Ceyhun məMMƏdov



Yüklə 73 Kb.
tarix02.01.2022
ölçüsü73 Kb.
#47542
AZƏRBAYCANDA TOLERANTLIQ


AZƏRBAYCANDA TOLERANTLIQ
Ceyhun MƏMMƏDOV

İlahiyyat üzrə fəlsəfə doktoru, AMEA-nın akad. Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi

Dünyada sabitliyi qoruyub saxlamaq üçün ilk növbədə insanlar arasında mehribanlıq və qarşılıqlı anlaşma təmin olunmalıdır. Mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dinlərə etiqad edən insanların adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə bə inkişafa nail olmaq qeyri-mümkündür.

Müasir dövrdə dövlətin, dini icmaların, eləcə də, bütün xalqların başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidır. Təbii ki, cəmiyyətdə dözümsüzlük meylləri baş qaldırarsa, insanlar arasında münasibətlər daha da kəskinləşər və dünyada yeni münaqişə ocaqları yaranar. Qarşıdurmaların baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət keyfiyyətləri aşılanmalıdır.

Tarix boyu müxtəlif dinlərə və məzhəblərə etiqad edən xalqlar arasında günahsız insanların ölümünə səbəb olmuş dini zəmində bir çox müharibələr baş vermişdir. Bu qarşıdurmalar əsasən cəmiyyətdə dini dözümsüzlük və təəssübkeşlik hisslərinin baş qaldırması nəticəsində yaranmış və qarşısıalınmaz prosesə çevıilmişdir. Bu gün də dünyanın bir sıra ölkələrində bu təhlükə öz aktuallığını qoruyub saxlamaqdadır.

Mehribanlıq, səmimiyyət və qarşılıqlı sevgi kimi ülvi dəyərləri yaymaq məqsədilə bəşəriyyətə göndərilən dinlərdən bəzən insanlar arasınsa qarşıdurma yaratmaq məqsədilə də istifadə olunmuşdur. Mənsub olduğu dinin yayılmağa daha çox haqqı olduğunu düşünən, öz dinindən başqa heç bir dini qəbul etməyən insanlar digər dinlərə qarşı səlib yürüşü elan etmiş və nəticədə yüzlərlə günahsız insanın qanı axıdılmış, bir çox ibadət evləri dağıdılmışdır.

Bütün səmavi dinlərdə, eləcə də sonuncu din olan islamda digər dinlərin nümayəndələrinə qarşı dözümlü və ədalətli davranmaq vacib əməllərdən hesab olunur. İnsanlar arasında ayrı-seçkilik salmaq, onlarla rəftarda din və məzhəb fərqliliyini əsas götürmək günah əməllərdən sayılır.

Allah-təala insanları qəbilə və xalqlar halında yaratmışdır. Hər bir xalqın özünə xas mədəniyyəti, həyat tərzi və adət-ənənələri mövcuddur. İnsanların xalqlara və qəbilələrə ayrılmasındakı hikmətə diqqəti çəkmək üçün Qurani-Kərimdə buyrulur: "Ey insanlar, Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq" (Qaf, 13). İnsanların fərqli yaradılmasında, qəbilə və millətlərə bölünməsində məqsəd bir-birini inkar etmək, qarşıdurma yaratmaq deyil. Əsas məqsəd yer üzərində sülh və barışa nail olmaq, insanların dinc, yanaşı yaşamasıının təmin edilməsidir. Quranın digər bir ayəsində isə buyrulur: "Əgər Rəbbin istəsəydi, bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi" (Hud, 118). Şübhəsiz ki, Allah-təala istəsəydi bütün insanları tək bir ümmət olaraq yaradardı. Lakin O, bir-birilərini tanımaları, mədəniyyətlərindən bəhrələnmələri üçün insanları xalq və qəbilələrə ayırmışdır.

Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə dözümlülük baxımından dünyanın bir çox ölkələrindən fərqlənir. Belə ki, Azərbaycanda tarixən bir çox xalqlar, etnik azlıqlar məskunlaşmışdır. Əsrlər boyu onlar Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatmışlar. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuşduğu bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu böyük din olan islamadək bütün dinlər Azərbaycanda yayılmışdır. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri, zəngin mənəvi irsi qorunub saxlanılır.

Tarix boyu müxtəlif dinlərə etiqad edən insanlar Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycanda mövcud dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olmuş, milli, irqi, dini ayrı-seçkilik müşahidə olunmamışdır. Müxtəlif dinlərə etiqad edən insanlar mehriban dir ailə kimi yaşamışlar.

Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif dinlərə və məzhəblərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışmışdır. Bu hümanist ənənə bu gün də qorunub saxlanılır. Respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Son dövrlər ölkəmizdə məscidlərlə bərabər sinaqoq və kilsələr də inşa olunur.

Digər də din və mədəniyyətlərə dözümlü münasibət Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən, xoş məramından irəli gəlir. Sonuncu din olan islamın Azərbaycanda geniş yayılması da bu ənənənin yaranmasına öz təsirini göstərmişdir. Qurani-Kərimdə buyrulur: "Dində məcburiyyət (zorakılıq) yoxdur" (əl-Bəqərə, 256). İslam hər hansı bir dini zorla insanlara qəbul etdirməyin tərəfdarı deyildir.

Eyni zamanda Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasında, ernik və dini qruplar arasında möhkəm birliyin yaranmasında, sülh və barışın hakim olmasında ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi də böyük rol oynamışdır. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali dini baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə aparmışlar.

Onu da qeyd edək ki, Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir, ancaq buna baxmayaraq Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu müddəa təkcə qanunda deyil, real həyatda da öz əksini tapmışdır. Azərbaycanda hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.

Bu gün dünyanın bir çox ölkələrində insanlarm yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Yəhudi, xristian və müsəlmanlar ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bu gün ölkəmizdə müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər.

Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məs- kunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki. burada yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış. əksinə. daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Azərbaycanda yəhudilər üç icma ilə - dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Ölkəmizdə yaşayan yəhudilərin böyük əksəriyyətini əsasən, Bakı. Quba və Oğuzda məskunlaşan dağ yəhudiləri təşkil edir. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar.

Azərbaycanda hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alın- mışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir.

2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə ve- rilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada misli görünməmiş hadisələrdəndir.

2003-cü ilin sentyabr ayında Bakıda "Or-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.

Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir. Xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır.

Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Onu da qeyd edək ki, kilsəni 1907-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və dindarların istifadəsinə verilmişdir. Kilsənin açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri iştira etmişlər. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət gəstərir.

2003-cü ilin aprel ayında Rum Patriarxı LL Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı Ümummilli Liderimiz Heydər Əliyev də qəbul etmişdir.

1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı mövcud dini dözümlüyü yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.

Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur.

Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi və katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilmişdir. Azərbaycan hökümətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etmişdir. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunmuşdur. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır. Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf etmişdir.

2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri və xarici qonaqlar da iştirak etmişdir.

Azərbaycanda tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verdiyini göstərir.

Tam əminliklə deməyə əsas var ki, müstəqil Azərbaycan dövlətində dini tolerantlığın bərqərar olması üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, bütün dinlərin ardıcıllarının tam bərabər hüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır.

Bu gün əsas vəzifəmiz bu zəngin irsin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasıdır. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətidir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən dərhal alınır bə bundan sonra da alınacaqdır.


Yüklə 73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin