Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor



Yüklə 2,29 Mb.
səhifə1/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
  1   2   3   4   5   6   7   8   9   ...   27


Mövlana Cəlaləddİn

Rumİ


«Mənəvİyyat

məsnəvİlərİ»



Bakı - 2007
Elmi Redaktoru və sponsoru:

Fəlsəfə elmləri doktoru, professor

ağayar Şükürov-dur
Tərcümə:
Lənkəran Dövlət Universitetinin müəllimi
Şİrİnov Səfər Hökməlİ oğlunundur

Kompüter tərtibçisi:

məlahət Əlİağa qızı Qarayeva
Tərcüməçİdən

XIII əsrin ən məşhur sufi şairlərindən biri olan Mov­la­na Cəlaləddin Ruminin «Mənəviyyat məsnəvi­lə­ri»nin ikin­­ci dəftərini də bitirdim. Bu əsər altı «dəftər»dən iba­rət­dir. Əsər təsəvvüf ədəbiyyatının ən mükəmməl nümu­nə­si­dir.

Cəlaləddin Rumi 30 min beytlik divanın, «Mənəviyyat məsnəvi»ləri adlandırılan 47-min beytlik farsca yazılmış əsərin, «Fihi mafihi» («Əşyaların mahiyyəti») fəlsəfi və dini fəlsəfi əsərlərin müəllifidir. Cəlaləddin Rumi əsərlərinin demək olar ki, əksər hissəsini fars dilində yazmışdır. Lakin onun Türk dilində də şerləri vardır.

Cəlaləddin Ruminin ədəbi irsi bütün Şərq aləmində, həmçinin Avropada geniş yayılmışdır.

Qeyd etdiyimiz kimi, Cəlaləddin ədəbi irsinin əksər hissəsi fars dilində yazılmışdır. Lakin bu görkəmli şairin əsərləri son illərə qədər Azərbaycan dilinə tərcümə olunmamışdır. Yalnız Ruminin «Mənəviyyat məsnəvi»lərindən bəzi parçalar, yarımçıq şəkildə XX əsrin əvvəllərində ayrı-ayrı müəlliflər tərəfindən tərcümə olunmuşdur.

2001-ci ildən başlayaraq mən Cəlaləddin Ruminin «Mənəviyyat məsnəvilər»i dini-fəlsəfi əsərinin birinci dəftərini tərcümə etmişəm. Bu əsərin birinci dəftəri 2002-ci ildə «Adiloğlu» nəşriyyatında professor Ağayar Şükürovun köməkliyi ilə çap olunmuşdur. Mən ona səmimi təşəkkürümü bildirirəm!

2003-cü ildən başlayaraq əsərin ikinci dəftərinin tərcüməsinə başladım. 2004-cü ilin dekabrında ikinci dəftəri də bitirmişəm. Əsər çap olunmağa hazırdır. Ümid edirəm ki, bu əsərin oxucuları onu sevə-sevə oxuyacaq, mənəvi cəhətdən zənginləşəcəklər.




Səfər Hökməli oğlu Şİrİnov

Lənkəran Dövlət Universitetinin Fars dili müəllimi

Məsnəvi yazmadım ki, bir azca dincəlim mən,


Qan südə dönmək üçün, vaxt qazana bilim mən!

Ikinci kitabın epiqrafı


O ƏZİZ ALLAHIN ADI İLƏ!
İkinci cildin təxirə salınmasının səbəbinin bəzi hikmətlərini izah etmək məcburiyyətində qalmışam! Əgər Tanrının bütün hikmətləri məlum olsa da, onun faydasından bəndəniz bəhrələnməkdə aciz qaldığı üçün, Haqqı-Taalanın qurtarmaq bilməyən hikmətləri idrakımı viran edib, dağıda bilər. Onda mən bu faydalı işimi davam etdirə bilmərəm!

Beləliklə, Haqqı-Taala sonu olmayan hikmətlərinin cüzi bir hissəsini cilovlayıb həmin faydalı işə tərəf yönəltməzsə, əgər məni o faydadan xəbərdar etməzsə, məndə heç bir tərpəniş olmaz! Çünki məndə tərpəniş yaratmaq ondan irəli gələ bilər ki, Onun (Tanrı nəzərdə tutulur) məsləhəti olmuş olsun! Əgər Tanrının hikməti bir şəxsdən kənarlaşarsa, həmin şəxs heç bir yana tərpənə bilməz! Sanki əgər dəvənin burnunda cilov olmasa, o hərəkət etməz! Əgər cilovun bürün keçən hissəsi böyük və kobud olarsa, dəvə yenə də hərəkət etməz, xıxıyıb oturar!

Və innə min şəyin illa indəna xəzainuhu vəma nənziluhu illa biğədri məlum! -Yəni: - həqiqətən bizdə Onun xəzinələri vardır. O, həmin xəzinələri müəyyən, məlum miqdarda və ölçüdə, lazımi qədər nazil edir!

- Torpaq susuzdursa, kəsək olmaz! Və əgər su çox olsa, yenə də kəsək olmaz!


Vəssəmai rəfəəha və vədəəl mizan!- O səmanı qaldırdı və mizan-tərəzi qoydu!»

Və tərzuğu mən təsau biğəyri hisabin!- Sən kimə istəyirsən saysız-hesabsız ruzi verirsən!

Vəmnə ləm yəzuğ ləm yədri! -Kim görməmişdirsə bilməz!
Məndən eşqi sordular: - Bilmirsən necə olur?!

Dedim: - Ol mənim kimi, bilərsən necə olur!



Eşqi və məhəbbəti ona görə sonsuz hesab etmişlər ki, O Haqqın sifətlərindəndir!

Həqiqətdə isə onun bərabəri bəndələrə onların məzarıdır.

(Yuhibbuhum) – Yəni: O, onları sevir (istəyir). Daha doğrusu, O bəndələrini sevir!

(Yuhibbunəhu) – Bəndələr də onu sevirlərmi? Onlar da Onu sevirlərmi (istəyirlərmi)?! Bəs hansıdır (kimlərdir) və haradadırlar?!

Əlhəmdu lillahi Həqqin həmduhu vəssalatu əla Muhəmmədin və alihi!

- Həmd olsun Allaha! Həqiqətən Allahdır! Məhəmməd salavatullaha və onun əhlinə dua və səna olsun!

Bismillahirrəhmanirrəhim! -O əziz və mehriban Allahın adı ilə!

***


Məsnəvi yazmağımı təxirə saldım, bir az!

Qan südə dönsün deyə, möhlət də aldım, bir az!

Əgər dəvən doğmasa, sənə köşək verməsə?!

Qan südə dönməz heç vaxt, olmaz dadlı, xoşməzə!

Odur ki, Ziyaülhəqq Hüsaməddin, atını,

Göylərin mərkəzindən endirdi, din atını!

Çünki Haqq meracına o, atını çapmışdı,

Bahar olmadan onun, qönçələri açmışdı.

Elə ki, o dəryadan, sahilinə qayıtdı.

Məsnəvi, şer cəngində, qalib gəlib, yer tutdu.

Ruhlara sığal verən, həmin o məsnəvilər,

«İstiftah»1 məqamında, yenə qayıdıb gələr.

Hicrət altı yüz altmış iki illərdə idi,

Bu xeyirli, sevdalı tarix dillərdə idi.

Yerdən bir bülbül uçdu, yenidən yerə döndü!

O, mənalar ovundan ovlayıb, bura döndü!

Şah bazusu, qartalın yenə məskəni oldu.

Bu qapı xalqlar üçün mənayla qəni2 oldu.

Bu afətlər, bəlalar, havada bir şəhvətdir,

Yoxsa, burda yenə də şərbət içrə şərbətdir.

Ağzını sən bağla ki, görə biləsən əyan,3

Gözünü də yum, bağla, dünyada səssiz dayan!

Ey, sənin öz ağzın da, san cəhənnəm ağzıdır!

Həmçinin bu cahanın, sanki bir qəm ağzıdır!

Əbədi Nur həmişə, dünya varıyla birgə!

Saf süd də həmişəlik, qan damarıyla birgə!

Ehtiyatsız əgər sən vursan onun qapısın,

Sənin südün qan olar, qan edərsən hamısın!

Nəfsin zövqünə vurdu, Adəm övladı qədəm,

Nəfsin gücüylə düşdü, Cənnətdən ayrı Adəm.

Onu div kimi bilib, Mələklər qaçırdılar,

Yemək əldə etməkçin, hər yerə uçurdular.

Əgər günahkar abid, olsa işin bacarmış,

Sanki, O tükə dönmüş gözlərində cücərmiş.

Adəmin gözlərində bir qədim Nur tək idi,

Tük onun gözlərində bir isti qor tək idi.

Əgər o vəziyyətdə etsəydi bir məşvərət,

Heç peşiman olmazdı, istəməzdi məzərət.4

Çünki bir ağıllıyla, ağıllı qoşalaşdı,

Pis əməlin mayəsi qarışdı, çox dolaşdı.

Bir nəfs, başqa nəfs ilə dostlaşaraq yar oldu,

Ağılın bir hissəsi, çox tənbəl, bekar oldu.

Əgər tənhalığında, bir ulduz kimi olsan?!

Qaranlıqlar altında, Günəşlə yar olarsan.

Get axtar Haqq yarını, tezliklə yubanmadan,

Əgər sən belə etsən, Haqq yarın, həmin andan.

Kim ki, gizlində baxıb, diqqətlər göstəribsə?!

Sən bil axır hardansa, «Yardan» öyrənib, nəsə.

Əğyardan qaçmalısan, O Yardan yox, əzizim!

Yapınca qışdan ötrü, bahardan yox, əzizim!

Ağıl başqa ağılla, qoşalaşsa daha sıx,

Nurun, nurluğu artar, işıqlaşar yollar çox.

Nəfs, başqa bir nəfs ilə olarsa, xəndan artıq,

Olar zil qara zülmət, yollarsa pünhan, artıq.

Ey ovçu yarın sənin özünün gözündədir,

Öz gözünü çör-çöpdən, təmizlə sən birbəbir.

Dilini süpürgə tək, gözündə sən hərlətmə,

Gözümü çör-çöplərdən təmizlədim, fəxr etmə!

Çünki mömin həmişə olmuş mömin aynası,

Aynanın toz-torpaqdan, yaxşıdır pak olması.

«Yar» da bir ayinədir, dərdli olanda cana,

Ayna əgər candasa, sən nəfəs vurma ona.

Ki, ayna öz üzünü, örtməsin nəfəsindən,

Nəfəsi udmalısan, doymamısansa ondan.

Torpağın azlığından, torpaq yarını tapdı,

Bahardan yuz minlərlə, o ənvarını tapdı.

Hansı ağac cütləşər, özünün yarı ilə,

Çiçəklənər, tanınar bəhəriylə, barıyla.

Xəzan da gördüyüyçün, özgə xislət yarını,

Çəkər yorğan başına, tökər meyvə, barını.

Dedi: - Pis yar həmişə, bəlalar gətirəndir,

O gəlsə öz vaxtını yatmaqla itirəndir.

Xülasə yatmış olsam, «Əshabi-Kəhf»də qalsam,

Dəqyanusun5 zülmündən, mənə xoş, daş da olsam.6

Onların oyanması, Dəqyanusa sərfəli,

Orada yatmaları, bil namusa sərfəli.

Yatmaq ayıqlıq kimi, çünki elm ilə birgə!

Vay elə ayıqlığa, nadanlıq onla birgə!

Gülüstan da qursalar, yuvaların qarğalar?!

Bülbüllər gizlənərlər, bağ sükuta qərq olar.

Gülüstanın yoxluğu, bülbülü susdurandır,

Günəşin qeyb olması, ayıq yatızdırandır.

Günəş, tərk edərsənsə, gözəl gülşəni əgər?!

Kim bu yer ilə, göyü, öz nuruna qərq edər?!

Günəş mərifətinə irad tutmağa söz yox,

Şərqdən o doğulmasa, canlı ilə, cansız yox!

Xüsusən olsa əgər, kamal günəşi nurlu,

Gecə-gündüzün olar, işi-gücü uğurlu.

Ey Şəms, xəbərdar ol sən, kədərlə birsən əgər?!

Sonra haraya getsən, olacaqsan xoşsəfər.

Ondan sonra, hər yerin üzü məşriqə olar,

Şərqlər həmişə, daim qərbə aşiqtək qalar.

Gecəquşu duyğusu, həmişə qərbə qaçar,

Dürr saçanın duyğusu, birbaşa şərqə qaçar.

Duyğu yolu, ulaqlar yoludur, ey süvari?!

Ey ulaqlar incidən, həyanı qoru barı?!

Əlavə beş duyğu var, bu beş duyğu hiss kimi,

O duyğu qızıl kimi, bu duyğusa mis kimi.

O bazarda tənbəllik, məşhərdə tənbəl kimi,

Mis olan duyğuları, alarlar bir ləl kimi.

Pislərin duyğuları, zülmətdən quvvət alar,

Canların duyğuları, Günəşdən həyat alar.

Ey duyğu surətini qeybə tərəf çevirən?!

Musa kimi sən də bir çıxart əlin cibindən.

Ey olan sifətləri, bir mərifət günəşi?!

Fələkdə olan Günəş, hər bəndənin məhvəşi7.

Gah bir Günəş tək günəş, gah da dəniz olursan,

Gah olursan Qaf dağı, gah onun Ünqasısan.8

Sən öz zatı pakında, nə bu, nə o olursan,

Qorxunun təsirindən, qorxaqlıqla dolursan.

Ruh həmişə elm ilə, bir də kamalla dostdur,

Ərəb, Türklə nə işi, eyni amalla dostdur.

Sən də ki, ey xeyirsiz, çoxlu surların ilə,

Bənzətmə, müvəhhidlik9, tərs uğurların ilə,

Gah bənzətmə, gah da ki, müvəhhidlik edirsən.

Gah müvəhhidlikliyinlə, yol kəsməyə gedirsən.

Gah sənə deyirlər ki, məstlikdə Bul Həsənsən,

Gah yaşı çox az olan, gah təzə-tər bədənsən.

Gah özün amalını, viranə çevirirsən,

Əxlaqi saflıq üçün, cananə çevirirsən.

Gözlərin duyğusunun, məzhəbdən çıxması var!

Ağıllı baxışların, vüsala axması var!

Dini yol azmaların, çox ağır duyğusu var!

Özün sünnü göstərib, kəc yolda uyğusu var.

Hər kim, duyğuda qalsa, dindən dönmə kimidir,

Əgər desə sünniyəm, cəhlə enmə kimidir.

Kim ki, duyğudan çıxsa, həqiqi Sünnü odur!

Bilik əhli o şəxsdir, duyğu gözü bağlıdır.

Kim ki, Haqq düşünərkən, görərsə Ayətləri,

Bil ki, Haqqına yaxşı edir, itaətləri.

Heyvani duyğularla, kim ki, görərsə Şahı?!

Sanki, öküzlə – ulaq, görmüş olur Allahı.

Yoxdursa özgə duyğun, oyanmamışsa əgər?!

Heyvani duyğulardan beyninə girə bilər.

Bəni Adəm, bəs nə vaxt, mükərrəm10 olacaqsan?!

Şərik duyğuyla haçan naməhrəm olacaqsan?!11

Sənə təsvir etməyən, ya da edən dedilər,

Surətdən çıxmağına, batil gedən dedilər.

Təsvir edən, etməyən, Onun Dərgahındadır!

Hamı beynə bağlıdır, O Təkin yanındadır!

Kor olmuş olsan da sən, nadanlıq yoxsa əgər?!

Onda səbrini bas sən, səbrin sevinc gətirər.

Gözün pərdələrinin, dərmanı da səbirdir,

Həm yandırar, yaradar, həm də şərh edər bir-bir.

Ürəyin ayinəsi, tər gül tək, təmiz olar,

Sudan, torpaqdan qeyri, şəkil tər-təmiz olar.

Həm şəkli görəcəksən, həm də şəkil çəkəni,

Həm dövlətin gücünü, həm də fərraş əzəni.

Xəlil gəldiyi üçün, xəyalən «Yar» yanına,

Surəti bütə dönmüş, məna, büt sındırana.

Şükr olsun Allaha ki, gördüm peyda12 anını,

Xəyalında gördü o, xəyalının canını.

Dərgahının torpağı qəlbi tora salırdı,

Külü üstündə idi, küldən səbir yağırdı.

Dedim: - Olsam mən yaxşı, ondan bunu alaram,

Lakin o güldü mənə, nifrətlə, aram-aram.

Yalnız çarəsi odur, öz-özümü edim ram,

Yoxsa o gülər mənə, mən ondan nə alaram?!

O, gözəldir camalda, həm də «Yuhibbul camal»13

Cavan qəbul edərmi, olmusansa «pirü-zal»14

Gözəl, gözəl sayılır, qorusa gözəlliyin,

Yaxşılıq yaxşılığı hər vaxt cəzb edər, yəqin.

Hər bir şeyə baxsan sən, diqqətlə nəzər salsan!

Özü- öz cinsi ilə gəzər, Mənəvi, asan!

Dünyada hər bir şeyin, bir şey cəzbini edir,

Isti istinin, soyuq, soyuq dalınca gedir.

Batil tərəfdarları, batillərini çəkir,

Axirət sevənlərsə, öz güllərini çəkir.

Cəhənnəmliklər sevir cəhənnəmlik olanı!

Nurun tərəfdarları, sevir nurla dolanı!

Safları, sufiləri, sufidinlilər sevər,

Əzabı-əzabkeşlər, qara günlülər sevər.

Zünnarı-zünnarçılar, sevər onla olanlar,

Rumlu-rumlular ilə, iş qurar, faydalanar.

Gözünü bağladınsa, qəm-qüssə tutar səni,

Işıltı verərmi heç göz nurunun yerini,

Sənin qəm-qüssən yenə nuru gözə cəzb edər,

Nəhayət qovuşar tez, nur Günəşdən nur udar.

Açıq göz qəm çəkərsə, bilmə özündən onu,

Bil ki, qəlbin gözləri, bağlıdır aç sən onu.

Sən iki gözlə, qəlbin xahişlərini tanı,

Çünki o daim arar, bənzətməsiz ziyanı.

O iki dəyişkən nur, fəraqda olduğundan,

Qəm-qüssə gətirəcək, göz açıq olsa, ondan.

Bu iki əbədi nur, fəraqdadırsa əgər?

Qoru onu, qəm-qüssə sonda, yenə gətirər.

Ona da baxmağımı, istəyərsə o əgər?

Mən cəzbinə layiqəm, məni özünə çəkər.

Əgər lütfü olan kəs, getsə çirkin dalınca?

Könüllü yox, güc ilə, ələ alınar məncə.

Ey əcəb, görə billəm nə vaxt mən öz əksimi?!

Rəngim olsun gündüzüm, ya da ki, gecəm kimi.

Öz canımın əksini, uzun zaman axtardım.

Heç kimdə tapammadım, kim etsin mənə yardım?!

Dedi: - Axı ayinə, nədən ötrü, nə üçün?!

Dedilər ki, qoy görsün hər kim orada özün.

Dəmirin ayinəsi, rənglər boyalar üçün,

Can siması aynası, qiymətli onlar üçün.

Canın aynası deyil, yarın üzündən uzaq,

O yar olmasın gərək, yarın özündən uzaq.

Dedi:- Ey dil, axtar sən, küllün ayinəsini,

Vur özünü dənizə, eşitmə çay səsini.

Bu tələblə bəndə də sənin yanına gəldi,

Məryəmin ağrısını, xurma dibi də bildi.

Sənin öz baxışların qəlbimi gördü darda,

Yüz görülməmiş ürək, qərq oldu baxışlarda.

Küllünün aynasında gördüm axır özümü,

Sənin göz daxilində, gördüm mən öz gözümü.

Dedim: - Axır ki, mən də özümü dolu tapdım,

Onun iki gözündə, işıqlı yolu tapdım.

Dedi: - Bil xəyalındır, məni qorxuya salan!

Özündə olan zatı, xəyaldan bil, sən oyan!

Gözündən əksim mənim, səslənib səslər verdi,

Ki, mən sənəm, sən də mən, bir olduğumuz yerdi.

Əbədi yox olmayan gözlər var, nurlu-nurlu,

Həqiqətdən savayı, xəyalin varmı yolu?

Iki qoşa gözlərdə sənlə-mən olsaq sirdaş?!

Özgə əks görünərsə, bir xəyal bil, uzaqlaş.

Kim yoxluq sürməsini çəkərsə gözlərinə,

Şeytanın təsvirindən, badə dəyər dilinə.

Xəyallarla yoxluğun, evidir onun gözü,

Yoxluqları var görür, şübhəsiz Onun özü!

Elə ki, Zülcəlalım, gözümə sürmə çəkdi,

Varlığın evi oldum, xəyal məndən əl çəkdi.

Gözünün qarşısında bir tük qalarsa əgər?

Xəyalında gövhərə, ya da zümrüdə dönər.

Zümrüd ilə gövhəri, ayırd edə bilsən sən?!

Bütün xəyallarından, ibrət ala bilərsən!


Ömərin xəlifəliyi zamanında bir şəxsin xəyalı halal bilməsi və onun tənbeh olunması hekayəti
Bir hekayət eşitsən, ey gövhərlər tanıyan?

«Zahirlə», «Bənzətmə»ni dərk et, yuxudan oyan!

Ömərin zamanında, orucluq ayı idi,

Bir şəxs dağa qalxaraq, ayı görmək istədi.

Məqsəd Ayı görməkdi, Hilalı tutmaqdı fal.

Bir başqası söylədi: - Ey Ömər, budur Hilal!

Ömər baxdı səmaya, Ayı görmədi tamam.

Dedi: - Xəyal görmüsən, xəyalə yoxdur inam.

Yoxsa səmaları mən səndən yaxşı görürəm,

Bəs o pak Hilalı mən, nədən olur görmürəm?!

Dedi: - Əlini islat, sürt alına, sürt başa,

Ondan sonra nəzər sal, səmaya bax birbaşa.

O, islatdı qaşını, baxdı Ay görünmədi,

Dedi: - Ey şah, yoxdur Ay, yox oldu, bilinmədi?!

Dedi: - Bəli, qaşının tükü olmuşdur kaman,

Sənə tərəf atmışdır oxu, edəsən güman.

Çünki tükünün biri əyri olmuş qaşında,

Təzə ayın şəklini yaratmışdır başında.

Əyri tük bir pərdə tək, olsa dünyaya birdəm?!

Bütün işlər dəyişər əyri olar dəmbədəm.

Birinin əyri tükü, onun gözünü tutdu,

Yalandan Ayı gördüm, deyib Haqqı unutdu.

Düzəlt hər əməlini, öyrən onu düzlərdən,

Dikbaşlıqla yan keçmə, Dərgahdakı izlərdən.

Tərəzinin bir gözü, o birin də düz edər,

Həmçinin o birindən o, irini az edər.

Hər kimin çəki daşı əyriylə həmdaş oldu,

Kasıblıq tutdu onu, başı daşa tuş oldu.

Sən get həmin yolu tut, «Şiddau ələl küffar»!15

Külü əğyara səp ki, onu edəsən dildar.

Əğyarın başında sən qılınc kimi iti ol!

Tülkü tək yaltaqlanma, şirtək şir cürətli ol!

Qeyrətindən dostların, ayrılmasınlar səndən,

Çünki tikan olanlar, daha pisdir düşməndən.

Od vur canavarlara, bu işi bilən kimi,

Çünki bu canavarlar, Yusifə duşmən kimi.

«Can bala» deyər sənəİblis öz hiyləsiylə,

Səni aldadar yenə, xain div öz səsiylə.

O, biclik, fırıldaqla, babanla büsat etmiş!

Adəmi, qara qəlbi, hiyləsiylə mat etmiş!

Şahmat başında olan, çevikdir həmin fiqur,

Sən oyunu oynama, gözlərin yuxuludur.

Çünki vəzir fiqurun, çoxlu fəndləri vardır.

Hülqumunu tutmağa, çoxlu bəndləri vardır.

Boğazda qala bilər, illərlə nəfsin çöpü,

Nədir çöp? – Cah-calala hədsiz həvəsin çöpü.

Çör-çöp nə olan şeydir, qiymətsiz, keyfiyyətsiz,

Behişt suyuna qarşı, boğazda hərəkətsiz.

Əgər quldur aparsa malını, dövlətini,

Atalar halal demiş, oğrunun zəhmətini.


Bir şəxsin, bir ilantutanın ilan torbasını oğurlaması, ilanın oğrunu çalıb öldürməsi hekayəti
Bir oğru, ilançıdan, ilan oğurluq etdi,

Əbləhlikdən ilanı qənimət bilib, getdi.

Qurtuldu ilantutan, ilandan qəhər ilə,

Ilan öldürdü zar-zar oğrunu zəhər ilə.

Ilançı, o oğrunu görcək, tanıdı onu.

Dedi: - Öz canı ilə verdi ilan pulunu.

Ürəyimdə, qəlbimdə edirdim duanı mən,

Kaş tapaydım oğrunu, alaydım ilanı mən!

Şükr olsun Allaha ki, duamı bədəl16 etdi,

Ziyan başa düşürdüm, xeyrə mübəddəl17 etdi.

Çoxlu dualar vardır, sonda gətirir həlak,

Kərəmindən eşitmir, bəzən O Yəzdani-pak.18

Məsləhəti – məsləhət çağırar düzgün yola,

Məsləhəti eşidər, qayıdar bir gün yola!

O duanı söyləyən, şübhələnər, şəklənər,

Zənnini pisə yozar, pis başına ələnər,

Başa düşməz özünə dərd-bəla istəmişdir,

Haqqı öz kərəmindən bəla göstərməmişdir.




Yol yoldaşlarından birininİsa Məsihdən sümükləri diriltməyi xahiş etməsi

Isa Məsihlə bir gün bir əbləh oldu yoldaş,

Bir qəbirdə sümüklər görüb dedi: - Ey «qardaş»!

Sənin adın məşhurdur,İsa «Ruhullah»19 kimi!

Ölüyə can verirsən, Sən də Bir Allah kimi!

Bu sirri mənə öyrət, edim hamıya ehsan!

Sümüklərə can verib, həyatı edim asan.

Dedi: - Sus! Çox danışma, bu sənin işin deyil!

Nəfəs vermək, can vermək sənin yerişin deyil!

O nəfəs olmalıdır, yağışlardan daha pak!

Hərəkətdə, yerişdə mələklərdən daha pak!

Ömür son nəfəsədək, saf dinə olmalıdır!

Imanda, Tanrı üçün xəzinə olmalıdır!

Bax, özün də tutmusan, sağ əlinə sən əsa!20

Musa əlinə oxşar, əl varmı tutsun əsa?!

Dedi: - Mən deyiləmsə, sirlər oxuyan əgər?

Sən də sümüyə ad ver, gör başına nə gələr?

Isa dedi: - Ey Rəbbim, bu nə sirdir ki, belə?!

Bu əbləhin beynində istək nədir ki, belə?!

Özü xəstə olsa da öz qəmində deyildir?!

Bu murdarı neyləyim, öz dəmində deyildir?!

Özü bir ölü kimi öz halına yanmayır?

Başqa ölü diriltmək, arzusun bəyanlayır?!

Haqq dedi: – Bədbəxt özü, başqa bədbəxti anar!

Tikan, tikan olsa da tikanlığını danar!

Hər kim tikan toxumu, əksə cahanımızda!

Heç axtarma onu Sən, bu gülüstanımızda!

Əgər o gül götürsə ovcuna tikan olar!

Və əgər yar olarsa, sonuçda ilan olar!


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin