İnformasiya sistemləri və verilənlər bazaları İstənilən təşkilatın və müəssisənin səmərəli fəaliyyətini təmin edən mühüm vasitələrdən biri müasir kompyuter texnologiyası əsasında qurulmuş informasiya sistemi hesab olunur.
İnformasiya sistemi (İS) tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Texniki vasitələrə kompyuterdən əlavə, informasiyanın ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi üçün vasitələr də daxildir. İnformasiya sistemi müəyyən mövzu sahəsi çərçivəsində müxtəlif istifadəçilərin informasiyaya olan tələbatını ödəmək üçün yaradılır.
İnformasiya sistemi ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o informasiya-sorğu sistemi kimi əsasən ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə İS istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, avtomatlaşdırılmış sistemin informasiya təminatı altsistemi rolunu oynayır.
Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları iki qrupa ayırmaq olar: reqlamentli (daimi) və ixtiyari (fərdi). Reqlamentli sorğuların tipi, məzmunu və bəzən də verilmə tezliyi əvvəlcədən müəyyən olur və uzun müddət ərzində dəyişmir. İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur.
Verdikləri sorğuların və tələb etdikləri informasiyanın təsvir formasına görə istifadəçiləri iki qrupa bölmək olar: istifadəçi-proqramlar və istifadəçi-şəxslər. İstifadəçi-proqramlar (tətbiqi proqramlar) İS-ə formasına və məzmununa reqlamentləşdirilmiş sorğulara müraciət edirlər. Alınan informasiya həmin proqramlar tərəfindən uyğun surətdə emal olunur.
İstifadəçi-şəxslər İS-ə həm reqlamentli, həm də ixtiyari sorğulara müraciət edə bilərlər. İS-dən alınan informasiya istifadəçiyə əlverişli formada (mətn, izahlı cədvəl və qrafik şəkildə) çatdırılmalıdır.
Beləliklə, İS çoxlu sayda müxtəlif istifadəçilərə xidmət edir. Odur ki, bütün sorğuların vahid terminologiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti yaradılır.
Müasir informasiya sistemləri verilənlər bazası konsepsiyası əsasında qurulur. Verilənlər bazası (VB) bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və vasitələrlə təsvir olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Verilənlər adətən fayllarda (cədvəllərdə) saxlanılır.
İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 dil vasitəsindən istifadə olunur: sorğu dili, menyu dili və təbii dil.
Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə verilənlər üzərində əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu dillərinin standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq miqyasda geniş tətbiq tapan SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin təkmilləşdirilmiş variantı SQL3 relyasiya modelli verilənlər əsasında qurulmuş İS-də standart dil kimi qəbul olunmuşdur. Bu dildə işləmək istifadəçilərdən xüsusi hazırlıq tələb edir.
Hazırlıq istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu dilidir. Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı üçün hazırlanır.
Menyu dili istifadəçilər üçün sadə və əlverişli olmasına baxmayaraq, ixtiyari sorğuların emalı üçün yaramır. Belə hallarda menyu dili təbii dilin elementləri ilə zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi, eyni fikirlərin müxtəlif sadə üsulları, vahid terminologiyanın olmaması və s. onun reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyədək İS-də ünsiyyət vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamışdır. İntellektual interfeysin yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi-tədqiqat işləri aparılır və bugünkü nailiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə uyğun məhdudlaşdırılmış variantından istifadə olunur.