Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Fakültə: Məşqçilik-1
İxtisas: Voleybol
Qrup: 111A16
Kurs: 2
Tələbə: Əliyev Hüseyn
Fənn: Azərbaycan dili
Mövzu: Azərbaycanın görkəmli natiqləri
Azərbaycan natiqlik sənəti uzun bir yol keçərək günümüzə gəlib çatmışdır. Məlumdur ki, dil varsa, ünsiyyət varsa, deməli nitq də var. Lakin nitq hələ natiqlik deyil. Ona görə fikrimizi əsaslandırmaq üçün əlimizdə tutarlı mənbə canlı, emosional yaradıcılıq olan şifahi xalq ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatının müxtəlif janr xüsusiyyətləri var. Bu növlərdə nitq, natiqlik sənəti haqqında deyilən atalar sözləri, kəlamlar, zərbi-məsəllər diqqətimizi cəlb edir. Məsələn, «Söz yarası qılınc yarasından betər olar», «Sözün doğrusu zəhərdən acı olar», «Söz qanadlı quşdur», «Söz sözü çəkər», «Sözün düzü», «Söz insanın zinətidir», «Nə qədər ki, söz ağzından çıxmayıb, o, sənin qulundur, söz ağzından çıxandan sonra sən onun qulusan», «Söz baldan şirindir», «Düz söz zəhərdən acı olar», «Söz qılıncdan pis kəsər», «Söz yarası, gor yarası», «Sözünü bilməyən, qədrini bilməz», «Danışmaq gümüşdürsə, susmaq qızıldır» və s. misallardan göründüyü kimi, belə kəlamlar insanların dil qabiliyyətlərinin yüksəlməsinə, fikrin təsirliliyinə müəyyən qədər xidmət edir.
Şifahi xalq ədəbiyyatının bütün növlərində söz haqqında, sözün ecazkar qüvvəsi haqqında müəyyən fikirlərə rast gəlirik. Şübhəsiz ki, bu da nitqin təsir qüvvəsini artırır.
Apardığımız tədqiqatın nəticəsini əsas götürərək belə bir qənaətə gəlirik ki, nitq uzun əsrlərin məhsulu olduğu üçün, natiqlik sənəti də birdən-birə yaranmamışdır. Bəzi alimlər bu sənətin yaranmasında tək-tək şəxsiyyətlərin rolunu yüksəldib, natiqliyi onların adı ilə bağlamağa çalışır. Əslində bu sənət var, sadəcə olaraq onu bir çərçivəyə, qəlibə salıb, müstəqil elm kimi təbliğ etmək lazımdır. Şifahi xalq ədəbiyyatının formalaşdığı gündən bu günümüzə qədər nitq mədəniyyəti inkişaf etmiş və etməkdədir. Söz sənətinin inkişaf etdirilməsi isə şübhəsiz ki, bu sahədə çalışan aşıqların, şairlərin, yazıçıların, dilçilərin, ədəbiyyatçıların, aktyorların, müəllimlərin, özünə hörmət edən hər bir kəsin vicdani borcudur. Xalq arasında zərbi-məsələ çevrilən «Sözünü bilməyən, özünü bilməz» kəlamı «ağır otur, batman gəl» fikrini tamamlayır.
Müxtəlif dövrlərdə hakim mövqe tutan şəxsiyyətlər haqqında yazılan mədhiyyələr təmtərağı ilə seçilirdi. Məsələn, Cavanşirin vəfatı münasibəti ilə Dəvdəkin yazdığı “Böyük Cavanşirin ölümünə ağı» adlı mərsiyədə onun igidliyi ilə yanaşı, natiqlik bacarığı da əks etdirilir:
Qollarına toplasa da min igidin qüvvətini,
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.
Danışarkən, dodağından mirvarilər saçılardı,
Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə...
Göründüyü kimi müəllif son beytdə onun gözəl natiq olduğunu qeyd edir.
Söz yaradıcılığında mühüm rol oynayan aşıqlar da dilimizin zənginləşməsinə (qədim dövrlərdə onlara ozan, yanşaq da deyiblər) əvəzsiz xidmət ediblər. Nağılların və dastanların yaranmasında, ifa olunmasında aşıqlar əsas sima kimi həmişə ön cərgədə olmuşlar. «Kitabi-Dədə-Qorqud» dastanlarından tutmuş bu günümüzə qədər yaranan dastanların hamısını məhz, aşıqlar meydana gətirmişdir. Bu dastanların özündə də qeyd olunur: Məsələn, «Dədə Qorqud» dastanlarında «Bir söz dəxi söylədi, görəlim xanım nə söylədi» ifadəsi işlənir. Yaxud hər boyun sonunda «Dədəm Qorqud boy boyladı, söy söylədi» ifadəsi işlənir. Yeri gəlmişkən onu da qeyd edək ki, soy sözü bir neçə mənaları ifadə edir. «Kitabi - Dədə - Qorqud» dastanlarının dilində həm «şeir», həm də «söyləmək» mənalarını ifadə edir. Bəzi dialektlərdə «söz» mənasında «sözdən, sovdan varsa, xəbər edim», bəzilərində «atalar sözü» mənasında, şifahi xalq ədəbiyyatında isə «nəğmə» mənasında işlənir.
Məlumdur ki, hər bir dövrün, ictimai-iqtisadi formasiyanın öz xüsusiyyəti ilə yanaşı, onun öz mədəniyyəti, ədəbiyyatı, elm və incəsənəti də inkişaf edir. Hər dövrün öz lideri olmaqla yanaşı, onun öz ətrafına topladığı həmfikirləri də olur. Əgər belə adamlar xalqı arxasınca apara bilirsə, nitq söyləyirsə, deməli, natiqlik sənəti də xalqın ictimai-siyasi həyatı ilə bərabər inkişaf edir. O adamın ki, adı tarixə düşüb, deməli, dövrünün məşhur, sayılan şəxsiyyətlərindən biri olub. Məsələn, Alban - Aran dövlətinin hökmdarı, məşhur sərkərdə Cavanşir, şair Dəvdək, (onun adı Davdağ kimi də yazılır), Cavidan, Babək, Xətib Təbrizi, Xəqani, Fələki, Nizami, Nəsimi, Nəimi, Xətai, Füzuli, M.F.Axundov, Bakıxanov, S.Ə.Şirvani, Sabir.
XX əsrin əvvəllərində yetişən inqilabi natiqlər: N.Nərimanov, Məşədi Əzizbəyov, Məmmədyarov, cənubda S.C.Pişəvari, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Birya, Rahim Qazi, Cahanbaxş və başqaları.
Sovet dövründə S.Vurğun, M.İbrahimov, Şıxəli Qurbanov, Mehdi Məmmədov, tədris ocaqlarında fəaliyyət göstərən M.Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Əli Sultanlı, İsmayıl Şıxlı, A.Qurbanov, Bəkir Nəbiyev və başqa natiqlərin nitqi gənc nəsillərə örnək ola bilər. Adlarını sadaladığımız bu natiqlər müxtəlif dövrləri əhatə edir. Ona görə də hər biri xüsusi tədqiq olunmağa layiq sənətkardır. Burada onların bir neçəsinin yaradıcılığı ilə tanış olmağı məqsədəuyqün hesab etdik.
Dostları ilə paylaş: |