“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
245
alan da O`Brayen idi. Uinstonun ağrıdan nə zaman qışqırmalı olduğuna o qərar verirdi. İstintaqa
nə zaman ara verilməsi, nə zaman yeməsi və yatması, qoluna nə zaman iynə vurulması – hamısı
O`Brayenin hökmünə bağlı idi. Qarşıya sual qoyan da, cavabları təklif edən o idi. İşgəncə verən
də, müdafiə eləyən də, cəllad kəsilən də, dost olan da o idi! Bir dəfə isə,-Uinston həmin sözləri
dərmanın təsiri altında qaldığı, həqiqətən yatdığı, yoxsa oyaq olduğu vaxt eşitdiyini xatırlaya
bilmirdi,- bir səs yavaşcadan qulağına pıçıldamışdı: “Harahat olmayın, Uinston. Burada mənim
himayəmdəsiniz. Yeddi il sizə göz qoymuşam. İndi sınaq anı gəlib çatıb. Mən sizi xilas
edəcəyəm. Mən sizi mükəmməl insana çevirəcəyəm”. Eşigtdiyi səsin sahibinin O` Brayen
olduğuna qəti əmin deyildi. Lakin eyni səs yeddi il əvvəl başqa bir yuxuda ona “Biz heç zaman
qaranlıq olmayan yerdə görüşəcəyik!”-demişdi.
İstintaqın bitib-bitmədiyini xatırlamırdı. Arada elə bil qatı zülmət işərisinə düşmüşdü. Sonra indi
saxlandığı kamera, yaxud otaq bu zülmətin içindən tədricən ortaya çıxdı. Arxası üstə uzanmışdı.
Hərəkət edə bilmirdi. Bədəninin idarə oluna biləcək bütün hissələri möhkəm bağlanmışdı. Hətta
başının arxasını da hansısa üsulla yatağa bərkitmişdilər. O`Brayen dayanıb yuxarıdan aşağı ona
baxırdı. Gözlərində təəssüf , hətta kədər ifadəsi vardı. Aşağıdan baxanda şişmiş göz qapaqları və
ağzının kənarlarından çənəsinə doğru uzanan qırışlar O`Brayeni həm yorğun, həm də eybəcər
göstərirdi. Uinstonun düşündüyündən daha yaşlı təsir bağışlayırdı. Qırx səkkiz, bəlkə də əlli yaş
vermək olardı. Əli müxtəlif şkala və rəqəmlərlə dolu hansısa cihazın dəstəyində idi.
-Mən sizə demişdim,-üzünü Uinstona tutdu, - yenidən görüşməli olsaq, burada görüşəcəyik.
-Elədir,-deyə Uinston cavab verdi.
O`Brayenin əlinin yüngül hərəkəti hesaba alınmasa, heç bir xəbərdarlıq edilmədən Uinstonun
bədəninə ağrı seli axdı. Ağrı qorxunc idi. Uinston başına nə oyun açıldığından xəbərsiz idi.
Amma indiyə qədər görmədiyi dəhşətli işgəncəyə məruz qaldığını hiss edirdi. Bütün bunların
həqiqətən də baş verdiyini, yoxsa şiddətli elektrik cərəyanının yaratdığı qarabasma olduğunu
kəsdirə bilmirdi. Lakin bədəni elə bil öz formasını itirir, əli-ayağı gövdəsindən asta-asta ayrılaraq
qırılırdı. Ağrıdan alnında tər muncuqlamışdı. Ən çox qorxduğu şey fəqərə sütununun qırılması
idi. Dişlərini bir-birinə sıxaraq çətinliklə burnundan nəfəs alırdı. Dözə biləcəyi ana qədər
qışqırmamağa qərar vermişdi.
-Qorxursunuz ki,-gözünü ondan çəkməyən O`Brayen dilləndi, -bu dəqiqə nə isə sınacaq. Ən çox
fəqərə sütununuzun qırılmasından qorxursunuz. Əminəm ki, mənzərəni kifayət qədər aydın
təsəvvür edirsiniz. Fəqərə sütununu təşkil edən qığırdaqlar bir-birindən qopub ayrılır, onların
arasından isə onurğa beyini süzülüb axır. Düzünü deyin, Uinston, siz bu barədəmi
düşünürdünüz?
Uinston cavab vermədi. O`Brayen dəstəyi geri fırlatdı. Ağrı dalğası qəfil gəldiyi kimi qəfil də
çəkildi.
-Qırx dərəcəyə qədər qalxmışdıq,-O`Brayen izahat verməyə başladı.-Görürsünüz, şkala yüz
dərəcəlidir. Lütfən, söhbətimiz zamanı sizə istədiyim vaxt və istədiyim dərəcədə ağrı vermək
imkanımın olduğunu yadınızdan çıxarmayın. Əgər yalan danışsanız, cavab verməkdən boyun
qaçırsanız, yaxud ümumi əqli qabiliyyətinizin səviyyəsi ilə müqayisədə səfeh təsir bağışlayan
sözlər danışsanız, bir an içində ağrıdan qışqırmalı olacaqsınız. Nə dediyimi başa düşürsünüz?
-Bəli,-deyə Uinston cavab verdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
246
O`Brayen əvvəlki kimi amansız deyildi. Fikirli-fikirli eynəyini düzəltdi, otaqda var-gəl etməyə
başladı. Danışanda səsi daha sakit və yumşaq çıxırdı.. İndi o, cəzalandırmaq deyil, inandırmaq
istəyən həkimə, müəllimə, hətta keşişə bənzəyirdi.
-Mən sizə görə narahatam, Uinston,-deyə təzədən sözə başladı,-çünki bu narahatlığa dəyərsiniz.
İşin nə yerdə olduğunu çox gözəl başa düşürsünüz. Uzun illərdir ki, sizin hər şeydən xəbəriniz
var, lakin bütün bu illər ərzində şüurlu olaraq bildiklərinizə qarşı vuruşmusunuz. Siz psixi
cəhətdən xəstəsiniz. Yaddaş pozulmasından əziyyət çəkirsiniz. Gerçək hadisələri xatırlamaq
iqtidarında deyilsiniz. Əvəzində isə özünüzü heç zaman baş verməyən şeyləri xatırladığınıza
inandırırsınız. Xoşbəxtlikdən, bu, müalicəsi mümkün olan xəstəlikdir. Amma siz heç vaxt
müalicə olunmaq istəməmisiniz. Çünki sağalmaq yolunu seçməkdən boyun qaçırmısınız. Kiçik
bir cəhd kifayət idi. Siz isə bunu istəmədiniz. Hətta indi də xəstəliyinizi böyük fəzilət sayaraq
ondan dörd əlli yapışdığınıza qəti əminəm. Bu dəqiqə sizi kiçik bir imtahana çəkəcəyəm. Deyin
görüm, hazırda Okeaniya hansı ölkə ilə müharibə aparır?
-Mən həbs olunanda Okeaniya İstasiya ilə müharibə edirdi.
-İstasiya ilə. Yaxşı. Okeaniya həmişə İstasiya ilə müharibə vəziyyətində olub, elə deyilmi?
Uinston dərindən nəfəs aldı. Cavab vermək üçün ağzını açdı, amma dərhal da dayandı. Gözlərini
cihazın əqrəbindən çəkə bilmirdi.
-Lütfən, Uinston, həqiqəti deyin. Öz inandığınız həqiqəti. Yaxşı, bu məsələ ilə bağlı daha nə
xatırlayırsınız?
-Yadımdadır ki, mənim həbsimdən bir həftə əvvələ qədər biz İstasiya ilə qətiyyən müharibə
etmirdik. Bu ölkə ilə müttəfiq idik. Müharibə Avrasiya ilə aparılırdı. Həmin müharibə dörd il
çəkdi. Daha əvvəl isə..
O`Brayen əlinin hərəkəti ilə onu dayandırdı.
-Başqa misal,-dedi. -Bir neçə il qabaq siz həqiqətən də çox yanlış olan bir fikrə düşmüşdünüz.
Haradansa beyninizə girmişdi ki, Partiyanın üç keçmiş üzvü-özləri bütün günahlarını
boyunlarına alandan sonra xəyanət və təxribatçılıq fəaliyyətinə görə edam olunan Cons, Aronson
və Rezerford cinayət məsuliyyətinə cəlb edildikləri iş üzrə günahsızdırlar. İnanırdınız ki, onların
etiraflarının saxtalığını sübuta yetirən hansısa çox mühüm və dəqiq sənəd görmüsünüz. Hətta
gözünüzə hansısa bir foto-şəkil görünmüşdü. İnanırdınız ki, onu əlinizdə tutmusunuz. Məsələn,
buna bənzər bir şəkil...
O`Brayenin barmaqları arasında uzunsov qəzet parçası göründü. Onu təxminən beş saniyə
Uinstonun gözlərinin qarşısında tutdu. Şübhəyə heç bir yer yox idi. Eynən həmin foto-şəkil idi.
On bir il əvvəl təsadüfən aldığı və dərhal da məhv etdiyi, Jonsun, Aronson və Rezerfordun Nyu-
Yorkda, hansısa partiya təntənələrində çəkilmiş şəklinin surəti idi.. O, yalnız bir anlığına
Uinstonun gözləri önündə olmuşdu, sonra həmişəlik yoxa çıxmışdı. Lakin Uinston o şəkli
görmüşdü. Şübhəsiz, görmüşdü! Uinston ümidsiz halda, can çəkişirmiş kimi başını azacıq yuxarı
qaldırmaq istədi. Amma heç bir tərəfə yarım santimetr də tərpənə bilmədi. Bir anlığa hətta
cihazın şkalasını da unutmuşdu. Yeganə istəyi şəkli yenidən barmaqları arasında tutmaq, heç
olmazsa, bir anlığa ona baxmaq idi.
-Deməli, şəkil qalır!-deyə qışqırdı.
-Yoxdur!
O`Brayen kreslodan aralandı. Qarşı tərəfdəki divarda yaddaş qutusu vardı. Qutunun qapağını
qaldırdı. Gözəgörünməz hava axını nazik, uzunsov qəzet parçasını sorub apardı. Alovun odlu
ağzı onu həmişəlik uddu. O`Brayen əvvəlki yerinə qayıtdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
247
-Külə döndü,-dedi. -Küldə isə heç nə tapa bilməzsən. Sadəcə kül tozu! Foto-şəkil yoxdur. Heç
vaxt olmayıb.
-Olub! İndi də var. Yaddaşda yaşayır. Xatirədə yaşayır. Mən o şəkli xatırlayıram. Siz
xatırlayırsınız.
-Mən heç nə xatırlamıram,- deyə O`Brayen cavab verdi.
Uinston ürəyində boşluq hiss etdi. Bu-ikifikirlilikdir. Öldürücü köməksizlik hissi şüuruna hakim
kəsildi. O`Brayenin yalan danışdığına əmin olsaydı, heç nəyə əhəmiyyət verməzdi. Amma
O`Brayenin belə bir foto-şəklin mövcudluğunu yaddan çıxarması tamamilə mümkün idi.
Belədirsə, deməli, şəkli xatırladığını inkar etməsini də unudub. Deməli, bunu unutduğunu da
unudub. Kim bunun sadəcə fokus olduğuna inana bilərdi? Bəlkə həqiqətən də beyində belə bir
ağılsız yerdəyişmə baş vermişdir? Gəldiyi qənaət Uinstonu tamam ruhdan saldı.
O`Brayen də fikrə dalmışdı. O, indi həmişəkindən daha çox öz qabiliyyətli, ancaq sözə
baxmayan şagirdinin əməllərindən iztirab çəkən müəllimi xatırladırdı. O` Brayen üzünü
Uinstona çevirdi.
-Keçmişə nəzarətlə bağlı Partiya şüarı var,-dedi.-Zəhmət olmazsa, onu təkrarlayın.
-”Kim keçmişə nəzarət edirsə, o gələcəyə nəzarət edir. Kim bu günə nəzarət edirsə, o keçmişə də
nəzarət edir”,-deyə Uinston itaətkarlıqla şüarı təkrarladı
-”Kim bu günə nəzarət edirsə, o keçmişə də nəzarət edir”,- O`Brayen razılıqla başını tərpətdi. -
Yaxşı, Uinston siz keçmişin həqiqətən də mövcud olduğunu düşünürsünüz?
Köməksizlik hissi yenidən Uinstonun şüuruna hakim kəsildi. Gözünü çevirib cihazın əqrəblərinə
baxdı. Hansı cavabın -“bəli”nin, yoxsa “xeyr”in onu ağrıdan xilas edəcəyinə əmin olmaması bir
yana qalsın, hansı cavabı düzgün saydığını heç özü də bilmirdi.
O`Brayen xəfifcə gülümsündü.
-Sizin metafizikadan xəbəriniz yoxdur, Uinston. İndiyə qədər “mövcud olmaq” anlayışının
mənası üzərində bir dəfə də düşünməmisiniz. Fikrimi daha aydın ifadə etməyə çalışıram. Keçmiş
konkret məkan daxilində mövcuddurmu? Elə bir yer, fiziki obyektlərin elə bir dünyası varmı ki,
orada keçmiş indi də yaşasın, davam etsin?
-Yox.
-Əgər keçmiş mövcuddursa, bəs onda harada mövcuddur?
-Sənədlərdə. Yazılı sənədlərdə.
-Sənədlərdə. Sonra harada?
-Ağılda. İnsan yaddaşında.
-Yaddaşda. Çox yaxşı. Partiya bütün sənədləri nəzarətdə saxlayır, bütün yaddaşlara nəzarət edir.
Deməli, biz həm də keçmişə nəzarət edirik, elə deyilmi?
-Siz adamların nəyi isə xatırlamalarının qarşısını necə ala bilərsiniz?-Uinston yenə də bir anlığa
cihazın əqrəblərini yaddan çıxararaq bərkdən qışqırdı.-Axı, bu insanın iradəsindən kənar
hərəkətdir. Heç kimdən asılı deyil. Axı siz yaddaşa necə nəzarət edə bilərsiniz? Məsələn, mənim
yaddaşıma nəzarət edə bilməzsiniz.
O`Brayenin sifəti yenidən sərtləşdi. Əlini dəstəyin üstünə qoydu.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
248
-Əksinə,-dedi.-Siz öz yaddaşınıza nəzarət edə bilmirsiniz. Ona görə də bura gəlib düşmüsünüz.
Ona görə buradasınız ki, özünüzdə itaətkarlıq və daxili intizam tərbiyə edə bilməmisiniz. Sağlam
ağlın əsas göstəricisi olan tabeçilik duyğusuna yiyələnə bilməmisiniz. Siz xəyalpərvərliyə
qurşanmağı, azlıqda qalmağı daha üstün tutdunuz. Yalnız sərt intizama tabe tutulan ağıl
gerçəkliyi görə bilər, Uinston! Siz gerçəkliyin nə isə obyektiv, zahiri, özlüyündə mövcud bir şey
olduğuna inanırsınız. Siz eyni zamanda gerçəkliyin mahiyyət etibarı ilə aydın və anlaşılan
olduğunu düşünürsünüz. Aldanış hissinin təsiri altında nəyi isə gördüyünüzü güman edəndə
bütün qalan adamların da sizin kimi eyni şeyi gördüklərini düşünürsünüz. Amma mən sizə
deyirəm, Uinston, gerçəklik qətiyyən zahirdə mövcud deyil. Gerçəklik insan şüurundan başqa
heç yerdə mövcud ola bilməz! Həm də gerçəklik daim səhvlərə yol verən və qısa müddətdən
sonra ölüb gedən fərdi şüurda deyil, Partiyanın əbədi və kollektiv şüurunda mövcuddur. Partiya
nəyi həqiqət sayırsa – həqiqət odur! Gerçəkliyə Partiyanın nəzərləri ilə baxmaqdan başqa ikinci
yanaşma tərzi ola bilməz! Yenidən öyrənməli olduğunuz əsas mətləb budur, Uinston! Öyrənmək
üçün isə özünüzü daxildən sındırmalısınız, istək və iradə nümayiş etdirməlisiniz. Sağlam ağıla
qovuşmamışdan əvvəl özünüzü yenməyi, itaət göstərməyi bacarmalısınız.
O`Brayen sanki dediklərinin mənasının Uinstona çatmasını gözləyərək sözlərinə bir müddət ara
verdi.
-Yadınızdadır, -deyə söhbətini davam etdirdi, -gündəliyinizə yazmışdınız ki, “Azadlıq iki üstəgəl
ikinin dördə bərabər olduğunu demək haqqıdır”.
-Yadımdadır.-Uinston cavab verdi.
O`Brayen sol əlini yuxarı qaldırdı, baş barmağını ovcunun içində gizlədib dörd barmağını
Uinstona göstərdi.
-Əlimdə neçə barmaq var, Uinston?
-Dörd.
-Əgər Partiya desə ki, onlar dörd deyil, beşdir, onda neçə barmaq olacaq?
-Dörd...
Dəhşətli ağrı sözünü ağzında yarımçıq qoydu. Cihazın əqrəbi əlli beşin üstündə dayanmışdı.
Uinstonun bütün bədənini tər bürümüşdü. Hava seli sanki ciyərini parçalayır, hər dəfə nəfəs alıb-
verməsi dəhşətli fəryadlarla müşayiət olunurdu. Dişlərini biri-birinə saxsa da, qışqırmağının
qarşısını heç cür ala bilmirdi. O`Brayen gözlərini ondan çəkmirdi, sol əlinin dörd barmağı isə,
hələ də havada idi. Axır ki, dəstəyi geri çəkdi. Ağrı yüngülcə də olsa, səngidi.
-Barmaqların sayı neçədir, Uinston?
-Dörd.
Əqrəb altmış rəqəminin üzərində dayandı.
-Barmaqların sayı neçədir, Uinston?
-Dörd? Dörd! Axı başqa nə deyə bilərəm? Dörd barmaq görürəm.
Əqrəb yəqin ki, bir az da yuxarı qalxmışdı. Amma Uinston daha cihaza baxmırdı. Yalnız
O`Brayenin ağır, sərt üzünü, bir də havada oynayan barmaqlarını görürdü. Barmaqlar gözlərinin
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
249
qabağında uca, nəhəng sütunlar kimi dayanmışdı. Onlar sanki titrəyirdilər, biri-birinin üstünə
gəlirdilər. Amma sayları yenə dörddən çox deyildi.
-Burada neçə barmaq var, Uinston?
-Dörd. Dayandırın onu! Dayandırın! Sizdə heç insaf yoxdur? Dörd! Dörd!
-Barmaqların sayı neçədir, Uinston?
-Beş! Beş! Beş!
-Yox, Uinston, səyiniz əbəsdir! Yalan danışırsınız. Ürəyinizdə dörd olduğunu düşünürsünüz. Bir
də soruşuram: barmaqların sayı neçədir?
-Dörd. Beş. Dörd! Sizin istədiyiniz qədər! Xahiş edirəm, dayandırın! Məni bu əzabdan qurtarın!
İndi Uinstona dikəlib yerində oturmuşdu, O`Brayen əlini onun çiyninə qoymuşdu. Deyəsən,
arada bir neçə saniyəliyə huşunu itirmişdi. Bədənini sıxan ilmələr bir az boşaldılmışdı. Çox
soyuq idi, Uinston tir-tir titrəyirdi. Dişləri bir-birinə dəyib şaqqıldayır, sifətindən göz yaşları
axırdı. Bir anlığa uşaq atasına sığınan kimi O`Brayenə qısıldı. Çiyninə qoyulmuş kobud əl
ürəyinə toxtaqlıq gətirdi. Uinston düşündü ki, yeganə himayəçisi O`Brayendir. Ağrı haradansa
tamam kənardan, başqa mənbədən göndərilir. Onu əzabdan qurtarsa, yalnız O `Brayen
qurtaracaq.
-Siz zəif şagirdsiniz,Uinston.- deyə O`Brayen nəzakətlə onu məzəmmət etməyə başladı.
-Axı mən nə edim?-Uinston hıçqıra-hıçqıra deyirdi.-Gözümün önündə olanı necə görməyə
bilərəm? İki üstə gəl iki dörd eləyir.
-Bəzən dörd eləyir, Uinston. Bəzən beş eləyir. Bəzən üçə bərabər olur. Bəzən isə neçə tələb
olunursa, o qədər də eləyir. Gərək daha möhkəm çalışasınız. Sağlam ağla malik olmaq o qədər
də asan iş deyil.
O, Uinstonu yerinə uzatdı. Bədənindəki ilmələr yenə bərkidildi. Amma ağrı asta-asta çəkilirdi.
Titrətməsi dayanmışdı. Yalnız yüngülcə üşütmə, bir də zəiflik hiss edirdi. O`Brayen bayaqdan
bəri hərəkətsiz dayanmış ağ xalatlı adama başı ilə işarə etdi. Ağ xalatlı aşağı əyilib diqqətlə
Uinstonun gözlərinə baxdı, nəbzini yoxladı, qulağını sinəsinə söykəyib barmaqlarının ucu ilə
bədəninin ora-burasını döyəclədi. Sonra O`Brayenə baxıb başını tərpətdi.
-Bir də,-deyə O`Brayen göstəriş verdi.
Uinstonun bədəninə ağrı seli axdı. Əqrəb, yəqin ki, yetmişin, bəlkə də yetmiş beşin üzərində idi.
Uinston gözlərini yummuşdu. Bilirdi ki, O`Brayenin barmaqları düz qarşısındadır, sayı da
dörddür. Əsas məsələ bu dəfəki ağrını da bir təhər sovuşdurmaq idi. Artıq qışqırıb-
qışqırmadığının fərqində deyildi. Ağrı yenə birdən yavaşıdı. Uinston gözlərini açdı. O`Brayen
cihazın dəstəyini geri fırladırdı.
-Barmaqların sayı neçədir, Uinston?
-Dörd. Güman edirəm ki, dörddür. Bacarsam, beş görərdim. Beş barmaq görmək üçün çalışıram.
-İstəyiniz nədir? Məni beş barmaq gördüyünüzə inandırmağa çalışırsınız, yoxsa həqiqətən də
barmaqları beş görməyə çalışırsınız?
-Həqiqətən də o cür görmək istəyirəm.
-Elə isə, bir daha sınayaq!-O`Brayen əmr verdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
250
Əqrəb bu dəfə azı səksənin, bəlkə də doxsanın üzərində olmalı idi. İndi Uinston ağrını yalnız
kəsik-kəsik hiss edirdi. Biri-birinə sıxılmış göz qapaqlarının arxasında bütöv barmaq meşəsi
rəqsə başlamışdı. Onlar gah sıxlaşır, gah da seyrəlirdi. Bir-birinin arxasında görünməz olur,
sonra təzədən aşkara çıxırdılar. Uinston səbəbini özü də bilmədən onları saymaq istəyirdi. Lakin
dördlə beş arasındakı qəribə, sirli eyniyyətə görə barmaqların hesabını aparmağın heç cür
mümkün olmadığını başa düşürdü. Ağrı yenə birdən-birə sakitləşdi. Uinston gözlərini açanda
bayaq gördüyü mənzərə ilə qarşılaşdı. Saysız-hesabsız barmaqlar hərəkət eləyən ağaclar kimi
biri-birinin qarşısına keçir, sonra təzədən ayrılırdılar. Gözünü yummaqdan başqa çarəsi qalmadı.
-İndi neçə barmaq görürsünüz, Uinston.
-Bilmirəm. Bilmirəm. Əgər cihazı bir də qoşsanız, məni öldürəcəksiniz. Dörd, beş, altı...
həqiqətən bilmirəm.
-İndi daha yaxşıdır!-deyə O`Brayen dilləndi.
Uinstonun qoluna iynə vurdular. Dərhal da bütün bədəninə xoş, sərməstedici istilik yayıldı. Ağrı
hissi, demək olar ki, unudulmuşdu. Gözlərini açıb minnətdarlıqla O` Brayenə baxdı. Zəhmli, bəzi
yerlərdə qırış kəsmiş, həm ağıl ziyası ilə işıqlanmış, həm də eyni dərəcədə eybəcər sifəti görəndə
Uinstonun ürəyi minnətdarlıq hissi ilə çırpındı. Tərpənmək imkanı olsaydı, mütləq əlini uzadıb
O`Brayenin əllərinə toxunardı. Heç vaxt onu indiki qədər ürəkdən sevməmişdi. Məsələ təkcə
işgəncənin dayandırılmasında deyildi. O`Brayenin dost, yaxud düşmən olmasının elə bir önəm
daşımaması haqqındaki köhnə fikirləri yenidən yadına düşdü. O`Brayen elə adam idi ki, onunla
hər şey barəsində danışmaq olardı. Bəlkə də insan sevilməkdən daha çox başa düşülməyə
möhtacdır. O`Brayen ona insanı dəli olmaq dərəcəsinə çatdıran işgəncə verirdi. Azacıq da davam
etsə, o biri dünyaya göndərəcəkdi. Amma bu elə də əhəmiyyətli deyil. Müəyyən mənada onların
münasibətləri dostluqdan daha dərin idi. Onlar ruhən yaxın idilər. Nə vaxtsa, haradasa sözləri
bərkdən deməyə ehtiyac duymadan görüşüb hər şey haqqında danışa bilərdilər. O`Brayen
Uinstonun başı üstündə dayanıb elə ifadə ilə baxırdı ki, sanki bu dəqiqə o da eyni şeyləri
düşünür. Sözə başlayanda səsinin sakit, barışdırıcı tonu aşkara çıxdı.
-Siz harada olduğunuzu bilirsinizmi, Uinston?
-Bilmirəm. Sadəcə təxmin edirəm. Yəqin ki, Sevgi Nazirliyindəyəm.
-Burada nə qədər qaldığınızdan xəbəriniz var?
-Bilmirəm. Bəlkə neçə gün, neçə həftə, neçə ay... Yəqin bir neçə ay olar.
-Necə düşünürsünüz, biz adamları niyə bura gətiririk?
-Yəqin, günahlarını boyunlarına almaları üçün.
-Yox, bu elə də ciddi səbəb deyil. Yaxşı-yaxşı fikirləşin.
-Cəzalandırmaq üçün.
-Yox!-deyə O`Brayen qışqırdı. Səsi tanınmaz dərəcədə dəyişildi, sifəti isə yenidən sərt və əsəbi
görkəm aldı. –Yox! Sizi nə etiraflarınızı dinləmək, nə də cəzalandırmaq üçün bura gətiririk.
İstəyirsiniz nə üçün gətirildiyinizin səbəbini izah edim? Müalicə etmək üçün! Sağlam ağıl
sahibinə çevirmək üçün! Başa düşürsünüzmü, Uinston, yolu bura düşən bir nəfər də bizim
əlimizdən müalicə olunmamış qurtara bilməz. Törətdiyiniz sarsaq cinayətlər bizi qətiyyən
maraqlandırmır. Aşkar düşmənçilik Partiyanı narahat etmir. Əsas əndişəmiz insanların
beynindəki fikirlərlə bağlıdır! Biz düşmənlərimizi öldürmürük, onların beyinlərini dəyişirik. Nə
dediyimi başa düşürsünüz?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
251
O, Uinstonun üzərinə əyildi. Çox yaxın olduğuna görə sifəti daha iri görünürdü, aşağıdan
baxanda isə daha eybəcər təsir bağışlayırdı. Bu sifətə anlaşılmaz coşqunluq və dəlicəsinə
inadkarlıq ifadəsi həkk olunmuşdu. Uinstonun ürəyi yenə sıxıldı. Bacarsaydı, çarpayının
içərisində yerli-dibli görünməməyə çalışardı. Bu dəqiqə O`Brayenin sadəcə məzələnmək üçün
cihazın dəstəyini yuxarı qaldıracağına əmin idi. Lakin O` Brayen artıq geri çevrilmişdi. Otaqda
bir neçə addım o baş - bu başa gedib - gəldi. Sonra, əvvəlki coşqunluqla olmasa da, sözlərinə
davam etdi:
-İlk növbədə, burada əzabkeşlərə yer olmadığını başa düşməlisiniz. Yəqin keçmiş dövrlərdəki
dini təqiblər haqqında oxumusunuz. Orta əsrlərdə İnkvizisiya mövcud idi. Amma o, vəzifəsinin
öhdəsindən gələ bilmədi. İnkivizisiya küfrün kökünü qazıb atmaq istəyirdi, əvəzində isə, küfrə
əbədi həyat verdi. Tonqalda yandırılan hər kafirin yerinə minlərlə yenisi baş qaldırdı. Nəyə görə
belə oldu? Çunki İnkivizisiya düşmənlərini açıq şəkildə öldürürdü. Tövbəyə nail olmadan aradan
götürürdü. Daha doğrusu, onları tövbə etmədiklərinə görə öldürürdü. Adamlar əqidələri naminə
ölümə gedirdilər. Nəticədə, şöhrət inanc yolunda əzablı ölümü qəbul edən qurbanların,
biabırçılıq və lənət isə, bu qoxzmaz insanları diri-diri tonqalda yandıran İnkivizisiyanın adına
yazılırdı. Sonralar, iyirminci əsrdə totalitar rejimlər adlanan quruluşlar meydana çıxdı. Məsələn,
alman nasistləri, yaxud rus kommunistləri. Ruslar yadfikirliliyi İnkivizisiyadan daha amansız
şəkildə təqib edirdilər. Bununla da keçmişin səhvlərindən nəticə çıxardıqlarını düşünürdülər. Hər
halda, öldürülənlərdən əzabkeş obrazı düzəltməyin yolverilməz olduğunu başa düşürdülər.
Qurbanlarını açıq məhkəmə önünə çıxarmamışdan əvvəl onların olan-qalan ləyaqət hissinin
üstündən xətt çəkirdilər. Həbs olunanları işgəncə və qorxu nəticəsində sındırırdılar. Bu yolla
onları miskin, kölə təbiətli məxluqlara çevirirdilər. Belələri hər şeyi boyunlarına alırdı, məcburən
əzbərlədikləri sözləri tutuquşu kimi təkrarlayırdılar. Özlərinə ləkə yaxır, günahı biri-birlərinin
üstünə atır, biri digərinin arxasında gizlənməyə çalışır, ağlayıb-sıtqayır, əfv diləyirdilər. Amma
aradan vur-tut bir neçə il keçəndən sonra tarix özünü yenidən təkrar etdi. Edam olunanlar
əzabkeşə çevrildilər, miskin hərəkətləri isə yerli-dibli unuduldu. Sizcə, niyə hər şey bu şəkildə
təkrarlandı? İlk növbədə ona görə ki, həmin adamların etirafları işgəncə yolu ilə qoparılmışdı,
başdan-başa yalan və saxta idi. Biz belə səhvlər etmirik. Burada dilə gətirilən bütün etiraflar -
həqiqətdir. Biz hər şeyin həqiqi olmasının qayğısına qalırıq. Hər şeydən əvvəl ölülərin yenidən
üstümüzə qalxmalarına imkan vermirik. Gələcək nəsillərin sizə haqq qazandıracağı firkini
ağlınıza da gətirməyin, Uinston! Gələcək nəsillər haqqınızda heç zaman heç bir şey
eşitməyəcəklər. Çünki sizi tarixin axarından çəkib çıxaracağıq. Buxara çevirib atmosferə
buraxacağıq. Sizdən Yer üzərində heç bir iz qalmayacaq. Nə mənbələrdə adınız, nə də insanların
yaddaşında xatirəniz yaşayacaq. Siz keçmişdən də, gələcəkdən də silinib atılacaqsınız. Heç
zaman bu dünyada yaşamadığınız təəssüratı yaradılacaq.
“-Onda nə üçün mənə işgəncə verib özünüzü bu qədər zəhmətə salırsınız?”-deyə Uinston acı-acı
düşündü.
O`Brayen, Uinstonun ürəyindən keçənləri eşidibmiş kimi, ayaq saxladı. Enli, çirkin sifətini,
qıyılmış gözlərini ona daha da yaxınlaşdırdı.
-Yəqin fikirləşirsiniz ki, sonda sizi məhv edəcəyiksə, sözlərinizin və hərəkətlərinizin heç bir
əhəmiyyəti yoxdursa, onda nəyə görə özümüzü əziyyətə salıb istintaq aparır, mühakimə qururuq.
İndicə bu barədə düşünürdünüz, elə deyilmi?
-Bəli,-Uinston təsdiq etdi.
O`Brayen xəfifcə gülümsündü.
-Siz cəmiyyətdə qüsurlu bir istisnasınız, Uinston. Siz elə ləkəsiniz ki, mütləq silinib atılmalısınız.
Məgər az öncə indiyə qədər mövcud olmuş cəza orqanlarından fərqimizi sizə izah etmədim? Biz
zahiri tabeçiliklə, hətta müticəsinə itaətkarlıqla barışa bilmərik. Sonda təslim olmaq qərarını öz
|