Güntoğdı(Gündoğdu)- doğru yol və ədaləti təmsil edir.
Aytuldı(Aydoldu)- səadət və xoşbəxtliyi təmsil edir.
Ugdolmuş-əql və məntiqi təmsil edir.
Odqurmuş- sonu və aqibəti təmsil edir.
Bu adların eyni zamanda əski türk qəhrəmanlarının adı olduğu qeyd olunur.
Adil,bilikli və ərdəmli,fəzilətli bir padşah olan Gündoğdu ağıllı və bilikli vəziri Aydoldu ilə ölkənin idarəsi və ictimai məsələlər haqqında danışır. Xoşbəxtlik, ədalət və sözün faydaları xüsusundan söhbət edir. Söhbətdən məlum olur ki, ədaləti padşah, xoşbəxtliyi isə vəzir təmsil edir. Hər zaman olduğu kimi xoşbəxtliyin ömrü qısa olur və vəzir ölür. Lakin Aydoldunun oğlu və yetişdirməsi Ugdolmuş atasının yerinə vəzir keçib, padşah Gündoğdu ilə birlikdə məmləkət işlərini idarə edir. Ugdolmuş siyasət, ədalət, elm və igidlik, insanın zövq və həvəsləri barəsində danışır və bu nəticəyə gəlirlər: Padşahın ətrafındakılar ona tabe olur, padşah pis olmasa pis adamları dövrəsinə yığmaz.
Padşah Ugdolmuşa deyir ki, sən ölkənin səadət və ədalətə qovuşmasına bais oldun, dünya ölüm-bitim dünyasıdır. Əgər səni də əldən versəm, neylərəm. Ugdolmuş öz yaxınlarından birisi Odqurmuşu onunla tanış edir. Odqurmuş bilikli, təmiz, lakin dünyadan əl üzüb, axirət cazibəsilə yaşayan bir adamdır. Ona görə də padşahın yanında qalmağa hazır deyil. Padşah onunla yazışıb, məşvərət edir, o da padşahı xalqı və ölkəsi qarşısında olan milli, vicdanlı və insani vəzifələri ilə tanış edir. Onun dünya və axirətini təmin etməyə çalışır.
“Kutadqu-bilik” Qaraxanlı cəmiyyətinin aydın, ziyalı təbəqəsinin mədəniyyət və düşüncələrini əks etdirmişdir. Məsələn, ictimai məsələlər və onların çözülməsi üçün bu nəql edilmiş əqidələr çox cəlbedicidir:
Pislik bilməzlikdən gəlir. Tərbiyə və elm ilə pislik islah edilə bilir. Padşahlar və ailə rəisləri öz millət və ailələrini tərbiyə edib, onlara elm öyrətməlidirlər. Padşah yaxşı qanun çıxartmalıdır. Ədalətə dayanan qanun göyün sütunu kimidir, qanun pozulsa, göy üstümüzə çökmüş olar.
Bu əsər bir ədəbi şah əsəri olmaqla yanaşı, siyasət kitabıdır. Bu kitabın bu gün bizə məlum olan 3 əlyazma nüsxəsi vardır. Vyana, Qahirə,Fərqanə kitabxanalarında mövcuddur. Üçü də türk dünyasının müxtəlif bölgələrindən tapılmışdır. Bu üç nüsxədən biri XVIII yüz ilin sonunda İstanbulda tapılmış, məşhur tarixçi Hammer tərəfindən Vyanaya aparılmış və Vyana saray kitabxanasına bağışlanmışdır. Hammerin apardığı bu nüsxənin üzü Əmir Teymurun oğlu Şahruxun Türküstanda hökm sürdüyü illərdə, 17 iyun 1439-cu ildə Uyğur hərfləriylə köçürülmüşdür. 1474-cü ildə Əbdürrəzzak Baxşı üçün İstanbula gətirilmişdir. Hammerin İstanbuldan götürüb apardığı bu kitab uyğurca nüsxədir.
İkinci nüsxə 1896-cı ildə Qahirədə Xidiv kitabxanasında tapılmışdır. Bu, Məmlük sərkərdələrindən İzzəddin Aydəmir üçün XIV əsrdə ərəb əlifbasıyla köçürülmüş nüsxədir.
Üçüncü nüsxə Fərqanə şəhərinə gedən prof. Zəki Validi Toqan tərəfindən 1913-cü ildə bir kitabxanadan tapılmışdır.
Əsərdə Firdovsinin “Şahnamə”sindən vəzn işlədiımişdir, lakin mani tərzində dördlüklər vardır. Bu 173 dördlük türk xalq maniləri(nəğmələri) üçün məlum olan ilk nümunələr kimi göstərilə bilər. Mövzu baxımından isə bu əsərə bir “siyasətnamə” deyə bilərik. Buradakı danışıqlar bizə Qaraxanilər dövründəki dövlət təşkilatı haqqında da mühüm məlumat verir. Bu kitab toplu halında yaşayan insanları xoşbəxt edəcək yolları göstərir. Həm də bunlar dövrün hökmdarlarına öyüdlər şəklində söylənilir və ideal bir insan üçün vacib olan xüsusiyyətləri də sadalayır.
Yusif Xas Hacib bu əsərində “Bütün yamanlıqların anası cəhalətdir”-deyərək cəmiyyətdə ən qiymətli şeyin təlim-tərbiyə və elm olduğunu qeyd edir. Bunun üçün də xaqanın öz millətini, ailə başçısının isə öz ailə üzvlərini tərbiyələndirməli, oxutmalı olduğunu söyləyir. Siyasi və iqtisadi mövzulara da toxunaraq, bərabərliyin təmin edilməsi üçün varlıları kasıblaşdırmaq yox, kasıbları varlandırmağın vacibliyini bildirir. Fərdin səadətinin cəmiyyətin səadətinə bağlı olduğunu, fərdlərin cəmiyyət üçün və cəmiyyətin təmsilçisi olan iqtidar, yəni hökmdar üçün çalışmalı olduğunu söyləyir.
Son olaraq isə qeyd olunur ki, “Kutadqu-bilik” əsəri Türk Dünyasında özünəməxsus yeri olan əsərlərdən biridir. Türkcənin qorunmasında, dövlət idarəçiliyinin və milli şüurunun inkişafında mühüm rol oynamışdır.
“Kutadqu-bilik”dən şeir nümunəsi:
Kişi tuğdı, üldi, suzu kaldı gör
Üşni bardı yalnuk. atı kaldı gör.
Bugünki türkcəmizlə:
Kişi doğdu, öldü, sözü qaldı, gör,
Özü getdi, yalnız adı qaldı ,gör.
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalov qeyd edir ki,bu əsər 85 bölmədən ibarətdir.
Alim-şair əsərin 63-cü bölməsində yazır ki, oğlun və ya qızın dünyaya gələrsə onu ikinci dərəcəli şəxslərə tapşırma, yalnız özün tərbiyə et. Vəzifəsindən asılı olmayaraq, valideynin bütün səyi övlad tərbiyəsinə sərf olunmalıdır. Şair yazır ki, hər iki dünyada oğluna və qızına xeyrinin dəyməsini istəyirsənsə, onlara bilik ver, ədəb öyrət, ləyaqətlə tərbiyə et.
Dostları ilə paylaş: |