Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
  1   2   3   4   5   6   7   8   9   ...   27

AFAQ  YUSİFLİ  İSHAQLI 
 
 
 
 
 
 
 
XVII ƏSR 
QƏRBİ AVROPA ƏDƏBİYYATI 
 
Ali məktəb tələbələri üçün dərs vəsaiti 
 
 
 
Azərbaycan Respublikası 
Təhsil nazirinin 
16 may 2012-ci il tarixli 
837 saylı əmri ilə nəşr 
olunur. 
 
 
 
 
BAKI – 2012 

Afaq Yusifli İshaqlı 
 
 

 
 
Elmi redaktor: Əlyar Səfərli 
                           AMEA-nın müxbir üzvü 
Rəyçi: Nəzakət Əliyeva 
            filologiya üzrə fəlsəfə doktoru  
 
Afaq Yusifli İshaqlı.  
XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı.  
481 səh. 
 
Qərbi  Avropa  ölkələri  ədəbiyyatının  müxtəlif  dövrləri,  ədəbi 
hadisələri və şəxsiyyətləri haqqında Azərbaycanda müxtəlif xarakterli bir 
sıra  əsərlər  yazılıb  çap  edildiyi  halda  XVII  əsr  Qərbi  Avropa  ölkələri 
ədəbiyyatı haqqında sistemli məlumat verən heç bir əsər yoxdur. Müəllif 
bu cəhəti nəzərə alıb XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı haqqında 
sistemli,  ardıcıl  və  yığcam  məlumat  verən  bir  kitab  hazırlamışdır. 
Kitabda  italyan,  alman,  ingilis,  ispan  və  fransız  ədəbiyyatlarından  əsas 
hadisə  və  şəxsiyyətləri  gözdən  keçirilmiş,  bu  və  ya  başqa  bir  ədəbi 
hadisənin  ictimai,  tarixi  kökləri  araşdırılmışdır.  Əsrin  Lope  de  Veqa, 
Molyer, Kornel, Rasin, Milton, Kalderon və başqa nümayəndələri barədə 
ayrıca  oçerklər  verilmişdir.  Kitab  yazılarkən  müəllif  rus  dilində  olan 
ədəbiyyatdan  bəhrələnmiş,  xarici  ölkələr  ədəbiyyatı  üzrə  apardığı 
mühazirələrdən istifadə etmişdir. 
Kitab ali məktəb müəllimləri, tələbələr və Qərbi Avropa ölkələri 
ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 

   Afaq  Yusifli  İshaqlı, 2012  
 
 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 

 
 
 
XVII YÜZİLLİYİN QƏRBİ AVROPA 
ÖLKƏLƏRİ ƏDƏBİYYATI 
 
İstər  tarixşünaslıqda,  istərsə  də  ədəbiyyatşünaslıqda 
XVII  əsr  Qərbi  Avropa  xalqlarının  tarixində  keçid  dövrü 
kimi  səciyyələnir.  Bir  tərəfdən  İntibahla,  digər  tərəfdən 
Maarifçiliklə bağlı olan, onların hər ikisi ilə müxtəlif şəkildə 
bağlanan XVII əsr mahiyyət etibarilə bu dövrlərin heç biriylə 
eyniləşmir,  tam  doğmalaşmır.  Onu  İntibah  və  Maarifçiliklə 
birləşdirən cizgilər ayıran keyfiyyətlərdən daha azdır. İntibah 
və  Maarifçiliyə  nisbətən  XVII  əsr  daha  mürəkkəb  daxili 
ziddiyyətlərə malikdir. İntibah dövrünə nisbətən XVII əsrdə 
qabaqcıl  sosial-siyasi  qüvvələrin  mübarizəsi  daha  yüksək 
ictimai 
inkişaf  sayəsində  aparılır.  Eyni  zamanda 
mühafizəkar,  mürtəce  qüvvələrin  də  çox  güclü  tərzdə 
fəallaşması müşahidə olunur. Tarixin irəliyə doğru hərəkətini 
dayandırmaq  feodal  dünyasının  parçalanmasının  qarşısı 
almaq  üçün  çox  ciddi  addımlar  atılır.  Bu  addımlar  bəzi 
hallarda  uğurla  nəticələnir. 
Bu  əsrin  mürəkkəbliyi, 
ziddiyyətlərinin  kəskinliyi  birinci  növbədə  buradan  irəli 
gəlir. 
XVII əsri İntibah və Maarifçilikdən fərqləndirən mü-
hüm  əlamətlərdən  biri  onun  keçid,  ara,  orta  mərhələ  təşkil 
etməsidir.  Daha  doğrusu,  təzə-təzə  təşəkkül  tapan,  get-gedə 
qüvvətlənən  burjua  münasibətlərinin  təzyiqi  altında 
feodalizmin tədricən süquta uğraması prosesində ara mərhələ 
olmasıdır.  İntibah  dövrü  bu  hərəkatın  başlanğıc,  Maarifçilik 
isə  yekun  mərhələsidirsə,  XVII  əsr  irəliyə  doğru  hərəkət 
zəncirində orta həlqəni təşkil edir. 
Artıq  XVII  əsrdə  iki  sosial-iqtisadi  sistemin  toq-

Afaq Yusifli İshaqlı 
 
 

quşması nəticəsində Niderlandiya və İngiltərədə yeni burjua 
dövlətinin  ilk  nümunələri  meydana  gəldi.  Yeni  iqtisadi 
sistemin  oyanmaqda  olan  qüvvələrindən  ilk  zərbələr  alan, 
müvazinətini  itirən  feodalizmi  tamamilə  məhv  etmək  üçün 
bir əsrlik vaxt lazım idi. XVII əsrin ədəbiyyatını öyrənərkən 
o  vaxt  Qərbi  Avropa  ölkələrində  baş  verən  tarixi  döyüşləri 
mütləq nəzərə almaq lazımdır. 
XVII  əsr  ədəbiyyatı  və  bütünlükdə  dövrün  əqli 
hərəkatını  İntibah  dövrünün  nailiyyətlərini  nəzərə  almadan 
düzgün başa düşmək və qiymətləndirmək çətindir. Çünki bu 
dövrün  bütün  ən  mühüm  hadisələri  bu  və  ya  başqa  şəkildə 
özündən  əvvəlki  tarixi  mərhələnin  axtarışları,  kəşfləri, 
mübarizələri  ilə  bağlıdır.  İntibah  mərhələsinin  nəhəng 
kəşfləri  xalqların  şüurunu  yerindən  oynatdı,  orta  əsrlər 
gerçəkliyinin  ənənəvi  həyat  normalarını  sarsıtdı.  Müasir 
materializmin banisi, ingilis filosofu Frensis Bekon məhz bu 
cəhətə  işarə  edərək  yazmışdır:  "Kitab  çapı,  barıtın  və 
kompasın  kəşfi  insan  münasibətlərinə  elə  bir  təsir  göstərdi 
ki, heç bir hakimiyyət, heç bir təriqət, heç bir ulduz belə bir 
təsirə malik olmamışdır". 
XV  əsrin  sonlarında  Amerikanın  kəşfi,  Kopernikin 
heliosentrik sisteminin meydana çıxması, antik mədəniyyətin 
dirçəlməsi insanların təsəvvürlərini alt-üst etdi, yerin coğrafi 
quruluşu  haqqındakı  fikirlər  dəyişdi,  insanlar  kainata  başqa 
cür  yanaşmağa  başladılar,  humanist  alimlərin  antik 
mədəniyyəti  dirçəltmələri  bəşər  tarixinə  baxışda  inqilab 
yaratdı,  xristianlıq  ideologiyasına  əsaslanan  orta  əsr 
dünyagörüşünün saxtalığını, əsl mahiyyətini üzə çıxartdı. 
Burjuaziyanın  ictimai  həyatda  mövqeyi  gücləndikcə, 
qüvvətləndikcə  ticarəti,  daxili  iqtisadi  inkişafı,  ordunun 
silahlandırılması və dənizçilik işini öz əlinə aldı. O, elmlərin 
və  materialist  dünyagörüşünün  praktik  əhəmiyyətini  başa 
düşdüyündən  yeni  elmi  axtarışlara  tərəfdar  çıxdı.  İnkişaf 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 

etməkdə  olan  yeni  istehsal  qüvvələri  elmdən  yeni-yeni 
axtarışlar,  tapıntılar,  ixtiralar,  kəşflər  tələb  etdi.  Azad  əmək 
bazarına və hər cür qayda-qanundan, məhdudlaşdırmalardan 
azad  bazara  maraqlı  olan  burjuaziya  bərabərlik,  milli 
quruculuq  haqqındakı  humanist  ideyaları  müdafiə  etdi, 
ölkənin ərazi, mədəniyyət və dil birliyi, məhəlləçilikdən azad 
olması  meyllərinə  tərəfdar  çıxdı.  Hələ  təzə  həyata  atılan 
burjuaziyanın  ideoloqları  olan  İntibah  dövrünün  xadimləri 
bəşəriyyətin  gələcəyi  üçün  yol  açırdılar.  Bir  cəhəti  nəzərə 
almaq  lazımdır  ki,  İntibah  dövrünün  idealları,  qayə  və 
məqsədləri  burjuaziyanın  sinfi  vəzifələrinin  çərçivəsinə 
sığınmışdı, ondan çox-çox geniş və yüksək idi. Lakin həmin 
tarixi  mərhələdə  onlar,  hər  şeydən  əvvəl,  burjuaziya  ilə, 
burjuaziyanın  qarşısında  duran  praktik  məqsədlərlə  əlaqəli 
idi. 
Burjuaziyanın  simasında  güclü  mərkəzləşmiş  kral 
hakimiyyətinə  əlverişli  tərəfdar  tapan  Avropa  hökmdarları 
XVII  əsrdə  elm  və  incəsənətin  inkişafına  qayğı  göstərir, 
sənətkarları  əzizləyir,  onlara  vəzifələr,  rütbələr,  mükafatlar 
verir, kilsəyə qarşı cəsarətli hücumlarına göz yumurlar. Yeni 
ideologiyada,  yeni  baxışlarda  necə  bir  odun,  alovun 
gizləndiyini  axıra  qədər  başa  düşməyən  ən  yüksək  kilsə 
xadimləri də, hətta katolikliyin beşiyi olan Roma da ümumi 
rəyin,  dəbin  təsiri  altına  düşür.  Papa  X  Lev  özü  ətrafına 
alimlər,  rəssamlar,  heykəltəraşlar  toplayır,  İsa  haqqındakı 
əfsanələrlə bağlı atmacalar söyləyir. 
Onu  da  qeyd  edək  ki,  burjuaziyanın  feodalizm 
əleyhinə mübarizəsi bir sıra ölkələrdə kilsə islahatı uğrunda 
mübarizə şəklini alır. Məhz bu mübarizələrin nəticəsində bir 
çox  ölkələr,  o  cümlədən  İngiltərə,  Niderland,  Skandinav 
ölkələri,  Cenevrə,  alman  knyazlıqlarının  bəziləri  katolik 
Romasının  nüfuz  dairəsindən  çıxaraq  onda  bir  gəlir  vergisi 
verməkdən  imtina  etdi.  Fransada  dini  təriqətlər  ucbatından 

Afaq Yusifli İshaqlı 
 
 

qanlı  döyüşlər  baş  verdi.  İnqilabi  tufan  az  qaldı  ki, 
feodalizmi silib atsın, əsrlər ərzində formalaşan sosial hüquqi 
sistemi darmadağın etsin. 
Necə  bir  odla  oynadıqlarını  ancaq  indi  başa  düşən 
Roma  papası  və  bütün  Avropa  mütləq  hakimləri  yeni 
baxışlara  və  görüşlərə  qarşı  qəti  hücuma  keçdilər.  Elm, 
ədəbiyyat  və  incəsənət  nümayəndələrinə  qarşı  onların 
əvvəlki  münasibətlərindən  əsər-əlamət  qalmadı.  Nəzakətli, 
maarifpərvər  bir  hökmdar  kimi  tanınan,  "ədəbiyyatın  atası" 
sayılan fransız kralı I Fransisk yeni fikrə qarşı hücumun ilk 
cərgələrində dayandı. Feodal-katolik irticası tonqallar və dar 
ağacları vasitəsilə tarixin irəliyə hərəkətinin qarşısını almağa 
çalışdı. 
Bu  irticanın  ən  mühüm  təzahürlərindən  biri  inkvi-
zisiya  (latıncadır,  axtarış,  istintaq  deməkdir)  ali  məhkəmə-
sinin  yaranması  idi.  İnkvizisiya  sonralar  III  Pavel  adı  ilə 
papa  olan  kardinal  Karaffanın  təşəbbüsü  ilə  1542-ci  ildə 
Romada  təşkil  edilmişdir.  1559-cu  ildə  konqerqasiya  adı  ilə 
Roma  papasının  müəyyən  məsələlərə  baxan  xüsusi  bir 
idarəsi  yaranır.  Ağıllar,  şüurlar  üzərində  nəzarəti  həyata 
keçirmək  və  qadağan  olunmuş  kitabların  siyahısını  – 
indeksini tərtib etmək bu idarəyə həvalə olunur. Bu siyahıya, 
gözlənildiyi  kimi,  xristian  dininin  ruhuna  və  hər  cür  formal 
xüsusiyyətinə  zidd  olan  çap  kitabları  daxil  edilirdi.  Bu 
siyahıya ayrı-ayrı əsərlərin daxil edilməsi işi indi də davam 
etdirilir.  Həmin  "indeks"də  Volter,  Didro,  Hüqo  kimi  ən 
məşhur sənətkarların adlarına rast gəlmək olar. Trident şəhə-
rində  çağırılan  ümumdünya  kilsə  məclisi  papanın  günahsız 
olduğunu etiraf etməklə ona qeyri-məhdud hakimiyyət verdi. 
İspan rahibi İqnat Loyola tərəfindən Yezuit Ordenini 
1540-cı  ildə  papa  III  Pavel  rəsmi  şəkildə  təsdiq  etdi. 
Yezuitlər  təşkilatı  XVII-XVIII  əsrlərin  Avropa  həyatında 
dərin  izlər  buraxdılar.  Tərbiyə  işinə  nəzarəti  ələ  alıb  xüsusi 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 

məktəblər  açdılar.  XVII  və  XVIII  əsrlərin  bir  çox  böyük 
sənətkarları  yezuit  kollecində  oxumuşdur.  Yezuitlər  belə 
hesab  edirdilər  ki,  özünü  allaha  həsr  etmək  istəyən  hər  bir 
kəs iradəsindən əlavə ağlını da ona verməlidir. 
Feodal  katolik  irticası  öz  tədbir  və  hücumları  ilə 
İntibah  dövrünün  əsas  nailiyyətlərini  məhv  edə  bilməsə  də, 
tarixi inkişaf sürətini xeyli ləngitdi, qabaqcıl ideallar uğrunda 
mübarizə  aparan  ziyalılar  arasında  narahatlıq  saldı, 
feodalizmin qəti tarmar edilməsi vaxtını uzatdı, güclü hücum 
qarşısında  qalan  feodal  zadəgan  sinfinə  bir  müddət  nəfəs 
almaq,  özünə  gəlmək  imkanı  verdi.  İrtica  qüvvələri  öz 
hərəkətləri,  təqibləri,  inkvizisiya  tonqalları  ilə  insanların 
şüurunda  fəci  bir  ikitirəlik,  parçalanma,  ideya  düşkünlüyü 
əmələ  gətirdi.  Bəşəriyyətin  yetişdirdiyi  bir  çox  ağıl,  kamal 
dahilərini  cismən  məhv  etdiyi  kimi,  bir  çox  iradəcə  zəif 
olanları da doğru yoldan uzaqlaşdırdı. 
Qərbi Avropada katolik irticasının təsiri ilə şüurlarda 
əmələ gələn dəyişmələri göstərmək üçün XVI əsrin görkəmli 
italyan  şairi  Torkvato  Tassonun  taleyini  xatırlamaq 
kifayətdir. Katolik irticasının güclü təsiri altında Tasso antik 
mədəniyyətdən,  İntibah  dünyagörüşündən  əl  çəkir,  katolik 
dininin  norma  və  tələblərinə  baş  əyir.  O,  hətta  yeni  xristian 
eposu  yaratmaq  müddəasını  irəli  sürür.  "Həqiqətəuyğunluq 
və möcüzə, demək olar ki, həmişə bir-birinə əksdir. Halbuki 
bu  xüsusiyyətlər  qəhrəmanlıq  poemasının  ən  zəruri  şərt-
ləridir.  Şairlik  sənəti  ondan  ibarətdir  ki,  onları  birləşdirsin. 
Xristian  şair  buna  ancaq  o  vaxt  nail  ola  bilər  ki,  belə 
möcüzəli  hərəkətləri  allaha,  onun  mələklərinə,  müqəd-
dəslərinə,  yaxud  fövqəltəbii  qüvvə  bəxş  olunanlara,  yəni 
iblislərə, cadugərlərə və pərilərə aid etsin. Həqiqətəuyğunluq 
isə burada ona görə mümkündür ki, biz beşikdən başlayaraq 
bu  sayaq  möcüzələr  haqqında  söhbətlər  eşidirik.  Beləliklə, 
yeni  epik  poema  ancaq  ya  xristianlıq,  Avropa  məzmununa 

Afaq Yusifli İshaqlı 
 
 

malik olmalıdır". 
Tassonun bu mülahizələrində katolik irticasının təsiri 
aydınca hiss olunur. Gördüyümüz kimi, Tasso özü başa düşür 
ki,  möcüzə  və  həqiqətəuyğunluq  bir-birini  rədd  edən 
keyfiyyətlərdir.  Lakin  katolik  irticasının  təzyiqi  altında 
İntibah  dövrünün  sağlam  insani  dünyagörüşündən  geri 
çəkilən  şair  bu  birləşməz  keyfiyyətləri  birləşdirməyə  ümid 
edir,  görünür,  daha  çox  insanların  dini  hisslərinə  arxalanır. 
Məhz şüur və baxışlarda əmələ gələn bu cür parçalanma və 
ziddiyyətlər  bir  sıra  Qərbi  Avropa  ölkələrinin  incəsənətində 
barokko  adlandırılan  üslubi  cərəyanın  meydana  gəlməsinə 
səbəb oldu. Bu üslubi cərəyanın daxili mahiyyəti şən, nikbin 
İntibah  dünyagörüşü  ilə  yenidən  bərpa  edilən  kədərli, 
bədbin,  tərki-dünya  orta  əsrlər  xristian  baxışları  arasındakı 
ziddiyyətlərlə  şərtlənir.  İnsanların  şüur  və  hislərini  feodal 
katolik  irticası  orta  əsr  xristianlığına,  tərki-dünyalıq, 
həyatdan küskünlük əhval-ruhiyyəsinə doğru çəkirsə, İntibah 
onu  sevincə,  şadlığa,  təbiətə,  həqiqətəuyğunluğa  doğru 
meylləndirir.  İnsan  qaranlıqla  işıq,  elmi  dünyagörüşlə  dini 
xurafat arasında sərgərdan qalır. 
Bu  baxımdan  Tassonun  "Azad  edilmiş  Yerusəlim" 
poeması  diqqəti  daha  çox  cəlb  edir.  Şair  əsərində  daim  bir-
birilə  düşmən  və  barışmaz  olan  həzz  ideyası  ilə  xristian 
asketizmi ideyasını birləşdirməyə, barışdırmağa can atır. 
Poemada  Yerusəlim  (Beytülmüqəddəs,  Qüds)  di-
varları  qarşısında  dayanan  xristian  cəngavərlərinin  qəhrə-
manlığından  söhbət  açılır.  Bulonlu  Qotfrid  onların 
sərkərdəsidir.  Müəllifin  fikrinə  görə,  o,  xristian  idealları 
uğrunda vuruşan bir sərkərdə kimi oxucunun diqqətini daha 
çox  cəlb  etməli,  onun  idealına  çevrilməlidir.  Türklərin 
Avropada  yerləşməsi  və  İtaliya  dəniz  ticarətinin  Şərqə 
yolunu  bağlaması  baxımından  poemanın  mövzusu  aktual 
səslənirdi.  Poema  italyanlara  qəhrəmanlıq  ruhu  aşılayıb, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 

onları 
türklərə 
qarşı 
ümumxalq 
mübarizəsinə 
ilhamlandırmalı  idi.  Digər  tərəfdən  poemada  təsvir  edilən 
xristianlarla 
kafirlərin  döyüşü  müasirlərin  şüurunda 
katoliklərin  islahatçılığa  qarşı  mübarizəsi  ilə  səsləşirdi. 
Göründüyü  kimi,  Tassonun  səlib  yürüşlərini  və  xristian 
cəngavərlərini  tərənnüm  etməsi  tamamilə  aktual,  müasir 
səciyyə daşıyırdı. 
Tasso  poemasının  əsas  süjetinə  bir  sıra  aşiqanə 
epizodlar  da  artırmışdır.  Olind  və  Sofroniya,  Tankred  və 
Erminiya, Armida və Rinaldo epizodları buna misal ola bilər. 
Poemanın  XVI  nəğməsində  cadugər  Armidanın  tilsimli 
bağları,  onun  öz  sehrli  kəməri  ilə  cəngavər  Rinaldonu 
sehrləməsi təsvir olunur. 
Armida  surəti  Tasso  tərəfindən  böyük  məharətlə 
yaradılmış,  epizodik  səciyyə  daşımasına  baxmayaraq  əsas 
qəhrəmanı  kölgədə  qoymuşdur.  Poemada  o,  tədricən 
xristianlığa  nifrət  edən,  onları  məhv  etməyə  çalışan 
cadugərdən  adi  bir  qadına  çevrilir.  Rinaldoya  bəslədiyi 
məhəbbət  ona  qalib  gəlir.  Rinaldo  Armidanı  dərin  ehtiraslı 
bir  məhəbbətlə  sevsə  də,  allaha  xidmət  xatirinə  dünyəvi 
sevgidən  əl  çəkir,  Armidanın  sehrli  bağından  uzaqlaşır. 
Rinaldo  xristian  dini  qarşısında  borcunu  yerinə  yetirib 
Armidadan  ayrılsa  da,  onu  unuda  bilmir,  Armida  da  özünü 
məcbur edə bilmir ki, Rinaldoya nifrət bəsləsin. 
Qəhrəmanların səhrada axırıncı görüşü, özünü zəhərli 
oxla  öldürmək  istəyən  Armidanın  qarşısında  Rinaldonun 
həqiqəti  etiraf  etməsi,  onun  cəngavəri  və  qulu  olduğunu 
bildirib  xristianlığı  qəbul  etmək  üçün  ona  yalvarması 
Tassonun baxışlarındakı ideya  ziddiyyətlərindən  xəbər  verir. 
Xristian 
asketizmi, 
tərkidünyalığı 
ilə 
bütpərəst 
hissiyyatlığının,  həyatsevərliyinin  toqquşmasında  faktiki 
olaraq hiss və ehtiras qələbə çalır. Tassonun bütün cəhdlərinə 
baxmayaraq  onun  poemasında  xristian  ideallarının  qələbəsi 

Afaq Yusifli İshaqlı 
 
 
10 
təsdiq edilmir.  
Tasso  özü  də  başa  düşür  ki,  birləşməz,  yovuşmaz 
ünsürləri  birləşdirmək,  qovuşdurmaq  mümkün  olmamışdır. 
Ona  görə  də,  qəfəsdə  quş  kimi  çırpınır,  gah  onu  Romaya 
aparıb mütəxəssislərin müzakirəsinə verir, gah özünü bidətdə 
təqsirləndirərək  könüllü  şəkildə  inkvizisiya  məhkəməsinin 
mühakiməsinə  təqdim  edir.  İnkvizisiya  məhkəməsi  ona 
bəraət  qazandırsa  da,  şairin  şübhələri  dağılmır,  poemanı 
yenidən  işləməmiş  çap  etmək  istəmir.  Tasso  gah  istəyir  ki, 
poemada  dünyəvi,  həqiqətəuyğun  nə  varsa  məhv  etsin,  gah 
da  allahı  unudur,  məhəbbətə  və  gözəlliyə  həsr  edilmiş 
səhifələr üzərində göz yaşı tökür. 
Bu dövrdə Qərbi Avropanın hər yerində eyni vəziyyət 
hökm  sürürdü.  İspaniyada  katolik  şair  Kalderon  bir  sıra 
əsərlərində,  o  cümlədən  "Ölümdən  sonra  sevgi"  dramında 
dünyəvi  insan  məhəbbətinə  heyranedici  bir  himn  yaradır. 
İngilis şairi Con Donnun şeirlərində dini mistika ilə cismani 
sevginin tərənnümü bir-birinə qarışır. 
Feodal  sistemin  başlanan  böhranı  ilə  əlaqədar  Qərbi 
Avropa  ölkələrinin  ədəbiyyat  və  incəsətində  barokko 
cərəyanı  formalaşır.  Tarixdə  həmişə  olduğu  kimi,  aparıcı 
mövqeyini  itirən  siniflər  özlərinin  xəstə,  cılız  həyat 
fəlsəfəsini  işləyib  hazırlayırlar.  Ölən  siniflərin  bədbin, 
ümidsiz  əhval-ruhiyyəsi  xüsusi  estetik  formalara  bürünür. 
Vahiməli və dəhşətli mənzərələr şair və rəssamları daha çox 
cəlb  edir.  İntibah  dövrü  humanistlərinin  dinə  şübhə  ilə 
yanaşan  görüşlərinin  yerini  dini  vəcd  və  çılğınlıq  tutmağa 
başlayır. 
Allah  özü  də  qəddar,  amansız  bir  qüvvəyə  çevrilir. 
İnsanın  ilahinin  qorxunc  qüdrəti  qarşısında  acizliyi, 
miskinliyi  mövzusu  barokkonun  ən  sevimli  mövzusu  olur. 
Xüsusi  forma  şikəstliyi,  hiss  və  duyğulardakı  sınıqlıq, 
parçalanma,  bir-birini  rədd  edən  uyğunsuzluqlar  ölən  bir 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
11 
dünyanın  özünü  itirməsi,  çaşbaş  qalmasının  ifadəsi  kimi 
səslənir.  Xüsusi  forma  aristokratizmi,  zahiri  intellektual 
əlamətlər  sosial  aristokratizmi  ucaltmaq  və  təsdiq  etmək 
məqsədi  izləyir.  Zərif,  incə  hisslər,  təmtəraqlı,  nəzakətli 
qəhrəmanlara, uzaq ekzotik ölkələrə heyranlıq, bütün bunlar 
hamısı gerçəklikdən, onun həqiqətlərindən qaçmaq arzuları-
nın,  təşəbbüslərinin  təzahürü  idi.  Barokko  ədəbiyyatı  bu 
dövrdə  ölən  siniflərin  kəşf  etdiyi  tiryəkvari  bir  vasitə  idi. 
Onlar  həmin  tiryəkin  köməyi  ilə  xoşagəlməz  gerçəklikdən 
qaçıb həyata keçməsi mümkün olmayan xəyallar və yuxular 
aləmində  yaşamağa  çalışırdılar.  İtaliyada  marinizm, 
İspaniyada  qonqorizm,  Fransada  presyez  ədəbiyyat  bu  işə 
xidmət edirdi. 
XVII  əsr  Qərbi  Avropa  ölkələrində  elmi  fikrin  inki-
şafın  xüsusi  bir  mərhələ  təşkil  edir.  Feodal  cəmiyyətinin 
yenidən 
qurulması, 
məhəlləçilikdən 
vahid 
dövlət 
hakimiyyətinə  keçməsi  özünün  səmərəli  bəhrələrini  verdi. 
Orta  əsr  sxolastikası  inkişafda  olan  bəşər  mədəniyyətinin 
irəliyə  doğru  hərəkət  yolunun  üstündən  kənara  atıldı. 
Sözdən, 
hərfdən, 
nüfuzdan, 
uydurmadan 
heç 
nə 
götürməmək,  hər  şeyi  təcrübədən,  faktdan,  şeylərin  real 
gerçəkliliyindən  çıxış  edib  müəyyənləşdirmək  yeni  dövrün 
elminin  əsas  şüarı  oldu.  İntibah  dövrünün  bu  böyük 
nailiyyətini  feodal  katolik  irticası  məhv  edə  bilmədi.  XVII 
əsr  fransız  filosofu  R.Dekart  elmlərin  praktik  əhəmiyyətini 
müəyyənləşdirərək  yazır:  "Həyatda  xeyirli  olan  bir  çox 
biliklər  qazanmaq  olar,  məktəblərdə  öyrədilən  mücərrəd 
fəlsəfənin  əvəzində  elə  bir  praktik  fəlsəfə  tapmaq  olar  ki, 
onun  köməyi  ilə  biz  peşəkarların  müxtəlif  məşğələlərini 
bildiyimiz  kimi  odun,  suyun,  havanın,  ulduzların,  göylərin 
və  bizi  əhatə  edən  bütün  cisimlərin  güc  və  hərəkətini  də 
aydınca  bilər,  biz  eyni  ilə  bu  qayda  üzrə  onları  müxtəlif 
məqsədlərlə  istifadə  edər  və  bununla  da  təbiətin  sahibi  və 

Afaq Yusifli İshaqlı 
 
 
12 
ağasına çevrilərdik". 
İngilis  filosofu  Bekon  da  belə  hesab  edir  ki,  biz  nə 
qədər çox bilsək, təbiəti bir o qədər artıq dərəcədə özümüzə 
tabe  edirik.  İntibah  dövrünün  humanistləri  bütün  təbiət 
qüvvələrinin  insan  ağlına  tabe  edilməsini  bəşəriyyət 
qarşısında  bir  vəzifə  kimi  qoydular,  onlar  ictimai  həyatın 
bütün normalarının ağla tabe edilməsini arzulayırdılar. Bu isə 
özlüyündə  konkret  olaraq  feodalizmin  ləğvini  tələb  edirdi. 
XVII əsr insan təfəkkürünün diqqətini birinci məsələyə cəlb 
etdi.  Əsrin  fəlsəfi  fikrinin  ən  böyük  nümayəndələri,  o 
cümlədən Dekart, Bekon, Qaliley bir qayda olaraq təbiətşü-
naslıqla məşğul olub ictimai, sosial məsələlərə toxunmadılar, 
XVII  əsr  isə  özünün  ən  yaxşı  ağıl,  kamal  sahiblərini  sosial 
problemlərinin həllinə doğru yönəltdi, daha doğrusu, İntibah 
dövrünün  qarşıya  qoyduğu  ikinci  məqsədin  yerinə 
yetirilməsi vəzifəsinə doğru istiqamətləndirdi. 
XVI  əsrin  sonlarında  Kepler  və  Qalileyin  astro-
nomiya,  Jilber  və  Qalileyin  fizika,  Harveyin  fiziologiya, 
Dekart,  Dezarq  və  Ferma  riyaziyyat  sahəsindəki  kəşfləri 
İntibah  dövrünün  elmi  biliklər  sahəsində  qazandığı 
nailiyyətlərin  sonrakı  inkişafı  və  davamı  olmaqla  bərabər 
elmin  inkişafında  tamamilə  yeni  bir  dövrün  başlandığını 
xəbər verir. Təsadüfi və qeyri-ardıcıl tapıntıları indi müəyyən 
bir  elm  sahəsindəki  ardıcıl  və  sistemli  axtarışlar  əvəz  edir. 
Elmi  idrakın  əsasını  təcrübə,  eksperiment  təşkil  etməyə 
başlayır.  Onun  son  nəticəsi  isə  təcrübələr  əsasında  fərdi, 
xüsusi  hadisələri  ümumiləşdirmək  yolu  ilə  obyektiv,  dəqiq 
qanunauyğunluqları  tapmaq,  aşkara  çıxarmaq  olur.  Elm 
sahəsindəki  bu  keyfiyyət  sıçrayışı  birinci  növbədə  istehsal 
qüvvələrinin  inkişafı,  kapital  münasibətlərinin  təkamülü  ilə 
şərtlənən ehtiyac və tələblərdən irəli gəlirdi. 
Əgər XVI əsrdə elmi idrakın dairəsi filologiya, astro-
nomiya,  coğrafiya,  botanika  və  tibb  ilə  məhdudlaşırdısa, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
13 
XVII  əsrdə  elmi  maraq  yeni-yeni  sahələri  əhatə  etməyə 
başlayır. Dekart, Dezarq və Ferma həndəsi təhlil prinsiplərini 
və ədədlər nəzəriyyəsini işləyərək müasir həndəsənin əsasını 
qoyurlar,  riyaziyyat  elmin  aparıcısına  çevrilir.  Qaliley 
kəfgirin  hərəkəti  üzərində  apardığı  müşahidələri,  Toriçelli 
havasız  sahəni  öyrənməsi  və  barometri  kəşf  etməsi,  Dekart 
qövsi-qüzehin əmələ gəlməsini izah etmək və işığın sınması 
qanununu tapması, Paskal boşluq və atmosfer təzyiqinə həsr 
edilən  işləri,  Nyuton  dahiyanə  kəşfləri  ilə  təcrübi  fizikanı 
yaratdılar.  Qalileyin  sürət  və  ətalətə  həsr  edilən  elmi  işləri 
mexanikada çevriliş yaratdı. Ərəstun və Paraselsin nüfuzunu 
rədd  edən  Boyl  öz  axtarışları  ilə  təcrübi  kimyanın  əsasını 
qoydu.  Harvey  anatomiya  sahəsindəki  təcrübələri  ilə  qan 
dövranı  qanunlarını  müəyyənləşdirdi.  F.Redinin  böcəklərin 
və həşəratların əmələ gəlməsi üzərində apardığı təcrübələr və 
orqanizmin  təşəkkülü  probleminə  həsr  etdiyi  işlər  təcrübi 
biologiyanın formalaşmasına gətirib çıxartdı. 
XVII əsrdə bir sıra humanitar elmlərin də inkişafında 
böyük  uğurlar  qazanılır.  Gerçəkliyin  elmi  dərkində  əldə 
edilən böyük irəliləyişlər müasirlərin, o cümlədən ədəbiyyat 
xidmətlərinin mənəvi aləminə güclü təsir göstərir. XVII əsrin 
Milton,  Molyer,  Lafonten,  Qrifius  kimi  bir  çox  yazıçıları 
dövrün  elmi  və  alimləri  ilə  bilavasitə  bağlı  idilər. 
Kampanella,  Qaliley,  Paskal  kimi  elm  xadimləri  isə  bir  sıra 
əsərləri  ilə  ədəbiyyat  tarixində  də  özlərinə  möhkəm  yer 
tutmuşlar.  Lakin  dövrün  elmi,  fəlsəfi  nailiyyətləri  ilə  bədii 
kəşfləri    və  tapıntıları  arasındakı  yaxınlıq  və  bağlar  daha 
dərin  və  daha  mürəkkəb  idi.  Kampanella,  Kepler  və 
Qalileyin  astronomiya  və  kosmologiya  ilə  bağlı  kəşfləri, 
teleskop  və  mikroskopun  tapılması,  yerin  kainatda 
mövqeyinin müəyyənləşdirilməsi əvvəlki təsəvvürləri alt-üst 
etdiyi  kimi  insanın  ətraf  mühitlə  əlaqələri  münasibətləri  ilə 
bağlı ədəbiyyatda da bir irəliləyiş müşahidə olunur. 

Afaq Yusifli İshaqlı 
 
 
14 
Bir  cəhəti  unutmaq  olmaz  ki,  XVII  əsrin  elmi  və 
fəlsəfi fikrinin inkişafı son dərəcə gərgin bir şəraitdə həyata 
keçirdi. Xüsusən, əsrin birinci yarısında humanist ziyalıların 
məhdud  bir  dairəsinin  dünyagörüşü  ilə  qalan  kütlənin 
dünyagörüşü  arasında  kəskin  bir  təzad  mövcud  idi.  Dini 
fanatizm  xalq  arasında  dərin  kök  salmışdı,  xurafat  və 
mövhumatçılığın  təsiri  güclü  idi,  insanların  əxlaqı  sərt, 
kobud  və  qəddar  idi.  Nəinki  sadə  xalq  arasında,  həm  də 
burjuaziya  və  zadəgan  dairələrində  möcüzələrə,  cadulara, 
ovsunlara,  tilsimlərə,  iblisanə  qüvvələrin  varlığına  inam 
geniş yayılmışdır. 
Elmi  biliklərin  yayılmasına  mane  olmağa  çalışan 
kilsə  bu  xurafata  tərəfdar  çıxır,  azadfikirlilikdə  şübhələnən 
adamlara  amansız  divan  tuturdu.  Filosof  Vanininin  tonqalda 
yandırılması,  Teofil  de  Vionun  mühakiməsi,  Sirano  de 
Berjerakın  müəmmalı  ölümü,  kilsə  xadimləri  tərəfindən 
Molyerin  təqib  edilməsi,  şair  Klod  le  Ptinin  1662-ci  ildə 
edam  olunması,  Paskalın,  Rasinin  faciəsi  buna  misal  ola 
bilər.  İtaliya  və  İspaniyada  inkvizisiya  hökm  sürürdü.  27  il 
həbs  cəzasına  məhkum  edilən  Kampanellanın  iztirabları 
müasirlərinin  şüurunda  dərin  izlər  buraxmaya  bilməzdi. 
Təsadüfi  deyildir  ki,  inkvizisiyanın  qurbanı  olan  Qalileyin 
faciəli  taleyi  onunla  görüşən  Miltonun  mənəvi  aləminin 
formalaşmasında mühüm rol oynamışdır. 
Bütün  bunlarla  yanaşı,  XVII  əsrin  elmi,  fəlsəfi  fikri 
XVIII  əsrdə  Maarifçilik  hərəkatının  müzəffər  yürüşünə 
gətirib  çıxarmışdır.  Bu  dövrdə  Kornel,  Rasin,  Molyer, 
Milton,  Lope  de  Veqa,  Kalderon  kimi  öz  adlarını  bəşər 
mədəniyyətinin salnaməsinə yazan sənətkarlar yetişmişdir. 
XVII  əsrin  ədəbi  həyatı  daha  çox  üç  ədəbi  cərəyan 
ətrafında  mərkəzləşmişdir:  İntibah  dövrü  humanistlərinin 
ənənələrini davam etdirən Renessans realizmi, klassisizm və 
barokko.  Bu  dövrün  ədəbiyyatında  güclü,  sağlam,  irəliyə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
15 
doğru hərəkəti  əks etdirən hər nə varsa,  İntibah  realizmi və 
klassisizmlə  əlaqədardırsa,  ideya  və  iradə  bütövlüyündən 
məhrum olan, qüsurlu hər nə varsa, barokko ilə bağlıdır. 
Lakin  barokkonu  bədiiliyə  zidd  bir  cərəyan  saymaq 
yanlış olardı. XVII əsrin ədəbiyyat və incəsənətində ən güclü 
üslubi  cərəyanlardan  biri  olan  barokko  bəşəriyyətin  bədii 
fikir xəzinəsinə yüksək dəyərə malik olan abidələr vermişdir. 
Barokko  cərəyanına  mənsub  olan  yazıçılara  və  onların 
əsərlərinə  və  ideya  mövqelərinə  nə  qədər  tənqidi  yanaşsaq 
da,  bu  həqiqəti  unutmaq  olmaz.  Barokko,  bir  şikəst  ata  və 
gözəl  ananın  izdivacından  dünyaya  gələn  şikəst  övladdır. 
İntibah  dövründə  torpaqdan  baş  qaldıran  humanist  antik 
mədəniyyət və orta əsrlər cəhalətinin axirət kabusu bu şikəst 
uşağın  dünyaya  gəlməsinə  səbəb  olan  valideyndir.  Bu  bir-
birinə zidd olan, biri digərinə uyuşmayan ata-ananın uşağı da 
qəribə,  qeyri-adi  sifətlərə  malik  olmuşdur.  Xatırladaq  ki, 
barokko  sözünün  lüğəti  mənası  da  düzgün  olmayan,  qəribə 
deməkdir.  Portuqaliyada  barokko  sözünü  formaca  düzgün 
olmayan mirvari ilə əlaqədar işlədirlər. 
Bir  həqiqət  aydındır  ki,  barokko  gerçək  həyatın 
təzahürüdür,  feodal  idarə  sisteminin  böhranı  ilə  əlaqədar 
yaranmışdır.  Humanist  dünyagörüşünün  feodal  katolik 
irticasının təzyiqi ilə şərtlənən böhranını əks etdirir. Bu ədəbi 
cərəyan  XVII  əsrdə  Avropa  ölkələrinin  bir  çox  ədəbi 
dairələrini  əhatə  etdi.  Barokko  üslubunun  ən  böyük 
nümayəndələrindən biri Kalderondur. Lakin onun müxtəlif iz 
və əlamətlərini Kornel, Rasin, Milton, Qrimmelshauzen kimi 
sənətkarların irsində də görmək olar. 
Barokkodan  fərqli  olaraq  İntibah  realizmi  Renessans 
dövrü humanistlərinin demokratik ənənələrini davam etdirir. 
Bu  cərəyanın  ən  görkəmli  nümayəndəsi  Lope  de  Veqa  idi. 
Onun  əsərləri  həyat  eşqi,  günəş  işığı,  nikbin  əhval-ruhiyyə 
ilə 
doludur. 
Barokko 
cərəyanı 
nümayəndələrinin 

Afaq Yusifli İshaqlı 
 
 
16 
ümidsizliyinin,  bədbinliyinin,  kədərinin  əksinə  olaraq  Lope 
de  Veqanın  əsərlərinə  şən,  gülər,  nikbin  bir  əhval-ruhiyyə 
hakimdir.  Lope  de  Veqa  klassisistlərin  ehkamçılıq  və 
quruluğunu  da  rədd  edir,  sənətkar  ilhamının  azadlığı, 
kütlələrə yaxın olması prinsipini irəli sürür. 
Realist  ənənələri  davam  etdirən  yazıçılar  presiyoz-
çülərin,  marinistlərin,  qonqoristlərin  təmtəraqlı  axtarışlarına 
gülür, onların ən çevik ağıl sahiblərini çaş-baş sala bilən söz, 
ifadə,  obraz  oyunbazlıqlarını  tənqid  edirlər.  Onlar  sənətkarı 
xalqdan öyrənməyə çağırır və göstərirlər ki, hər hansı bir göy 
satan  bu  zərif  əsərlərin  müəlliflərinə  onların  bütün 
axtarışlarının  səfsətə  və  yanlış  olduğunu  sübut  edə  bilər. 
Realist  cərəyanın  bəzi  nümayəndələri  qəsdən  "alçaq"  ədəbi 
formalara  keçir,  kobud  gerçəkliyi  əks  etdirməyə  can  atırlar. 
Realist  məişət  romanı  janrının  ilk  nümayəndələrindən  olan 
Şarl  Sorel  "Fransion"  əsərində  yazır:  "Biz  insan  həyatının 
mənzərəsini  göstərməyi  qarşımıza  məqsəd  qoymuşuq,  ona 
görə də burada onun ayrı-ayrı cəhətlərini nəzərdən keçirmək 
lazım  gəlir".  Kobud  zarafatlardan,  sataşma  və  söz 
oyunlarından  sıx-sıx  və  məharətlə  bəhrələnən  yazıçı  yeri 
gəldikcə  ən  ciddi  ictimai  məsələlərə  toxunur.  Əsərinin  bir 
yerində Ş.Sorel belə humanist bir qənaət ifadə edir ki, dünya 
nemətləri  hamının  ümumi  qismətidir,  o,  birisi  başqasından 
üstün sayılaraq bir adama məxsus olmamalıdır". 
XVII  əsrin  üçüncü  ən  mühüm  ədəbi  cərəyanı  olan 
klassisizm universitet dairələrində yaranmışdır. Bu cərəyanın 
nəzəri əsasları üzərində kitab təsiri aydın hiss olunur. İntibah 
dövrünün  humanistləri  orta  əsrlər  incəsənətini  rədd  edərək 
antik  mədəniyyətinə  üz  çevirdilər  və  antik  mədəniyyət 
üzərində  apardıqları  müşahidələr  əsasında  onun  nəzəri 
əsaslarını  qoydular.  Bu  nəzəriyyənin  zəifliyi  onda  idi  ki, 
antik  təcrübə  qanun  kimi  qəbul  edilir,  Qərbi  Avropa 
xalqlarının  orta  əsrlər  müddətindəki  inkişafı,  milli 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
17 
xüsusiyyətləri  və  ənənələri  nəzərə  alınmırdı.  Məhz  bu 
cəhətinə  görə  klassisizm  Almaniya,  İngiltərə,  İtaliya  kimi 
ölkələrdə  əlverişli  zəmin  tapa  bilməmişdir.  Tarixi  inkişafın 
xüsusi  keyfiyyətləri  nəticəsində  klassisizm  Fransada  geniş 
yayılmış və bir sıra parlaq uğurlar qazanmışdır. Malerb, Gez 
de Balzak, Şaplen, Vojla, d`Obinyak və xüsusən Bualo onun 
nəzəriyyəsini hazırlamış, Kornel, Rasin, Molyer kimi sənət-
karlar  isə  klassisist  dramaturgiyanın  ölməz  nümunələrini 
yaratmışlar. 
XVII  əsrin  Qərbi  Avropa  ölkələrinin  ədəbiyyatından 
danışarkən  bir  cəhət  nəzərə  alınmalıdır  ki,  bu  dövrdə  ayrı-
ayrı  ölkə  və  xalqların  tarixi  inkişafı  eyni  səviyyədə 
olmamışdır.  Dünya  ticarət  yollarının  dəyişməsi  İtaliyanın 
iqtisadiyyatına  məhvedici  təsir  göstərdi.  Avropanın  ən  varlı 
ölkəsi  olan,  XIV,  XV,  XVI  əsrin  əvvəllərində  Avropa  və 
dünya  mədəniyyətinin  mərkəzi  sayılan  İtaliya  get-gedə  hər 
cəhətdən,  o  cümlədən  mədəniyyət  sahəsində  yoxsullaşmağa 
üz  qoydu.  XVII  əsrdə  onun  ədəbi  mənzərəsi  bəzi  qabaqcıl 
Avropa  ölkələrinin  mədəniyyəti  ilə  müqayisədə  yoxsul 
görünür,  başqa  ölkələrin  ədəbiyyat  xadimlərinin  diqqətini 
cəlb edəcək böyük əsərlər yarada bilmir. Təkcə İntibah döv-
rünün  böyük  humanistlərinin  axırıncı  nümayəndələrindən 
biri olan Qaliley hələ də öz axtarışları və kəşfləri ilə dünyanı 
heyrətləndirir, cəlb edir. Ancaq o da irticanın təzyiqi altında 
fəaliyyət  dairəsini  məhdudlaşdırır,  universitet  kafedrasını 
tərk edir. 
İtaliyada  feodal  katolik  irticası  qələbə  qazanır,  ölkə 
geriyə  orta  əsrlərə  doğru  qayıdır,  burjuaziya  mövqelərini 
onun əvvəlki sahibi olan zadəganlara tərk edərək geri çəkilir. 
Bunun  ən  mühüm  səbəbi,  bir  az  əvvəl  xatırlatdığımız  kimi, 
dünya ticarət yollarının dəyişməsi ilə əlaqədar idi. 
Almaniyanın  özündə  də  belə  bir  iqtisadi,  siyasi  və 
mədəni  geriləmə  müşahidə  olunurdu.  Burada  geriliyin  əsas 

Afaq Yusifli İshaqlı 
 
 
18 
səbəbi  otuz  illik  müharibə  və  onun  dağıdıcı  nəticələri  idi. 
Məhz  buna  görə  də  XVII  əsrdə  Almaniya  mədəniyyət 
sahəsində hər hansı böyük bir uğur qazana bilməmişdir. 
Qısa  bir  müddət  ərzində  İspaniya  digər  Avropa 
ölkələrini  qabaqlayaraq  irəli  çıxdı.  Bir  sıra  müstəmləkələr 
tutan,  yeni  kəşf  edilmiş  Amerikadan  çoxlu  qızıl  əldə  edən 
İspaniya  az  bir  müddət  içində  varlanır  və  XVII  əsrdə  ən 
güclü  dövlətlərdən  birinə  çevrilir.  Lakin  bu  varlanma  və 
güclənmə  prosesi  çox  çəkmədi.  Amerikadan  qızıl  gəlməsi 
dayandı,  ölkənin  daxili  təsərrüfat  həyatı  isə  büsbütün 
pozuldu.  Amerikadan  gələn  qızıla  arxayın  olaraq  heç  kəs 
işləmək  istəmirdi.  Bu  da  özlüyündə  acınacaqlı  nəticələrə 
gətirib  çıxardı.  XVI  əsrin  sonunda  İngiltərə  sahillərində 
"Məğlubedilməz  Armada"  bütünlüklə  məhv  olur.  Niderland 
inqilabı  və  Niderland  torpaqlarının  İspaniyadan  ayrılması 
onun  əvvəlki  qüdrətinə  xələl  gətirdi.  XVII  əsrdə  İspaniya 
get-gedə  daha  artıq  zəifləyir  və  yoxsullaşır.  Feodal  katolik 
irticası burada da öz işini görür. 
Servantesin  ölümündən  /1616/  sonra  ispan  nəsri 
dünya  mədəniyyəti  səhnəsinə  çıxmağa  cəsarət  etməsə  də, 
ispan  dramaturqlarının  gücü  hələ  qurtarmamışdır.  Lope  de 
Veqanın  yaradıcılığı  nikbinliyi,  rənglərinin  əlvanlığı  ilə 
İntibah  ənənələrinin  hələ  güclü  olduğunu  təsdiq  edirdi. 
Kalderonun  güclü  istedadı  ilə  yaradılmış  əsərlər  qaldırılan 
problemlərin  mühümlüyü  və  sənətkarlığının  əlvanlığı  ilə 
seçilir. 
Lakin 
onun 
dramalarındakı 
haray 
çəkən 
uyğunsuzluqlar, kəskin və aydın gözə çarpan ziddiyyətlər də 
diqqəti cəlb edir. Bu dramlarda gah intibah dövrünə məxsus 
işıqlı  rənglər,  həyat  və  sevgi  çağırışları  görünür,  gah  da  ki 
dəfn nəğmələri, mistik ölüm himnləri eşidilir. 
XVII əsrdə Fransada ədəbi-mədəni həyat daha qaynar 
və  coşqun  bir  dövr  keçirir.  XVII  əsri  Qərbi  Avropa 
ölkələrinin  ədəbi  tarixində  Fransa  əsri  adlandıranlar,  bizcə, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
19 
tamamilə 
haqlıdırlar. 
XVI 
əsrin 
dəhşətli 
dini 
müharibələrindən  sonra  XVII  əsrdə  Fransada  müəyyən  bir 
siyasi  sabitləşmə  əldə  edilir.  Mütləqiyyətçi  silki-zadəgan 
dövləti  burada  ən  klassik  bir  şəkildə  bərqərar  olur.  Fronda 
hərəkatı 
isə 
mərkəzləşmiş 
mütləqiyyət 
dövlətinin 
yaranmasına  heç  bir  təsir  göstərə  bilməyən  bir  hadisə  kimi 
qaldı.  Fransada  yaranan  milli  birlik  öz  bəhrələrini  verir, 
mədəniyyət  gur  inkişaf  dövrü  keçirir.  Dekartın  və 
Hassendinin  fəlsəfi  görüşləri,  Kornel  və  Rasinin  klassist 
faciələri, Molyerin komediyaları dünya elmi və mədəniyyəti 
sahəsinə  çıxa  biləcək  hadisələr  kimi  qarşılanır.  Molyerin 
komediyaları Şekspir və Lope de Veqadan sonra Bomarşenin 
meydana  çıxmasına  qədərki  dövrün  ən  güclü  dram  əsərləri 
sayılır.  Təmsil  /Lafonten/,  aforizm  /Paskal,  Laroşfuko, 
Labruyer/,  memuar  /Kardinal  de  Reti,  hesaq  Sen-Simon/  və 
psixoloji  roman  /madam  de  Lafayet/  janrları  sahəsində  də 
böyük uğurlar qazanılır. 
XVI  əsrin  ortalarında  İngiltərədə  baş  verən  burjua 
inqilabı  bəşər  tarixində  yeni  səhifə  açır,  ictimai  müna-
sibətlərin  feodal  sisteminə  son  qoyulur,  yeni  burjua, 
kapitalist  ictimai münasibətlər  sistemi  başlanır.  Bu  inqilabın 
XVII  və  XVIII  əsrlərin  ictimai,  mədəni  həyatı  üçün 
mütərəqqi əhəmiyyəti xüsusilə böyük olmuşdur. 
İngiltərə  XVII  əsrdə  dünya  fəlsəfi  fikrinin  tarixinə 
Frensis  Bekon  və  Hobbs  kimi  iki  böyük  materialist  filosof 
bəxş etmişdir. Bədii ədəbiyyat sahəsində İngiltərənin xidməti 
C.Milton kimi üsyankar bir şairin yetişməsi ilə müəyyənləşir. 
Onun  "İtirilmiş  cənnət",  "Qaytarılmış  cənnət",  "Pəhləvan 
Samson"  əsərlərində  XVII  əsrin  inqilabi  yürüşlərinin  güclü 
əks-sədaları  eşidilir.  XVII  əsrdə  İngiltərədə  baş  verən 
inqilabi  hadisələr  Qərbi  Avropa  ölkələrində  feodal  qayda-
qanunlarının  bütünlüklə  məhv  olması  ilə  nəticələnən  XVIII 
əsrə gətirib çıxarır. 

Afaq Yusifli İshaqlı 
 
 
20 
Mərkəzi  və  Cənubi  Avropa  ölkələrinin  xalqları  bu 
əsrdə  dərin  milli  faciələr  keçirirlər.  Polşa  kralının  işğalçılıq 
planları,  Rusiyanı  fəth  etmək  iddiaları,  onun  xarici  siyasət 
sahəsindəki  çəkisini  itirir,  daxili  iqtisadi  və  siyasi  tənəzzülə 
səbəb  olur.  Bu  tənəzzül  mədəniyyət  və  ədəbiyyat  sahəsində 
də  geriliyə  gətirib  çıxarır.  Xaricdən  hücumlara  məruz  qalan 
Çexiya  və  Slovakiya  milli  müstəqilliyini  itirir.  Yan  Amos 
Kamenski  "Dünyanın  labirinti"  əsərində  çex  xalqının 
qəlbində  qopan  nalə  və  harayı  əks  etdirir.  Avstriya 
əsgərlərinin  təpikləri  altında  əzilən  xalq  kütlələrinin 
iniltilərini qələmə alır. 
Bolqariya  və  Yuqoslaviya  xalqları  dünya  mədəniy-
yətinin inciləri sayıla bilən lirik və epik nəğmələr yaradırlar. 
Bir  sözlə,  Qərbi,  Mərkəzi  və  Cənubi  Avropa  xalq-
larının  XVII  əsrdə  yaratdığı  ədəbi-bədii  abidələr  bəşər  fikri 
və  istedadının  ən  mühüm  qələbə  və  məğlubiyyətlərini  əks 
etdirir.  Çox  dəqiq  şəkildə  tarixi  səbəblərlə  şərtlənən  bu 
ədəbiyyat  xalqların  sevinc  və  iztirablarını,  arzu  və 
düşüncələrini,  məhəbbət  və  nifrətini,  ağlının,  hissinin, 
iradəsini zəif və güclü cəhətlərini əlvan bədii formalarda əks 
etdirmişdir. 
Feodal  katolik  irticası  nə  qədər  güclü  olsa  da, 
insanların dünyagörüşü və yaradıcılığı üzərində nə qədər ağır 
izlər  buraxsa  da,  tərəqqi  və  inkişafın  qarşısını  ala 
bilməmişdir. XVII əsrin böyük sənətkarları xalqa arxalanaraq 
orta əsrlər ideologiyasının qaranlıqlarını yara bilmiş, sənətdə 
həyat  həqiqətini  təsdiq  etmişlər.  Bu  dövrün  ədəbiyyatının 
diqqətlə öyrənilməsi bir daha təsdiq edir ki, XVII əsr Qərbi 
Avropa  ölkələrində  bütün  sahələrdə  olduğu  kimi,  ədəbiyyat 
sahəsində də ən mühüm və orijinal mərhələlərdən biridir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
21 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin