribatlar və terror aktları törətməklə mübarizə
aparmaq mümkündür.
Bəzi məsələlərdə Culiya Uinstondan daha ağıllı görünürdü. Partiya təbliğatının təsiri altına
ondan daha az düşdüyü hiss olunurdu. Bir dəfə Uinston Avrasiya ilə müharibədən danışanda qız
etinasız şəkildə heç bir müharibənin olmadığını demiş, onu əməlli-bağlı qorxutmuşdu. Culiyanın
fikrincə, hər gün Londonda partlayan mərmilər Okeaniya Hökumətinin öz əməli idi; “adamları
daim qorxu altında saxlamaq” istəyirdilər. Bu fikir heç vaxt Uinstonun ağlına gəlməmişdi. Başqa
bir dəfə Culiya Nifrət İkidəqiqəliklərində ən çətin şeyin boğazına tıxanan gülüşü boğub
saxlamaq olduğunu deyəndə isə qıza paxıllığı tutmuşdu. Amma Culiya Partiya təlimini yalnız
şəxsi həyatı ilə bağlı məsələlərdə şübhə altına alırdı. Qalan digər bütün məsələlərdə rəsmi Partiya
mifologiyasını qəbul etməyə hazır idi. Çünki həqiqətlə saxtakarlıq arasındakı fərq qıza o qədər
də əhəmiyyətli görünmürdü. Məsələn, məktəbdə öyrədildiyi kimi, təyyarəni ilk dəfə Partiyanın
kəşf etdiyinə inanırdı. (Uinstonun məktəbli olduğu əllinci illərin sonlarında Partiya hələlik yalnız
helikopterin kəşfinə iddialı idi. On-on iki il sonra, Culiya məktəbə gedəndə artıq təyyarə də
Partiya zəkasının məhsulu sayılırdı. Daha sonrakı nəslin nümayəndələri isə buxar maşınının da
Partiyanın icadı olduğunu öyrənəcəkdilər). Uinston təyyarənin Culiyanın deyil, hətta öz yaşından
da əvvəl uçduğunu, ümumiyyətlə, İnqilabdan əvvəl mövcud olduğunu deyəndə bütün bunlar qıza
qətiyyən maraqlı görünməmişdi. Axı təyyarəni kimin kəşf etməsinin nə əhəmiyyəti var? Amma
Uinstonu heyrətləndirən tamam başqa şey olmuşdu. Bir dəfə sözarası işlətdiyi ifadədən
Culiyanın dörd il əvvəl Okeaniya ilə Avrasiya arasında sülh, İstasiya arasında isə müharibə
olduğunu xatırlamadığı aşkara çıxmışdı. Əslində o, müharibəni başdan-başa məharətlə
düşünülmüş bir oyun sayırdı. Hətta belə olan halda da, ötən illər ərzində düşmənin dəyişməsinə
diqqət yetirməməsi qəribə təsir bağışlayırdı. Odur ki, Culiya etinasızcasına “Elə bilirdim, həmişə
Avrasiya ilə müharibə etmişik” - deyəndə sözlərindəki laqeydlik Uinstonu vahiməyə salmışdı.
Təyyarənin kəşfi Culiyanın dünyaya gəlməsindən əvvəlki dövrlə bağlı idi. Müharibədə tərəflərin
dəyişməsi isə vur-tut dörd il bundan qabaq baş vermişdi. Qızın belə bir mühüm hadisədən
xəbərsiz qalması ağlasığan deyildi. Mübahisələri on beş dəqiqəyə qədər çəkdi. Nəhayət, deyəsən,
Culiyanın yaddaşını bir az hərəkətə gətirə bildi. O, tərəddüdlə də olsa, Avrasiyanın deyil,
İstasiyanın düşmən olduğunu təsdiq etdi. Amma məsələyə yenə də heç bir önəm vermədi. “- Axı
nə fərqi var?” - deyə əsəbi halda soruşdu. “- Bir qanlı müharibə başqası ilə əvəz olunub. Yayılan
xəbərlər isə başdan-ayağa yalandır”.
Bəzən, Culiya Sənədləşdirmə Departamentinin işi, burada həyata keçirilən hüdudsuz
saxtalaşdırılmalar haqda danışırdı. Lakin yenə də qətiyyən təəccüblənmədiyi hiss olunurdu.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
218
Yalanın məhz özünün də iştirakı ilə həqiqətə çevrilməsi fikri onda yerin ayaqları altından
qaçması təəssüratını yaratmırdı. Uinston bir vaxtlar əlində tutduğu sarsıdıcı maddi dəlil- köhnə
qəzet parçası, eləcə də Con, Aronson və Rezerford barəsində danışmağa başladı. Amma bu dəfə
də Culiyanı qətiyyən təəccübləndirə bilmədi. Qız əvvəlcə heç məsələnin mahiyyətini də başa
düşmədi.
– Onlar dostların idi? - deyə soruşdu.
– Yox, bu adamlarla ümumiyyətlə heç bir tanışlığım olmayıb. Hər üçü Daxili Partiyanın üzvləri
idi. Yaşca məndən çox böyükdülər. Köhnə dövrün, İnqilabdan əvvəlki vaxtların adamları idilər.
Yalnız şəkillərini görmüşdüm.
– Bəs onda niyə həyəcanlanırsan? Onsuz da adamları həmişə öldürürlər, elə deyil?
Uinston izah etməyə çalışdı.
– Bu müstəsna hal idi. İş kiminsə öldürülməsində deyil. Məsələn, dünənki gün də daxil olmaqla,
keçmişin mahiyyət etibarilə ləğv edildiyindən xəbərin var? Keçmiş yalnız yalanın öz hökmü
altına ala bilmədiyi tək-tük əşyalarda qorunub saxlanıb. Bir nümunəsi gözümüzün qabağındakı
bu şüşə oyuncaqdır. İnqilab və İnqilabdan əvvəlki dövr haqqında, demək olar ki, heç nə bilmirik.
Bütün sənədlər ya məhv edilib, ya da saxtalaşdırılıb. Bütün kitablar yenidən yazılıb, şəkillər
yenidən çəkilib, hər bir heykələ, küçəyə, abidəyə yeni ad verilib, bütün tarixlər dəyişdirilib. Və
bu proses dəqiqəbədəqiqə, günbəgün davam edir. Tarixin hərəkəti dayandırılıb. Partiyanın haqlı
sayıldığı bitib-tükənmək bilməyən bu gündən başqa heç bir zaman məfhumu mövcud deyil.
Əlbəttə, keçmişin saxtalaşdırıldığını bilirəm. Amma bu saxtalaşdırmanı hətta özüm etdiyim
hallarda da, həqiqəti sübuta yetirməyim mümkün olmayacaq. İş görülüb qurtarandan sonra dəlil-
sübutlar da yoxa çıxır. Yeganə şahid beynim, yaddaşımdır. Lakin başqa birisinin də mənim
xatirələrimi paylaşacağını əminliklə deyə bilmərəm. Həyatım boyu yalnız bir dəfə əlimə
saxtalaşdırma hadisəsindən sonra, illər sonra meydana çıxan yazılı sənəd, dəlil-sübut düşmüşdü.
– Yaxşı, bunun nə xeyri olacaqdı ki?
– Heç bir xeyri yox idi. Çünki bir neçə dəqiqə sonra o sənədi məhv etdim. Amma indi əlimə eyni
fürsət düşsəydi, yəqin saxlayardım.
– Mən isə saxlamazdım! - Culiya dedi. - Risk eləməyə həmişə hazıram. Amma yalnız çox
mühüm bir şey üçün riskə getməyə dəyər. Daha köhnə qəzet parçasından ötrü yox. Lap deyək ki,
o qəzet parçasını saxladın. Sonra nə edəcəkdin?
– Yəqin ki, heç nə! Lakin sübut idi. Əgər adamlara göstərməyə cəsarətim çatsaydı, onlarda şübhə
oyada bilərdim. Bizim dövrümüzdə nəyinsə dəyişəcəyini düşünmürəm. Müxtəlif yerlərdə
müqavimət nöqtələrinin yaranmasını, eyni fikri paylaşan adamların kiçik dəstələr halında
birləşməsini, onların tədricən böyüməsini, hətta özlərindən sonra bəzi sənədlər qoyub getməsini,
nəhayət, gələcək nəsillərin bu sənədlər əsasında yarımçıq mübarizəni davam etdirməsini isə
təsəvvürə gətirmək mümkündür.
– Əzizim, məni gələcək nəsillər maraqlandırmır. Məni maraqlandıran özümüzük.
– Sən yalnız qurşaqdan aşağı üsyançısan, – deyə Uinston mübahisəyə son verdi.
Hazırcavab zarafat Culiyanın çox xoşuna gəldi. Qollarını məhəbbətlə Uinstonun boynuna doladı.
Partiya ehkamlarının mürəkkəb labirintləri Culiyanı qətiyyən maraqlandırmırdı. Uinston ingsos,
ikifikirlilik, keçmişin dəyişkənliyi, obyektiv gerçəkliyin inkarı haqqında danışanda, həm də bu
zaman Yenidil sözləri işlədəndə qız darıxmağa başlayır, qaş-qabağını tökür, belə şeylərlə heç
vaxt maraqlanmadığını deyirdi. Aydın məsələdir ki, hamısı cəfəngiyyatdır. Elə isə niyə belə boş
|