Distant təhsil və xüsusiyyətləri
Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə də öz təsirini göstərir. Bunun nəticəsidir ki, distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.
Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.
Kimlər distant təhsil almaqda daha maraqlıdır?
Beynəlxalq statistikaya görə, distant təhsildə "tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.
Distant təhsilin müsbət cəhətləri
Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompyuterlər tələb olunmur.
Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.
Distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.
Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır.
Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.
Mənfi cəhətləri
Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir.
Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.
Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.
Təlim kursları kifayət qədər interaktiv olmur.
Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.
Dostları ilə paylaş: |