Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 0,61 Mb.
səhifə4/43
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1165
1   2   3   4   5   6   7   8   9   ...   43
Heca vəznli mənzum atalar sözlərinin yeri
Əsrlərin sınağından keçə-keçə gələn atalar sözü və məsəllər xalq müşahidəsinin, onun xarakterinin, fəlsəfi dünyagörüşünün, məişətinin, əmək məşğələsinin, dilinin, obrazlı təfəkkürünün məntiqi nəticəsi kimi meydana çıxır, zaman-zaman cilalanır, aforistik ifadələr hesabına zənginləşir, yaşamaq hüququ qazanır, bundan sonra həyata ölməzlik vəsiqəsi alır.

Atalar sözü xalq kütlələrinin gündəlik həyatı və fəaliyyəti ilə daha çox bağlıdır. Azərbaycan atalar sözlərinin mövzu dairəsi çox genişdir. Bunlar xalqımızın hərtərəfli həyatı ilə əlaqədar yaranmış, öz inkişafını məişət prosesində istiqamətləndirmişdir.

Atalar sözü insanların həyatı və məişəti, əmək fəaliyyəti ilə daha sıx bağlı olan, formaca kiçik, mənaca geniş janrlardan biridir. Burada xalq hikməti, xalq zəkası, xalqın əsrlərdən bəri əldə etdiyi sınaq və təcrübələrin nəticələri ümumiləşdirilir. Ona görə də danışıq dilində ifadələrin daha canlı, sərrast və təsirli olması üçün atalar sözlərindən istifadə olunur.

Hər bir xalq bünövrədən öz dünyagörüşünə bağlı yaratdığı atalar sözlərini yazılmamış müqəddəs kitabın ayələri tək qavramışdır. Hikmətli ata sözləri timsalında xalq öz zəkasının və dilinin ülviyyətinə, kəsərinə sığınmışdır, istənilən gümandan, sualdan azaddır. Burada fikir, etik-əxlaqi tövsiyələr dərin daxili inamla qəbul olunan pozulmaz qanundur.

Atalar sözləri xalqın dünyagörüşünün zamana, zamanın da bəşər övladına verdiyi ibrət dərsinin hamı tərəfindən qəbul və təsdiq edilən nəticəsidir. Ona görə də onun düzlüyünə və dəqiqliyinə inam güclüdür. Həmçinin, atalar sözləri xalqın düşüncə birliyinin təzahürüdür. Bir növ hər bir xalqın zehni inkişaf səviyyəsi, estetik duyumu onun folklorunda cəmləşib desək, yanılmarıq. Məhz buna görə də atalar sözləri bəşər övladının zehni inkişaf səviyyəsinin etalonu hesab olunur. Atalar sözləri ən ulu sözdür. Bəlkə də, sözün, səsin, ünün ululuğu məhz onun tərbiyəvi dəyəri ilə ölçülür. Hər bir atalar sözündə bir kitablıq məna xəzinəzi yatır.

Bu söz sənətinin daim təzətər qalmasına səbəb onun məna cəhətdən heç vaxt köhnəlməməsidir. Fəlsəfi motivləri ilə seçilən atalar sözləri qərinələrdən öncə yaranıb, müdriklik süzgəcindən keçib. Daha sonra həyata vəsiqə qazanıb. Atalar sözləri xalqın milli-mənəvi duyumunu hikmət çərçivəsində sözün müxtəlif çalarları ilə boyanan tablo kimi təqdim edir.

Bu yazıda məqsədimiz xalq müdrikliyini özündə təcəssüm etdirən atalar sözü və məsəlləri tədqiq və təhlil etmək, yaxud da onun gündəlik həyatımızdakı, canlı danışığımızdakı təsir dairəsinə, tərbiyəvi roluna toxunmaq deyildir. Məqsədimiz xalqımızın mənəvi varlığından doğan atalar sözlərinin bir cəhətinə, onun heca vəznli şeirin təşəkkülündə, formalaşmasında, inkişafında oynadığı rolu diqqət mərkəzinə çəkməkdir.

Biri var, anadilli şeirin yaranması, biri də var, ana dilində heca vəznli şeirin təşəkkül və təkamülü. Bunların biri digərinin davamı olsa da, özlüyündə yazılı poeziyanın inkişafı tarixində hər biri xüsusi mərhələ təşkil edir.

A.Dadaşzadə yazır: “Türkdilli xalqların, o cümlədən, Azərbaycanın qədim şeir vəzni olan heca folklorda sabit mövqe tutmaqla bərabər, yazılı şeirdə də ara-sıra işlənmişdir. Lakin, klassik orta əsr Azərbaycan poeziyasında əruz vəzni və onun forma, janr və şəkilləri həm həcm, həm əhəmiyyət etibarilə əsas yer tutmuşdur”.8

Anadilli şeirin yazılı ədəbiyyatda inkişafı Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi sənətkarların adı ilə bağlı olduğu kimi, heca vəznli şeirin yüksəlişi də Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin tarixi xidmətləri ilə əlaqədar olmuşdur. Prof.Ə.M.Dəmirçizadə yazır: “XIII əsrdə yaşayıb-yaratmış Həsənoğlunun qəzəli Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi sayılır”.9

Bizcə, milli heca vəznli şeirin şifahi xalq poeziyasındakı tarixi daha qədimdir. Hənəfi Zeynallı heca vəzninin xalq poeziyasındakı təkamülündən danışarkən deyir: “Demək, ən ibtidai vəzn (heca vəzni S.P.) yavaş-yavaş artmaqda davam edib müəyyən bir nəzm şəklinə girmişdir.”10

Şifahi xalq ədəbiyyatında heca vəznli şeirin inkişafını ilk forma və şəkillər kimi, mənzum atalar sözlərinin, mənzum tapmacaların, hətta mərasim nəğmələrinin timsalında izləməyi, araşdırmağı daha məqsədəuyğun hesab etdik. Topladığımız mənzum atalar sözləri iki hecalıdan on altı hecalıya qədər olan nümunələrdir.

Yeri düşmüşkən, onu da qeyd edək ki, toplanmış mənzum atalar sözləri içərisində zərbi-məsəllər, ideomatik ifadələr, tapmacalar, inamlar, hətta mərasim nəğmələri, oxşamalar, qarğışlar, alqışlar və digər bədii nümunələr də vardır. Onların atalar sözlərinə qarışmasının bir səbəbi odur ki, onlar bu və ya digər şəkildə öz məzmununa, mənasına, deyim tərzinə görə, atalar sözləri ilə səsləşir, daha konkret desək, “ata sözü, ulu sözü” təsiri bağışlayır. Bunlar bir də ona görə əhəmiyyətlidir ki, heca vəznli şeirin inkişaf yollarını araşdırmaqda bizə kömək edir. Mənzum atalar sözləri içərisində çoxluğu yeddi hecalı və qeyri-bərabər hecalı olanlar təşkil edir. Bu isə xalq şeiri içərisində çoxluğu təşkil edən bayatılarımızın, mənzum tapmaca və bayatı-bağlamaların, qismən də xalq düzgülərinin heca ölçüsü ilə uyğun gəlir. Bu mənzərədən aydınca görünür ki, tapmacalar bayatı-bağlamaların, bunlar da öz növbəsində aşıq şeirindəki qıfılbəndlərin, atalar sözləri ustadnamələrin, cinaslı bayatılar isə bir yaradıcılıq prosesi olaraq təcnislərin təşəkkülündə, formalaşmasında və inkişafında bir qaynaq rolu oynamışdır.

İşlənmə yerinə və deyim tərzinə görə bəzən atalar sözlərinin hecaları dəyişir, yəni hecalar ya artır, yaxud da azalır və bu səbəbdən də eyni atalar sözləri müxtəlif bölgülərə daxil edilməli olur. Xalq poeziyasında heca vəznli şeirin təşəkkülündə, formalaşmasında və inkişafında mənzum tapmacalar atalar sözlərindən az əhəmiyyətli olmamışdır.

Heca vəznli şeir yazılı ədəbiyyatımızdan çox-çox əvvəl şifahi xalq ədəbiyyatı daxilində, bizcə, öz təkamülünü keçirmiş, inkişaf etmiş və kamala çatmışdır. Yazılı ədəbiyyatımız əruz vəznini qəbul etdiyi üçün, heca vəznli şeir şifahi ədəbiyyatdan yazılı ədəbiyyata gələrkən, yəqin ki, hər zaman müqavimətə rast gəlmiş, yeni icad olunmuş vəzn kimi görünmüş və bəzən cılız təsir bağışlamışdır. Heca vəznli milli şeirimizin tarixini yazılı poeziyamızla müəyyənləşdirmək düz olmaz. Milli heca vəzninin yazılı ədəbiyyatda vətəndaşlıq hüququ qazanması qısa zaman daxilində başa çatmamışdır.

Atalar sözlərinin elə kamil formaları var ki, onlar şeirin bütün texniki tələblərinə tam cavab verir. Bunlar yazılı ədəbiyyata, o cümlədən Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif kimi sənətkarların yaradıcılığına, heç şübhəsiz, təsir etməyə bilməzdi. Xalq ədəbiyyatı dili, şeiri, tarixi, etnoqrafiyanı, milli mədəniyyətimizə bağlı nə varsa hamısını özündə yaşadır.

Əslində şeir vəzni mənsub olduğu xalqın dilinin daxili ahəng qanunun tələblərinə uyğun olaraq yaranır. Ritmli-musiqi bölgüsü olan Azərbaycan xalq şeiri qanunauyğun olaraq azhecalılıqdan çoxhecalılığa doğru inkişaf etmişdir. Mənzum atalar sözləri içərisində heca vəzninin canı olan qoşma aşıq şeirinin varlığını müəyyən edən on birliklər müqayisədə yox dərəcəsindədir. Min misra mənzum atalar sözlərinin vur-tut iyirmi beşi on bir hecalı olanlarıdır. Deməli, on birlik şeirin inkişafına təkan və rəvac verən saz və aşıq olmuşdur.

“Kitabi-Dədə Qorqud” kimi ölməz ədəbi abidəmizdəki, eləcə də, son illər ana dilində çapı təmin edilmiş “Oğuzanmə”lərdəki nümunələr bir daha təsdiq edir ki, mənzum atalar sözləri heca vəzninin təkamülündə, formalaşmasında və inkişafında əvəzsiz qaynaq rolu oynamışdır.

Xalq poeziyası daxilində püxtələşən mənzum atalar sözlərinin çox təbii qafiyə sistemi vardır. Mənzum atalar sözlərinin azhecalı, çoxhecalı, qeyri-bərabər hecalı olması məzmuna, mənaya, fikrə tam uyğun olur, bu da onun təsirini, şeiriyyətini artırır, uzun müddət yaddaşda qalmasına və yaşamasına kömək edir. Özünün ictimai gücə malik, müstəqil, kamil bir janr olduğunu çoxdan təsdiqləmiş atalar sözləri, yazılı ədədbiyyatda böyük şöhrət qazanmış əsərlərdə özüldaş yerində işlədilmişdir.

“Heca vəznli şeir və mənzum ata sözləri” mövzusunu araşdırarkən folklorşünas-alim Qəzənfər Paşayevin əsərlərinə baş vurduq.11

Ona görə ki, bu tanınmış alimin tədqiqatlarının coğrafiyası çox genişdir. Professor Qəzənfər Paşayev İraq-Kərkük dünyası və folkloru haqqında bir-birindən qiymətli əsərlər yazmışdır. Bu əsərlərdə türkdilli xalqların müştərək, həm də qədim dastanı olan “Arzu-Qəmbər”in mükəmməl və əski variantlarına da rast gəlirik. Eyni zamanda, özü ilə bərabər, İraq-Kərkük tədqiqatçılarının, o cümlədən, Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu və İbrahim Daquqi kimi alimlərin də bu dastan haqqında elmi mülahizələrinə geniş yer verir.

Qəzənfər Paşayevin əsərləri Azərbaycan-İraq-Kərkük arasında mənəvi bir körpüdür. Bu mülahizəni türk alimi Mahir Naqib daha dəqiq şəkildə göz önünə gətirərək yazır:

“Q.Paşayev, İraq dışında, İraq türkləri konusunda (mövzusunda) kitab nəşr edən və İraqlı olmayan ilk elm adamdır”12.

İraq-Türkman tədqiqatçısı Əbdüllətif Bəndəroğlu “Şah əsər” adlandırdığı Qəzənfər Paşayevin “İraq-Türkman folkloru” monoqrafiyası haqqında yazır: “Bu günə qədər bizdə İraq türkmanlarında, Türkiyədə və Azərbaycanda folklorumuzun bu biçimdə tədqiqi, incələməsi və araşdırması olmamışdır”.13

Bir neçə ildir ki, “Qəzənfər Paşayev və folklor təfəkkürü” adlı elmi əsər üzərində işləyirəm. Çoxşaxəli bu əsərin bir qanadı haqqında söz açmaq istəyirəm. Folklorumuzun kütləvi janrlarından biri olan atalar sözləri haqqında professor Qəzənfər Paşayev yazır: “Atalar sözləri onu yaradan xalqın tarixini, inam və etiqadını, arzu və istəyini, dostluq və sədaqətini özünə xas bir şəkildə əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Bu xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, adət və ənənələrə, hətta, unudulub getmiş tarixi həqiqətlərin güclə sezilə bilən izlərinə belə təsadüf olunur.14

Mənzum atalar sözlərinin heca vəzninin inkişafında rol oynadığına diqqəti çəkən prof. Qəzənfər Paşayev yazır: “Ata sözləri və deyimlərin çox əksəriyyəti rədifi, qafiyəsi baxımından şeir parçalarını xatırladır”.15

Atalar sözlərini bir xəzinə hesab edən tədqiqatçı İraq-Türkman şair və yazarlarının tarixən bu qaynaqdan faydalandıqlarını diqqət mərkəzinə çəkərək yazır: “Klassik-çağdaş İraq-Türkman şair və yazarları, əsər yazarkən çox sayda ata sözləri və deyimlərdən faydalanmışlar”.16

Prof. Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi “İraq-Kərkük atalar sözləri” (1978), “Kərkük folklor antologiyası” kitablarında (1987) çoxsaylı atalar sözləri içərisində, çox nadir mənzum atalar sözlərinə rast gəlirik ki, onların heca vəzninin təşəkkül, təkamül və inkişafında müstəsna rol oynadıqlarını aydın görürük.

Azərbaycan mənzum atalar sözlərinə əsərdə geniş yer verdiyimizi nəzərə alaraq, İraq-Kərkük mənzum atalar sözlərinin nümunə kimi verilməsinə daha böyük əhəmiyyət veririk.

Üçhecalı mənzum atalar sözlərindən başlayıb, onhecalıya qədər nümunə veririk. Çalışacayıq ki, daha az eşitdiyimiz İraq-Kərkük folkloru örnəklərini göz önünə gətirək:




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə