3-3. Əmək vərdişləri və
texnoloji biliklər
Təcrübə və müşahidələr, nəhayət,
elə ölçüyə çatır ki, istehsal prosesi
elmin tətbiq sahəsinə çevrilir.
K.Marks
Bəşər tarixinin ilk mərhələsi, daha doğrusu tarixdən əvvəlki dövr, müxtəlif coğrafi bölgələrdə nə qədər müxtəlif və rəngarəng olsa da, bütün xalqlar üçün əsasən eyni səciyyə daşımışdır. Daha doğrusu, müasir dövrün uzaqlığından baxanda təfərrüatlar nəzərə çarpmır.
İnsanın bir insan kimi, cəmiyyətin üzvü kimi, formalaşması prosesi təbii mühitin spesifikasından qismən asılı olsa da, daha çox ümumi cəhətlərə malik olmuşdur.
Bu ümumilik ən çox texniki tərəqqidə özünü göstərir. Texnika dedikdə XXI əsrdə yaşayan adamların ağlına ilk növbədə elektronika, traktor, kompyüter, raket, mürəkkəb avtomat qurğular düşür. Lakin müasir həddə gəlib çatana qədər texnika uzun tarixi inkişaf yolu keçmişdir. Biz daha artıq xışın, kotanın, dəryazın, hətta belin, toxanın, rəndənin, çəkicin texniki tərəqqidə mühüm bir mərhələ olduğunu unuduruq. Halbuki onlar bu gün də istifadə olunmaqla davam edir. Digər tərəfdən də, keçmişimiz üçün ənənəvi olan texnika bizim həyat tərzimizə daxil olmuş, bədii ədəbiyyatda və incəsənətdə də öz əksini tapmışdır. Bu texnika növləri bizim üçün doğmadır, çünki bizim milli mədəniyyətimizin tərkib hissəsidir. Çünki onları biz başqa xalqlardan hazır şəkildə almışıq. Onları bizim ulu babalarımız özləri ixtira edib, təkmilləşdirib və istifadə ediblər.
Müasir texnika isə, çox təəssüf ki, əsasən xarici ölkələrdə, başqa xalqların yaradıcılığının məhsulu kimi meydana gəlir və bizim həyatımıza hazır şəkildə daxil olur. Bu da bir ölkənin başqa ölkədən iqtisadi və texnaloji asılılığına gətirib çıxarır.
Bəli, proseslər öz təbii axını ilə getdikcə təbii-tarixi proses özünə ən optimal yol seçir və müxtəlif regionlarda özü-özünü təkrar edir.
Lakin elə ki, nisbətən sürətli inkişaf yolu keçən xalqlar müəyyən mütəşəkkillik qazandıqdan sonra həmin tarixi inkişaf yolunun hələ aşağı pilləsində olan xalqlarla təmasda olur, onda təbii-tarixi proses kənar təsirə məruz qalır.
Texnikada daha artıq milli mədəniyyətin tərkib hissəsi olur. İnsan ilə texnika arasındakı daxili vəhdət pozulur, ahəng və bu ahəngin bərpa olunması üçün xüsusi məqsəd yoxdur.
Lakin bütün bunlar tarixin sonrakı mərhələlərində baş verir. Tarixin ilk mərhələsində isə texniki tərəqqi insanın inkişafının tərkib hissəsi kimi həyata keçir. Texnikanın tarixi maddi istehsal başlandığı vaxtdan başlanır. Onu yaradan əsas səbəb insanın təbii ehtiyaclarıdır. İnsan yaşamaq üçün yeməlidir, geyməlidir. Təbiətin dəyişkən və bəzən də sərt iqlimindən qorunmaq, daldalanmaq üçün özünə münasib yer tapmalıdır. Lakin insan heyvanlardan fərqli olaraq bütün ehtiyaclarının təbiətdə hazır şəkildə olan şeylər hesabına ödəyə bilməz.
Heyvanlar alətsiz fəaliyyət göstərir. Onlar yalnız öz təbii orqanlarının – əqlin, ağızın və s. köməkliyi ilə özlərini təbiətdə hazır olan qidalarla təmin edir. İnsan isə alətlərdən istifadə etməklə öz təbii orqanlarının imkanlarını artırır. İnsanın ilkin istifadə etdiyi alətlər təbiətdə hazır şəkildə mövcud olan şeylərdir. Ucu iti daş parçaları, düz, hamar və möhkəm ağac budaqları və s. insanın əlinin imkanlarını artırmaq üçün, onu daha bərk və daha uzun etmək üçün istifadə olunurdu. Sonralar tədricən bu vasitələr digər təbii vasitələrin köməyilə istifadə üçün daha yararlı vəziyyətə salındı.
İstehsal vasitələrinin – alətlərin hazırlanması və təkmilləşdirilməsi prosesi bəşəriyyətin bütün sonrakı tərəqqisinin əsasında durur. Əvvəlcə, təbiətdə hazır şəkildə olan şeylərdən istifadə edə bilmək üçün əl özü təkmilləşir. İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Sonra alətlərin özünü təkmilləşdirmək üçün insan digər alətlərin köməyindən istifadə edir və yeni əməliyyatlar aparmalı olur. Bu əməliyyatların dəfələrlə təkrar olunması nəticəsində yeni əməli vərdişlər formalaşır.
İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vərdişlərin çoxu onun özündə instinktiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə heyvanlar, quşlar və hətta həşərat üçün instinktiv həyati fəaliyyətin əsasını təşkil edirdi. Belə ki, hörümçək tor hörməyi, arı pətək düzəltməyi, qarışqa yeri qazaraq yuva tikməyi və s. kortəbii surətdə bacarırdı. Lakin bütün bu əməliyyatldar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən, özləri istifadə edirlər. Siçan ağacı hansı isə bir alətlə yox, öz dişləri ilə kəsirdi. Arı çiçəklərdən şirəni öz orqanizminin verdiyi imkan sayəsində çəkirdi. İnsanın təbii orqanları, əli, ayağı, ağzı isə hər ansı xüsusi bir fəaliyyətə uyğunlaşmışdı. O öz təbii orqanlarının qabiliyyətini artırmaqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əşyalardan istifadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Bu isə insanın daha hərtərəfli, universal fəaliyyət göstərməsinə meydan açırdı.
İnsanın istifadə etdiyi bütün təbii vasitələr içərisində onun sonrakı həyatında ən çox rol oynamış olan vasitə oddur. Təbii şəkildə mövcud olan odun bəzi xüsusiyyətləri, qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat aləminə də bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından ancaq qorxu hissi doğururdu.
İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra yəni onu arzu olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını öyrəndikdən sonra bütün heyvanat aləmi ilə müqayisədə böyük üstünlük qazanmış oldu. Nağıllarda, hekayələrdə, multiplikasiya filmlərində insanın dostu və başlıca silahı kimi təsvir olunan «qırmızı çiçək» məhz odun metaforik işarəsidir. Oddan vəhşi heyvanlara qarşı mübarizə vasitəsi kimi, qızınmaq üçünmü, qidaların hazırlanması, bişirilməsi üçünmü istifadə etmək və bununla bağlı olan əməli vərdişlərin qazanılması texniki tərəqqinin bir istiqamətidir. Lakin əsas məsələ oddan istifadə etməzdən əvvəl onu əldə etməyin qaydasını bilməkdir. Sürtmə yolu ilə od əldə edilməsi o dövrdə insanın ən böyük texniki nailiyyəti idi.
Od sonralar əmək alətlərinin düzəldilməsində, metalların istənilən formaya salınmasında mühüm vasitə oldu, daha mükəmməl alətlər yaradılmasına xidmət etdi.
İnsanın tarixən ilk praktik fəaliyyət prosesində əldə etdiyi əməli biliklər tədricən toplanaraq gerçəklik haqqında geniş, hərtərəfli, sistemli biliklər toplusunun əldə edilməsi üçün əsas oldu. İnsan ətrafındakı şeylərin xassələrini öyrəndikcə, daha böyük əməli nailiyyətlər əldə etdiyini gördükcə gerçəkliyi məqsədli surətdə öyrənməyə başladı. İlk nəzəri biliklər yarandı. Əməli və nəzəri biliklərin bölgüsü getdikcə dərinləşdi. Gerçəkliyi dəyişdirmək deyil, sadəcə olaraq öyrənmək istəyən adamların sayı getdikcə artdı. İlk elmi biliklər və alimlər yarandı. Əldə edilmiş biliklər gec və ya tez əməli fəaliyyət sahəsində istifadə olunmağa başladı. Elmlə texnikanın tarixi ittifaqı belə başlandı.
İnsanın öz maddi tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət getdikcə daha çox vasitəli xarakter daşımağa başladı. İnsanlar yalnız bu gün üçün olan ehtiyaclarını düşünməklə kifayətlənmədi. Gerçəklik haqqında daha çox bilik əldə etdikcə, səbəbiyyət əlaqələrini dərk etdikcə bir qism hadisələrin necə cərəyan edəcəyini irəlicədən görmək, onları proqnozlaşdırmaq imkanı açıldı.
Yuxarıda qeyd edildiyi kimi, yaşayış üçün zəruri olan məhsulların təbiətdən hazır şəkildə tapılması heç də həmişə asan olmur. Yaxud bu məhsulların təbiətdə necə yetişdiyini, onların xassələrini öyrəndikcə insan məhz özünə lazım olan məhsulların yetişməsi üçün lazımi şərait yaratmağa çalışır. İnsan ilkin özünü təminat vasitəsi olan ovçuluq heç də həmişə uğur gətirmir. Ov alətləri nə qədər qədər təkmilləşsə də burada təsadüf həlledici rol oynayırdı. Heyvanların istənilən vaxt faydalana bilmək üçün onlarla müntəzəm əlaqə yaradılmalı idi. Bəzi heyvanların tədricən əhliləşdirilməsi insanların həm öz qida tələbatını ödəməsi, həm də onlardan iş qüvvəsi kimi istifadə olunması imkanı yaradırdı. Digər tərəfdən lazımlı bitkilərə qulluq edilməsi, təbii yolla bitən bitkilərin təsadüfi surətdə məhv olmasının qarşısını almaq cəhdləri və nəhayət, onların məqsədyönlü surətdə əkilib çoxaldılması sivilizasiyanın çox mühüm şərtlərindən biri olan əkinçiliyin yaranmasına səbəb oldu. Vəhşi heyvanların əhliləşdirilməsi – maldarlığın yaranması və qida, geyim və s. məqsədlər üçün istifadə olunan faydalı bitkilərin əkilib – becərilməsi – əkinçiliyin yaranması bəşəriyyətin tərəqqisində sürtmə yolu ilə od əldə edilməsinin kəşfindən sonra ən böyük nailiyyət idi. Bununla böyük ictimai miqyasda əmək bölgüsünün əsası qoyulmuş oldu.
Maldarlıq və əkinçiliyin inkişafı iki mühüm şərtlə bağlı idi. Birincisi, heyvanları əhliləşdirmək, onları qoruyub saxlamaq və onların yalnız ətindən deyil, müntəzəm surətdə verdikləri əlavə məhsullardan (süd, yun və s.) istifadə etmək üçün, faydalı bitkiləri əkib-becərmək üçün əvvəlcə onların üzərində müşahidələr aparmaq, onların necə çoxaldığını, böyüdüklərini, nə kimi xassələrə malik olduqlarını öyrənmək lazım idi. Daha sonra bitki və heyvanat aləmində öz məqsədlərinə uyğun dəyişikliklər yaratmaq üçün insan həmin bilikləri tətbiq etməli, yeni əməli vərdişlər qazanmalı idi. Həm əkinçilik, həm də maldarlıq sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün yeni tipli əmək alətləri lazım idi. Beləliklə həmin dövrdə yeni əməli vərdişlərin və əmək alətlərinin yaranması – texnikanın inkişafı və əsasən yeni əmək sahələrinin: əkinçilik və maldarlığın tələblərinə uyğun surətdə baş verirdi.
İnsanın təbitət haqqında bilikləri artdıqca və bilavasitə istehlakdan, yəni təbiətdən bilavasitə yarınmaqdan vasitəli istehlaka keçdikcə alətlərin növü də artır, zənginləşirdi. Alətlərin nədən, hansı materialdan düzəldilməsinin də çox böyük rolu var idi. Təbiətdə hazır şəkildə tapılan daş, sümük, ağac və s. mürəkkəb texniki qurğuların yaradılması üçün kifayət deyildi.
Yeni daş dövründə, neolitdə (b.e.ə. 5000-3000 illər) adamlar artıq hamarlanmış, pardaqlanmış daş alətlərdən istifadə edirdi. Əmək alətlərinin yaradılması xüsusi əməli vərdişlər və biliklər tələb etdiyindən bu işi daha hamı yox, onu daha yaxşı bacaran və ancaq alət düzəltməklə məşğul olan adamlar – sənətkarlar görməyə başladı. Əgər eyni adamlar həm əkinçilik, həm də maldarlıqla məşğul olurdularsa, alət düzəldilməsi ilə tamam başqa adamlar məşğul olmağa başladı. Torpaqdan, kənddən ayrılmış olan və getdikcə daha çox ixtisaslaşan sənətkarların meydana gəlməsi şəhərlərin yaranmasına və inkişafına böyük təkan verdi. İlk tam əmək bölgüsü də bu vaxtdan başlandı.
Sənətkarlığın müstəqil əməli fəaliyyət sahəsinə çevrilməsi, şəhərlərin yaranması, digər tərəfdən də alətlərin düzəldilməsində metallardan istifadə olunmasına başlanması texnikanın inkişafında yeni bir mərhələ açdı. Sivilizasiyanın təməli qoyuldu.
Metallardan istifadə edilməsi, əlbəttə, birdən-birə metal alətlərin düzəldilməsindən başlanmayıb. Metallar əvvəlcə qədim insanları öz parıltısı ilə cəlb edib, onlardan əyləncə və zinyət şeyi kimi istifadə olunub. Məsələ burasındadır ki, heç də bütün metallar təbiətdə saf halda rast gəlmir. Ən çox qızıl və mis ayrılıqda, külçə halında rast olunur. Həm də onları tapmaq asan məsələ deyildi. Təsadüfi deyil ki, «metal» sözünün özü də yunan dilində «axtarmaq» mənasını verir. İnsanlar təbiətdə hazır şəkildə əldə etdikləri şeyləri tədricən öyrənir, onlardan hansı məqsədlə istifadə etmək mümkün olduğunu müəyyənləşdirməyə çalışırdılar. Teofrastın dediyi kimi, əldə olunan şeylər ya əyləncə, ya fayda üçün, ya da həm əyləncə, həm də fayda üçün istifadə olunurdu. Əldə olunmuş metallara da insanlar tədricən xeyir, fayda baxımından yanaşmağa başladı. Daş alətlər daha bərk olduğundan insanlar mis əldə etdikdən sonra da uzun müddət daş alətlərdən istifadə edirdilər. Hər şey misin əridilib başqa metallarla qarışığından düzələn bürünc əldə edilənə qədər beləcə davam edirdi. Amma bürünc alətlər öz keyfiyyətinə görə daş alətlərdən xeyli üstün olduğuna görə b.e.ə. III-II minilliklərdə daha çox bürünc alətlər yayılmağa başladı. Bununla da daş dövrü bürünc dövrü ilə əvəz olundu.
Metalların əridilməsi və onlardan tökmə yolu ilə müəyyən formalı alətlər düzəldilməsi texniki vasitələrin müxtəlif yeni növlərinin yaradılmasına imkan açdı. Digər tərəfdən də metaldan düzəldilən kəsici alətləri daha yaxşı itiləmək olurdu. Metal alətlərin düzəldilməsi və təmir edilməsi ayrıca bir peşə sahəsinin yaranmasına səbəb oldu ki, bu sənət bizə dəmirçilik kimi məlumdur.
Həmin dövrdə təkərlərin düzəldilməsi və heyvanların gücündən istifadə edilməsi yük daşınmasını xeyli asanlaşdırdı və insanların fəaliyyət dairəsini genişləndirdi.
Yeni əməli vərdişlər qazandıqca insan təbiətdə baş verən və özünün yaratdığı hadisələr haqqında bilikləri qaydaya salmağa və qeydə almağa ehtiyac hiss edirdi. Müxtəlif simvolların, rəqəmlərin, heroqliflərin və daha sonra yazının üzə çıxması, ölçü əməliyyatlarından istifadə edilməsi, ilk hesab üsullarının kəşfi əməli biliklərlə yanaşı elmi biliklərin də tədricən formalaşdığına dəlalət edirdi. Elmi biliklərin sonrakı inkişafı müasir sivilizasiyanın artıq daha çox qərarlaşdığı dövrə – e.ə. I minilliyə təsadüf edir.
Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaranmasında neytral müşahidənin rolu böyük olmuşdur. Seyr özünə maddi fəaliyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun nəticəsi olan biliklərdən keçərək, dil və nitq vasitəsilə maddi dünyaya gətirib çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra ayrıca bir fərdə mənsub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və maddini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə – praktikadan başlanan və çoxpilləli idrak yolu keçərək yenə də praktika ilə tamamlanan yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. Əvvəllər bu keçid bir fərd miqyasında baş verirdi. Hər kəs öz zehni biliklərini əməli fəaliyyətə tətbiq etmək üzərində özü düşünürdü. Lakin müasir dövrdə bütöv sosial sistem olan elmdən maddi istehsala keçidin təmin olunması ictimai miqyaslı xüsusi fəaliyyət tələb edir.
İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.
Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına maşınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxiddir. Bu anlayışa hələ Aristotelin əsərlərində də müraciət edilmişdir və heç də istehsal texnikası mənasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahədəki qabiliyyət, mənimsənilmiş vərdişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduqca mühüm bir obyektiv prosesin ifadəsidir. Təsadüfi deyil ki, texnika qədim yunan dilində sənətkarlıq, qabiliyyət, bacarıq mənasını verir.
Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik biliklərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və məqsədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəldilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin formalaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.
Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkün olur. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vərdişləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.
Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – yeni keyfiyyətli əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında müvafiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Yeni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləşmiş və ictimai tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çevrilmişdir.
Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qaydaları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən keçilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə birlikdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı. Əgər biz insanın məqsədəuyğun fəaliyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, obyektivləşən (ondan istifadə edənlərin şəxsiyyətindən asılı olmayan) vasitələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil etməliyik. İstifadə qaydası məlum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. Lakin alətdən istifadə qaydası hələ texnikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərəncamından çıxıb, əlin sərəncamına kecdikdə, qabiliyyətə çevrildikdə vərdiş anlayışında əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müxtəlif terminlərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamamlanmış təsəvvür əldə oluna bilməz.
Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ işçi maşınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi maşınların əsas funksiyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K. Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mühərrik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər iş maşınına yaxından nəzər salsaq görərik ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bütünlükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni aparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud mexaniki alətlərdir».1 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəhlənin özünü və onun peşə alətini əvəz edir.
Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə onların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vərdişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdudlaşması demək deyildir, zira indi də yeni vərdişlər – maşınları idarə etmək vərdişləri formalaşmağa başlayır.
Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlərində əvvəlcə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qismini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb olmuşdur.
Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı keçidlər mövcuddursa, deməli onları əks etdirməli olan anlayışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının mahiyyəti düzgün aydınlaşdırılmamışdır. Vərdiş – şüur hadisəsindən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik biliklərin, konstruktor təxəyyülünün insandan kənardakı şeylərdə özgələşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.
Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki, o da maddi olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər.
Doğrudan da, texnikanın hər bir sonrakı inkişaf mərhələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. Kompleks maşının strukturuna insanın bu va ya digər funksiyasını əvəz edən müxtəlif komponentlər daxil edildikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı avtomat olmaq xüsusiyyətindən getdikcə azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən «əlləri qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qızıl» olması köməyə gəlmir, məhz əllər «qızıl» olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir.
Digər tərəfdən də, hər bir konkret situasiya özünəməxsus cəhətlərlə fərqləndiyindən yalnız standart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndirmək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müddətdə təhlil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş olduğu müxtəlif səpgili əməli vərdişlər toplusu vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.
Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düşməsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəyyən proqram əsasında fəaliyyətə cəlb olunmasını nəzərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avtomatlara – robotlara ehtiyac yaranır.
Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır. Tex-nikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəhdi nə qədər də qusurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə istehsal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtiralarından olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edilməsi və sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri ilə bağlı idi.
Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün olmuşdur.
Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elmlər «süni təbiəti», nə vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir. Nə vaxtsa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.
Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəsmiş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiətşünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» tədricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarışır, ilkin ziddiyyətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun strukturunda insan komponenti, mənəvi yaradıcılığın özgələşmiş, maddiləşmiş formaları və s. iştirak edir.
Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliyyətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və maddi fəaliyyətlə müəyyən aralıq vasitə sayəsində əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Texnika öz funksiyasına görə insanın təbiəti dəyişdirməsinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da texnika koqnitiv biliklərin də əməli nəticə verməsinə səbəb olur.
Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların icrasına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlardan istifadə vərdişləri əhatə olunur. Bu vərdişlər məhz müvafiq əməli biliklərin «avtomatlaşmış», qeyri-şüuri hala keçmiş formasıdır.
Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla təbiət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yuxarıda qeyd etdiyimiz kimi, texnika maddi komponentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan istifadə qaydasının, texnologyanın vərdişə çevrilmiş, «maşınlaşmış», «texnikalaşmış» tərəfini də əhatə edir. Lakin bu istifadə qaydaları koqnitiv yox, əməli biliklərdir, bu biliklərin «texnikalaşmış» variantı isə bizim yuxarıda tədqiq etdiyimiz formaya, fəaliyyətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli biliklərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən primitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşəkar fəaliyyətin son həddi, final momentidir.
Burada biz əməli biliklərin bu cür mühüm həyati əhəmiyyəti üzərində geniş dayanmadan, «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsələsinə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Texnika təkmilləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu maşınla, «süni təbiət» prosesləri vasitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi maşınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddiləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qismən maşınlar tərəfindən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.
Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdiyindən elmi biliklər də texnikada öz əksini yalnız maddiləşmiş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisələrin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın mənafeyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır.
Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla əməli fəaliyyət sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürəkkəbliyindən ikili funksiyasında irəli gəlir.
Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, digər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əlamətdar haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin yazır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərəcəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil.
Elm ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir. Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bilmək üçün insan-təbiət münasibətində insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spesifik formalarını nəzərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi daxil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə – texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir mexanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə biruzə verir və insan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur.
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövrlərdən bəri iki müxtəlif bilik növü: koqnitiv (xehni) və əməli biliklər mövcud olmuşdur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsasında maddi fəaliyyət – praktika dayanmışdır.
Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin birinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, "niyə?", "hansı səbəbdən?" suallarına cavab vermək cəhdtndən irəli gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticələrini də idrak süzgəcindən keçirməklə daha intensiv xarakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı insanın fəal müdaxiləsinə olan əks-təsirlər də informasiya mənbəyinə çevrilir.
İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən biliklərə tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).
Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrci münasibətindən törəyən, təməlində inikas prosesi dayanan koqnitiv biliklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə məntiqi təfəkkür hələ formalaşmadığından, seyr hec də biliklərə yox, yalnız təsəvvürlərə gətirib çıxarmışdır. L.Levi-Bryulun yazdığı kimi, məntiqəqədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə anlayış və biliklər əvəzinə yalnız "kollektiv təsəvvürlər" olmuşdur.1
Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sayəsində insanın özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduqu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndirmək və tarixi baxımdan müqayisə etmək çətindir.
Bununla belə, tarixən məhz əməli bilklərin ilkin olması, koqnitiv biliklərin isə mifoloji təsəvvürlərlə, "məntiqəqədərki təfəkkürlə" əməli biliklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fikri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.
Lakin tədqiqat göstərir ki, elmi biliklər hec də yalnız induktiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv biliklər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mənşəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.
Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğü biliklərin xarakteri də dəyişmiş olur. C. Bernal ovçuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Doğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nəticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid prosesi hələ yox idi. Lakin burada C. Bernal belə bir cəhəti qeyd etməyi unudur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ovçuluğun yalnız ilk mərhələlrinə aiddir. İnsanın sonrakı inkişafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitələndiyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal alətlərinə» əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymətləndirilməsidir.
Bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərqləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşıyır və fiziki və zehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması ücün bir sıra aralıq fəaliyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki oddan istifadə aralıq mərhələlər zəncirində daha bir halqadır və vasitələndirici fəaliyyətə aiddir) ücün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları ücün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata keçirilə bilməz. Bu coxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi ücün maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə predmetinə cevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi».1
Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: «Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani münasibətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hərəkətlərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli quruluş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.
Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həyatında oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"1 adlı şumer poemasında «allah Enki əsas etibarilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən "texniki" nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».2 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlumatları müasir məntiqin imkanları mövqeyindən təhlil edilməlidir.
Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləşmədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövrlərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi ücün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.
Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları zamanından, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də istifadə etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin düzəldilməsi də müəyyən zəruri ictimai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması halında mümkün olmuşdur. S.Lilli yazır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müasir əmək alətləri alırdılar»3. İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məqsəd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qılmaqdan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifayət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sərbəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni texniki vasitələrin hazırlanması ilə məşğul olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki insan qrupları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bütövlükdə cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.
Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır.
Biliklərin nəsildən nəslə ötürülməsi prosesi müxtəlif dövrlərdə və müxtəlif xalqlarda fərqli üsullarla həyata keçirilmişdir. Bununla belə, bir sıra ümumi cəhətlər və prinsiplər vardır ki, onlar həmişə və hər yerdə özünü doğruldur. Əvvəla, fikir, bilik başqasına çatdırılmaq üçün hansı isə formada maddiləşməlidir. İkincisi, bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çatdırıldıqdan sonra o yenidən ideya, fikir, bilik formasına keçməlidir.
Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə əsasən şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya təcrübənin bilavasitə bölüşdürülməsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə çoxalmış, yazının müxtəlif formaları, kitablar, sxem və qrafiklər, radio və televiziya, audio və video kasetlər, kompyuter, internet və s. də biliyin saxlanması və ötürülməsi vasitələri kimi çıxış etmişdir. Lakin əhəmiyyətli olan biliyin hansı təbii və texniki vasitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqiqətə nə dərəcədə uyğun olması və nə dərəcədə dəqiq ifadə edilməsidir. Ötürülmə mərhələsi fikrin ifadə olunmasından sonra gəlir. Bundan sonra isə ötürülmüş informasiyanın nə dərəcədə adekvat mənimsənilməsi və yenidən insanın fikir dünyasına daxil olaraq öz yerini tutması, aktiv bilik formasına keçməsi problemi gəlir.
İnsanın bilavasitə təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədən, təcrübə sahəsində əldə etdiyi biliklə başqasından hazır şəkildə aldığı bilik nə ilə fərqlənir? Uşaq hələ dil öyrənməmişdən əvvəl hansı isə biliklər əldə edirmi? Nəyə görə sistemli təlim ancaq altı yaşdan sonra başlanır? Yaxud müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə bu yaş həddi necə olmuşdur? Hansı təhsil sistemində biliklərin şəxsi təcrübə əsasında öyrənilməsinə üstünlük verilir? Bəs biliklərin əsasən hazır şəkildə mənimsənilməsinin üstünlükləri nədər ibarətdir?
Əlbəttə, informasiyanın optimal həddən artıq olması bizi narahat etməzdi, əgər sonradan bunları həmin uşaqlardan tələb etməsəydilər. (Sadəcə informasiya üçün olsa idi… Rusiya dərsliklərində də belə deyilmi?) Lakin burada iki əmma var. Əvvəla, biz nəyə görə sovet təhsilinin üstün cəhətlərini yaddan çıxarıb onun çatışmazlıqlarından (informasiya bolluğu, hafizəyə əsaslanma) iki əlli yapışmalıyıq? İkincisi, nəzərə alsaq ki, TQDK bu proqramlardan istifadə (əslində sui-istifadə) edərək bütün bu təfərrüatları bilməyi uşaqlardan tələb edəcək, onda, deməli, bu proqramlar və dərsliklər sadəcə informaiya vermək üçün yox, həm də onu məcburi surətdə əzbərlətmək üçün nəzərdə tutulmuşdur. Məhz əzbərlətmək üçün, çünki bu məlumatlar təfəkkür qabiliyyətinin inkişaf etdirilməsinə əsla xidmət etmir. Əksinə, beyni həddindən artıq gərəksiz biliklə yükləmək sərbəst düşüncəyə ən böyük zərbədir. Sərbəst düşüncə isə passiv hafizədən fərqli olaraq elmi vəcdlə, yaradıcılıq ehtirası ilə müşayiət olunur. Leonardo da Vinçi demişkən, «elmlə ehtirassız məşğul olmaq hafizəni zibilləyir». Çünki soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış biliklər əslində cansız biliklərdir və onları «həzm etmək» mümkün deyil. Təsadüfi deyildir ki, B.Franklin də təhsildən danışarkən «bütün yeyilənlərin» yox, ancaq həzm olunan hissənin faydalı olduğunu» yada salırdı. Bu məqamda rəhmətlik Xudu Məmmədovun da bir fikri yadıma düşür: «Alim üçün yadda saxlamaqdan daha çox, lazımsız informasiyanı yaddan çıxarmağı bacarmaq vacibdir.» Biz isə, alim bir yana dursun, hələ yeni yetişən, təfəkkürü yeni formalaşan uşaqların hafizəsini həddən artıq yükləməklə onları sərbəst düşüncə imkanından məhrum edirik.
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada bizimkinə nisbətən xeyli az informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki, onlar «cansız biliyin» inkişafa xidmət etmədiyini çoxdan bilirlər.
Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir; ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur. Cansız bilik isə başqalarının təfəkkürünün məhsulu olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra – hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı yox, bir hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi dəyərə malik olur.
Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur.
Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün metodoloji əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. Kant «Maariflənmə nədir, – sualına cavab» əsərində yazır: «Maariflənmə – insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur… Öz təqsiri üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır. Sapere aude! – Öz ağlından istifadə etməyə qeyrətin olsun! – Maariflənmənin devizi belədir.»1 Bəli, Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması hər kəsə öz ağlı ilə çalışmaq imkanının yaradılmasıdır. İnsanın öz düşüncəsinin məhsulu olan biliklə başqasından hazır şəkildə alınan biliyin fərqləndirilməsidir. Kant demişkən: «Əgər əvəzimə düşünən kitabım varsa… onda mənim düşünməyimə nə ehtiyac var; qoy bu ən cansıxıcı işlə mənim əvəzimə başqaları məşğul olsunlar»2.
Şərqdə isə fikir tənbəlliyi daha dərin kök salmışdır. Burada biliyə diferensial münasibət heç vaxt hakim düşüncə tərzinə çevrilməmişdir. Bilik həmişə vəsf olunmuş, şəninə təriflər deyilmiş, şeirlər qoşulmuşdur. Lakin hansı bilik, nə qədər bilik, – fərqinə varılmamışdır. Burada biz biliklərin sahələr üzrə fərqləndirilməsini nəzərdə tutmuruq. Burada biz biliyin çoxpilləli və mürəkkəb idrak prosesindəki məqamını nəzərdə tuturuq.
Bu prosesdə iştirak edən canlı bilik bir şeydir, ondan kənarda, passiv hafizədə saxlanan, artıq yerbəyer edilmiş və Şərq ənənəsinə uyğun olaraq bər-bəzəkli don geydirilmiş, naxışlanmış bilik başqa bir şeydir. İdrak prosesindən kənarda müstəqil dəyər kimi təqdim olunan bilik bütün bər-bəzəyinə baxmayaraq, cansız və ölüdür. O, donundan çıxıb münbit idrak mühitinə düşməsə cücərməz. Təhsilin məqsədi məhz bu münbit mühiti yaratmaqdır. Məqsəd bilikləri şagirdə hazır şəkildə vermək yox, onun şəxsi düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yaratmaqdır.
Dostları ilə paylaş: |