Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu.
Dərsə verilən müasir tələblər.
Təlimin digər təşkili formaları (Praktikum və fakultativ, mühazirə və seminar məşğələləri, imtahan, test. Maraqlar üzrə dərslər, tədris ekskursiyaları, şagirdlərlə əlavə təlim işləri, ev tapşırıqları)
Yeni təlim texnologiyaları
Ədəbiyyat
1. Kazımov N.M. Məktəb pedaqogikası. Dərslik. Bakı, 2009, səh. 90-105, səh. 193-210 2. Abbasov A.N. Pedaqogika. Bakı, 2010, səhş 167-215 3. Ağayev Ə.Ə. və b. Pedaqogika, Bakı, 2006, səh, 53-60 4. Qasəmova L.N., Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu. Bakı, 2003, səh. 292-328
1. Təlim sisteminin əsas komponentlərindən biri təlim materialının məzmunudur. “Təlim materialının məzmunu” dedikdə şagirdə “Nəyi öyrətmək, nəyi aşılamaq lazımdır?”- sualına verilən düzgün cavab başa düşülür. Onu təlim prosesinin məzmunu ilə qarışıq salmaq olmaz. Müəllimin rəhbərliyi altında həyata keçirilən təlim prosesinin məzmununa müəllimin fəaliyyəti, şagirdlərin fəaliyyəti və təlim materialının məzmunu daxildir. Təlim materialının məzmunu özündə başlıca olaraq dörd elementi-biliklər sistemini, bacarıq və vərdişlər sistemini, yaradıcı fəaliyyət təcrübəsini, münasibətlər sistemini əhatə edir. Bu dörd element qarşılıqlı münasibətə girərək bəşər təcrübəsinin zəruri hissəsini özündə saxlayan təlim materialının məzmununu əmələ gətirir. Hər bir tarixi dövrdə təhsilin məqsədi mövcud ictimai münasibətlərin xarakteri, konkret səviyyəsi və inkişaf perspektivləri əsasında müəyyən edilir. Təhsilin məzmunu onun qarşısında duran məqsədə çatmaqdan ötrü vasitə yerində çıxış edir. Elmin sistemi, təhsilin məqsədi və şagirdlərin imkanları qarşılıqlı əlaqədə təhsilin məzmununu müəyyən edir. Təlim təhsilin həyata keçirilməsi prosesidir (təhsilin həyata keçirilməsi texnologiyası kimi baxmaq olar), təlim materialının məzmunu ilə təhsilin məzmunu anlayışları eynigüclüdür. Təlim materialı seçilib sistemləşdirilərkən aşağıdakılar nəzərə alınır:
1. Elmin tarixi inkişafında anlayış, qanun, prinsiplər hansı ardıcıllıqla əldə edilmişdirsə, tədris fənnində də həmin ardııllıq əsasən gözlənilir;
2. Tədris fənninin məzmunu elmin nailiyyətləri baxımından müəyyən edilir;
3. Tədris fənninin məzmunu şagirdlərin əqli inkişafı baxımından formalaşdırılır.
Bir daha vurğulayaq ki, proqramların tərtibi prinsipləri ilə bağlı mütəxəssislər arasında yekdil fikir yoxdur. Onları belə qruplaşdırmaq olar: 1) proqramlar pilləlilik (konsentrik) prinsipi üzrə tətbiq olunmalıdır, şagirdlər aşağı siniflərdə müəyyən məsələ haqqında ilkin məlumat almalı, yuxarı siniflərdə isə həmin məsələləri nisbətən dərindən öyrənməlidirlər; 2) proqramlar xətti prinsip üzrə tərtib olunmalı, bir məsələ şagirdə bir dəfə təqdim edilməlidir; eyni məsələni müxtəlif siniflərdə, müxtəlif səviyyədə öyrətməyə ehtiyac yoxdur; 3) proqramlar eklektiv (şagirdlərin qabiliyyəti və marağı zəminində) prinsip üzrə tərtib olunmalı, bəzi fənlər qabiliyyət və marağa uyğun şəkildə, həm də dərindən öyrədilməli, digər fənlər könüllülük əsasında təqdim olunmalıdır; 4) proqramlar spiralvari strukturda olmalıdır; bunun xarakterik xüsusiyyəti odur ki, şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş (tədricən) genişləndirir və dərinləşdirir, burada konsentrik və xətti struktura xas olan fasilələr yoxdur, biliklərin bir dəfə öyrənilməsi də baş vermir, onların daha geniş öyrənilməsi davam edir; 5) proqramlar qarışıq strukturda tərtib olunmalıdır, bu struktur xətti, konsentrik və spiralvari strukturların kombinasiyasıdır, hansı ki, bu kombinasiya təhsilin məzmununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı hissələrinin müxtəlif yollarla ifadə olunmasına kömək edir. Təlim materialının sistemləşdirilməsi zamanı biliyin çoxluğuna istinad etmək o qədər də doğru yol sayıla bilməz. Məsələ biliyin çoxluğunda deyil. Əgər bu biliklər şəxsi ağılın süzgəcindən keçərək qiymətləndirilməyibsə və işlənməyibsə, həmin biliklərin həcminin böyüklüyündən asılı olmayaraq, adam yaradıcı şəxsiyyət ola bilməz.