Fəaliyyətin əsas növləri
PSIXOLOGIYA 6 sentyabr 2012, 19:03
İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, istisnasız olaraq bütün insanların hamısı üçün xas olan fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər.
Oyun, təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, qarşılıqlı təsir və bir-birini qavrama, anlama prosesini həyata keçirirlər. Sonrakı fəsildə ünsiyyətdən geniş bəhs olunduğuna görə burada oyun, təlim və əmək fəaliyyətinin psixoloji xüsusiyyətləri və onların insanın psixi inkişafında rolunu qısaca nəzərdən keçirək.
Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun məqsədi «fəaliyyətin» köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur.
Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.
Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla əlaqədar olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tipli oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları inkişaf etdirilir.
Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlarda isə bir neçə nəfər iştirak edir. Rollu oyunlara gəldikdə bu zaman oynayan adam (uşaq və ya yaşlı) oyun zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. Məsələn, uşaq müəllim, həkim rollarını oynayır. Öz oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu zaman uşağın işi onun indiki anda istifadə etdiyi şeylərin xüsusiyyətləri ilə deyil, müəllimin, həkimin vəzifəsi haqqında təsəvvürlə idarə olunur.
Ətraflı
Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər. İndi artıq işlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt həyatda oyunun əşyavi-rollu, süjetli-rollu, süjetli-qaydalı və s. kimi qarışıq tipinə də rast gəlmək olur.
Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi inkişafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühiti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək və bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir.
Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.
Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.